MDB PA-nın TƏDBİRLƏRİNDƏ

19/04/19

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir.
Aprelin 18-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının iclası keçirilib.
İclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun sədrliyi ilə keçən iclasda təşkilati məsələlərə baxılıb.
Milli Məclisin Sədri Oqtay Əsədov Valentina Matviyenkonun yenidən MDB PA Şurasının sədri seçilməsi təklifi ilə çıxış edib. Milli Məclisin sədri bildirib ki, 2011-ci ildən Şuraya inamla sədrlik edən Valentina Matviyenko dövlətlərarası və beynəlxalq əlaqələr sahəsində böyük təcrübəyə malikdir. Təklif yekdilliklə qəbul olunub.
Sonra iclas iştirakçıları MDB PA-nın aprelin 19-da keçiriləcək 49-cu plenar iclasının gündəliyini müzakirə edib, MDB ölkələrində son vaxtlar keçirilən seçkilərin monitorinqinin nəticələri, 2018-ci ildə təşkilatın fəaliyyətinin yekunları və digər məsələlər barədə məlumatları dinləyiblər.

*     *     *

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyası Şurasının  Sankt-Peterburqda keçirilən iclası çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə Azərbaycana aprelin əvvəllərində səfərini məmnuniyyətlə xatırlayıb.
V.Matviyenko səmimi qəbula və yüksək mükafata – Azərbaycanın “Dostluq” ordeninə layiq görüldüyünə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşünün yüksək səviyyədə keçdiyini qeyd edərək deyib: “Mehriban xanım çox maraqlı həmsöhbətdir. Biz onunla görüşümüz zamanı xeyli söhbət etdik. Biz hörmətli Mehriban xanımın Birinci vitse-prezident kimi Rusiyaya səfərində maraqlıyıq”.
Milli Məclisin sədri Oqtay Əsədov səmimi sözlərə görə təşəkkürünü bildirərək, xanım Valentina Matviyenkonun Azərbaycan-Rusiya münasibətlərinin inkişafında rolunu yüksək qiymətləndirib. Görüşdə ikitərəfli əməkdaşlıq, parlamentlər arasında qarşılıqlı fəaliyyətlə bağlı bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Oqtay Əsədov V.Matviyenkoya Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr edilmiş xüsusi medal və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Fəxri medalını təqdim edib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB Parlamentlərarası Assambleyası Şurası baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Əli Hüseynli, Adil Əliyev, Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Federasiya Şurasının üzvü Vladimir Cabarov, MDB PA Şurasının baş katibi Dmitri Kobitski iştirak ediblər.

*     *     *

Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva ilə görüşüb.
Qazaxıstan-Azərbaycan ənənəvi dostluq münasibətlərindən danışan Dariqa Nazarbayeva iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən Xəzər hövzəsində, nəqliyyat-logistika, turizm sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Senatın sədri Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev ilə Bakıya səfərini, Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini xatırlayıb. O vurğulayıb ki, Azərbaycan qazaxıstanlıların həvəslə səyahət etdikləri ölkədir. “Xalqlarımız özləri mehriban münasibətlər yaradıblar, bizə isə bu əlaqələri inkişaf etdirmək qalır”, - deyə D.Nazarbayeva bildirib.
Senatın sədri iki ölkənin parlamentləri arasında da möhkəm əlaqələrin mövcud olduğunu vurğulayaraq deyib: “Ümid edirik ki, Azərbaycan ilə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək”.
Milli Məclisin sədri Oqtay Əsədov Dariqa Nazarbayevanı Qazaxıstan Senatının sədri seçilməsi münasibətilə təbrik edib. O vurğulayıb ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra ikitərəfli münasibətlər dövlətlərarası əməkdaşlıq səviyyəsinə qalxıb. Azərbaycan və Qazaxıstan xalqlarının liderləri Heydər Əliyev və Nursultan Nazarbayev arasında olan dostluq münasibətləri əlaqələrimizin inkişafında mühüm rol oynayıb. Azərbaycan xalqı Nursultan Nazarbayevin beynəlxalq təşkilatlarda ölkəmizlə bağlı ədalətli mövqeyini hər zaman yüksək qiymətləndirir. Milli Məclisin sədri iki dost ölkənin parlamentlərinin də əlaqələrinin bundan sonra sürətlə inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.

*     *     *

Aprelin 18-də Sankt-Peterburqda “Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda konfrans işə başlayıb.
Sankt-Peterburqun Tavriya sarayında keçirilən tədbirlərdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iştirak edib.
MDB-yə üzv dövlətlərin qanunvericilik orqanlarının, MDB Parlamentlərarası Assambleyasının, ATƏT Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi konfransda beynəlxalq terrorçuluqla mübarizə sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edilib.
Konfransı açan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko terrorizmlə mübarizənin hamılıqla aparılmasının vacibliyini vurğulayaraq bildirib ki, heç kim təkcə özü üçün təhlükəsiz şərait qura bilməz. Bu işdə milli parlamentlər və parlamentlərarası təşkilatların əməkdaşlığının səmərə verə biləcəyini söyləyən Federasiya Şurasının sədri internet vasitəsilə ekstremizmlə mübarizə aparılması məsələsini önə çəkib. O deyib ki, Rusiyada 20 milyona yaxın müsəlman yaşayır və tarixən bu torpaqlarda heç zaman dinlərarası müharibə baş verməyib.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfransda çıxış edərək bildirib ki, həll olunmamış münaqişələr, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatizm beynəlxalq terrorizm üçün münbit zəmindir. O vurğulayıb ki, suveren dövlətlərin ərazilərində müxtəlif şüarlar altında yaradılan “boz ərazilər”də qanunazidd fəaliyyətlər aparılır, terrorçular hazırlanır, qanunsuz silah alveri həyata keçirilir. Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır və onlardan Azərbaycana qarşı istifadə olunur.
Əli Hüseynli qeyd edib ki, xarici təhdidlərə baxmayaraq, Azərbaycanda təhlükəsizlik təmin edilir. Respublikamız təhlükəsizlik və sabitlik göstəricisinə görə regionun lider ölkəsidir.
Komitə sədri vurğulayıb ki, Milli Məclis də terrorizmlə mübarizə sahəsinə öz töhfəsini verir. Azərbaycanda terrorizmə çağırış, dini radikallıq və ya fanatizmə, həmçinin ölkənin hüdudlarından kənarda hərbi silahlı birləşmələrdə iştiraka görə cinayət məsuliyyəti, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda isə terrorçuluq fəaliyyətinə görə vətəndaşlıqdan məhrumetmə nəzərdə tutulub. Əli Hüseynli regionda sabitliyin və təhlükəsizliyin qorunmasında Azərbaycan, Rusiya və Türkiyə əməkdaşlıq formatının əhəmiyyətini də diqqətə çatdırıb.
Nümayəndə heyətinin Sankt-Peterburqa səfəri davam edir.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi