16.05.2017 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Layihə

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 12, maddə 2010) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.0.47-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.0.48-ci maddə əlavə edilsin:
"3.0.48. aşırım - əsas yükdaşıyan konstruksiyaların arasında olan məsafə.".

2. Mətn üzrə ismin müvafiq hallarında "müfəssəl plan" sözləri ismin müvafiq hallarında "ərazinin tikinti planı" sözləri ilə, ismin müvafiq hallarında "müfəssəl planlar" sözləri ismin müvafiq hallarında "ərazinin tikinti planları" sözləri ilə əvəz edilsin.

3. 5.1.3-ci və 16.2-ci maddələrdə "fəaliyyətinin vahid informasiya təminatı sisteminin" sözləri "fəaliyyəti üzrə Milli Məkan Məlumatları Sisteminin" sözləri ilə əvəz edilsin.

4. 4-cü fəslin və 16-cı maddənin adlarında, habelə 16.1-ci maddədə "fəaliyyətinin vahid informasiya təminatı sistemi" sözləri "fəaliyyəti üzrə Milli Məkan Məlumatları Sistemi" sözləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 23.6-1-ci maddə əlavə edilsin:
"23.6-1. Aidiyyəti təchizat müəssisələri tərəfindən ərazi tikinti planları ilə əhatə olunan ərazilərdə mühəndis-kommunikasiya təminatı sisteminin və qurğularının, habelə qoşulma nöqtələrinin tikintisi üçün həmin ərazi tikinti planı üzrə tələb olunan mühəndis-təminatı ilə bağlı tədbirlər həyata keçirilir.

6. 53.1-ci, 58.3-cü, 75.10-cu və 102.7-ci maddələrdə "vahid informasiya təminatı sisteminin" sözləri "Milli Məkan Məlumatları Sisteminin" sözləri ilə əvəz edilsin.

7. 69.7.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, yanaşı sərhəddəki obyektlərin tikintisinin iki paralel (qapalı) divarlar və ya qarşılıqlı razılaşma əsasında ortaq divarlar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü;".

8. 70.1-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin və üçüncü cümləsi çıxarılsın:
"Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir.".

9. Aşağıdakı məzmunda 75.1-1-ci maddə əlavə edilsin:
"75.1-1. Sifarişçi tikintiyə icazə almaqdan əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (tikintinin sıxlığı, tikinti əmsalı, hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatı göstərilməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Həmin müraciət 10 gün müddətində cavablandırılmalıdır.".

10. 75.3-cü maddədə "5 iş günü" sözləri "3 iş günü" sözləri ilə əvəz edilsin.

11. 75.4-cü maddənin ikinci cümləsində "15 gün" sözləri "ekspertizadan keçirilməsi tələb olunan obyektlərə dair 15 gün, ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə dair 5 gün" sözləri ilə əvəz edilsin.

12. Aşağıdakı məzmunda 75.4-1-ci maddə əlavə edilsin:
"75.4-1. Bu Məcəllənin 89.1.5-ci maddəsində göstərilmiş hallar istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı ekspertizası tələb olunmayan tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla 12 iş gün müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.".

13. 75.5-ci maddədə "tikintiyə icazə icraatı çərçivəsində" sözlərindən əvvəl "ekspertizası tələb olunan" sözləri əlavə edilsin.

14. 75.6-cı maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Müvafiq icra hakimiyyəti orqanı ekspertizası tələb olunan tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.".

15. Aşağıdakı məzmunda 75.10-1-ci maddə əlavə edilsin:
"75.10-1. Tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi qaydası, tikintisi başa çatmış obyektin qeydiyyata alınması prosedurları və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.".

16.  80.1-ci maddədə "Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin" sözlərinin "Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü "0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin" sözləri ilə əvəz edilsin.

17. 80.1-1-ci və 83.0.6-cı maddələr ləğv edilsin.

18. 84.1-ci maddənin birinci cümləsində "təchizat müəssisələri tərəfindən" sözləri çıxarılsın, "texniki şərtlərin" sözlərindən sonra "və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə" sözləri əlavə edilsin və ikinci cümləsi çıxarılsın.

19. 84.3-cü maddənin birinci cümləsində "15 gün" sözləri "10 gün" sözləri ilə əvəz edilsin.

20. 89.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"89.1.1. mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində təyinatı üzrə insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri;".

21. 89.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 89.1.6-cı maddəsi əlavə edilsin:
"89.1.6. yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələri.".

22. 90.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"90.1. Təqdim olunmuş tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu ilə bağlı iradlar olduqda, ekspertiza müəssisəsi həmin iradların aradan qaldırılması üçün birbaşa sifarişçiyə müraciət edir. Birbaşa müraciətdə göstərilən iradlar 10 gün müddətində aradan qaldırılmadıqda ekspertiza müəssisəsi tərəfindən əsaslandırılmaqla rəy verilir və müvafiq icra hakimiyyəti orqanına göndərilir.".

23. 90.2-ci maddənin üçüncü cümləsində "çatışmazlıqların" sözü "iradların" sözü ilə əvəz edilsin.

24. 92.7-ci maddədə "92.4.2-ci və 92.4.3-cü maddələrinə" sözləri "92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə" sözləri ilə əvəz edilsin.

25. 102.4-cü maddədə "30 gün" sözləri "20 gün" sözləri ilə əvəz edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi