MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

28/07/17
İyulun 28-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnard ilə görüşdü.
Qonağı salamlayan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri də ABŞ-dır. Azərbaycan  Amerika Birləşmiş Ştatları ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır və 25 ildir ki, ikitərəfli münasibətlər daim inkişafdadır. Azərbaycanın ABŞ-ın bir sıra ştatları, xüsusilə də Arizona ştatı ilə yaxın iqtisadi, siyasi münasibətləri var.  Ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə həmişə ABŞ-ın yanındadır.
Söhbət zamanı Azərbaycanın iqtisadi inkişafı, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı. 
Milli Məclisin Sədri Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Arizona ştatının Azərbaycana verdiyi dəstəyə və Arizona Nümayəndələr Palatasında Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul etdiklərinə görə qonağa təşəkkürünü bildirdi.  
Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnard Azərbaycanda yüksək səviyyədə qarşılandığına görə minnətdarlığını ifadə etdi. Diqqətə çatdırdı ki, Azərbaycan qədim tarixə və mədəniyyətə malik bir ölkədir. Arizona ştatı bir sıra sahələrdə, o cümlədən iqtisadi sahədə Azərbaycanla əlaqələrin inkişafında çox maraqlıdır. 
Qonaq öz ölkəsinə döndükdən sonra Azərbaycandakı əlverişli investisiya mühiti barədə məlumat verəcəyini qeyd etdi və ABŞ-ın yüksək texnologiyalar sahəsində çalışan şirkətlərinin Azərbaycanla əməkdaşlıq edəcəklərinə əmin olduğunu dedi.
  Sonra görüşdə hər iki tərəfi maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi