AZƏRBAYCAN-RUSİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

25/06/18

İyunun 25-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Spiker qonaqları səmimi salamlayaraq, bu cür səfərlərin münasibətlərimizin daha da dərinləşməsində əhəmiyyətli rol oynadığını söylədi. Sədr Vyaçeslav Volodinlə MDB Parlament Assambleyasının və Avrasiya ölkələri Parlament Sədrlərinin toplantısında görüşlərini xatırladı. Bildirildi ki, Azərbaycanla Rusiya arasındakı əlaqələr strateji xarakter daşıyır. Dövlət başçılarının qarşılıqlı səfərləri və onlar arasındakı dostluq münasibətləri əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir.  Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin  möhkəm hüquqi bazası kimi gələcək əlaqələrimizə böyük ümidlərlə baxmağa imkan yaradır.
Bu gün Azərbaycanda 760-dək Rusiya müəssisəsi fəaliyyət göstərir. Ölkəmizə 4 milyard dollardan çox Rusiya tərəfindən investisiya qoyulmuşdur. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dolları həcmində investisiya yatırılmışdır. Ticarət dövriyyəsi hər il artmaqdadır. Rusiyanın subyektləri ilə ölkəmiz arasındakı münasibətlər  günü-gündən genişlənməkdədir. Bu gün Azərbaycanda Slavyan Universiteti, 300-dən çox rusdilli orta məktəb fəaliyyət göstərir.  Ölkənin 27 ali məktəbində rus dilində dərslər tədris olunur. Azərbaycanda M.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.Seçenov adına 1 nömrəli Moskva Dövlət Tibb Universitetinin filiallarında azərbaycanlı tələbələr oxuyur. Milli Məclisin deputatı Mixail Zabelinin başçılıq etdiyi “Sodrujestvo” cəmiyyəti öz ətrafında 120 mindən çox rus kökənli vətəndaşlarımızı birləşdirmişdir. Ölkədə  rus dilində onlarla qəzet və jurnal nəşr olunur.
Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi bu sahədə münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir.
Sədr Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışaraq, bu məsələnin sülh yolu ilə tezliklə aradan qaldırılmasının region üçün əhəmiyyətini vurğuladı. Bildirildi ki, Azərbaycanın problemin həllindəki  mövqeyi beynəlxalq ictimaiyyətə yaxşı məlumdur.  Münaqişə beynəlxalq hüquq normaları çərçivəsində öz ədalətli həllini tapmalıdır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söylədi.  Bildirildi ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər həyatın müxtəlif sahələrində daha da dərinləşməkdədir. Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin ildən ilə daha da artması, xalqlarımızın rifahı naminə yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi bu fikri bir daha təsdiqləyir.
Qonaq dövlət başçıları arasındakı səmimi münasibətlərin  əlaqələrimizin daha da dərinləşməsinə xidmət etdiyini  söylədi. O, deputatlarımızın qarşılıqlı səfərlərini onları maraqlandıran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli hesab etdi. Azərbaycanda fəaliyyət göstərən rusdilli təhsil ocaqlarının, qəzet və jurnalların nəşrindən  məmnun qaldığını dedi. Rus mədəniyyətinə bəslənilən bu münasibətə  görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə etdi.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, parlamentin komitə sədri Əli Hüseynli, deputatlardan Mixail Zabelin, Sevinc Hüseynova, ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi