MİLLİ MƏCLİSİN SƏDRİ OQTAY ƏSƏDOV: “TÜRKPA ÖLKƏLƏRİMİZİ BİR-BİRİNƏ YAXINLAŞDIRAN SƏMƏRƏLİ PLATFORMADIR”

09/12/17

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TürkPA-nın növbəti sessiyasında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olmuşdur.
Dekabrın 8-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 7-ci plenar sessiyasında iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
Parlamentin Sədri Oqtay Əsədovun da iştirak etdiyi görüşdə Qırğızıstan Prezidenti TürkPA-nın qısa müddət ərzində mühüm dialoq məkanına çevrildiyini vurğulayıb. Qeyd edilib ki, Qırğızıstan türkdilli ölkələrlə əlaqələrin qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində daha da dərinləşdirilməsinə mühüm əhəmiyyət verir.
Qırğız dövlətinin başçısı daha sonra söyləyib ki, TürkPA-nın potensialı böyükdür və bu quruma maraq getdikcə artır. Özbəkistan və Macarıstanın da  sessiyada iştirakı buna əyani sübutdur. Ölkədə keçirilən seçkilərdən  bəhs edən Prezident Sooronbay Jeenbekov deyib ki, 2015-ci ildə Qırğızıstanda parlament, 2017-ci ildə isə prezident seçkiləri keçirilib. Hər iki seçki qanunauyğun, azad və ədalətli keçirilib.
Nümayəndə heyətlərinin rəhbərləri Sooronbay Jeenbekovu prezident seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Görüşdə qeyd edilib ki, TürkPA çərçivəsində ikitərəfli əlaqələr bundan sonra da dinamik inkişaf edəcək. Qarşıdan gələn 2018-ci il TürkPA-nın yubiley ilidir, qurumun 10 illik yubileyi məhz Qırğızıstanın sədrliyi ilə keçiriləcək.

*     *     *

Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov Qırğızıstan parlamenti - Joqorku Keneşin sədri Dastanbek Cumabəyovla görüşüb.
Söhbətdə Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu vurğulayan Joqorku Keneşin sədri deyib ki, türkdilli xalqlarımızı tariximizin və mədəniyyətimizin eyni kökdən qaynaqlanması daha da yaxınlaşdırır. O,  sonra söyləyib ki, dövlətlərarası əməkdaşlığın dərinləşdirilməsində qanunverici orqanlar səviyyəsində münasibətlərin inkişafı mühüm rol oynayır. Dastanbek Cumabəyov bildirib ki, konstruktiv dialoq və təcrübə mübadiləsi, ölkələrimiz arasındakı qarşılıqlı dəstək xalqlarımızın mənafeyinə xidmət edir.
Görüşdə Milli Məclisin Sədri Dastanbek Cumabəyova səmimi qəbula görə minnətdarlığını bildirib, parlamentin sədri seçilməsi və TürkPA-ya sədrliyi münasibətilə onu təbrik edib. Spiker deyib ki, Azərbaycan Qırğızıstanla ikitərəfli əlaqələrin daha da inkişafında və qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə dərinləşdirilməsində maraqlıdır.
Oqtay Əsədov Dastanbek Cumabəyovu onun üçün münasib olan vaxtda Azərbaycana səfərə dəvət edib.
Dəvət məmnunluqla qəbul olunub.

*     *     *

Dekabrın 8-də Bişkekdəki “Ala-Arça” hökumət iqamətgahında Türkdilli Ölkələrin Parlament Assambleyasının 7-ci plenar sessiyası öz işinə başlayıb.
Sessiyada Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, həmçinin Özbəkistan və Macarıstanın parlament nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirdilər.
Tədbirdə ölkəmizi Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti təmsil edirdi. Nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil  idilər. Burada keçirilən tədbirlərdə ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov iştirak edirdi.
Sessiyanı Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Dastanbek Cumabayev açaraq TürkPA-ya üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, qarşıda duran vəzifələr haqqında məlumat verib.
Milli Məclisin Sədri Oqtay Əsədov çıxışında bildirib ki, 9 il öncə yaradılan Türkdilli Ölkələrin Parlament Assambleyası ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın səmərəli platforması olduğunu nümayiş etdirib. TürkPA xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin həm ikitərəfli formatda, həm də çoxtərəfli müstəvidə dərinləşməsinə, qardaş ölkələrimizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib və verməkdə davam edir.
İclasda Milli Məclisin parlamentlərarası əməkdaşlığın bütün formalarından istifadəyə böyük əhəmiyyət verdiyini vurğulayan Oqtay Əsədov deyib: “Hesab edirəm ki, ölkələrimizin ali qanunvericilik orqanları Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində iş birliyini genişləndirməklə yanaşı, ikitərəfli parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə də xüsusi diqqət yetirməlidir. İkitərəfli əlaqələrimizin güclənməsi isə Parlament Assambleyamızın möhkəmlənməsində və fəaliyyətində mühüm rol oynaya bilər. Demək istəyirəm ki, bu iki proses yanaşı getməli və bir-birini üzvi şəkildə tamamlamalıdır”.
Daha sonra Oqtay Əsədov vurğulayıb ki, ölkələrimizin yerləşdiyi bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimal ilə Cənubu bir-birinə sıx bağlayır. Xəzər dənizinin neftini və qazını dünya bazarlarına çıxaran Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri uğurla fəaliyyət göstərir. Orta Asiyadakı türkdilli dövlətlərin karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vaxtilə Çinlə Avropanı bir-birinə bağlayan tarixi İpək Yolunu “Dəmir İpək Yolu”na çevirir. “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələri üzərində iş davam etdirilir. Regional əməkdaşlığın bariz  nümunələri olan bu layihələr bölgə xalqlarının bugünkü və gələcək rifahını təmin etmək potensialına malikdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin Sədri bildirib ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən səmərə verməyib. Beynəlxalq birlik işğalçı dövlətə öz yerini göstərməli və bu münaqişə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən, dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında öz ədalətli həllini tapmalıdır. Bu məsələdə tutduqları mövqeyə, Azərbaycanın haqq işini dəstəklədiklərinə görə dost və qardaş türkdilli ölkələrin rəhbərlərinə bir daha minnətdarlığımızı bildiririk.
Sonra nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Sessiyada gündəlikdə duran məsələlər müzakirə olunub, qurumun komissiyalarının hesabat məruzələri dinlənilib.
Tədbirdə TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçib. Təşkilatın növbəti iclası gələn ilin noyabrında Türkiyədə keçiriləcək.
Həmin gün – dekabrın 8-də parlament nümayəndə heyəti Vətənə qayıdıb.

Mehman QAYIBOV
Milli Məclisin Mətbuat
katibinin müavini

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi