30.10.2018 "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə 

1-ci oxunuş                                                                                                                                                                             

 

"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq  q ə r a r a  a l ı r :

"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1515) aşağıdakı dəyişikliklər edilsin:

1. 10.1-ci maddədə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri "bu Qanunun 10.1-1-ci maddəsində" sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 10.1-1-ci və 10.3-cü maddələr əlavə edilsin:

"10.1-1. Deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.";

"10.3. Deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli və bu Qanunun 10.1-1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.".

3. 11-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"11.1. Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.  

11.2. Deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməli və İntizam komissiyasının rəyini öyrənməlidir. Deputat, Milli Məclisin İntizam komissiyasının rəyinə müvafiq alaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış edə və ya səsvermədə iştirak edə bilməz. Deputat maraqlar toqquşmasının həlli zamanı ictimai mənafeni həmişə öz maraqlarından üstün tutmalıdır. Milli Məclisin İntizam komissiyasının maraqlar toqquşması barədə rəyi Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

11.3. Bu Qanunun 11.2-ci maddəsində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müəyyən edilən tələblərdən asılı olmayaraq, deputat Milli Məclisin, onun komitə və komissiyasınının iclası və ya ictimai müzakirə zamanı çıxışından əvvəl müzakirə edilən məsələ ilə bağlı yarana biləcək marağını açıqlamalı, bu barədə iclas sədrinə şifahi formada məlumat verməlidir. Deputatın maraqlar toqquşması ilə bağlı açıqlaması Milli Məclisin iclaslarının stenoqramına daxil edilir və Milli Məclisin internet səhifəsində dərc edilir.

11.4. Deputat normayaratma prosesində hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüşü, həmin görüşün mövzusunu və bununla bağlı onun tərəfindən göstərilən dəstək barədə məlumatları ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclisin Aparatında saxlanılır. Belə görüşlər zamanı təqdim olunmuş rəy və təkliflər Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir. 

Qeyd: Bu maddədə "maraqlar toqquşması" dedikdə deputatın səlahiyyətlərinin icrası çərçivəsində özünün və yaxın qohumlarının əldə edə biləcəyi maddi və sair nemətlər, imtiyazlar və güzəştlər, habelə onun mənafəyinə toxunan, yaxud toxuna bilən digər maraqlarının həmin deputatın səlahiyyətlərinin obyektiv və qərəzsiz icrasına təsir göstərdiyi və ya göstərə biləcəyi vəziyyət başa düşülür.".

3. 12-ci maddədən "şəxsi" sözü çıxarılsın.



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi