MİLLİ MƏCLİSİN İCLASINDA

29/11/19
Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasa sədrlik edən Spiker Oqtay Əsədov bildirdi ki, gündəlikdə 22 məsələ var. Bunlardan ilk 11 məsələ 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin üçüncü oxunuşudur.
Gündəlik təsdiqləndikdən sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş) məlumat verdi. Bildirdi ki, gələn ilin büdcə zərfinə daxil olan sənədlər Milli Məclisin komitələrində ətraflı müzakirə edilib. Deputatlar ölkə iqtisadiyyatının daha davamlı və keyfiyyətli inkişafına xidmət edən kifayət qədər maraqlı və səmərəli təkliflər irəli sürüblər. Azərbaycan hökumətinin müvafiq strukturları, əlaqədar nazirliklər millət vəkillərinin təklifləri ilə bağlı xeyli işlər görüblər. 
Məlumat dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi. 
Sonra Əmək və sosial siyasət komitəsinin sədri  Hadi Rəcəbli gündəlikdəki növbəti 2 qanun layihəsini təqdim etdi. Bildirdi ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”  qanun layihələri geniş müzakirə olunub və razılıqla qarşılanıb.
 “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihələrinin üçüncü oxunuşu barədə isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. 
Məlumat dinlənildikdən sonra 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
İclasda bildirildi ki, “Əmək pensiyaları haqqında” qanunun 6-1-ci və 14.4-cü maddələrinə edilən dəyişiklik vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına xidmət edir. Layihə üçüncü oxunuşda təsdiqləndi.  “Məşğulluq haqqında” qanunda edilən dəyişiklik də üçüncü oxunuşda məqbul sayıldı. “Sosial müavinətlər haqqında” qanunda ailənin maddi durumunun yaxşılaşdırılması məqsədi daşıyan dəyişiklik (üçüncü oxunuş) razılıqla qarşılandı. Parlament Vergi Məcəlləsində edilən dəyişikliklərə də  (üçüncü oxunuş) müsbət münasibət bildirdi.
Deputatlar Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında  və Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında  qanun layihələrini də təsdiqlədilər.
 Gündəlikdəki növbəti məsələ - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında parlamentin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verdi.
Bildirdi ki, 15 noyabr 2019-cu il tarixdə Azərbaycan Prezidentinin imzası ilə parlamentə məktub daxil olub. Məktubda cənab Prezident insan hüquqları üzrə müvəkkilin seçilməsi üzrə namizədlərini təqdim edib. İnsan hüquqları komitəsinin sədri diqqətə çatdırdı ki, komitə ombudsmanlığa təklif edilən şəxslərin namizədliyinə baxıb və bunu parlamentin plenar iclasına təqdim edib. Namizədlər cəmiyyətdə tanınan insanlardır və onların hər biri şəxsi keyfiyyətlərinə görə bu vəzifəni tuta bilər.
Səbinə Əliyevanın, Kəmalə Əliyevanın və Kəmalə Abıyevanın namizədliyi ayrı-ayrılıqda səsə qoyuldu. Səbinə Əliyeva səs çoxluğu ilə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) vəzifəsinə seçildi.
Sonra yeni seçilmiş Ombudsman Səbinə Əliyeva vəzifəsinin icrasına başlamaqla əlaqədar deputatlar qarşısında and içdi, Prezident İlham Əliyevə və deputatlara ona göstərilən etimada görə təşəkkürünü bildirdi.
Sonra plenar iclasda məhkəmə-hüquq sistemində islahatlarla bağlı parlamentə bir zərfdə daxil olmuş 9 qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi başlandı.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, təqdim olunan qanun layihələrindəki dəyişikliklər iki əsas mahiyyət daşıyır: birincisi, vahid məhkəmə təcrübəsinin yaranması; ikincisi, dövlət ekspertizası ilə yanaşı özəl ekspertizanın da olması. Komitə sədri ikinci oxunuşdan sonra layihədə aparılmış dəyişikliklərdən bəhs etdi. Vurğuladı ki, vahid məhkəmə təcrübəsinin yaranması “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezident Fərmanında verilmiş tövsiyənin ən vacib elementidir. Məqsəd bu sistemdə mövcud olan problemlərin həllidir.
Məlumat dinlənildikdən sonra “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda və 4 Məcəllədə - Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul edildi.
İclasda “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələ də müzakirə edildi.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, gələn ildən etibarən  ölkəmizdə icbari tibbi sığortaya keçidlə bağlı “Tibbi sığorta haqqında” qanunun 8 maddəsinə 126 dəyişiklik təklif olunur. İcbari tibbi sığorta Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial islahatların ən vacib komponentlərindən biridir, çox böyük bir sosial proqramdır. 
Komitə sədri qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra layihəyə edilmiş dəyişiklikləri diqqətə çatdırdı. 
Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Gündəlikdəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciətlə əlaqədar olaraq ona müraciət ediblər. Sədr diqqətə çatdırdı ki, o, bu təşəbbüsə dəstək verir və dekabrın 2-də məsələyə baxılacaq.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi