2008-ci il 1 aprel tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  77

Milli Məclisin iclas salonu.
1 aprel  2008-ci  il.  Saat  12.

Milli  Məclis  Sədrinin  birinci  müavini
Z. Əsgərov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
F. Hacıyev, Azərbaycan Respublikası Hesablama Palatasının hüquqşünası.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yaradılması haqqında” Müqavilənin təsdiq edilməsi barədə.
4. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İcraçı direktorunun və İcraçı Direksiyası əməkdaşlarının vəzifə maaşlarının hesablanma sxemi və pul təminatı dərəcəsinin müəyyən edilməsi qaydası haqqında” Qərarın təsdiq edilməsi barədə.
5. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun orqanlarının fəaliyyətinin maliyyə təminatı və onun İcraçı Direksiyasının əməkdaşlarının maksimum sayı haqqında” Qərarın təsdiq edilməsi barədə.
6. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə.
7. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə.
8. Azərbaycan Respublikası Hökuməti ilə Fransa Respublikası Hökuməti arasında Maliyyə Protokolunun təsdiq edilməsi haqqında.
9. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında gömrük məsələlərində və gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
10. Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin yeddinci Əlavə Protokolunun təsdiq edilməsi haqqında.
11. Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinin təsdiq edilməsi haqqında.
12. Ümumdünya Poçt Konvensiyasının təsdiq edilməsi haqqında.
13. Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolunun təsdiq edilməsi haqqında.
14. “Poçt ödəniş xidmətləri haqqında” Sazişin təsdiq edilməsi barədə.
15. Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının 20-ci maddəsinin 1-ci bəndinə təklif edilmiş dəyişikliyin təsdiq edilməsi barədə.
16. Yaponiya ilə Sovet Sosialist Respublikaları İttifaqı arasında bağlanmış müqavilələrin Azərbaycan Respublikasına münasibətdə hüquq varisliyi ilə əlaqədar Azərbaycan Respublikası və Yaponiya arasında notalar mübadiləsinin təsdiq edilməsi haqqında.
17. “2008─2010-cu illər üçün cinayətkarlıqla mübarizədə birgə tədbirlərə dair Dövlətlərarası Proqram haqqında” Qərarın təsdiq edilməsi barədə.
18. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
20. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə.
21. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə.
22. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə.
24. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı “Dövlət qulluğu haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi barədə.
25. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
26. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141 II-Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə edilməsi barədə.
27. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
28. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə.
29. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
30. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə.
31. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə.
32. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə.
33. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na əlavə və dəyişikliklər edilməsi barədə.
34. Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 315-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında.
35. Ekoloji kənd təsərrüfatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yaradılması haqqında” Müqavilənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İcraçı direktorunun və İcraçı Direksiyası əməkdaşlarının vəzifə maaşlarının hesablanma sxemi və pul təminatı dərəcəsinin müəyyən edilməsi qaydası haqqında” Qərarın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun orqanlarının fəaliyyətinin maliyyə təminatı və onun İcraçı Direksiyasının əməkdaşlarının maksimum sayı haqqında” Qərarın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikası Hökuməti ilə Fransa Respublikası Hökuməti arasında Maliyyə Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında gömrük məsələlərində və gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin yeddinci Əlavə Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
11. “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
12. “Ümumdünya Poçt Konvensiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu. 13. “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
14. “Poçt ödəniş xidmətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
15. “Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının 20-ci maddəsinin 1-ci bəndinə təklif edilmiş dəyişikliyin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
16. “Yaponiya ilə Sovet Sosialist Respublikaları İttifaqı arasında bağlanmış müqavilələrin Azərbaycan Respublikasına münasibətdə hüquq varisliyi ilə əlaqədar Azərbaycan Respublikası və Yaponiya arasında notalar mübadiləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
17. “2008–2010-cu illər üçün cinayətkarlıqla mübarizədə birgə tədbirlərə dair Dövlətlərarası Proqram haqqında” Qərarın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
18. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
19. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
20. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
21. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
22. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
23. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
24. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı “Dövlət qulluğu haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
25. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
26. “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141 II-Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
27. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
28. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
29. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
30. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
31. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
32. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
33. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
34. “Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 315-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Milli  Məclisi  Sədrinin
birinci  müavini                                         Z. ƏSGƏROV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

1  aprel  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir


Sədrlik edən. Sabahınız xeyir olsun, hörmətli deputat həmkarlarım, hörmətli mətbuat nümayəndələri! Xahiş edirəm, qeydiyyatdan keçin.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 93
Yetərsay 83

93 nəfər iştirak edir, yetərsay var. Hörmətli deputatlar, gündəlik sizə paylanıb, xahiş edirəm, gündəliyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bildiyiniz kimi, dünən, mart ayının 31-i azərbaycanlıların soyqırımı günü idi. Yüz ildən artıq bir dövrdə erməni millətçiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsi dərin hüznlə yad edildi. Bu hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət etmişdir. Müraciətdə deyildiyi kimi, onilliklər boyu Azərbaycan və türk xalqları böyük Ermənistan xülyasına qapılan ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışlar. Erməni millətçilərinin törətdikləri kütləvi terror aktları və qırğınlar nəticəsində indiyə qədər 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilmişdir.
1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərir. Bildiyiniz kimi, 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin bununla əlaqədar xüsusi fərmanı da olmuşdur. Xalqımız əmindir ki, Azərbaycan dövləti bütün imkanlarından istifadə edərək ölkəmizin ərazi bütövlüyünün bərpasını, qaçqın və köçkünlərimizin doğma yurdlarına dönməsini təmin edəcək, xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olacaqdır.
Xahiş edirəm, erməni millətçilərinin törətdikləri soyqırımı cinayətlərinin qurbanı olmuş soydaşlarımızın müqəddəs xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah rəhmət eləsin.
İndi isə gündəliyin müzakirəsinə keçirik. Birbaşa qanun layihələrinə keçək, yoxsa müzakirəyə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun, yazılın, xahiş edirəm. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Hamımıza məlumdur ki, bu günlərdə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamə müzakirə edilərək qəbul edilmişdir. Bu, Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biri və Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar məsələnin bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından böyük bir addımdır. Amma təəssüf ki, bu səsvermədə bəzi ölkələr bitərəf qalmış, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr isə bunun əleyhinə olmuşdur. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə ona yaxın siyasi partiya, o cümlədən qeyri-hökumət təşkilatları bununla bağlı öz etirazlarını ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrə göndərmişdir.
Mən hesab edirəm ki, parlament səviyyəsində də biz bu məsələyə öz münasibətimizi bildirməliyik. Dostluq qruplarının rəhbərlikləri adından etirazlar göndərilməli, o cümlədən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası adından da ATƏT-in Minsk qrupu həmsədrlərinə etiraz bildirilməlidir. Bitərəf qalan ölkələrə də dostluq qruplarının rəhbərlikləri öz etirazlarını bildirməlidirlər. Bu məsələdə onlar təcavüzkar Ermənistanı ittiham etməli və öz münasibətlərini göstərməli idilər. Hesab edirəm, bu məsələ ilə əlaqədar bu gün parlamentin rəhbərliyi tərəfindən verilən tapşırıqlar əsasında işlər görülməlidir ki, bu həftə ərzində həmin sənədlər hazırlanaraq göndərilsin.
İkinci məsələ. Mən istəyirəm ki, gələcəkdə biz bu məsələni parlamentdə müzakirə edək. Bizim parlament tərəfindən “Tütün və tütün məmulatları haqqında” Qanun qəbul edilibdir. Bu qanunda siqaret çəkilməsi və siqaretin yayılması əleyhinə müəyyən müddəalar olsa da, o, hələlik bu vəzifənin ciddi şəkildə həyata keçirilməsi üçün əlverişli şərait yaratmır. Ona görə də mən hesab edirəm ki, “Tütün və tütün məmulatları haqqında” Qanuna biz yenidən düzəlişlər etməli və siqaret çəkilməsini kəskin şəkildə məhdudlaşdıran müddəalar daxil etməliyik. Ətraf ölkələrdə, Avropa ölkələrində bu, geniş şəkildə həyata keçirilməkdədir. Azərbaycanda da belə addımların atılması olduqca zəruridir. İctimai rəydə bu məsələ də gündəmdədir. Hesab edirəm ki, parlament qanunvericilik qaydasında bu yöndə ciddi addımlar atmalıdır ki, bizdə də sağlamlığın və ətraf mühitin qorunması istiqamətində müəyyən addımlar atılmış olsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən də həmkarım Mübariz Qurbanlının o fikrini qəbul edirəm ki, artıq Qarabağla bağlı danışıqların yeni bir mərhələsi başlamaqdadır. Artıq məxfilik prinsipi bütövlükdə pozulmuşdur. BMT-də bu məsələnin qətnamə ilə yekunlaşması artıq prosesləri yeni bir dönəmə daxil edir və bu mənada parlamentin üzərinə düşən vəzifələr var. Biz müəyyənləşdirməliyik ki, qarşıdakı dönəmdə nələr etməliyik.
Heç şübhəsiz, Azərbaycanın Qarabağla bağlı diplomatik cəbhədə fəallığını artırması və əldə etdiyi uğurlar ölkəmizə qarşı müxtəlif təsirləri intensivləşdirib və ənənəvi mövzularda hücumları artırıbdır. Təbii ki, ictimai həyatı aktivləşdirmək və beynəlxalq diqqəti cəlb etmək üçün yenə də media azadlığı, demokratiyanın durumu, siyasi məhbuslar və insan haqları məsələləri aşkar şəkildə şantaj predmetinə çevrilib.
Əlbəttə, biz qəbul edirik ki, demokratiya təkcə bir ölkənin daxili işi deyil. Qərb əgər, həqiqətən, Azərbaycan həyatının bütün sahələrində demokratik azadlıqların yüz faiz bərqərar olmasını istəyirsə, onun ərazi bütövlüyü məsələsində bir sifətli mövqe tutmalıdır. Çünki Azərbaycanda demokratiyaya ən böyük zərbəni işğal reallığı vurur. Əks halda bizim belə düşünməyə tamamilə ixtiyarımız var ki, kommunizmin ixracı Sovet rejiminin əlində necə vasitə idisə, demokratiya da Qərbin öz geosiyasi və iqtisadi maraqlarını gerçəkləşdirməsi üçün bir ideoloji örtükdür.
Hesab edirəm ki, hər hansı bir səfirlik Azərbaycanda bir müxalifət qəzetinin nəşrinin xərcini öz üzərinə götürürsə, onlarca qeyri-hökumət təşkilatını himayəsində saxlayırsa, ölkənin ictimai-siyasi həyatının fəal iştirakçılarından birinə çevrilirsə, bunu ona görə etmir ki, demokratiyaya dəstək vermək istəyir. Bunun əksini düşünənlər səhv edirlər. Hər bir diplomatik korpusun fəaliyyəti beynəlxalq diplomatik konvensiyalarla tənzimlənir və heç bir səfirlik bu çərçivədən kənara çıxmamalıdır.
Azərbaycan hüquqi demokratik dövlət quruculuğu yolunu öz iradəsi ilə seçibdir və bu, ölkə başçısının xalqla birgə iradəsinin məhsuludur. Ona görə də mən demokratiya mövzusunun bu şəkildə istehlak olunmasını və Azərbaycana bir şantaj predmeti kimi yönləndirilməsini birmənalı şəkildə pisləyirəm. Ümidvaram ki, mənim bu mövqeyim Qərbin əvəzinə həmkarım Bahar Muradovanı narahat etməyəcək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Əli Məsimli.
Ə. Məsimli. Mən də deputat həmkarım Mübariz Qurbanlının qaldırdığı məsələni dəstəkləyirəm və hesab edirəm ki, çıxış edən deputatların bu ideyanı dəstəkləməsi, inkişaf etdirməsi çox vacibdir. Xüsusən Kosova ətrafında gedən proseslər zamanı BMT-də belə bir qərarın qəbul edilməsi Azərbaycan üçün çox vacib idi və bu qərar qəbul edildi. Mən də Azərbaycanın xeyrinə səs verənlərə Milli Məclis adından təşəkkür edilməsini, ATƏT-in Minsk qrupuna isə Azərbaycanın ərazi bütövlüyünə biganəliyinə görə Milli Məclis tərəfindən etiraz bildirilməsini vacib hesab edirəm.
Növbəti məsələ. Bu günlərdə Nazirlər Kabineti büdcədən maliyyələşən müəssisə və təşkilatlarda özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmaq imkanları olmayan insanların əmək haqları ilə bağlı bir qərar qəbul edib. Bu çox vacib qərardır və bunu mən təqdir edirəm. 2009-cu ilin sonlarına qədər həmin insanlar öz maaşlarını alacaqlar. Eyni zamanda, mən xahiş edərdim, qalan müddət ərzində Nazirlər Kabineti fikirləşsin ki, 2009-cu il başa çatandan sonra bu insanların taleyi necə olacaq. Mən onların etibarlı təminat mexanizminin hazırlanmasını zəruri hesab edirəm.
Üçüncü məsələ isə qiymətlərlə bağlıdır. Son dövrlər qiymətlər sürətlə artır və Azərbaycan hökumətinin büdcə müzakirə olunan zaman verdiyi proqnozlardan xeyli dərəcədə aralanma gedir. Xüsusən istehlak mallarının qiymətləri çox sürətlə artır. Bunu mən bu yaxınlarda Şəkidə apardığım monitorinqin nəticələri üzrə də qeyd edə bilərəm. Məsələn, çörək təxminən 33 faiz, un 19 faiz, qoyun əti 40 faizdən, mal əti 50 faizdən çox artıb. Bu artımlar, təbii ki, əhalinin güzəranına çox pis təsir göstərir. Bu təsirin azaldılması üçün mən ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsini zəruri hesab edirəm. Ona görə ki, bu gün əgər ölkədə 16 faiz yoxsul varsa, bu, 1,4 milyon yoxsul deməkdir. Ünvanlı sosial yardım isə 400 min nəfərə, yəni 4 yoxsuldan yalnız birinə şamil edilir. Hesab edirəm ki, ünvanlı sosial yardımın dairəsi genişləndirilməlidir.
Eyni zamanda, 75 manata qədər maaş alanlardan verginin tutulmaması məsələsini qaldırıram. Mən regionlarda iş yerlərinin açılması istiqamətində əlavə tədbirlərin görülməsini də vacib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında BMT-də qəbul edilmiş qətnamə barədə həmkarlarımın burada səsləndirdikləri fikirləri bölüşürəm. Son zamanlar Ermənistanda Sarkisyanın hakimiyyəti mənimsəməsinə beynəlxalq ictimaiyyətin göz yumması və bunu, sadəcə, kənardan seyr etməsi, oradakı dinc əhalinin gülləboran edilməsinə lazımi reaksiyanın verilməməsi bir daha onu göstərdi ki, təkcə Rusiya yox, elə Amerika Birləşmiş Ştatları və Qərbi Avropa ölkələri də bu münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasının tərəfdarıdır. Ona görə də onlar sərt mövqe tərəfdarlarının Ermənistanda hakimiyyəti mənimsəməsinə imkan yaratdılar və bunu sakitcə seyr etdilər.
Qarabağ probleminin sülh yolu ilə həlli yoxdur. Biz bütün Azərbaycan xalqına birmənalı şəkildə bəyan etməliyik ki, bu danışıqlar Azərbaycana, sadəcə, o baxımdan lazım idi ki, ordusunu qursun, özünə müttəfiqlər tapsın. Mən hesab edirəm ki, biz bu gün bu məsələni gündəliyə salmalı və Milli Məclisin növbəti iclaslarının birində Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə müzakirə etməliyik. Belə bir müzakirə bir dəfə mərhum Prezident Heydər Əliyevin vaxtında keçirilib. Hesab edirəm ki, bu gün yeni bir müzakirənin keçirilməsinə ehtiyac var. Biz bu məsələni müzakirə edib, konkret qərarlar qəbul etməliyik.
O fikirlə də razıyam ki, BMT qətnaməsinin əleyhinə səs vermiş ölkələrin parlamentlərinə öz etirazımızı göndərməli, səs verənlərə minnətdarlığımızı bildirməli, bitərəf qalanlara təəssüfümüzü çatdırmalıyıq.
Mən belə fikirləşirəm ki, Azərbaycan parlamenti bu məsələdə seyrçi mövqe tutmamalıdır. Artıq 14 ildir torpaqlar işğal altındadır. Sarkisyanın hakimiyyətə gəlməsi də göstərdi ki, bundan sonra bu problemin sülh yolu ilə həll edilməsi, demək olar ki, mümkün deyil. Sarkisyan bütün seçkiqabağı kampaniyası dövründə rəqibi Ter-Petrosyanı ittiham edib ki, sən Dağlıq Qarabağı Azərbaycana vermək istəyirsən. Belə bir şəxsin danışıqlar yolu ilə Dağlıq Qarabağda Azərbaycanın suveren hüquqlarının bərpasına razı olacağını təsəvvür etmək absurddur. O baxımdan nə özümüzü, nə də Azərbaycan xalqını aldadaq. Mən də təklif edirəm ki, bu məsələ Milli Məclisin gündəliyinə salınsın, konkret qəti qərarlar qəbul edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, hörmətli mətbuat nümayəndələri! Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin artıq 10 ilə yaxın bir müddətdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı apardığı danışıqların tam səmərəsiz olduğu qənaətindəyik. İndi Minsk qrupunun tərkibinin dəyişdirilməsi və ya onlardan imtina olunması barədə müxtəlif fikirlər səslənir. Amma mən hesab edirəm ki, əgər biz Dağlıq Qarabağı işğaldan azad etmək istəyiriksə, bu gün bizim dövlətin bir nömrəli vəzifəsi Qarabağı işğaldan azad etməyə qadir olan ordu qurmaqdan ibarət olmalıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin bizim dövlətin qaldırdığı məsələnin əleyhinə səs verməsi onu sübut edir ki, bu dövlətlər Dağlıq Qarabağın Azərbaycana qaytarılmasında maraqlı deyillər. Mən o fikirlə tam razıyam ki, Milli Məclis bu məsələlərlə bağlı xüsusi sənəd qəbul edib aidiyyəti ölkələrə göndərməlidir.
Hörmətli Ziyafət müəllim, sonda mən daha bir məsələyə toxunmaq, müxalifət tərəfindən burada səslənən fikirlərə reaksiyanı Sizin diqqətinizə çatdırmaq istəyirəm. Qanunsuz olaraq işdən qovulan iki nəfərlə bağlı mən burada həmkarlarım hörmətli Rəbiyyət xanıma, hörmətli Siyavuş müəllimə fərdi şəkildə müraciət etdim. Xahiş etdim, hörmətli həmkarımıza desinlər ki, bu insanları qəbul etsin, onların şikayətini dinləsin.
Ali Məhkəmənin qərarı icra olunmadı. Artıq əlacım olmadığına görə hökumət burada hesabat verdiyi gün mən bu məsələni parlamentdə qaldırdım. Hörmətli ədliyyə naziri, başqa nazirlər və Məcid müəllim də burada oturub dinləyirdi. Siz təsəvvür edin, martın 31-də Soyqırımı günü plenum təcili olaraq toplaşır və Ali Məhkəmənin qərarı ləğv olunur. İki kimsəsiz uşağı da öz övladlarına qatıb atalıq edən bir insanın indiki dövrdə işdən azad olunmasına rəvac verilir. Onu da nəzərinizə çatdırım ki, SKA zavodunda əmək haqlarının 2005-ci illə bağlı qaldırılmamasına etiraz edən 150 nəfərin içərisindən 6 nəfəri seçib ilin, günün bu vaxtında bir daha işdən qovublar.
Sədrlik edən. Təşəkkür edirəm. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Martın 30-u, 31-i və aprelin 1-ində, köhnə stillə martın 18–19-u və 20-də Azərbaycan tarixinin ən faciəli hadisələri baş veribdir. Bu il Azərbaycanın taleyində və tarixində baş verən ən qanlı hadisələrin 90 illiyi tamam oldu. Bu 90 illik imkan verirdi ki, erməni vəhşiliyinin, erməni xislətinin mahiyyətini açmaq üçün Azərbaycan bu hadisədən istifadə etsin.
1918-ci ildə baş vermiş hadisəni öyrənmək üçün vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti fövqəladə istintaq komissiyası yaratmışdı. Bu istintaq komissiyası 36 cilddən ibarət son dərəcə nadir sənədlər topladı. Həmin qərarın sonuncu bəndi ondan ibarət idi ki, toplanmış materiallar müxtəlif Avropa dillərinə tərcümə edilib yayılsın və dünya görsün ki, özlərini məsum insanlar kimi təqdim edən ermənilərin mahiyyəti nədən ibarətdir.
Üstündən 90 il keçməsinə və bu məsələni bizim burada dəfələrlə qaldırmağımıza baxmayaraq, hələ 1918-ci ildə qəbul olunmuş qərar bu gün də yerinə yetirilməyibdir. Bir vaxtlar deyirdilər, sovet hökuməti imkan vermir. Artıq 17 ildir sovet hökuməti yoxdur. İndi nə imkan vermir ki, vaxtilə insanların, – böyük bir hissəsi də qeyri-azərbaycanlı olan insanların, – topladığı bu materiallar dünyaya yayılsın? Bu 90 illik həmin materialların, ümumiyyətlə, o hadisələrin öyrənilməsi üçün nadir bir imkan idi və biz bundan mütləq istifadə etməli idik. Məsələn, Azərbaycan parlamentinin bu istiqamətdə fəaliyyəti o hadisələri bu gün bir dəqiqəlik sükutla yad etməkdən o tərəfə keçmədi. Axı, bu bizim millətin taleyində, tarixində iz qoyan hadisədir.
Rəhmətlik Heydər Əliyev 1998-ci ildə fərman verdi. Fərmanda müvafiq idarə və nazirliklərin qarşısına vəzifə qoyulmuşdu. 1998-ci ildən artıq 10 il keçir. Gəlin, baxaq görək, müxtəlif idarələrin qarşısına qoyulan o vəzifələrin hansı yerinə yetirilib. Təəssüf hissi ilə deməliyəm ki, böyük əksəriyyəti yerinə yetirilməyibdir. Mənə elə gəlir ki, əgər hökumət bunu etmirsə, parlament səviyyəsində bir komissiya yaradıb, o materialların parlamentin vəsaiti hesabına müxtəlif Avropa dillərində nəşr edilib yayılmasına aid bir qərar qəbul etmək lazımdır.
Sədrlik edən. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də həmkarlarımın təkliflərini dəstəkləyirəm. Hesab edirəm ki, Minsk qrupu həmsədrlərinin təkcə səs verməsi yox, ümumiyyətlə, bu məsələ ətrafında göstərdiyi fəaliyyət parlamentdə ciddi müzakirə olunmalı və biz bu məsələlərə münasibətimizi bildirməliyik. Çünki Minsk qrupunun həmsədrləri nəinki bu sənəd müzakirə olunan zaman onun əleyhinə səs veriblər, qapı-qapı düşüb, bütün ölkələrə təzyiq göstərməyə başlayıblar ki, onlar da bu sənədin əleyhinə səs versinlər və bu sənəd qəbul olunmasın. Çünki bu sənəd onların arzu və istəklərindən kənara çıxıb.
Belə çıxır ki, Azərbaycan işğal olunmuş əraziləri ilə bağlı məsələni ancaq Minsk qrupunun istədiyi şəkildə müzakirəyə çıxara bilər, digər şəkildə çıxara bilməz. Bu baxımdan, təbii ki, Minsk qrupunun fəaliyyətinə biz burada ciddi münasibətimizi bildirməliyik. Azərbaycan parlamenti Azərbaycan xalqı adından Minsk qrupunun həmsədrlərinə müraciət göndərməli və orada bildirməlidir ki, artıq Azərbaycan xalqı bu münaqişənin həllində Minsk qrupunun obyektiv mövqeyinə inanmır. Təkcə Minsk qrupunun həmsədrlərinə deyil, Minsk qrupunun özünə də müraciət etmək lazımdır ki, həmsədrlər Minsk qrupunun fəaliyyətini monopoliyaya alıb onun fəaliyyətinə ciddi kölgə salırlar.
Biz səsvermədə bitərəf qalan dövlətlərə, xüsusilə də yaxşı ikitərəfli münasibətlərimizin olduğu və burada strateji maraqları olan ölkələrə müraciət eləməliyik. Məsələn, biz İranın mövqeyini anlaya bilmirik. Azərbaycan Orta Asiyanın türkdilli cümhuriyyətləri olan Türkmənistan, Qazaxıstan və Qırğızıstanın nə üçün bitərəf mövqe tutduğunu başa düşə bilmir. Yada salmaq kifayətdir ki, Azərbaycan Qazaxıstanın 2009-cu ildə ATƏT-ə sədr olmasını dəstəkləmişdi.
Avropanın Azərbaycanda birbaşa böyük maraqları olan ölkələri də səsvermədə bitərəf mövqe tutublar. Təbii ki, biz bu ölkələrə də müraciətlərimizi göndərməli və bildirməliyik ki, onların bu mövqeyi bizim ikitərəfli münasibətlərimizə çox mənfi təsir göstərir. Biz bunu mütləq etməliyik, çünki Azərbaycan BMT-də və digər beynəlxalq təşkilatlarda bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.
Sədrlik edən. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən bu gün ən əvvəl jurnalistlərlə bağlı, jurnalistlərin aclıq aksiyası ilə əlaqədar məsələyə toxunmaq istəyirəm. Bir vaxt Azərbaycanda belə bir fikir var idi ki, Əlikram Hümbətov, Surət Hüseynov və başqa adamların həbsdən buraxılması ölkə üçün ciddi problemlər yaradacaq. Amma sonrakı hadisələr göstərdi ki, əksinə, həbsdən çıxandan sonra bu adamların ölkə üçün problem olmasına son qoyuldu. Bu gün jurnalistlərin hər hansı bir formada həbsdə saxlanması, əslində, ölkənin imicinə zərər vuran ciddi amillərdən biridir. Əksinə, azadlıqda olan jurnalistlərin, – dövlət əgər buna təhlükə kimi baxırsa, – dövlət baxımından təhlükəsi daha aşağıdır. Mən ümid edirəm ki, sağlam düşüncə qalib gələcək və bu jurnalistlərin həbsdən azad olunması prosesi sürətlənəcəkdir. Bu olduqca vacib bir məsələdir.
Bu gün Kəlbəcərin işğalından 15 il keçir. Məncə, bu tarixləri biz Milli Məclisdə hər dəfə qeyd etməli, xatırlamalıyıq ki, hansı ərazilərimiz nə vaxt, niyə işğal olunubdur.
Bu gün Köçəryanın da Laçında ermənilərin məskunlaşdırılması məsələsi ilə bağlı açıqlaması oldu. Məncə, Milli Məclis bu məsələyə də münasibət bildirməlidir.
Belə bir tarixi anda xarici siyasət sahəsində də ortaya çıxan problemləri müzakirə eləməyimiz olduqca vacibdir. Burada mən həmkarlarımın fikirlərinə qoşuluram. Mən də BMT qətnaməsinə, Azərbaycanın ərazi bütövlüyünə müxtəlif dövlətlərin münasibətlərinə qiymət verməyin tərəfdarıyam.
Amma özümüzlə bağlı bir məsələyə artıq çönüb baxmaq lazımdır. Bu məsələni dəfələrlə burada qaldırsaq da, biz xarici siyasət idarəsinin mövqeyini qapalı formada da olsa, müzakirə eləmək imkanından məhrumuq. Diqqət edin, bizim təsir eləmək imkanlarımızın kifayət qədər böyük olduğu bəzi Avropa ölkələri və müsəlman dövlətləri belə Azərbaycanın müstəqilliyinə bitərəf mövqedə qalıblar. Demək, Azərbaycan səfirlikləri ticarət attaşesindən artıq gerçək səfirliyə çevrilməlidirlər. Hər kəs özünün bir ticarət şəbəkəsini qurmaqla məşğuldur. Amma konkret dövlətlərdə Azərbaycanın mövqeyini gücləndirmək istiqamətində fəaliyyətin, demək olar ki, nəticəsi yoxdur. Əslində, BMT-nin qətnaməsi bir test idi və bu testə görə də biz səfirliklərin fəaliyyətini qiymətləndirməliyik. Azərbaycan xarici siyasət idarəsinin fəaliyyətinin ciddi müzakirəsinə, məncə, ehtiyac var.
Burada MDB ölkələrinin Azərbaycana qarşı münasibətinə də mövqe bildirməliyik. Çünki hər dəfə tədbirlərdə onlarla birlikdə...
Sədrlik edən. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür eləyirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də millət vəkillərinin səsləndirdikləri fikirlərə öz münasibətimi bildirmək istəyirəm. Doğrudan da, bu sessiyada müzakirə olunan məsələ bizə Azərbaycanın digər dövlətlərlə gələcək əlaqələrinin hansı səviyyədə qurulmasını götür-qoy etmək və dostunu, düşmənini bir daha tanımaq imkanı verdi.
Burada indi məndən qabaq çıxış edən Fazil Mustafayev bu məsələ ilə bağlı bəzi mülahizələrini bizimlə bölüşdü. Mən hesab eləyirəm ki, bu qətnamənin qəbul edilməsində Azərbaycanın xarici siyasət idarəsinin rolunu kiçiltmək haqsızlıqdır. Bütün səfirliklərin, ayrı-ayrı qurumların, o cümlədən Xarici İşlər Nazirliyinin uğurlu işinin nəticəsidir ki, Azərbaycan səs çoxluğu ilə bu qətnamənin qəbul olunmasına nail olmuşdur.
Burada həmkarlarım təklif etdilər ki, biz lazımi ünvanlara məktublar, müraciətlər göndərək. Mən də bunun tərəfdarıyam. Türkiyə istisna olmaqla mən iki dövlətə xüsusi təşəkkürümüzü göndərməyin tərəfdarıyam. Bunlardan biri Pakistan, digəri Özbəkistandır. Onlar BMT Baş Məclisinin 62-ci sessiyasında Azərbaycanın mövqeyini çox cidd-cəhdlə müdafiə ediblər. Orta Asiya ölkələri içərisində yalnız Özbəkistan sinəsini qabağa verib, Azərbaycanı cidd-cəhdlə müdafiə edib. Özbəkistan hətta Qarabağ münaqişəsi həll olunana qədər bu ölkədə Ermənistan və Ermənistanda Özbəkistan səfirliyinin açılmasına icazə verməyib. Budur münasibət, budur dostluq, budur yoldaşlıq. Mən hesab eləyirəm ki, Azərbaycanın sərvətlərindən bəhrələnən, Azərbaycanın neft strategiyasında iştirak edən ölkələrin nümayəndələri ilə bir-bir görüşmək və onlara çatdırmaq lazımdır ki, belə məsələlərdə Azərbaycanın maraqlarını müdafiə etmək bu dövlətlərin də maraqlarına xidmət edir.
Mən bir məsələyə toxunmaq istəyirəm. Doğrudan da, ATƏT-in həmsədrləri çox cidd-cəhdlə çalışmışdılar ki, bu məsələ baş tutmasın. Rusiya istər Şərqi Avropada, istərsə də postsovet məkanında özünün təsir dairəsində olan ölkələrə, bir çox Afrika və Asiya ölkələrinə və Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan dövlətlərin hamısına cidd-cəhdlə göstəriş vermişdi ki, bu məsələdə Azərbaycanı müdafiə etməsinlər. Azərbaycanın diplomatik səyi nəticəsində həmin ölkələr neytrallaşdırıldı və bizim əleyhimizə deyil, bitərəf şəkildə səs verdilər. O cümlədən Fransa dövləti Avropa Birliyinə və ATƏT-ə daxil olan ölkələrlə ciddi iş aparmışdı ki, bu qətnamənin qəbul olunması baş tutmasın. Lakin buna baxmayaraq, Azərbaycan diplomatiyasının cəhdi nəticəsində bu qətnamə qəbul olundu. Bundan sonra biz gələcək addımları atmalıyıq. Bu addımları atmaq üçün də hamı birlikdə fəaliyyət göstərməlidir. Təşəkkür eləyirəm.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür eləyirəm, Ziyafət müəllim. Mən həmişə ədalət tərəfdarı olmuşam və hesab eləyirəm ki, BMT-nin Baş Assambleyasında qəbul olunmuş qətnamə, həqiqətən, Xarici İşlər Nazirliyinin, ümumiyyətlə, bizim xarici siyasətin uğurudur. Meydana çıxan bütün problemlərə baxmayaraq, bu uğura da qiymət verilməlidir. Amma hər bir xarici siyasət həm də daxili siyasətin davamıdır. Əgər biz Azərbaycan daxilində demokratik islahatlar həyata keçirə bilməsək, güclü, korrupsiyasız ordu yarada bilməsək və bir-birinə etimad edən vətəndaşlardan ibarət cəmiyyətin bərqərar olmasına nail ola bilməsək, xarici siyasətdəki bu cür uğurlar epizodik olaraq qalacaq və strateji mənada bizim qələbəmizə elə bir fayda verə bilməyəcəkdir.
Bu baxımdan mən diqqətinizi çox mühüm bir məsələyə, bu il keçiriləcək Prezident seçkilərinə cəlb etmək istəyirəm. Hər bir seçki tamamilə təbii olaraq, bütün ölkə və cəmiyyətlərdə siyasi rəqabətlə müşayiət olunur. O da təbiidir ki, bu rəqabətin Konstitusiya çərçivəsində, qanun çərçivəsində etimad şəraitində aparılmadığı ölkələrdə və cəmiyyətlərdə siyasi gərginlik müşahidə olunur. Hesab eləyirəm ki, biz bu seçkini, bu dönəmi uğurla və dünya standartlarına uyğun səviyyədə başa çatdıra bilməsək, indiki çox həssas bir məqamda, bizim ciddi geosiyasi problemlərlə üzləşdiyimiz bir zamanda, Qarabağ məsələsində ölkəmizin xeyrinə addımlar ata bilmək və real qələbələr əldə etmək imkanı olduğu bir vaxtda bu, heç şübhəsiz ki, Azərbaycana zərər gətirə bilər.
Bu baxımdan mən Seçki Məcəlləsi ilə bağlı yaranmış vəziyyətə diqqəti cəlb edirəm. Bir ildən də artıq bundan əvvəl müsavat deputat qrupu Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsi təqdim eləyibdir. Bu vaxta qədər onun taleyindən xəbər yoxdur. Hansısa bir seçki komissiyasında onun müzakirəsi barədə Milli Məclis rəhbərliyinin göstərişinin olması barədə belə bizə məlumat verilmir. Bu yaxında da məlum oldu ki, Venesiya Komissiyasına Azərbaycan hökumətinin təqdim elədiyi layihələrdə deklarativ, ümumi, texniki xarakterli təkliflərdən başqa heç nə yoxdur. Təkrar eləyirəm, belə bir Seçki Məcəlləsi ilə Azərbaycanda demokratik seçki keçirmək mümkün olmayacaq və Azərbaycanda siyasi gərginliklər yaşanacaqdır.
İkinci çox mühüm bir məsələ. Əgər biz bu seçkiyə iki baş redaktorun, bir neçə məşhur jurnalistin həbsi ilə gedəcəyiksə, dediyim gərginlik, Azərbaycana qarşı dost olmayan ölkələrin hücum şansı daha çox olacaqdır. Biz öz daxili siyasətimizlə Azərbaycana qarşı hücum eləyən qüvvələrə bəhanə, əsas və dəlillər verməliyik və buna son qoyulmalıdır.
Sədrlik edən. Nəhayət, axırıncı çıxışçımız Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Məclis, hörmətli sədarət! Mən də millət vəkili həmkarlarımın təkliflərinə qoşulur və hesab eləyirəm ki, Məclis ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə ciddi qiymət verməlidir. Şübhəsiz, BMT-nin qəbul elədiyi sənəd Azərbaycanın xarici siyasətinin uğurudur. Amma eyni zamanda, doğrudan da, bir sıra ölkələr var ki, onlarla daha yaxşı işləmək olardı. Təəssüf ki, Milli Məclisin özünün bəzi qurumları yalnız kağız üzərində mövcuddur. Dostluq qrupları beş il fəaliyyət göstərir, amma bircə dəfə də nə dost olduğu ölkəyə gedir, nə də oradan adam dəvət edir. Əgər bu fəaliyyət gücləndirilsəydi, şübhəsiz, daha uğurlu nəticə əldə oluna bilərdi.
Sonra, burada soyqırımı haqqında danışıldı. Biz hüquqşünaslarımızla birlikdə soyqırımı haqqında bir qanun layihəsi hazırlamışıq. Mən onu Səfa müəllimə verəcəyəm. Xahiş edərdim ki, Milli Məclisdə onun müzakirəsi təşkil olunsun.
Cəmil müəllimin çıxışında çox ağrılı məsələlərə toxunuldu. Neçə ildir söhbət gedir ki, Azərbaycanda bir soyqırımı abidəsi yaradılsın. Bunun üçün Şəhidlər xiyabanının yanında boş yer də var. Nədənsə biz hər şeyə pul tapırıq, amma Azərbaycanın faciələrini dünyaya çatdıra bilən bu cür abidələrin, muzeylərin yaradılmasına fikir vermirik. O muzeylər olmalıdır ki, keçən yüzilliyin Azərbaycan üçün bütövlükdə faciələr yüzilliyi olduğunu dünyaya çatdıra bilək.
Dünyanın müxtəlif yerlərində bu soyqırımlarla bağlı tədbirlər keçirilir. Baxın, Azərbaycanda Qarabağ məsələsini, yaxud Azərbaycanın bu faciələrini öyrənən nə konkret bir elmi idarə, nə də dövlət komitəsi var. Hamısı dağınıqdır. Ona görə də uğurlu bir nəticə əldə eləmək son dərəcə çətindir. Mən ona görə hesab eləyirəm ki, Milli Məclisdə bu məsələlərlə bağlı ayrıca bir yığıncaq, bəlkə də bir beynəlxalq simpozium keçirilməli və ora dünyanın müxtəlif ölkələrindən mütəxəssislər dəvət olunmalıdırlar.
Yeri gəlmişkən, mən bu gün bir məsələyə də toxunmaq istəyirəm. Hökumətin hesabatında, təəssüf ki, buna imkan olmadı. Rayonlarımızın bir çoxundan bizə məktublar gəlir ki, əhaliyə sosial yardım istənilən şəkildə çatdırılmır. Çox təəssüf ki, elə rayonlar var, sosial yardımın illik həcminin yarısını, bəzən daha çox hissəsini onu paylayan idarələr götürür və ancaq az bir qismi ünvanına gedib çatır. Mən xahiş eləyirəm, bizim müvafiq komissiya bu məsələ ilə çox ciddi şəkildə məşğul olsun və bunu araşdırsın.
Bir məsələni də deyim. Bir sıra rayonlarda, məsələn, mənim seçildiyim Yardımlı rayonunda cəmi bir dənə bankomat qoyulub. Bu, əlbəttə, əhaliyə kifayət etmir. Təqaüdçülər uzaq kəndlərdən gəlib, bu bankomatın qarşısında sıraya düzülürlər.
Sədrlik edən. Sağ olun, Sabir müəllim. Hörmətli deputatlar, artıq bizim 40 dəqiqəmiz keçib. Mən müzakirələri yekunlaşdırmaq və sizin qaldırdığınız məsələlərə bir neçə kəlmə ilə öz münasibətimi bildirmək istəyirəm. Elə Sabir müəllimin çıxışının sonunda qaldırdığı bankomat məsələsindən başlayaq. Sabir müəllim, bu məsələ burada hökumətin hesabatı müzakirə olunarkən qaldırıldı. Dövlət Sosial Müdafiə Fondunun sədri də burada idi. Onlar bu istiqamətdə işləyirlər. Yəni bu problemlər onlara məlumdur.
Minsk qrupunun fəaliyyəti ilə bağlı, əlbəttə, mən də sizin fikirlərinizi tamamilə bölüşürəm. Açığını deyim, şəxsən mən də belə düşünürdüm ki, bu məsələ BMT-də müzakirə olunanda Minsk qrupu ən azı bitərəf qalacaq. Çünki bu problemin həll olunmasında bitərəflik missiyasını öz üzərinə götürübsə, deməli, heç kimin tərəfini tutmalı deyil. Məntiqlə belə olmalı idi. Amma çox təəssüf ki, beynəlxalq hüquqda nə hüquq, nə də məntiq qalıb. Bu gün bütün dünyaya dərs verən, özünü demokratiyanın atası adlandıran bəzi dövlətlər beynəlxalq hüququ beynəlxalq güc hüququna çeviriblər. Kimin gücü var, öz iradəsini başqalarına qəbul etdirmək istəyir. Əlbəttə, bu da qəbuledilməzdir. Dünyanın mizan-tərəzisi pozulsa, görün, nə vəziyyət yaranar. Ona görə mən hesab eləyirəm ki, Azərbaycanın tutduğu mövqe tamamilə qanunauyğun bir mövqedir.
Biz həmişə beynəlxalq hüququn prinsip və normalarına əməl etmişik, bundan sonra da əməl edəcəyik. BMT-nin qəbul etdiyi qətnamədə də göstərilir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin çözülməsində Azərbaycan ATƏT-in fəaliyyətindən imtina etmir. Sadəcə, ola bilsin ki, Minsk qrupu həmsədrlərinin fəaliyyəti bizi qane etməsin. Onlara etimad nə dərəcədədir, bunu siz artıq bilirsiniz. Amma ümumiyyətlə, ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina etmək, fikrimcə, düzgün olmazdı. Çünki Minsk qrupu 3–4 dövlətdən ibarət deyil.
Amma bir şeyi də nəzərə alın ki, qətnamə səsə qoyularkən BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvü bu qətnamənin əleyhinə səs verib. Çox təəssüf edirəm ki, bir çox dövlətlər bu üç daimi üzvün təsiri altında qətnamənin ya əleyhinə səs verib, ya da bitərəf qalıblar. Hərçənd 100-ə qədər dövlətin bitərəf qalmasının özünü də mən Azərbaycan diplomatiyasının uğuru sayıram. Çünki bunlar əleyhinə də səs verə bilərdilər. Bunların neytrallaşdırılmasının özü də bizim uğurumuzdur. Amma hər necə olursa-olsun, qətnamə qəbul edilib və BMT bir daha təsdiq edib ki, 1993-cü ildə qəbul etdiyi qətnamələrə sadiqdir. İndi o başqa məsələ ki, bu qətnamələrin icrasında nə qədər qətiyyətlidir. Bu ayrı söhbətdir. Amma hər halda Azərbaycan bu imtahandan çox üzüağ çıxdı və dünya ictimaiyyəti BMT səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü bir daha müdafiə etdi.
Burada ordu quruculuğu ilə bağlı fikirlər səsləndi. Dövlətimiz həmişə bu istiqamətdə tədbirlər görür və bundan sonra da görəcəkdir. Biz həmişə danışıqlarda iştirak edəndə belə bir məntiqdən çıxış etmişik ki, bu məsələnin danışıqlar yolu ilə çözülmək imkanı tükənmədikcə biz buna getməyə hazırıq. Eyni zamanda, mən həmişə demişəm və fikrimi də təsdiq edirəm ki, bu məsələnin tamamilə həll olunması yolu Azərbaycan ordusundan, Azərbaycanın güclü iqtisadiyyatından keçir. Biz ordumuzu da, iqtisadiyyatımızı da möhkəmləndiririk. Bu sahədə işlər paralel şəkildə gedir.
Burada seçki qanunvericiliyi ilə bağlı deyilənlərə gəlincə, bilirsiniz ki, bizim hökumət nümayəndələri Venesiya Komissiyası ilə danışıqlar aparırlar. Yəni əgər lazım gəlsə, Seçki Məcəlləsində müəyyən razılaşdırılmış dəyişikliklər edilə bilər. Burada heç bir şübhə yeri qalmamalıdır. Hərçənd ki, bugünkü Seçki Məcəlləsi çox kamil bir sənəddir. Biz bu məcəllə ilə seçkilər keçirmişik. Burada oturub Seçki Məcəlləsini sonsuzluğa qədər müzakirə edə bilərik. İdeal sənəd yoxdur. Hətta Amerika Birləşmiş Ştatları ekspertlərinin, hökumət nümayəndələrinin özləri də bizimlə görüşlərdə etiraf etdilər ki, bugünkü Amerikada seçki qanunvericiliyi təkmil deyil və onun da təkmilləşdirilməyə ehtiyacı var. Yəni ideal sənəd heç bir yerdə yoxdur. Bu sənədi də hazırlayan insanlardır, subyektlərdir. Ortaya gələn maddələr, müddəalar subyektiv mülahizələrdir. Sadəcə, balanslaşdırılmış bir məcəllə ortaya çıxıb, biz də bunu qəbul etmişik. Bundan sonra əgər ağlabatan təkliflər olsa, bunlara getmək olar. Bu qədər. Təşəkkür edirəm.
İndi isə gündəliyin 1-ci məsələsinin müzakirəsinə keçək. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş). İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Diqqətinizə təqdim olunan Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda qəbul edildikdən sonra İqtisadi siyasət daimi komissiyası, İqtisadi qanunvericilik şöbəsi və Nəqliyyat Nazirliyinin mütəxəssisləri ilə birgə onun üzərində əsaslı iş aparmış, müzakirələr keçirmiş və layihəni üçüncü oxunuş üçün hazırlamışdır. Qeyd etmək lazımdır ki, millət vəkilləri tərəfindən səsləndirilmiş haqlı iradları nəzərə alaraq üçüncü oxunuş üçün təqdim olunmuş layihədə maddələrin sayı azaldılmışdır. Hazırda layihə 6 fəsil, 60 maddədən ibarətdir.
Qanun layihəsinin mətninə edilmiş dəyişikliklərlə sizi tanış etmək istəyirəm. “Avtomobil daşımaları bazarında rəqabət” adlı 6-cı maddə çıxarılmış və həmin müddəalar “Avtomobil nəqliyyatı sahəsində fəaliyyətin əsas prinsipləri” adlı 5-ci maddənin mətnində verilmişdir. 7-ci maddə – “Avtomobil nəqliyyatında mülkiyyət növləri” layihədən çıxarılmışdır. 14-cü maddədə – “Avtomobil nəqliyyatında səfərbərlik hazırlığı” və 15-ci maddə – “Avtomobil daşıyıcılarının fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb olunması” birləşdirilmişdir. “Təsərrüfat ehtiyacları üçün avtomobil daşımaları” adlı 26-cı və “Vətəndaşların və ictimai təşkilatların avtomobil nəqliyyatının fəaliyyətinin təkmilləşdirilməsində iştirakı” adlı 32-ci maddələr layihədən çıxarılmışdır. 47-ci maddə – “Əmtəə-nəqliyyat qaiməsi” layihədən çıxarılmış, onun müddəaları 46-cı maddənin mətnində verilmişdir.
Bununla yanaşı, bildirirəm ki, bəzi maddələrin mətnində də bir sıra ixtisarlar olunmuşdur. Məsələn, “Əsas anlayışlar”dan “avtovağzallar və avtostansiyalar” terminləri çıxarılmış və 7-ci maddənin mətninə əlavə olunmuşdur.
Bundan əlavə, layihə üçüncü oxunuş üçün hazırlanarkən qanunvericilik texnikasına uyğun olaraq onun mətnində bir sıra redaktə xarakterli dəyişikliklər edilmişdir ki, bunlar da qanun layihəsinin məzmununun və onun əhatə etdiyi sahədə yaranan münasibətlərin praktik əhəmiyyətinin yaxşılaşdırılması məqsədini daşıyır.
İkinci oxunuş zamanı qanun layihəsinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər vermiş hörmətli deputatlara təşəkkürümü bildirirəm. İndi isə konkret olaraq təkliflərlə əlaqədar bəzi məqamlara toxunmaq istərdim. Hörmətli Fazil Mustafayev tamamilə düzgün olaraq lisenziya kartlarının sayına tətbiq edilən məhdudiyyətlər barədə sahibkarlara ən azı bir ay öncədən məlumat verilməsinə dair müddəaların layihəyə daxil edilməsini təklif etmişdi. Nəzərə alınıb, 15.7-ci maddəyə aşağıdakı redaksiyada yeni cümlə əlavə olunub: “Müvafiq icra hakimiyyəti orqanı məhdudiyyətləri tətbiq etməzdən 60 gün əvvəl kütləvi informasiya vasitələrində məlumat verir”.
Fazil Mustafayevin 14.1.3-cü maddə ilə əlaqədar təklifi də nəzərə alınıb və dəqiqləşdirilib. Burada əmək müqaviləsinin olması yalnız bir şərt kimi irəli sürülür və heç də bir sənəd kimi tələb olunmur.
25-ci maddədə göstərilir ki, avtomobil nəqliyyatı ilə daşınan sərnişinlər “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada icbari sığorta olunmalıdırlar. Deputat həmkarım hesab edir ki, bu, sərnişinlər və sahibkarlar üçün əlavə problemlər yaradacaqdır. Sual dəqiqləşdirilib və cavablandırılıb. Fazil müəllimin narahatlığına əsas var. Ancaq hesab edirik ki, bu qanunun başlıca rolu avtomobil nəqliyyatı sahəsində sahibkarların qarşılaşdığı problemlərin aradan qaldırılmasından ibarətdir. Sərnişinlərin icbari sığortası isə “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələbidir. Bu qanuna əsasən avtomobil nəqliyyatında daşınan sərnişinlərin icbari sığortası yalnız şəhərlərarası daşımalar üçün nəzərdə tutulmuşdur və şəhərdaxili daşımalarda sərnişinlərin icbari sığortası tətbiq olunmur.
Hörmətli deputat İlyas İsmayılov təklif etmişdi ki, 31.0.1-ci maddədə “marşrut üzrə gediş bileti əldə etmək, avtonəqliyyat vasitəsinin salonunda biletdə göstərilmiş yeri tutmaq” sözlərindən sonra “daşıyıcının razılığı ilə istənilən boş yeri tutmaq” ifadəsi əlavə olunmalıdır. Nəzərə alınıb. Hörmətli həmkarım İlyas İsmayılov layihədə sərnişinlərin hüquqlarına dair təsbit edilmiş müddəalarla bağlı bir sıra dəyərli təkliflər irəli sürmüşdü ki, bunlar da tamamilə düzgün olaraq layihənin Mülki Məcəllənin müddəalarına uyğunlaşdırılması zərurətindən irəli gəlir. İlyas müəllim təklif edir ki, qanunun adı “Avtomobil nəqliyyatında sərnişin və yükdaşıma haqqında” olsun. Bu məsələ də araşdırıldı. Bu qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları, daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və nəqliyyat xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətləri tənzimləyir.
Digər təklif bu idi ki, “avtobus” sözü “avtomobil nəqliyyatı vasitələri” ifadəsi ilə əvəz olunmalıdır. Biz bu barədə fikirləşdik. Bütün beynəlxalq konvensiyalarda, beynəlxalq sənədlərdə “avtobus” sözü konkret məfhum kimi işlənir.
Hörmətli deputat Ülvi Quliyevin təklifləri, əsasən, nəzərə alınıb. Qanun layihəsində yük və baqajların gecikdirilməsinə görə heç bir məsuliyyət nəzərdə tutulmayıb, lakin bu məsələ “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” Qaydaları ilə tənzimlənəcəkdir.
Hörmətli deputat həmkarım Siyavuş Novruzovun dəyərli fikirləri həm İqtisadi qanunvericilik şöbəsində, həm də komissiyada araşdırılıb və və həmin məsələlərə aydınlıq gətirilib. Deyilmişdi ki, qanun layihəsində Mülki Məcəllənin, Mülki-Prosessual Məcəllənin, Cinayət Məcəlləsinin, İnzibati Xətalar Məcəlləsinin müəyyən müddəaları təhrif olunmuş şəkildə verilib. Bu da dəqiqləşdirilib. Qanun layihəsinin tənzimlədiyi sahə, əsasən, mülki-hüquq münasibətləri ilə bağlı olduğuna görə onun mətnində mülki hüquqa əsaslanan müddəaların olması təbii hesab olunur. Lakin layihədə prosessual, cinayət və inzibati xətalar haqqında qanunvericiliyin hər hansı müddəaları mövcud deyildir.
Hörmətli deputat Mirkazım Kazımov təklif etmişdi ki, qanunvericilik praktikamıza uyğun olaraq 1-ci, 2-ci və 3-cü maddələrin yerləri dəyişdirilsin. Bu da nəzərə alınıb. Avtomobil nəqliyyatı ilə daşımaların sığortalanmasına dair nəzərdə tutulmuş müddəalar daha çox sığorta qanunvericiliyinin predmetidir. Bu məsələlərin sığorta qanunvericiliyi ilə tənzimlənməsini qeyd etməklə kifayətlənmək olar.
Hörmətli deputat Astan Şahverdiyevin təklifləri nəzərə alınıb. Qanun layihəsində nəzərdə tutulmuş müddəaların kommunal və təcili yardım xidmətlərinə məxsus avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara şamil olunmaması, ilk növbədə, həmin daşımaların, ümumilikdə, bu qanunla müəyyən edilmiş müvafiq sərnişin və yük daşımalarına aid olmaması ilə bağlıdır. Bütün növ avtomobil daşımalarının təhlükəsizliyi isə yol hərəkəti haqqında qanunvericiliklə müəyyən edilmiş vahid norma və qaydalar, habelə texniki tələblər əsasında təmin olunur.
Hörmətli millət vəkili Rafael Cəbrayılovun dedikləri professional hüquqşünas təklifləridir. Qeyd olunurdu ki, ikinci oxunuşda qanun layihəsinin preambulası daha səlis verilmişdir. Biz fasilədə bu məsələni bir daha araşdırdıq və müvafiq strukturlar və icra aparatı ilə məsləhətləşdik. İkinci oxunuşda preambulada nəzərdə tutulmuş təkliflər üçüncü oxunuşda öz əksini tapacaqdır.
Bundan başqa, Rafael müəllim qeyd edirdi ki, layihədə qanunun qüvvəyə minmə tarixi verilməyib. Bunu da qəbul edirik. Səfa müəllimlə, icra aparatı ilə məsləhətləşdik və o məsələlər də layihədə nəzərə alınmışdır. Digər təkliflər də var və bunlarla əlaqədar ayrı-ayrı deputatlarla fikirlərimizi bölüşdürmüşük, əsasən, razılığa gəlmişik.
Qanun layihəsi Milli Məclisdə çox ətraflı müzakirə olunub. Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və digər qurumlar bu qanun layihəsinin qəbul edilməsini vacib hesab edirlər. Prinsipial məsələlər qanunvericilik təşəbbüsü ilə çıxış edən icra aparatı ilə razılaşdırılıb, aramızda heç bir köklü narazılıq yoxdur. Ona görə də millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinin üçüncü oxunuşda qəbul edilməsinə müsbət münasibət bildirsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikası qanunu layihəsinin üçüncü oxunuşda müzakirəsidir. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbliyə söz verilir.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikası qanunu layihəsinin üçüncü oxunuşda təqdimatını bu il mart ayının 3-də Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevin Naftalan şəhərinə və bilavasitə Naftalan İstirahət və Sağlamlıq Mərkəzinə səfəri zamanı etdiyi çıxışdan aşağıdakı iqtibasla başlamaq istəyirəm: “...Naftalanın özəlliyi, xüsusiyyəti ondadır ki, burada insanlar müalicəvi neftlə öz sağlamlıqlarını bərpa edirdilər. Bu nadirlik bu gün də qalır. Yəni dünyada başqa belə bir yer yoxdur ki, insanlara buna bənzər şəfa gətirsin. Ona görə biz Naftalanı müasir kurort şəhərinə çevirməliyik ki, ilk növbədə, Azərbaycan vətəndaşları bu kurortdan səmərəli istifadə etsinlər. Eyni zamanda, xarici ölkələrdən gəlsinlər, Azərbaycanla tanış olsunlar. Beləliklə, Azərbaycanın turizm infrastrukturu da möhkəmlənəcəkdir”. Bu sözləri sizə təqdim edilən qanun layihəsinin zamanla, bugünkü reallıqlarla həmahəng səslənməsinə bir bariz nümunə və sübut kimi gətirmək istəyirdim.
Məlum olduğu kimi, Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi 2008-ci il 22 fevral tarixində Milli Məclisin iclasında ikinci oxunuşda müzakirə olunaraq qəbul edilmişdir. Müzakirədə Milli Məclis Sədrinin müavini hörmətli Valeh Ələsgərov, deputat həmkarlarımdan İlyas İsmayılov, Eldar Quliyev, Pənah Hüseyn, İlham Məmmədov, Aynur Quliyeva və Əkrəm Abdullayev çıxış edərək qanun layihəsinin daha da təkmilləşdirilməsinə xidmət edən bir sıra faydalı təkliflər irəli sürmüşdülər. Mən fürsətdən istifadə edərək, ilk növbədə, bu qanun layihəsinin müzakirəsində yaxından iştirak etmiş həmkarlarıma və işçi qrupunda çalışan mütəxəssislərə dərin təşəkkürümü və razılığımı bildirmək istəyirəm.
Qanun layihəsinin üzərində aparılmış bir sıra dəyişikliklərlə sizi qısaca olaraq tanış etmək istəyirəm. Deputat həmkarım Əkrəm Abdullayevin təklifi ilə 8.3-cü maddə layihədən çıxarılmışdır. Təbii müalicə ehtiyatlarının məhz hansı məqsədlər üçün istifadəyə verildiyi 3.1-ci maddədə tamamilə təsbit olunubdur. Mən də hesab edirəm ki, onun digər məqsədlər üçün istifadəyə verilməsi fikrinin qanun layihəsinə salınması məqsədəuyğun deyildir.
Layihədə həmçinin bir sıra redaktə xarakterli düzəlişlər edilib. Belə ki , 4.0.10, 11.2 və 12-ci maddələr üçüncü oxunuşa artıq yeni mətndə təqdim olunublar. Qanun layihəsinin müzakirəsi zamanı burada səslənmiş bir sıra sual və təkliflərə də aydınlıq gətirmək istərdim. Deputat həmkarlarım hörmətli Eldar Quliyev və Pənah Hüseynin təbii müalicə ehtiyatlarının dövlətə mənsubluğu ilə bağlı sualına cavab olaraq bildirirəm ki, bu məsələ Konstitusiyanın 14-cü maddəsində bilavasitə təsbit olunmuşdur. Ana qanunda “təbii ehtiyatlar hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur” fikri birmənalı şəkildə təsbit olunmuşdur. Nəzərə almaq lazımdır ki, təbii müalicə ehtiyatları da məhz təbii ehtiyatlara bilavasitə aiddir. Həm də burada söhbət konkret olaraq yalnız təbii müalicə ehtiyatlarından gedir, onun yerləşdiyi ərazidən, yəni müalicə-sağlamlaşdırma yerləri və kurortlardan getmir. Bu məsələlər, eyni zamanda, digər qanunlarla, yəni “Yerin təki haqqında” Qanunla və sair qanunlarla tənzimlənir.
Aynur Quliyeva çıxışında bu sahədə stimullaşdırıcı tədbirlərin daha da gücləndirilməsini təklif etmişdi. Hazırda dövlət büdcəsi vasitəsi ilə stimullaşdırıcı tədbirlərin görülməsi ilə əlaqədar qanunvericilikdə bir sıra məhdudiyyətlər tətbiq olunur. Ona görə biz bu məsələni icra edə bilmirik. Lakin buna baxmayaraq, layihənin 4.0.10-cu maddəsində bəzi həvəsləndirici müddəalar öz əksini tapmışdır.
Deputat həmkarlarıma layihənin daha təkmil hazırlanmasında fəal iştiraklarına görə bir daha minnətdarlığımı bildirir və sənədə, qanun layihəsinə üçüncü oxunuşda səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təklif var ki, səsə qoyulsun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yaradılması haqqında” Müqavilənin təsdiq edilməsi barədə”dir. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yaradılması haqqında” Müqaviləyə əsasən Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər öz aralarında humanitar əməkdaşlığın inkişaf məqsədi ilə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu yaradırlar. Fond hüquqi şəxsdir, təsisçiləri tərəflər, yerləşdiyi yer isə Moskva şəhəridir. Fondun əmlakı tərəflərin maliyyə və maddi vəsaitləri, resursları, iş və xidmətlər şəklində könüllü töhfələri, hüquqi və fiziki şəxslərin könüllü ianələri, xeyriyyə və mədəni tədbirlərin, lotereyaların keçirilməsindən əldə olunan gəlirlər vasitəsi ilə təşkil olunur. Hörmətli Ziyafət müəllim, ümumiyyətlə, bu xarakterli fondların məqsəd və vəzifələri barədə Milli Məclisdə dəfələrlə danışılıbdır. Müqavilənin vacibliyini nəzərə alaraq millət vəkillərini ona səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Ziyad müəllim. Hörmətli deputatlar, bu sənəd Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında da müzakirə olunub. Səməd müəllim, əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu, çox sağ olun. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İcraçı direktorunun və İcraçı Direksiyası əməkdaşlarının vəzifə maaşlarının hesablanma sxemi və pul təminatı dərəcəsinin müəyyən edilməsi qaydası haqqında” Qərarın təsdiq edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Yuxarıda qeyd etdiyim fondla əlaqədar fondun icraçı direktoru və İcraçı Direksiyasının əməkdaşlarının vəzifə maaşlarının hesablanması sxemi də elə pul təminatı dərəcəsinin müəyyən edilməsidir. Yəni burada da qeyri-adi bir problem yoxdur, bu, qəbul edilmiş normativlərlə müəyyən edilmiş qaydadır.
Sədrlik edən. Təşəkkür edirəm. Aydındır. Aydın Mirzəzadə, buyurun.
A. Mirzəzadə. Təşəkkür edirəm. Ümumiyyətlə, çox xeyirxah bir məqsəd üçün fond yaradılır. Fondun yaradılmasını müsbət qiymətləndirirəm, amma bizə təqdim edilən sənəddə mən bir suala cavab tapa bilmədim. İş burasındadır ki, MDB-nin 12 üzvünün 12-sinin də bu layihənin üzvü olduğu nəzərdə tutulur və bu iştirakçıların içərisində Azərbaycanla yanaşı, bizim torpaqlarımızı işğal etmiş Ermənistan da var. Azərbaycanın və Ermənistanın bu layihələrdə birgə işləməsi mexanizmi mənim üçün aydın deyil. Burada humanitar sahədə bir çox istiqamətlərdə birgə fəaliyyət nəzərdə tutulur. Bizim Ermənistanla birgə fəaliyyətimiz, əməkdaşlığımız nə cür olacaq? Bir var, ümumi layihələr, burada hər bir dövlətin iştirakı nəzərdə tutulur. Bir də var ki, ayrı-ayrı ölkələrə müəyyən bir sahənin tədqiqatı ilə bağlı və ya humanitar yardımla bağlı kömək nəzərdə tutulsun. Bu baxımdan mən çox istərdim ki, bu sənəddə Azərbaycanın xüsusi bir qeydi olaydı. Məhz söhbət torpaqlar işğaldan azad olana qədər Ermənistanla əməkdaşlığın qeyri-mümkünlüyündən gedir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, aydındır. Bu suala, yəqin ki, mən cavab verə bilərəm. Məsələ burasındadır ki, biz MDB-nin Nizamnaməsini təsdiq edəndə xüsusi bir protokol qəbul etdik. Ermənistanla bağlı məsələlərdə Azərbaycan artıq öz xüsusi rəyini bildirib. Yəni həmişə təkrar olunmasın deyə, biz artıq orada qeyd-şərtimizi etmişik. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.05 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdəki növbəti məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun orqanlarının fəaliyyətinin maliyyə təminatı və onun İcraçı Direksiyasının əməkdaşlarının maksimum sayı haqqında” Qərarın təsdiq edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Bir daha qeyd etmək istəyirəm ki, bu bir sistem halında hazırlanmış sənədlərdir. Əvvəlki sənədlərdə fondun nizamnaməsi, vəzifələri, təsis şərtləri, fondun icraçı direktorunun maaşı və sair göstərilib, bu sənəddə isə fondun orqanlarının fəaliyyətinin maliyyə təminatı və onun İcraçı Direksiyasının əməkdaşlarının maksimum sayı müəyyən olunub. Vəzifələr artdıqca o saylara münasibət də dəyişəcəkdir. Ona görə istərdim ki, bu qanun layihəsinə də müsbət münasibət bildirilsin. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 5
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, biz artıq Milli Məclisdə bir neçə ölkə ilə gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması barədə ikitərəfli müqavilələr imzalamışıq. Bu bir həqiqətdir ki, ikiqat vergitutmanın aradan qaldırılması ölkələr arasında iqtisadi münasibətlərin inkişafına çox müsbət təsir edir.
Son vaxtlar Azərbaycan Respublikasının Prezidenti ilə Bolqarıstan Prezidenti arasında aparılan danışıqlar, iki ölkə arasında əməkdaşlığın inkişafı ikiqat vergitutma məsələsinin aradan qaldırılmasını zəruri edir. Sazişin zəruriliyi və əhəmiyyəti bununla bağlıdır. Konvensiyanın strukturu beynəlxalq standartlara cavab verir və hər iki tərəfi qane edir. Ona görə də belə bir sənədin təsdiqlənməsi, şübhəsiz ki, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına müsbət təsir göstərəcəkdir. Bu gün biz həm bu konvensiyanı, həm də konvensiyanın protokolunu təsdiq etməliyik. Ona görə də istərdim ki, gündəlikdəki 6-cı və 7-ci məsələlər haqqında bir yerdə məlumat verim, amma ayrı-ayrılıqda səsə qoyaq.
Sədrlik edən. Təşəkkür edirəm, aydındır. Çıxış etmək istəyən varmı? Xahiş edirəm, 6-cı məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 5
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Ziyad müəllim qeyd elədi, gündəlikdə duran 7-ci məsələ də həmin Konvensiyanın protokolunun təsdiq edilməsi barədədir. Xahiş edirəm, bu məsələyə də münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 81
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 84
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Hökuməti ilə Fransa Respublikası Hökuməti arasında Maliyyə Protokolunun təsdiq edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! İki ölkə arasında maliyyə protokolu 2007-ci il noyabr ayının 14-də Bakı şəhərində imzalanmışdır. Maliyyə protokolunda müəyyən şərtlər nəzərdə tutulmuşdur. Sənəddə “Maliyyə yardımının məbləği və təyinatı”, “Layihənin maliyyələşməsi qaydaları”, “Maliyyə yardımının yerləşməsinin şərtləri və qaydaları”, “Hesablaşma və ödənişin valyutası” və digər maddələr nəzərdə tutulmuşdur. Hesab edirik ki, belə bir protokolun qüvvəyə minməsi Fransa ilə Azərbaycan arasında iqtisadi münasibətlərin, xüsusilə də maliyyə münasibətlərinin tənzimlənməsinə xidmət edəcəkdir. Protokol Fransa Respublikası Hökuməti adından və Azərbaycan Respublikası Hökuməti adından imzalanıb. Ona görə də bu protokolun da təsdiq edilməsini millət vəkillərindən xahiş edərdim.
Sədrlik edən. Təşəkkür edirəm. Müzakirələrə başlayırıq. Əli Məsimli.
Ə. Məsimli. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu protokolu çox vacib hesab edirəm. Komissiyada da müzakirə olunanda bəzi məqamları demişdim. Hər halda gələcəkdə belə protokollar qəbul olunan zaman müəyyən məqamların nəzərə alınmasını vacib hesab edirəm. Birinci, bu gün bu kreditlərlə bağlı yenə də müxtəlif fikirlər var, buna münasibət bildirmək istərdim. Bu gün Azərbaycanın xaricdən həddindən artıq aşağı faizlərlə, güzəştli, uzunmüddətli kreditlər almasına ehtiyac var. Ona görə ki, artıq Azərbaycanda ümumi daxili məhsulun adambaşına həcmi 3,5 min dollardır, ona güzəştli kreditlərin verilməsi məhdudlaşacaq. Ona görə də belə kreditlərin verilməsi vacibdir. Amma eyni zamanda, bu prinsipi də nəzərə almaq lazımdır ki, bu cür güzəştli kreditləri alırıq, özümüzün vəsaitlərini daha əlverişli şəkildə tətbiq edirik. Beləliklə də, özümüzün vəsaitlərindən və bu cür güzəştli kreditlərdən səmərəli istifadə edib, ikiqat səmərə götürürük. Amma, məsələn, 3–4 faizlə kredit verib, 7–8 faizlə kredit alınması məsələsinin xeyli dərəcədə müzakirə olunmasına ehtiyac var.
Bu sənəddə, hesab edirəm, Azərbaycanın xeyrinə olan xeyli şərtlər var. Müqavilənin maliyyələşdirilməsi bilavasitə Azərbaycan qanunvericiliyinə riayət olunmaqla həyata keçiriləcək. Kredit 7 illik güzəşt nəzərdə tutulmaqla 21 il müddətinə verilir. Faiz dərəcəsi simvolik xarakter daşıyır, illik 1,5 faizdir. Həddindən artıq əlverişlidir, amma burada deyilməsi gərək olan müəyyən məqamlar var. Burada məqsəd Azərbaycanın iqtisadi inkişafına yardım etməkdir. Hesab edirəm ki, sənəddə kreditin hansı məqsədlə alınması, verilməsi məsələsinin konkretləşdirilməsinə ehtiyac var. Bu, abstrakt şəkildə qoyulub. Bir də, xahiş edirəm, 1-ci və 3-cü maddələrə fikir verin, başlıqlar düzgün qoyulmayıb. Burada söhbət maliyyə yardımından gedir və maliyyə yardımı da qaytarılmır. Burada konkret qrafik qoyulub ki, həmin vəsait 14 il müddətinə ildə 2 dəfə olmaq şərti ilə qaytarılacaq. Burada güzəştli kreditdən söhbət gedə bilər. Ona görə də 1-ci və 3-cü maddələrin başlıqlarında “maliyyə yardımının” sözləri “güzəştli kreditlər” ifadəsi ilə əvəz olunmalıdır. Ona görə ki, həm protokolun özündə, həm də digər başlıqlarda söhbət bilavasitə güzəştli kreditlərdən gedir. Ola bilər ki, bu, tərcümə zamanı buraxılan texniki xarakterli səhvdir. Amma hər halda gələcək müqavilələrdə bunun nəzərə alınmasını vacib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında gömrük məsələlərində və gömrük yol hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Adı çəkilən sazişin əsas əhəmiyyəti ondan ibarətdir ki, hər iki dövlət qarşılıqlı informasiya mübadiləsi əldə etmək imkanı qazanır. Gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması, tədqiq edilməsi və ona qarşı mübarizə aparılması məqsədi ilə hər iki tərəf bir-birini zəruri məlumatlarla təmin edir. Tərəflər dövlətlərdən hər hansı birinin gömrük qanunvericiliyini pozan və ya pozması şübhə doğuran şəxslər barədə, malların qeyri-qanuni daşınmasında istifadə olunan yeni vasitə və metodlar barədə, qeyri-qanuni daşınma obyekti olması məlum olan mallar barədə, dövlətlərdən hər hansı birinin gömrük qanunvericiliyinin pozulmasında istifadə olunan və ya istifadə olunması şübhə doğuran nəqliyyat vasitələri barədə və eləcə də narkotik maddələr barədə bir-birini məlumatlandırırlar.
Bu sazişə aid olan bütün sorğular yazılı şəkildə verilməlidir. Bəzi hallarda yardım göstərmək öhdəliyindən imtina etmək olar. Əgər sorğu alan gömrük orqanı yardım göstərilməsinin dövlətin suverenliyinə, ictimai asayişə, təhlükəsizliyə və ya sorğu alan gömrük orqanının mənsub olduğu dövlətin digər mühüm maraqlarına zərər gətirə biləcəyini hesab edirsə, onda bu öhdəlikdən tam və ya qismən imtina edə bilər. Ümumiyyətlə, Ziyafət müəllim, bu xarakterli sazişlər beynəlxalq standartlara uyğun hazırlanır. Bilirsiniz ki, Beynəlxalq Gömrük Komitəsi var və bu cür sazişlər orada da müəyyən yoxlamalardan keçirilir ki, dünya standartlarına uyğun gəlsin. Hesab edirik ki, belə bir sazişin qəbul edilməsi Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında gömrük məsələləri sahəsində əməkdaşlığın inkişafına xeyli kömək edə bilər. Ona görə də millət vəkillərindən xahiş edirəm ki, bu sazişin qəbul edilməsinə səs versinlər. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 104
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin yeddinci Əlavə Protokolunun təsdiq edilməsi haqqındadır. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Gündəlikdə bir-biri ilə bağlı olan 5 məsələ var. İcazə versəniz, mən bu məsələlərlə bağlı ümumi şəkildə məlumat verərdim, sonra onları ayrı-ayrılıqda səsə qoyardıq. Olarmı?
Sədrlik edən. Buyurun, olar.
Z. Səmədzadə. Ümumdünya Poçt İttifaqına üzv olan ölkələrin hökumətlərinin səlahiyyətli nümayəndələri Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin 30.2-ci maddəsinə əsasən nizamnaməyə bir sıra dəyişikliklər etmişlər. Preambulada olan dəyişikliklər, əsasən, İttifaqın vəzifəsi – keyfiyyəti, səmərəli və əlverişli universal poçt xidmətlərinin sabit inkişafına təkan vermək məqsədi ilə bağlıdır. 1-ci maddədə təriflərlə bağlı dəyişikliklər edilmişdir. Bundan başqa, 22-ci, 30-cu və 31-ci maddələrdə texniki dəyişikliklər edilmişdir.
Gündəlikdəki digər məsələ Ümumdünya Poçt İttifaqının ümumi reqlamentinin təsdiq edilməsi haqqındadır. Ümumdünya Poçt İttifaqında üzv olan hökumətlərin səlahiyyətli nümayəndələri Ümumdünya Poçt İttifaqının ümumi reqlamentinə bir sıra müddəalar işləyib hazırlamışlar. Bu müddəaların mahiyyəti nizamnamənin tətbiqini gücləndirmək və İttifaqın fəaliyyətini daha səmərəli etməkdən ibarətdir.
Ümumdünya Poçt Konvensiyası Yekun Protokolu. Ümumdünya Poçt İttifaqına üzv olan ölkələrin hökumətlərinin səlahiyyətli nümayəndələri bu konvensiyanın beynəlxalq poçt xidmətinə tətbiq edilən qaydalarını işləyib hazırlamışlar. Bu qaydalar 4 hissədən ibarət tərtib edilmişdir. Birinci hissədə beynəlxalq poçt xidmətinə tətbiq edilən ümumi qaydalar öz əksini tapmışdır. Bu hissədə təriflər, prinsiplər, poçt tarifləri, onların ödənilmə qaydası, poçt markaları və təhlükəsizlik məsələləri göstərilmişdir. İkinci hissədə məktub korrespondensiyasına və poçt bağlamalarına tətbiq edilən qaydalardan söhbət gedir. Bu hissəyə xidmətlərin göstərilməsi və məsuliyyət məsələləri daxil edilmişdir. Gömrük nəzarəti, gömrük rüsumları və digər ödənişlər, həmçinin hərbi hissələrlə bağlı göndəriş mübadiləsi də burada öz əksini tapmışdır. Xarici ölkələrdə məktubların çatdırılması ilə bağlı müddəalar da bu hissədə göstərilmişdir.
Üçüncü hissə ödənişlərlə bağlıdır.
“Poçt ödəniş xidmətləri haqqında” Sazişin imzalanması da zəruridir. Sazişin əsas məqsədi poçt-pul vəsaitlərinin ötürülməsi üçün nəzərdə tutulan bütün poçt xidmətlərini tənzimləməkdən ibarətdir. Sazişdə poçt-pul baratları ilə bağlı ayrıca fəsil də nəzərdə tutulmuşdur. Buraya xidmətlərin təyin edilməsi, ödəniş tapşırıqları və tariflər daxildir. Saziş 7 fəsil, 23 maddədən ibarətdir. Məlumat üçün bildirim ki, İqtisadi siyasət daimi komissiyasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları bütün bu məsələlər barədə ətraflı məlumat verdilər. Onu da bildirdilər ki, müəyyən çətinliklərə baxmayaraq, son illərdə Azərbaycanda poçt xidmətləri inkişaf edib və onun beynəlxalq münasibətlərdə rolu artıb. Millət vəkillərindən xahiş edərdik ki, gündəlikdəki bu məsələlərə də ayrı-ayrılıqda öz münasibətlərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
 Sədrlik edən. Onda xahiş edirəm, 10-cu məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 98
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  100
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
11-ci məsələ Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinin təsdiq edilməsi haqqındadır. Çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 4
İştirak edir 101
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
12-ci məsələ Ümumdünya Poçt Konvensiyasının təsdiq edilməsi haqqındadır. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolunun təsdiq edilməsi haqqındadır. Çıxış etmək üçün yazılan yoxdur. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 4
İştirak edir 103
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
14-cü məsələ “Poçt ödəniş xidmətləri haqqında” Sazişin təsdiq edilməsi barədədir. Yazılan yoxdur. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəlikdəki növbəti məsələ Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının 20-ci maddəsinin 1-ci bəndinə təklif edilmiş dəyişikliyin təsdiq edilməsi barədədir. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanovaya söz verilir.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Sağ olun, Ziyafət müəllim. Düzəlişin əsas mahiyyəti nədən ibarətdir? Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatının Qadınların statusu üzrə komissiyası 30 ildən sonra öhdəliyə götürdüyü işin yekunu olaraq “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiya qəbul etdi. Azərbaycan Respublikası 1995-ci ildən həmin konvensiyaya qoşulmuşdur. Konvensiyanın müddəaları içərisində olduqca vacib məqamlar var və bu müddəaları dövlətlərin yerinə yetirməsinə nəzarət üçün xüsusi komitə yaradılmışdır. Bu komitənin iş fəaliyyəti konvensiyanın 17-ci maddəsi ilə tənzimlənir. Son illərdə bu konvensiyanı imzalayan dövlətlərin sayının artması komitənin iş fəaliyyətinin daha da yaxşılaşdırılmasını tələb edir. Konvensiyanın 26-cı maddəsində yazılır ki, hər hansı iştirakçı dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş katibinə konvensiyanın müddəalarına yenidən baxılmasını xahiş edə bilər. Bununla əlaqədar 5 dövlət – Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç hökumətləri müraciət ediblər. Konvensiyanın 20-ci maddəsinin 1-ci bəndinə düzəlişlər edilib.
Düzəlişin mahiyyəti nədən ibarətdir? Mən bununla əlaqədar olaraq 20-ci maddənin həm köhnə, həm də təzə variantını diqqətinizə çatdırmaq istərdim. Köhnə variantda qeyd olunurdu ki, bu komitə konvensiyanın 18-ci maddəsinə uyğun olaraq təqdim edən məruzələrə baxılması üçün, adətən, iki həftədən çox davam etməyən iclaslar keçirir. Kifayət qədər abstrakt yazıldığına və qeyri-müəyyənlik olduğuna görə 20-ci maddənin 1-ci bəndinə belə bir düzəliş təklif olunur: “Komitə konvensiyanın 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş məruzələrin baxılması üçün bir qayda olaraq hər il toplanılır. Komitə iclaslarının müddəti Baş Məclisin təsdiqi ilə hazırkı konvensiyanın iştirakçı dövlətlərinin yığıncağı tərəfindən müəyyən edilir”. Komitənin əsas işi bu məruzələrə baxmaq, ayrı-ayrı dövlətlərin götürdüyü öhdəliklərə nə qədər sədaqətli olduğunu nümayiş etdirməkdir.
Hesab edirəm ki, bu, kifayət qədər vacib və gözəl düzəlişdir. Azərbaycan dövləti də humanist, demokratik prinsiplərə sadiq qalaraq hər il belə bir məruzə təqdim edir. Bu, kifayət qədər vacib düzəlişdir və hörmətli həmkarlarımı buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Müzakirəyə başlayırıq. Jalə Əliyeva.
J. Əliyeva. Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlarım! Təbiidir ki, hər hansı bir ölkənin inkişafı qadınların iştirakı olmadan mümkün deyil. Ölkənin iqtisadi, siyasi və sosial sahələrində qadınların aktiv iştirakı hər şeydən əvvəl onların kişilərlə bərabər hüquqlarını təmin edən normativ bazanın formalaşdırılmasını tələb edir. Bir qayda olaraq belə bir normativ bazanın əsası kimi beynəlxalq sənədlərə istinad edilir. Bu mənada Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1979-cu il 18 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 30 iyun tarixli qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” BMT-nin konvensiyası xüsusi əhəmiyyəti ilə seçilir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ictimai həyatın bütün sahələrində qadınların aktiv iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən kifayət qədər qanunlar qəbul edilmişdir və həmin qanunlar sayəsində ölkəmizdə qanun siyasətinin hüquqi bazası formalaşmışdır. Şübhəsiz ki, həmin hüquqi bazanın əsasını 1995-ci il 12 noyabr tarixində referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. Əlbəttə ki, ölkəmizdə qadın siyasətinin formalaşmasında BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiyasının xüsusi rolunu qeyd etməmək olmaz. Bu mənada bu gün müzakirəyə təqdim olunan qanun layihəsində həmin konvensiyanın 20-ci maddəsinin 1-ci bəndinin yeni redaksiyada verilməsi təklif olunmuşdur. Həmin bəndin qüvvədə olan mətninə uyğun olaraq komitə hər il aparılan iclaslarında təqdim edilən məruzələrə baxmaq üçün, adətən, 2 həftədən çox davam etməyən iclaslar keçirirdi. Belə məruzələrin dinlənməsi və onların müzakirəsi bəzən daha uzun müddət tələb edir. Bu baxımdan komitənin daha səmərəli fəaliyyət göstərməsi məqsədi ilə konvensiyanın 20-ci maddəsinin 1-ci bəndinə edilən düzəliş çox konstruktiv bir dəyişiklikdir. Həmin düzəlişə uyğun olaraq komitənin hər il toplanmalı olduğu iclaslarının müddəti artıq iştirakçı dövlətin yığıncağı tərəfindən müəyyən ediləcəkdir ki, bu da öz növbəsində məruzənin müzakirəsi ilə bağlı təşkilati fəaliyyətin həyata keçirilməsində vaxtdan düzgün istifadəyə yardımçı olacaqdır.
Hörmətli millət vəkilləri, mən bu gün müzakirə etdiyimiz layihə ilə həm birbaşa, həm də dolayısı ilə bağlı olan bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üçün əməli addımların atıldığı, qadınlara zor tətbiq edilməsinə qarşı mübarizə aparıldığı, qadın hüquqlarına böyük bir hörmətlə yanaşıldığı bir şəraitdə mən bugünkü günümüzün reallığına və probleminə çevrilmiş bir məsələ ilə əlaqədar narahatlığımı sizinlə bölüşmək və nikahına xitam verilmiş qadınların hüquqlarının müdafiəsi ilə əlaqədar məsələyə toxunmaq istəyirəm. Hörmətli həmkarlarım, bilirəm ki, siz bununla əlaqədar çoxsaylı müraciətlər alırsınız. Xüsusilə də qadın həmkarlarıma öz həmcinslərindən bununla əlaqədar çoxsaylı müraciətlər olur. Həm öz seçicilərimiz, həm də ölkənin digər regionlarından olan seçiciləri – hüquqları tapdalanan qadınlar bizə çox sayda müraciət edirlər. Bizə müraciət edən qadınların şikayətinin əsas mahiyyətini nikaha xitam verildikdən sonra onların yaşayış sahəsindən məhrum edilməsi, övladları ilə birlikdə evsiz qalması və keçmiş ərləri tərəfindən onlara heç bir yardımın göstərilməməsi təşkil edir.
Bu məsələlər dolayısı ilə mülkiyyət hüququ ilə əlaqədar olan məsələlərdir. Lakin mənzilin mülkiyyətçisi olan ər tərəfindən övladlarının və həyat yoldaşının mənzildən çıxarılması, gəlin, qəbul edək ki, heç bir əxlaq normalarına sığmır. Təəssüflər olsun ki, belə problemlərlə üzləşən anaların, qadınların sayı gündən-günə artır. Bu qadınlar bu ölkənin vətəndaşlarıdır və onlar haqqında düşünmək bizim vəzifəmizdir. Düşünürəm ki, yuxarıda toxunduğum məsələnin qismən həlli ilə bağlı olaraq mənzilə mülkiyyət hüququ olan ərin nikaha xitam verildikdən sonra keçmiş arvadının öz uşağı ilə yaşamasına imkan verən kompensasiya ödəmək vəzifəsini müəyyən edən normalar Mülki Məcəllədə təsbit olunmalıdır. Bu, şübhəsiz, atanın öz uşağını saxlamaq və onun gələcəyini təmin etmək vəzifəsindən irəli gələn bir öhdəlikdir.
Bu məsələnin həllinin digər bir yolu da nikah müqaviləsi ilə bağlıdır. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikaha daxil olan şəxslər arasında nikah müqaviləsinin bağlanması hüququ müəyyən edilmişdir. Lakin təəssüflər olsun ki, bu məsələ bəzi mental düşüncələrə görə ölkəmizdə geniş tətbiq olunmur. Bunun da əsas səbəblərindən biri nikah müqaviləsinin əhəmiyyətinin təbliği sahəsində işlərin aparılmamasıdır. Nikah bağlamaq səlahiyyətini həyata keçirən müvafiq orqanların, vəzifəli şəxslərin üzərinə nikaha daxil olmaq haqqında ərizəni qəbul edən zaman tərəflərə nikah müqaviləsinin əhəmiyyəti, onun bağlanmamasının gələcəkdə meydana çıxa biləcək hüquqi nəticələri haqqında məlumat vermək vəzifəsi qoyularsa və bu amil Ailə Məcəlləsinə daxil edilərsə, düşünürəm ki, biz Milli Məclis olaraq bu problemi qismən də olsa, həll etmiş olarıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Jalə xanım, o məsələlər Ailə Məcəlləsinin predmetinə daxildir. Zəhmət olmasa, onu Hadi müəllimə verərsiniz, elə bir zərurət varsa, ona baxmaq olar. Hadi müəllim, sizin komissiyada da bu məsələ müzakirə olunub. Buyurun.
H. Rəcəbli. Minnətdaram, Ziyafət müəllim. Həm Rəbiyyət xanım, həm də Jalə xanım bu məsələ ilə bağlı geniş məlumat verdilər. Mahiyyət nədən ibarətdir? Burada qeyd olunur ki, bir qayda olaraq hər il toplanır və bir də, 14 gün müddətini artıq iclasın ixtiyarına buraxıblar, özləri müəyyənləşdirirlər.
Jalə xanımın dediyi məsələyə gəldikdə isə nəzərinizə çatdırım ki, bu gün bizdə Ailə Məcəlləsinin monitorinqi aparılır. Burada bir sıra qanun boşluqları var. Mən Rusiyadan misal gətirmək istəyirəm, orada alimentlə bağlı çox ciddi imperativ norma qoyublar. Hətta kişinin mülkiyyətinin satılıb aliment kimi uşağa verilməsi məsələsi bir qayda kimi qanunda təsbit olunub. Burada o məsələlər öyrənilir. İmkan olsa, Siz deyən kimi, Jalə xanım o sənədləri bizə versə, biz o məsələlərə baxarıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Yaponiya ilə Sovet Sosialist Respublikaları İttifaqı arasında bağlanmış müqavilələrin Azərbaycan Respublikasına münasibətdə hüquq varisliyi ilə əlaqədar Azərbaycan Respublikası və Yaponiya arasında notalar mübadiləsinin təsdiq edilməsi haqqında Əli müəllim məlumat verəcək. Buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Sağ olun. Ziyafət müəllim, tamamilə haqlısınız ki, bu, doğrudan da, maraqlı məsələdir və ilk dəfədir, parlamentdə buna oxşar bir müqavilə təsdiq olunur. Bu müqavilə Yaponiya ilə müstəqil Azərbaycan Respublikası arasında münasibətlərin inkişafı baxımından müasir dövrdə çox mühüm əhəmiyyətə malikdir. Çünki Yaponiya tərəfi Azərbaycanla digər müqavilələrin, o cümlədən iqtisadi müqavilələrin bağlanması üçün öncədən bu müqavilənin təsdiq olunmasını təklif etmişdir. Azərbaycan tərəfi isə bütün sənədləri çox ciddi öyrənmiş, xarici işlər nazirinin müavini Yaponiyada olmuş, sadəcə, Yaponiya tərəfinin təqdim etdiyi siyahı ilə deyil, digər müqavilələrlə tanış olmuş və razılıq əldə edilmişdir.
Ziyafət müəllim, Siz hamımızdan yaxşı bilirsiniz ki, 1991-ci ildə müstəqillik əldə olunanda bəyan etmişdik ki, biz SSRİ-nin bağladığı müqavilələri tanımayacağıq, hətta hər hansı bir müqavilə bağlanıbsa, mütləq yenidən həmin məsələlərə baxılacaq. Ona görə də SSRİ-nin başqa ölkələrlə bağladığı müqavilələrlə bağlı bizim problemimiz yoxdur. Hətta hansısa bir ölkə ilə bağlı müqavilə qüvvədədirsə, biz ona yenidən qayıdırıq. Amma köhnə müddəalarla yox! Bu müqavilənin birinci hissəsində Azərbaycan ilə Yaponiya arasında tətbiq olunmayacaq, ikinci əlavədə isə Azərbaycanla Yaponiya arasında tətbiq olunacaq müqavilələrin siyahısı verilib. Amma burada 3-cü bənddə çox vacib bir qeyd var ki, sazişlərə münasibətdə hər iki hökumət bu cür müqavilələrin və digər beynəlxalq sazişlərin, faktiki olaraq, tətbiqinə zərurət yarananda onu tətbiq etmək barədə razılığa gələcəklər. Beynəlxalq hüquq baxımından, habelə bu sazişin icrası baxımından bütün problemli məsələlər həll olunub, yəni Azərbaycan yenə də bu məsələdə öz müstəqil mövqeyini saxlamış olur. Ona görə də hesab edirəm ki, bizim münasibətlərin, o cümlədən iqtisadi münasibətlərin inkişafı baxımından bu sənəd çox əhəmiyyətlidir və deputat həmkarlarımdan xahiş edirəm, bu sənədə səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif olacaq? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “2008–2010-cu illər üçün cinayətkarlıqla mübarizədə birgə tədbirlərə dair Dövlətlərarası Proqram haqqında” Qərarın təsdiq edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, bu Proqramla bağlı qeyd etmək istəyirəm ki, o, Düşənbə şəhərində imzalanıb və prinsipcə çox əhəmiyyətlidir və özündə MDB üzvü olan dövlətlərin cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığını ehtiva edir. Qanunvericiliklə bağlı elə məsələlər var ki, biz MDB ölkələri arasında öndəyik. Məsələn, antikorrupsiya qanunvericiliyi və sair. Amma demək istəyirəm ki, burada cənab Prezidentin xüsusi rəyi var: “Milli qanunvericiliyin harmonizasiyası və təhsil müəssisələrinə və elmi tədqiqat müəssisələrinə MDB çərçivəsində baza təşkilatları statusunun verilməsini nəzərdə tutan müddəalar istisna olmaqla”.
Yəni belə deyək, çox da vacib olmayan bir sıra məsələlər istisnadır. Azərbaycan dövləti Proqramın hər bir tədbirində öz iştirakı haqqında ayrı qərar qəbul edəcək. Yəni demək istəyirəm ki, bu xüsusi rəy həmin Proqramın icrası ilə bağlı bizi tam səlahiyyətli edir. İstənilən məsələ ilə bağlı, yəni milli qanunvericiliyin harmonizasiyası və təhsil müəssisələrinə və elmi tədqiqat müəssisələrinə baza təşkilatları statusunun verilməsini nəzərdə tutan müddəalar istisna olmaqla, Azərbaycan tərəfi müstəqil qərar qəbul edəcək. Ona görə mən həmin müddəaların üzərində dayanmaq istəmirəm. Nə qədər ki Azərbaycan özü qərar qəbul etməyib, Azərbaycan tərəfini qane etməyən heç bir müddəa işləməyəcək. Ona görə hesab edirəm ki, burada heç bir problem yoxdur və sənədə səs vermək mümkündür. Çox sağ olun.
Sədrlik edən. Aydındır, sağ olun. Səsə qoyaq. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi


Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Hesablama Palatası haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi zərurətinin yaranmasını respublikada dövlət idarəetmə sistemində aparılan islahatların və ölkə iqtisadiyyatının uğurlu inkişafının nəticəsi kimi qiymətləndirmək lazımdır. Təklif olunan dəyişikliklərin bir qismi bəzi qanunvericilik aktlarına əvvəllər edilmiş əlavələr və dəyişikliklərlə bağlıdır. Bir sıra dəyişikliklər isə Palatanın fəaliyyətində çevikliyin təmin olunmasına, onun nəzarət funksiyalarının səmərəliliyinin artırılmasına, o cümlədən qəbul edilən qərarların təsirinin artırılmasına xidmət edir.
Birincisi, Palatanın fəaliyyətinin idarə olunması ilə bağlı dəyişikliklərə, ilk növbədə, Palatanın Kollegiyasının yaradılması haqqında maddə aid edilir. Hazırda mövcud qanunvericiliyə əsasən Palatada hər bir əhəmiyyətli qərar yalnız Palata üzvlərinin iştirak etdiyi iclasda qəbul edilə bilər. Palatanın hazırda 8 üzvü var. Onun biri Naxçıvanda işləyir. Beləliklə, çevik qərarların qəbulu üçün iclaslarda kvorumun təmin edilməsi üçün bir sıra hallarda çətinliklər yaranır, digər tərəfdən, nəzarət fəaliyyəti aparan struktur bölmələrinin rəhbərliyinin qərar qəbulunda iştirakı mümkün olmur. Biz keçən dövrlərdə bu kimi halların mənfi nəticələr verdiyinin şahidi olmuşuq.
Hesablama Palatasının mühüm dövlət idarəetmə orqanı kimi çıxaracağı qərarların əhəmiyyətini nəzərə aldıqda onların hərtərəfli əsaslandırılması olduqca vacibdir. Eyni zamanda, digər dövlət orqanlarının idarəetmə mexanizmində də kollegiyalar var və onların fəaliyyəti bütövlükdə müsbət qiymətləndirilir. Nəzarət orqanlarının dünya təcrübəsində də kollegial qərar qəbul qaydasından geniş istifadə edilir.
İkincisi, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasına nəzarəti də həyata keçirir. Lakin Palata əməkdaşlarının tez-tez Naxçıvana ezam edilməsi və onların oradakı fəaliyyətinin maddi-texniki təminatının həyata keçirilməsi bir sıra məlum çətinliklər yaradır və səmərəsiz xərclərə səbəb olur. Ona görə də belə hesab olunur ki, dünya təcrübəsində olduğu kimi, daha doğrusu, MDB məkanında olduğu kimi, Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasına nəzarəti təmin etmək məqsədi ilə Hesablama Palatasının yerli strukturunun yaradılmasına ehtiyac yaranır.
Üçüncüsü, qanun layihəsinə təklif edilən növbəti dəyişiklik Palatanın təminatı ilə bağlıdır. Məlumat üçün bildiririk ki, dünya təcrübəsində, o cümlədən Lima Bəyannaməsində ali nəzarət orqanlarının ən yüksək təminata malik olması mühüm şərt kimi qoyulur. Bir çox ölkələrdə nəzarət orqanlarının əmək haqqı dövlət idarəetmə sistemində ən yüksək səviyyədə müəyyənləşdirilir. Məsələn, Böyük Britaniya, Norveç, Estoniya, Rusiya, Belarus, Çex, Gürcüstan və sair ölkələrdə. Bizim ölkədə də son zamanlaradək Hesablama Palatasının təminatı Milli Məclis səviyyəsində olmuşdur. “Dövlət qulluğu haqqında” Qanunun tətbiqindən sonra vəziyyət dəyişmişdir. Lakin Hesablama Palatasına yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi, aparılan nəzarət tədbirlərində mümkün ola biləcək neqativ halların qarşısının alınması üçün qanunvericiliyə dəyişiklik edilməsi, fikrimizcə, çox vacibdir.
Dördüncü, qüvvədə olan qanunvericiliyə əsasən nəzarət tədbirinin nəticələri üzrə aşkar edilmiş pozuntuların aradan qaldırılması, qanunazidd qərarların icrasının dayandırılması, dövlətə vurulmuş ziyanın ödənilməsi, vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə Hesablama Palatası nəzarət tədbirləri keçirmiş qurumların rəhbərlərinə və müvafiq dövlət orqanlarına təqdimatlar göndərir. Lakin qanunlarda təqdimatlara baxılması müddəti müəyyən edilmədiyindən və təqdimatların icrası ilə bağlı digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmadığından qanunazidd olan qərarların icrasının dayandırılmasında, dövlətə vurulmuş ziyanın ödənilməsində çətinliklər yaranır. Hesablama Palatası tərəfindən verilmiş təqdimatlar icra edilmədikdə qeyd edilən problemləri aradan qaldırmaq üçün müvafiq idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə qanunvericilikdə nəzərdə tutulmuş müdafiə olunan xərc maddələri istisna olmaqla, əməliyyatların dayandırılması kimi təsir vasitəsinin seçilməsi məqsədəmüvafiqdir.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, bu dəyişikliklər, həqiqətən də, çox zəruridir. Respublika həyatında ildən-ilə artan maliyyə resursları, həmin resurslardan səmərəli istifadə edilməsi, onların şəffaflığının təmin edilməsi, dövlət büdcəsindən ayrılan vəsaitlər üzərində düzgün nəzarətin təmin edilməsində, heç şübhəsiz ki, Hesablama Palatasının ali maliyyə nəzarəti orqanı kimi rolunun artırılması çox vacibdir. Bu məsələ dəfələrlə dövlət başçısı tərəfindən də birmənalı şəkildə bildirilmişdir. Heç şübhəsiz ki, cənab Prezidentin bu barədə təşəbbüsü də Hesablama Palatasının Azərbaycanın dövlət strukturları içərisində rolunun artırılmasına, eyni zamanda, maliyyə vəsaitlərinin daha səmərəli istifadə edilməsinə, korrupsiyanın aradan qaldırılmasına əməlli-başlı kömək edəcək. Ona görə də millət vəkillərini bu məsələdə də yekdil olmağa çağırıram.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim bu məsələni kifayət qədər əsaslandırdı. Doğrudan da, mən də hesab eləyirəm ki, bu, Palatanın çevik fəaliyyətini və sosial təminatını təmin etmək məqsədilə olduqca vacib dəyişikliklərdir. Ona görə də, yəqin ki, etiraz yoxdur. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Mən qısaca onu demək istəyirəm ki, qiymətli metallarda əyar damğasının həkk olunması, bilirsiniz ki, planlı təsərrüfatın bir elementi idi. Hazırda bizdə bazar iqtisadiyyatıdır, müstəqil dövlətdir və buna görə də bu, artıq heç bir əhəmiyyət daşımır, ona görə təklif olunan variant daha dəqiqdir: “Qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan...”. Millət vəkillərindən bu düzəlişə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Etiraz yoxdur, buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.49 dəq.)
Lehinə  90
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi haqqındadır. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Hörmətli millət vəkilləri, bilirsiniz ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun xüsusi rütbələr nəzərdə tutan şəxslərlə bağlı əmək münasibətlərini tənzimləyir. Ancaq prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan şəxslər də, yəni mülki şəxslər də fəaliyyət göstərir və həmin şəxslərin əmək münasibətlərinin tənzimlənməsi baxımından belə bir düzəliş təklif olunur ki, bu münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənsin. Xahiş edirəm, səs verəsiniz.
Sədrlik edən. Çıxış etmək istəyən varmı? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədədir. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu dəyişiklik polis əməkdaşlarının təminatı ilə bağlıdır. Burada söhbət xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan polis əməkdaşlarına və onların ailə üzvlərinə müvəqqəti mənzil şəraiti üçün yaşayış məntəqəsindən asılı olaraq müavinətin verilməsindən gedir. Ziyafət müəllim, onu da yada salmaq istəyirəm ki, təxminən bir neçə il bundan öncə biz bu müavinətin məbləğini qanunvericilikdə müəyyənləşdirmişik. Ona görə də bu düzəlişə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli deputatlar, mən nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün bizim gündəlikdə 35 məsələ durur. İndi biz artıq 23-cü məsələni müzakirə eləyirik. Bilirsiniz ki, müzakirə olunan qanun layihələrinin tam əksəriyyəti qanunlara əlavə və dəyişikliklərlə bağlıdır. Bizim deputat həmkarımız, o cümlədən İmamverdi müəllim təklif edir ki, əgər etiraz yoxdursa, saat 3-ə qədər işləyək. Ekoloji kənd təsərrüfatı haqqında məsələ qalacaq. Təklif olunur ki, qalan məsələlərin müzakirəsini saat 3-ə qədər davam etdirək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qəbul olundu, davam edirik. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Hörmətli millət vəkilləri, bu dəyişiklik “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulub. Bu maddə əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin hüquqi və sosial müdafiəsindən bəhs edir. Daha dəqiq desəm, söhbət burada sosial müdafiədən gedir. Əsas fəaliyyət növü kimi, şəxslərin əməliyyat və axtarış fəaliyyətinin subyektləri ilə əməkdaşlıq etdiyi dövr onların əmək stajına daxil edilir. Belə bir müddəa təklif olunur.
Hesab eləyirəm, bu, tamamilə düzgün bir müddəadır, çünki həmin şəxslər ölkədə cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin subyekti kimi çox mühüm rol oynayırlar və onların da sosial təminatı olmalıdır. Diqqətinizə görə çox sağ olun, düzəlişə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Buyurun, zəhmət olmasa, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 86
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Hörmətli millət vəkilləri, bilirsiniz ki, “Atçılıq haqqında” Qanun parlamentdə müzakirə olunub və qəbul edilib. Orada belə bir müddəa var idi ki, atçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulsun. İndi qanunvericiliyin tənzimlənməsi və dəqiqləşdirilməsi baxımından İnzibati Xətalar Məcəlləsinə atçılıq haqqında qanunvericiliyin pozulmasına görə yeni bir maddə əlavə olunur.
Qeyd etmək istəyirəm ki, burada nəzərdə tutulan sanksiyalar həmin inzibati xətaya tam mütənasib, yəni çox da böyük olmayan cərimələrdir. Xahiş edirəm, səs verəsiniz.
Sədrlik edən. Çıxış etmək istəyən yoxdur? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 86
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
24-cü məsələ Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı “Dövlət qulluğu haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklərin edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli millət vəkilləri, “Dövlət qulluğu haqqında” Qanunun 31-ci maddəsi dövlət qulluqçularının attestasiyası haqqındadır. Bilirsiniz ki, gender bərabərliyinin təminatları ilə bağlı müddəalar artıq qəbul olunmuşdur və qüvvədədir. Belə deyək, bu hüquqlarda, bu məsələlərdə tamamilə eynilik var. Ona görə də mötərizədəki əlavə ondan ibarətdir ki, qadınlarla yanaşı, uşağını təkbaşına böyüdən kişilər də işə çıxdıqdan sonra bir ildən tez olmayaraq növbəti attestasiyadan keçməlidirlər. Hesab eləyirəm ki, çox ədalətli yanaşma olub. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Gender bərabərliyi tamamilə məntiqə uyğundur. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf  0
Səs vermədi  5
İştirak edir  94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, yəqin, bu qanun layihəsi ilə tanış olmusunuz. Mən qısaca nəyi demək istəyirəm? “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun var, mövcuddur və bu məsələləri tənzimləyir. Amma etiraf etməliyik ki, bütövlükdə bütün sahələrdə, o cümlədən incəsənətin, yazıçılıq fəaliyyətinin, yaradıcılıq fəaliyyətinin bütün sahələrində çox geniş inkişaf var. Son dövrlərdə, xüsusən mədəniyyət sahəmizdə, kino və digər sahələrdə, əlbəttə, problemlər də mövcuddur və bəzən bu problemlər müəllifləri narahat etməyə bilməz. Söhbət burada müstəsna hallardan gedir.
Demək istəyirəm ki, biz müvafiq dövlət orqanı ilə bu məsələləri hazırlamışıq və birgə məşğul olmuşuq. Təqdim olunmuş əlavələr və dəyişikliklər mövcud pozuntuların qarşısını almağa yönəlib və hesab eləyirəm ki, çox əhəmiyyətlidir. Yəqin ki, siz də mətbuatdan izləyirsiniz, ayrı-ayrı hallarda müxtəlif müəlliflər tərəfindən onların müəlliflik hüquqlarının pozulması ilə bağlı çıxışlar olur. Mən deyə bilmərəm ki, bu problemə birdəfəlik son qoymaq mümkün olacaq. Çünki bu problemlər bütün dünyada mövcuddur. Amma düşünürəm ki, biz bu əlavə və dəyişiklikləri qəbul etsək, hər halda bu cür qanunsuz halların qarşısını almaq üçün bir mexanizm yaratmış olacağıq. Ona görə də mən millət vəkillərindən bu əlavə və dəyişiklikləri dəstəkləməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Müzakirəyə başlayırıq. Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Mən də bu əlavə və dəyişiklikləri dəstəkləyirəm. Amma burada bəzi məsələlərlə bağlı təkliflərim var və qısaca münasibətimi bildirmək istəyirəm. 3-cü maddədə göstərilir ki, “beynəlxalq müqavilələrə uyğun olaraq və qarşılıqlı prinsiplər əsasında...”. Məncə, bunun “qarşılıqlı prinsiplər” yox, “hüquqi razılaşmalar əsasında” olması daha məqsədəuyğundur. Çünki prinsiplərin müəyyən olunması bir az qanunvericilik baxımından mücərrəddir.
İkincisi, 6-cı maddədə bəzi elmi, ədəbi əsərlər göstərilib. Ədəbi əsərlər kateqoriyasında, məncə, müsahibələrin də müəyyən bir formada yer alması məqsədəuyğundur. Çünki dünya klassiklərinin və ya başqa tanınmış şəxslərin elə müsahibələri olur ki, onların böyük bir əsər səviyyəsində əhəmiyyəti olduğunu dəfələrlə müşahidə etmişik. Bu müsahibələr ayrıca kitab formasında da dərc olunur. Burada elmi-publisistik janrda olan əsərlərin də müəlliflik hüququ məsələsinə yer vermək doğru olardı.
Eyni zamanda, 6-cı maddədə müəlliflik hüququnun obyekti olan əsərlər sadalanır. Məncə, burada imkan yaratmaq lazımdır ki, 7-ci maddədə nəzərdə tutulmayan digər əsərlər də olsun. Məsələn, sonradan elə məsələlər ortaya çıxa bilər və o zaman müəlliflik hüququ ilə bağlı mübahisələr çətinlik yaratmamalıdır.
13-cü maddənin 3-cü bəndində göstərilir ki, əgər “xidməti əsər işəgötürən tərəfindən heç bir əsas olmadan 3 il müddətinə istifadə olunmasa, əsərdən istifadəyə müstəsna hüquqlar müəllifə keçir”. Məncə, bunu qanunda göstərmək doğru olmaz. Bunu həmin əsərin müəllifi ilə, ya da tərəflər arasında razılaşmada nəzərdə tutmaq olar. Çünki qanunda belə bir müddəanın nəzərdə tutulması hüquqların pozulmasına gətirib çıxara bilər. Əgər əsəri əldə etmisənsə, ondan istifadə etməmək hüququ da sənə aiddir və məncə, bunu nəzərə almaq yerinə düşər.
Hesab edirəm ki, 14-cü maddənin “q” bəndində göstərilən müddəaya bir əlavə etmək lazımdır. “Əsərini istənilən formada açıqlamaq (ölümündən sonrakı dövr də daxil olmaqla)” ifadəsi əlavə olunmalıdır. Çünki elə əsərlər var ki, müəllifin ölümündən 30 il sonra onun açıqlanması vəsiyyət olunur.
25-ci maddədə göstərilir ki, müəlliflik hüququ onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Məncə, 70 illik müddətin bir az da uzadılmasına ehtiyac var. Əvvəl bizdə 50 il nəzərdə tutulmuşdu. Bəlkə də bunun 100 il müddətinə nəzərdə tutulması daha məqsədəuyğun olardı.
Sonda bir texniki iradımı da bildirmək istəyirəm. 35-ci maddədə kabel yayımı təşkilatının aşağıdakı hərəkətləri həyata keçirmək və ya həyata keçirilməsinə icazə verilməsi hüququndan söhbət gedir. Burada “hərəkətləri həyata keçirmək” termin olaraq, məncə, uğurlu tapılmayıb, “hərəkət etmək və ya etməyə icazə vermək” formasında təqdim olunsa, hesab edirəm, daha məqsədəuyğun olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Əli müəllim, münasibət bildirmək istəyirsiniz?
Ə. Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən demək istəyirəm ki, əlbəttə, 3-cü və 35-ci maddələrdə terminologiya ilə bağlı məsələlərə biz baxa bilərik. Düzü, 6-cı maddə ilə bağlı hörmətli Fazil müəllimin təklifini cavablandıra bilməyəcəyəm. Çünki mən o sahə üzrə mütəxəssis deyiləm. Ədəbi əsərlərə müsahibələr də əlavə oluna bilərmi? Bəlkə əlaqədar komissiyanın sədri münasibət bildirə bilər.
O ki qaldı vaxt məsələsinə, həqiqətən də, Ziyafət müəllim, bu müddətin 50 ildən 70 ilədək artırılması təklif olunmuşdur. Əlbəttə, daha da uzatmaq mümkündür. Amma biz beynəlxalq təcrübəni öyrəndik. Ona görə bu müddət 70 ildir. Mənə elə gəlir ki, bu, normal bir seçimdir. Təxminən 20 il artırılıb. Eyni zamanda, qeyd etmək istəyirəm ki, 14-cü maddədə ölümündən sonra açıqlama ilə bağlı edilən təklif konstruktiv təklifdir. Düşünürəm ki, bununla bağlı qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşma əldə olunsa, buna biz etiraz etmərik.
Sədrlik edən. Təşəkkür edirəm. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 4
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanına əsasən Nazirlər Kabinetinə tapşırılmışdır ki, qüvvədə olan qanunvericilik aktlarının qeyd olunan Qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin. Fərmanın 1.1-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi hazırlanmış və Milli Məclisə təqdim edilmişdir.
Layihədə göstərilən dəyişikliyə əsasən vergi orqanlarının maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə yanaşı, vergi orqanlarının büdcədənkənar fondu hesabına da həyata keçirilməlidir. Eyni zamanda, məlumat üçün bildiririk ki, “Dövlət büdcəsi haqqında” Qanuna əsasən 2008-ci il üzrə Vergilər Nazirliyinin saxlanması üçün ayrılan vəsait 10,2 milyon manat təşkil edir və bu vəsaitin də 30 faizi 3 milyon manata bərabərdir. Bu baxımdan 2008-ci il üçün vergi orqanlarının büdcədənkənar fondu 3 milyon 60 min manatdan artıq olmamaqla yaradıla bilər. Qanun layihəsində tövsiyə olunur ki, başqa büdcədənkənar fondlar da yaradıla bilər. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Hörməti Ziyafət müəllim, iki redaktə xarakterli texniki dəyişiklikdir. Birincisi, “Sosial sığorta haqqında” Qanunda “işəgötürən” sözü “sığortaedən” sözü ilə əvəz olunur. Çünki söhbət sığortadan gedir və həmin Qanunda sığortaolunan məfhumu var. Ona görə də “işəgötürən” sözünü “sığortaedən” sözü ilə əvəz etmişik. Bu da çox məqbul bir düzəlişdir. İkinci düzəliş isə onunla bağlıdır ki, “sığorta olunan” əvvəlki hallarda ayrı yazılırdı, indi isə “sığorta olunan” sözü bitişik yazılır. Ona görə də mən hesab edirəm ki, məqbul dəyişikliklərdir, texniki xarakterli kiçik dəyişikliklərdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Yevda müəllim, bir iradınız yoxdur? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədədir. Mədəniyyət məsələləri daimi komissiyasının üzvü Səfər Məmmədov, buyurun.
S. Məmmədov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvü.
Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə kiçik bir düzəliş olunub. Komissiya bu düzəlişə öz iclasında baxıb və məqbul sayıb. Düzəliş nədən ibarətdir? “Kitab palatasına” sözlərindən sonra “Azərbaycan Mətbuat Şurasına” sözləri əlavə olunub. Millət vəkillərindən xahiş edirik, bu düzəlişə müsbət münasibətlərini bildirsinlər.
Sədrlik edən. Təşəkkür edirəm. Mən üzr istəyirəm, məsələyə Səfər müəllim aydınlıq gətirdi. Siz bilirsiniz ki, biz “Nəşriyyat işi haqqında” Qanunu qəbul edəndə orada dərc olunmuş əsərlərin məcburi olaraq hansı ünvanlara göndərilməsini göstərmişdik. Həmin ünvanların sayı artır. Yəni Mətbuat Şurası da əlavə olunur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Baytarlıq haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Aqrar siyasət daimi komissiyası sədrinin müavini Eldar Quliyev.
E. Quliyev, Milli Məclisin Aqrar siyasət daimi komissiyası sədrinin müavini.
Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Konstitusiyanın 96-cı maddəsini rəhbər tutaraq “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Milli Məclisə qanun layihəsi təqdim etmişdir. Qanunvericiliyə uyğun olaraq layihəyə Aqrar siyasət daimi komissiyasının iclasında baxılmış və Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdi.
Sizə paylanmış layihədə “Baytarlıq haqqında” Qanuna edilən dəyişikliklər və əlavələr öz əksini tapdığına görə onun üzərində geniş dayanmaq istəməzdim. Bu dəyişikliklər və əlavələr Qanunun Avropa ölkələrinin qanunlarına, beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırılması məqsədi ilə aparılır. Bu isə Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərlə əlaqədardır və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcək.
Layihədə diqqəti cəlb edən cəhətlərdən biri özəl baytarlıq təbabəti ilə və baytarlıq preparatlarının istehsalı və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin xüsusi razılıq aldıqdan sonra fəaliyyət göstərməsinə razılıq verilməsini əks etdirən 5.5-ci maddənin əlavə edilməsidir. Həmin maddənin qanuna daxil edilməsi özəl baytarlıq xidmətinə yüksək ixtisaslı kadrların cəlb edilməsini, ixrac və idxal olunan baytarlıq preparatlarının keyfiyyətinin yüksəldilməsini, sanitar qaydalara əməl olunmasında ciddi rejimin tətbiq edilməsini, son nəticədə isə insanların və heyvanların saxlanması və qorunması üçün möhkəm hüquqi zəmin yaradılmasını təmin edəcəkdir.
Hesab edirəm ki, qanun layihəsi “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun təkmilləşdirilməsi baxımından çox əhəmiyyətlidir və onun qəbul olunmasını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çıxış etmək istəyən yoxdur? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə  80
Əleyhinə  1
Bitərəf  1
Səs vermədi  3
İştirak edir  85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədədir. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun, Ziyafət müəllim. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna 12.5-ci maddə əlavə edilir. Bu əlavənin mahiyyəti ondan ibarətdir ki, həmin maddə yaşayış məntəqələrinə şəhər statusunun verilməsinin tələblərini müəyyənləşdirir. Bu tələblər içində belə bir bənd var ki, yaşayış məntəqəsinə şəhər statusu vermək üçün onun əhalisinin sayı ən azı 15 min nəfər olmalıdır. Əlavədə nəzərdə tutulur ki, rayon mərkəzlərinə şəhər statusu verərkən bu məhdudiyyət aradan götürülsün. Yəni daha azsaylı rayon mərkəzlərinə də şəhər statusu verilə bilər. Bu da rayon mərkəzlərinin abadlaşdırılmasına, onun inkişafına çox böyük təkan verəcəkdir. Xahiş edirəm, bu təklifə münasibətinizi bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 78
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 80
Yetərsay yoxdur

Yetərsay yoxdur. Xahiş edirəm, təkrar səs verin, diqqətli olun.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə. Regional məsələlər daimi komissiyasının üzvü Tahir müəllim məlumat verəcək. Tahir müəllim, Siz 3 məsələ üzrə çıxış edəcəksiniz. Xahiş edirəm, 3-ü haqqında da məlumat verin, səsverməni ayrı-ayrı apararıq. Buyurun.
T. Rzayev, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Sağ olun, hörmətli Ziyafət müəllim. Məlum olduğu kimi, son illər ölkədə aparılan iqtisadi inkişaf, eləcə də regionların abadlaşdırılması nəticəsində bir çox kəndlərimiz qəsəbə, qəsəbələrimiz isə şəhər statusu almış, bəzi ərazi vahidlərinin adları dəqiqləşdirilmiş və dəyişdirilmişdir. Ona görə də “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi zərurətə çevrilmişdir. Məlum olduğu kimi, bu yaxınlarda biz Horadiz qəsəbəsinə şəhər statusu vermişik. Ona görə də nəzərdə tutulur ki, “Horadiz qəsəbəsi” sözləri “Horadiz şəhəri” ilə əvəz olunsun.
İkinci məsələ də buna uyğundur. Şahbuz rayonunun Şahbuz qəsəbəsinə biz Şahbuz şəhəri statusu vermişik. Ona görə də nəzərdə tutulur ki, “Şahbuz qəsəbəsi” sözləri “Şahbuz şəhəri” sözləri ilə əvəz edilsin.
Üçüncü məsələ də eyni xarakterlidir. Çünki burada təqdim olunmuş layihədə Ağcabədi, Ağdam, Bərdə, Xanlar, Kürdəmir, Qəbələ, Lerik, Masallı, Neftçala, Saatlı, Salyan, Samux, Şəki, Şəmkir, Ucar rayonlarının ərazilərində bir çox kəndlərin adları qəsəbəyə çevrilmiş, digər adlarda dəyişiklik olunmuş, yeni ərazi vahidləri yaradılmışdır. Ona görə də burada müəyyən dəyişikliklərin olması nəzərdə tutulur.
Sədrlik edən. Sağ olun. Mənə elə gəlir, müzakirəyə ehtiyac yoxdur, çünki bu əlavə və dəyişiklikləri biz artıq təsdiq etmişik. Sadəcə, Qanunda dürüstləşmə aparırıq. Buyurun, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə 31-ci məsələyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
32-ci məsələyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
33-cü məsələyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bugünkü iclasımızın axırıncı məsələsi Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 315-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqındadır. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli. Sağ olun, Ziyafət müəllim. Burada 16 qanuna çox kiçik bir dəyişiklik edilir, amma bu dəyişiklik çox böyük sosial müdafiə elementidir. Əgər Sizin yadınıza gəlirsə, bu məsələ iki il öncə müzakirə olunanda mübahisə mövzusuna çevrilmişdi. Yəni mənzil alınanda, torpaq sahəsi götürüləndə “dövlət ehtiyacları” sözləri ilə bərabər “ictimai ehtiyaclar” məfhumu da işlənirdi. Bu da çoxlu mübahisə doğurmuşdu ki, ictimai ehtiyaclar geniş məfhumdur və bunu necə müəyyənləşdirmək olar?
Sədrlik edən. Biz Mülki Məcəlləyə dəyişiklik edəndə qaldırılan məsələdirmi?
H. Rəcəbli. Bəli. Bu gün 16 qanundan “ictimai ehtiyaclar” sözləri götürülür, yalnız “dövlət ehtiyacları” ifadəsi qalır.
Sədrlik edən. Sağ olun. Bu məsələyə İqtisadi siyasət daimi komissiyasında, Aqrar siyasət daimi komissiyasında, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasında və Regional məsələlər daimi komissiyasında da baxılmışdır. Hamısında mahiyyət eynidir. Əgər danışmaq istəyən yoxdursa, buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.21 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bununla da bugünkü iclasımız sona çatdı. Növbəti iclas ayın 4-də olacaq. Sağ olun.
 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi