HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

07/12/17
Dekabrın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, iclasın gündəliyinə 4 məsələ daxildir.
Gündəlikdəki birinci məsələ - “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilməsi barədə məlumat verən Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Seyid Hacı Mirhəşim bildirdi ki, qanuna təklif edilən dəyişikliklər ölkəmizin xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin statusunu müəyyən edəcəkdir. Bu şəxslərin dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun dövlət qulluqçularına aid edilən digər təminatlarla bağlı müddəaları Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə də şamil ediləcək.
Çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirdi ki, ticarət nümayəndəliyi Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış yeni bir institutdur. Ticarət nümayəndələri Azərbaycanın xarici ölkələrdə ixrac, investisiya, ticarət əlaqələri və digər bu istiqamətli məsələlərlə bağlı elçiləridir. Hazırda Rusiyada, Çində, Birləşmiş Ərəb Əmirliklərində və Mərkəzi Avropanın 10 ölkəsini əhatə edən və Polşada yerləşən ticarət nümayəndələrimiz fəaliyyət göstərir. Artıq onların fəaliyyətlərinin bəhrələri görünməkdədir.
Məsələ barədə çıxış edən komitə üzvləri Rövşən Rzayev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Elşən Musayev, Vüsal Hüseynov ticarət nümayəndəliklərinin əhəmiyyətindən danışdılar, qeyd və təkliflərini verdilər.
Komitənin sədri Əli Hüseynli bildirdi ki, bundan başqa “Dövlət qulluğu haqqında” qanuna “Dövlət qulluqçusunun şəxsi işi” və “Dövlət qulluqçusunun xidməti vəsiqəsi” adlı maddələrin əlavə olunması təklif edilir. Bu maddələr dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydalarını daha da təkmilləşdirəcək.
Sonra Əli Hüseynli Seçki Məcəlləsinə təklif edilən dəyişiklikləri diqqətə çatdırdı. Bildirdi ki, bu dəyişikliklər 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının icrası ilə əlaqədardır.
Gündəlikdəki dördüncü məsələ isə  Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2008) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə bağlıdır. Bildirildi ki, Xüsusi Dövlət Mühafizə Xidməti dövlətçiliyimizdə xüsusi xidmətləri olan bir qurumdur və belə bir medalın təsis edilməsi təqdirə layiqdir.
İclasın sonunda gündəlikdəki dörd məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
Bununla da Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi