PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN KOREYA RESPUBLİKASINA SƏFƏRİ UĞURLU OLDU

29/06/17

Xəbər verildiyi kimi iyunun 26-dan 28-dək Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikasında rəsmi səfərdə olub.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.
Səfər zamanı Spiker Seulda keçirilən Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində də iştirak etdi.
İyunun 26-da nümayəndə heyəti Koreya Milli Assambleyasının sədri Çanq Sye Kyun ilə görüşdü.
Əvvəlcə Oqtay Əsədov Koreya Milli Assambleyasının xatirə kitabına ürək sözlərini yazdı.
Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Çanq Sye Kyun 11 il əvvəl Azərbaycanda səfərdə olduğunu xatırladı, ölkəmiz haqqında xoş təəssürata malik olduğunu dedi. Bu cür səfərlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğulayan Milli Assambleyanın Sədri əmin olduğunu bildirdi ki, Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin hazırkı səfəri də ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq.
Koreya Milli Assambleyasının Sədri parlamentlərarası əlaqələrə toxunaraq, qarşılıqlı səfərlərin, o cümlədən dostluq qruplarının fəaliyyətinin iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verdiyini bildirdi.
Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edən Çanq Sye Kyun hər iki tərəfin  mövcud şəraitdən istifadə edərək münasibətlərin dərinləşməsinə çalışacağına əminliyini ifadə etdi. O, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin, habelə Azərbaycanda Koreya şirkətlərinin fəaliyyətinin iqtisadi əlaqələrimizin daha da inkişafına müsbət təsir göstərdiyini dedi: “İqtisadi əlaqələr o zaman uzun ömürlü olur ki, bu əlaqələr hər iki dövlətin iqtisadi maraqlarına uyğun olsun”.
Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və dəvətə görə təşəkkür edən Milli Məclisin Sədri Oqtay Əsədov Koreya Respublikasına 2007-ci ildə rəsmi səfərini xoş hisslərlə xatırladı. Dost ölkələr olan Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Oqtay Əsədov qarşılıqlı yüksək səviyyəli səfərlərin, xüsusən dövlət başçılarının səfərlərinin münasibətlərimizin inkişafındakı böyük rolunu vurğuladı.
İndiyədək iki ölkə arasında müxtəlif sahələrə dair 60-a yaxın sənədin imzalandığını xatırladan Milli Məclisin Sədri bu sənədlərin münasibətlərimizin möhkəm hüquqi təməli olduğunu dedi.
Qeyd olundu ki, iki ölkənin parlamentləri arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Qarşılıqlı səfərlər, habelə sıx və faydalı əməkdaşlıq üçün körpü rolunu oynayan dostluq qruplarının fəaliyyəti isə münasibətlərimizin daha da dərinləşməsinə təkan verir.
Azərbaycan ilə Koreya arasında iqtisadi sahədə əlaqələrə toxunan Milli Məclisin Sədri iki ölkənin iqtisadi potensialının qarşılıqlı ticarət dövriyyəsinin həcmini daha da artırmağa imkan yaratdığını dedi. Əlverişli sərmayə və biznes imkanlarına malik Azərbaycanda Koreya şirkətlərinin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdıran Oqtay Əsədov iqtisadi əlaqələrin dərinləşməsində birgə iqtisadi komissiyanın fəaliyyətinin böyük əhəmiyyət daşıdığını dedi. O, nəhəng iqtisadi potensialına və ərazisindən keçən nəqliyyat marşrutlarına görə Azərbaycanın təkcə region üçün deyil, eyni zamanda, bütövlükdə Avropa üçün böyük əhəmiyyətə malik olduğunu dedi.
Milli Məclisin Sədri iki ölkə arasında humanitar sahədə də əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi, qarşılıqlı mədəniyyət günlərinin təşkilinin, tələbə mübadiləsinin əhəmiyyətini vurğuladı, Azərbaycanın Koreya ilə əməkdaşlığı beynəlxalq qurumlarda da inkişaf etdirmək əzmində olduğunu dedi.
Koreya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov iyunun 26-da Koreyanın Baş naziri Li Nak-Yeon ilə görüşdü.
Baş nazir Li Nak-Yeon Azərbaycan nümayəndə heyətini Seulda salamlamaqdan məmnunluğunu bildirdi, bu səfərin çox əhəmiyyətli bir tarixə - iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf etdiyini dedi. O, Koreya-Azərbaycan əlaqələrinin inkişafına hər iki tərəfin göstərdiyi dəstəyin davamlı olacağına əminliyini ifadə etdi.
Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf edərək, regionda qabaqcıl ölkəyə çevrilməsini məmnunluqla müşahidə etdiklərini bildirən Li Nak-Yeon ölkəsinin Azərbaycan ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da dərinləşməsinə tərəfdar olduğunu dedi.
İki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayan Baş nazir Azərbaycanda Koreya şirkətlərinin fəaliyyətinə göstərilən dəstəyə görə təşəkkürünü bildirdi, Azərbaycan şirkətlərini də Koreyada görməkdən məmnun olacaqlarını diqqətə çatdırdı.
Baş nazir Li Nak-Yeon Koreya vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiklərini, son dövrlər ölkəmizə səfər edən koreyalıların sayının artmasının sevindirici hal olduğunu dedi. Bunun iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişafının təzahürü olduğunu diqqətə çatdırdı. O, özünün də Azərbaycana səfər etmək arzusunda olduğunu söylədi.
Milli Məclisin Sədri Oqtay Əsədov Koreyaya yenidən səfər etməkdən məmnun olduğunu bildirdi, səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür etdi.
Azərbaycan-Koreya münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Oqtay Əsədov dedi ki, ötən 25 il ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə yaxşı əməkdaşlıq qurulub. O, əlaqələrimizin bu səviyyəyə qalxmasında ölkə rəsmilərinin səfərlərinin mühüm rol oynadığını diqqətə çatdırdı.
Parlament sədri qarşılıqlı ticarət dövriyyəsinin indiki həcminin iki ölkənin iqtisadi potensialından aşağı olduğunu bildirdi, gələcəkdə birgə səylər nəticəsində iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. Bu istiqamətdə iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın fəaliyyətinin əhəmiyyətinə toxunan Milli Məclisin Sədri mütəmadi olaraq Biznes forumların təşkilinin iki ölkənin iş adamları arasında yeni təmasların yaranmasına xidmət edəcəyini dedi. O, Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətindən də söz açdı.
Oqtay Əsədov Azərbaycanın liderliyi ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin region və ümumilikdə, Avropa üçün əhəmiyyətindən bəhs etdi, bu yaxınlarda inşası başa çatacaq və Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edəcək Bakı-Tbilisi-Qars layihəsindən Koreyanın da faydalanmasını iki ölkə arasında iqtisadi əlaqələri daha da genişləndirəcəyini dedi.
İyunun 27-də Koreya Respublikasının paytaxtı Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsi keçirildi. “Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi” mövzusunda keçirilən müşavirədə Azərbaycanı Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti təmsil edirdi.
Tədbiri Koreya Respublikası Milli Assambleyasının sədri Çanq Sye Kyun açaraq müasir dövrümüzdə dünyanın, o cümlədən Avrasiyanın üzləşdiyi bir çox problemlərin həlli yollarının tapılması üçün dialoqa böyük ehtiyac olduğunu, ölkələrin qanunverici orqanlarının bu dialoqa böyük töhfələr verə biləcəyini dedi. O, müvafiq dialoqun təşkilində Avrasiya Ölkələri Parlament Sədrlərinin Müşavirəsi formatının əhəmiyyətini vurğuladı.
Tədbirdə çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov müşavirənin Avrasiyada parlamentlərarası əməkdaşlıq yolu ilə birgə rifahın yüksəldilməsi yollarının müəyyən edilməsinə töhfə verəcəyinə inandığını bildirdi. O, müasir dövrdə parlament diplomatiyasının dövlətlərarası əməkdaşlığın mühüm bir formatını təşkil etdiyini dedi.
Oqtay Əsədov bəşəriyyətin təhlükəsizliyi üçün təhdid törədən problemlərin, o cümlədən iqtisadi-maliyyə böhranı, terrorizm, təcavüzkar separatizm, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, iqlim dəyişikliyi, yoxsulluq, habelə qaçqın və məcburi köçkün məsələlərinin həllinin səmərəli yollarının tapılmasında parlamentlərarası əməkdaşlığın vacib rol oynayacağına inamını ifadə etdi.
Milli Məclisin Sədri bütün beynəlxalq münaqişələrin və lokal müharibələrin 80 faizinin Avrasiyanın payına düşdüyünü, sivilizasiyalar arasında geosiyasi qarşıdurmanın güclənməsinin günümüzün reallığı olduğunu dedi. Avrasiyadakı qeyri-sabit və münaqişəli vəziyyətin dünyanın müqəddəratı üçün ağır nəticələr törədə biləcəyini diqqətə çatdıran Milli Məclisin Sədri beynəlxalq qaydanın əsas elementlərinə təsir göstərməkdə davam edən, dövlətlərin ərazi bütövlüyünü və sabitliyini pozan əsas təhdidləri və çağırışları dəf etmək üçün onlara vahid yanaşmanın təmin edilməli olduğunu dedi.
Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirən Oqtay Əsədov dedi: “Uzun illərdən bəri Azərbaycan beynəlxalq birliyə çağırış edərək ədalətlin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin həyata keçirilməsini tələb edir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi məlum 4 qətnamənin, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamənin, eləcə də Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi sənədin və digər beynəlxalq qurumların qətnamələrinin yerinə yetirilməsi zərurətinə bir daha diqqəti cəlb etmək istərdim. Şübhə yoxdur ki, Avrasiya ölkələri parlamentlərinin birgə səyləri bölgədə mövcud olan bütün problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdıra bilər.
Əminəm ki, bu münaqişə, eləcə də digər oxşar münaqişə və problemlərin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən də onlar arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında nizama salınması Avrasiyada sülhün, sabitliyin, ədalətin və təhlükəsizliyin təmin edilməsi işinə xidmət edəcək”.
Qarşılaşdığımız problemlərin həlli üçün parlament üzvlərinin üzərinə böyük vəzifə düşdüyünü bildirən Oqtay Əsədov müşavirə iştirakçılarını Avrasiyada, o cümlədən Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə səylərini əsirgəməməyə çağırdı. Bildirdi ki, bəşəriyyət bir ailədir və ailənin bir üzvündə problem olanda, o, hamıya təsir göstərir, “yaraya” çevrilir. Həmin “yara” vaxtında müalicə olunmayanda isə bütün ailəyə yayılır, xəstəlik hər tərəfə təsir göstərir. Ona görə də bu cür problemlərin yayılmaması üçün hamımız birgə və vaxtında səy göstərməliyik.
İclasda digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri də çıxış ediblər.
Tədbirin sonunda Seul Bəyanatı qəbul edildi və müşavirə öz işini yekunlaşdırdı.

* * * * *
Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edən Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov tədbir çərçivəsində Rusiya Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşdü. Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, Azərbaycan ilə Rusiyanın müxtəlif sahələrdə uğurla əməkdaşlığının bundan sonra da inkişafı üçün hər iki tərəfin səylə çalışacağı bildirildi.
Tərəflər Azərbaycanın və Rusiyanın qanunverici orqanları arasında əlaqələrin ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri zəminində sürətlə inkişaf etdiyini vurğuladılar, parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıdılar.

* * * * *
Azərbaycan ilə Çexiya dost və tərəfdaş ölkələrdir, münasibətlərimiz qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu fikri Milli Məclisin Sədri Oqtay Əsədov Çexiya Parlamenti Deputatlar Palatasının Sədri Yan Hamaçek ilə görüşdə dedi.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin və aparılan danışıqların münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini bildirən Milli Məclisin Sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda da uğurlu əməkdaşlığını sevindirici hal kimi qiymətləndirdi. Oqtay Əsədov ölkələrimizin parlamentləri arasında mövcud olan yaxşı əməkdaşlığın ikitərəfli əlaqələrə müsbət təsir göstərdiyini diqqətə çatdırdı. O, iqtisadi sahədə münasibətlərimizin daha da genişlənməsi üçün hər iki tərəfin böyük potensialı olduğunu bildirdi, hökumətlərarası komissiyanın iclaslarının, biznes-forumların bu əməkdaşlığın inkişafındakı rolunu yüksək qiymətləndirdi.
Azərbaycan parlamentinin sədri ilə növbəti dəfə görüşməkdən məmnunluğunu bildirən Yan Hamaçek dedi ki, həm qarşılıqlı səfərlər zamanı, həm də beynəlxalq tədbirlər çərçivəsində keçirdiyimiz mütəmadi səmərəli görüşlər ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına, habelə parlamentlərarası əlaqələrin dərinləşməsinə müsbət təsir göstərir.
Çexiyanın Azərbaycana böyük maraq göstərdiyini bildirən Yan Hamaçek münasibətlərimizin bundan sonra da davamlı inkişafına əminliyini ifadə etdi, iki ölkə arasında əlaqələrin dərinləşməsinə daim səy göstərəcəyini bildirdi.

* * * * *
Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edən Milli Məclisin Sədri Oqtay Əsədov iyunun 27-də İran İslam Respublikası İslam Şura Məclisinin Sədri Əli Laricani ilə də görüşdü.
Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyətinə və müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparıldı. Tərəflər dost, mehriban qonşular olan İran və Azərbaycan arasında əlaqələrin inkişafında prezidentlərin qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
Əli Laricani ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, parlamentlərin də öz növbəsində bu münasibətlərin dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırdı. O, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi istiqamətində görülən işləri yüksək qiymətləndi, bu çərçivədə hökumətlərarası komissiyanın fəaliyyətini təqdir etdi. Bildirdi ki, komissiyanın iclaslarında ölkələrimizin müxtəlif istiqamətlər üzrə əməkdaşlığının inkişafı ilə bağlı bir çox məsələlər müzakirə olunur, bu da öz növbəsində əlaqələrimizin möhkəmlənməsinə müsbət təsir göstərir.

İran İslam Respublikası İslam Şura Məclisinin sədri Əli Laricani iki ölkə arasında əlaqələrin inkişafında heç bir maneə görmədiyini, Azərbaycanın İran üçün dost, qardaş və yaxın qonşu olduğunu diqqətə çatdırdı.
Milli Məclisin sədri Oqtay Əsədov xalqlarımız arasında mövcud olan tarixi və mədəni bağlılığın münasibətlərimizin qarşılıqlı anlaşma üzərində inkişafına təkan verdiyini, əlaqələrin hazırda müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini dedi.
Müstəqillik illərində hər iki ölkənin prezidentləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin əməkdaşlığımız üçün yeni imkanlar açdığını, istiqamətlər müəyyənləşdirdiyini bildirən Oqtay Əsədov ötən müddətdə münasibətlərimizin möhkəm hüquqi bazasının formalaşdırıldığını diqqətə çatdırdı.
Milli Məclisin sədri Azərbaycan-İran münasibətlərinin inkişafında iki ölkənin parlamentlərinin vacib rolunu vurğulayaraq, son illər qanunverici orqanlar arasında əməkdaşlıqda hiss olunan dinamikanı, qarşılıqlı səfərlərin və görüşlərin sayının artmasını sevindirici hal kimi dəyərləndirdi.
Oqtay Əsədov Azərbaycan ilə İran arasında iqtisadi münasibətlərin inkişafı istiqamətində görülən işlərdən danışdı, bu çərçivədə hər iki ölkənin böyük potensialından istifadə olunmasının zəruriliyini vurğuladı.
İyunun 28-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Koreya respublikasına rəsmi səfəri başa çatdı və həmin gün nümayəndə heyətimiz Vətənə döndü.


Akif Təvəkküloğlu
Milli Məclisin Mətbuat katibi

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi