PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ LATVİYADA SƏFƏRDƏDİR

30/05/17

Xəbər verildiyi kimi, parlamentin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti mayın 28-də Latviyaya rəsmi səfərə yola düşmüşdür.
Mayın 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Latviya Seyminin spikeri xanım İnara Murniyetsei ilə görüşüb.
Əvvəlcə Milli Məclisin Sədri Oqtay Əsədov Fəxri Qonaqlar Kitabında ürək sözlərini yazıb.
Latviya Seyminin spikeri İnara Murniyetse Azərbaycan nümayəndə heyətini salamlayaraq, onları milli bayramımız – Respublika Günü münasibətilə təbrik etdi. İ.Murniyetse bu yaxınlarda Bakıya rəsmi səfərini hərarətlə xatırlayıb.
İ.Murniyetse vurğulayıb ki, Azərbaycan, xüsusən iqtisadi sahədə Latviyanın mühüm tərəfdaşıdır. Onun sözlərinə görə, Latviya ikitərəfli ticari-iqtisadi əlaqələrin daha da möhkəmlənməsində, turizm və inşaat sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.
Oqtay Əsədov səmimi qəbul üçün təşəkkürünü bildirib. Milli Məclisin sədri ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək vurğulayıb ki, Azərbaycan və Latviya dost və tərəfdaş ölkələrdir.
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, bu il Azərbaycan-Latviya ikitərəfli münasibətlərində xüsusi əhəmiyyət kəsb edir, çünki iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 25-illiyi qeyd edilir. O.Əsədov qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bizim əlaqələrimiz yeni inkişaf mərhələsinə daxil olub, bu günə qədər iki ölkə arasında 34 sənəd imzalanıb, daha 8 sənəd müzakirə prosesindədir.
Seymin spikeri İ.Murniyetse deyib ki, Latviyada Azərbaycan Prezidenti İlham Əliyevin Riqaya səfərini səbirsizliklə gözləyir və inanırlar ki, bu səfər ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
İnara Murniyetse Azərbaycan diasporunun Latviyanın ictimai-siyasi həyatında, xüsusən iqtisadi sahədə səmərəli fəaliyyətini də qeyd edib.
Latviya Seyminin spikeri Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İ.Murniyetse bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində tənzimlənəcəyinə əmin olduğunu bildirib.
Söhbətin gedişində ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı, bu əlaqələrin inkişafına qanunverici orqanların töhfəsi və qarşılıqlı maraq doğuran başqa məsələlərlə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış sənədlər əlaqələrimizin daha da genişlənməsinə təkan verir.
Oqtay Əsədov vurğulayıb ki, Azərbaycanla Latviya arasında ikitərəfli iqtisadi əlaqələri siyasi əməkdaşlıq səviyyəsinə çatdırmaq lazımdır. O qeyd edib ki, 2016-cı ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi təxminən 9 milyon dollara bərabər olub.
Bu gün Azərbaycanın energetika sahəsində Avropanın etibarlı tərəfdaşına çevrildiyini qeyd edən Oqtay Əsədov Azərbaycanın enerji potensialını diqqətə çatdıraraq, ölkəmizdə qazanılmış uğurlardan və reallaşdırılan infrastruktur layihələrindən danışıb.
Oqtay Əsədov Azərbaycan və Latviya parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işini yüksək qiymətləndirib.
Azərbaycan Parlamentinin Sədri Milli Məclisin GUAM PA çərçivəsində Baltika Məclisi ilə sıx əməkdaşlığını qeyd edib. O vurğulayıb ki, bu əməkdaşlıq Azərbaycan və Latviya parlamentləri arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradır.
Spiker Xocalı soyqırımı haqqında bəyanatın Latviya Seyminin 100 deputatından 53-ü tərəfindən qəbul edilməsinə görə Latviya parlamentinə təşəkkür edərək xatırladıb ki, həmin bəyanatda Azərbaycan xalqı ilə həmrəylik ifadə edilib, bu qeyri-insani cinayət pislənilib.
Görüşdə parlamentlərarası əlaqələrin indiki səviyyəsi və inkişaf perspektivləri haqqında fikir mübadiləsi olub. Qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinin, dostluq qruplarının fəaliyyətini daha da gücləndirməyin vacibliyi vurğulanıb.
Görüşdən sonra Oqtay Əsədov Riqada Azadlıq abidəsi önünə gül dəstəsi qoyub.

*     *     *

Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov Riqaya rəsmi səfər çərçivəsində Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ilə görüşüb.
Görüşdə Latviya xarici siyasət idarəsinin başçısı Edqars Rinkeviçs qonaqları salamlayıb, səfərdə onlara uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, bu səfər ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaq.
Parlamentin Sədri Oqtay Əsədov səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Spiker qeyd edib ki, yüksək səviyyədə qarşılıqlı səfərlər və aparılan danışıqlar ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verir.
Oqtay Əsədov diqqətə çatdırıb ki, bu il Azərbaycan-Latviya ikitərəfli münasibətlərində xüsusi əhəmiyyət kəsb edir, çünki iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi qeyd edilir. Baltikyanı ölkələr arasında Azərbaycanın səfirliyi ilk dəfə məhz Latviyada açılıb.
Edqars Rinkeviçs deyib ki, Latviyada Azərbaycan Prezidenti İlham Əliyevin səfərini səbirsizliklə gözləyirlər, çünki bu səfər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə verəcək.
Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb ki, səfər çərçivəsində imzalanması gözlənilən sənədlər ölkələrimiz arasında strateji əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edəcək.
E.Rinkeviçs vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi sahədə qarşılıqlı sərfəli əməkdaşlığı daha da genişləndirmək üçün potensial imkanlar çoxdur.
Görüşdə energetika sahəsində əməkdaşlıq barədə, reallaşdırılan regional layihələr haqqında fikir mübadiləsi aparılıb.
E.Rinkeviçs vurğulayıb ki, Avropanın energetika arxitekturasında Azərbaycan rolu yüksək qiymətləndirilir. Latviyanın xarici siyasət idarəsinin başçısı bildirib ki, Azərbaycan Avropanın energetika təhlükəsizliyində son dərəcə mühüm rol oynayır, energetika sektorunda əməkdaşlıq Latviya ilə Azərbaycan arasında əlaqələrin vacib sahəsidir.
Latviya XİN rəhbəri daha sonra qeyd edib ki, onun ölkəsi Avropa Birliyi ilə Azərbaycanın münasibətlərini tam dəstəkləyir.
Milli Məclisin Sədri deyib ki, Azərbaycan mədəni-humanitar sahədə əlaqələrin inkişafında maraqlıdır. Latviyanın Azərbaycan icmasının rolunu ayrıca vurğulayan Oqtay Əsədov qeyd edib ki, Baltikyanı ölkələr arasında ən böyük Azərbaycan icmasının məhz Latviyada yaşaması mədəni əlaqələrin inkişafı üçün möhkəm təməl yaradır. Sevindirici haldır ki, 2013-cü ildə Bakıda Latışlar Cəmiyyətinin fəaliyyəti bərpa edilib.
Spiker diqqətə çatdırıb ki, son illərdə Azərbaycanda mütəmadi olaraq humanitar əməkdaşlıq üzrə beynəlxalq tədbirlər keçirilir. Ölkədə keçirilən beynəlxalq forumlar bunu söyləməyə əsas verir ki, Azərbaycan dünyada tolerantlıq və multikulturalizm mərkəzinə çevrilib.
Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti səfər çərçivəsində Latviya Milli Bədii Muzeyində də olub.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi