OQTAY ƏSƏDOV: “AZƏRBAYCANLA XORVATİYA STRATEJİ TƏRƏFDAŞDIRLAR”

29/04/19

Aprelin 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə nazir xanım Mariya Peyçinoviç Buriçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Görüşdə Sədr bildirdi ki, Xorvatiya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindəndir. Gələn il diplomatik münasibətlərimizin 25 ili tamam olur. Bu illər ərzində əməkdaşlıq müstəvisində əldə etdiyimiz uğurlar sevindiricidir.
Azərbaycanla Xorvatiya dost ölkə, strateji tərəfdaşdırlar. Bu, siyasi, iqtisadi, humanitar sahələrdə özünü büruzə verməkdədir. Heç də təsadüfi deyildir ki, dövlət başçılarımız son 4 ildə 4 dəfə görüşmüşlər.   2013-cü ildə ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında “Zaqreb Bəyannaməsi” münasibətlərimizin necə yüksək səviyyədə olmasının göstəricisidir.
Biz Xorvatiya ilə iqtisadi sahədə də əlaqələrin genişlənməsinə böyük əhəmiyyət veririk. Bu gün enerji, turizm, gəmiqayırma, kənd təsərrüfatı kimi bir çox sahələrdə əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 250 milyon ABŞ dollarına yaxın olmuşdur. İnanırıq ki, gələcəkdə bu sahədə daha böyük göstəricilər əldə edəcəyik.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol Qafqazın bu bölgəsinə Avropa ölkələrinin diqqətini daha da artırmaqdadır. Biz Xorvatiyanın NATO-da və Avropa İttifaqında Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlarda prinsipial məsələlərin müzakirəsi zamanı fikir mübadiləsi aparır, mövqelərini dəqiqləşdirirlər.
Sevindirici haldır ki, bu gün hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Onların daim təmasda olması, qarşılıqlı səfərləri münasibətlərimizin dərinləşməsinə öz töhfəsini verir.
Qəbulda Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə nazir xanım Mariya Peyçinoviç Buriç ölkəsi haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirdi. Qeyd edildi ki, Xorvatiya Azərbaycanla dostluğa böyük önəm verir və Qafqazın bu bölgəsini özünə strateji tərəfdaş kimi qəbul edir. Qonaq bildirdi ki, Xorvatiya tərəfdən təyin olunacaq yeni səfir əlaqələrimizin daha da dərinləşməsinə öz töhfəsini verəcək. Siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşməsi Xorvatiya tərəfinin daim diqqət mərkəzindədir.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ölkəmizin Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi