MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

27/04/18

Aprelin 27-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvü, Azərbaycan üzrə məruzəçi  xanım Norika Nikolaini qəbul etdi.
Spiker qonağı səmimi salamlayaraq dedi ki, Azərbaycan Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında  maraqlıdır. Bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.  Avropa İttifaqı ilə münasibətlərdə son dövrlərdə müsbət dinamika müşahidə olunmaqdadır.
Sədr xanım Norika Nikolai ilə ikinci dəfə görüşdüyünü xatırlayaraq, onun Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərin inkişafı istiqamətində  səylərini və bu qurumda mövcud olan Azərbaycanın Dostları Qrupunun üzvü kimi fəaliyyətini yüksək dəyərləndirdi. Bildirildi ki, Azərbaycan üzrə məruzənin hazırlanması artıq yekun mərhələsindədir.  Cari ilin mayında qurumun Xarici əlaqələr komitəsində  sənəd müzakirəyə çıxarılacaqdır. Ümid edirik ki,  sənəddə bölgə reallıqları öz obyektiv əksini tapacaqdır. Bununla yanaşı, bəzi siyasətçilər tərəfindən Milli Məclis və Avropa Parlamenti arasında son dövrlər əldə edilən nailiyyətlərə kölgə salmaq cəhdlərinə qarşıyıq. Belə hesab edirik ki, Avropa Parlamentində kifayət qədər rasional düşünən insanlar vardır.  Məhz bunun nəticəsidir ki, son bir ildə parlamentlər arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Söhbətdə Spiker vurğuladı ki, 1999-cu ildən qüvvədə olan Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi bugünkü dinamikaya uyğun deyildir. Buna görə də yeni sənədin hazırlanmasına ehtiyac vardır. 2017-ci ilin noyabrında Azərbaycan Prezidentinin Şərq Tərəfdaşlığı Sammitində iştirakı ölkəmiz tərəfindən bu quruma göstərilən diqqətin bariz nümunəsidir. Biz gələcəkdə də Avropa Parlamenti ilə münasibətlərimizi inkişaf etdirmək niyyətindəyik.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa Parlamentinin üzvü, Azərbaycan üzrə məruzəçi xanım Norika Nikolai  növbəti dəfə Milli Məclisdə olmağından məmnunluğunu ifadə etdi. Bildirildi ki, onun təmsil etdiyi qurum Milli Məclislə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Milli Məclisin fəaliyyətində əsaslandığı dəyərlər alqışa layiqdir. 
Qonaq son dövrdə münasibətlərin inkişafında əldə edilmiş uğurları, Azərbaycan nümayəndə heyətinin Avronest PA-da fəaliyyətini bərpa etməsini  yüksək qiymətləndirdi.  O, ölkəmizə səfərini və burada keçirdiyi görüşləri çox əhəmiyyətli hesab etdi.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi