OQTAY ƏSƏDOV: “ƏMİNİK Kİ, AZƏRBAYCAN-GÜRCÜSTAN ƏLAQƏLƏRİ İLDƏN-İLƏ DAHA DA İNKİŞAF EDƏCƏK VƏ GÜCLƏNƏCƏK”

09/10/19

Oktyabrın 9-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul etdi.
Spiker qonağın Baş Nazir qismində Azərbaycana ilk rəsmi səfərini yüksək dəyərləndirdi. Ümidvar olduğunu bildirdi ki, səfər çərçivəsində keçirilən görüşlər əlaqələrimizin və ənənəvi dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Bildirildi ki, hər iki xalq həmişə bir-birinin yanında olmuş, bir-birini dəstəkləmişdir. Heç də təsadüfi deyildir ki, dövlətlərimiz strateji tərəfdaş və müttəfiqdirlər. Dövlət başçılarının müxtəlif vaxtlarda həyata keçirdiyi qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar çoxtərəfli əməkdaşlığımızın daha da dərinləşməsinə öz təsirini göstərmişdir.
Bu gün Azərbaycanla Gürcüstan arasında 100-dən çox dövlətlərarası və hökumətlərarası sənədlər imzalanmışdır. İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 580 milyon ABŞ dolları həcmində olmuşdur. Cari ilin 9 ayında bu göstərici 440 milyon təşkil etmişdir. Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırımlar edən ən iri investorlardan biridir.
Bu gün hər iki ölkə Avropanın enerji və nəqliyyat təhlükəsizliyində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi meqalayihələr, Bakı-Tbilisi-Qars dəmiryolu xətti bunun əyani sübutudur.
Spiker qeyd etdi ki, parlamentlərimiz arasında yüksək səviyyəli səfərlər qanunverici orqanlarımızı bir-birinə daha da yaxınlaşdırır. Sevindirici haldır ki, hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız beynəlxalq parlament qurumları çərçivəsində bir sıra məsələlərdə ortaq mövqedən çıxış edirlər. Regional müstəvidə Azərbaycan-Gürcüstan-Türkiyə arasında üçtərəfli formatda əməkdaşlıq bölgədə sülhün və hərtərəfli inkişafın əsas dəstəkləyici faktorlarından biridir.
Spiker hər iki ölkənin müstəqillik illərində oxşar problemlərlə üzləşdiyinə diqqət çəkərək regiondakı münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinin vacibliyini vurğuladı.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ölkəsinin Baş Naziri qismində ilk səfərini məhz Azərbaycana etdiyini vurğuladı. O, qeyd etdi ki, heç bir qüvvə və heç kim Gürcüstan-Azərbaycan dostluğuna, qardaşlığına kölgə sala bilməz. Hər iki xalq tarixən bir-birinə yaxın olmuş, dostluq və əmin-amanlıq şəraitində yaşamışlar. Tarixin müəyyən dönəmində oxşar problemlərlə üzləşməyimiz regionda təhlükəsizliyin təmin olunmasının necə vacib olduğunu bir daha önə çıxarmışdır. Bölgədəki münaqişələrin mövcudluğu inkişafa böyük maneçilik törədir. Biz bu problemlərin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq.
Hər iki ölkənin birgə həyata keçirdiyi layihələr bölgə sərhədlərini aşaraq, qlobal məna kəsb etmişdir.
Gürcüstanın Baş Naziri parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsinin vacibliyinə toxunaraq beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakını və bir-birlərini dəstəkləməsini təqdir etdi.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Hikmət Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi