PARLAMENTİN SƏDRİ YAPONİYA İMPERATORUNUN RƏSMİ TAXTAÇIXMA MƏRASİMİNDƏ İŞTİRAK EDİB

23/10/19

Yaponiya İmperatoru Naruhito ölkə Konstitusiyasına və İmperator evinin qanunlarına uyğun olaraq oktyabrın 22-də rəsmi şəkildə taxta çıxdığını elan edib. Monarx bu barədə Tokionun mərkəzində yerləşən İmperator sarayında keçirilən rəsmi taxtaçıxma mərasimi zamanı bəyan edib.
“Mən Konstitusiyaya və İmperator evinin qanunlarına uyğun olaraq taxta çıxdım. Taxtaçıxma mərasimini təşkil etməklə, biz bu barədə bütün ölkəyə və dünyaya bəyan edirik”, - deyə monarx bildirib.
Mərasimdə ölkəmizi Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Xanlar Fətiyev və digər rəsmi şəxslər var.
İmperator Naruhitonun taxtaçıxması ilə əlaqədar ən böyük rəsmi mərasim İmperator sarayının fəxri Matsu-no ma (Şam ağacı) zalında keçirilib. Tədbirdə çıxış edən Baş Nazir Şinzo Abe onu yapon xalqı adından təbrik edərək uzun illər hakimiyyətdə olmasını arzulayıb.
Mərasimdə iştirak etmək üçün Yaponiyaya 174 ölkədən 400-dən çox rəsmi nümayəndə gəlib. Onların arasında 70-dən çox monarx və dövlət başçısı var. Bununla yanaşı, İmperatoru təbrik etmək üçün Yaponiya ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən 1600 qonaq da saraya toplaşıb.
Milli Məclisin Sədri Oqtay Əsədov, həmçinin həmin gün axşam İmperator və İmperatriçə tərəfindən verilən təntənəli ziyafətdə də iştirak edib.

 

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi