OQTAY ƏSƏDOV: “ÖLKƏMİZ AVROPA İTTİFAQI İLƏ ƏMƏKDAŞLIĞIN İNKİŞAFINDA MARAQLIDIR”

18/12/17

Dekabrın 18-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin deputatı Yan Zahradili qəbul etdi.
Spiker qonağı səmimi salamlayaraq, onu yenidən Milli Məclisdə görməyindən şad olduğunu söylədi, Yan Zahradilin təmsil etdiyi Alyansa növbəti dəfə rəhbər seçilməsi münasibəti ilə ona xoş arzularını çatdırdı. Ötən ilin fevral ayında qonağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə aparılan fikir mübadiləsinin əhəmiyyətini vurğuladı. Qeyd edildi ki, Yan Zahradilin başçılıq  etdiyi Alyansın Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə əlaqələri və nümayəndə heyətimizin üzvlərinin Alyansın təmsilçiləri ilə beynəlxalq təşkilatlarda mütəmadi görüşləri təqdirəlayiqdir.
Sədr istər AŞPA-da, istərsə də Avropa Parlamentində Alyansın üzvlərinin Azərbaycana yanaşmada obyektiv mövqe tutmasını yüksək dəyərləndirdi. Bildirildi ki, ölkəmiz Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında maraqlıdır. Spiker ümidvar olduğunu söylədi ki, bu səfər də münasibətlərimizi daha da dərinləşdirmək baxımından əhəmiyyətli olacaq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin deputatı Yan Zahradil ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını dedi. Qonaq rəhbərlik etdiyi Alyansın və Avropa Parlamentinin Cənubi Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini söylədi. Qeyd edildi ki, müxtəlif dönəmlərdə Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərdə müəyyən  anlaşılmazlıqlar olsa da, tezliklə bu məsələlər aradan qaldırılmış, əlaqələrimizdə yeni dönəm başlamışdır.
Qonaq rəhbərlik etdiyi Alyansın ölkəmizlə bağlı məsələlərə həssaslıqla yanaşdığını xüsusi vurğuladı. Bildirildi ki, bölgə həqiqətlərinin olduğu kimi Avropa ictimaiyyətinə çatdırılması çox önəmlidir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər barədə danışıldı.
Qəbulda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi