AZƏRBAYCAN-PARAQVAY ƏLAQƏLƏRİ GENİŞLƏNİR

15/03/18

Martın 15-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Paraqvay Respublikası Senatının sədri Fernando Luqonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Sədr qonağı salamlayaraq, bu cür görüşlərin parlamentlərarası əməkdaşlığımızın inkişaf perspektivlərinin araşdırılması baxımından əhəmiyyətini vurğuladı. Ölkə paytaxtında keçirilən VI Qlobal Bakı Forumunda  iştirak edən qonağa Forumun işində uğurlar arzuladı. Qeyd edildi ki, səfər Azərbaycanın mədəniyyəti, tarixi ilə daha yaxından tanış olmaq üçün yaxşı imkan yaradır.
Sevindirici haldır ki, son illər münasibətlərimizdə dinamizm müşahidə olunmaqdadır. Qonağın şəxsində Paraqvay dövlətinin  Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən suverenlik, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, Xocalı soyqırımı kimi məsələlərdə ölkəmizin mövqeyini dəstəkləməsini və bizimlə həmrəy olmasını yüksək dəyərləndirən Spiker ona bir daha təşəkkür etdi. Sədr dedi ki, bu məsələlərlə bağlı qətiyyətli mövqe sözü gedən problemin çözülməsinə böyük töhfə verə bilər.
Spiker iqtisadi sahədə əlaqələrimizin mövcud potensiala cavab vermədiyinə diqqət çəkərək, bu sahədə aktivliyin artırılmasını günün tələbi hesab etdi. Bildirildi ki, parlamentlər səviyyəsində münasibətlərin intensivləşdirilməsi hər iki tərəf üçün əhəmiyyətlidir. Biz Paraqvay Senatında və Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun yaradılmasını alqışlayırıq. Yaxın zamanda Milli Məclisdə  də müvafiq qrupun yaradılması nəzərdə tutulmuşdur.
Sədr beynəlxalq təşkilatlarda deputatlarımızın iştirakını, onları düşündürən məsələlər ətrafında bu qurumlar çərçivəsində fikir mübadiləsi aparılmasını təqdir etdi. Belə bir fikir vurğulandı ki,  parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri informasiya və təcrübə mübadiləsi baxımından çox önəmlidir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Paraqvay Respublikası Senatının sədri Fernando Luqo ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söylədi. Bildirildi ki, onun təmsil etdiyi ölkə Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir. Bu baxımdan parlamentlər səviyyəsində münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılması ümumi məqsədlərə xidmət edir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Paraqvayda səfiri Rəşad Aslanov, Paraqvay Parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Xuan Ramirez və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi