AZƏRBAYCAN-BRAZİLİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

04/05/19

Mayın 4-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Braziliya Federativ Respublikası Deputatlar Palatasının sədri Rodriqo Maya ilə görüşdü.
Sədr qonağı yenidən yüksək vəzifəyə seçilməsi münasibəti ilə təbrik edərək gələcək fəaliyyətində uğurlar arzuladı. Spiker ümidvar olduğunu bildirdi ki, bundan sonra da iki ölkə arasında parlamentlərarası münasibətlərimiz daha da inkişaf edəcək, dərinləşəcək. Qeyd edildi ki, tutduğu vəzifədən asılı olmayaraq, Rodriqo Maya Azərbaycanla əlaqələrin inkişafına hər zaman xüsusi önəm vermişdir. O, ölkəmizə iki dəfə rəsmi səfər etmiş, ümumilikdə isə, 4 dəfə Azərbaycanda olmuşdur. Bundan öncəki səfəri zamanı münasibətlərimizin dərinləşməsində  göstərdiyi xidmətlərə görə qonaq “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunmuşdur.
Söhbətdə vurğulandı ki, ölkələrimiz arasında uzaq məsafənin olmasına baxmayaraq, əməkdaşlığımızın möhkəmləndirilməsi üçün tərəflər səylərini əsirgəmirlər. Bunun üçün ilk növbədə hüquqi bazanın möhkəmləndirilməsi zəruridir. Bugünədək ölkələrimiz arasında 7 sənəd imzalanmış,  11 sənəd üzərində iş davam etdirilir.
Ötən il Azərbaycanla Braziliya arasında ticarət dövriyyəsinin həcmi 171 milyon ABŞ dolları həcmində olmuşdur.  Əlbəttə ki, bu göstərici bizi qane edə bilməz. Birgə səylərimizi artıraraq, bu rəqəmi qat-qat yüksəldə bilərik. Bu baxımdan, qarşılıqlı biznes-forumların keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılması  məqsədəuyğundur.
Bu gün Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Artıq fəaliyyət göstərən iri transmilli neft və qaz kəmərləri bunun əyani sübutudur. Gələcəkdə Azərbaycan qazının böyük həcmdə Avropaya daşınması üçün yeni layihələrin həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir.
Görüşdə Sədr Braziliyada neft yataqlarının aşkarlanmasında Azərbaycan neftçisi Eyyub Tağıyevin xidmətlərini xatırlayaraq, ölkələrimiz arasında həmişə dostluq münasibətlərinin olduğunu diqqətə çatdırdı.
Qəbulda qeyd edildi ki, Braziliyanın yüngül, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm sahələrində böyük təcrübəsi vardır. Biz bu istiqamətlərdə qarşılıqlı əməkdaşlıq imkanlarının araşdırılmasını məqsədəuyğun hesab edirik.
Sədr mədəni-humanitar əlaqələrimizin dərinləşməsi istiqamətində atılmaqda olan addımları  təqdir etdi.
Spiker dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu yüksək qiymətləndirərək hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğuladı. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini, mötəbər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızı yüksək qiymətləndirdi.
Görüşdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Sədr Braziliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə, problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün tutduğu mövqeyə görə minnətdarlığını ifadə etdi.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Braziliya Federativ Respublikası Deputatlar Palatasının sədri Rodriqo Maya ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Bildirildi ki, parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsi digər sahələrə də öz müsbət təsirini göstərir. Braziliya energetika və kənd təsərrüfatı sahəsində ölkəmizlə daha sıx əməkdaşlıq etmək niyyətindədir. Bu məqsədlə gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunması, birgə layihələrin həyata keçirilməsi ümumi məqsədlərə xidmət edərdi.
Qonaq ölkəsinin Azərbaycana böyük maraq göstərdiyini və Qafqazın bu bölgəsi ilə gələcəkdə əlaqələri daha da dərinləşdirmək niyyətində olduğunu söylədi. Bildirildi ki, təkcə siyasi, iqtisadi deyil, mədəni-humanitar sahələrdə də əməkdaşlığımızın dərinləşməsi üçün geniş imkanlar vardır.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Asim Mollazadə, ölkəmizin Braziliyadakı səfiri Elxan Poluxov, Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro L. Da Kruz və digər rəsmi şəxslər iştirak edirdilər.

***

Görüş bitdikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov Braziliya Federativ Respublikası Deputatlar Palatasının sədri Rodriqo Mayanın ölkələrimiz arasında parlamentlərarası əlaqələrin və ikitərəfli əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Milli Məclisinin “Parlament Medalı” ilə təltif edildiyini bildirdi və medalı ona təqdim etdi.
Sonra Braziliya nümayəndə heyəti ilə birlikdə xatirə fotoları çəkildi.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi