Milli Məclisin Sədri

Salamlama

Azərbaycan Respublikası Milli Məclisinin Sədrindən

Azərbaycan Respublikası parlamentinin  internet səhifəsində hamınızı ürəkdən salamlayıram, sizi  ölkəmizin qanunvericilik orqanına virtual səyahətə dəvət edirəm.
Azərbaycan Respublikası 1991-ci ildən müstəqil dövlətdir,  Cənubi Qafqazda, Böyük və Kiçik Qafqaz sıra dağları ilə Xəzər dənizinin əhatəsində yerləşir, ərazisi təqribən 87 min kvadrat-kilometr, əhalisi 10 milyondan çoxdur. 
İqtisadi artım sürətinə görə Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindən biridir. Cəmiyyət və dövlət həyatının bütün sahələri müasir dünya standartları əsasında qurulmuşdur. Vətəndaş cəmiyyəti yaradılması, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində Azərbaycan diqqətəlayiq uğurlar qazanmışdır.
Bütün bunlarla yanaşı, dövlətimizin problemləri də vardır. Ən böyük problem Ermənistan Respublikasının ölkəmizə 25 ildən çox davam edən silahlı təcavüzüdür. Bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1 milyondan çox azərbaycanlı qaçqın və köçkün həyatına məhkum edilmişdir. Biz ümid edirik ki, beynəlxalq vasitəçilərin köməyi ilə aparılan sülh danışıqları nəticə verəcək və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və prinsipləri əsasında nizama salınacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, işğal edilmiş bütün torpaqları azad ediləcək, qaçqın və köçkünlər doğma yurdlarına qayıdacaqlar.
Ölkə ərazisinin böyük bir hissəsində suverenliyini itirməsinə baxmayaraq, Azərbaycan mövcud imkanlarından səmərəli istifadəni təmin edə bilmişdir.  Azərbaycanda bərqərar olmuş səmərəli, məsuliyyətli və demokratik idarəçilik sistemi xalqımızın maraqları və tələbatı üzərində qurulan dövlət siyasətinin uğurlarına şərait yaradır.
1995-ci ildə referendum yolu ilə qəbul olunmuş Konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
İndi fəaliyyət göstərən beşinci çağırış Milli Məclis yüksək beynəlxalq standartlara uyğun şəkildə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilər nəticəsində formalaşmışdır. Bir palatadan ibarət olan 125 nəfərlik parlamentdə 11 siyasi partiya təmsil olunur. Parlamentdəki deputat mandatlarının əksəriyyəti cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının üzvlərinə mənsubdur. Deputatlar arasında ölkənin tanınmış siyasi və ictimai xadimləri, alimləri və mütəxəssisləri, mədəniyyət və incəsənət adamları vardır. Parlament üzvlərinin 20 nəfəri qadınlardan ibarətdir. Milli Məclisdə 15 komitə, 2 komissiya fəaliyyət göstərir. 
Azərbaycan parlamentinin fəaliyyəti açıqlıq və aşkarlıq prinsipləri üzərində qurulmuşdur və diqqətinizə təqdim edilən internet səhifəsi də bunun təzahürlərindən biridir. Mən sizi səhifənin imkanlarından yararlanmağa dəvət edirəm. Əminəm ki, istifadənizə verilən veb səhifədə yerləşdirilmiş məlumatlar Azərbaycanın qanunvericilik orqanının fəaliyyəti ilə yaxından tanış olmağınıza kömək edəcəkdir. 

                                                                                                                                   

                                                                                                                                   Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri


 


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi