KOMİTƏLƏRİN İCLASINDA DEPUTATLARIN ETİK DAVRANIŞ QAYDALARI MÜZAKİRƏ OLUNDU

20/04/17

Aprelin 20-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. İclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olundu.
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova iclası açaraq bildirdi ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklərlə əlaqədardır. Konstitusiyada nəzərdə tutulan müddəalar qanunvericilikdə öz əksini tapmalıdır. Qeyd edildi ki, dünyanın bir çox ölkələrində müxtəlif dövlət qurumlarının, seçkili orqanların, o cümlədən bələdiyyələrin, habelə  dövlət qulluqçularının fəaliyyətini tənzimləyən qanunlar mövcuddur. Deputatın da fəaliyyət istiqamətlərini müəyyənləşdirən belə bir qanunun olması zəruridir.
Bahar Muradova diqqətə çatdırdı ki, qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və bu komitənin üzvü Vüsal Hüseynov tərəfindən hazırlanıb. Müəlliflər sənəd üzərində işləyərkən  Avropa Şurasına və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin bu sahədəki təcrübəsini yaxından öyrənərək, eyni zamanda, Azərbaycanın reallıqları,  parlamentarizm ənənələrini də nəzərə almışlar. 
Komitə sədri bildirdi ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq,  Milli Məclis deputatının etik davranış qaydalarını,  həmin  qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Sənəd deputatların fəaliyyətində səmərəliliyin və  şəffaflığın artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın, deputatların fəaliyyətində maraqlar toqquşması hallarının qarşısının alınması, deputatların fəaliyyətinə ictimai etimadın gücləndirilməsi məqsədi ilə hazırlanmışdır.
Sonra deputat Vüsal Hüseynov qanun layihəsi barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, qanun lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir.  Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanunda göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir. Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır. Layihədə qeyd edilir ki, deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Bildirildi ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam Komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərə dair məruzələri və tövsiyələri Milli Məclisin Sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır, qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir. Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir.
Müzakirələr zamanı çıxış edən deputatlar Azay Quliyev, Fazil Mustafa, Tahir Kərimli, Rövşən Rzayev, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Rafael Cəbrayılov, Hikmət Məmmədov, Əflatun Amaşov, Elman Nəsirov sənəd barədə öz fikirlərini söylədilər, burada əks olunan məsələlərin aktuallığı və əhəmiyyəti barədə danışdılar,  təkliflər verdilər.
Tədbirin sonunda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli millət vəkillərinin səsləndirdikləri fikirlərlə bağlı əsaslandırılmış şəkildə açıqlama verdi. Bir sıra məqamlara aydınlıq gətirildi və bildirildi ki, qanunun müddəaları Konstitusiyaya əsasən hazırlanıb, burada əks olunan normalar preventiv xarakter daşıyır. Qeyd edildi ki, qanun layihəsi rəy üçün parlamentin digər komitələrinə təqdim olunacaq.
Deputatlar layihəni Milli Məclisin plenar iclasında baxılmaq üçün  tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi