OQTAY ƏSƏDOV: “RUSİYA İLƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİMİZ YÜKSƏK SƏVİYYƏDƏDİR”

11/12/17

Dekabrın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları səmimi salamlayan Spiker Azərbaycanın Rusiya Federasiyası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söylədi. Bildirildi ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə  yüksəltmişdir.
Sevindirici haldır ki, hər iki ölkə parlamentləri arasındakı  əlaqələrimiz də yüksək səviyyədədir. Bu gün münasibətlərimizin tarixində ilk dəfə olaraq Azərbaycan və Rusiyanın ali qanunvericilik orqanlarının müvafiq komitələrinin Bakıda ilk iclası keçirilir. Qonağın başçılıq etdiyi komitə ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə keçirilən iclasında müzakirə olunan məsələlər əlaqələrimizin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir. Heç də təsadüfi deyildir ki,  beynəlxalq təşkilatlarda da nümayəndə heyətlərimiz qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apararaq, vahid mövqe nümayiş etdirirlər.
Rusiya Federasiyası ilə iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrimiz də günbəgün inkişaf etməkdədir. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da dərinləşməsi üçün bütün imkanlar mövcuddur.
Səmimi qəbula görə minnətdarlığını bildirən Leonid Kalaşnikov  ölkəmizə səfərindən və Milli Məclisdə müvafiq komitələrin birgə iclasının yekunlarından məmnun qaldığını söylədi. Bildirildi ki, Rusiya Azərbaycanla əlaqələrin dərinləşməsində, o cümlədən parlamentlər səviyyəsində münasibətlərin davamlı inkişafında maraqlıdır. Bu, hər iki xalqın mənafelərinə uyğundur. Biz gələcəkdə Milli Məclislə əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik. Nümayəndə heyətlərimizin beynəlxalq təşkilatlarda mütəmadi görüşlərini və prinsipial məsələlər üzrə aparılan fikir mübadilələrini təqdirəlayiq hesab edirik.
Qəbulda tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olundu.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi