MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

15/07/19

İyulun 15-də Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə Parlament xarici əlaqələr komitələrinin üçtərəfli toplantısının iştirakçıları ilə görüşdü.
Spiker qonaqları salamlayaraq, toplantının uğurla keçməsi münasibəti ilə onları təbrik etdi və üçtərəfli formatdakı bu tədbirin  parlamentlərarası münasibətlərimizin daha  da inkişafına dəyərli töhfə verəcəyinə inamını bildirdi. Qeyd edildi ki, bu cür görüşlərin müntəzəm keçirilməsi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Milli Məclisdə keçirilən bu görüş sayca dördüncüdür. Bu formatda tədbirlərin keçirilməsi ənənəsi 2014-cü ilin aprelində məhz Bakıda yaranmışdır. Sonrakı görüşlər müvafiq olaraq Gürcüstanda və Türkiyədə keçirilmişdir.
Azərbaycan-Gürcüstan-Türkiyə arasında üçtərəfli əsasda əməkdaşlıq həm ölkələrimizin liderləri, həm də ayrı-ayrı struktur təşkilatlarımızın rəhbərləri arasında formalaşdırılmışdır. Bu cür çoxtərəfli əməkdaşlıq platformasının qurulması anlaşılan bir haldır, çünki Azərbaycan-Gürcüstan-Türkiyə arasında əməkdaşlıq regional sülhün və sabitliyin, hərtərəfli inkişafın əsas dəstəkləyici faktorlarından biridir. Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması və möhkəmləndirilməsində maraqlıdır.
Azərbaycanın ayrı-ayrılıqda həm Türkiyə, həm də Gürcüstan ilə yüksək səviyyəli, strateji xarakterli əlaqələri mövcuddur. Bu əlaqələr  günbəgün yüksələn xətt üzrə inkişaf edir.
Spiker belə bir fikri vurğuladı ki, qloballaşan dünyada  dövrün çağırışlarına cavab vermək baxımından hər üç ölkə parlamentindəki Xarici əlaqələr komitələri üzvlərinin, o cümlədən beynəlxalq təşkilatlarda təmsil olunan digər deputatların mütəmadi görüşləri çox önəmlidir.
Qəbul üçün minnətdarlıqlarını bildirən Türkiyə və Gürcüstan nümayəndələri Azərbaycan parlamentində yüksək səviyyədə təşkil olunmuş bu tədbirə verdiyi dəstəyə görə Spiker Oqtay Əsədova təşəkkür etdilər, Milli Məclisdə keçirilən görüşün nəticələrini yüksək dəyərləndirdilər. Bildirildi ki, belə tədbirlər regionda baş verən proseslərin  müzakirəsi, həyatın müxtəlif sahələrində əlaqələrin daha da dərinləşməsi və ümumi məqsədlər naminə onları düşündürən məsələlərin müzakirəsi üçün uğurlu bir  platformadır.
Qəbulda tərəfləri maraqlandıran məsələlər barədə danışıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Volkan Bozkır, Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi