OQTAY ƏSƏDOV: “Ölkəmiz ABŞ-ın ştatları ilə münasibətlərin inkişafına böyük maraq göstərir”

15/11/19

Noyabrın 15-də Milli Məclisin Sədri Oqtay Əsədov ABŞ-ın Montana Ştatı Senatının Sədri Raymond Skot Seylsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Spiker qonaqları salamlayaraq, onların Dünya dini liderlərinin II Bakı Sammitində iştirakını yüksək dəyərləndirdi. Qeyd edildi ki, dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilmiş Azərbaycan tolerant bir ölkə kimi tanınır.
Sədr ümidvar olduğunu bildirdi ki, səfər müddətində qonaqların ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, multikulturalizm mühiti, uğurlu neft strategiyası, regionda həyata keçirilən böyük strateji layihələr, ölkəmizin üzləşdiyi çətinliklər və qonşu Ermənistanın silahlı qüvvələri tərəfdən torpaqlarımızın 20 faizinin işğal edilməsi barədə əldə edəcəkləri məlumatlar Azərbaycan barədə biliklərının daha da zənginləşməsinə töhfə verəcək.
Qeyd edildi ki, ölkəmiz təkcə Federal səviyyədə deyil, ABŞ-ın ştatları ilə də münasibətlərin inkişafına böyük maraq göstərir. Biz əməkdaşlığımızın bu formatını gələcəkdə də dərinləşdirmək niyyətindəyik. Hesab edirik ki, bu səfəriniz təmsil etdiyiniz ştatlarla Azərbaycan arasında əlaqələrin genişlənməsinə təkən verəcək.
Görüşdə Sədr dedi ki, Azərbaycan-ABŞ münasibətlərinin dərin tarixi kökləri var. Bu münasibətlər hələ XX əsrin əvvəllərindən inkişaf etməkdədir. Bu gün Azərbaycanla ABŞ arasında münasibətlər öz dinamikliyi ilə fərqlənir. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Diplomatik münasibətlərimizin 28 illik tarixi vardır. O zamandan bəri ölkəmiz arasında əlaqələr daim inkişaf edir və genişlənir. Bunu qarşılıqlı olaraq həyata keçirilən səfərlərin sayına nəzər saldıqda da görmək olar. Ümumiyyətlə, son illər ABŞ-dan ölkəmizə müxtəlif səviyyələrdə səfərlərin həyata keçirilməsi ənənəvi hal almışdır.
Ölkələrimiz arasında mövcud olan fəal siyasi dialoq iqtisadi sahəyə də öz təsirini göstərir. Bu günədək ABŞ şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 14 milyard ABŞ dolları həcmində sərmayə yatırılmışdır. Ölkəmiz qlobal neft və qaz layihələrinin reallaşmasında həmişə ABŞ-ın dəstəyini hiss etmişdir. Biz ABŞ-la mədəni-humanitar əlaqələrimizi də inkişaf etdirməkdə maraqlıyıq. Söhbətdə parlament diplomatiyasının önəmini vurğulayan Sədr  Milli Məclisdə və ABŞ Konqresində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir etdi. Hər iki ölkənin qanunverici orqanları arasında uğurlu əməkdaşlıqdan, qarşılıqlı səfərlərin əhəmiyyətindən söz açdı. Bildirildi ki, biz ABŞ ştatlarının qanunverici orqanları ilə əlaqələrimizin dərinləşməsini vacib hesab edirik. Dağlıq Qarabağ münaqişəsindən söz açan Spiker Azərbaycanın problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu vurğuladı. Qeyd edildi ki, ATƏT-nin Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ problemin çözülməsinə öz tövhəsini verə bilər. Spiker ABŞ-ın  20-dən çox Ştatının Xocalı soyqırımına münasibət bildirdiyini qeyd edərək, digər ştatlar tərəfdən də müvafiq addımların atılacağına inamını ifadə etdi.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Raymond Skot Seyls     Dünya dini liderlərinin növbəti Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olduqlarını söylədi. Qonaq səfər çərçivəsində keçirdikləri görüşlərdən və xalqımızın qonaqpərvərliyindən məmnun qaldıqlarını dedi. Qeyd edildi ki, səfərdə iştirak edən nümayəndə heyətinin tərkibində ABŞ-ın 4 Ştatının nümayəndəsi təmsil olunmuşdur. Səfər Azərbaycanın mədəniyyəti, tarixi, keçdiyi inkişaf yolu, qarşılaşdığı problemlərlə yaxından tanış olmaq üçün yaxşı imkanlar yaradır.
Montana Ştatı Senatının Sədri Milli Məclislə təmsil etdiyi ölkənin Ştatlarının qanunverici orqanları arasında əməkdaşlığın genişləndirməsini önəmli hesab etdi. Bildirildi ki, təkcə Federal deyil Ştatlar səviyyəsində də Cənubi Qafqazın bu bölgəsi ilə həyatın müxtəlif sahələrində  əməkdaşlığın inkişafına böyük maraq vardır.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi