AZƏRBAYCAN-FRANSA ƏLAQƏLƏRİ DAHA DA İNKİŞAF EDİR

03/11/17

Noyabrın 3-də Milli Məclisin Sədri Oqtay Əsədov Fransa Respublikası Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun  üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Spiker Pyer Alen Rafanı Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzuladı. Sədr belə bir inamı ifadə etdi ki, bu təyinat ölkələrimiz arasında istər parlamentlər səviyyəsində,  istərsə də digər qurumlar arasında münasibətlərin daha da irəli aparılmasına yeni töhfələr verəcəkdir.
Bildirildi ki, Azərbaycan Fransa ilə əlaqələrin dərinləşməsinə böyük önəm verir. Bu ölkə müstəqil Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin möhkəmlənməsi üçün yaxşı zəmin yaratmışdır. Bugünədək ölkələrimiz arasında 52 sənəd imzalanmış, 5 sənəd üzərində iş aparılır. Bunlar  əlaqələrimizin etibarlı hüquqi bazasını təşkil edir.
Sədr bildirdi ki, əlaqələrimizin çox zəngin tarixi vardır. Hələ XVI-XVII əsrlərdə Fransa ilə siyasi və iqtisadi müstəvidə münasibətlərimiz formalaşmış, dostluq əlaqələri yaranmışdır.  XIX əsrin ortalarında böyük fransız yazıçısı Aleksandr Düma Azərbaycana səfər etdikdən sonra ölkəmiz və xalqımız haqqında səmimi duyğularını özünün “Qafqaz” əsərində qələmə almışdır. Bu münasibətlər Azərbaycan müstəqillik əldə etdikdən sonra keyfiyyətcə yeni səviyyədə davam etdirilməkdədir. Bu gün Azərbaycanda Fransız Liseyi, Fransız-Azərbaycan Universiteti müvəffəqiyyətlə fəaliyyət göstərir. Ümumiyyətlə, bu sahədə son dövrdə böyük uğurlar əldə edilməkdədir. Hər il fransalı müəllimlərin Şəki şəhərinə səfərləri və burada təhsil prosesində iştirakları deyilənlərin əyani sübutudur.
Spiker qeyd etdi ki, qanunvericilik orqanları arasında əlaqələrimiz də yüksək səviyyədədir. Vaxtilə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Milli Məclisin deputatı olmuş, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi Azərbaycan tərəfindən Fransa ilə əməkdaşlığın  dərinləşməsinə verilən dəyərin  bariz nümunəsidir.  Milli Məclisdəki bu qrup bu gün də təqdirəlayiq fəaliyyət göstərməkdədir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Pyer Alen Rafan  Azərbaycanla dostluq qrupunun rəhbəri vəzifəsində ilk səfərini ölkəmizə etdiyini  və bunun simvolik bir məna daşıdığını diqqətə çatdırdı. Bildirildi ki, onun təmsil etdiyi ölkə Azərbaycanla  siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığı genişləndirmək və münasibətlərimizin daha da dərinləşməsi məqsədi ilə yeni-yeni layihələri reallaşdırmaq niyyətindədir.
Qonaq Azərbaycan parlamentində olmağından məmnunluq duyduğunu söyləyərək, Milli Məclisin göz oxşayan binasını ölkənin inkişafı ilə əlaqələndirdi.  Bildirildi ki,  gələn il 100 illiyini qeyd edəcək Azərbaycan parlamentinin yubiley tədbirlərində fransalı deputatlar  məmnuniyyətlə iştirak edəcəklər.
Dağlıq Qarabağ münaqişəsindən söz açan qonaq bu məsələdə BMT-nin qəbul etdiyi qərarlara və problemin həllinə öz tərəfindən dəstək verəcəyini dilə gətirdi.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi