İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

14/06/19

İyunun 14-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Ziyad Səmədzadə gündəlik barədə məlumat verib. Bildirib ki,  gündəliyə 3 məsələ daxildir.
Əvvəlcə “Lombardlar haqqında”  yeni qanun layihəsi birinci oxunuşda müzakirə edildi. Bildirildi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən təqdim olunub. Qanun barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquq departamentinin rəisi Əfqan Baxışov məlumat verdi. Qeyd edildi ki,  6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlanıb. Sənəd lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların  saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir. Çıxış edən komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, Rüfət Quliyev, Tahir Mirkişili, İlham Əliyev, Şəmsəddin Hacıyev, Aydın Hüseynov qanun layihəsi barədə fikirlərini açıqladılar, rəy və təkliflərini birdirdilər.
Sonra “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, dəyişikliklər nəticəsində BOKT-lərdəki inzibatçıların daha ixtisaslı kadrlarla əvəz olunması, zərurət yarandığı təqdirdə nəzarət orqanının çevik və effektiv təsir imkanlarından istifadə edilməsi, sistemin sağlamlaşdırılması, tələblərə cavab verməyən BOKT-lərin kənarlaşdırılması, istehlakçıların hüquqlarının qorunması və digər sahələrdə inkişaf üçün hüquqi əsas formalaşacaq.
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirdi ki, həmin məcəllənin 164-cü maddəsi kənd təsərrüfatı sahəsində bir sıra malların, məhsulların ƏDV-dən azad olunmasını nəzərdə tutur. Eləcə də, məcəllənin 164.1.34-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azad edilib.
Qanun layihəsinə əsasən ƏDV-dən azadolma qeyd olunan qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ilə yanaşı onların istehsalına da tətbiq ediləcək. Eyni zamanda təsdiq edilmiş siyahı üzrə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışı da ƏDV-nin tətbiqindən azad ediləcək. Qanun layihəsi ölkədə suvarma təyinatlı kənd təsərrüfatı texnikasının, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalının stimullaşdırılmasına, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri ilə təminatının yaxşılaşdırılmasına və mövcud texnikaların saz vəziyyətdə saxlanmasına, kənd təsərrüfatı texnikasının və onların ehtiyat hissələrinin qiymətlərinin optimallaşdırlmasına, son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi