AZƏRBAYCANLA ÇİN XALQ RESPUBLİKASI ARASINDA ƏLAQƏLƏR İNKİŞAF EDİR

14/11/17

Noyabrın 14-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Ziyafət Əsgərov çinli qonaqları parlamentdə salamlamaqdan məmnunluğunu ifadə etdi. O, iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söylədi. Bildirildi ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyev ilk xarici səfərlərindən birini məhz Çinə etmişdir. Prezident İlham Əliyev bir neçə dəfə Çində səfərdə olub, 2008-ci ildə bu ölkədə keçirilən Olimpiya oyunlarında iştirak edib. Bu səfərlər ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlər də önəmli rol oynayır.
Birinci vitse-spiker Çin Kommunist Partiyasının bu ilin oktyabrında keçirilmiş XIX qurultayının əhəmiyyəti barədə danışdı, burada qəbul olunmuş qərarların Çin xalqının mənafeyinə xidmət edəcəyinə inamını bildirdi. Partiyanın və onun yeni seçilmiş rəhbərinin gələcək fəaliyyətində uğurlar arzuladı. O, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında sıx dostluq əlaqələrinin olduğunu söylədi.
Ziyafət Əsgərov  qeyd etdi ki, Azərbaycan və Çin arasında siyasi, iqtisadi, ticari, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün, xüsusilə iqtisadi sahədə əməkdaşlığın böyük perspektivləri mövcuddur. Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmiryolu xətti işə düşüb. Bu, Qədim İpək Yolunun bərpası deməkdir və Avropa ilə Asiyanı birləşdirən bir layihədir. Bu yol həm yük, həm də sərnişin daşımaları üçün nəzərdə tutulub.  Diqqətə çatdırıldı ki, Azərbaycan Cənubi Qafqazda ən inkişaf etmiş ölkədir. Bölgə iqtisadiyyatının 75 faizi məhz Azərbaycanda formalaşır. Ölkəmizdə müxtəlif neft və qaz layihələri həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan, TAP və TANAP layihələrinin əhəmiyyəti barədə söhbət açan vitse-spiker gələcəkdə Çinin də bu prosesdən faydalana biləcəyini söylədi.
Sonra Ziyafət Əsgərov qonaqlara 25 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdi. Bildirildi ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr təcavüzkar Ermənistan tərəfindən  yerinə yetirilmir. Vitse-spiker Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu xatırladaraq, bu qətnamələrin icra edilməsi üçün Azərbaycana dəstək verməsini xahiş etdi. Hər bir ölkənin ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olduğunu söylədi. O, Xocalı qətliamı  barədə söhbət açaraq,  dünyanın 15 ölkəsində bu faciənin soyqırım kimi tanınmasını diqqətə çatdırdı və Çin parlamentində də bu məsələnin müzakirə olunacağına ümid etdiyini dedi.
Söhbətdə 2025-ci ildə “EKSPO” Beynəlxalq Sərgisinin keçiriləcəyi barədə məlumat verildi. Qeyd edildi ki, tədbirin keçirilməsi üçün Azərbaycanın Bakı, Fransanın Paris, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq şəhərləri öz namizədliklərini irəli sürüblər. Ziyafət Əsgərov Çini bu məsələdə Azərbaycana dəstək olmağa çağırdı. O, bunun üçün  ölkəmizdə zəruri infrastrukturun, habelə beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübənin olduğunu dedi.
Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjun qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində parlamentlərin rolundan danışdı. Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafından məmnunluğunu bildirdi. 
Qonaq Çin Xalq Respublikası Kommunist Partiyasının XIX qurultayı barədə məlumat verdi. Qeyd edildi ki, qurultayda partiya rəhbərliyinin yeni tərkibi formalaşıb, ölkə üçün mühüm qərarlar qəbul edilib, yeni hədəflər müəyyənləşdirilib. Söhbətdə Li Çjun bu günlərdə qeyd edilən Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə təbriklərini çatdırdı.
Görüşdə Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Çinin ölkəmizdəki səfiri Vey Jingua və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi