Deputatlarımız Alxanlı kəndinə səfər ediblər

13/07/17

İyulun 13-də  Milli Məclis rəhbərliyinin tapşırığına əsasən Sədrin müavini,  ATƏT PA-da nümayəndə heyətimizin başçısı Bahar Muradovanın rəhbərliyi ilə  bir qrup deputatımız – təşkilatın vitse-prezidenti Azay Quliyev, qurumda nümayəndə heyətimizin üzvləri: Kamran Nəbizadə, Elşad Həsənov, Tahir Mirkişili və digər rəsmi şəxslər Milli Məclis adından Füzuli rayonunun Alxanlı  kəndinə səfər ediblər.
Millət vəkilləri Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində mülki şəxslər – Sahibə Allahverdiyevanın və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həlak olduğu yerə baxış keçirib, kənd sakinləri ilə görüşüblər. Onlar sonra Sahibə Allahverdiyevanın və Zəhra Quliyevanın qəbirlərini ziyarət edərək yas mərasiminə qatılıb, həlak olanların yaxınlarına başsalığı veriblər. Milli Məclisin deputatları sonra Horadiz xəstəxanasında müalicə olunan, erməni təxribatı nəticəsində yaralanmış Sərvinaz Quliyevaya  baş çəkiblər.
Deputatlarımız qəsəbədə Ulu öndərin adını daşıyan parka qələrək Heydər Əliyevin heykəlini ziyarət etmiş, burada əhalinin istrahəti üçün yaradılmış şəraitlə tanış olublar.
Millət vəkilləri Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olmuş Vətən övlatlarının şərəfinə ucadılmış abidəni də ziyarət ediblər. Səfər çərçivəsində əhali ilə aparılan danışıqlarda Milli Məclisin Sədr müavini Bahar Muradova bildirib ki, Ermənistan hərbçilərinin niyyəti cəbhə xətti yaxınlığında yaşayan mülki əhalini qorxutmaq, onları bu ərazilərdən köçürməkdir. Cocuq Mərcanlıya azərbaycanlıların qayıdışı Ermənistan hərbi-siyasi rəhbərliyini çox narahat edir. Azyaşlı uşağın və yaşlı qadının həyatına son qoymaqla onlar beynəlxalq hüququ, müharibə qaydalarını köbudcasına pozsalar da öz istəklərinə nail ola bilmədilər. Ermənistanın təcavüzkar bir dövlət olduğu göz qarşısındadır. Bu artıq sübut edilib.
Səfər zamanı keçirilən tədbirlərdə digər millət vəkilləri də çıxış edərək hadisə ilə əlaqədar öz fikirlərini bölüşdülər.


Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi