PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ ÇİNDƏ

20/06/18

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə Çin Xalq Respublikasında rəsmi səfərdədir.
İyunun 20-də nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub. Nümayəndə heyəti əvvəlcə partiyanın muzeyi ilə tanış olub. Muzeylə tanışlıq zamanı bildirilib ki, burada partiyanın tarixinə, onun ölkənin siyasi həyatındakı roluna dair eksponatlar saxlanılır.
Milli Məclis Sədrinin partiyanın rəhbərliyi ilə görüşündə iki ölkənin tarixən formalaşmış əlaqələrindən, müasir dövrdə müxtəlif sahələrdə, o cümlədən iqtidar partiyaları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, dövlət başçıları İlham Əliyevin və Si Cinpinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrimiz qarşılıqlı faydalı şəkildə inkişaf edir.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Pekindəki İmperator Sarayı və muzeyi ilə də tanış olub.
Bildirilib ki, 1420-1912-ci illərdə Çin imperatorlarının iqamətgahı kimi fəaliyyət göstərmiş bu tarixi abidə dünyada ən böyük saray kompleksi hesab olunur. Ənənəvi Çin memarlığı üslubunda inşa olunan, 990-a yaxın tikilidən ibarət olan saray kompleksi UNESCO-nun Bəşəriyyətin Maddi İrs Siyahısına daxil edilib.
Azərbaycan parlamentinin nümayəndə heyəti İmperator sarayını gəzib, kompleksin müxtəlif hissələri ilə tanış olub.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi