AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

13/10/17

Oktyabrın 13-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası oldu. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyində Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş  2 məsələ var.
İclasda qanun layihələrini Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim etdi. Bildirildi ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda edilən dəyişikliklər yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin dəqiqləşdirilməsi, yaşıllıqların uçotu, kadastrı və monitorinqi sahəsində idarəetmənin təkmilləşdirilməsi, yaşıllıqların salınması və bərpası üçün əkin materialları və digər vasitələrlə təminat məsələlərinin həlli məqsədini daşıyır.
“Çayçılıq haqqında” qanunun 10-cu maddəsində aparılan dəyişiklik isə qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır. Layihəyə əsasən, bu sənəd “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya  haqqında” qanuna və  “Toxumçuluq  haqqında” qanunda  dəyişiklik edilməsinə dair 2017-ci il 14 aprel tarixli qanuna uyğunlaşdırılacaq.
Fikir mübadiləsində qanun layihələrinə münasibət bildirən komitənin sədr müavini Eldar Quliyev, ekspert Zahid Abbasov, deputatlar Elçin Quliyev, Cavanşir Paşazadə, Novruz Aslan  hər iki qanun layihəsini məqsədəuyğun saydılar.
Komitədə baxılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi