MİLLİ MƏCLİSDƏ NAXÇIVAN SAZİŞİNİN 10 İLLİK YUBİLEYİ QEYD OLUNDU

10/10/19

Oktyabrın 10-da Milli Məclisdə “Naxçıvan Sazişi - 10 il” mövzusunda beynəlxalq konfrans keçirildi.
Tədbiri açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki,  2009-cu il oktyabrın 3-də Azərbaycanın qədim şəhəri Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyuldu.  Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları Naxçıvan şəhərində  bununla bağlı Saziş imzaladı. Keçən 10 il sübut etdi ki, belə bir sazişin imzalanmasına doğrudan da böyük ehtiyac vardı. Bu 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirildi. Onlardan biri də 2008-ci ildən fəaliyyət göstərən Türkdilli Dövlətlərin Parlament Assambleyasıdır.
Ziyafət Əsgərov diqqətə çatdırdı ki, ötən dövrdə mədəniyyət, incəsənət, iqtisadiyyat, ticari əlaqələr və digər sahələrdə əməkdaşlığımız inkişaf etdi və hesab edirəm ki, bu işlər bundan sonra daha da uğurla davam edəcəkdir.
Bildirdi ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı  dünya  siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir.  Şərq və qərb  sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar  tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlamışdır. Türkdilli xalqların inteqrasiyası yolunda ümummilli liderimiz Heydər Əliyevin müdrik təşəbbüsü hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olundu ki, 2009-cu ildə yaradılmış  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas məqsədi  Türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir.  Ötən 10 ildə bu təşkilatın ciddi siyasi çəkiyə malik  təşkilat kimi formalaşmasına imkan yaranmışdır.  Təşkilatın səmərəli fəaliyyəti siyasi, iqtisadi, mədəni və digər sahələrdə  əlaqələrimizin inkişafına mühüm töhfələr vermişdir. 
Bu il oktyabrın 14-də və 15-də Bakıda  Türkdilli  Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci zirvə görüşü keçiriləcək və təşkilata sədrlik Azərbaycana ötürüləcəkdir. Cari ilin sentyabrın 4-də Naxçıvan Sazişinin Özbəkistan tərəfindən ratifikasiyasının tamamlanması  türkdilli dövlətlərin əlaqələrinin möhkəmlənməsi baxımından mühüm tarixi hadisə oldu.
Ziyafət Əsgərov bu mühüm tarixi hadisə münasibətilə qardaş Özbəkistan dövlətini və xalqını təbrik etdi.  Qeyd etdi ki, Özbəkistanın bu şuraya qoşulmasının Naxçıvan sazişinin 10 illiyinə təsadüf etməsi bizim üçün rəmzi məna daşıyır. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üçün digər əlamətdar hadisə Budapeştdə təşkilatın nümayəndəliyinin təsis edilməsi olmuşdur. Bir il öncə Macarıstan bu təşkilata müşahidəçi statusu ilə qoşulmuşdur. Nümayəndəliyin yaradılması bu təşkilatın Avropaya da genişlənməsi baxımından mühüm hadisədir. Türkdilli xalqlar arasında birliyin möhkəmləndirilməsi baxımından bu Şura ilə yanaşı, Türksoy Beynəlxalq Akademiyası və Türk mədəniyyəti və İrsi Fondu da yaxından iştirak edir.
Bu mühüm fəaliyyətdən parlamentlərimizin də kənarda qalmamasını  xüsusi vurğulayan Ziyafət Əsgərov bildirdi ki, bu işdə Türkdilli Ölkələrin Parlament Assambleyası da yaxından köməklik göstərir. Bu baxımdan TÜRKPA 11  illik fəaliyyəti dövründə bir sıra uğurlara imza atmışdır. Ziyafət Əsgərov Naxçıvan Sazişinin 10 illiyi münasibətilə təbriklərini çatdırdı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlar arzuladı. 
Sonra çıxış edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov bildirdi ki, Naxçıvan Sazişinin imzalanması türkdilli ölkələrin əməkdaşlığının inkişafında yeni mərhələ olmuşdur. Bu sazişin imzalanması türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə təkan vermişdir. Bu baxımdan TÜRKPA-nın yaradılması da mühüm addım olmuşdur. TÜRKPA parlamentlər arasında təcrübə mübadiləsi, milli qanunvericiliyin yaxından öyrənilməsi, seçkilərin müşahidəsi, müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfələrini verməkdədir.  Baş katib bildirdi ki, TÜRKPA-nın qarşıdakı sessiyasında bir sıra model qanun layihələrinin hazırlanması və bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Baş katib TÜRKPA-ya verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Milli Məclisin Sədri  Oqtay Əsədova təşəkkürünü bildirdi. Qeyd etdi ki, TÜRKPA türkdilli dövlətlərin münasibətlərinin müxtəlif sahələrdə inkişafı üçün qanunvericilik dəstəyi verməyə hazırdır. Baş katib Naxçıvan Sazişinin 10 illiyi münasibətilə təbriklərini çatdırdı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlar arzuladı.
Sonra  toplantı panellər  üzrə  davam etdirildi. 
“Naxçıvan  sazişi: Türk birliyinin  inkişafının yeni  mərhələsi” mövzusunda  keçirilən  paneldə ilk olaraq Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış etdi. Komitə  sədri bildirdi ki, 3 oktyabr  2009-cu ildə imzalanan Sazişin  əsas məqsədi türk dilli  dövlətlərin bir  araya  gəlməsi,  bütövlükdə  türk dünyası  dövlətləri arasında   inteqrasiyanın  sürətlənməsi idi. Qeyd edildi ki, türk dövlətləri  arasındakı münasibətlərin  əsası ulu öndər  Heydər  Əliyev  tərəfindən  qoyulub. Onun iştirakı ilə 4 böyük türk  dövləti  arasında Türkdilli  dövlətlərin Parlament Assambleyası yaradıldı. Çox  sevindiricidir ki, artıq  qardaş  Özbəkistan da quruma  üzv  olmağa  hazırlaşır. Komitə  sədri TürkPA-nın  tərkibində fəaliyyət  göstərən komitələrin işindən,  həyata  keçirilən layihələrdən danışdı.
Milli Məclisin  Elm və təhsil komitəsinin  sədri İsa  Həbibbəyli  böyük bir  coğrafiyanı  bölüşən  türk  xalqlarının ortaq  dəyərlərindən,  dil və din birliyindən,  onların həyat tərzləri,  yaşam və məişət  fəlsəfələrindən geniş söhbət açdı. “Naxçıvan sazişi”nin imzalanmasından keçən 10 il  ərzində  görülən işlərin, qarşılıqlı  səfərlərin əhəmiyyəti, türk  dövlətləri  arasında  inteqrasiyanı  dərinləşdirmək  üçün  səmərəli platformaların  rolu barədə  fikirlərini söylədi.  Ulu öndər  Heydər  Əliyevin Azərbaycanda  yenidən  hakimiyyətə  qayıtdığı zamandan  keçmiş İttifaqın süqutu ilə  ayrı-ayrı  türk  dövlətləri  arasında  münasibətləri əngəlləyən  manelərin aradan qaldırılması sahəsində xidmətlərindən, onun türkdilli xalqların  dövlət başçılarının zirvə görüşlərində iştirakından söz  acdı. İsa Həbibbəyli Beynəlxalq Türk dili  Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə fikirlərini də diqqətə çatdırdı.  Akademiyanın  Monqolustanda, Sibirdə, Qafqazda türk izləri  barədə araşdırma layihələrinin uğurlu nəticələrini vurğuladı. 
Sonra Milli Məclisin deputatları Nizami Cəfərov, Hikmət  Məmmədov, Türk Mədəniyyəti və İrsi Fondunun  prezidenti  Günay Əfəndiyeva,  Beynəlxalq  Münasibətlərin  Təhlili  Mərkəzinin  İdarə  Heyətinin sədri Fərid Şəfiyev, Türkdilli  Dövlətlərin  Əməkdaşlıq Şurasının  layihə  rəhbəri Yıldız  Uzakova çıxış edərək türk  xalqları  arasında əməkdaşlığın milli əsaslarından,  qardaş  dövlətlər  arasında  iqtisadi,  siyası, mədəni əməkdaşlığın genişləndirilməsi çərçivəsində görülən işlərdən  söz  açdılar.
Tədbirdə  o da  vurğulandı ki,  Heydər  Əliyevin “Bir millət - iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı  digər  türkdilli  dövlətlər  üçün  yaxşı  nümunədir. Çıxış edənlər  Azərbaycan Prezidenti  İlham Əliyevin Soçidə keçirilən “Valday” klubunun toplantısında  “Qarabağ Azərbaycandır və nida!”  fikrinə diqqət çəkərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi  bütövlüyü çərçivəsində həllində  türkdilli  dövlətlərin cəhdlərini  birləşdirməli olduğunu ifadə etdilər.
Daha  sonra tədbir “Türkdilli dövlətlər arasında institusional əməkdaşlığın inkişaf etdirilməsində parlament ölçüsünün rolu: yeni çağırışlar və vəzifələr” mövzusunda müzakirələrlə davam etdirildi. 
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov öz çıxışında bildirdi ki, türkdilli ölkələr arasında əməkdaşlığın vacib istiqamətlərindən biri qanunvericilik sahəsində inteqrasiyadır. Bizim gələcək vəzifələrimizdən birini türkdilli dövlətlərin oxşar hüquqi məkanının formalaşması təşkil edir. Hal-hazırda bu sahədə TÜRKPA çərçivəsində çox mühüm inkişaf müşahidə olunur. Bunun bariz nümunəsi olaraq Türkdilli dövlətlərin terrorçuluğa münasibətdə ortaq mövqeyinin müəyyən edilməsini göstərmək olar. Qeyd edildi ki, bir müddət əvvəl müvafiq sənədlər hazırlanıb qurumun aidiyyəti komissiyasına təqdim edilib. Bu sənəddə terrorçuluqla mübarizədə beynəlxalq konvensiyalarda müəyyən olunmuş prinsiplər öz əksini tapıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, eyni cinayətə münasibətdə  türkdilli dövlətlərin ümumi yanaşması tətbiq olunacaq.
Digər istiqamət TÜRKPA çərçivəsində model qanunvericilik aktlarının  hazırlanmasıdır. Buna uyğun olaraq quruma üzv dövlətlərdə qəbul edilən qanunların bir-birinə uyğunlaşdırılması prosesi həyata keçiriləcək. Növbəti addım beynəlxalq cinayətlərin qarşısının alınması və həmin cinayətlərin  cəzalandırlması ilə bağlı qanun layihəsi olacaq. Heç bir dövlət bundan sığortalanmayıb. Azərbaycan da bunun bariz nümunəsidir. Xocalı soyqırımı, digər çoxsaylı hərbi cinayətlərin qarşısının alınmasında türkdilli dövlətlərin ümumi mövqedən çıxış etməsi mühüm əhəmiyyət daşıyır. Hazırda insanlıq əleyhinə cinayətlərlə bağlı konvensiyanın hazırlanması prosesi gedir.
Sonra Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev, İqtisadi qanunvericilik şöbəsinin Təbii Ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə qanunvericilik sektorunun müdiri Vasif Əmiraslanov mövzu ilə bağlı çıxış etdilər. Məruzəçilər sosial və iqtisadi sahələrdə hazırlanan model qanun layihələrindən danışdılar. “Turizm haqqında”, “Elektron ticarət haqında”, “Enerji resurslarından səmərəli istifadə haqqında” sənədlər barədə məlumat verdilər.
İclasa yekun vuran Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov müzakirələrin səmərəli keçdiyini, konfransın quruma üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini söylədi.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi