MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

06/09/17

Sentyabrın 6-da Milli Məclisin Sədri Oqtay Əsədov Koreya Respublikası Milli Assambleyasının sədr müavini Pak Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Qonaqları səmimi salamlayan Spiker əmin olduğunu bildirdi ki, bu cür səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin, parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Söhbətdə Sədr Koreya Respublikasına səfərlərini xatırlayaraq, bu ilin iyun ayında Seulda keçirilmiş Avrasiya Ölkələri Parlament Sədrlərinin II müşavirəsində iştirakından danışdı. Sədr səfər çərçivəsində koreyalı həmkarları ilə keçirdiyi görüşləri yüksək dəyərləndirdi.
Oqtay Əsədov  cari ilin avqustunda Bakıda keçirilmiş Dünya Skaut Komitəsinin 41-ci Konfransında və 13-cü Dünya Skaut Gənclər Forumunda iştirak edən koreyalı deputatların Milli Məclisdə də olduqlarını vurğulayaraq, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməsinin hər iki tərəf üçün faydalı olduğunu söylədi.
Spiker münasibətlərimizin dərinləşməsində prezidentlərin rolunu xüsusi qeyd edərək, onların görüşləri zamanı aparılan danışıqların və ölkələrimiz arasında imzalanmış sənədlərin münasibətlərimizin gələcəyinə böyük ümidlərlə baxmağa imkan verdiyini dedi.
Söhbətdə bildirildi ki, iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün hər iki ölkənin geniş potensialı vardır. Bu gün Samsunq, LG, Hyundai kimi Koreya şirkətləri ölkəmizdə səmərəli fəaliyyət göstərir. Biz bu ölkənin Azərbaycanda peşə tədrisinə verdiyi dəstəyi yüksək qiymətləndiririk.
Parlamentlər səviyyəsində münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini  söyləyən Oqtay Əsədov hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi; deputatların qarşılıqlı səfərlərinin təcrübə mübadiləsi baxımından önəmini vurğuladı.
Bildirildi ki, bu gün Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi  neft və qaz kəmərləri vasitəsi ilə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Gələcəkdə TAP və TANAP qaz kəmərlərinin reallaşması isə ölkəmizin Avropa üçün əhəmiyyətini daha da artıracaqdır.
Sədr qeyd etdi ki, Azərbaycan həm də mühüm nəqliyyat layihələrinin reallaşmasında fəal iştirak edir. O, ölkəmizin  Qədim İpək Yolunun bərpasındakı rolundan, bu sahədə mühüm addım kimi Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişindən, Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında iştirakından söz açdı. Qeyd edildi ki,  bu cür layihələr Koreya Respublikası üçün də iqtisadi baxımdan çox əhəmiyyətli ola bilər.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən danışan Sədr cari ilin fevral ayında Koreya Milli Assambleyasında  Xocalı soyqırımına həsr olunmuş fotosərginin keçirilməsini çox önəmli hesab etdi. Qeyd edildi ki, biz ümidvarıq ki, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ probleminin müzakirəsi zamanı Koreya tərəfi bu məsələyə həssaslıqla yanaşacaq və Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəkdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Koreya Respublikası Milli Assambleyasının sədr müavini Pak Cu-sun Azərbaycana ilk dəfə səfər etdiyini, burada gördüklərindən və aparılan danışıqlardan  razı qaldığını söylədi. Qeyd edildi ki, bu səfərin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etməsi rəmzi məna daşıyır. Biz qarşıdan gələn növbəti 25 il üçün də fəaliyyət proqramı üzərində düşünməliyik; Azərbaycan Koreya Respublikası üçün çox əhəmiyyətli ölkədir.
Qonaq ölkələrimiz arasında münasibətlər barədə ətraflı məlumat verdiyinə görə Sədrə təşəkkür edərək, iqtisadiyyatın ən müxtəlif sahələrində, o cümlədən turizm sahəsində münasibətlərimizi dərinləşdirmək üçün  geniş imkanlar olduğunu söylədi. O, Bakıda keçirilən Dünya Skaut Komitəsinin toplantısında Azərbaycanın Koreya Respublikasına verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.
Qəbulda siyasi, parlamentlərarası, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Malik Həsənov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq Gyu və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi