AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA

21/04/17

Aprelin 21-də Milli Məclisin  Ailə, qadın  və uşaq  məsələləri  komitəsinin növbəti  iclası  keçirildi. İclası  açan komitə  sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” qanununa dəyişiklik edilməsi barədə sənədin müzakirə  ediləcəyini  bildirdi.
Layihəni şərh edən komitə  sədri  qeyd  etdi ki, Milli Məclisə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə   daxil olan  sənəd 2015-ci il 15 may tarixində qəbul olunmuş “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsinə edilən əlavələr uyğunlaşdırma xarakteri daşısa da uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşməsi, uşaqların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq tutulması, onların təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, mütəmadi olaraq ölkə Prezidenti tərəfindən bu qanunvericiliyə edilən əlavə və dəyişiklikər bir daha sübut edir ki, uşaqların hüquqlarının hər şeydən üstün tutulması dövlətin ali məqsədlərindən biridir. “Uşaq hüquqları haqqında” qanuna “Reklamda uşaqların müdafiəsi” adlı yeni 11-1 maddəsinin əlavə edildiyi  vurğulandı.  Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda valideynin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi, başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması, həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə, uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi və başqa  zəruri məqamlar  əksini tapmışdır.
Millət vəkilləri Dilarə Cəbrayılova, Sədaqət Vəliyeva, Astan Şahverdiyev, Tahir Rzayev, Ağacan Abıyev, parlament Aparatının Sosial  qanunvericilik şöbəsinin müdiri Adilə Abasova layihə ilə bağlı fikirlərini bildirdilər, uşaqların zərərli təsirlərdən qorunması, onların sağlamlığının  müdafiəsi, alkoqollu içkilərin və tütün məmulatlarının  reklamlarının məhdudlaşdırılması və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi  ilə bağlı təkliflərini  səsləndirdilər.
Müzakirələrdən  sonra  qanun layihəsinin  Milli Məclisin plenar  iclasına verilməsi  qərara  alındı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi