MİLLİ MƏCLİSİN İCLASINDA BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI

14/11/19
Noyabrın 14-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirildi.  
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində iqtisadi inkişaf Vergi Məcəlləsinə dəyişiklikləri zəruri edir.
Vergi Məcəlləsinə bu dəfə təklif edilən dəyişikliklər miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir. Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur. Dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır. Burada, həmçinin şəffaf fiskal, rəqabət mühitinin təmin edilməsi, əmtəəsiz əməliyyatların, vergidən yayınmaların qarşısının alınması və digər məsələlərlə bağlı kompleks tədbirlər nəzərdə tutulur.
Z.Səmədzadə vurğuladı ki, hələ də əmtəəsiz əməliyyatlar həyata keçirilir ki, bu da iqtisadiyyatda şəffaflığın təmin edilməsinə maneə törədir. Dəyişikliklər bütün bu halların aradan qaldırılmasını nəzərdə tutur.
Komitə sədrinin sözlərinə görə, dəyişikliklər hazırlanarkən dünya ölkələrinin qabaqcıl təcrübələrindən istifadə olunub. Bu dəyişikliklər, eyni zamanda vergi sisteminin təkmilləşdirilməsinə, vergi yükünün azaldılmasına, sahibkarların uzun illərdir qaldırdıqları məsələlərin həll edilməsinə öz müsbət təsirini göstərəcək.
Müzakirələr zamanı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Vahid Əhmədov, Əflatun Amaşov, Bəxtiyar Əliyev, Naqif Həmzəyev, Aydın Hüseynov, Qənirə Paşayeva, Novruzəli Aslanov, Rəşad Mahmudov, Kamran Nəbizadə, Rauf Əliyev və Rafael Hüseynov ölkəmizin davamlı inkişafı üçün bu dəyişikliklərin vacibliyini qeyd etdilər, təkliflərini verdilər.
Sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdi. Nazir diqqətə çatdırdı ki, vergi islahatlarının həyata keçirilməsində xüsusi diqqət yetirilən məqamlardan biri iqtisadi fəallığın təşviq edilməsidir.
Nazir qeyd etdi ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayında artım 44 608 təşkil edib. Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən, Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin sayında 32, 9 faiz artım olub ki, bu da say etibarilə 5941 ƏDV ödəyicisi edir. Obyektlərin sayına gəldikdə isə 7,3 faiz artım qeydə alınıb. 
Mikayıl Cabbarov bildirdi ki, ölkədə pul kütləsi də artıb. Ancaq nağdlaşdırılan vəsaitin həcmi 4,2% azalıb. 
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edildi.
Milli Məclisin 2020-ci il üçün xərclər smetası barədə məlumat verən Milli Məclisin işlər müdiri Firudin Hacıyev bildirdi ki, 2020-ci ildə Milli Məclisin və onun  Aparatının saxlanması üçün 45 milyon 488 min 15 manat vəsait nəzərdə tutulmuşdur. Xərclər smetasının 79,7 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə bağlı ayırmalar təşkil edir. İşlər müdiri ölkəmizə rəsmi səfərlərin artması, deputatların xarici səfərləri, bir sıra avadanlıqların yenilənməsi və yenidənqurma işlərinin aparılması üçün vəsait çatışmazlığını nəzərə alaraq Milli Məclisə ayrılan vəsaitin artırılmasını xahiş etdi. 
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2020-ci il üçün xərclər smetası barədə məlumat verdi. 
Bildirdi ki, gələn il Palatanın saxlanması üçün 9 milyon 61 min 223 manat vəsait nəzərdə tutulub. Bu vəsaitin 1,5 faizi əsaslı xərclər, 98,4 faizi cari xərclər üçün nəzərdə tutulub. Cari xərclərdən əməyin ödənilməsi ilə bağlı 90,4 faiz, malların alınması ilə bağlı 6,93 faiz, sosial ödənişlərə isə 1,42 faiz vəsait nəzərdə tutulub.   
Təqdim edilən xərclər smetası Hesablama Palatasının 2020-ci il üçün maliyyə təminatını tam olaraq ödəyəcək.
İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Milli Məclis üç gün ərzində çox məhsuldar işlədi. 2020-ci ilin büdcəsi və büdcə zərfinə daxil olan sənədlərin ikinci oxunuşda müzakirəsi noyabrın 26-da keçiriləcəkdir.
Bununla da Milli Məclisin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi