PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ BELARUS RESPUBLİKASINDA SƏFƏRDƏDİR

12/10/17

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun  başçılığı ilə nümayəndə heyətimiz Belarus Respublikasına rəsmi səfər etmişdir.
Oktyabrın 11-də nümayəndə heyətimiz Minskdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət edib, Qələbə meydanında yerləşən abidə kompleksi önünə əklil qoyub.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

*     *     *

Minskdə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç bildirib ki, Belarus Azərbaycan ilə siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına xüsusi önəm verir.
Belarusla Azərbaycan arasında tarixi dostluq əlaqələrindən söz açan Mixail Myasnikoviç deyib ki, ölkələrimiz dövlət müstəqilliklərini bərpa etdikdən sonra ikitərəfli münasibətlər strateji müttəfiqlik müstəvisinə qədəm qoyub.
Son illər hər iki ölkənin dövlət başçılarının ikitərəfli rəsmi səfərlərinin qarşılıqlı əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayan Belarus Respublika Şurasının sədri bildirib ki, hazırda Belarusda Azərbaycanın 58 şirkəti fəaliyyət göstərir. Azərbaycanda isə Belarusun 70-ə yaxın müxtəlif fəaliyyətli şirkəti mövcuddur. “Düşünürəm ki, hər iki ölkə investisiya qoyuluşunu artıra bilər. Parlamentlərimiz bu istiqamətdə fəaliyyətlərini gücləndirə, müxtəlif təkliflərlə çıxış edə bilərlər”, - deyə o qeyd edib.
Mixail Myasnikoviç deyib ki, son 10 ildə Belarus Gəncə avtomobil zavodunda traktor, yük avtomobili yığılması və kommunal texniki avadanlıqlar üçün Azərbaycana 400 milyon dollar məbləğində məhsul ixrac edib. Zavodda BELARUS markalı təxminən 10 min traktor və 4 minə yaxın yük avtomobili istehsal edilib. Sədr təklif edib ki, Azərbaycanın və Belarusun birgə istehsalı olan məhsullar İran, Türkiyə bazarlarına çıxarılsın. Azərbaycan və Belarus əməkdaşlığı strateji xarakter daşıyır.
Milli Məclisin Sədri Oqtay Əsədov deyib ki, Azərbaycan və Belarus arasında istər siyasi, istər iqtisadi sahədə əlaqələr inkişaf edir, heç bir fikir ayrılığı yoxdur.
“Azərbaycan və Belarus prezidentləri arasında səmimi dostluq münasibətləri var. Biz həmişə dost kimi bir-birimizi dəstəkləmişik. Beynəlxalq təşkilatlarda hər iki ölkənin sıx əməkdaşlığı mövcuddur. Düşünürəm ki, bu əməkdaşlıq daha da inkişaf və yeni formatda davam etdirilməlidir”, - deyə Oqtay Əsədov bildirib.
Milli Məclisin Sədri qeyd edib ki, regional parlament qurumları yaradılmalıdır və bu istiqamətdə Azərbaycan və Belarus parlamentləri birgə çalışa bilərlər.
Oqtay Əsədov vurğulayıb ki, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq da yüksək səviyyədədir. Bu sahədə əməkdaşlıq daha da inkişaf etdirilir.
Belarusun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayan Milli Məclisin Sədri bildirib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisə zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko dərhal bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

*     *     *

Səfər çərçivəsində Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Milli Məclisin Sədri Oqtay Əsədovla görüşü zamanı deyib ki, Azərbaycan və Belarus parlamentariləri beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT Parlament Assambleyası çərçivəsində sıx əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlarda müzakirə olunan bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Azərbaycan Belarus üçün etibarlı dost və tərəfdaşdır.
O bildirib ki, Belarus ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu ilə fəal əməkdaşlıq etmək niyyətindədir. Yayda ATƏT PA-nın Minskdə keçirilən 26-cı sessiyası zamanı Azərbaycan nümayəndə heyəti tərəfindən yaradılan bu qrup iqtisadi və siyasi cəhətdən vacib layihədir. Belarus nümayəndə heyəti ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək konfransında iştirak etmək niyyətindədir.
Ölkələrimiz arasında bütün sahələrdə səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayan Vladimir Andreyçenko bildirib ki, ticari-iqtisadi və investisiya sahələrində əlaqələr daha da inkişaf etdirilməlidir. Hər iki ölkənin parlamentariləri bu sahədə fəallıq göstərməlidirlər.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirib ki, dövlətlərimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir. Hər iki ölkənin qanunverici orqanlarındakı dostluq qrupları arasında əlaqələr genişləndirilməlidir.
Spiker vurğulayıb ki, Azərbaycan və Belarus arasında siyasi münasibətlər ən yüksək səviyyədədir, iqtisadi-ticarət əlaqələri günbəgün inkişaf edir. İqtisadiyyatın digər sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar var.
Sədr ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını bildirib.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, maşınqayırma, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət sahələrində əlaqələrin dərinləşməsi barədə fikir mübadiləsi aparılıb.

*     *     *

Belarusda səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti oktyabrın 11-də Minsk traktor zavodunun fəaliyyəti ilə tanış olub.
Zavodla tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti müəssisənin rəhbərliyi ilə görüşüb.
Görüşdə qeyd olunub ki, Minsk traktor zavodu bu il ərzində Azərbaycana əlavə olaraq 460 texnika göndərmək niyyətindədir. Diqqətə çatdırılıb ki, müəssisə Gəncə avtomobil zavodu ilə birgə yığdığı traktorların Türkiyə bazarına çıxarılmasını planlaşdırır.
Nümayəndə heyətinin Minskə səfəri davam edir.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi