YEKATERİNA ZAHARİYEVA: “BOLQARISTAN AZƏRBAYCANLA STRATEJİ TƏRƏFDAŞDIR”

24/06/19

İyunun 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Bolqarıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yekaterina Zahariyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Sədr qonağı səmimi salamlayaraq, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğuladı. Bildirildi ki, bu yaxınlarda Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı  Parlament Məclisinin sessiyasında təşkilata sədrlik Azərbaycandan Bolqarıstana keçmişdir. Bu tədbirlə əlaqədar Bolqarıstan Parlamentinin sədri ölkəmizdə səfərdə olmuşdur.
Dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdir. 2015-ci ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı “Strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmışdır. Ötən ilin oktyabrında imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə” özlüyündə  strateji dialoqun yaradılmasını ehtiva edir. Bu günədək ölkələrimiz arasında imzalanmış 68 sənəd münasibətlərimizin hüquqi bazasını təşkil edir.
Biz siyasi müstəvidəki bu uğurlarımızı iqtisadi sahədə də görmək niyyətindəyik. Bu istiqamətdə məqsədyönlü addımlar atılmaqdadır. Cənub Qaz dəhlizinin reallaşması istiqamətində atılan addımlar buna parlaq misaldır. Enerji daşımaları sahəsindəki uğurlarımız Avropanın enerji təhlükəsizliyinə də töhfə verməkdədir. Biz gələcəkdə Bolqarıstanla əlaqələrimizin dərinləşməsində maraqlıyıq.
Spiker parlamentlər səviyyəsində münasibətlərimizin təqdirəlayiq olduğunu söyləyərək, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğuladı. Bildirildi ki, nümayəndələrimiz müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər.
Söhbətdə Milli Məclisin Sədri 2008-ci ilin mayında Bolqarıstana etdiyi rəsmi səfəri məmnuniyyətlə xatırladı.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Bolqarıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yekaterina Zahariyeva Bolqarıstanla Azərbaycanın strateji müttəfiq olduqlarını vurğulayaraq, ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Qeyd edildi ki, ölkələrimiz arasında mövcud olan yüksək siyasi dialoq iqtisadi sahədə də canlanma yaratmaq üçün yaxşı zəmin yaradır.
Qonaq dövlətlərarası münasibətlərdə qarşılıqlı səfərlərin əhəmiyyətindən danışaraq Prezident İlham Əliyevin 2015-ci ildə Bolqarıstana səfərinin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirildi ki, son dövrdə iqtisadi sahədə artımlar müşahidə olunmaqdadır. Bu ilin mayın 22-də Bolqarıstanda Yunanıstan və Bolqarıstan Baş nazirlərinin iştirakı ilə qaz İnterkonnektorunun (İGB) təməlqoyma mərasimi baş tutmuşdur. Bu, Azərbaycan qazının Bolqarıstana və Avropa ölkələrinə nəql edilməsi üçün atılan mühüm addımlardan biridir. Biz Azərbaycanın bu sahədəki rolunu yüksək qiymətləndiririk. Belə hesab edirik ki, gələcəkdə nəqliyyat, kənd təsərrüfatı, İKT, turizm sahələrində də böyük uğurlara  imza ata bilərik.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi