12.06.2018 Məşğulluq haqqında

İkinci oxunuş 

Layihə

Məşğulluq haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

I FƏSİL
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. aktiv məşğulluq tədbirləri - işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədi ilə onlar üçün xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlər;
1.1.2. əmək bazarı - işçi qüvvəsinə olan tələb və təklifin məcmusu;
1.1.3. fərdi məşğulluq proqramı - işsiz şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəd;
1.1.4. fərdi məşğulluq vərəqi - işaxtaran və işsiz şəxsə dair fərdi məlumatlardan, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə məlumatlardan, məşğulluq tarixçəsi, habelə təklif olunan münasib iş və aktiv məşğulluq tədbirləri, onların icra vəziyyətinə dair məlumatlardan ibarət sənəd;
1.1.5. haqqı ödənilən ictimai işlər - işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləri;
1.1.6. işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs;
1.1.7. işaxtaran - müvafiq icra hakimiyyəti orqanına münasib iş üçün müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs;
1.1.8. kvota - sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayı;
1.1.9. qeyri-formal məşğulluq - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsi;
1.1.10. məşğulluq - Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti;
1.1.11. məşğul şəxslərin reyestri - bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan məşğul şəxslər barəsində fərdi məlumatlardan, onların təhsili, iş yeri, vəzifəsi (peşəsi) və ya yerinə yetirdiyi iş (xidmət), barədə məlumatların məcmusu;
1.1.12. qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar - qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində nəzarət tədbirlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları;
1.1.13. nəzarət tədbirləri - "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində nəzərdə tutulan tədbirlər;
1.1.14. müvəqqəti məşğulluq - şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mövsümü işlərə, bu Qanunla müəyyən edilmiş qaydada haqqı ödənilən ictimai işlərə cəlb edilməsi və ya əmək birjaları vasitəsi ilə müəyyən müddət ərzində ictimai-səmərəli fəaliyyəti;
1.1.15. özünüməşğulluq - şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi;
1.1.16. peşə standartları - konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum tələblərin məcmusu;
1.1.17. peşə hazırlığı - işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil alması;
1.1.18. sığorta ödənişi - "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta hadisəsi baş verdikdə, sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti;
1.1.19. sərbəstləşdirilən işçilər - dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslər;
1.1.20. sosial müəssisə - sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış müəssisə;
1.1.21. sosial iş yeri - işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirilmək məqsədi ilə işəgötürənin ən azı 3 (üç) ay əvvəl vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir hissəsinin bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyələşdirilən iş yeri;
1.1.22. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər - əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər;
1.1.23. ştat vahidlərinə dair cədvəl - müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemi (bundan sonra - elektron informasiya sistemi) tərəfindən işəgötürənlərin bu Qanunun 7.2-ci maddəsinə uyğun olaraq daxil etdikləri məlumatlar əsasında yaradılan cədvəl;
1.1.24. vakansiya - işəgötürənin boş olan və işçi tələb edilən iş yeri;
1.1.25. vakansiya bankı - işəgötürənin boş olan və işçi tələb edilən iş yerlərinin, habelə yeni yaradılan iş yerlərinin elektron informasiya ehtiyatı;
1.1.26. yeni iş yeri - işəgötürən tərəfindən mövcud ştat vahidlərinə əlavə olaraq yaradılmış iş yeri.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu və başqa normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları verir.

Maddə 2. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə məşğulluq sahəsində bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq olunur.

Maddə 3.Bu Qanunun əhatə dairəsi
Bu QanunAzərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Maddə 4. Məşğul şəxslər
4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir:
4.1.1. muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
4.1.4. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
4.1.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
4.1.6. əyani təhsil alanlar;
4.1.7. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
4.1.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
4.2. Müvafiq icra hakimiyyəti orqanı məşğul şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə məşğul şəxslərin reyestrini elektron formada aparır.
4.3. Məşğul şəxslərin reyestrində bu Qanunun 4.1-ci maddəsində göstərilən məşğul şəxslər barəsində məlumatların əldə edilməsi və reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
4.4. Bu Qanunun 4.1-ci maddəsində göstərilən məşğul şəxslərə dair məlumatlar məşğul şəxslərin reyestrinə "Fərdi məlumatlar", "İnformasiya əldə etmək haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarına uyğun olaraq, aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:
4.4.1. bu Qanunun 4.1.1-ci maddəsində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - həmin orqanlar tərəfindən onları işə qəbul etdikləri (götürdükləri) gündən ən geci 1 (bir) ay ərzində müvafiq icra hakimiyyəti orqanına kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
4.4.3. bu Qanunun 4.1.2-ci maddəsində göstərilən məşğul şəxslər və 4.1.3-cü maddəsində göstərilən sahibkarlar barədə - müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.4. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanları tərəfindən bu Qanunun 4.5-ci maddəsinə uyğun olaraq əldə edilən məlumatları əldə etdikləri tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanına kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
4.4.5. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən ailə kəndli təsərrüfatının üzvləri barədə - onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən uçota aldıqları gündən ən geci 1 (bir) ay ərzində müvafiq icra hakimiyyəti orqanına kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
4.4.6. bu Qanunun 4.1.4-cü maddəsində göstərilən məşğul şəxslər barədə - onların seçilməsi, təyin və ya təsdiq edilməsinə dair hüquqi aktları qəbul etmiş orqanların həmin hüquqi aktların qəbul edildiyi tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanına bu barədə kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
4.4.7. bu Qanunun 4.1.5-ci maddəsində göstərilən məşğul şəxslər barədə - onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən onların işə (xidmətə) qəbul edildikləri gündən ən geci 1 (bir) ay ərzində müvafiq icra hakimiyyəti orqanına kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında, "Dövlət sirri haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla;
4.4.8. bu Qanunun 4.1.6-cı maddəsində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan qurumun apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.9. bu Qanunun 4.1.7-ci maddəsində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.10. bu Qanunun 4.1.8-ci maddəsinə göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq əldə edilən məlumatları əldə etdikləri tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanına kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
4.5. Bu Qanunun 4.1.3-cü maddəsində göstərilən, bu Qanun qüvvəyə minənədək mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar məşğul şəxslərin reyestrinin fəaliyyətə başladığı tarixdən, bu Qanun qüvvəyə mindikdən sonra kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər isə daşınmaz əmlakın dövlət reyestrindən bu barədə müvafiq sənədləri əldə etdikdən sonra 1 (bir) ay müddətində mülkiyyətlərində olan kənd təsərrüfatına yararlı torpaq paylarına dair bütün məlumatları müvafiq icra hakimiyyəti orqanlarına təqdim etməlidirlər.
4.6. Müvafiq icra hakimiyyəti orqanı məşğul şəxslər barəsində bu Qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci və 4.4.10-cu maddələrinə uyğun olaraq təqdim edilmiş məlumatları həmin məlumatlar təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində məşğul şəxslərin reyestrinə daxil etməlidir.
4.7. Bu Qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.6-cı, 4.4.7-ci və 4.4.10-cu maddələrində nəzərdə tutulmuş dövlət orqanları və 4.4.5-ci maddəsində nəzərdə tutulmuş yerli özünüidarəetmə orqanları məşğul şəxslərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanına, habelə bu Qanunun 4.5-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər həmin torpaq paylarına dair məlumatların müvafiq icra hakimiyyəti orqanlarına həmin maddələrdə göstərilən müddətdə təqdim olunmasını təmin etməlidirlər.
4.8. Bu Qanunun 4.4.1-ci, 4.4.3-cü, 4.4.8-ci və 4.4.9-cu maddələrində nəzərdə tutulmuş məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə ən geci 1 (bir) ay müddətində daxil edilir.
4.9. Bu Qanunun 4.6 - 4.8-ci maddələrinin tələblərini pozan dövlət və yerli özünüidarəetmə orqanları, habelə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 5. İşaxtaran və işsiz şəxslərin qeydiyyatına dair ümumi müddəalar
5.1. İşaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
5.2. Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar.
5.3. İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
5.4. Şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir.
5.5. Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanı həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır.
5.6. İşaxtaran və işsiz şəxslər fərdi məşğulluq vərəqindən çıxarışı elektron informasiya sistemindən real vaxt rejimində əldə etmək hüququna malikdirlər.
5.7. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin ixtisası, peşəsi, sağlamlıq imkanlarının məhdudluğu və yaşayış ünvanı üzrə məlumatlar dəyişdiyi halda onlar elektron informasiya sistemində bu barədə məlumatları yeniləməlidirlər.
5.8. Aşağıdakı hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır:
5.8.1. hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
5.8.2. barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
5.8.3. işaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində müvafiq icra hakimiyyəti orqanının təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətində.
5.9. Aşağıdakı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir:
5.9.1. müvafiq icra hakimiyyəti orqanının göndərişi əsasında münasib işlə təmin olunduqda;
5.9.2. vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
5.9.3. təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;
5.9.4. işaxtaran kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.
5.10. Aşağıdakı hallarda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır:
5.10.1. hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
5.10.2. barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
5.10.3. ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;
5.10.4. fərdi məşğulluq proqramının tərtib olunmasından və (və ya) icrasından imtina etdikdə və yaxud fərdi məşğulluq proqramının icrasına dair hesabatı "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 17.7-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə.
5.11. Aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir:
5.11.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;
5.11.2. "Əmək pensiyaları haqqında" və ya "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda;
5.11.3. vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
5.11.4. təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda;
5.11.5. işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə;
5.11.6. ali və orta ixtisas təhsil müəssisəsinə əyani şöbəsinə qəbul olunduqda.
5.12. Aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir:
5.12.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilənlər;
5.12.2. 15 yaşına çatmayanlar;
5.12.3. ali və orta ixtisas təhsil müəssisəsinin əyani şöbəsində təhsil alanlar;
5.12.4. "Əmək pensiyaları haqqında" və ya "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər;
5.12.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin "b" və "c" bəndlərində göstərilən hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində.
5.13. İşsiz kimi qeydiyyata alınmayan və ya bu Qanunun 5.11.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir.
5.14. Bu Qanunun 5.9.3-cü maddəsinə əsasən işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.

Maddə 6. Münasib iş
6.1. İşaxtaran üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır.
6.2. Münasib iş yerinin işaxtaranın yaşayış yerindən maksimum uzaqlığı həmin ərazidə nəqliyyat şəbəkəsinin imkanları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
6.3. İşsizlikdən sığorta ödənişinin "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ödənilmə müddəti qurtardıqdan sonra, münasib iş təklif edilməsi mümkün olmayan işsiz şəxslər üçün, onların təhsilini, ixtisasını, səhhətini, iş təcrübəsini nəzərə almaqla, yeni peşəyə (ixtisasa) yiyələnməsini tələb etməyən iş də münasib iş sayılır.
6.4. Təhsilinə, ixtisasına və əvvəlki peşəsi üzrə təcrübəsinə uyğun gəlməyən, qabaqcadan peşə hazırlığı keçməsini tələb etməyən müvəqqəti iş yerləri də daxil olmaqla, əmək qanunvericiliyinin tələblərinə uyğun gələn, haqqı ödənilən işlər aşağıdakı şəxslər üçün münasib iş sayılır:
6.4.1. 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar;
6.4.2. malik olduğu peşə üzrə əlavə təhsildən, ikinci uyğun peşəyə yiyələnməkdən, yaxud işsizlikdən sığorta ödənişinin ödənilməsi müddəti qurtardıqdan sonra yeni peşə öyrənməkdən imtina edənlər;
6.4.3. müvafiq icra hakimiyyəti orqanında 24 aydan çox qeydiyyatda olanlar.
6.5. İşaxtaranın razılığı olmadan yeni işlə əlaqədar onun yaşayış yerinin dəyişməsi tələb olunduqda, eləcə də əmək şəraiti əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə ona təklif olunan iş münasib iş sayıla bilməz.
6.6. İşaxtaran və işsiz şəxslərə eyni münasib işin təkrar təklif edilməsinə yol verilmir.

Maddə 7. Vakansiya bankının yaradılması
7.1. Vakansiya bankı elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
7.2. Elektron informasiya sistemi işəgötürənlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə və bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.
7.3. Vakansiya bankının yaradılmasında fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi fəaliyyətinə lisenziyası olan və müvafiq icra hakimiyyəti orqanı ilə elektron qaydada informasiya mübadiləsinə dair razılaşması olan hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarından istifadə edilə bilər.
7.4. Bu Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə elektron informasiya sisteminə daxil etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 8. Məşğulluq sahəsində dövlətin vəzifələri
8.0. Məşğulluq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
8.0.1. məşğulluq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi;
8.0.2. istehsal qüvvələrinin səmərəli yerləşdirilməsinə, yeni texnologiyaların yaradılmasına, peşə bacarıqlarının inkişaf etdirilməsinə, fərdi qaydada sahibkarlığın və əmək fəaliyyətinin təşkilinə və inkişafına, çevik iş rejiminin tətbiqinin həvəsləndirilməsinə yönəldilən maliyyə-kredit, sığorta, investisiya və vergi siyasəti tədbirlərinin hazırlanması;
8.0.3. işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanması;
8.0.4. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sağlamlıq imkanlarının məhdudluğu (onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hallardan başqa) və ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərə əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi;
8.0.5. şəxslərin qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi, sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi məqsədi ilə onlara köməklik göstərilməsi;
8.0.6. əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində şəxlərin öz iradəsini sərbəst ifadə etməsinə şərait yaradılması;
8.0.7. işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərən tədbirlərin görülməsi;
8.0.8. məşğulluq sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə əlaqələndirilməsi;
8.0.9. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri yaradan işəgötürənlərin həvəsləndirilməsi;
8.0.10. məşğulluğun təmin edilməsinə yönəldilmiş tədbirlərin hazırlanmasında və həyata keçirilməsində, onların yerinə yetirilməsinə nəzarət sahəsində dövlət orqanlarının, həmkarlar ittifaqlarının, işəgötürənlərin birliklərinin fəaliyyətinin əlaqələndirilməsi;
8.0.11. Azərbaycan Respublikası vətəndaşlarının ölkə hüdudlarından kənarda, habelə daxili əmək bazarının qorunması şərti ilə vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması;
8.0.12. beynəlxalq əmək normalarına riayət olunması;
8.0.13. qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;
8.0.14. təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması;
8.0.15. işsizlikdən icbari sığortanın tətbiqi.

II FƏSİL
MƏŞĞULLUQ SAHƏSİNDƏ şəxslərin HÜQUQLARI VƏ DÖVLƏT TƏMİNATLARI

Maddə 9. Məşğulluq sahəsində şəxslərin hüquqları
9.1. Məşğulluq sahəsində şəxslər aşağıdakı hüquqlara malikdirlər:
9.1.1. fəaliyyət növü, peşə, məşğuliyyət və iş yerini sərbəst seçmək;
9.1.2. işəgötürənlərə bilavasitə müraciət etmək yolu ilə, müvafiq icra hakimiyyəti orqanının pulsuz vasitəçiliyi ilə və ya əmək yarmarkaları, əmək birjaları, kütləvi informasiya vasitələrində və internet resurslarında elanlar verilməsi yolu ilə və qanunla qadağan edilməyən digər vasitələrlə iş yerini sərbəst seçmək;
9.1.3. müvafiq icra hakimiyyəti orqanında məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədi ilə pulsuz peşəyönümü məsləhətləri almaq, peşə hazırlığına və əlavə təhsilə cəlb olunmaq, habelə əmək bazarına dair məlumat əldə etmək;
9.1.4. əmək bazarında həyata keçirilən aktiv məşğulluq tədbirlərində iştirak etmək;
9.1.5. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta olunmaq və sığorta ödənişi almaq;
9.1.6. müvafiq icra hakimiyyəti orqanından və yaxud onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən inzibati və ya məhkəmə qaydasında şikayət etmək.
9.2. Aşağıdakı hallar istisna olmaqla şəxslərin məcburi əməyə cəlb edilməsinə yol verilmir:
9.2.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
9.2.2. hərbi xidmət zamanı;
9.2.3. hərbi və fövqəladə vəziyyət zamanı.

Maddə 10. Əmək hüququnun həyata keçirilməsində dövlət təminatları
10.1. Dövlət hər bir şəxsə əmək hüququnun həyata keçirilməsində aşağıdakı təminatları verir:
10.1.1. məşğulluq növünün, o cümlədən müxtəlif rejimli işin sərbəst seçilməsinə;
10.1.2. işdən əsassız çıxarılanların və ya işə qəbuldan əsassız imtina olunanların Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq hüquqi müdafiəsinə;
10.1.3. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta olunmasına.
10.2. Dövlət işaxtaranlara və işsiz şəxslərə aşağıdakı təminatları verir:
10.2.1. müvafiq icra hakimiyyəti orqanının vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə;
10.2.2. müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə peşəyönümünə və peşə hazırlığına;
10.2.3. şəxsin yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla haqqı ödənilən ictimai işlərdə iştirakına;
10.2.4. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta ödənişinin ödənilməsinə;
10.2.5. özünüməşğulluğa köməklik göstərilməsinə;
10.2.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən digər aktiv məşğulluq tədbirlərində iştirakına;
10.2.7. müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul olunarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallarda pulsuz tibbi müayinədən keçməsinə.

Maddə 11. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğu üçün əlavə təminatlar
11.1. Dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları təşkil etmək, habelə kvota müəyyən etmək yolu ilə əlavə təminatlar verir.
11.2. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası və kvota şamil edilməyən müəssisələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.3. Kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən edilir.
11.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işədüzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

III FƏSİL
MƏŞĞULLUĞUN TƏŞKİLİ

Maddə 12. Respublika və ərazi məşğulluq proqramları
12.1. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, işəgötürənlər birlikləri və həmkarlar ittifaqları bu Qanuna uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərini nəzərdə tutan respublika və ərazi məşğulluq proqramları hazırlayırlar.
12.2. Respublika və ərazi məşğulluq proqramları müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan iqtisadi və sosial inkişaf proqnozlarının göstəriciləri əsasında hazırlanır.
12.3. Respublika və ərazi məşğulluq proqramlarını müvafiq icra hakimiyyəti orqanları təsdiq edir və onların həyata keçirilməsini təmin edir.

Maddə 13. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında məşğulluğu
Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə, bu Qanuna, məşğulluq sahəsində Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tənzimlənir.

Maddə 14. İşədüzəltmədə vasitəçilik fəaliyyəti
14.1. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti (bundan sonra - işədüzəlmədə vasitəçilik fəaliyyəti) yalnız hüquqi şəxslər tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirirlir.
14.2. Müvafiq icra hakimiyyəti orqanı işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini elektron formada aparır.
14.3. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
14.4. İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
14.5. İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər toplanılmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanı ilə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin edirlər.
14.6. Bu Qanunun 14-cü maddəsinin tələblərini pozmaqla işədüzəlmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 15. Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri
15.1. Məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanması məqsədi ilə həmkarlar ittifaqının, işəgötürənlərin birliklərinin, müvafiq icra hakimiyyəti orqanının, aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin mənafeyini təmsil edən ictimai birliklərin bərabər sayda nümayəndələrindən ibarət məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri (bundan sonra - əlaqələndirmə komitələri) yaradılır.
15.2. Əlaqələndirmə komitələrinin səlahiyyətləri, fəaliyyət qaydası və tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.

Maddə 16. Məşğulluğun təmin edilməsində yerli özünüidarəetmə orqanlarının iştirakı
16.1. Yerli özünüidarəetmə orqanlarının məşğulluq sahəsində aşağıdakı hüquqları vardır:
16.1.1. öz vəsaiti hesabına işaxtaran və işsiz şəxslər üçün haqqı ödənilən ictimai işlər təşkil etmək;
16.1.2. məşğulluğa kömək göstərilməsi məqsədi ilə bu Qanunun 12-ci maddəsinə uyğun olaraq məşğulluq proqramlarının hazırlanmasında iştirak etmək;
16.1.3. məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin işində iştirak etmək;
16.1.4. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə uyğun olaraq yerli sosial müdafiə və sosial inkişaf proqramlarında əhalinin məşğulluğuna kömək göstərilməsi ilə bağlı əlavə təminatlar nəzərdə tutmaq.
16.2. Yerli özünüidarəetmə orqanları "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ailə kəndli təsərrüfatlarını uçota alır və uçota aldığı gündən 1 (bir) ay ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər.

Maddə 17. Məşğulluğun təmin edilməsində həmkarlar ittifaqlarının iştirakı
17.1. Həmkarlar ittifaqlarının, onların seçkili orqanlarının məşğulluq sahəsində aşağıdakı hüquqları vardır:
17.1.1. işçilərin kütləvi surətdə sərbəstləşdirilməsi ilə əlaqədar tədbirlərin başqa vaxta keçirilməsi və ya müvəqqəti dayandırılması haqqında işəgötürənlərə və ya onların yuxarı orqanlarına təkliflər vermək;
17.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğun təmin edilməsi, işə (xidmətə) qəbul, işdənçıxarma, sosial güzəştlərin və təminatların verilməsi məsələlərində şəxslərin müdafiəsini təmin etmək;
17.1.3. peşə standartlarının hazırlanması, qəbulu və tətbiqi, işçilərin təlimi, bacarıqlarının artırılması və qiymətləndirilməsi işinin həyata keçirilməsi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək.
17.2. İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.
17.3. İşəgötürənlər (onların birlikləri) və müvafiq icra hakimiyyəti orqanları, həmkarlar ittifaqlarının təklifi ilə məşğulluq məsələlərinə dair birgə məsləhətləşmələr aparırlar. Məsləhətləşmələrin yekunlarına görə məşğulluğa kömək göstərilməsinə dair tədbirlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutula bilər.

Maddə 18. Məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı
18.1. İşəgötürənlər dövlət məşğulluq siyasətinin həyata keçirilməsinə aşağıdakı əsaslarla kömək göstərirlər:
18.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək münasibətlərini tənzimləyən əmək müqavilələrinin (kontraktların), kollektiv müqavilələrin və ya sazişlərin şərtlərinə əməl edilməsi;
18.1.2. istehsalatın dayandırılması və ya işçilərin sərbəstləşdirilməsi təqdirində onların müdafiəsi üçün kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;
18.1.3. əlavə təhsil üçün şəraitin yaradılması və əlavə təhsilin təşkili;
18.1.4. sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin bu Qanunla müəyyən olunmuş qaydada işə düzəldilməsi;
18.1.5. peşə standartlarının hazırlanması və tətbiqi, həmçinin peşə bacarıqlarının artırılması və qiymətləndirilməsi işinin həyata keçirilməsində iştirak edilməsi.
18.2. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidirlər.
18.3. İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər.
18.4. İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməlidirlər.
18.5. Bu Qanunun 18.4-cü maddəsində nəzərdə tutulan hesabatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil edilir.
18.6. İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə gəlmiş şəxsləri onlara bilavasitə müraciət etmiş şəxslərlə bərabər əsaslarla işə qəbul edirlər.
18.7. İşəgötürən müvafiq icra hakimiyyəti orqanının göndərişi təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
18.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilən və Azərbaycan Respublikasının Mülki, Əmək, Miqrasiya və Vergi məcəllələrinə uyğun olaraq fəaliyyət göstərən işəgötürənlər özlərinin işçi qüvvəsinə olan tələbatını (rəhbər və mütəxəssis vəzifələri də daxil olmaqla) ilk növbədə yerli kadrlardan istifadə etməklə və onların hazırlanması vasitəsi ilə ödəməlidirlər.

Maddə 19. İşaxtaranların və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə əlaqədar tədbirlər "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir.

Maddə 20.İşaxtaran və işsiz şəxslərin peşə hazırlığı
20.1. Müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış işaxtaran və işsiz şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə aşağıdakı hallarda həyata keçirilir:
20.1.1. işaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;
20.1.2. işaxtaran və işsiz şəxs əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə.
20.2. İşsiz şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənişsiz təşkil olunur. İşaxtaran şəxslər peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar.
20.3. Peşə hazırlığının təşkili zamanı bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər üstün hüquqa malikdirlər.
20.4. İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 21. Haqqı ödənilən ictimai işlərin təşkili
21.1. Müvafiq icra hakimiyyəti orqanı mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirlər.
21.2. Haqqı ödənilən ictimai işlərdə iştirak etmək istəyən işsiz şəxslərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanır. İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər.
21.3. Haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslər faktiki yerinə yetirilən işə görə, lakin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum əmək haqqının məbləğindən az olmamaq şərti ilə əmək haqqı alırlar.
21.4. Haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi haqqı ödənilən ictimai işləri təşkil edən müəssisələrin vəsaiti hesabına və ya "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti hesabına həyata keçirilir.
21.5. Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 22. Peşəyönümünə dair məsləhət xidmətləri

22.1. Müvafiq icra hakimiyyəti orqanı gənclərin (təhsil müəssisələrinin tələbə və şagirdlərinin), işaxtaran və işsiz şəxslərin peşəyönümünün təşkili üçün onlarla müsahibələr və testlər keçirilməklə, təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləri göstərir.
22.2. Peşəyönümünə dair məsləhət xidmətləri aşağıdakı istiqamətlərdə göstərilir:
22.2.1. əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar barədə məlumatlandırma;
22.2.2. mövcud peşə və ixtisas üzrə işlə təmin edilməsi və ya peşə hazırlığı və əlavə təhsilə cəlb olunma imkanları barədə məlumatlandırma;
22.2.3. işsiz şəxsin sosial-psixoloji xüsusiyyətləri, peşə, bilik, bacarıq və səriştələri, sağlamlıq vəziyyəti nəzərə alınaraq, əmək bazarının tələbatı əsasında ona iş yerinin və peşənin seçimində köməkliyin göstərilməsi.
22.3. Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 23. Əmək birjalarının və əmək yarmarkalarının təşkili
23.1. Əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən əmək birjaları vasitəsilə həyata keçirilir.
23.2. İşaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə işəgötürənlərin qısa müddət ərzində zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən əmək yarmarkaları təşkil edilir.
23.3. Əmək birjalarının və əmək yarmarkaların təşkili və fəaliyyəti qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 24.Özünüməşğulluğa kömək göstərilməsi
24.1. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir:
24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi;
24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi;
24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi;
24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi;
24.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi.
24.2. Müvafiq icra hakimiyyəti orqanı özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.
24.3. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına qaytarır.
24.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanına ödəməlidir.
24.5. Bu Qanunun 24.3-cü maddəsində göstərilən bazar qiyməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün müvafiq icra hakimiyyəti orqanının dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.
24.6. Bu Qanunun 24.3-cü maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin əmlak açıq hərracların keçirilməsi vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən satılır.
24.7. Özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.
24.8. Bu Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) il ərzində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa cəlb edilirlər.
24.9. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
24.10. İşsizlikdən sığorta ödənişini alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər.
24.11. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 25. İşəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının maliyyələşdirilməsi
25.1. Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25.2. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əmək haqqından çox, lakin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum aylıq əmək haqqından az olmamaq şərti ilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.
25.3. Sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdirilir.
25.4. Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.
25.5. Sosial iş yerlərinin təşkili zamanı əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.
25.6. Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən çox olmamalıdır.
25.7. Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin digər iş yerləri üzrə əməkhaqqının məbləğinin 10 faizdən çox fərqlənə bilməz.

Maddə 26.Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması vəməqsədli proqramların həyata keçirilməsi
26.1. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən kvotadan əlavə iş yerləri, sosial müəssisələr yaradıla və məqsədli proqramlar həyata keçirilə bilər. Bu halda müəssisədə mövcud olan daimi vakansiyalar əlavə iş yerləri hesab edilmir.
26.2. Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 27.Fərdi məşğulluq proqramı
27.1. İşsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən fərdi məşğulluq proqramı tərtib olunur.
27.2. İşsiz şəxs hər ay həmin ayın sonuncu iş günü bitənədək müvafiq icra hakimiyyəti orqanına fərdi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirakını müəyyənləşdirən fərdi məşğulluq proqramının icrası barədə elektron qaydada hesabat təqdim edir.
27.3. Fərdi məşğulluq proqramının icrası barədə hesabat işsiz şəxs tərəfindən təqdim edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı sığorta ödənişinin verilib-verilməməsi, işsiz kimi qeydiyyatın saxlanılıb-saxlanılmaması barədə qərar qəbul edir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görür.

IV FƏSİL
məşğulluq sahəsində SOSİAL TƏMİNATLARı

Maddə 28. İşaxtaran və işsiz şəxslərin sosial təminatları
28.1. İşaxtaran və işsiz şəxslərə dövlət aşağıdakı təminatları verir:
28.1.1. müəssisədən sərbəstləşdirilmiş işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq təminatların verilməsi;
28.1.2. peşə hazırlığına cəlb olunduğu dövrdə təqaüdün ödənilməsi;
28.1.3. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta ödənişi almaq hüququ olanlara sığorta ödənişinin verilməsi;
28.1.4. haqqı ödənilən ictimai işlərə cəlb olunması;
28.1.5. özünüməşğulluğa kömək göstərilməsi;
28.1.6. işəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının maliyyələşdirilməsi;
28.1.7. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi;
28.1.8. müvafiq icra hakimiyyəti orqanının təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərclərin (taksi xərcləri istisna olmaqla) kompensasiya edilməsi.
28.2. Qanunla müəyyən edilmiş qaydada şəxsin işsizlikdən sığorta ödənişi aldığı və aktiv məşğulluq tədbirlərinə cəlb olunduğu müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət ümumi əmək stajına daxil edilir.
28.3. Bu Qanunun 28.1-ci maddəsi ilə müəyyən edilən təminatlar üzrə ödənişlər nağdsız qaydada həyata keçirilir.

Maddə 29. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüd
29.1. Müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.
29.2. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.
29.3. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

V FƏSİL
Qeyri-formal məşğulluq

Maddə 30. Qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi
30.1. Bu Qanunun 1.1.9-cu maddəsində göstərilən hallarda bu Qanunun 4.4-4.8-ci maddələrinə əsasən şəxsin məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrinə daxil edilmədikdə, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı ilə məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə nəzarət tədbirləri həyata keçirilir.
30.2. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanların bu Qanunun 30.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətinin əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
30.3. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30.4. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı qeyri-formal məşğulluq halları ilə bağlı aşkar edilmiş məlumatları qanunla müəyyən edilmiş tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına, həmin məlumatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada hesabatı isə müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
30.5. Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 31. "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı
31.1. Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı yaradılır.
31.2. "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
31.3. Bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş nəzarət tədbirlərinin həyata keçirilməsi üçün "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq risk qruplarının müəyyən edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilnməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir.

Maddə 32. Qeyri-formal məşğulluq sahəsində maarifləndirmə
Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) , habelə ictimai birliklər birgə maarifləndirmə, məlumatlandırma və təbliğat işini həyata keçirirlər, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar sifariş edirlər, xüsusi bülletenlər və digər nəşrlər buraxırlar.

VI FƏSİL
YEKUN MÜDDƏALAR

Maddə 33. Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli
33.1. Bu Qanunun tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
33.2. Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və müvafiq icra hakimiyyəti orqanının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
33.3. Məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

Maddə 34. Məşğulluq sahəsində beynəlxalq əməkdaşlıq
Məşğulluq sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

Maddə 35. Məşğulluq sahəsində nəzarət
35.1. Bu Qanunun tələblərinə əməl olunmasına nəzarət həmkarlar ittifaqlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
35.2. Bu Qanunun 35.1-ci maddəsində göstərilən nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 36. Keçid müddəa
Bu Qanun qüvvəyə mindiyi günədək işsiz kimi qeydiyyata alınmış şəxslərin qeydiyyatı bu Qanun qüvvəyə mindikdən sonra da saxlanılır.

Maddə 37. Qanunun qüvvəyə minməsi
Bu Qanun qüvvəyə mindiyi gündən "Məşğulluq haqqında" Azərbaycan Respublikasının 2001-ci il 2 iyul tarixli 170-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 522, № 12, maddə 731; 2003, № 1, maddə 16; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 341, № 7, maddə 602; 2010, № 11, maddə 949; 2011, № 2, maddə 71, № 10, maddə 884; 2014, № 11, maddə 1344, № 12, maddə 1528; 2017, № 7, maddə 1280) ləğv edilir.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi