AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ YÜKSƏK SƏVİYYƏDƏDİR

30/11/17

Noyabrın 30-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun  başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Spiker qonaqları səmimi salamlayaraq, bildirdi ki, ölkələrimizin xarici işlər nazirlərinin mütəmadi səfərləri və keçirilən görüşlər münasibətlərimizin strateji xarakter daşımasının əyani göstəricilərindən biridir. Bu cür səfərlər sürətlə dəyişən bölgə reallıqları ilə bağlı ortaq mövqelərin formalaşmasında müsbət rol oynayır.
Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Bir millət iki dövlət” ifadəsi bu gün real həyatda öz təsdiqini tapmışdır. Azərbaycan-Türkiyə münasibətləri digər dünya dövlətləri üçün nümunə ola biləcək bir səviyyədədir. Əlbəttə ki, bütün bunlar bizi sevindirir. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsində dövlət başçılarının görüşləri və apardıqları danışıqlar mühüm rol oynamışdır.
Spiker Azərbaycan  Prezidenti cənab İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşündə, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışında iştiraklarını xatırlayaraq, hər iki ölkənin qlobal əhəmiyyətə malik layihələrə imza atdığını söylədi. Bildirildi ki, istər neft-qaz, istərsə nəqliyyat sahəsindəki bu uğurlarımız qürurvericidir.
Sədr Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin  görüşünün və Bakıda keçirilən “Asiyanın ürəyi – İstanbul prosesi” 7-ci nazirlər toplantısının əhəmiyyətini yüksək dəyərləndirdi. Bildirildi ki, beynəlxalq təşkilatlarda tərəfləri düşündürən məsələlər barədə vahid mövqedən çıxış etmək günün tələbidir.
Söhbətdə Spiker vurğuladı ki, Azərbaycan və Türkiyə strateji müttəfiq kimi çox uğurlu əməkdaşlıq edir. Bizim əməkdaşlığımız və dostluğumuz dünyada baş verən proseslərdən və qarşıya çıxan təhdidlərdən asılı olmayaraq sarsılmazdır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin görüşü, “İstanbul prosesi” kimi tanınan toplantı barədə  fikirlərini bölüşdü.  Qeyd edildi ki, bu cür tədbirlər çərçivəsində aparılan fikir mübadiləsi ümumi məqsədlərin reallaşması üçün yaxşı zəmin yaradır.
 Qonaq qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın yüksək səviyyədə olması, qlobal layihələrin birgə həyata keçirilməsi, bölgənin tərəqqisi və təhlükəsizliyi baxımından çox önəmlidir.
Mövlud Çavuşoğlu parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsinin xalqlarımızın mənafeyi naminə qarşıya qoyulan məqsədlərə çatmaq üçün birgə fəaliyyətə xidmət etdiyini söylədi. O, deputatlarımızın beynəlxalq qurumlarda prinsipial məsələlər barədə eyni mövqedən çıxış etməsini zəruri hesab etdi.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında danışıqlar aparıldı.
Görüşdə Parlament aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin başçısı  Səməd Seyidov, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi