MİLLİ MƏCLİSDƏ QƏBUL

13/09/18

Sentyabrın 13-də Milli Məclisin Sədri Oqtay Əsədov NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Parlamentin Spikeri qonağı salamlayaraq, ölkəmizin dünyanın nüfuzlu qurumları ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini vurğuladı. Qeyd edildi ki, Azərbaycan NATO və onun Parlament Assambleyası ilə əlaqələrinin genişlənməsini önəmli hesab edir. Azərbaycan sülhməramlıları Əfqanıstanda təhlükəsizliyin təmin olunmasında fəal iştirak edirlər.
Dinamik inkişaf edən Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi mövcud neft və qaz kəmərləri, yaxın gələcəkdə reallaşacaq TANAP və TAP layihələri buna əyani misaldır. Ölkəmiz Avropa ilə Şərqi birləşdirən Bakı-Tbilisi-Qars kimi dəmiryolu xəttinin təşəbbüskarıdır. Qədim İpək Yolunu dəmir relslər üzərinə keçirən bu layihə qitələr arasında yükdaşımalarda əhəmiyyətli rol oynayacaqdır.
Bütün bunlarla yanaşı, regionda mövcud olan münaqişələr bölgənin iqtisadi yüksəlişinə böyük maneçilik törədir, Avropanın təhlükəsizlik arxitekturasını təhdid edir. Dağlıq Qarabağ problemi ilə əlaqədar AŞPA, ATƏT PA, BMT kimi qurumlarda ölkələrin ərazi bütövlüyü prinsipi ilə əlaqədar müxtəlif qərar və qətnamələr qəbul olunmuşdur. Biz NATO PA-da da belə bir sənədin qəbul olunmasını arzulayırıq. Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.
Milli Məclislə NATO PA arasında əməkdaşlığın inkişafından söz açan Sədr Bakıda NATO Parlament Assambleyasının İqtisadiyyat və təhlükəsizlik  komitəsinin Keçid və inkişaf üzrə alt komitəsinin növbəti iclasının keçirilməsini yüksək dəyərləndirdi. Bildirildi ki, belə tədbirlər ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən NATO Parlament Assambleyasının sədri Paolo Alli ölkəmizə səfərindən, burada gördüyü qonaqpərvərlikdən və keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi.  Bildirildi ki, NATO-nun Parlament Assambleyası təşkilatın parlament ölçüsü kimi quruma daxil olan ölkələrin deputatlarına siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından gözəl imkanlar yaradır. O, NATO-nun tədbirində çıxışı zamanı Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rol oynadığı fikrini söylədiyini xatırlatdı. Qeyd etdi ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar onun təmsil etdiyi Parlament Assambleyasında sənədin qəbul olunması ideyasını dəstəkləyir.
İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası diplomatiyanın mühüm rol oynadığını vurğulayan qonaq Bakıda İqtisadiyyat və təhlükəsizlik komitəsinin növbəti tədbirinin keçirilməsini alqışladı. Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə öz ürək sözlərini çatdırdı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərov, NATO PA-nın sədr müavini, Portuqaliya üzrə Azərbaycanla dostluq qrupunun rəhbəri Vitalino Canas və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi