MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

10/10/19

Oktyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov ilə görüşdülər.
Qonağı salamlayan Səməd Seyidov bildirdi ki,  Azərbaycan Rusiya Federasiyası ilə əlaqələrin inkişafına böyük önəm verir. O, ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətdə atılan addımlardan danışdı. Qeyd edildi ki, qanunvericilik orqanları arasında da çox sıx əlaqələr mövcuddur. Parlament komitələri qarşılıqlı faydalı əməkdaşlığın inkişafına öz töhfəsini verirlər. Eyni zamanda deputatlarımız beynəlxalq təşkilatlarda da birgə səmərəli fəaliyyət göstərirlər.
 Komitə sədri Prezident İlham Əliyevin bu günlərdə Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının diqqətlə izlənildiyini və bu çıxışın böyük təəssüratlar doğurduğunu diqqətə çatdırdı.
Görüşdə Əli Hüseynli Azərbaycan Milli Məclisi ilə Rusiya Dövlət Duması arasında əməkdaşlıqdan danışdı. Qeyd edildi ki, qarşılıqlı səfərlər təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən qonaq Azərbaycanda fəaliyyət göstərən Rus Kitab Evinin 10 illiyinin qeyd olunduğunu bildirdi və bu Kitab Evinin fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə etdi. O, həmçinin Rusiyanın Avropa Şurasının Parlament Assambleyasında üzvlüyünün bərpasında Azərbaycan nümayəndə heyətinin göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.
Görüşdə Azərbaycan və Rusiya arasında elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi