Prosedur qaydaları

Deputatın statusu haqqında

Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

I fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Azərbaycan Respublikası Milli Məclisi deputatının statusunun Konstitusiya əsasları
Azərbaycan Respublikası Milli Məclisi deputatının (bundan sonra "deputat" adlanacaq) statusunun əsasları Azərbaycan Respublikası Konstitusiyasının 4-cü, 82-ci, 83-cü maddələri ilə, 84-cü maddəsinin üçüncü və dördüncü hissələri ilə, 85-ci, 86-cı, 87-ci maddələri ilə, 88-ci maddəsinin ikinci hissəsi ilə, 89-cu, 90-cu, 91-ci maddələri ilə, 94-cü maddəsinin birinci hissəsinin 3-cü bəndi ilə, 96-cı maddəsinin birinci hissəsi ilə müəyyən edilir.
Deputatın statusu Azərbaycan Respublikasının Konstitusiyası ilə, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

Maddə 2. Qanunun tətbiq sahəsi
Bu Qanun deputatın səlahiyyətlərini və vəzifələrini müəyyən edir, deputatlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi və sosial təminatları nəzərdə tutur.

Maddə 3. Deputatın statusunun təminatı
Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və Azərbaycan Respublikasının başqa qanunlarında təsbit edilmiş deputatın səlahiyyətlərinin maneəsiz həyata keçirilməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təminat verilir.
Deputat öz səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasını, bu Qanunu, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsini və Azərbaycan Respublikasının başqa qanunlarını rəhbər tutmalıdır.

Maddə 4. Deputatın səlahiyyətləri
Deputatın aşağıdakı səlahiyyətləri vardır:
Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək;
Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək;
qanunvericilik təşəbbüsünü həyata keçirmək;
deputat sorğusu vermək;
məlumat almaq və yaymaq;
toxunulmaz olmaq;
Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina etmək;
vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.

Maddə 5. Deputatlıq fəaliyyətinin formaları
Deputat aşağıdakı formalarda fəaliyyət göstərir:
Milli Məclisin iclaslarında iştirak edir;
Milli Məclisin komitə və komissiyalarının işində iştirak edir;
Milli Məclisin, Milli Məclisin sədrinin, Milli Məclisin komitə və komissiyalarının tapşırıqlarını yerinə yetirir;
deputat sorğuları verir;
seçicilərlə iş aparır.

Maddə 6. Deputatın vəsiqəsi və döş nişanı
Hər bir deputata Azərbaycan Respublikası Milli Məclisi deputatının vəsiqəsi və döş nişanı verilir.
Deputatın vəsiqəsinin və döş nişanının təsviri və onlar haqqında əsasnamələr Milli Məclisin qərarı ilə təsdiq edilir.

II fəsil
DEPUTATIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

Maddə 7. Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardır.
Deputatın Azərbaycan Respublikası Milli Məclisinin bütün iclaslarında həlledici səs hüququ vardır.
Deputat Azərbaycan Respublikası Milli Məclisinin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər.
Deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında Azərbaycan Respublikası Milli Məclisi sədrinin razılığı ilə müraciətlər və bəyanatlar ilə çıxış edə bilər.

Maddə 8. Deputatın Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyəti
Deputatın Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyəti vardır.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin, sədr müavinlərinin, Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyaları sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa deputatların namizədliklərini irəli sürə bilər, namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər.

Maddə 9. Deputatın qanunvericilik təşəbbüsü hüququ
Deputatın Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilən qanunvericilik təşəbbüsü hüququ vardır.
Deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir:
yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında layihə təklif edə bilər;
qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə bilər;
Azərbaycan Respublikasının Milli Məclisində baxılan qanun və qərar layihələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında təkliflər irəli sürə bilər.
Deputatın qanunvericilik təşəbbüsü hüququ onun təqdim etdiyi qanun və ya qərar layihələrinə Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyalarında baxılması və bu barədə müvafiq qərar qəbul edilməsi ilə, qanunvericilik təşəbbüsü irəli sürən deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarında çıxış etməsinə şərait yaradılması ilə təmin olunur.

Maddə 10. Deputat sorğusu
Deputat öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Azərbaycan Respublikasının Baş prokuroruna və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinə, Azərbaycan Respublikasının Auditorlar Palatasına sorğu verə bilər.
Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında yazılı şəkildə verilir. Sonuncu halda deputat sorğusu Azərbaycan Respublikası Milli Məclisinin iclasına sədrlik edən və ya sorğunu verən deputat tərəfindən oxunur.
Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidirlər.

Maddə 11. Deputatın məlumat almaq və yaymaq hüququ
Deputatın qanunla qadağan edilməmiş üsullarla məlumat almaq və yaymaq hüququ vardır.
Deputat Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi sənədlərlə, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları ilə təmin olunur.
Deputat öz fəaliyyəti ilə əlaqədar zəruri materialları və sənədləri almaq üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarına, dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına müraciət edə bilər. Həmin orqanlar tələb olunan materialları və sənədləri dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini gözləməklə 10 gün müddətində deputata təqdim etməlidirlər.

Maddə 12. Deputatın toxunulmazlığı
Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır.
Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.
Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddələrində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.

Maddə 12-1. Deputatın təhlükəsizliyi
Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.

Maddə 13. Deputatın şahid qismində ifadə verməkdən imtina etmək hüququ
Deputatlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olmuş hallar haqqında Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada şahid qismində ifadə verməkdən imtina etmək hüququna malikdir.

Maddə 14. Deputatın vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək hüququ
Deputat Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir.

Maddə 15. Deputatın çıxışlarının dərc edilməsi
Deputatın Azərbaycan Respublikası Milli Məclisinin açıq iclaslarında etdiyi çıxışlar "Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları"nda rəsmən dərc edilir. "Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları" dərc edilməzdən əvvəl deputatın öz çıxışlarının mətni ilə tanış olmaq hüququ var.
Azərbaycan Respublikası Milli Məclisinin iclasında iştirak etmiş, lakin çıxış etməyə imkanı olmamış deputat öz çıxışının mətnini, habelə müzakirə olunan məsələ barəsində yazılı təkliflərini və qeydlərini Azərbaycan Respublikası Milli Məclissinin iclasına sədrlik edənə verə bilər. Çıxışın, habelə təklif və qeydlərin mətni iclasın stenoqramına daxil edilir və "Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları"nda rəsmən dərc olunur.

Maddə 16. Deputatın vəzifələri
Deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı, Azərbaycan Respublikasının Konstitusiyasını və qaydalarını rəhbər tutmalı, deputat etikasını gözləməlidir.
Deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında və üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyalarının iclaslarında iştirak etməlidir. Üzrsüz səbəbdən Azərbaycan Respublikası Milli Məclisinin və onun  komitə və komissiyalarının iclaslarını buraxan deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada parlament daxili məsuliyyətə cəlb oluna bilər.

Maddə 17. Deputat etikası
Deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.

III fəsil
DEPUTATIN SEÇİCİLƏRLƏ İŞ APARMASI

Maddə 18. Deputatın seçicilərlə əlaqə saxlaması
Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır.
Deputatın seçiciləri ilə görüşləri və başqa növ iş aparması barədə məlumatlar dövlət kütləvi informasiya vasitələrində işıqlandırılır.
Deputat seçiciləri qəbul etmək üçün Azərbaycan Respublikasının hər şəhərində və rayon mərkəzində (Bakı, Gəncə və Sumqayıt şəhərlərində isə - hər seçki dairəsində) rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilir.

Maddə 19. Seçicilərin hüquqlarının, azadlıqlarının və mənafelərinin təmin edilməsi üçün deputatın fəaliyyəti
Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər.
Deputatın bu fəaliyyətinin təmin olunmasında mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları ona köməklik göstərməlidirlər.

Maddə 20. Deputatın icra və məhkəmə hakimiyyəti orqanlarına, prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciətləri
Deputat seçicilərinin müraciətləri, ərizələri və şikayətləri əsasında, habelə ictimai rəyi öyrənərək zəruri hallarda müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanlarına (məhkəmə orqanlarının konkret işlərlə bağlı fəaliyyətinə müdaxilə etməmək şərtilə), prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciət edə bilər.
Müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları müraciət etmiş deputata 15 gündən gec olmayaraq cavab verməlidirlər.

IV fəsil
DEPUTATLIQ FƏALİYYƏTİNİN TƏMİNATLARI

Maddə 21. Deputatın maddi təminatı
Deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.
Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır.
Milli Məclisin sədri 1950 manat miqdarında aylıq vəzifə maaşı alır.
Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.
Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Maddə 21-1. Deputatın köməkçisi
Deputatın fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun köməkçiləri ola bilər.
Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır.
Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi sədrinin sərəncamı ilə müəyyən edilir.

Maddə 22. Deputatın hərbi çağırışdan və hərbi toplanışdan azad olunması
Deputat səlahiyyət müddətində hərbi çağırışdan və hərbi toplanışdan azad olunur.

Maddə 23. Deputatın təhlükəsizliyi
Deputatın təhlükəsizliyinə dövlət təminat verir.

Maddə 24. Çıxarılıb

Maddə 24-1. Vəfat etmiş deputatın və sabiq deputatın  ailə üzvlərinin pensiya təminatı
Deputat və sabiq deputat vəfat etdikdə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Maddə 25. Deputatın nəqliyyatdan istifadə etmək hüququ
Deputat Azərbaycan Respublikası ərazisində dövlət mülkiyyətində olan dəmir yolu, hava, avtomobil, su nəqliyyatında, gediş-gəliş sənədlərini növbədənkənar əldə etmək hüququndan istifadə edir.
Deputatlıq fəaliyyəti ilə bağlı Bakı şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir.

Maddə 26. Deputatın mənzil təminatı və daimi yaşadığı yerin rabitə vasitələri ilə təchiz olunması
Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir.
Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır.
Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.

Maddə 27. Deputatın diplomatik pasportu
Deputata diplomatik pasport verilir.

Maddə 28. Deputatın iş stajının hesablanması
Deputatın səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.

Maddə 29. Deputatın məzuniyyəti
Milli Məclis tətilə buraxıldığı vaxt deputata məzuniyyət verilir.
Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
 
Maddə 30. Deputatın səlahiyyət müddəti qurtardıqdan sonra təminatları
Səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır.
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

IV-I fəsil
Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası

Maddə 30-1. Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası haqqında qanunvericilik və sığortalılar
Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.
Bu Qanuna uyğun olaraq sığorta olunan deputatdır.

Maddə 30-2. Deputatın sığortaçısı
Deputatın sığortaçısı dövlət sığorta orqanıdır.

Maddə 30-3. Sığorta məbləği və sığorta haqqı
Bu Qanuna uyğun olaraq hər bir deputat onun 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.
Sığorta haqqı, sığorta işinin aparılması üçün sığortaçının xərcləri də nəzərə alınmaqla, sığorta məbləğinin bir faizi miqdarında müəyyənləşdirilir.
 

Maddə 30-4. Sığorta hadisəsi və sığorta ödənişi
Sığorta olunanının fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlil olması və (və ya) xəsarət alması) sığorta hadisəsi sayılır.
Sığorta hadisəsi baş verdikdə sığorta olunanana sığorta məbləğinin faizi hesabı ilə aşağıdakı sığorta ödənişi verilir:
1) həlak olduqda - 100%;
2) aldığı xəsarət nəticəsində əlillik qrupu təyin olunduqda:
- I qrup   - 80% ;
- II qrup   - 60% ;
- III qrup   - 40% ;
3) əlillik qrupu təyin olunmadan ağır xəsarət aldıqda- 20%;
4) yüngül xəsarət aldıqda - 5% .
Deputat olarkən aldığı xəsarət nəticəsində sığorta olunan deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra deputat olarkən aldığı xəsarət nəticəsində 3 il müddətində vəfat etdikdə və ya sağlamlığına zərər dəydikdə ona bu maddənin ikinci hissəsinə uyğun sığorta ödənişi verilir.

Maddə 30-5. Deputatın sığortasının təşkili qaydası
Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası sığortalı (Azərbaycan Respublikasının Milli Məclisi) üçün hər il dövlət büdcəsində bundan ötrü nəzərdə tutulmuş vəsait hesabına aparılır.
Sığortalı, deputatların həyat və sağlamlığının dövlət icbari sığortasını təmin etmək üçün deputatların siyahısını sığortaçıya təqdim etməklə, dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyir.
Sığortaçı hər rüb sığortalıya  əvvəlki rübün icrasına dair hesabat təqdim edir.
Sığortaçı sığorta olunana və ya onun vərəsələrinə bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 təqvim günü ərzində verir.
Sığorta ödənişi verilmiş bir sığorta hadisəsinin nəticəsi olan əlillik qrupu daha ağır əlillik qrupu ilə əvəz olunduqda və ya ölüm baş verdikdə, sığorta ödənişi verilərkən əvvəl ödənilmiş məbləğ çıxılır.
 

Maddə 30-6. Sığortaçının və sığorta olunanın hüquq və vəzifələri
Sığortaçının və sığorta olunanın qarşılıqlı hüquq və vəzifələri sığorta qanunvericiliyinə uyğun olaraq müqavilədə müəyyənləşdirilir.
Sığortaçı müqavilədə nəzərdə tutulmuş sığorta haqlarının məbləğini aldığı gündən bu Qanuna və müqaviləyə uyğun olaraq sığorta olunana sığorta ödənişini vermək öhdəliyini götürür.
Sığorta hadisəsi baş verdikdə sığorta olunan və ya onun vərəsəsi bu barədə sığortaçını xəbərdar etməlidir.
Sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişini alması üçün sığorta hadisəsinin baş verdiyi gündən 3 il keçənədək sığortaçıya və ya sığortalıya müraciət etmək hüququ vardır.

Maddə 30-7. Sığorta ödənişini almaq üçün tələb olunan sənədlər
Sığorta ödənişini almaq üçün sığorta olunan və ya onun vərəsələri müəyyənləşdirilmiş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd və sığorta olunanın deputat olması barədə arayışla birlikdə sığortaçıya aşağıdakı sənədləri təqdim edir:
1) həlak olma halında:
- sığorta olunanın ölümü haqqında şəhadətnamənin surəti;
- vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti ;
- deputat olarkən aldığı xəsarət nəticəsində sığorta olunan deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra 3 il müddətində vəfat etmişdirsə, yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi.
2) əlillik halında:
 - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin olunması tarixi göstərilməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiqlənmiş surəti.
3) xəsarət alma halında:
 - ağır və ya yüngül xəsarətin alınması barədə tibbi arayış.
Ağır və yüngül xəsarət növlərinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

Maddə 30-8. Sığorta ödənişinin verilməsindən imtina
Sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:
- sığorta hadisəsi sığorta olunanın alkoqollu, narkotik vasitələrdən, psixotrop  və ya toksiki maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;
- sığorta olunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda;
- sığorta olunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda.

Maddə 30-9. Sığorta ehtiyatları
Sığortaçı daxil olmuş sığorta haqlarının 10 faizini sığorta işlərinin aparılması xərclərinə ayırmaqla qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sığorta ehtiyatları yaradır.

Maddə 30-10.  Deputatın icbari sığortasının aparılmasına nəzarət və deputatın icbari sığortası qaydalarının pozulmasına görə məsuliyyət
Deputatın həyat və sağlamlığının dövlət icbari sığortasının vaxtında və düzgün aparılmasına sığortalı və dövlət sığorta orqanı nəzarət edirlər.
Bu Qanunun müddəalarının pozulmasına görə sığortalının, dövlət sığorta orqanının rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Maddə 30-11. Deputatın icbari sığortası ilə əlaqədar mübahisələrə baxılması qaydası
Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası ilə bağlı mübahisələrə məhkəmə qaydasında baxılır.


V fəsil
DEPUTATIN STATUSUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Maddə 31. Deputatlıq səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətməyə görə məsuliyyət
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri və başqa işçiləri, vətəndaşlar deputat səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törədərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.
Həmin orqanlar və şəxslər deputata bilərəkdən yalan məlumatlar verərlərsə, bu məlumatların yalan olub-olmaması məhkəmə qaydasında müəyyən edilməlidir.

Maddə 32. Deputata qeyri-qanuni təsir göstərilməsinə görə məsuliyyət
Deputata qeyri-qanuni təsir göstərən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

Maddə 33. Deputatın səlahiyyətlərinin, toxunulmazlığının və təhlükəsizliyinin pozulmasına görə məsuliyyət
Deputatın səlahiyyətlərini, toxunulmazlığını və təhlükəsizliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev

Bakı şəhəri, 17 may 1996-cı il.
№ 73-IQ

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi