DUŞKO MARKOVİÇ: “MONTENEQRO AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR”

24/06/19
İyunun 24-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Monteneqronun Baş naziri Duşko Markoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonağı salamlayan Oqtay Əsədov bu səfərin  ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Sədr Azərbaycanla Monteneqro arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu və ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırdı. 
Əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolunu xüsusi qeyd edən Oqtay Əsədov bildirdi ki, yüksək səviyyəli səfərlər və görüşlər zamanı aparılan danışıqlar, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradır.
Azərbaycan son illər Cənubi Qafqazda iri layihələr həyata keçirən ölkədir. Monteneqro da Cənub Qaz Dəhlizinin iştirakçılarından biri kimi bu sahədə Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ikinci ölkədir. Siyasi əlaqələrimiz yüksək səviyyədə olsa da, ticarət əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac var. İki ölkə arasında iqtisadi, mədəni və xüsusilə turizm sahəsi üzrə əlaqələrin genişləndirilməsi üzrə Azərbaycan-Monteneqro Mərkəzi “AzMont” yaradılmışdır. 
Sədr diqqətə çatdırdı ki, Monteneqro hökumətinin Azərbaycanda diplomatik nümayəndəlik açması sevindirici haldır və qarşılıqlı münasibətlərin inkişafına öz töhfələrini verəcəkdir.
Milli Məclisin Sədri beynəlxalq təşkilatlarda ölkəmizə verdiyi dəstəyə görə Monteneqro dövlətinə təşəkkürünü bildirdi.
Duşko Markoviç Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə etdi. O, iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. 
Qonaq Azərbaycan şirkətlərinin  Monteneqroya böyük investisiyalar yatırdığını və bunun turizmin inkişafına böyük dəstək verdiyini diqqətə çatdırdı. Qeyd edildi ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hər zaman onun yanındadır.
Söhbət zamanı parlamentlərarası əlaqələrin, iqtisadi, mədəni, turizm sahələrində münasibətlərin inkişafı barədə də fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Monteneqrodakı səfiri Eldar Həsənov, Monteneqronun Türkiyə və Azərbaycandakı səfiri Branko Miliç və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi