Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin Zirvə toplantısı keçirilib

16/07/18

Xəbər verildiyi kimi, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin 3-cü Zirvə toplantısında və Polşa parlamentarizminin 550 illik yubileyinə həsr edilmiş xüsusi iclasda iştirak etmək üçün iyulun 11-14 tarixlərində Polşanın paytaxtı Varşavada səfərdə olub.
İyulun 12-də Valeh Ələsgərovun Polşa Respublikası Senatı Marşalının müavini Adam Biyelan ilə görüşü keçirilib. Görüşdə Milli Məclis Sədrinin müavini 2018-ci ilin həm Azərbaycan, həm də Polşa üçün tarixi yubileylərin keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb. Ölkələrimiz arasında siyasi əməkdaşlığın uğurla davam etdirildiyi qeyd edilib. Azərbaycanla Polşa arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanların mövcud olduğu bildirilib. Valeh Ələsgərov Azərbaycanın transregional əhəmiyyəti və həyata keçirdiyi irimiqyaslı layihələr haqda ətraflı məlumat verib. Söhbət zamanı  ölkə parlamentləri arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Sonra Milli Məclisin Sədr müavini Valeh Ələsgərov Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin 3-cü Zirvə toplantısında iştirak edib. “Parlament əməkdaşlığının gücləndirilməsi: Regionun inkişafı naminə imkan kimi” mövzusunda keçirilən paneldə çıxış edən Valeh Ələsgərov Zirvə toplantısının regionda parlamentlərarası çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə müsbət təsirini vurğulayıb. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolu haqda geniş məlumat verib. Valeh Ələsgərov Azərbaycanın Avropa və Asiya qitələrini birləşdirən əhəmiyyətli nəqliyyat layihələrinə imza atdığını və bu layihələrin əsasında etibarlı əməkdaşlığın dayandığını söyləyib. Sədr müavini Azərbaycanın toplantıya qatılan Ermənistandan başqa bütün iştirakçı ölkələrlə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib, işğalçı Ermənistanın isə regional əməkdaşlıqdan kənar qaldığını qeyd edib. Çıxışının sonunda Valeh Ələsgərov Azərbaycanın ərazi bütövlüyünün müzakirə predmeti olmadığını vurğulayıb və iclas iştirakçılarını Azərbaycanın tezliklə öz ərazi bütövlüyünü təmin edəcəyinə əmin edib.  
Səfər çərçivəsində Valeh Ələsgərov Polşa parlamentarizminin 550 illik yubileyi və ölkənin müstəqilliyinin bərpa edilməsinin 100 illiyinə həsr olunmuş Polşa Parlamentinin xüsusi iclasına qatılıb. Xüsusi iclasda Polşa Respublikasının Prezidenti Andjey Duda çıxış edib.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi