PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ SANKT-PETERBURQDA SƏFƏRDƏ OLACAQ

16/04/19

Aprelin 17-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Adil Əliyev, Rasim Musabəyov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək MDB PA-nın  Şura iclasında təşkilatı məsələlərlə yanaşı, quruma üzv ölkələrdə seçkilərin keçirilməsinin müşahidəsinin təşkili, Moldova və Ermənistanda keçirilmiş seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı, 1941-1945-ci illər müharibəsində qələbənin 75 illiyinə hazırlıq, Antiterror fəaliyyətin hüquqi təminatı və digər məsələlər müzakirə olunacaq.
MDB PA-nın 49-cu plenar iclasının gündəliyinə İpoteka, Vəkil və vəkillik fəaliyyəti haqqında, Məhkəmə-ekspert fəaliyyəti, Vergi Məcəlləsi haqqında model qanun layihələrinin müzakirəsi və s. məsələlər daxil edilmişdir.
Burada beynəlxalq terrorizmə qarşı mübarizəyə dair konfransın keçirilməsi də nəzərdə tutulmuşdur.
Nümayəndə heyətimizin üzvləri MDB PA-nın daimi komitələrində plenar iclasda müzakirəyə çıxarılması nəzərdə tutulan məsələlər barədə öz fikirlərini bölüşəcək, qeyd və təkliflərini verəcəklər.
Milli Məclisin  Sədri Oqtay Əsədovun səfər çərçivəsində MDB PA-nın tədbirlərində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.
Səfər aprelin 19-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi