OQTAY ƏSƏDOV: “AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ STRATEJİ XARAKTER DAŞIYIR”

11/06/19

İyunun 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi Sədrinin müavini Sürəyya Sədi Bilgicin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Sədr qonaqları salamlayaraq, bu səfərin parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini söylədi. Spiker Sürəyya Sədi Bilgici TBMM-nin Sədr müavini seçilməsi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzuladı. Bildirildi ki, hər iki dövlət başçıları arasındakı dostluq və qardaşlıq münasibətləri həyatın digər sahələrinə də öz müsbət təsirini göstərir.
Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır. Heç də təsadüfi deyildir ki, Türkiyənin yüksək vəzifəyə seçilmiş rəsmi nümayəndələri həmişə ilk səfərlərini Azərbaycana edirlər. Qarşılıqlı xarakter daşıyan bu səfərlər artıq ənənə xarakteri almışdır. Hər iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması ölkələrimiz arasında ticarət dövriyyəsinin artımında da özünü göstərir. 2017-ci ildə bu sahə üzrə  göstərici 2,7 milyard ABŞ dolları həcmində olmuşdursa, ötən il bu rəqəm 3,5 milyardı keçmişdir. 2018-ci ildə Türkiyədə TANAP kimi qlobal neft layihəsinin rəsmi açılış mərasimi keçirilmiş, həmin ilin oktyabrında isə STAR neft emalı zavodu işə başlamışdır. Artıq fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrası nəticəsində bütün türk dünyası yeni Dəmir İpək yolu ilə birləşəcəkdir. Azərbaycan gələcəkdə Türkiyəyə investisiya yatırımlarını artırmaq niyyətindədir.
İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin rolu çox əhəmiyyətlidir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Nümayəndə heyətlərimiz nüfuzlu beynəlxalq qurumlar çərçivəsində faydalı  əməkdaşlıq edirlər.
Görüşdə Sədr qeyd etdi ki, Yaxın Şərqdə söz sahibi olan Türkiyəyə göstərilən bütün təzyiqlərə baxmayaraq, biz bu qardaş ölkənin yeni çağırışlara layiqincə cavab verəcəyinə qəlbən inanırıq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisi Sədrinin müavini Sürəyya Sədi Bilgic ölkəmizə ilk dəfə səfər etdiyini və Bakıda keçiriləcək “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında” iştirak edəcəklərini dilə gətirdi. Qeyd edildi ki, konfransda müzakirə olunacaq məsələlər tərəflər üçün strateji əhəmiyyət kəsb edir. Regional təhlükəsizlik, qarşılıqlı dialoq, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi kimi mövzular bu gün kifayət qədər aktualdır.
Qonaq Azərbaycanla Türkiyənin reallaşdırdıqları neft və qaz kəmərləri layihəsinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin region üçün əhəmiyyətini vurğuladı. Bu layihələrin böyük siyasi və iqtisadi məna kəsb etdiyini söylədi.
Görüşdə Dağlıq Qarabağ problemindən söz açan qonaq problemin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, beynəlxalq hüquq müstəvisində ədalətli həlli üçün Türkiyənin hər cür dəstək göstərməyə hazır olduğunu bir daha qeyd etdi.
Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, qrupun üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi