2008-ci il 16 may tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  83

Milli  Məclisin  iclas  salonu.    
16  may  2008-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Ə. Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat və Miqrasiya Xidmətinin rəisi.
B. Hacıyev, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hüquq şöbəsinin müdiri.
G. Sadıqov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi.
P. Musayev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat və Miqrasiya Xidməti rəisinin müavini.
M. Nəcəfov, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti rəisinin müavini.
N. Hətəmxanov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi rəisinin müavini.
Ə. Məlikov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Sənədlərin texniki ekspertizası şöbəsinin rəisi.
E. Qənbərli, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aparıcı mütəxəssisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında.
2. “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə.
3. Azərbaycan Respublikası Prezidenti və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında mülki hava daşımaları haqqında” 1997-ci il avqustun 26-da Varşava şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918−2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Biometrik informasiya haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Könüllülük fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

İclasda qəbul edilmişdir:

 1. “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. Azərbaycan Respublikası Prezidenti və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında mülki hava daşımaları haqqında 1997-ci il avqustun 26-da Varşava şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918−2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. Biometrik informasiya haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
10. Könüllülük fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

16  may  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 94
Yetərsay 83

Çox sağ olun, yetərsay var.
Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 86
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, çıxışlara yazılın. 15 nəfər yazılıb. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Düz bir il bundan qabaq bizim tərəfimizdən Milli Məclisdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən yanğınların törədilməsi və bununla əlaqədar olaraq beynəlxalq təşkilatlara müraciət edilməsi məsələsi qaldırılmışdı. Bu sahədə xeyli iş görüldü, monitorinq aparıldı. Amma çox təəssüflər olsun ki, yenə də həmin proses başlayıb.
Əgər işğalçılar Azərbaycan ərazilərini talamaq, yandırmaqdan yorulmursa, biz də bu məsələni qaldırmaqdan yorulmamalıyıq. Ona görə, bir az da dərinə gedib BMT, ATƏT, GUAM və digər beynəlxalq təşkilatların nümayəndələrini Milli Məclisə dəvət edərək Azərbaycanın işğal olunmuş ərazilərində törədilən yanğınlar və ölkəmizin yeraltı sərvətlərinin istismar edilməsi ilə bağlı məsələlərin, eyni zamanda, işğal olunmuş ərazilərdə aparılan total erməniləşmə prosesinin müzakirə olunmasını təklif edirəm. Prezident seçkiləri ilində bu cür təxribatlar çoxalacaq, ona görə də bu məsələlərə diqqətin artırılması vacibdir.
İkinci, taxıl məhsulu ilə bağlı monitorinqin nəticələri göstərir ki, Azərbaycanın 400 min tona qədər taxıl ehtiyatı var. Mən arzulayardım ki, o qədər olsun, amma kəndlinin anbarında olan taxıl hələlik dövlətin deyil. Ona görə də qiymətinə baxmadan Azərbaycanın bir neçə aylıq taxıl ehtiyatının artırılması istiqamətində ciddi tədbirlər görülməlidir. Hesab edirəm ki, yeni taxıl ilində həm Qazaxıstan məhdudiyyəti götürəcək, həm də Azərbaycanda 250−300 min tona qədər əlavə taxıl olacaq və problemimiz aradan qalxacaq. Ona görə də yaxın iki-üç aylıq dövlət ehtiyatının, – kəndlinin anbarında olan ehtiyatdan söhbət getmir, – artırılması istiqamətində ciddi tədbirlərin görülməsini təklif edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İşğal olunmuş ərazilərdəki yanğınlar barədə düzgün məsələ qaldırdınız. Özü də qeyd elədiniz ki, bu istiqamətdə çox iş aparıldı. Bu məsələ bu gün də bizim diqqətimizdədir. Bu yaxınlarda həm Avropa Şurasının Parlament Assambleyasında, həm Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, həm də qanunda bu məsələ çox böyük dəqiqliklə yerini tutacaq. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Mən bu gün deputat həmkarımız İlyas İsmayılovun oğlu ilə bağlı narahatçılığımı bildirmək istəyirəm. Bir qrup millət vəkili həm B.Qrızlova, həm də Rusiyanın Baş naziri V.Putinə müraciət ediblər ki, həmkarımızın oğlu Moskvada həbs olunsa da, qanunsuz olaraq Çelyabinskə aparılıb. İttihamda da qeyd olunur ki, hadisə Moskvada baş verib. Biz də tələb edirdik ki, İlyas müəllimin oğlunun, yəni Etimad bəyin istintaqı Rusiyanın qanunvericiliyinə uyğun olaraq Moskva şəhərində aparılsın. Amma çox təəssüf ki, bizim bu müraciətimizə cavab verilməyib.
Qrızlov bu yaxınlarda Bakıda oldu. Məndə olan məlumata görə, bu məsələ onun da qarşısında rəsmi qaydada qaldırılmayıb. Mən, əlbəttə, bundan təəssüflənirəm. Biz bilirik ki, Rusiya özünün ölüm hökmünə məhkum olunmuş qatillərini Azərbaycandan tələb eləyə bilir. Amma biz tələb eləmirik ki, İlyas müəllimin oğlu barəsində qaldırılmış cinayət işi xətm olunsun. Biz tələb edirik ki, Rusiyanın qanunvericiliyinə əməl olunsun. Rusiya demokratik ölkə olsaydı, bu ölkədə qanunların aliliyi təmin olunsaydı, heç belə bir müraciətə də ehtiyac qalmazdı. Amma biz bilirik ki, bu ölkədə məhkəmələr sifarişlə hökmlər çıxarır, sifarişlə insanlar həbsə atılır. Ona görə biz müraciət etmişdik ki, Rusiyada bu məsələyə qanunların aliliyi təmin olunmaqla baxılsın.
Mən hesab edirəm ki, burada əyləşən hər bir millət vəkilinin yaxın qohumu bu cür qanunsuzluq və özbaşınalıqla rastlaşa bilər. İlyas müəllimin 70-dən artıq yaşı var, – özü burada yoxdur, mən daha rahat danışıram, – bizim ağsaqqal həmkarımızdır və biz onun ailəsində baş vermiş bu məsələyə biganə qalmamalıyıq. Rusiyanın müvafiq orqanlarından tələb eləməliyik ki, qanunvericiliyə əməl olunsun.
Oqtay müəllim, mən hesab edirəm, Milli Məclisin rəhbərliyi gec də olsa, bu məsələni Rusiya Dumasının rəhbərliyinə çatdırmalıdır. Lazım gəlsə, biz onlardan qəti formada, – necə ki vaxtilə Rusiya bizdən tələb edirdi, – bunu tələb eləməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Qüdrət müəllim, biz qəti formada tələb eləyə bilmərik, biz bu işə qarışıb xahiş eləyə bilərik. Biz Rusiyanın məhkəmə orqanından tələb eləyə bilmərik. Sən işin içində deyilsən, İlyas müəllim bizə də müraciət eləmişdi, bu məsələ ilə məşğul oluruq. Yəqin, imkanımız olacaq, kömək edəcəyik. Amma qəti şəkildə necə tələb eləyək? Onlar da qanuna əməl eləyirlər də. Məsələni burada bu cür səsləndirməklə bu işə kömək eləmək olmaz. Xahiş edirəm, belə şeylərə bir az fikir verək. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlarım, dəyərli mətbuat nümayəndələri! Qüdrət Həsənquliyevin qaldırdığı məsələni Müsavat deputat qrupu adından dəstəkləyirik və Milli Məclis rəhbərliyinin, şəxsən Oqtay müəllim, Sizin bu məsələ ilə məşğul olmağınızı rica edirik. Çünki bu məsələ əvvəlcə qaldırılan vaxt ümid verirdi ki, onun Rusiya rəhbərliyi tərəfindən qanun çərçivəsində müzakirəsi olacaq. Ancaq bu hələ baş verməyib, ona görə narahatçılığı nəzərə almağınızı xahiş edirik.
Oqtay müəllim, mən bir dəfə gündəliyin müzakirəsi məsələsinə toxunmuşdum. Biz gündəliyi təsdiq eləyəndən sonra gündəliyin müzakirəsinə keçirik. Amma yaxşı olardı, ya gündəliyi qəbul eləyəndən sonra, ümumiyyətlə, onu müzakirə etməyək ki, gündəliyə əlavə təkliflərimiz olsun, ya da bunun adını cari məsələ qoyaq ki, deputatlar seçildikləri dairədəki problemlərlə bağlı məsələləri qaldırsınlar. Oqtay müəllim, xahiş edirəm, bunu nəzərə alasınız.
Hörmətli Oqtay müəllim, bilirsiniz ki, vaxtilə Sumqayıtda şüşə zavodu fəaliyyət göstərib və orada 1000 nəfərə yaxın işçi çalışıb. Artıq iki ilə yaxındır ki, şüşə zavodu fəaliyyətini tamamilə dayandırıb. Məndə olan məlumata görə, bu gün “Xəzər” Səhmdar Cəmiyyətinin rəhbərliyi Çin Respublikası ilə şüşə zavodunun yenidən qurulmasına dair bir layihə hazırlayıb. Ancaq məndə olan digər qeyri-dəqiq məlumata görə, bu işin həyata keçirilməsi hökumətin hansısa qurumları tərəfindən yubadılır. Ancaq bilirsiniz ki, illik şüşə tələbatı inkişaf eləmiş ölkələrdə adambaşına 1 kvadrat−metr, inkişaf etməkdə olan ölkələrdə 1,5−2 kvadratmetrdir. Bu gün Azərbaycanın adını inkişaf etmiş ölkələr sırasında çəksək, onda məlum olar ki, bizim ildə 10 milyon kvadratmetrə qədər şüşəyə ehtiyacımız var. Bunun bazası Sumqayıtda var. Bilirsiniz ki, milli kadrlarımız işsizlik ucbatından müxtəlif ölkələrə gedirlər. Mən ümid edirəm ki, Oqtay müəllim, Siz də bu layihənin gerçəkləşməsi işində sumqayıtlılara kömək edəcəksiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İkram müəllim, Siz həmişə deyirsiniz ki, Daxili Nizamnaməyə uyğun danışaq. Bu qayda, yəni gündəliyin müzakirəsi də bizim nizamnamədə təsbit olunub. Gündəliyə əlavələr varsa, biz onu müzakirə etməliyik. Əfsuslar olsun ki, biz gündəliyin müzakirəsini kənarda qoyuruq, cari məsələlərdən danışırıq. Amma həmişə deyirik ki, nizamnaməyə riayət eləyək. Şüşə məsələsini də öyrənərik. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də deputat həmkarım Əli Məsimlinin qaldırdığı məsələlərlə həmrəy olduğumu bildirirəm. Hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirlərinin iştirakı ilə Milli Məclisdə Qarabağ ətrafında baş verən məsələlərin müzakirə olunmasına, doğrudan da, ehtiyac var.
Bilirsiniz ki, Azərbaycanda Şuşanın işğalının növbəti ildönümü çox sönük şəkildə qeyd olunduğu bir dönəmdə Xankəndində, Şuşada Şuşanın işğalı ermənilər tərəfindən çox təntənəli şəkildə bayram edildi. Məlumatlara görə, Ermənistanın prezidenti ilə yanaşı, Ermənistanda fəaliyyət göstərən bəzi ölkələrin səfirləri də bu bayram toplantılarında iştirak ediblər. Mən təklif edirəm ki, Milli Məclis olaraq ölkəmizdə fəaliyyət göstərən həmin ölkələrin səfirliklərinə müraciət eləyək. Bu işlə birbaşa məşğul olmalı olan Xarici İşlər Nazirliyinə müraciət eləyək ki, niyə tərəfdaşlıq etdiyimiz ölkələr bizə, bizim faciələrimizə hörmət eləmirlər? Mənə elə gəlir ki, biz bu məsələni mütləq qaldırmalıyıq, çünki fikir vermədikcə, bu, daha da dərinləşir. Məsələn, bəzi Rusiya saytlarında artıq Qarabağ etnik erməni dövləti kimi qeyd olunur. Hətta göstərirlər ki, düzdür, bu ərazi BMT tərəfindən Azərbaycanın ayrılmaz bir hissəsi kimi təsbit olunub, amma burada etnik erməni dövləti qurulduğuna görə biz bu ərazini Ermənistana aid edirik. Mənə elə gəlir ki, hərb sahəsində uduzmağımıza baxmayaraq, heç olmasa, informasiya müstəvisində öz düşmənlərimizlə danışmağı bacarmalıyıq. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Aynur xanım, kim istəsə, sayt aça bilər. Birini də biz açaq, biz də ermənilər deyəni təkzib eləyək. Kimsə sayt açıb, istədiyini deyir, bu, rəsmi Rusiyanın mövqeyi deyil. Rusiya Dövlət Dumasının Sədri burada dedi ki, Azərbaycanın ərazi bütövlüyünü Rusiya tanıyıb, dəstəkləyir. Rəsmi Rusiyanın mövqeyi budur.
İkinci, Şuşa barədə dediniz, Ermənistanın yeni seçilmiş prezidenti Şuşaya gələndə Şuşanın icra başçısını adam yerinə qoymadı. Sübut elədi ki, siz elə bizim vassallarsınız. Bu, söyüş kimi oldu. Biz məsələni şişirdirik, deyirik ki, orada bayram ediblər. Təyyarədən düşəndə Şuşanın icra başçısını adam yerinə saymadan keçib getdi. Orada bayram-zad olmayıb, bunu şişirtməyiniz düzgün deyil. Aqil Abbasov.
A. Abbasov. Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən bir məsələni burada qeyd etmək istəyirəm. Bizim parlamentin tarixində ilk dəfə bir millət vəkili – Adil Əliyev kiqboksinq üzrə veteranlar arasında dünya çempionu olub. Mən bu qələbəni ümummilli liderimiz Heydər Əliyevin 85 illiyinə və parlamentimizin 90 illiyinə bir töhfə kimi qəbul eləyirəm. Deputat yoldaşlarımın adından Adil müəllimi təbrik edirəm və ona daha böyük uğurlar arzulayıram! Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Təbrik edirəm, Adil müəllim! Lisenziyalı olsaydı, lisenziya almış olacaqdınız. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də gündəlikdə olan və olması yaxın günlərdə nəzərdə tutulan bir mövzuya toxunmaq istəyirəm. Bu, siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələdir. Bildiyiniz kimi, 10 gün öncə biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciət eləmişdik ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq bizə ayın 16-da Dövlət Əmlakını İdarəetmə Komitəsinin qarşısında piket keçirməyə icazə verilsin.
Dünən biz beynəlxalq təşkilatların da iştirakı ilə bu məsələni ciddi şəkildə müzakirə elədik və mən anlaya bilmədim ki, biz bu qanunu niyə qəbul eləyirik? Çünki Bakı Şəhər İcra Hakimiyyətindən aldığımız cavab çox maraqlıdır. Bizə cavab verilib ki, müvafiq təşkilata müraciət eləyin, piket keçirməyə ehtiyac yoxdur. Biz 3 ildir ki, bu təşkilatla yazışırıq, partiyanın qərargahla təmin olunması üçün xahiş edirik. Siz təsəvvür edin, Azərbaycanda parlamentdə təmsil olunan partiya qərargahla təmin olunmur və bunun mexanizminin qanunda göstərilməsinə baxmayaraq, heç kim maraqlanmır ki, bu partiya necə fəaliyyət göstərir?
Bizdə tez-tez “radikal müxalifət”, “konstruktiv müxalifət” ifadələri işlənir. Ümumiyyətlə, nə “radikal”, nə də “konstruktiv müxalifət” anlayışları var. Bir qayda olaraq müxalifətə mənfi münasibət var və bu münasibəti də bütün hallarda müşahidə eləməli oluruq. Parlamentdə təmsil olunan partiya niyə qərargahsız qalmalı, çöllərdə fəaliyyət göstərməlidir?
“Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər edilməsi barədə təkliflərimizi verdik. Mən təəccübləndim, çünki Milli Məclis Aparatından mənə imzasız məktub daxil oldu ki, bu məsələ yaxın zamanlarda müzakirəyə çıxarılacaq. Sonradan Milli Məclis rəhbərliyi səviyyəsində bildirildi ki, bu məsələ bu il müzakirə olunmayacaq. Bu ziddiyyətlərin açıqlanması verilməli və bildirilməlidir ki, ümumiyyətlə, bu partiyaların fəaliyyət göstərməsinə ehtiyac var, ya yox? Biz bilək və ona uyğun da öz fəaliyyətimizi quraq. Ona görə, Oqtay müəllim, çox xahiş edirəm, bu məsələyə diqqət yetirəsiniz. 50 nəfər piket iştirakçısı Dövlət Əmlakını İdarəetmə Komitəsinə neyləyəcək ki? Sabah beynəlxalq təşkilatlar buna irad tutanda haqlı olduqları üzə çıxacaq. Bu baxımdan, hesab edirəm ki, bu məsələlərə diqqət yetirmək lazımdır. Heç olmasa, parlamentdə təmsil olunan partiyaların nüfuzunun qalxması üçün müəyyən şərait yaradılmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bir çox deputat həmkarlarım kimi, Azərbaycandakı söz və sərbəst toplaşma azadlığının dözülməz vəziyyəti və məmurların Azərbaycan qanunlarına məhəl qoymadan öz bildikləri kimi həyata keçirdikləri idarəçilikləri ilə bağlı bir neçə kəlmə demək istəyirəm.
Hörmətli Oqtay müəllim, Azərbaycan müxalifəti mitinq, piket keçirməyəndə deyirlər ki, zəifdir, gücü yoxdur, ona görə piket keçirməyə qorxurlar. Mitinq, piket üçün müraciət eləyir, onda kimin qorxduğu üzə çıxır. Müxalifət öz qanuni hüququndan istifadə edərək 3−5 yer göstərir. Azərbaycan məmurları, Bakı meriyası və sair bu yerləri verməkdən imtina edirlər. Bu isə Azərbaycan Konstitusiyasının və Azərbaycan qanunlarının kobud şəkildə pozulmasıdır. Mən təklif edirəm ki, Azərbaycan məmurlarının Konstitusiyanı və qanunları pozması məsələsi gündəliyə salınsın. Bu, artıq adət halını alıb və bu məsələ ciddi müzakirə olunmalıdır.
4 may tarixinə biz Bakı meriyasına müraciət eləmişdik. Mitinq üçün 3 yer göstərmişdik, heç birini bizə ayırmayıb, Bibiheybəti göstərdilər. Bir zaman Motodromu göstərirdilər, indi orada böyük tikinti gedir, avtovağzal inşa olunur. Yəqin, Bibiheybətdə də tez-tələsik Bakı limanı tikərlər ki, ora da sıradan çıxsın. Bu məsələlərə diqqət eləmək lazımdır, belə özbaşınalıqlara son qoyulmalıdır. Mayın 18-nə təkrar mitinq üçün müraciət eləmişik. Qanunda göstərilir ki şəhər meriyası mitinqin keçirilməsinə 2−3 gün qalmış müraciət eləyən təşkilata cavab verməlidir. Bu gün ayın 16-dır, bir iş günü qalıb, amma hələ cavab yoxdur. Bu özbaşınalıq, qanunlara məhəl qoymamaq nə qədər davam edəcək? Ümumiyyətlə, Azərbaycanda müxalifət təşkilatlarının vəziyyəti çox dözülməzdir. Necə olur ki, YAP-ın icra hakimiyyətlərindən də yaxşı qərargahları var. Sağlıqlarına qismət, bu, olmalıdır, amma başqaları üçün də eyni şərait yaradılmalıdır. Qanun hamı üçündür. Onda qanunları dəyişin və orada yazılsın ki, bir qrup ağlardır, bir qrup qaralar. Ağlara hər şey olar, qaralara ağların icazə verdiyi həddə qədər olar. Bu məsələlərə son qoyulmalıdır, ya yox? Bu vəziyyət nə qədər davam edə bilər? Azərbaycanın demokratik inkişafından söhbət edirik, amma ölkə günü-gündən geriyə gedir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli Arzu Səmədbəyli, mən keçən dəfə komissiyanın iclasına baxarkən Sizin çıxışınıza fikir verdim. Mənə elə gəlir ki, Lətif müəllim “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna dair bütün açıqlamaları verdi. Sizin etirazınız oldu, ona görə Venesiya komissiyasının sənədini də sizə göstərdilər. Yəqin ki, gələn iclasda bu qanun da müzakirəyə çıxarılacaq.
O ki qaldı Yeni Azərbaycan Partiyasının binasına, ondan da gözəl olsun, deməli, sayları çoxdur, imkanları da var. Allah qismət eləsin, sizin də sayınız çox olsun, ondan da gözəl bina tikəsiniz. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bugünkü gündəliyimizdə bir sıra mühüm məsələlər var və yəqin ki, biz onları müzakirə edib müvafiq qərarlar qəbul edəcəyik. Bununla bərabər, cənab Sədr, mən bir sıra məsələlərə də toxunmaq istərdim. Birinci onu qeyd etmək istəyirəm ki, ayın 18-də, sabah yox, birisi gün böyük bir ərazimizin – Laçın rayonunun erməni işğalçı qüvvələri tərəfindən işğalının ildönümü tamam olur və artıq 16 ildən çoxdur ki, Azərbaycan əraziləri düşmən tapdağı altındadır. Mənə belə gəlir ki, Azərbaycanın istər dövlət strukturları, istər ictimai strukturları, istər qeyri-hökumət sektoru, istərsə də adi vətəndaşı olsun, nə qədər ki bu torpaqlar işğaldan azad olunmayıb, deməli, hamımız bütövlükdə yaxşı işləməmişik. Ərazilərimizi azad etməmiş digər bir təhlükənin simptomları ilə üzləşməli oluruq.
Bilirsiniz ki, bir neçə gün bundan əvvəl Rusiyanın ən tanınmış ali məktəblərindən birində Qafqaz Albaniyası ilə bağlı konfrans keçirilibdir. Çox maraqlıdır ki, bu ərazi bütövlükdə Azərbaycana məxsus olduğu halda, Azərbaycandan ora heç kəs dəvət olunmayıb. Baxmayaraq ki, Oqtay müəllim, 2007−2009-cu illər üçün Azərbaycanla Rusiya arasında humanitar sahədə əməkdaşlıq etmək barədə dövlətlərarası müqavilə var, bu müqavilənin bir hissəsi də bilavasitə tarix elminə aiddir. Bir neçə gün əvvəl hörmətli Yaqub müəllim televiziyada çıxış elədi, bu məsələyə öz kəskin etirazını bildirdi. Konfransda təkcə Rusiyanın elmi dairələri deyil, eyni zamanda, nazir müavinləri, müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak eləyib. Buna elmi konfrans adı vermək istəyirlər. Amma mən tam əminliklə demək istəyirəm ki, burada söhbət formal olaraq elmdən gedir. Azərbaycanda neft kontraktlarının işlədiyi və ölkə neftinin beynəlxalq aləmə çıxdığı bir dövrdə Azərbaycan üçün separatizm mənbələri və respublikaya təsir etmək imkanları araşdırılır. Əgər belə olmasaydı, Azərbaycana dost olmayan ölkələrin nümayəndələri buraya xüsusi dəvət almazdılar. Mən xahiş eləyirəm, Azərbaycanın dövlət strukturları, müvafiq qurumları bu məsələyə münasibətdə respublikanın kəskin mövqeyini ifadə etsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Oqtay müəllim, Sizə yazdığım məktublara cavab versəydiniz, bəlkə də mən bu çıxışı etməzdim. Cənab Sədr, mən Sizə iki dəfə məktubla müraciət etmişəm. Bir dəfə il yarım bundan əvvəl, ikinci dəfə isə təxminən altı ay bundan öncə. Hər iki məktubda Bakıda evi olmayan deputatlar üçün verilən kirayə haqqının artırılmasını xahiş etmişəm, çünki hazırkı məbləğ təxminən 10 il bundan əvvəl müəyyən edilib. İndi qiymətlərin, o cümlədən kirayə haqqının hansı səviyyədə artdığı nəzərə alınsa, yəqin ki, deputatlar mənim bu məsələni qaldırmaqda haqlı olduğumu təsdiq edərlər. Ancaq çox təəssüf ki, keçən bu il yarım ərzində nəinki bizim kirayə haqqımız artırılıb, əksinə, heç mənim məktublarıma cavab verilməsi belə lazım bilinməyib.
Mən bu zalda dəfələrlə ayrı-ayrı deputatlardan nazirlərin onların məktublarına cavab verməməsi haqqında şikayətlərini eşitmişəm. Ancaq inanmazdım ki, Milli Məclisin Sədri deputatın məktubuna cavab verməyəcək. Əgər Milli Məclisin Sədri deputatın məktubuna və yaxud da şikayətinə cavab vermirsə, onda burada ayrı-ayrı idarə, müəssisə rəhbərlərinin və yaxud nazirlərin bizim məktublarımıza cavab verməməsindən şikayətlənməyə dəyərmi?
Və yaxud Azərbaycan dövlətinin büdcəsi nə qədər artmalıdır ki, onun Milli Məclisinin deputatı hər an, hər dəqiqə yaşadığı mənzildən çıxarılmaq təhlükəsi ilə üzləşməsin, aldığı əmək haqqının az qala üçdən birini kirayə haqqına vermək məcburiyyətində qalmasın? Ona görə də təklif eləyirəm ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 26-cı maddəsinə əlavə və dəyişikliklərin edilməsi haqqında məsələ gündəliyə salınsın. Konkret olaraq oradan deputata səlahiyyət müddətində xidməti mənzilin verilməsi haqqında cümlə çıxarılsın. Əgər bu maddə işləməyəcəksə, bu gəlişigözəl sözləri burada saxlamağın nə mənası var? Digər tərəfdən, “məbləğdə” sözündən sonra “bazar qiymətlərinə uyğun” ifadəsi bura əlavə edilsin. Təklif edirəm ki, bu cümlə aşağıdakı redaksiyada verilsin: Deputatın yaşayış xərclərinin ödənilməsi üçün Milli Məclisin müəyyən etdiyi qaydada və bazar qiymətlərinə uyğun məbləğdə pul təminatı ayrılır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mənim şifahi cavablarım sizi qane eləməyibsə, bundan sonra çalışaram ki, mən də sənədlə danışım. Cavabları kağızda izhar edərik, sonra da sizə göndərərik. Sizin o sualınıza cavab verilib. Nə ilə məşğul oluruq, nə eləmək istəyirik, onu da demişik. Amma buna baxmayaraq, o fikirləri yenə də burada səsləndirirsiniz, öz işinizdir. Mən də bundan sonra sizin müraciətinizə yazılı surətdə cavab verərəm. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür eləyirəm. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, mətbuat təmsilçiləri! Mən bir daha son dövrlərdə aparıcı kütləvi informasiya vasitələrində, internet saytlarında, hətta Milli Məclisdə tez-tez qaldırılan bir məsələyə toxunmaq istəyirəm. Bu məsələ dünyadakı ərzaq böhranı və qida məhsullarının qiymətinin sürətlə qalxması ilə bağlıdır. Bu məlumatların təhlili məndə belə bir təsəvvür yaradıbdır ki, hazırda dünya ictimaiyyəti üçün qida məhsullarının qiymətinin qalxmasından çox bu barədə süni şəkildə yayılan şayiələr, vahiməli proqnozlar daha təhlükəlidir.
Hiss olunur ki, dünyada bu məsələ ətrafında siyasi çalarlar da mövcuddur. Amma bir faktı xatırlatmaq istəyirəm ki, dünya ictimaiyyəti XX əsrin əvvəllərində və XX əsrin 60-cı illərində belə məsələlərlə üzləşib. Hər iki halda insan zəkası buna birinci halda yaşıl inqilabla, ikinci halda isə mühəndislik, texnologiya ilə cavab verib. Mən əminəm ki, bu dəfə də insan zəkası qida məhsullarının məhsuldarlığını artırmaq istiqamətində öz sözünü deyəcəkdir. Təəssüf ki, bizim ölkəyə də bunun təsiri olub. Biz hər addımda bunu müşahidə edirik. Lakin təəssüf olsun ki, bizdə də bəzi mətbu orqanlar buna siyasi çalarlar verir, az qala ölkənin ərzaq üsyanı ərəfəsində olduğunu qeyd edirlər.
Mən Beynəlxalq Valyuta Fondunun bir təhlükəsizlik şərtini xatırlatmaq istəyirəm. Bu şərtə görə əgər hər hansı bir dövlətin valyuta ehtiyatları üç aylıq qida ehtiyatını almaq imkanı verirsə, o, ərzaq təhlükəsindən xilas olmuş hesab edilir. Bizim ölkənin 2008-ci ilin sonuna valyuta ehtiyatları 20 milyard dollar həcmində hesablanır. Mən hesab eləyirəm ki, – yəqin, iqtisadçılar bunu daha dəqiq deyərlər, – əgər heç bir şey edilməsə belə, bu, ölkənin dördillik ərzaq təhlükəsizliyini tam təmin edir. Buna baxmayaraq, bütün dünyada buna çox ciddi fikir verməyə başlayıblar. Artıq siyasilər də, maliyyə qurumları da razılaşırlar ki, ərzaq istehsalı yalnız kəndlinin, fermerin işi deyil. Ölkəmizdə də bu istiqamətdə aparılan işlər, xüsusilə Taxıl Fondunun yaradılması, ərzaq proqramının qəbul olunması və digər məsələlərlə bağlı dövlət başçısının verdiyi sərəncamlar bu sahədə atılan ciddi addımlardır. Dünyanın bir çox ölkələrində ərzaq təhlükəsizliyi haqqında qanunun qəbul edilməsinə artıq cəhdlər edilir. Bizim Milli Məclis belə bir qanun layihəsinin qəbul olunması ilə bağlı ölkənin apardığı...
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Növbəti iclasın ayın 30-da olacağı haqqında məlumat aldıq. Belə görünür ki, ən mühüm qanunlardan biri olan Təhsil qanunu yenə də müzakirə olunmayacaq. Halbuki indi Təhsil Nazirliyinin apardığı eksperimentlə təhsil sahəsində yeni bir ajiotaj başlanıbdır. Bu, buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada testlə verilməsi ilə bağlıdır. Bununla bağlı bizə xeyli müraciətlər olub. Bakı şəhərində attestatın birinin 2000 manata, kənd rayonlarında isə 500−1000 manat arasında veriləcəyi haqqında müəyyən söz-söhbətlər yayılıb və yeni işbazlar meydana çıxıb. Bu cür vəziyyətin aradan qaldırılmasına, məsələyə aydınlıq gətirilməsinə ciddi ehtiyac var. Hesab eləyirəm ki, təhsil haqqında qanunun qəbul edilməməsi də bizim tərəfimizdən qeyri-sağlam inkişafa verilən “töhfə”lərdən biridir. Bu məsələ təcili şəkildə həll olunmalıdır.
İkincisi, Oqtay müəllim, bizim deputat qrupunun təqdim etdiyi Neft və qaz haqqında və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihələri müvafiq komissiyalarda gec də olsa, müzakirə edilibdir. O biri vaxtında müzakirə edilibdir və onlara mənfi rəy verilibdir. Amma Azərbaycan Respublikasının Konstitusiyasında və Milli Məclisin fəaliyyətinə dair qanunlarda daimi komissiyanın mənfi rəyinin həmin qanun layihələrinin Milli Məclisin plenar iclaslarında müzakirə edilməməsinə səbəb olması haqqında heç bir müddəa yoxdur. Ona görə xahiş edirəm ki, hər iki qanun layihəsini, xüsusən Seçki Məcəlləsi haqqında qanun layihəsini vəziyyətlə əlaqədar olaraq növbəti plenar iclasın gündəliyinə çıxarasınız, yaxud özünüzün dediyiniz kimi, əsaslandırılmış şəkildə bunun belə olmadığı barədə bizə yazılı cavab verəsiniz.
Komissiyalarda sərbəst toplaşmaq azadlığı və Seçki Məcəlləsi ilə bağlı müzakirələr, həqiqətən, çox maraqlı və demokratik keçmişdir. Amma bütün bu demokratikliyi bir məsələ şübhə altına salmışdır, çünki bir sıra müxalifət qəzetlərinin, konkret olaraq “Yeni Müsavat”, “Azadlıq”, “Bizim Yol” və “Bakı Xəbər” qəzetlərinin müxbirləri guya onların akkreditasiyası yoxdur deyə, həmin müzakirələrə buraxılmayıblar. Hesab eləyirik ki, bu məsələyə də aydınlıq gətirilməli və bu ayrı-seçkiliyə son qoyulmalıdır. Sizdən də, Aparatın rəhbərindən də xahiş eləyirik ki, bu məsələyə aydınlıq gətirilsin.
Bu Seçki Məcəlləsinin ayın 30-da deyil, daha tez müzakirə olunmasına ehtiyac var. Bizə elə gəlir ki, 15 günlük fasiləyə ehtiyac yoxdur. Bu məsələ ilə bağlı ölkədə vəziyyət narahatlıq doğuran müəyyən faktlarla günü-gündən zənginləşir. Bununla əlaqədar mən Seçki Monitorinq Mərkəzi adlı beynəlxalq səviyyədə tanınmış ən təcrübəli bir təşkilatın bağlanması məsələsinə diqqətinizi cəlb eləyirəm. Bu, bizim tərəfimizdən qadağan olunmuş, məhdudlaşdırılmış, qeyri-bərabər, azad, ədalətli seçkilərə hazırlığın bir tərkib hissəsi kimi qavranılır. Belə deyilsə, bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah müəllim, Sizdən bir xahişim var. Mən fikir verirəm, həmişə mikrofona elə bir şillə vurursan ki, mikrofon sınıb eləyəcək. Mən bu məsələlərə şifahi cavab vermək istəmirəm. Söz verirəm ki, Sizin o təkliflərinizə yazılı surətdə cavab veriləcək. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən iki məsələyə diqqət çəkmək istəyirəm. Çox təəssüf ki, mən hökumətin hesabatı dönəmində də o məsələləri qaldıra bilmədim. Müdafiə xərclərinin və Müdafiə Nazirliyinin büdcədən ayrılan vəsaitinin kifayət qədər yüksək olmasına rəğmən bu gün Azərbaycan ordusunda qulluq eləyən hərbçilərin əmək haqları olduqca aşağıdır. Ermənistan−Azərbaycan münaqişəsinin həll olunmadığı bir dövrdə hərbçilərin bu cür minimal əmək haqqı ilə təchiz olunması kifayət qədər ciddi narazılıqlar doğurur.
Mən hesab eləyirəm ki, bu gün Azərbaycan hərbçiləri, Azərbaycan ordusunda qulluq eləyən zabitlər kifayət qədər geniş imkanlar əldə etməlidirlər və onların maaşları digər sahələrdə çalışanların maaşlarından bir neçə dəfə yuxarı olmalıdır. Çünki Ermənistan–Azərbaycan münaqişəsi həll olunmayıb, hələ torpaqlarımız işğal altındadır və onlar ciddi təhdid və təhlükə qarşısında fəaliyyət göstərirlər. Dinc dövrün ordusu ilə müharibə dövrünün ordusunun maaşlarında ciddi fərq olmalıdır. Çox istəyərdim ki, Milli Məclis bu məsələni əlavə təkliflər kimi Azərbaycan hökumətinə müraciət şəklində göndərsin və büdcədən orduya ayrılan vəsaitin böyük bir qismi məhz hərbçilərin maliyyələşdirilməsinə sərf olunsun.
Bundan başqa, hərbi mövzu ilə bağlı digər bir məsələyə toxunmaq istəyirəm. 10−11-ci siniflər üçün yeni nəşr edilən ibtidai-hərbi hazırlıq dərsliklərindən bəzi mövzular qeyri-qanuni şəkildə çıxarılıb. Bunlar bu gün də Azərbaycanın durumunda çox aktual olan mövzulardır. Hesab eləyirəm ki, dərsliklərdən bu tipli mövzuların çıxarılması mahiyyət etibarilə gənclərimizin hərbi sahədə biliklər əldə etməsinə kifayət qədər ciddi problemlər yaradır. Məsələn, qəlpələnən əl qumbaraları, tank əleyhinə əl qumbarası, onların iş prinsipi, atılması qaydaları, texniki-taktiki göstəriciləri – hamısı bu dərsliklərdən çıxarılıb. Bu tipli mövzuların adını kifayət qədər saymaq olar.
Sonra, mən də çox istəyərdim ki, məhkəmənin işinə müdaxilə edə bilməsək də, seçki monitorinq mərkəzinin qeydiyyatının ləğv olunması məsələsinə seçki öncəsi bir aydınlıq gətirilsin. Bu tipli addımların Azərbaycanda demokratik seçki keçirilməsinə ciddi maneə törədəcəyini və əvvəlcədən çox ciddi problemlər yaradacağını hakimiyyət orqanlarının diqqətinə çatdırım. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gündəliyi 35 dəqiqə müzakirə elədik. Yazılanlardan təkid eləyən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir nəfərə söz verəcəyik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vaxtında yazılmısan? Mən bir nəfər dedim. Xanhüseyn müəllim təkid eləmir. Buyurun.
X. Kazımlı. Çox sağ olun, cənab Sədr. Təkid eləməyə haqqımız yoxdur, çox sağ olun. Cənab Sədr, indi bir qrup deputat gündəlikdə olan məsələlərin çoxu ilə əlaqədar belə qərara gəldik ki, – yəqin, Milli Məclisin rəhbərliyinin də bu barədə müsbət rəyi vardır, – yaz sessiyasının müddəti müəyyən qədər uzadılsın. Mən də bu barədə Sizə rəsmi müraciət etmişəm. Bu, bir sıra qanunlara ediləcək əlavə və dəyişikliklərlə əlaqədardır. Mən Sizə təşəkkür eləyirəm və yəqin ki, vaxtın uzadılması ilə əlaqədar mənim müraciətim nəzərə alınacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn müəllim, bilirsiniz ki, iyun ayında parlamentimizin 90 illiyi qeyd olunacaq, Azərbaycana çoxlu möhtərəm qonaqlar – spikerlər, deputatlardan ibarət nümayəndə heyətləri gələcək. Mən sizə bununla bağlı müraciət edəcəyəm.
Həqiqətən, biz iyun ayında işləyəcəyik, bunun üçün narahatçılığa əsas yoxdur. Bayaq Pənah bəyə demədim, yadımdan çıxdı. Təhsil qanunu da artıq hazırdır, biz onu ikinci oxunuşda qəbul edəcəyik. Siyavuş müəllim, xahiş eləyirəm, bundan sonra tez yazılasınız. Buyurun.
S. Novruzov. Təşəkkür eləyirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən çıxış etməyəcəkdim, çünki təqdim olunan gündəliklə tamamilə razıydım. Amma burada Yeni Azərbaycan Partiyasının ünvanına bir neçə əsassız fikir söylənildi və mən bu fikirlərin əsassız olduğunu bir daha o yoldaşların yadına salmaq istəyirəm. Burada çıxış eləyən bir neçə həmkarım dedi ki, ictimaiyyətdə narahatçılıq var. Bunlar partiya daxilində olan narahatçılığı ictimaiyyətin diaqnozu kimi təqdim eləməyə çalışırlar. İctimaiyyətdə heç bir narazılıq, narahatçılıq yoxdur. Hamı öz işi ilə məşğuldur, cəmiyyət öz axarı ilə gedir və Azərbaycanda bütün işlər normaldır. Əgər hər hansı bir partiyanın daxilində narahatçılıq varsa, bu, ictimaiyyətin narahatçılığı deyil, həmin partiyanın daxili problemidir. Bunu demokratik əsaslarla həll etmək sizin öz üzərinizə düşür.
İkinci, burada qərargahla bağlı fikirlər söylənildi. Özü də çıxış eləyənlərin bir hissəsi hüquqşünaslardır. Mülkiyyət forması Azərbaycan Respublikasının Konstitusiyasında göstərilib və dövlətin heç bir öhdəliyi yoxdur ki, hər hansı ictimai təşkilata və yaxud siyasi partiyaya qərargah alsın. Get, müqavilə bağla, bələdiyyədən, dövlətdən götür. Get, vətəndaşın evini icarəyə götür, pulunu ödə və bununla da məsələ həll olunsun. Yəni dünyanın heç bir yerində belə bir şey yoxdur, bu, sovet təfəkkürünün məhsuludur. Buna dövlət dərhal kabinet, maşın verməlidir ki, bu da orada oturub dövləti söysün. Bu, hər bir şəxsə bəlli olan məsələdir. Yeni Azərbaycan Partiyasının bütün mülkiyyəti qanunidir. Vaxtilə bu addımı Müsavat da atıb. Gedib bir binanı zəbt etdi, 15 il orada oturdu, bir manat da icarə haqqı ödəmədi. Hələ o icarə haqqı da bu gün Müsavat Partiyasına peniya ilə hesablanıb göndərilməlidir. 30-a qədər telefon çəkdirdi, birinin pulunu ödəmədi. Bu günə qədər o borc dövlətin, Rabitə Nazirliyinin üzərində qalır. O cümlədən Xalq Cəbhəsi Partiyasının tutmadığı bina yox idi. Rəsmi sənədi var da, özəlləşdir, dövlətin pulunu ödə, çevir mülkiyyətə. Bunu etmirlər, amma deyirlər ki, bərabər əsaslar yaradılmalıdır. Siyasi partiya üzvlərindən üzvlük haqqı yığır, gedib binanı özəlləşdirir, alır və sair. Əgər sizin üzvləriniz yoxdursa və sizə etimad göstərilib dəstək verilmirsə, bizim günahımız nədir? Ona görə hər gün bu məsələni ortaya atanda fikirləşin, dəqiq şəkildə danışın.
Sərbəst toplaşma ilə bağlı yaxşı yer veriblər, havası təmiz, Şıxov çimərliyinin yanı. Yığışın, gedin, yay vaxtıdır, bir az mitinq keçirin, bir az çimin və ilaxir. Nə istəyirsiniz, şəhərin ortasında istidə nə mitinq keçirəcəksiniz? Ona görə də müəyyənləşdirin və qanuna da tabe olun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Arzu Səmədbəyli, Siz danışanda, yerdən müdaxilə etmədilər ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sual verirəm, Sizə yerdən müdaxilə etmədilər ki? Xahiş edirəm, qurtarın bu məsələləri.
Gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişiklik edilməsi haqqındadır. Hörmətli Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İcazə versəniz, mən iki məsələni də məruzə edərdim, sonra ayrılıqda səsə qoyardıq. Milli Məclis yanında Toponimiya komissiyasının Əsasnaməsi 2000-ci ilin aprel ayında təsdiq edilibdir. Bu tarixdən xeyli vaxt keçib, eyni zamanda, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun qəbul olunub. Bununla əlaqədar müəyyən dəyişikliklərin edilməsinə ehtiyac yaranıbdır və Toponimiya komissiyası bu dəyişiklikləri öz fəaliyyətində əks etdirir. Halbuki Əsasnamədə bu dəyişikliklər göstərilməyibdir.
Digər tərəfdən, Əsasnamədə komissiyanın tərkibinin kim tərəfindən hansı qaydada təsdiq edilməsi göstərilməyib və komissiyanın fəaliyyətinə rəhbərlik edən haqqında heç bir məlumat yoxdur. Komissiya iclaslarının səlahiyyəti, qərar qəbul edilərkən səslərin hesablanması qaydası və komissiyanın sənədlərinin arxivləşməsi məsələsi Əsasnamədə qeyd olunmayıbdır. Dediyimiz məsələlər Əsasnamənin yeni redaksiyasında nəzərə alınmayıbdır. Bundan başqa, Əsasnamənin strukturu dəyişdirilib, bir sıra düzəlişlər edilibdir.
Təqdim olunan ikinci məsələ komissiyanın tərkibi ilə əlaqədardır. Hazırda komissiyanın siyahısında 12 nəfər üzv nəzərdə tutulub. Sizə təqdim olunan layihədə nəzərdə tutulur ki, komissiyanın tərkibinə əlavə 9 nəfər qəbul olunsun. Nəzərinizə çatdırım ki, sizə verilən siyahıda cəmi 8 nəfərin adı göstərilib, texniki səbəbdən həmkarımız Musa Quliyevin adı burada qeyd edilməyib. Komissiyanın tərkibinə daxil olan insanlar toponimiya problemləri ilə maraqlanan və bu sahədə müəyyən səriştəsi olan tanınmış alimlər və mütəxəssislərdir. Biz hesab edirik ki, tərkibin genişlənməsi həm Toponimiya komissiyasının işinin yaxşılaşmasına imkan yaradacaq, həm də Toponimiya komissiyası ilə Milli Məclis arasında əlaqələri daha da möhkəmləndirəcək. Təklif olunan dəyişikliklər bütövlükdə komissiyanın işinin yaxşılaşmasına yönəldilən tədbirlərdir. Xahiş edirəm, bu qanun layihəsinə səs verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli deputatlar, birinci məsələ ilə əlaqədar sizə paylanan siyahını ayrı-ayrı səsə qoyaq, yoxsa bütövlükdə? Arif müəllim də qeyd etdi ki, siyahıda tanınmış şəxslərdir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bütövlükdə. Onda, xahiş edirəm, siyahıya münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 89
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli deputatlar, Arif müəllim qeyd etdi ki, komissiyanın iki nəfər üzvü – Arif Akif oğlu Abbasov vəfat etdiyinə görə, Müseib Seyfəddin oğlu Bayramov isə başqa işə keçdiyinə görə komissiyanın üzvlüyündən çıxmış hesab edilirlər. Bu məsələyə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2 
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsinin – Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə qərar layihəsinin müzakirəsinə keçirik. Bununla bağlı, xahiş edirəm, yazılın. Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən istərdim ki, bu müzakirədə Oqtay müəllimin özü də iştirak edəydi, çünki olduqca prinsipial məsələdən söhbət gedir. Mənim, təbii ki, tərkibə heç bir etirazım yoxdur. Tərkibdə sanballı, dəyərli elm adamları var. Sadəcə, Milli Məclisin bəzi məsələləri müzakirə etməsi və onun səlahiyyəti ilə bağlı məsələyə münasibətimi bildirmək istəyirəm. Adətən, biz çıxış edəndən sonra, istər hörmətli Ziyafət müəllim, istərsə də Milli Məclisin rəhbərliyindən digər hörmətli şəxslər olsun, sonuncu sözü deyir, elə fikir yaradırlar ki, məsələ ilə biz də razılaşırıq və həqiqətən, sonda deyilən kimidir.
Mən hörmətli həmkarlarımın diqqətini bir məsələyə cəlb etmək istəyirəm. Bu, 2000-ci ildə yaranmış bir komissiyadır. Milli Məclisin onu yaratmaq səlahiyyəti yoxdur. Milli Məclisin yanında Toponimiya komissiyası yaratmaq səlahiyyəti nə Konstitusiyada, nə də bizim Daxili Nizamnamədə var. Bunu nə ilə əsaslandırıram? Konstitusiyanın 92-ci maddəsi var, orada deyilir ki, Milli Məclis daimi və başqa komissiya yarada bilər. Həmin başqa komissiyalar hansılardır, bizim Daxili Nizamnamədə göstərilibdir. Burada daimi, hesablayıcı, intizam və müvəqqəti komissiyalar nəzərdə tutulur. Başqa bir komissiya yaratmaq məsələsi mütləq müvəqqəti komissiyanın tərkibinə daxil olur. Milli Məclisin yanında müstəqil xüsusi komissiya yaratmaq heç bir hüquqi zəminə söykənmir. Bu baxımdan da mən istəyirəm ki, buna diqqət yetirilsin.
Bu, indiki vaxtda qəbul olunan qanun deyil. Mən bunu başqa niyyətlə də demirəm, sadəcə, Milli Məclisin özünün qəbul etdiyi sənədlərə bir az məsuliyyətlə yanaşmalıyıq. Biz müvəqqəti bir komissiya yarada bilərik, oraya da başqa şəxslər, məmurlar deyil, ancaq millət vəkilləri daxil ola bilərlər, çünki qanun belə deyir. Necə ki, Milli Məclis müxtəlif məsələlərlə bağlı qısamüddətli müvəqqəti komissiyalar yarada bilir. Yaxud komissiya tərkibində işçi qrupu yaratmaq, başqa forma tapmaq lazımdır. Ona görə, mən təklif edirəm ki, bu məsələ gündəlikdən çıxarılsın və yenidən işlənilsin. Əgər bunun başqa bir arqumenti varsa, xahiş edirəm, deyilsin, biz bu səhvi düzəldək. 2000-ci ildə qəbul olunub, nə olar, xeyli zaman da keçib, amma doğru deyil.
Komissiya üzvlərinin heç birinə iradım yoxdur, Arif müəllimə də böyük hörmətim var. Başqa məqsədlə yox, ona görə deyirəm ki, bizim qəbul etdiyimiz sənədlərdə dəqiqlik olsun ki, sabah deyilməsin ki, Konstitusiyaya, yaxud Daxili Nizamnaməyə ziddir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Fazil müəllim, mən sizinlə mübahisə etmək istəmirəm, iclasdan sonra, xahiş edirəm, mənə yaxınlaşın. Bu məsələnin həm Konstitusiyada, həm də bizim Daxili Nizamnamədə hüquqi əsası var və burada Milli Məclis heç bir qeyri-qanuni hərəkət etmir. Bu bir.
İkinci, bu məsələyə biz artıq səs verib, onu qəbul etmişik. Sizin belə fikriniz var idi, onu qabaqcadan deyərdiniz. Artıq qərar qəbul olunduqdan sonra fikrinizi söyləyirsiniz. Məsələnin qanunauyğunluğunu isə mən iclasdan sonra izah edərəm. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Müzakirə olunan məsələ, doğrudan da, aktualdır, çünki biz burada iclaslarda yer adlarını dəyişdirir, yeni adlar qoyur, adları müxtəlif regionlar üzrə təzələyirik. Doğrudan da, bu komissiyaya böyük ehtiyac var. Adlar qoyularkən onlarda Azərbaycanın tarixi ənənələri, milli kökləri öz əksini tapmalıdır. Komissiya gələcəkdə fəaliyyətini bu istiqamətdə davam etdirməlidir.
Mən bir neçə məsələni öyrənmək istəyərdim. Komissiyanın tərkibinə düşən insanların hamısına böyük hörmətim var, onları dəstəkləyirəm, amma bir şey var. Onlar bura öz arzuları ilə düşüblər, yoxsa kiminsə...
Sədrlik edən. Siyavuş müəllim, üzr istəyirəm, biz Əsasnaməni müzakirə edirik, birinci məsələ üzrə qərar qəbul olunub.
S. Novruzov. Üzr istəyirəm. Əvvəlcədən işi əyri tuturuq, sonradan bunun xatası çıxır da. Ona görə istəyirəm ki, tüstüsü düz çıxsın. Hesab edirəm ki, tutalım, bizim yaxşı gənclərimiz var, onlardan bura daxil etmək olardı.
Bizdə elə bir təfəkkür yaranıb ki, bu komissiyada yazıçı, şair, tarixçi, ədəbiyyatçı olmalıdır. Nəyə əsasən? Roman yazırıq, ya tarixi arxiv axtarırıq? Ona görə də burada bütün təbəqələri təmsil edən insanlardan, mən hesab edirəm, istifadə olunmalıdır. Gələcəkdə əgər bu məsələyə bir də qayıdılsa, xahiş edirəm ki, Milli Məclisin digər üzvlərinin də rəyi nəzərə alınsın. Mən Zahid Orucu təklif edərdim, çünki fəal deputatdır, bütün qanunvericiliklə bağlı müzakirələrdə iştirak edir, ən çox tövsiyəsini verəndir. Fuad Muradov olsun. Gəncdir, qoy bir nəfər də bu yaşda düşsün də, elə hamısını 70 yaşdan sonra yığacaqsınız ora? Mən hesab edirəm ki, gənclərin də xeyirli fikirləri var. İndi səs verirəm, amma xahiş edirəm, Ziyafət müəllim, gələcəkdə bunlar nəzərə alınsın, əvvəlcədən baxın, görün, kimlər nəzərdə tutulur.
Sədrlik edən. Təşəkkür edirəm. Artıq səs vermisiniz. Mən xahiş edirəm, burada bir məsələni nəzərə alasınız. Toponimiya komissiyasının spesifik xüsusiyyəti var. Ad dəyişməsi etnoqrafiya, tarix və coğrafiya ilə bağlı məsələdir. Ona görə bura düşən insanların tam əksəriyyəti çox kompitentli, tanınmış alimlərdir. Bu baxımdan öz arzularını ifadə edərək adlarını bu tərkibə salıblar. Yoxsa, əlbəttə, burada oturan insanların hər biri bu tərkibə layiqdir. Sadəcə, bunun xüsusiyyəti belədir. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, Ziyafət müəllim! Hörmətli həmkarlar! Birinci, etimadına görə hörmətli Səyavuş müəllimə təşəkkür edirəm! Hesab edirəm ki, onun qaldırdığı məsələlər içərisində ən mühüm cəhətlərdən biri ondan ibarət idi ki, komissiya yaratmaq, sadəcə yer adlarını vermək, ərazi vahidlərini müəyyənləşdirmək məsələsi deyil. Bu, daha artıq dərəcədə dövlətçilik, tarixi və siyasi məsələdir. Elə bir qədər əvvəl gördük ki, ad dəyişmənin özünə yanaşmada cəmiyyətdə, müəyyən siyasi dairələrdə müxtəlif mövqelər var.
Mən nəyi vurğulamaq istəyirəm? Düşünürəm ki, əlbəttə, bura seçilən şəxslər, komissiyanın Əsasnaməsi müəyyən vəzifələri yerinə yetirməyə imkan verir. Bunun yardımçı komissiya qaydasında müəyyənləşməsi, ictimai əsaslarla fəaliyyət göstərməsi isə qarşıda duran çox böyük vəzifəni yerinə yetirməyi məhdudlaşdırır. Etiraf etmək lazımdır ki, bizdə yer adlarının böyük bir hissəsi sovet dövrünü əks etdirir. Bunun bəzilərinə qarşı gedirik, onları dəyişirik, bəzilərini isə saxlayırıq və bu da vahidlik yaratmır, vahid dövlət siyasətini yeritmir. Yəni bu anlama gəlir.
Mən hesab edirəm ki, bu komissiyanın işi, sadəcə, aşağıda ayrı-ayrı müraciətlərə baxmaq deyil. Komissiya tərkibi deputatlardan ibarət olmaqla ictimai əsaslarla fəaliyyət göstərə bilər. Ancaq bu qurumun daimi olmasına, onun statusunun daha ciddi əsaslarla müəyyənləşməsinə böyük ehtiyac var. Mənim qaldırmaq istədiyim məsələ bundan ibarətdir. O cümlədən bu yer adlarının və ərazi vahidlərinin hamısının reyestri yaradılmalıdır. Məsələni gələcək dövrlər, yüzilliklər üçün müəyyənləşdirmək istəyiriksə, bu addımı atmalıyıq. Bütövlükdə götürəndə mövqelərimiz məsələyə qarşı götürülməsin və biz də buna səs verəcəyik, amma qarşıdakı dövr üçün bunlar nəzərə alınsa, yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Belə bir Əsasnamə çoxdan qəbul olunmalı idi. Toponimiya komissiyası, qeyd olundu ki, 2000-ci ildə yaradılıbdır. O zamandan da bu Əsasnamə belə müfəssəl şəkildə işlənməli və Milli Məclisin müzakirəsinə təqdim edilməli idi. Ancaq gec də olsa, çox yaxşı ki, təkmil Əsasnamə hazırlanıb və Milli Məclisin müzakirəsinə təqdim olunubdur.
Burada bir məsələni qeyd etmək istəyirəm. Komissiya təkcə bizdə yox, bütün parlamentariya təcrübəsində yaradılır, mövcuddur və indi də vardır. Toponimiya nə daimi, nə də müvəqqəti komissiyadır. Adından da göründüyü kimi, Azərbaycan Respublikası Milli Məclisi yanında yaradılan komissiyadır. Bu, qanuni bir komissiyadır və doğrudan da, çox taleyüklü məsələni həll edir. Adın dəyişdirilməsi, dəqiqləşdirilməsi məsələsi komissiyada geniş müzakirə edildikdən və rəy alındıqdan sonra Milli Məclisin müzakirəsinə təqdim oluna bilər. Bu, Əsasnamənin 3.2.3-cü bəndində çox dəqiq şəkildə verilibdir: “Ərazi vahidlərinə ad verilməsi, onların adlarının dəyişdirilməsi və ya dəqiqləşdirilməsi barədə təklifə dair rəy verərkən təklif olunan adın müvafiq ərazi vahidinin tarixi xüsusiyyətlərinə və coğrafi relyefinə, habelə Azərbaycan Respublikasının dövlət dilinin normalarına uyğun olmasını təmin etmək”. “Toponimiya” termini 3 fənnin kəsişməsindədir. Tarixin, dilçiliyin və coğrafiyanın. Düzdür, bura başqa sahənin adamları da daxil ola bilərlər və onların da gözəl fikirlər irəli sürəcəklərinə şübhə yoxdur. Mütəxəssis kimi isə üç sahənin nümayəndələri hökmən olmalıdır ki, dəqiq elmi fərziyə, elmi fikir yürüdə bilsinlər.
Mən “Komissiyanın işinin təşkili” bölməsində bir-iki məsələyə diqqəti yönəltmək istəyirəm. Xahiş edirəm, fikir verəsiniz, yazılır: “Komissiyanın iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir”. “Yarısından çoxu” qanuna uyğun olmayan bir ifadədir. Yəni nə qədər? Bu, torbaya doldurulan, kiloqramla ölçülən məhsul deyil ki, yarısı olsun. Burada yazılmalıdır: “üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətlidir”. Yəni bunun, tutaq ki, 21 nəfər üzvü var, 11 nəfəri gəlib, başlamaq olar. Bəs o qalanları? Bəlkə müəyyən səbəblərə görə gəlməyiblər. Ona görə “üçdə ikisi” hökmən olmalıdır. Mən xahiş edirəm, düzəlişləri qeyd edəsiniz, sonra müzakirəyə verəsiniz.
4.5-ci bənddə yazılır: “Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir”. Mürəkkəb səs çoxluğu da var? Səs çoxluğu var, qurtardı da. Onun sadəsi, mürəkkəbi olmur. 4.9-cu bənddə belə yazılır: “Ərazi vahidlərinə ad verilməsi, onların adlarının dəyişdirilməsi və ya dəqiqləşdirilməsi barədə qəbul edilmiş qərarlar və iclas protokolu maraqlı tərəflərə göndərilir”. “Maraqlı tərəf” nə deməkdir? Yazmaq lazımdır ki, “müvafiq tərəflərə”, yaxud “aidiyyəti olan tərəflərə göndərilməlidir”. “Maraqlı tərəf”, belə çıxır ki, azarkeşlərə göndərilməlidir. Qanunda hər termin dəqiq ifadə olunmalıdır.
Mən bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Bunlar taleyüklü məsələ olduğuna görə, əvvəlcə Milli Məclisdə, yəni Toponimiya komissiyasında geniş şəkildə müzakirə olunmalı, ondan sonra Prezident Aparatına göndərilməlidir. Mübahisəli məsələdir, ora göndərilir, buna hökm verilir, təzədən Prezidentin imzası ilə Milli Məclisə gəlir. Birbaşa oradan gələndə biz məcbur qalırıq ki, Prezident Aparatından olduğuna görə onu qəbul edək. Ona görə xahişim bundan ibarətdir ki, burada müfəssəl müzakirə olunandan sonra yuxarı təşkilatlara göndərilsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Cəfərov.
N. Cəfərov. Çox sağ olun, Oqtay müəllim. Toponimiya komissiyasına dair həmişə belə müzakirələr olmur. Birinci dəfədir ki, Milli Məclisdə bu komissiyanın həm Əsasnaməsi hazırlanır, geniş müzakirə olunur, həm də nəticə etibarilə biz müəyyən məsələlərlə bağlı fikrimizi deyirik.
Belə bir komissiyaya, həqiqətən, ehtiyac var. Mənim artıq bu sahədə bir neçə illik təcrübəm var. Toponimiya komissiyasında, doğrudan da, elə məsələlər var ki, onları biz, sadəcə, Əsasnamə ilə qaydaya sala bilməyəcəyik. Bunun üçün lazımi təcrübədən çıxış edərək işin özünü qaydaya salmaq lazım gəlir. Mən düşünürəm ki, Milli Məclis yanında olan Toponimiya komissiyasının rəhbəri millət vəkili ola bilməz. Bu, yalnız professional coğrafiyaçı və ya tarixçi olmalıdır. Elə bilirəm ki, onu da biz düz seçmişik. Akademik Budaq Budaqov uzun müddətdir komissiyaya başçılıq edir. Özü də bu sahəni lazımi şəkildə, lazımi səviyyədə bilir.
Mən düşünürəm ki, heç müavinlər də millət vəkili ola bilməz. Bu, nə isə ictimai bir hadisə olmalıdır. Əvvəla, ona görə ki, istər-istəməz millət vəkilləri orada qəbul olunmuş qərara həm komissiyalarda, həm də parlamentin özündə münasibət bildirirlər. Bizə lazımdır ki, professional baxış gəlsin. Bu, işin birinci tərəfi.
İkinci tərəfi, Oqtay müəllim, mən xahiş edərdim ki, millət vəkili olmayan Toponimiya komissiyası üzvlərinə, simvolik də olsa, maaş verilsin. Onların buna ehtiyacı var. Təsəvvür edin, akademiklər, professorlar gəlirlər, burada əyləşirlər, müzakirələr, ona qədər də tədqiqat aparırlar ki, bu ad dəyişdirilməsi mümkündür, mümkün deyil. Biz onu komissiyanın iclaslarında hiss edirik. Yəni bu, həm onları maraqlandırar, həm də bir humanist məsələdir. Onlar fikirləşirlər ki, bu cür olsa, çox yaxşıdır.
Nəzərdə tutmaq lazımdır ki, Toponimiya komissiyasının iclaslarında yalnız adların dəyişməsi məsələsi müzakirə oluna bilər. İnzibati ərazinin dəyişməsinin ora heç dəxli yoxdur. Bu, onların işi deyil, inzibati məsələdir, parlamentə, Prezident Aparatına aiddir. Yəni onlar müəyyənləşdirə bilərlər ki, köhnə qayda ilə yeni bir sovetlik yaranır, yaxud ləğv olunur.
Biz yalnız adların müzakirəsi ilə bağlı məsələləri yox, həm də dəqiq prinsipləri müəyyənləşdirməliyik. Addəyişmə sistemi necə olmalıdır? Bu, bizim elmimizdə var, amma iş ki gəlib çıxır komissiyanın iclasına, onda hərə öz rəyini, münasibətini deyir. Nəticə etibarilə, doğrudan da, əsas prinsipi müəyyənləşdirə bilmirik. Biz, məsələn, Xanların adını dəyişdik, Caparidzenin adını necə, gah meyillənirik dəyişək, gah da deyirik ki, dəyişməyək. Şaumyan adını, təbii ki, dəyişirik. İndi belə məsələ də gəlir ki, biz Məşədi Əzizbəyovun, Nəriman Nərimanovun adını dəyişəcəyikmi? Bir prinsip də ortaya çıxır. Şura adıdır, sovet adıdır, dəyişək, yoxsa dəyişməyək? Sabirabad, Həsənabad tipli adlar var, onları dəyişəcəyikmi? Sovet dövründən qalan adlar var ki, bir hissəsi, həqiqətən, sovet təfəkkürünün məhsuludur, axtarılıb, tapılıb, verilibdir. Toponimiya komissiyasının bu sahədə, yaxud advermədə, addəyişmədə prinsipləri kifayət qədər yayğındır. Əsasnamədə bu məsələlər əsaslı şəkildə öz əksini tapa, müəyyənləşdirilə bilməz. Odur ki, Toponimiya komissiyası ardıcıl olaraq yalnız konkret məsələlər üzrə yox, həm də ümumi prinsipləri təyin etmək üçün iclaslar keçirməlidir. Yəni buna ehtiyac var, çünki bunu təcrübədən bilirik.
Bizim ən mühüm problemlərimizdən biri nədir? Bilmirəm, bu məsələ Əsasnamədə öz əksini necə tapmalıdır. Bu gün adların dəyişdirilməsinə kütləvi bir maraq var. Xüsusilə mikrotoponimlərin, kənd adlarının dəyişdirilməsi çox təhlükəli tendensiyadır. Bəli, həddindən artıq təhlükəlidir. Təcrübədən bilirəm ki, bu məsələyə bir mühüm maraq da çox güclüdür. Bu, xüsusilə Azərbaycanın cənub-şərq və şimal rayonlarına aiddir. Həmin rayonlardan kütləvi şəkildə təkliflər gəlir ki, adların fonetik sistemi müəyyənləşdirilsin. Yəni adların fonetik dəyişdirilməsini istəyirlər. Bu da nədən irəli gəlir? Biz bilirik ki, Azərbaycan etnik baxımdan zəngindir. Bizdə azsaylı xalqlar var, onların tələffüz texnologiyası fərqlidir. İş elə gətirib ki, 50−60 il ərzində müəyyən türkləşmə, yəni ümumiləşmə, daha doğrusu, azərbaycanlaşma prosesi gedibdir. Bəzən yerlərdə bunu qəbul edə bilmirlər və etnik tələffüz xüsusiyyətlərini tələb edirlər. Bu da nəticə etibarilə bizim prinsiplərimizə, ümumiləşməyə uyğun deyil. Odur ki, mən hörmətli Arif müəllimə bir təklif etmək istəyirdim. Adların dəyişdirilməsi prosesi yalnız onun rəhbərliyi altında getməsin. Komissiyanın üzvləri hərdənbir yığılsın və o prinsipləri bir yerdə müəyyənləşdirsinlər.
Təbii ki, bizim Toponimiya komissiyası həmişə vicdanla işləyibdir. Mən bunu xüsusi demək istəyirəm ki, çox geniş müzakirələr aparmış, həmişə ümumi xalqın, millətin, dövlətçilik düşüncəsinin səviyyəsində işləmişik, çalışmışıq. Problemlərimiz də var. Düşünürəm ki, çox ciddi məsələlərdən biri odur ki, Oqtay müəllim, – artıq neçə illərdir bizdə bu işə hazırlıq gedir, – Azərbaycanın inzibati adlarının lüğəti hazırlanmayıbdır. Bizim Toponimiya komissiyası bir neçə ilin nəticələri əsasında onu hazırlamışdı. Yəni köhnə çağırış dövründən indiyə qədər olanları çap etdirmək istəyirdik. Bunu eləmədilər. Səbəb də budur, deyirlər ki, hələ biz çox ad dəyişəcəyik. Bu şəkildə olmaz. Bizim yer adlarımıza, inzibati idarə adlarımıza dair hazırlanmış məlumat kitabı çap olunmalıdır ki, biz nəyi dəyişdik, nə qalıbdır prinsipini müəyyənləşdirə bilək. Çox uğurlu bir işdir.
Mən hörmətli Arif Rəhimzadəyə təşəkkür edirəm ki, bir az mürəkkəbləşən işi qaydaya salıbdır, Əsasnaməni hazırlayıbdır. Toponimiya komissiyasının tərkibi də hazırlanıb. Mən onun tərəfdarı deyiləm ki, orada çoxlu deputatlar iştirak etsin, yəni buna ehtiyac yoxdur. Bir neçə nəfər bu işin bir balaca mütəxəssisləri oldu, kifayətdir. Bu elə məsələdir ki, onu tam obyektiv insanlar, mütəxəssislər müəyyənləşdirməlidirlər. Prinsip də elə gedir. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Hörmətli Oqtay müəllim, hörmətli deputat həmkarlarım! Mən düşünürəm ki, Milli Məclisin yanında Toponimiya komissiyasının formalaşmasına zərurət var, yəni bu, çox vacib bir addımdır.
Toponimiya siyasəti mütləq dövlət siyasətinin tərkibi olmalıdır, onu başlı-başına, nəzarətsiz buraxmaq düzgün deyil. Əgər biz, heç olmasa, yaxın qonşularımızın son dövrdəki tarixinə nəzər salsaq, görərik ki, bu ölkələrdə – istər Gürcüstanda, istərsə də Ermənistanda toponimiya siyasəti dövlət siyasətinin tərkib hissəsi kimi nə qədər peşəkarlıqla həyata keçirilir. Ermənistandan azərbaycanlıların kütləvi surətdə sürgünü başlamamışdan öncə Ermənistanda olan Azərbaycan toponimlərinin dəyişdirilməsi prosesi başladı. Çox təəssüf hissi ilə demək istəyirəm ki, Gürcüstanda da yer adlarının dəyişməsi prosesi baş veribdir. Azərbaycanlıların yüz illərlə yaşadığı ərazilərdə toponimlər dəyişdirilib və gürcüləşdirilib. Bütün bunlar sübut edir ki, toponimiya siyasəti çox mühüm bir siyasətdir. Əgər Azərbaycanın özündə də bizim Milli Məclisin yaxın təcrübəsində gördüyümüz, rastlaşdığımız halları nəzərə alsaq, onda bizdə əminlik yaranar ki, bu siyasətə çox həssaslıqla yanaşılmalıdır. Mənim təmsil etdiyim bölgədən bəzi hallarda üç-dörd nəfərin şəxsi istəyi və arzusu ilə məktublar hazırlanır, göndərilir və bunu yerli əhalinin istəyi kimi təqdim etmək cəhdləri olur. Bəzən yerli əhali yanılır. Belə məsələlərdə əhalinin istəyindən daha çox, dövlət siyasətinin maraqları nəzərə alınmalıdır.
Bu baxımdan Azərbaycanda dövlətin ən mühüm qolu olan Milli Məclis mühüm rol oynamalıdır. Mən də belə düşünürəm ki, Milli Məclis yanında Toponimiya komissiyasının mövcud olması, Milli Məclisin peşəkar üzvlərinin bu komissiyaya daxil edilməsi çox vacibdir. Bu sahəni nəzarətsiz, diqqətsiz buraxmaq, ayrı-ayrı insanların istəkləri ilə hesablaşmaq yolverilməzdir. Milli Məclis bu komissiyanı yaratmaqla çox düzgün bir addım atıbdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz Əsasnaməni müzakirə etdiyimizə görə, güman edirəm ki, toponimiya məsələləri ilə bağlı yer adlarının necə dəyişdirilməsi və sair barədə burada geniş müzakirə açmağa ehtiyac yoxdur. Əsas odur ki, prinsipcə Azərbaycanda bəzi adlar dəyişilməlidir. Ancaq bu, vahid bir prinsipə əsaslanmalıdır.
Yerli əhalinin istəyinə uyğun olaraq hər kəndin, hər qəsəbənin adının ləhcəyə uyğun dəyişməsinə yol vermək olmaz. Burada ümumi prinsiplər müəyyənləşdirilməlidir. Hətta Bakıda vaxtilə küçə adlarını dəyişən bir komissiya var idi, mən də onun üzvü idim. Orada dəfələrlə biz belə bir faktı aşkarladıq ki, bir neçə ailə yığışıb küçəyə öz qohumlarının adını vermək istəyirlər. Onlar bir məktub tərtib edir, onu göndərir və xahiş edirlər ki, bizim küçəyə, ya dalana filankəsin adını verin. Sonra görürsən ki, bu adamın, əslində, heç bir tarixi xidməti yoxdur və digər qonşular da bundan narazıdırlar. Ona görə küçə, kənd, ümumiyyətlə, yer adlarının dəyişdirilməsində son dərəcə ehtiyatlı olmaq lazımdır.
Mən başqa bir məsələyə toxunmaq istəyirəm. Adın gözəlliyi mühüm bir işdir və onun xalqın təbiətinə, tarixinə, dilinə uyğunluğu çox mühüm məsələdir. Yer adları gərək millətin tarixinə, görkəmli şəxsiyyətlərinin varlığına uyğun olsun.
1992-ci ildə Azərbaycanda soyadların milliləşməsi, “ov” şəkilçisinin yerinə Azərbaycan şəkilçilərinin işlənməsi haqqında Milli Məclis qanun qəbul edibdir. Bu qanunun üstündən 16 il keçib. Bu müddətdə hətta təzə doğulan uşaqların milli familiya, soyadı götürməsi barədə də heç bir addım atılmayıb. Mən bu barədə müvafiq təşkilatlarla danışanda onlar deyirlər ki, heç olmasa, şifahi tapşırıq verin, biz də o qərara əməl eləyək. Gərək bizə yuxarıdan tapşırılsın. Yuxarı kimdir, başa düşmürəm. Milli Məclis qərar qəbul eləyib. Təəssüf ki, Milli Məclisin özü də bu qərara əməl etməyib. Bu gün Milli Məclis deputatlarının çoxu rus imperiyası dövründə bizə zorla qəbul etdirilmiş sonu “ov”la bitən familiya daşıyırlar. Biz müstəqil dövlətiksə, müstəqil siyasətimiz varsa, vaxtilə müstəmləkəçiliyin əlaməti olan bu şəkilçidən gec-tez qurtarmalıyıq. Ya biz o qanunu ləğv etməliyik, deməliyik ki, biz həmişəlik “ov” familiyası ilə yaşayacağıq, ya da qərar varsa, ona hörmət edilməlidir. Bu, mənə elə gəlir ki, bizim hazırda müzakirə etdiyimiz mövzunun bir hissəsidir.
Yerdən, görürəm ki, bəzi millət vəkilləri narazılıq edirlər. İlk növbədə Milli Məclis nümunə göstərməlidir. Biz müstəqil dövlətik. Müstəqil dövlətin də milli atributlarından biri soyad şəkilçisidir. Biz niyə buna laqeydik? İçimizdə nə, hansı mühafizəkarlıq bizə imkan vermir ki, dədə-babalarımızın soyadına qayıdaq. Xahiş edirəm, bu sualın cavabını kim isə versin.
Sədrlik edən. Siz çox imperativ danışırsınız, Sabir müəllim. Öz fikrinizi hamıya aşılamaq istəyirsiniz. Qərarda, səhv etmirəmsə, yazılıb ki, bu məsələ könüllüdür. Amma Siz bunu imperativ etmək istəyirsiniz. Qərarda könüllü yazılıb. Arif Rəhimzadə, buyurun, cavab verin.
A. Rəhimzadə. Çox sağ olun, cənab Sədr. Burada belə bir fikir səsləndi ki, Toponimiya komissiyasının yaradılmasının əsası yoxdur. Ziyafət müəllim buna ətraflı cavab verdi. Mən yalnız əlavə etmək istəyirəm ki, Toponimiya komissiyasının Əsasnaməsi yalnız 2000-ci ildə təsdiq olunub, ancaq bu komissiyanın özü Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin 1963-cü ildə qəbul etdiyi qərarı ilə yaradılıbdır. Bu, uzun müddətdir təşkil olunub, fəaliyyət göstərir.
Təklif oldu ki, yer adlarının reyestri yaradılsın, onlar uzun müddət ərzində qalsın, tarixə düşsün və qorunsun. Əslində, bildiyiniz kimi, qanunvericiliyə uyğun olaraq bu reyestr yaradılıb, o iş aparılır və burada heç bir narazılıq yoxdur.
Nizami Xudiyev bir neçə məsələyə toxundu. Yığıncaqların səlahiyyətli olması, sadə səs çoxluğu ilə qərar qəbul edilməsi, qərarların maraqlı tərəflərə göndərilməsi və sair məsələlər ümumi praktikaya uyğun qaydada yazılıb. Mən hesab edirəm ki, burada elə bir dəyişikliyə ehtiyac yoxdur. Başqa bir təklif də verildi ki, Toponimiya komissiyasının rəyi Milli Məclisdə müzakirə olunandan sonra Prezidentə göndərilsin. İş burasındadır ki, bu məsələ “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunla tənzimlənir. Orada bütün bu ardıcıllıq öz əksini tapıbdır. Toponimiya komissiyası öz fəaliyyətini həmin qaydada da təşkil edir.
Toponimiya komissiyasının tərkibinin genişləndirilməsi, ora daha çox deputatların daxil edilməsi çox düzgün bir məsələdir və Toponimiya komissiyasının Milli Məclisə təqdim olunan təklifi bundan sonra daha mükəmməl, daha geniş olacaqdır, yol verilən səhvlər aradan götürüləcəkdir. Təklif etdilər ki, komissiya adların dəyişdirilməsi, dəqiqləşdirilməsi və düzəlişi ilə əlaqədar məsələlərlə məşğul olmalıdır. Həqiqətən də belədir. Məsələ qanunda birmənalı şəkildə öz əksini tapıbdır, komissiya başqa fəaliyyətlə məşğul olmur. Komissiya üzvlərinin saytında fərq məsələsi qoyuldu. Düzdür, komissiyanı 19 nəfərdən ibarət yığmaq, işini təşkil etmək müəyyən qədər çətin olsa da, ancaq bunun müsbət cəhətləri çoxdur. Toponimiya komissiyasının tərkibinin genişləndirilməsi, şübhəsiz, özünü doğruldacaq. Bir tərəfdən Toponimiya komissiyasının qərarlarının daha mükəmməl, daha geniş, hərtərəfli olması, digər tərəfdən də komissiya ilə Milli Məclis arasında yaxşı rabitənin yaradılması məsələsi həll ediləcəkdir. Mən bütövlükdə çıxış edənlərin hamısına öz minnətdarlığımı bildirir və xahiş edirəm, məsələni səsə qoyasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən baxıram, Zeynəb Xanlarova yazılıb, Əhəd müəllimin də mikrofonu xarab olub, onun yerində əyləşib. Buyurun.
Ə. Abıyev. Çox sağ olun, hörmətli Sədr. Mikrofon nə isə işləmir. Ona görə üzrlü hesab edin. Cənab Sədr, bugünkü gündəliklə bağlı mən də öz fikrimi, təklifimi verəcəyəm. Bu günlərdə Moskvada İttifaqlar evinin sütunlu salonunda ümummilli liderimiz Heydər Əliyevin 85 illiyi qeyd olunub. Çox yüksək səviyyədə təntənəli bir iclas keçirilib. Konsert də verilib. Rusiya Prezidenti Dmitri Medvedyevin fərmanı ilə hörmətli Ramiz Mehdiyev “Dostluq” ordeni ilə təltif olunub. Mən şəxsən öz adımdan hörmətli Ramiz Mehdiyevi təbrik edirəm.
Həmkarım Qüdrət Həsənquliyev İlyas İsmayılovun oğlunun tutulması ilə bağlı məsələ qaldırdı ki, deputatlar ona kömək eləsinlər. Yaxşı olardı, məsləhət görürəm, elə İlyas İsmayılov sabiq prokuror kimi cənab Ramiz Mehdiyevə müraciət eləsin, yəqin ki, məsələ həllini tapar. Belə bir humanist addım atmaq olar. Bugünkü məsələ ilə bağlı Arif müəllim öz mülahizələrini, fikirlərini bildirdi. Mən layihəyə səs verəcəyəm. Həmkarlarımı da ona səs verməyə çağırıram.
Mən açığını deyim, burada olmamışam, Moskvada olmuşam. Kim isə “Yeni Müsavat” qəzetində şəklimi verib, yazıb ki, Siz məni çıxışıma görə danlamısınız. İndi də elə bilməsinlər ki, mikrofonumu söndürüblər, mən sözümü deməyəcəyəm. Onlara bir daha bildirmək istəyirəm ki, nə mən Sizin yanınızda olmuşam, nə də Siz məni danlamısınız. Mənim əlimdə biletim var, Moskvada olmuşam. Bu yaramazlar yenə də cəfəngiyyat, əsassız yazılar verirlər. Xahiş edirəm, onlar belə çirkin əməllərdən əl çəksinlər.
Sədrlik edən. Əhəd müəllim, orada çox şeylər yazıblar, olanı da, olmayanı da. Belə şey, həqiqətən, olmayıb. Yazırlar da, gündə yazırlar, neyləyək? Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də verilən təkliflərin hamısı ilə razıyam. Xüsusilə bir məsələyə toxunmaq istəyirəm. Sabir müəllim bir məsələ qaldırdı, Siz də qeyd etdiniz ki, könüllülük əsasındadır. Amma bir məsələ var, bunun bünövrəsi nədən ibarətdir?
Bizdə ad və familiyanın yazılma sistemi düzgün deyil. Bütün dünyada birinci ad gəlir, sonra familiya. Bizdə isə familiya əvvəldə gəlir. Onun “lı”, “lu” şəkilçilərini dəyişsən də, sovet emblemi onun üstündən əl çəkməyəcək. Əgər hər yerdə fərdə üstünlük verilirsə, onun adını keçirək qabağa, bunu sistem şəklində həll eləyək. Söz veriləndə də birinci ad deyilir, sonra familiya. Yəni bu, dünyada qəbul olunmuş normadır.
Böyük Britaniyada, Amerikada və digər dövlətlərdə fərd hər şeydən üstündür. Fərdin üstünlüyü təşkil olunmalıdır, familiya onun adından sonra gəlməlidir. Bizdə bütün sənədlərdə, şəxsiyyət vəsiqəsində, pasportumuzda birinci familiya yazılır. Orta, ali məktəblərin jurnallarında adımız yazılanda, yenə familiya qabaqda gəlir. Yəni bu, bir sistem, toplum halında həll olunsa, hesab edirəm ki, gələcəkdə əlavə olunacaq şəkilçilər də öz yerini tapar. Familiya əvvəl gəldiyinə görə, şəkilçiləri dəyişsən də, alınmayacaq, həmin effekti verməyəcək. Buna yanaşmanı hansı komissiya icra edirsə, bu məsələ ilə də məşğul olsun. Azərbaycanda yeganə sistemdir ki, fərdin adı familiyadan sonra gəlir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, Əsasnamənin təsdiq edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.26 dəq.)
Lehinə 92
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1 
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Prezidenti və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında”dır. Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Azərbaycan Respublikasının Prezidenti və Polşa Respublikası Prezidentinin 2008-ci il fevralın 26-da Varşava şəhərində imzalanmış Birgə Bəyannaməsi iki ölkə arasında çox vacib və əhəmiyyətli olan növbəti bir sənəddir. Biz bu sənədi, təbii ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında müzakirə etmişik. Azərbaycan–Polşa dövlətləri arasında münasibətlərin gündən-günə yaxşılaşması, gündən-günə əlaqələrinin yalnız siyasi nöqteyi-nəzərdən yox, iqtisadi, mədəni, elmi və sair cəhətdən genişlənməsini faydalı əməkdaşlıq kimi səciyyələndirmişik.
Bu Bəyannamədə Azərbaycan–Polşa münasibətləri ilə yanaşı, ümumiyyətlə, dünya siyasətinin başqa ölkələrə, yerlərdə baş verən münaqişələrə, regionlardakı hadisələrə, ümumiyyətlə, Avropa istiqamətində gedən proseslərə münasibətləri təhlil olunur. Hər iki prezident tərəfindən imzalanan sənəddə əksini tapan bəndlərdə həm Azərbaycanın, həm də Polşanın maraqlarına tam uyğun olan məsələlər vardır. Xüsusilə Azərbaycanın enerji daşıyıcılarının ortaya çıxarılması, ölkəmizin ən ağrılı yeri olan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması vacib şərtlərdir.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının, mədəni əlaqələrinin inkişafında, təhsil istiqamətində birgə fəaliyyətin təşkil olunmasında bu sənəd əhəmiyyətli rol oynayacaqdır. Azərbaycanın maraqlarına tam şəkildə cavab verən, hörmətli Prezidentimiz tərəfindən imzalanan bu sənəd komissiyamızda yekdilliklə müsbət rəy almışdır. Mən millət vəkillərindən bu sənədə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında mülki hava daşımaları haqqında” 1997-ci il avqustun 26-da Varşava şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqındadır. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq cənab Sədrin qeyd etdiyi kimi, 1997-ci ildə imzalanmış Sazişə bir neçə düzəliş edilir. Bu düzəlişləri hər iki tərəf razılıqla qəbul etmişdir. Yəni göstərilir ki, təhlükəsizliyin beynəlxalq standartlara uyğun gəldiyi, gəlmədiyi şəraitdə məsələlər meydana çıxarsa, hər iki tərəfin ixtiyarı var ki, müraciət etsin və müvafiq tədbirlər görsün. Ona görə də təklif edərdim ki, bu Sazişə müsbət münasibət bildirək.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, məsələyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Bilirsiniz ki, bu aylarda bir çox yubiley hadisələrinin şahidiyik. O cümlədən Azərbaycan Silahlı Qüvvələrinin bir müddətdən sonra 90 illik yubileyi böyük təntənə ilə qeyd olunacaqdır. İyun ayının 26-sı Azərbaycan Silahlı Qüvvələri günüdür. Çox təqdirəlayiq haldır ki, yubiley ərəfəsində cənab Prezident tərəfindən parlamentə “Silahlı Qüvvələrin 90 illiyi (1918−2008)” yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi təqdim olunmuşdur. Eyni zamanda, bu qanunun qəbul olunması ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda da bir düzəliş olunacaqdır. Yeni medaldır və təbii ki, qanunda sıra nömrəsi ilə öz əksini tapmalıdır.
Qısaca onu qeyd etmək istəyirəm ki, Əsasnaməyə görə, “Silahlı Qüvvələrin 90 illiyi” (1918–2008)” yubiley medalı ilə 2008-ci il 26 iyun tarixinədək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir, miçmanlar və digər hərbi qulluqçular təltif edilirlər. Yubiley medalının təsvirində xüsusi olaraq qeyd etmək istəyirəm ki, bizim üçrəngli bayrağımızın rəngləri əks olunmuşdur.
Hesab edirəm ki, cənab Sədr, bu medalın təsviri bütün milli xüsusiyyətlərə uyğundur. Silahlı Qüvvələrə məxsus olan ornamentlər, hərbi, eyni zamanda, milli elementlər də burada öz əksini tapmışdır. Mən düşünürəm ki, belə bir yubiley medalının təsis olunması, Əsasnamənin parlamentdə qəbul edilməsi, bizim tərəfimizdən də Silahlı Qüvvələrə mühüm təbrik kimi qəbul oluna bilər. Mən həmkarlarımdan cənab Prezident tərəfindən təqdim olunmuş bu yubiley medalı ilə bağlı layihəni dəstəkləməyi və ona səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çıxışlara ehtiyac varmı? Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli millət vəkilləri, bilirsiniz ki, bir müddət öncə İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər eləmişdik. O cümlədən orada sanksiyalar artmışdı və məcəlləyə bir sıra yeni anlayışlar əlavə olunmuşdu. Həmin o qanunda öz əksini tapmış müddəalar var, amma bu, “Yol hərəkəti haqqında” Qanunda da tənzimlənməlidir. İlk növbədə qeyd etmək istəyirəm ki, təklif olunmuş əlavə və dəyişikliklərin bir hissəsi texniki düzəlişdir, bir hissəsi isə qanunun mahiyyəti ilə bağlıdır.
Birinci, söhbət vəkalətnamə və digər əsaslarla avtomobil nəqliyyatı vasitəsinin digər şəxsə verilməsindən gedir. Burada təklif olunur ki, həmin proses etibarnamə əsasında həyata keçirilsin, çünki bizim qanunvericilik belə tələb edir. İkinci, bilirsiniz ki, texniki vəziyyətin müəyyən standartlara uyğun olub-olmaması çox zaman mübahisələr yaradır və bəzi hallarda normativ tələblər pozulur, yaxud əlavə avadanlıqlar quraşdırılır, dəyişdirilir. Məlumat üçün demək istəyirəm ki, artıq məcəllədə əksini tapan məsələ, yəni avadanlığın quraşdırılması və dəyişdirilməsinə görə məsuliyyət “Yol hərəkəti haqqında” Qanunda da olmalıdır.
Üçüncü düzəliş isə yük avtomobillərinin beynəlxalq yol hərəkətində iştirakına aiddir. Bu, yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan idarə olunmasının qarşısını almaq üçün tətbiq olunan bir müddəadır. Qeyd etmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsində artıq bu məsələ öz əksini tapmışdır. Düşünürəm ki, bu əlavə və dəyişiklikləri qəbul etməklə “Yol hərəkəti haqqında” Qanunda mövcud olmuş boşluqlar aradan qaldırılar və İnzibati Xətalar Məcəlləsində etdiyimiz dəyişikliklər tətbiq oluna bilər.
Sədrlik edən. Çox sağ olun. Təkid eləyən var? Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Laqeydlik məni təəccübləndirir. Hamımız bilirik ki, yol hərəkətinin təşkili və yol hərəkətinin təhlükəsizliyi məsələsi milyonlarla insanın hər gün rastlaşdığı məsələdir. Belə bir layihənin gündəmə gətirilməsindən mən də yararlanaraq, hesab edirəm ki, həm konkret dəyişiklik, həm də yol hərəkəti barədə özümün ictimaiyyətin, bizim seçicilərimizin fikirlərini çatdırmaq faydalı olar.
Konkret olaraq bir məsələyə diqqəti cəlb eləyim. Son dövrdə, xüsusən yol hərəkəti işinin təşkili ilə əsasən məşğul olan, bu işin məsuliyyətini və əziyyətini çəkən müvafiq müfəttişliyə xüsusi diqqət yetirilir. Səhv eləmirəmsə, bir-iki il qabaq onların əmək haqları artırıldı. Bundan sonra, həqiqətən, Azərbaycanda hamı tərəfindən hiss olunurdu ki, ən azı bizim regionda, Qafqazyanı bölgədə nümunəvi qaydalardan biri yaranmışdır. Yəni çox mədəni şəkildə, yersiz müdaxilələr olmadan bu məsələ həyata keçirilirdi.
Çox təəssüf ki, sonradan, bizim elə Milli Məclisdə müvafiq cərimələr yuxarı həddə çatdırılandan sonra vəziyyət kəskin şəkildə dəyişmişdir. Deputat olduğumuza görə biz hörmət görür, təşəkkür edirik, amma vətəndaşlar arasında hər halda narazılıq və şikayət çoxalmışdır. Əvvəl-axır, ümumiyyətlə, Avropanın inkişaf eləmiş ölkələrində olduğu kimi, bizə də avtomat göstərici qurğular gətiriləcəkdir. Bizim texniki baxış deyilən və digər başqa işlərlə yanaşı, o cümlədən ağrılı məsələlərdən biri olan vəkalətnamə, – indi də adını “etibarnamə” qoyuruq, – bu gün də bürokratik maneələri davam etdirir, gündəmə gətirir.
Biz hamımız görürük ki, başqa yerlərdə belə deyil. Ən azı Gürcüstana gedirik, məsələn, bu başından o başına çıxırıq, ancaq heç bir DYP məntəqəsinin qarşısında bizdəki yolu kəsən tirlər yoxdur. Saat 11−12 olan kimi yolu tən yarıdan dəmir dirəklərlə kəsirlər. Bu nəyə əsasən edilir? Fövqəladə vəziyyət deyilsə, bu nə üçün edilir? Bunun bir izahı yoxdur? Mən özüm müşahidə eləmişəm. Sabirabadda mənim konkret seçki dairəm – Nizamikənd deyilən ərazi var. Əli Bayramlı (indiki Şirvan) postuna yaxınlaşanda “50 kilometr” nişanı qoyulub, ancaq orada heç bir yaşayış məntəqəsi yoxdur. Postun da qabağında son dövrlərdə bir sürətölçən qoyulub. Bu sürətölçənin quraşdırılması, həqiqətən, dünyada olan məsələdir, bizdə də qaydaya salınmalıdır, heç kim bunun əleyhinə deyil. Amma yerli-yersiz yolu tutub oradan saatda 50 kilometrlik sürətlə gəlməlisən. Hamını saxlayırlar, hamını incidirlər. Hamımız Bakı–Kürdəmir yolunu gedirik, odur ki, bizə bu barədə daha çox müraciət edirlər. Qobustandan o tərəfə çıxırsan, yol hərəkəti sürətinin nə qədər olması haqqında nişan yoxdur. Səngəçala çatanda, artıq Qobustan qəsəbəsi çoxdan qurtarıb, ancaq terminalların qabağında “50−60 kilometr” nişanları qoyublar. Halbuki bizim aeroport yolunda sürət 80 kilometrdir, ən intensiv yaşayış yerləri olan sahələr də həmin ərazidədir.
Bizim hörmətli yol işçilərimiz yaxşı, rahat yollar çəkiblər, abad yollar yaranıb. Yol işarələrində, sürət məsələlərində də müvafiq qayda-qanunun yaradılması, mənə elə gəlir ki, vətəndaşların yerli-yersiz incidilməsi məsələlərinə son qoyardı. Bunun vaxtı gəlib çatıbdır. Hələ mən şəhərin içərisindəki yol məsələlərinə toxunmuram.
Etibarnamə, ümumiyyətlə, bəladır, absurd bir məsələdir. Vətəndaş özünün xüsusi mülkiyyətində olan avtomobilini, tutaq ki, 5 nəfərə etibarnamə ilə vermək istəyir. Məsələn, 1 günlüyə, 1 həftəliyə, yaxud 3 günlüyə. Həmin şəxsin harada qeydiyyatda olduğu vacib deyil. İndi də bu məsələ çıxıbdır. Deyək ki, o adam da Qazaxda, ya da Sabirabadda yaşayır. Yaxud Bakıda qeydiyyatda deyil, ancaq burada yaşayır. Bu da qanunvericiliyə müvafiq deyil. Gərək hər dəfə, hər həftə gedəsən Qazaxa, Sabirabada, Masallıya, ya da Lerikə, oranın DYP postunda qeydiyyata alınasan. Bu, nə Rusiyada, nə də Gürcüstanda var. Bizə yaxın olan yer Türkiyədir, orada da belə şey yoxdur. Gəlib gedənlərdən soruşuruq və bu məsələlər nizama salınmalıdır.
Hörmətli Sədr, indi bu sözü qoyub, o birisinə keçirəm. Mənə elə gəlir ki, bu məsələdə hamıya müraciətlər olur. Məsələn, texniki baxış məsələsinə görə müraciətlər çoxdur. Mən xüsusi olaraq bir müraciətlə əlaqədar DYP-yə getdim. Hamı tələb edir ki, maşına aslıq vurulsun. Həmin o texniki baxış keçirilən müvafiq respublika idarəsində isə heç bir qəbz verilmir. Ümumiyyətlə, məlum deyil ki, bu rüsumlar hara, nə üçün, nə qədər köçürülür. Bu da milyonlarla insanın narazılığına səbəb olur. Mən yenə Gürcüstanın adını çəkməyə məcburam. Hörmətli həmkarlarım deyirlər ki, Gürcüstan hər halda bəzi məsələlərdə gözəl bir nümunədir. Orada məişət korrupsiyası deyilən, yəni adi vətəndaşın gündə qurşandığı korrupsiya məsələlərinin aradan qaldırılması sahəsində, həqiqətən də, çox ciddi bir iş görülübdür. Bunun da böyük psixoloji təsiri var. Bu, siyasi, sosial bir mədəniyyət məsələsidir.
Hər şeydən əvvəl, yol hərəkəti təhlükəsizliyi və təşkili ilə bağlı olan işçilərin üzərinə çox böyük əziyyət düşür. Onlar yollarda durub təhlükəsizliyi təmin edənlərdir. Mən onların əziyyətini yerə vurmaq istəmirəm. Heç də hər kəs o cür çətin şəraitdə işləməyə qadir deyil. Onların əmək haqqını da, zəhmətini də lazımınca dəyərləndirmək, işlərinə yüksək qiymət vermək lazımdır. Amma bir daha təkrar edirəm, burada onların nümayəndələri varsa, bu Milli Məclisin tribunasında səslənən fikirlərin xoşməramlı olmasını başa düşsünlər. Onlar özlərinin, yaxınlarının, bütövlükdə bizim Azərbaycan vətəndaşlarının taleyi barədə daim düşünməli, bunun çox ciddi bir məsələ olduğuna diqqət yetirməlidirlər. Mənim söylədiyim məsələlərə qanunvericilik qaydasında baxılmalıdır. Məsələn, bu vəkalətnaməni, ümumiyyətlə, götürmək lazımdır.
Yerlərdə müvəqqəti vəkalətnamə verilməsinə başqa bir yol tapılmalıdır, bu iş mərkəzləşdirilməlidir. Məsələn, təkliflər var idi ki, notariuslarda mərkəzləşdirilmiş informasiya bankı yaradılsın və buna internet, başqa texniki vasitə ilə nəzarət olunsun. Hesab edirəm ki, bu məsələləri həll etmək mümkündür. Prinsip etibarilə bu çox ciddi bir sahədir və daim diqqət mərkəzində olmalıdır. Bizim müvafiq komissiya yaradılıbdır, bu məsələlərə diqqət cəlb olunmalıdır. Bütün bunlara kompleks halında yanaşılmalıdır. İstər inzibati, istərsə də yol hərəkəti təhlükəsizliyi haqqındakı qanunvericilik bütövlükdə yol hərəkətini təşkil etməli, təhlükəsizliyi qorumalıdır. Ümumi konseptual sənədin, Proqramın işlənib hazırlanması üçün biz öz üzərimizə düşən işləri görməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Vəkalətnamə məsələsi ilə bağlı mən bir dəfə Milli Məclisdə çıxış etmişəm. Mənim müraciətim əsasında hörmətli Əli Hüseynov aidiyyəti orqanlara müraciət etdi və onların cavabları əsasında mənə əhatəli bir məktub yazdı. Əli müəllimə hörmətim var. Ancaq o cavab məni qane etmədiyindən bu qeydlərimi sizin diqqətinizə çatdırmağa məcburam.
Bütün mütərəqqi ölkələrdə avtomobil vasitələrinin notarial qaydada başqasına etibar edilməsi təcrübəsindən imtina olunub. Əgər avtomobil sahibi maşını kiməsə etibar etmək istəyirsə, bunun üçün avtomobilin texniki pasportunu həmin adama verməsi kifayət edir. Ancaq nə qədər absurd olsa da, Dövlət Yol Polisi notarial qaydada verilmiş etibarnaməni yalnız özü qeydiyyatdan keçirdikdən sonra qanuni sayır. Reallıq da bundan ibarətdir ki, notarial qaydada verilmiş etibarnamənin Dövlət Yol Polisində qeydiyyatı ancaq süründürməçilik, rüşvət hesabına başa gəlir. Bunu hər kəs bilir. Belə qaydanın tətbiq edilməsi həm də vətəndaşların öz əmlakları üzərində sərəncam vermək hüquqlarının pozulması deməkdir.
Bizdə bu qaydanın guya avtomobil oğurluğunun qarşısının alınması üçün lazım olduğunu deyirlər. Bu, bəhanədir. Əslində, bu qayda rüşvət yığmaq üçün bir vasitədir. Əgər avtomobil oğurlanıbsa, sahibi mütləq polisə xəbər verəcək və polis onu axtarmalı olacaq. Əgər etibar edilmiş avtomobillə hadisə törədilibsə və sükan arxasında olmuş adamı tapmaqdan söhbət gedirsə, yenə də Dövlət Yol Polisinin arqumenti əsassızdır. Avtomobil sahibi, eyni zamanda, 50 adama etibarnamə verə və özü də ondan istifadə etməkdə davam edə bilər. Belə olduqda Dövlət Yol Polisi kimin qapısına gedəcək? Onsuz da avtomobil sahibi haqqında məlumatlar Dövlət Yol Polisində var. Əgər hadisə törədilibsə, onun sahibini tapıb, hadisə zamanı avtomobilin kimdə olduğunu öyrənmək problemdirmi? Digər tərəfdən, bu orqan yaxşı bilir ki, vətəndaşlar maşın alarkən Dövlət Yol Polisində rəsmiləşdirmirlər, avtomobil sahiblərindən etibarnamə almaqla kifayətlənirlər. Niyə? Çünki alğı-satqını rəsmiləşdirmək və maşını addan ada keçirmək o qədər zəhlətökən və rüşvət tələb edən prosesdir ki, adamlar etibarnamə variantına üstünlük verirlər.
Bu məsələdə, – Pənah bəy burada söylədi, – qonşu Gürcüstanın təcrübəsindən yararlanmaq, məncə, məqsədəuyğun olardı. Deyək ki, avtomobil sahibi öz dostları ilə harasa istirahətə gedir. Birdən onun səhhətində ciddi problem yaranır və mütləq yaxınlıqdakı yaşayış məntəqəsindən həkim gətirmək lazım gəlir. Belə çıxır ki, onun dostları maşını sürüb həkim dalınca gedə bilməzlər. Çünki etibarnamələri yoxdur.
Etibarnamələrin Dövlət Yol Polisində qeydiyyatdan keçirilməsinin başqa bir absurd cəhəti ondan ibarətdir ki, burada etibarnaməni qeydiyyata alarkən nəqliyyat vasitəsinin hökmən Dövlət Yol Polisinin həyətinə gətirilməsi və texniki baxış keçirilməsi tələb edilir. DYP bununla yalnız avtomobilin kimə etibar olunduğu haqqında məlumat əldə etmək istəyir. Onda bu texniki baxış hoqqası nəyə lazımdır? Onsuz da bütün nəqliyyat vasitələri ildə bir dəfə texniki baxışdan keçirilir. Təsəvvür edin ki, Bakıda yaşayan vətəndaş özünün 20−30 tonluq yük maşınını müvəqqəti Bakıda yaşayan balakənli və ya hansısa başqa rayondan olan qohumuna etibar edibsə, o, xərc çəkərək, bir neçə gün vaxt itirərək, o boyda maşını sürüb qeydiyyatda olduğu həmin rayona, şəhərə aparmalı və orada yerli polis xidmətinə rüşvət verdikdən sonra etibarnaməni qeydiyyata aldırmalıdır.
Təəssüf ki, bu belədir. Bu məsələdə zərrə qədər məntiq görmürəm. Təklif edirəm ki, qanunda müvafiq düzəliş edilsin və vətəndaşların öz nəqliyyat vasitələrini notarial qaydada təsdiq olunmuş etibarnaməni Dövlət Yol Polisində qeydiyyatdan keçirmədən başqasına etibar edə bilməsinə imkan yaradılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Şükür ki, bizdə maşınların sayı daha çoxdur və bu özü bir irəliləyişdir. Gürcüstandakı maşınların sayı ilə bizdəki maşınların sayını müqayisə etsən, görərsən ki, fərq nə qədərdir. İndi Siz vəkalətnamə məsələsini dediniz. Yəqin ki, o məsələyə də baxılar. Ancaq orada müəyyənləşdirilməli məsələlər də var. Məsələn, o yük maşını haradan gəlib, yükünü harada gedib boşaldacaq, o yük maşınını götürən adamın müvafiq kateqoriyası var, yoxdur və sair. Bunların hamısı müəyyənləşdirilməlidir, axı. Siyavuş Novruzov.
S. Novruzov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bu əlavə və dəyişikliklərə səs verəcəyəm. Deputat həmkarlarımı da buna səs verməyə çağırıram. Amma burada bir neçə məqamı qeyd etməmək ədalətsizlik olardı.
Azərbaycanda bu sahədə aparılan işlər göz qabağındadır. Yollarda işarələr də vurulub, kameralar da qoyulub. Hər gün televiziya vasitəsi ilə izləyə bilirsən ki, yollarda vəziyyət necədir – harada qanun pozulub, harada pozulmayıb, hansı maşın kimə məxsusdur. Biz öz sistemimizi Gürcüstana yox, Avropa standartlarına uyğunlaşdırırıq. İndi bizim şəhər bu baxımdan ən təhlükəsiz şəhərə, ölkəmiz ən təhlükəsiz ölkəyə çevrilib. Biz Gürcüstanı da, başqa ölkələri də nəzərə alırıq. Amma siz statistikaya baxın. Rusiyada bunu ləğv ediblər, maşın oğurluğu baş alıb gedir. Gürcüstanda oğurlanan maşınlar Azərbaycanda və başqa ölkələrdə satılır. Yəni bu statistikaya da bir nəzər salın. Görün, maşın oğurluqları Gürcüstanda neçə və Azərbaycanda neçə faizdir.
Vəkalətnamə, etibarnamə verən hər bir insan istəyir, qeyd olunsun ki, bu maşın filankəsdədir. Arzu müəllim dedi ki, avtomobil sahibi istəsə, 50 adama vəkalətnamə verə və özü də ondan istifadə edə bilər. Belə olanda artıq cinayətkarlıq artacaq, həmin maşının istifadəsi qeyri-müəyyən şəklə düşəcək. Belə çıxacaq ki, onu günorta bir adam sürür, axşam başqa bir adam. Belə olan təqdirdə gün ərzində törədilən cinayətlərin üstünün açılması əmsalı hansı səviyyəyə düşə bilər? Əgər əməlisaleh adamsansa, get, lap əlli yerdə qeydiyyatdan keç. Vəkalətnamən var, Dövlət Yol Polisində qeydiyyatdan keç, nə qədər istəyirsən sür. Amma əvvəl gəl, baxaq, görək sənin müvafiq kateqoriyaya uyğun sənədin var, ya yox. Bu gün şəhərin içərisində işləyən avtobus sürücüləri var, elə bil, odun aparırlar. Təbii ki, belələrinin kateqoriyası avtobus sürməyə icazə vermir və onlara qarşı ciddi mübarizə gedir.
Avtomobilin texniki saz olması da şərtdir. Bəlkə bu maşın bir il bundan qabaq qeydiyyatdan keçib, sonra onda hansısa nasazlıq baş verib? Bu şəkildə birindən digərinə etibar olunan maşın bir gün gedib haradasa qəza törədir. Bir də texniki baxışdan keçəndə nə olar ki? Bu işdə insan taleyi həll olunur. Statistikaya baxsanız, görərsiniz ki, hələ bu cür ciddi qanunlar ola-ola Azərbaycanda keçən il avtomobil qəzasında ölənlərin sayı 2 minə yaxın olubdur. Halbuki biz 10 illik atəşkəs dövründə Ermənistanla sərhəddə o qədər insan itirməmişik. Ona görə də bu məsələ ciddi şəkildə nəzərə alınmalıdır.
Mən hesab edirəm ki, burada verilən təkliflər də, qoyulan məsələlər də çox yerindədir və bunu səsə qoyub qəbul etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də təklif olunan bu əlavələrin lehinə səs verəcəyəm. Amma bəzi məsələlərlə bağlı fikrimi bildirmək istərdim. Mən bütün deputat həmkarlarımın çıxışlarına hörmətlə yanaşıram. Burada hörmətli Arzu bəyə “rüşvət” sözünü tez-tez hallandırmaqla dramatik vəziyyət təsəvvürü yaratmağı məsləhət görmürəm. Digər tərəfdən, sürətin məhdudiyyəti söhbəti var. Bilirsiniz ki, Avropa ölkələrində, xüsusilə də Almaniyada avtoban deyilən tras var. Orada sürətə praktiki olaraq məhdudiyyət qoyulmur. Lakin orada hərəkətin təhlükəsizliyi ciddi təmin olunur.
Azərbaycanda son illər Allaha şükür, hamının gözü qabağında yeni yollar tikilir və bu yolların texniki imkanları şərait yaradır ki, burada istənilən sürətlə hərəkət edəsən. Amma bu sürətin təhlükəsizliyi təmin olunurmu? Bir şey də nəzərə alınmalıdır. Dövlət Avtomobil Müfəttişliyi çox gözəl tədbirlər həyata keçirir. Sürət artırılmasa və ya hərəkət qaydaları pozulmasa, yol polisləri heç vaxt heç kimi saxlamırlar. Hər halda günahın bir hissəsi DYP-də olursa, bir hissəsi də sürücülərdə olur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 92
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Bildiyiniz kimi, cənab Prezident tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi təqdim olunub. Onu qeyd etməliyəm ki, nə Cinayət Məcəlləsinə, nə də İnzibati Xətalar Məcəlləsinə dispozisiya ilə bağlı, qanunvericilik mahiyyəti ilə bağlı heç bir dəyişiklik edilməyib. Dəyişiklik cənab Prezident tərəfindən 2007-ci ildə verilmiş sərəncamdan irəli gəlir. Bu sərəncama görə şərti maliyyə vahidinin məbləği mütləq rəqəmlərlə əvəz olunmalıdır. Bu müddəa bütün qanunvericilik sistemimizə aiddir. Amma bu gün yalnız Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə bağlı dəyişikliklər təqdim olunub.
Əlbəttə, sual oluna bilər ki, nə üçün bəs qabaq bizim qanunvericilik sistemində belə bir müddəa olub. Bilirsiniz ki, əvvəllər manatın qeyri-stabilliyi ilə bağlı problem mövcud idi. Bu problem aradan qalxdı. Bu gün artıq manat stabildir. Eyni zamanda, müasir beynəlxalq təcrübə də qanunvericilikdə sanksiyaların mütləq rəqəmlərlə göstərilməsini tələb edir. Bu həm qanunu tətbiq edən məhkəmələrdən, həm də vətəndaşlardan ötrü əlverişlidir. Ona görə ki, bu məbləğlər aydın şəkildə görünür.
Qeyd etmək istəyirəm ki, məbləğlərdə hansısa bir ciddi azalma və ya artma yoxdur. Sadəcə olaraq, bu məbləğlər qanunvericilik təşəbbüsü subyekti tərəfindən bir qədər yuvarlaqlaşdırılıb. Ona görə də mən düşünürəm ki, həm cənab Prezidentin sərəncamından irəli gələn o müddəanın qanunvericiliyimizə tətbiqi, həm beynəlxalq təcrübənin nəzərə alınması, həm də qanunu tətbiq edənlərin işinin yüngülləşdirilməsi və vətəndaşların mənafelərinin qorunması baxımından bu layihə əhəmiyyətlidir. Ona görə mən millət vəkillərindən buna səs verməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çıxışlara ehtiyac varmı? Qüdrət Həsənquliyev təkid edir. Buyurun.
Q. Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən komissiyanın iclasında da qeyd etmişdim. Əlbəttə, bu dəyişikliklər cərimə ödənişi baxımından vətəndaşların vəziyyətini yaxşılaşdırır. Amma problem onunla bağlıdır ki, ölkədə inflyasiya var. Ümumi daxili məhsulun həcmi artır. Müəyyən mənada bu iqtisadi inkişafla da əlaqədar olaraq inflyasiya davam edəcək. Məsələn, elə mallar var ki, bir il ərzində qiyməti iki dəfə qalxıb. Bəzi ərzaq məhsullarının qiyməti 30−40 faiz və hətta 100 faiz qalxıb. Sözsüz ki, bu cərimələr qanunu pozan insanlar üçün müəyyən məhrumiyyətlərlə nəticələnməlidir. Mən bu yaxınlarda DYP rəisi hörmətli Ramiz Zeynalovun bir açıqlamasını oxudum ki, yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsindən sonra yol hərəkəti qaydalarının pozulmasının sayı xeyli dərəcədə azalıb.
Yəni indi o baxımdan deyirəm. Bu gün cəriməni, deyək ki, 50 manat müəyyənləşdirmək nə dərəcədə məqsədəuyğundur? Ölkədə 20 faizlik inflyasiya var. Bu məbləğə ki biz keçirik, gərək tez-tez – ildə bir dəfə, iki ildə bir dəfə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edək. Bizə verilmiş sənədlərin qalınlığına baxın, görün nə böyüklükdə sənəddir. Olmazmı, elə bu şərti maliyyə vahidini saxlayaq və Prezidentə müraciət edək ki, onun məbləğini hər dəfə lazım olanda öz sərəncamı ilə dəyişdirsin və bununla da cəza öz effektivliyini itirməsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məncə, Əli müəllim əvvəldə dedi ki, bu qiymətlər mütləq formada təsbit olunmalıdır. Burada elə bir şey yoxdur. Artıq manatın məzənnəsi özündə durur. İnflyasiya dünyanın hər yerində var. Hər yerdə sanksiya mütləq rəqəmlərlədir. Əli müəllim, izahat vermək istəyirsiniz? Buyurun.
Ə. Hüseynov. Cənab Sədr, mən demək istəyirəm ki, burada sadalanan arqumentlər, həqiqətən, əsaslıdır. Qüdrət müəllim də komissiyada bu narahatçılığını bildirmişdir. Amma birincisi, inflyasiya o sürətlə getmir ki, biz məcəllələrimizə mütəmadi dəyişiklik edək. Yaxın illərdə bu olmayacaq. Amma yenə də deyirəm, əgər cərimələrin məbləğini mövcud vəziyyətə uyğunlaşdırmaq lazım gəlsə, bundan sonra biz ancaq konkret rəqəmlərlə ifadə olunmuş məbləğləri dəyişdirməli olacağıq. Yəni artıq başqa bir yol yoxdur.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 96
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Fasilə elan edilir.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Hörmətli deputatlar, növbəti məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədədir. Komissiya sədri Hadi Rəcəbli məruzə edəcəkdir. Buyurun, Hadi müəllim.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Minnətdaram, Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım, artıq iki ildən bir qədər çox müddətdir ki, Milli Məclisin Sosial siyasət daimi komissiyasında Əmək Məcəlləsinin geniş monitorinqi keçirilir. Əmək Məcəlləsi ilə əlaqədar olaraq müxtəlif təşkilatlardan, Ədliyyə Nazirliyindən, Həmkarlar İttifaqları Konfederasiyasından komissiyamıza xeyli material, 100-ə qədər əlavə və dəyişiklik barədə təkliflər daxil olmuşdur. Bu əlavə və dəyişikliklərin yaranmasının bir neçə səbəbi var. Bunlar ilk növbədə bugünkü Azərbaycan reallıqları və beynəlxalq konvensiyalara qoşulmaqla bağlı məsələlərdir. Buraya Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq sahəsində meydana çıxan bəzi məsələlər də daxildir. Qanunda üslubi baxımdan bir sıra nöqsanlı məqamlar, təkrarçılıq və digər məsələlər də var ki, bunlar da öz həllini gözləyir. Bütün bunlara baxmayaraq, bu layihədə yalnız kiçik dəyişikliklər nəzərdə tutulur. Əmək Məcəlləsinin 5 maddəsinə – 45-ci, 71-ci, 80-ci, 97-ci və 104-cü maddələrinə əlavə və dəyişikliklər təklif edilir.
“Əmək müqaviləsinin müddəti” adlı 45-ci maddənin 4-cü hissəsi, yəni əmək müqaviləsinin müddəti ilə bağlı müddəa çıxarılır. Bu müddəa, əslində, 1-ci, 2-ci və 3-cü hissələrdə öz əksini tapıb. Onu da qeyd eləyim ki, Əmək Məcəlləsinin 47-ci maddəsində bu daimiliyi xarakterizə edən 12 hal müəyyənləşdirilib. Yəni 47-ci maddədə də bununla bağlı müəyyən məqamlar nəzərdə tutulub. Ona görə 4-cü hissə 45-ci maddədən çıxarılır.
71-ci maddənin adı dəyişdirilib və 1-ci hissəsi yeni redaksiyada verilib. Bu hissədə əmək müqaviləsinin ləğv edilməsi barədə müddəa var idi. Yeni redaksiyada o müddəa artıq yoxdur. Burada “mövcud kadr potensialını nəzərə alaraq, müvafiq təşkilati-hüquqi və bu Məcəllə ilə müəyyən edilmiş digər tədbirləri görür” sözləri, əslində, əvvəlki variantda əks etdirilmiş fikirləri özündə ehtiva edir.
80-ci maddənin 1-ci hissəsi yeni redaksiyada verilib. Maddənin 1-ci hissəsindən sonra yeni 2-ci hissə əlavə edilib. Layihədə təklif olunur ki, əvvəlki 2-ci hissə 3-cü hissə hesab edilsin. Hər şeydən əvvəl biz burada işçiləri həmkarlar ittifaqının üzvü olmağa sövq edirik. Çünki həmkarlar ittifaqının üzvü olan işçi öz hüquqlarının müdafiəsi üçün həmkarlar ittifaqına müraciət edə bilər. Bu maddənin təklif olunan variantının 2-ci hissəsində deyilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini “ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimat daxil olan gündən on gündən gec olmayaraq özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”.
97-ci maddə gecə vaxtı işin müddəti barədədir. Bu maddədə deyilir ki, əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Təklif olunan variantda həmin müddəa yalnız əmək şəraiti ağır və zərərli olan iş yerlərinə aid edilir.
104-cü maddəyə təklif olunan dəyişiklik istirahət günləri ilə bağlıdır. Layihədə təklif olunur ki, “həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır” müddəası bu maddədən çıxarılsın. Biz bu təklifi hörmətli Səttar müəllimlə müzakirə elədik. Səttar müəllim beynəlxalq konvensiyalara istinad edərək bu təklifin əleyhinə çıxır. Konstitusiyanın müvafiq maddəsi, əslində, həmin müddəanı ehtiva etməsinə baxmayaraq, onu buradan çıxarmaq təklifi irəli sürülüb. Amma hörmətli Səttar müəllim deyir ki, beynəlxalq konvensiyalar bu müddəanın buradan çıxarılmasına yol vermir. Ona görə mən də düşünürəm ki, onun burada qalmasının, əslində, elə bir ziyanı yoxdur.
Mən hesab eləyirəm ki, bu layihəyə səs vermək olar. Amma mən bir daha deputat həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm ki, bizim komissiyada Əmək Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı 100-ə qədər təklif toplanıb. Bu təkliflərin müəllifləri arasında Həmkarlar İttifaqları Konfederasiyası da, Ədliyyə Nazirliyi də, hətta özəl bölmələr də var. Beləliklə, biz gələcəkdə Əmək Məcəlləsinə daha geniş şəkildə əlavələr və dəyişikliklər etməyi nəzərdə tuturuq. Hələlik isə xahiş edirəm, bu layihəyə səs verəsiniz.
Sədrlik edən. Müzakirəyə başlayırıq. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Məcəlləyə edilən dəyişiklikləri vacib hesab edirəm. Çünki Əmək Məcəlləsində təkmilləşdirilməli məqamlar çoxdur. İki il bundan qabaq, 2006-cı ildə 80-ci maddənin təkmilləşdirilməsi istiqamətində biz yazılı təkliflər vermişdik. Bir müddətdən sonra həmin təkliflər hökumət tərəfindən müzakirəyə çıxarıldı və qəbul edildi. Amma müzakirələr zamanı hörmətli Səttar müəllimin bir maraqlı fikri oldu ki, zaman keçsin, əgər bizim irəli sürdüyümüz təkliflər həyatda özünü doğrultsa, bu məsələyə bir də baxarıq. İndi həmin zaman keçib. Elə həmkarlar təşkilatının hesabat qurultayında bu istiqamətdə minlərlə qanun pozuntuları aşkara çıxıb. Həmkarlar təşkilatları tərəfindən sahibkarlara təqribən 2000-ə yaxın müraciət olub və bu qanun pozuntularının aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Deməli, bu rəqəmlər özü açıq formada göstərir ki, bizim iki il bundan qabaq qaldırdığımız məsələlərə yenidən baxılmasına ehtiyac var. Ona görə də biz bu təklifləri dəstəkləyir və Hadi müəllimin qeyd elədiyi kimi, Əmək Məcəlləsinə fraqment xarakterli dəyişikliklər əvəzinə bir dəfə konseptual şəkildə işlənmiş təkliflərin Milli Məclisə çıxarılmasını vacib hesab edirik.
Eyni zamanda, hesab edirik ki, 80-ci maddənin 1-ci, 2-ci hissələri kifayət qədər proqressiv olduğu halda 3-cü hissəsi həmkarlar təşkilatının hüquqlarını minimuma endirib. Əgər biz sözün həqiqi mənasında həmkarlar ittifaqlarının yerlərdə, xüsusən xarici və birgə müəssisələrdə fəaliyyətinin artırılması, işçilərin hüquqlarının qorunması istiqamətində addımlar atmaq istəyiriksə, həmin ziddiyyəti aradan qaldırmalıyıq. O bənd ya yumşaldılmalı, ya da birdəfəlik çıxarılmalıdır. Əks halda həmin boşluqdan sui-istifadə halları Həmkarlar Təşkilatının qurultayında da qeyd edildiyi kimi, kifayət qədər narazılıqlara gətirib çıxaracaq. Bu isə insan taleyidir, insanların işini itirməsi, ailəsinin maddi cəhətdən pis vəziyyətə düşməsi deməkdir. Ona görə mən yenə də təklif eləyirəm ki, iki il bundan qabaq irəli sürdüyümüz təkliflər Hadı müəllimin qeyd elədiyi sistemli şəkildə işlənib hazırlanmış təkliflərə daxil edilsin və növbəti dəfə baxılsın. Diqqətinizə görə təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür eləyirəm, Ziyafət müəllim. Mən Milli Məclisin Sosial siyasət daimi komissiyası və bizdə olan məlumata görə, həm də Aparatı tərəfindən sistemli şəkildə işçilərin hüquqlarının məhdudlaşdırılmasına, onların zərərinə olan dəyişikliklərin qəbul olunmasına xidmət edən fəaliyyətə növbəti dəfə təəccüb ifadə eləyirəm. Belə çıxır ki, kimlərsə Azərbaycan xalqının, seçicilərimizin, cəmiyyətin əsas hissəsini təşkil eləyən və onun maddi nemətlərinin yaradıcıları olan insanların hüquqlarını sistemli və mütəmadi olaraq məhdudlaşdıran dəyişikliklərlə bizə müraciət edirlər. Mən ona görə hər dəfə xahiş eləyirəm ki, bu dəyişikliklərin hər birinin konkret müəllifi bilinsin və stenoqramda yazılsın.
97-ci maddəyə diqqət eləyək. Mövcud variantda gecə vaxtının iş müddəti hansı sahədə olmasından asılı olmayaraq, bir saat qısaldılırdı. Niyə qısaldılırdı? Çünki insanın bir canlı varlıq olmaq etibarilə gecələr yatması, istirahət etməsi bioloji cəhətdən proqramlaşdırılmışdır və ümumiyyətlə, gecə işi özü insan orqanizmi üçün zərərlidir. O baxımdan da əmək qanunvericiliyində tamamilə obyektiv və ədalətli olaraq, gecə işinin bir saat qısaldılması norma kimi öz əksini tapmışdır. İndi təklif olunan varianta görə isə yalnız əmək şəraiti ağır və zərərli olan iş yerlərində gecə vaxtı iş müddəti bir saat qısaldılır.
Beləliklə, bir daha təkrar eləyirəm, gecə vaxtı işləyən minlərlə, on minlərlə, yüz minlərlə insanın bu hüququ məcəllədən çıxarılır. Sual verirəm, niyə çıxarılır, kim bunu təqdim etmişdir və bunu nə ilə əsaslandırır, bu gün bu hansı zərurətdən irəli gəlir və hansı dərəcədə ədalətlidir? Yəqin ki, bizim həmkarların rəhbəri də bu işçilərin mənafeyi ilə sıx şəkildə bağlı olan məsələyə öz münasibətini bildirəcəkdir. Mən çox istəyərdim ki, hörmətli Hadi müəllim də bu dəyişikliyin əsaslandırılmasını versin və bu məsələnin kim tərəfindən qaldırıldığını Milli Məclisin bu iclas zalında səsləndirsin.
İkincisi, “Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar” adlı 80-ci maddə barədə məndən qabaq çıxış eləyən deputat Əli Məsimli də fikir bildirdi. Bu maddənin 3-cü hissəsi ki bu gün də qüvvədə saxlanılır, yəni “bir sıra hallar istisna olmaqla, qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının razılığının alınması tələb olunmur” müddəası çoxdan çıxarılmalı idi. Çünki bu müddəa müasir dövrdə həmkarlar ittifaqının nüfuzuna xələl gətirərək, onun əmək hüquqlarının qorunması ilə bağlı səlahiyyətlərini azaltmış olur.
71-ci maddədə redaksiya xarakterli düzəliş kimi təqdim olunan dəyişikliyin özünə də diqqət yetirdikdə aydın olur ki, bu dəyişiklik əmək müqaviləsində zəif tərəfin, yəni işçinin hüquqlarını möhkəmləndirmir, əksinə, bir qədər abstrakt və mücərrəd edir. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan konkret halların sadalandığı cümlənin qısaldılması həmin halların özünün də məhdudlaşdırılmasına və qısaldılmasına səbəb olur. Mən dəyişdirilməsi təklif olunan cümləni oxuyuram: “İstər müəssisə bölünərkən, başqa müəssisəyə birləşərkən və ya digər qaydada yenidən təşkil olunarkən, yaxud təşkilati-hüquqi forması dəyişərkən, istərsə də müəssisədə belə dəyişikliklər edilmədən işçilərin sayı azaldıldıqda, ştatları ixtisar olunduqda, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır”. Bunun əvəzinə təklif olunan “...müvafiq təşkilati-hüquqi və bu Məcəllə ilə müəyyən edilmiş digər tədbirləri görür” ifadəsi isə əmək müqaviləsinə görə konkret halda başqa işə keçirilməsi lazım gələn işçinin faktiki olaraq işdən çıxarılmasına rəvac verir.
Dünyanın hər yerində, hətta liberal iqtisadiyyatın bərqərar olduğu ölkələrdə, Amerika Birləşmiş Ştatlarında, Avropanın bir sıra ölkələrində biz daim işçinin hüquqlarının və onun haqqını qoruyan həmkarlar ittifaqının hüquqlarının genişlənməsini müşahidə edirik.
Burada 42 saat söhbəti də kifayət qədər ciddi məsələdir. Nahaq Hadi müəllim bunu, sadəcə olaraq, əhəmiyyətsiz bir məsələ kimi qələmə vermək istəyirdi. İstirahət saatı məsələsi, həqiqətən, ciddi əmək hüquqlarından biridir. Hətta bu istirahət saatının minimum həddinin də qeyri-müəyyən qalması bu hüququn pozulmasına səbəb olur. Məsələn, İltizam bəy bu yaxınlarda İmişli rayonunda seçicilərlə görüşərkən “Azərsun”un oradakı yardımçı təsərrüfatında çalışan işçilərin ondan xahişi olub. Təəssüf ki, İltizam bəy indi burada yoxdur. Mən onun danışdığını sizə çatdırıram. Həmin işçilər bildiriblər ki, istirahət günləri verilmədən hər gün 12−16 saat işlədilirlər. Paytaxtın özündə, Bakıda tikinti işlərində çalışanların da əmək və istirahət hüquqları kobud surətdə pozulur. Onların arasında elə bizim seçicilərimiz də az deyildir. Rayonlardan gəlmiş insanlardır. Bunlar heç bir əmək şəraitinə və istirahət imkanlarına malik olmadan ikiqat, hətta bəzən üçqat işləməyə məcbur edilirlər. O baxımdan bu müddəanın da burada saxlanması olduqca ciddi əhəmiyyətə malikdir.
Mən bu əlavə və dəyişiklikləri bura gətirən, bunları işləyib hazırlayan, Milli Məclisə təqdim edən deputatlarımıza müraciət edib, bir məsələni də vurğulamaq istəyirəm. Elə etməyək ki, Azərbaycanda yenidən sosialist şüarları aktuallaşsın, sinfi ziddiyyətlər kəskinləşsin, əzilənlərin təşkilatlanması və ideologiyası meydana gəlsin. Bu, bütövlükdə bizim inkişafımıza və milli həmrəyliyə ciddi zərbə vura bilər.
O baxımdan mən sizi təklif olunan bu dörd dəyişikliyin ən azı ikisinin əleyhinə səs verməyə çağırıram. Səttar müəllimin qüvvədə olan 104-cü maddədə müdafiə elədiyi müddəanın mütləq saxlanmasının tərəfdarı kimi çıxış eləyirəm. Nəhayət, 80-ci maddənin redaktəsinə bir daha qayıdılmasını təklif edirəm. Bu baxımdan sizi bu dəyişikliklərin növbəti səsverməyə saxlanmasına dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah bəy, Siz dediniz ki, bizim tikinti işlərində, ya haradasa işçiləri 12−16 saat işlədirlər. Mənim bu barədə məlumatım yoxdur. Amma hökumətin də siyasəti ondan ibarətdir ki, işçi işə daxil olanda mütləq müqavilə bağlasın ki, onu artıq işlətməsinlər. Əgər artıq işlədirlərsə, bizim məcəlləyə müvafiq olaraq onun əmək haqqını versinlər. Bizim məqsədimiz də bundan ibarətdir. Əgər belə hallar varsa, – bilmirəm, – sadəcə, araşdırmaq lazımdır. Amma mən güman etmirəm ki, belə hallar var. Səttar Möhbalıyev.
S. Möhbalıyev. Sağ olun. Mənim birinci iradım 45-ci maddəyə edilən dəyişikliyədir. Bu maddənin 4-cü hissəsində deyilir: “Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır”. Bu hissənin çıxarılması Beynəlxalq Əmək Təşkilatının 166 saylı tövsiyəsinə ziddir.
71-ci maddənin 1-ci hissəsinin təklif olunan yeni redaksiyası müəssisədə daha peşəkar və yüksək ixtisaslı kadrların çalışmasını təmin etmək adı altında işəgötürənlərə işçilərin sayını azaltmaq və ya ştatların ixtisarını keçirmək imkanı verəcək. Əmək Məcəlləsinin 51-ci maddəsində sınaq müddəti, 65-ci maddəsində işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri var. O cümlədən 66-cı və 67-ci maddələr, yəni “Attestasiya olunmayan işçilər”, “İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi” maddələri kifayət qədər imkan verir ki, işəgötürən lazımlı kadrları saxlasın və yaxşı işləyə bilməyən kadrları attestasiya vasitəsi ilə işdən azad etsin. Yəni bu imkanlar var.
Layihədə təklif olunur ki, 104-cü maddənin 1-ci hissəsinin sonuncu cümləsi, yəni “həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır” müddəası çıxarılsın. Lakin Beynəlxalq Əmək Təşkilatının 14 və 106-cı konvensiyaları və 18, 100 saylı tövsiyələri həmin müddəanın üzv dövlətlərin əmək qanunvericiliyində mütləq öz əksini tapmasını tələb edir.
Mənim fikrimcə, bu dəyişikliklər işəgötürənə imkan verəcək ki, istənilən vaxt işçini işdən çıxarsın və ya onun hüquqlarını məhdudlaşdırsın. Ona görə xahiş edirəm, bu dəyişikliklərə bir daha diqqət yetirilsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən 2–3 səhifədən ibarət olan bu əlavə və dəyişiklikləri diqqətlə oxudum. Uzun müddət bu sahədə işlədiyimə görə bir neçə məsələyə aydınlıq gətirilməsini xahiş edirəm.
Əvvəlki dövrdə, yəni sovet dövründə işçi işə götürülərkən hökm deyildi ki, onunla əmək müqaviləsi bağlanılsın. Sonradan sahibkarlığı inkişaf etdirmək üçün belə müəyyənləşdirildi ki, müəyyən müddətə əmək müqaviləsi bağlanmalıdır. Ancaq indi yazırıq ki, “əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən, yəni müddətsiz və ya 5 ilədək müddətə müddətli bağlana bilər”. Belə çıxır ki, biz yenidən əvvələ qayıdırıq. Yəni əmək müqaviləsi müddətsiz də, müddətli də bağlana bilər. Əgər əmək müqaviləsi bağlanmırsa, deməli, bu, müddətsiz hesab olunur. Yəni əmək müqaviləsinin bağlanması bir o qədər də vacib deyil.
Burada 5 maddəyə – 45, 71, 80, 97 və 104-cü maddələrə dəyişiklik edilibdir. 45-ci maddənin 4-cü hissəsi tamamilə çıxarılıbdır. Ona görə ki, 4-cü hissə, əslində, 1, 2 və 3-cü hissələrin təkrarı idi.
71-ci maddədə olan dəyişiklik tamamilə yerindədir. Çünki bu, əvvəlki maddələrdə əks olunduğuna görə bir də 71-ci maddəyə salınmasına ehtiyac yox idi. Əvvəlki maddələrdə bunun şərtləri eyni ilə yazılıb, göstərilibdir.
80-ci maddəyə müraciətin yazılı formada edilməsi barədə müddəanın əlavə olunması tamamilə qanunauyğundur. İndiki dövrdə bütün şikayət və müraciətlər yazılı formada öz əksini tapmalıdır. Burada mən çox istərdim ki, Hadi müəllim müddət məsələsinə diqqəti bir az artırsın. Əvvəlki variantda yazılmışdı ki, həmkarlar ittifaqı təşkilatı işəgötürənə 3 gün müddətində cavab verməlidir. İndi guya işin xeyrinə 10 gün müddətində eləmisiniz. Əksinə, 10 günü 3 gün etsəydiniz, bu daha demokratik, daha operativ olardı. 3 günü 10 gün etmək isə süründürməçilikdən başqa bir şeyə səbəb olmayacaqdır. Müraciət edən öz müraciətinin cavabını mümkün qədər tez almaq istəyir. Ona görə də bu hissəyə bir daha diqqət yetirməyinizi xahiş edirəm.
97-ci maddədə gecə işi ilə əlaqədar olaraq iş vaxtının 1 saat azaldılması tamamilə qanunauyğun bir haldır. Sovet dövründə də bu, həmişə belə olub. İşəgötürən gecə vaxtı işin müddətini 1 saat uzatmaqla yox, qısaltmaqla işi keyfiyyətli etməlidir. Ona görə də 1 saatın azaldılması tamamilə uyğun bir haldır.
104-cü maddədən, bilmirəm, niyə “həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır” müddəasını çıxarırsınız. Həftə ərzində istirahət müddətini hesablayanda görürsən ki, 5 gün işləyənlərlə 6 gün işləyənlərin, yəni 1 gün istirahət edənlərlə 2 gün istirahət edənlərin istirahət saatları təxminən eyni çıxır. Ona görə də “həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır” müddəasının oradan çıxarılmasına heç də haqq qazandıra bilmərəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. Sözün doğrusu, əvvəl çıxış etmək istəmirdim. Amma hörmətli həmkarımız Səttar müəllimin çıxışından sonra o qənaətə gəldim ki, mən də bu məsələ ilə bağlı öz narahatçılığımı bildirim. Yaxşı olar ki, Hadi müəllim Səttar müəllimin qaldırdığı məsələyə öz münasibətini bildirsin. Biz də bilək ki, bu əlavə və dəyişikliklər beynəlxalq konvensiya ilə nə dərəcədə uyğunluq təşkil edir. Əgər doğrudan da, burada beynəlxalq konvensiyanın tələbləri pozulursa, bunu biz növbəti iclasa keçirə bilərik. Bu məsələ bizim müvafiq komissiyada araşdırılar və biz onu növbəti iclasda səsə qoyub qəbul edərik. Sağ olun.
Sədrlik edən. Sağ olun. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm, Ziyafət müəllim. Açığı, mən heç vaxt müzakirələrdə hörmətli Səttar müəllimin qanunlara edilən dəyişikliklərə və əlavələrə ciddi etirazının şahidi olmamışdım. Amma respublikanın Həmkarlar İttifaqları Konfederasiyasının sədri bu gün Əmək Məcəlləsinə edilən dəyişikliklərə açıq şəkildə bənd-bənd öz etiraz və iradlarını bildirirsə, bunu diqqətdən kənarda qoymaq olmaz.
Bilirsiniz ki, Sumqayıt sənaye şəhəridir. Onun sənaye müəssisələrinin əksəriyyətində iş sutka boyu davam edir. Gecə növbələrində şəxsən mən də işləmişəm. Gecə növbələrində işçilərin iş şəraitinin nə qədər ağır olduğunu yaxşı bilən bir insan kimi deyirəm ki, bu dəyişiklik Sumqayıtda yaşayan və işləyən minlərlə insanın mənafeyinə toxunacaq, səhhətinə ziyan vuracaqdır. Ona görə mən xahiş edərdim ki, Ziyafət müəllim, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar müəllimin fikirlərini nəzərə alaraq bu layihənin növbəti müzakirələrə saxlanmasına, ciddi öyrənilməsinə şərait yaradasınız. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M. Quliyev. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Deyirlər, imam üçün ağlayanda gərək hərdənbir Yezidi də yada salasan, o yazıq da ölüb. Biz də həmişə çalışırıq humanist görünək, insanların haqlarını müdafiə edək. Amma bəzən çıxışlarımız reallıqdan uzaq olur. Bir tərəfdən deyirik ki, Azərbaycanda sahibkarlığı inkişaf etdirmək, sahibkarların hüquqlarını genişləndirmək, Azərbaycana beynəlxalq valyuta axınını, investisiya qoyuluşunu artırmaq lazımdır, bir tərəfdən də sovet təfəkkürünün məhsulu olan qanunlardan ikiəlli yapışıb qalırıq.
Mən düşünürəm ki, bu məsələlərə baxanda mühafizəkarlıqdan bir qədər qaçmaq lazımdır. Əmək Məcəlləsi 1999-cu ildə qəbul olunmuş kifayət qədər proqressiv bir sənəd, yaxşı bir topludur. Amma bu məcəllə qəbul olunandan sonra ona zaman-zaman günün tələblərindən irəli gələn əlavə və dəyişikliklər edilib. Bayaq hörmətli Hadi müəllim çıxışında dedi, şöbə və komissiya tərəfindən də bu məcəllənin əsaslı işlənilməsi prosesi gedir.
Bu gün müzakirəyə təqdim olunan dəyişikliklərin heç biri işçinin şəraitini, vəziyyətini pisləşdirmir. Əslində, sahibkara müəyyən imkanlar verir ki, o öz idarəsini, istehsalat sahəsini, biznesini istədiyi şəkildə qura bilsin.
45-ci maddə ilə bağlı. Burada 4-cü hissənin çıxarılmasından söhbət gedir. Çıxış edən yoldaşların çoxu buna etiraz etdi. Heç bir sahibkar istəməz ki, özünün yaxşı, peşəkar, intizamlı işçisini işdən çıxarsın. Amma bu müddəanı əsas gətirərək desək ki, işçi ilə hökmən müddətsiz müqavilə bağlanmalıdır, onda sahibkar başqa yollar, bəzən də qeyri-qanuni yollar axtaracaq ki, pis işçidən canını qurtarsın.
Hörmətli Səttar müəllimin xətrini bir insan kimi də, deputat yoldaşım kimi də çox istəyirəm. Təbii ki, onun bugünkü mövqeyi bu cür də olmalıdır. Həmkarlar ittifaqları dünyanın bir çox yerlərində bəzən hökumətin müəyyən qərarlarına, qanunlarına müxalif mövqedə dayanır və öz mövqeyini qətiyyətlə müdafiə edir. Bu, həmkarlar ittifaqlarının bir missiyasıdır. Ancaq mən o fikirdəyəm ki, bu qanunların heç biri işçinin vəziyyətini pisləşdirmir.
97-ci maddə ilə bağlı mənim bir təklifim var. Burada çox düzgün olaraq göstərilir ki, 1 saat azaldılma əmək şəraiti ağır və zərərli olan iş yerlərində saxlanılsın. Qalanlarına isə mən təklif etdim, “qısaldıla bilər” müddəasını salaq. Bəlkə elə iş yerləri var ki, sahibkar istəsə, 1 saat o işçini saxlaya bilər.
Həftəlik fasiləsiz istirahət müddətinin 42 saatdan az olmaması müddəası da burada mübahisə doğurdu. Ondan əvvəlki cümləni gəlin oxuyaq. Yazılır ki, 5 günlük və 6 günlük iş həftəsi var. 5 günlük iş həftəsində işçi 2 gün istirahət edir, 6 günlük iş həftəsində isə həftə müddətində 16 saatdan çox işləmədiyinə görə həmin istirahət saatları yığılıb qalır. Ona görə də heç bir işçinin konkret halda vəziyyəti pisləşmir. Xahiş edirəm, qanun layihəsini səsə qoyaq, qəbul edək. Növbəti dəfə, payız sessiyasının iclaslarından birində Əmək Məcəlləsinə daha geniş əlavə və dəyişikliklər olacaq. Onda bu təkliflərə baxmaq olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Burada qeyd olundu, biz Əmək Məcəlləsinə vaxtaşırı müəyyən dəyişikliklər edirik. Amma bu gün bu dəyişikliklər barədə mənim öz fikrim var. Birincisi, 45-ci maddə ilə əlaqədar. Ola bilər ki, 1, 2, 3-cü bəndlər 4-ü əvəz eləsin. Mənim buna bir o qədər etirazım yoxdur.
Əsas 71-ci maddə ilə əlaqədar olaraq fikrimi demək istəyirəm. 71-ci maddənin hələlik qüvvədə olan variantında işçinin işdən kənarlaşdırıla biləcəyi konkret hallar göstərilib. Yəni müəssisə bölünərkən, başqa müəssisəyə birləşərkən və ya yenidən təşkil olunarkən, yaxud təşkilati-hüquqi forması dəyişərkən işçi işdən kənarlaşdırıla bilər. Amma indi bizə təklif olunan varianta görə faktiki olaraq sahibkar və ya müəssisə rəhbəri istənilən vaxt həmin işçini işdən kənarlaşdıra bilər. Biz burada işçinin hüququnu nəzərə almırıq. Bu çox ciddi məsələdir. Mənə elə gəlir ki, bu dəyişikliyə indi o qədər də ehtiyac yoxdur.
80-ci maddə barədə bayaq Əli müəllim fikrini bildirdi. 2006-cı ildə Əli müəllimlə biz 80-ci maddənin 3-cü hissəsinə dair təklif vermişdik. Bu hissə faktiki olaraq 1-ci və 2-ci hissələri ləğv edir. Yəni elə çıxır ki, həmkarlar ittifaqı təşkilatının razılığı olmadan da işçini işdən kənarlaşdırmaq mümkündür. Bu nə qədər ədalətli, nə qədər düzdür?
Burada Musa müəllim müəyyən təkliflər irəli sürdü, dedi, biz işçini fikirləşəndə sahibkarın da hüquqlarını, onun da vəziyyətini fikirləşməliyik. Amma sahibkar onsuz da Azərbaycanda istənilən vaxt istənilən işçini işdən kənarlaşdırır və burada işçiyə heç bir hakim, məhkəmə də yardımçı ola bilmir. Biz burada bir daha mürtəce yollara əl atır, sahibkarlar üçün şərait yaradırıq ki, istənilən vaxt işçini işdən kənarlaşdırsın. Digər tərəfdən, Səttar müəllim də haqlıdır. Tamamilə düzdür, beynəlxalq konvensiyalar var. Beynəlxalq əmək konvensiyalarına baxmaq lazımdır. Əgər biz o konvensiyalardan kənara çıxırıqsa, onda konvensiyaya uyğun müddəanı məcəllədə saxlamaq lazımdır.
104-cü maddədə deyilir: “Həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır”. Bu, tamamilə düzdür, biz bunu nəyə görə çıxarmalıyıq? Bu, beynəlxalq konvensiyanın tələblərinə uyğundur. Mən də xahiş edərdim ki, Ziyafət müəllim, bu qanun üzərində biz işləyək, sonra qəbul edək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Səfa müəllim, buyurun.
S. Mirzəyev, Milli Məclis Aparatının rəhbəri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Mən çox təəssüf edirəm ki, bu qanun layihəsinin müzakirəsi bu məcrada gedir. Çünki burada deyilən bir çox iradlar ya bilmədən, yəni məsələnin mahiyyətinə varmadan, ya da bilərəkdən, məsələni tamamilə başqa cür qələmə vermək məqsədi ilə səsləndirilir. Əslində, bütün bu dəyişikliklər Azərbaycanda investisiya mühitinin, normal iş şəraitinin yaradılması məqsədi güdür. Bu qanunda olan müəyyən müddəalara görə Azərbaycan bir çox beynəlxalq reytinqlərdə aşağı səviyyəyə düşür. Onlar göstərirlər ki, sizin qanunvericilikdə belə mürtəce müddəalar var. Ona görə də Azərbaycanı daha yüksək mövqeyə çıxarmaq mümkün deyil.
Bax, siz deyirsiniz ki, niyə 45-ci maddənin dördüncü hissəsi çıxarılıb. Məsələ burasındadır ki, bu bir çox hallarda lazım olmayan məhkəmə mübahisələrinə gətirib çıxarır. Qanunda göstərilib ki, müqavilə ya müddətli ola bilər, ya da müddətsiz. Dördüncü hissə isə müəyyən edir ki, müəyyən hallarda mütləq müddətsiz olmalıdır. Özü də bu çox mücərrəd formada qeyd olunub: “Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda...” Bilirsiniz, bu, qiymətləndirici bir haldır. Bunun bəlli olub-olmaması hər bir halda konkret müəyyən edilməlidir. Əmək hüququnda əsas əmək müqaviləsidir. Əmək müqaviləsi bağlanarkən artıq müəyyən olunur ki, bu iş müddətli və ya müddətsiz işdir. Bu müddəanın qalması ona gətirib çıxarır ki, bir çox hallarda əsassız məhkəmə mübahisələri əmələ gəlir. Əgər işçi hesab edirsə ki, müddətsiz işə qəbul olunmalıdır, o, artıq əmək müqaviləsi bağlanarkən bu şərtin orada qeyd olunmasını tələb etməlidir.
İkinci dəyişiklik ixtisarla əlaqədardır. Mən çox təəssüf edirəm ki, buna belə bir rəy verilir. Hətta qabaq Kommunist Partiyasının əleyhinə çıxış edənlər indi bu məsələdə kommunist mövqeyindən çıxış edirlər. Burada söhbət nədən gedir? Bizim mövcud qanunumuzda ixtisar üçün bir sıra şərtlər qoyulur ki, nəticədə ixtisar normal həyata keçirilə bilmir. Bilirsiniz ki, ixtisar müdiriyyətin iradəsindən asılı olan şey deyil. Hansı idarə rəhbəri, yaxud mülkiyyətçi istəyər ki, yaxşı işçini çıxarsın, pis işçini saxlasın? Bu, məntiqsiz bir şeydir. Əgər mülkiyyətçi istəyirsə onun işi getsin, sözsüz ki, o, yaxşı işçiləri saxlayıb, pis işçiləri çıxaracaq. Hörmətli Səttar müəllim deyir ki, bundan ötrü bizdə attestasiya və sair kimi müxtəlif prosedurlar nəzərdə tutulub. Söhbət ondan getmir, hörmətli Səttar müəllim. Əlbəttə ki, attestasiya nəzərdə tutulub. Söhbət ondan getmir ki, pis işçini saxlayıb, yaxşı işçini qovurlar. Fərz edək ki, müəssisədə bütün işçilər əla işçilərdir. Bütün işçilər peşəkarlar, yaxşı işçilərdir. Ancaq 15 adam əvəzinə indi bu yerdə 10 nəfər işləməlidir. Bunu attestasiya ilə həll etmək olmaz. Bu məsələni həll edərkən sahibkar müəyyən etməlidir ki, hazırda hansı işçilər buna daha çox sərf edir və kimlər işə daha çox xeyir verə bilərlər. Söhbət bundan gedir. Burada heç bir başqa sinfi məna yoxdur.
İşçi müdiriyyətin təşəbbüsü ilə işdən çıxarılanda həmkarlar ittifaqı təşkilatından razılığın alınması. Mən də bunun tərəfdarı idim, Səttar müəllim. Neçə illər bundan əvvəl bizdə bu qanun yox idi. Sonradan belə bir müddəa qəbul olundu ki, işçi işdən çıxarılarkən mütləq həmkarların razılığı olmalıdır. Burada tamam başqa şeydən söhbət gedir. Elə işçilər var ki, həmkarların üzvü deyil. Həmkarların üzvü olmayan işçi işdən çıxarılarkən həmkarların razılığı tələb olunmalıdır, ya yox? Biz, əksinə, çalışırıq ki, işçilər hamısı gedib həmkarların üzvü olsun ki, belə məsələ ortaya çıxanda müdiriyyət həmkarlara müraciət etməyə məcbur olsun. Əgər işçi həmkarların üzvü deyilsə, onda hansı həmkarlardan razılıq alına bilər? Bu müddəa ilə bağlı söylənən iradlar sırf sovet yanaşmasıdır. Çünki o vaxt həmkarlara hamı ucdantutma qəbul olunurdu və belə olan halda, əlbəttə, qanun tələb edirdi ki, həmkarların razılığı lazımdır. Hazırda isə işçi sərbəstdir. O, həmkarlara daxil olmaya da bilər.
Nəhayət, “həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır” müddəasının 104-cü maddədən çıxarılması barədə. Bunun izahını artıq hörmətli Musa müəllim verdi. Mən deyilənləri təkrar etmək istəmirəm. Bildiyiniz kimi, bizdə elə iş sahələri var ki, orada iş həftə boyu davam edir. Misal üçün, vaxta üsulu ilə 14 gün işləyir, 14 gün istirahət edirlər. 5 günlük həftə var, 6 günlük həftə var. “Həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır” müddəası əsassız məhkəmə iddialarına gətirib çıxara bilir. Misal üçün, həkimlər və ya müəllimlər həftədə 6 gün işləyirlər. 6 gün işləyən adam üçün fasiləsiz istirahət müddətini 42 saat müəyyən etmək olmaz. Gərək ona ortada 2 sutkalıq bir istirahət müddəti verəsən. Ümumiyyətlə, qanunda o istirahət saatları istirahət müddətinin həftədə, ayda və ildə nə qədərdən az olmadığını təyin etmək üçün müəyyən olunub. Ancaq “fasiləsiz” sözü burada işləri dolaşığa salır. Ona görə ki, istirahət müddətini biz fasiləsiz müəyyən edəndə artıq, elə bil ki, bütün müəllimlərin, həkimlərin, ümumiyyətlə, həftədə 6 gün işləyən işçilərin hüquqları pozulmuş olur. Bu baxımdan həm bizim ekspertlər, həm də beynəlxalq ekspertlər belə bir yekdil fikrə gəliblər ki, Azərbaycanın əmək qanunvericiliyini bu elementar tələblərə uyğunlaşdırmaq lazımdır.
Mən hörmətli millət vəkillərinə bir daha çatdırmaq istəyirəm ki, bütün bu dəyişikliklər həm beynəlxalq normalar baxımından, həm bizim daxili qanunvericilik baxımından, həm də ilk növbədə işçilərin hüquqları baxımından dəfələrlə götür-qoy edilib və sonra hörmətli Milli Məclisin müzakirəsinə çıxarılıb. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Səfa müəllim. Yaxşı, buyurun, münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 76
Əleyhinə 8
Bitərəf 1
Səs vermədi 1 
İştirak edir 86
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ, Biometrik informasiya haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayev çıxış edir.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini.
Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli dəvət olunanlar, media nümayəndələri! Biometrik informasiya haqqında qanun layihəsi müzakirənizə təqdim olunur. Bu gün müzakirəyə çıxarılan Biometrik informasiya haqqında qanun layihəsi ictimaiyyətimizin daha müasir, yeni sahəsini tənzimləyəcəkdir. Bu termin bizim qanunvericiliyimiz üçün yenidir. Biometriya biologiyanın bir bölməsi kimi riyazi statistika vasitəsi ilə müəyyən bioloji göstəriciləri nəzərdən keçirir, eksperimentlər aparır və onların nəticələrini təhlil edir. Hal-hazırda biometriyanın nəticələri tibb və hüquq mühafizə sahəsində geniş istifadə olunur. Hüquq münasibətlərində biometrik informasiya qapalı olmamalıdır. Biometrik informasiya bir tərəfdən insan haqlarına, fərdi informasiyanın rəsmiləşdirilməsinə xidmət edir, digər tərəfdən isə xüsusi xidmət orqanlarının fəaliyyətini asanlaşdırır.
Biometrik göstəricilərdən Azərbaycanda hazırda istifadə olunur. Məsələn, foto, əl, barmaq izləri, göz rəngi, imza, boy, qan qrupu. Qeyd olunan göstəricilərin əksəriyyətindən kriminalistik ekspertizanın keçirilməsində, şəxsiyyət vəsiqəsi və pasportların hazırlanmasında istifadə olunur. Bu proses çox effektli şəkildə daxili işlər orqanları tərəfindən tətbiq edilir. Daxili İşlər Nazirliyində olan xüsusi texnika peşəkar səviyyədə biometrik informasiyanın identifikasiyası, əl, barmaq izlərinin avtomatlaşdırılmış unifikasiya sistemində mühüm rol oynayır. Bu baza digər hüquq mühafizə orqanlarının əməliyyat-axtarış fəaliyyətində də istifadə olunur.
Müzakirə etdiyimiz qanun layihəsi biometrik informasiyanın və onun texnologiyalarının dövriyyəsini tənzimləyir. Qanun layihəsi obyektiv olaraq qanunvericilik sistemində yeni formalaşan terminlərin açılışını da verir. Nəzərə almaq lazımdır ki, biometrik informasiya, ümumilikdə, informasiyanın bir növüdür. Bu baxımdan layihənin 2-ci maddəsinə görə biometrik informasiya qanunvericiliyinə “İnformasiya əldə etmək haqqında”, “İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və sair qanunlar aid edilir. Zənnimcə, qeyd olunan qanunlar sırasına daktiloskopiya haqqında qanunu da aid etmək olardı.
Qanun layihəsinin II fəslində biometrik informasiya ehtiyatları və biometrik texnologiyaların tətbiqi sahələrinin təsnifatı verilir. 3.2-ci maddədə biometrik məlumatların toplandığı fəaliyyət sahələri sistemləşdirilir. Məsələn, şəxsiyyəti təsdiq edən sənədlərin rəsmiləşdirilməsi, miqrasiya və sərhəd nəzarəti, əməliyyat-axtarış fəaliyyəti və digər sahələr göstərilir. Bu sahələrin müxtəlifliyi biometrik informasiyanın geniş istifadə dairəsini əhatə edir.
Layihənin III fəsli xüsusilə vacib bir fəsildir. Fəsildə biometrik identifikasiya sisteminin təyinatı sahələri göstərilir. Burada biometrik informasiyanın vəzifələrini müşahidə etmək olar.
Qanun layihəsi məzmununa görə xüsusi ictimai münasibətləri əhatə edir. Bu münasibətlər artıq mövcuddur, qanun, sadəcə, onları hüquqi formaya salacaqdır. Biometrik məlumatların sosial dövriyyəsi qloballaşan dünyada təhlükəsizliyin təminatı üçün də vacibdir. Əksər inkişaf edən ölkələrdə fərdi bioloji məlumatlar haqqında qanun layihələri hələ müzakirə mərhələsindədir. Ancaq bunlar da tezliklə qəbul ediləcəkdir. Bu, beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlıdır. Hər bir ölkənin vətəndaşları belə bir qanunun qəbul edilməsində maraqlıdırlar. Hesab edirəm ki, birinci oxunuşda layihəni qəbul etmək olar. Hörmətli millət vəkillərini layihəni dəstəkləməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Nizami İsgəndərov.
N. İsgəndərov. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Müzakirə etdiyimiz Biometrik informasiya haqqında qanun layihəsi müasir texnologiyaların tətbiqi sahəsini əhatə edir. Rövşən Rzayevin təqdim etdiyi bu qanun layihəsi çox geniş şərh olundu və qanun layihəsi maddə-maddə açıqlandı. Düzdür, termin bizim qanunvericiliyimiz üçün yeni olsa da, biometrik məlumatların dövriyyəsi ictimai həyatımızda daha bir faktdır. Biometrik informasiyalardan dövlət idarəçiliyində, xüsusilə də tibb və hüquq mühafizə sahələrində istifadə edilir. Biometrik informasiyanın şəffaflığı, geniş dövriyyəsi cinayətkarlığa qarşı profilaktik tədbirlər xarakteri daşısa da, digər tərəfdən insan hüquqlarının, məsələn, şəxsi həyat sirrinin qorunması hüququnun qanunsuz məhdudlaşdırılmasına real təhlükədir. Ona görə də qanun layihəsinə insan hüquqlarına müdaxilənin həddi ilə bağlı xüsusi norma əlavə edilməlidir.
Onu da bildirmək istəyirəm ki, layihədə milli DNT fondunun formalaşdırılması kimi müddəanın öz əksini tapması xüsusilə təqdirəlayiqdir. Belə ki, İngiltərə, Kanada, Türkiyə, Yaponiya, Avstraliyanın və Avropa dövlətlərinin daxili işlər nazirliklərində yaradılmış DNT məlumat banklarından cinayətkarlığa qarşı mübarizədə istifadə edilərək belə məlumatların məxfiliyi və təhlükəsizliyi etibarlı təmin olunur.
Mətnindən görünür ki, müzakirə etdiyimiz qanun layihəsi biometrik informasiya və onun texnologiyaları dövriyyəsini tənzimləyir. Qanun layihəsinin III fəslində biometrik identifikasiya sisteminin təyinatı sahələri göstərilir. Bu təsnifatın özü bir daha qanunun aktuallığını aşkarlayır.
Mənim bu qanun layihəsi haqqında bir neçə təklifim var. Birinci, aydınlıq üçün biometrik identifikasiya sisteminin mahiyyəti ayrı bir maddədə göstərilməlidir. Qanun xüsusi mexanizm yaratmalıdır. Bu baxımdan biometrik informasiya daşıyıcılarının toplanmasını, dövriyyəsini, sistemləşdirilməsini təmin edən subyektlərin funksiyaları müəyyən edilməlidir. Qanun layihəsində biometrik vasitələrin qorunması qaydalarının göstərilməsi xüsusilə vacibdir. Həmçinin layihənin 6.0.4, 6.0.6-cı maddələrində “formada” sözü “formatda” sözü ilə əvəz edilsə, daha yaxşı olardı. 7.0.12-ci maddədə “tibbi” sözünün əvəzinə “lazımi növ” sözlərini əlavə etmək düzgün olardı. Hesab edirəm ki, birinci oxunuşda qanun layihəsi qəbul oluna bilər. Bu qanun layihəsinə səs verəcəyəm, həmkarlarımdan da səs verməyi xahiş edərdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Yevda Abramov.
Y. Abramov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən birinci oxunuş üçün Milli Məclisə göndərilmiş Biometrik informasiya haqqında qanun layihəsi Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn bir sənəddir. Həm də bu qanun layihəsi indiyə qədər Milli Məclis tərəfindən qəbul edilmiş “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, həmçinin “İnformasiya əldə etmək haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və keçən il qəbul etdiyimiz “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” qanunlarla uzlaşdırılmış bir layihədir.
Qanun layihəsi konseptual baxımdan birinci oxunuşun bütün tələblərinə cavab verir. Bu qanun layihəsi bizim komissiyada da müzakirə edilib və ona komissiya üzvləri tərəfindən müsbət rəy verilmişdir. Amma, Ziyafət müəllim, bu qanun layihəsində millət vəkilləri üçün bəzən anlaşılması çətin olan bir sıra problemlər var. Biz Əli Hüseynovla bir yerdə belə qərara gəldik ki, bu gün Milli Məclisə mütəxəssislər dəvət edilsin.
Azərbaycan Avropa ilə Asiyanın qovuşduğu bir məkandadır. Azərbaycana dünyanın marağı artıb. Bu qəbildən olan qanun dünyanın əksər ölkələrində qəbul edilir. Bu qanunların qəbul edilməsini sürətləndirən hadisələrdən biri Amerikada baş verən 11 sentyabr hadisəsidir.
Bu qanun həm də ölkənin təhlükəsizliyi baxımından çox zəruridir. Vaxtında atılmış bir addımdır. Qanun layihəsində bizim üçün çətin anlaşılan məsələlər hansılardır? Biometrik informasiya haqqında bütün məlumatlar bizim istifadəmizdə olan pasportlara qeyd olunacaq, yoxsa biometrik bir pasport olacaq? Bu bir məsələdir.
İkinci məsələ odur ki, bütün biometrik göstəricilər vətəndaşın öz vəsaiti hesabına olacaq, yoxsa dövlət bunu öz öhdəsinə götürəcək? Mən qabaqcadan deyirəm ki, DNT analizini etmək üçün bu gün Azərbaycanda bir texnologiyanın olub-olmaması haqqında məndə dəqiq məlumat yoxdur. Ancaq bilirəm ki, bu qanun layihəsinin tələb etdiyi bütün göstəricilər çox böyük maliyyə tutumuna malikdir, böyük maliyyə vəsaitləri tələb edir. Mən bu barədə məlumatlar axtararkən elektron poçtu ilə əldə etdiyim mənbədən gördüm ki, ilk dəfə belə bir pasport Sinqapurda verilib. Bu gün dünyanın ən böyük demokratik dövləti olan Amerika Birləşmiş Ştatlarında, sən demə, çox adamda belə pasport yoxdur. Bu gün 57 milyon amerikalının cibində belə bir pasport var. Düzdür, Çin dövləti bu sahədə böyük uğur qazanıb. Amma əksər ölkələrdə, Ziyafət müəllim, bu proses hələ uzun illər gedir. Mən bilmirəm, belə bir şəraitdə Azərbaycan bunun öhdəsindən bu gün gələ bilərmi, gələ bilməzmi?
Ümumiyyətlə, belə bir qanun çox zəruridir. Miqrasiya prosesləri çox güclüdür. Azərbaycana miqrasiya axını var. Bir sıra ölkələrlə vizasız rejimə keçmişik. Bundan sonra da bir sıra ölkələrlə vizasız rejim haqqında qanunlar qəbul edəcəyik. Mən belə bir qanunun qəbul edilməsini zəruri hesab edirəm. Bütün həmkarlarımdan bu qanun layihəsinə yekdilliklə tərəfdar olub səs verməyi xahiş edirəm. Bunun ikinci, üçüncü oxunuşunu da sürətləndirmək lazımdır.
Yəqin ki, bu gün dəvət edilən yoldaşlar mənim üçün anlaşılması çətin olan məsələlərə aydınlıq gətirəcəklər. Ümumiyyətlə, bu gün vətəndaşlar belə pasportların alınmasını böyük razılıq ilə qarşılayırlar. Komissiyamıza gələn şikayətlərin dinamikasına fikir verəndə görürük ki, doğrudan da, 6-7 aydır bu idarədə böyük təşkilati işlər gedir. Ümumiyyətlə, Pasport, qeydiyyat və miqrasiya xidmətinin bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Hiss edirəm ki, onlar bu çətin, amma şərəfli bir işin öhdəsindən gələ bilərlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Yevda müəllim. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bu gün müzakirəmizə çox maraqlı, həm də, deyildiyi kimi, lazımlı bir qanun layihəsi təqdim edilmişdir. Dünya ölkələrinin inteqrasiyasının genişləndirildiyi, bir çox ölkələrə insanların gediş-gəlişinin vizasız həyata keçirildiyi, əhalinin beynəlxalq miqrasiyasının getdikcə genişləndiyi, terror hadisələrinin artdığı bir şəraitdə habelə kriminal hadisələrin baş verməsi, kriminal ünsürlərin uzun müddət gizlənməsi üçün münbit şəraitin olması hər bir ölkədəki kimi Azərbaycanda da bu sahədə sabitliyin təmin olunmasını zəruri edir və müəyyən tədbirlərin həyata keçirilməsinə ehtiyac yaradır. Bu sırada informasiyanın əldə edilməsi, toplanması, mühafizəsi, istifadəsi və müxtəlif məsələlərdə qanun pozuntusuna yol vermiş şəxslərin qısa müddətdə araşdırılıb müəyyən edilməsi çox böyük əhəmiyyəti olan bir tədbirdir.
Hesab edirəm ki, bu qanunun qəbul edilməsi hüquq mühafizə orqanlarının işinin asanlaşmasına, ictimai-siyasi vəziyyətin həmişə nəzarətdə saxlanılmasına imkan yaradacaqdır. Şəxsiyyətin kimliyinin müəyyən edilməsi, onun bəzi dəyişilməyən fizioloji xüsusiyyətləri, yəni əl, barmaq, ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti, onun akustik parametrləri, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətləri, qüsurlarının təsviri, yazı xətti, imza və sair təhqiqat tədbirlərinin aparılması artıq günümüzün reallığıdır. Lakin bu işləri elmi cəhətdən əsaslandırmaq, müasir texnologiyadan istifadə etmək və bu texnologiyanı daim təkmilləşdirmək, bunların istifadə qaydalarını və istiqamətlərini müəyyən etmək üçün biometrik məlumatların əldə edilməsinin hüquqi bazasının təşkil olunmasına ehtiyac yaranmışdır. Digər tərəfdən, biometrik informasiyanın formalaşması, bu sahədə yaranmış münasibətlərin tənzimlənməsi, qanunun qəbul edilməsi olduqca vacib məsələdir. Ona görə də hesab edirəm ki, bu qanunun qəbul edilməsi zəruridir və layihə konseptual baxımdan qanunvericilik tələblərinə cavab verir. Qanun layihəsi barədə hörmətli həmkarımız, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini Rövşən müəllim ətraflı məlumat verdi. Mən layihənin əsas maddələri ilə bağlı bəzi fikirlərimi diqqətinizə çatdırıram. Əlbəttə, bu, ikinci oxunuşa aid olsa da, birinci oxunuşda bunları nəzərinizə çatdırmaq istərdim.
Qanun layihəsinin 1.1.2-ci maddəsində mötərizə içərisindəki sözlər, yaxşı olar ki, “fizioloji xüsusiyyətləri xarakterizə edən” sözlərindən sonra verilsin, çünki həmin sözlər hər bir şəxsin, demək olar, dəyişilməyən fizioloji xüsusiyyətlərini xarakterizə edir. Bu sözlərdən sonra göstərilməsi daha aydın olardı.
Layihənin 1.1.4-cü maddəsində “biometrik məlumatların subyekti” anlayışına aydınlıq gətirilsə də, bu barədə layihənin heç bir maddəsində məlumat əksini tapmamışdır. Bununla əlaqədar layihədə biometrik məlumatların subyektivliyi barədə ayrıca maddənin əks olunması və hansı hallarda şəxsin biometrik məlumatların subyektinə aid edilməsinə ehtiyac vardır. Digər tərəfdən, madam ki, bu layihədə “biometrik məlumatların subyekti” anlayışı verilirsə, onda layihənin 1.1.2-ci və digər maddələrində “identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxs” əvəzinə “biometrik məlumatların subyekti” sözlərinin yazılması daha düzgün olardı.
1.1.7-ci maddənin aşağıdakı redaksiyada verilməsini də məqsədəuyğun hesab edərdim: “biometrik məlumatların subyekti barədə təqdim edilmiş eyni və informasiya ehtiyatında olan biometrik məlumatların müdafiəsi üzrə tədbirlər”.
2.2-ci maddədə göstərilir: “Biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla onların toplanılması, işlənilməsi və mühafizəsi qaydası Azərbaycan Respublikası qanunu ilə müəyyən edilir”. Belə olan halda layihədə göstərilən məsələlər üzrə qaydalara dair ayrıca bir maddə verilməlidir. Lakin belə bir maddə bu layihədə əks olunmayıb. Eyni zamanda, həmin qaydaları tətbiq edən ayrıca qanunun qəbul edilməsi də məqsədəuyğun deyil və qanunun icrasını ləngidə bilər. Hesab edirəm ki, bu qanun layihəsində göstərilən qaydalara ayrıca maddə əlavə olunmalı, 2.2-ci maddə aşağıdakı redaksiyada verilməlidir: “Biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla, onların toplanması, işlənməsi, mühafizəsi qaydası müvafiq icra orqanları tərəfindən müəyyən edilir”.
Layihənin 5.1-ci maddəsində qeyd edilir ki, biometrik texnologiyaların yaradılması Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq lisenziya əsasında həyata keçirilir. Nəzərə alsaq ki, lisenziya müvafiq sahibkarlıq fəaliyyətinin növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir, onda belə çıxır ki, biometrik texnologiyaların yaradılması, həmin texnologiyalara xidmət göstərilməsi ilə yalnız sahibkarlar məşğul ola bilərlər. Əvvəla, bu texnologiyanın yaradılmasının çətin proses olduğunu bilirik. Respublikamızda bunun yaradılması ilə məşğul olan və olmaq istəyən sahibkar, o cümlədən dövlət mülkiyyətinə əsaslanan hüquqi şəxslər varmı? Bu fəaliyyət növləri iqtisadi cəhətdən nə dərəcədə sərfəlidir?
Digər tərəfdən, həmin qanun layihəsinin 3-cü maddəsinə görə biometrik məlumatların toplanması dövlət orqanları tərəfindən həyata keçirilir. 9.1-ci maddədə biometrik identifikasiya sisteminin fəaliyyətinin müvafiq dövlət orqanları tərəfindən təşkil edilməsi göstərilir. Bunu nəzərə alaraq biometrik texnologiyanın yaradılması, həmin texnologiyalara xidmət edilməsi lisenziya alınmadan müvafiq dövlət orqanları və ya sahibkarlar tərəfindən isə lisenziya alınmaqla həyata keçirilməsi daha məqsədəuyğun olardı. Bu halda 5.1-ci maddə yenidən işlənməli və yeni redaksiyada verilməlidir.
Hesab edirəm ki, qanun layihəsi birinci oxunuşun tələblərinə tam cavab verir. Mən qanun layihəsinin birinci oxunuşda qəbul olunmasına səs verəcəyəm. Deputat yoldaşlarımdan da buna səs verməyi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Hörmətli deputat həmkarlarım, yadınıza salmaq istəyirəm ki, biz qanun layihəsini birinci oxunuşda müzakirə edirik və çalışın, qanun layihəsinin fəlsəfəsi, ümumi prinsipləri, məqsədi haqqında fikirlərinizi yığcam şəkildə çatdırasınız. İkinci oxunuşda vaxtımız olacaq və layihəni maddə-maddə müzakirə edəcəyik. Fuad Muradov, buyurun.
F. Muradov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mənə elə gəlir, ölkədə gedən islahatların nəticəsidir ki, biz artıq belə mühüm qanunların həyata keçirilməsi haqqında düşünürük. Artıq cəmiyyətdə, ümumiyyətlə, dünyada yeni texnologiyaların istifadəsi ilə bağlı geniş məlumatlar mövcuddur. Bu məlumatların daha konkret şəkildə qanuna çevrilməsi müvafiq komissiya tərəfindən irəli sürülüb. Burada layihə üzrə maddə-maddə qeydlərimizi deyəcəyik. Amma mən öz fikirlərimi sizinlə bölüşmək istəyirəm.
Nəyə görə belə bir qanun lazımdır və bu qanun digər ölkələrdə necə istifadə olunur? Birinci, ən böyük praqmatik məsələ odur ki, dünya bu gün terrorizmlə üzləşir və terrorizmin qarşısını almaq üçün yeni texnologiyalardan istifadə edir. Biometrik məlumatları toplamaq və biometrik texnologiyanı həyata keçirməklə biz böyük bir problem olan terrorizmlə mübarizə məsələsinə müəyyən töhfə verə bilərik.
İkinci, bayaq vurğuladım, təəssüflər olsun ki, bu gün dünyada çoxlu fəlakət baş verir. Dünya çox qloballaşıb, insanlar müxtəlif ölkələrdə çalışırlar, fəlakətlər baş verəndə insanların axtarışında bəzi problemlər yaranır. Amma biometrik məlumatlar olarsa, mənə elə gəlir ki, çox böyük işlər görə, öz vətəndaşlarımızı hansısa bir problem yarananda rahat tapa bilərik.
Üçüncü, məsələ ondan ibarətdir ki, bu texnologiya artıq Azərbaycanda informasiya bazasının formalaşması ilə paralel olmalıdır. Yəni hər hansı dövlət qurumu bununla məşğul olacaqsa, paralel olaraq xüsusi texnologiyanı gətirməlidir. İnformasiya bazasının təkmilləşdirilməsi, informasiyanın toplanması, saxlanması ilə bağlı bir neçə qanuna dəyişikliklər ediləcəkdir.
Mənim bir neçə sualım var. Qanun layihəsində biometrik məlumatların yığılması, istifadəsi ilə bağlı könüllülük və məcburilik məsələsi var. Bir də bilmək istərdim ki, biometrik texnologiyalar artıq Azərbaycanda mövcuddur, yoxsa yox? Təbii ki, paralel olaraq yeni texnologiyaların gətirilməsi məsələsi həll ediləcəkdir. Amma bilmək istərdim ki, hər hansı dövlət qurumu artıq biometrik texnologiyanın istifadəsi ilə bağlı işləri həyata keçirir, ya yox?
Sonda, mənə elə gəlir ki, biz hamımız xarici ölkələrə gedəndə viza almaq proseduru ilə üzləşirik. Görürük ki, nə qədər mürəkkəb proseslərdən keçməliyik. Mənə elə gəlir ki, biometrik texnologiyanı istifadə etsək, viza alınması proseduru müəyyən qədər asanlaşar. Həqiqətən də, gənclər tərəfindən məsələ qaldırılır ki, onlar oxumağa, işləməyə gedəndə viza almaqla bağlı müəyyən problemlər yaşayırlar. Mən hesab edirəm, bu işlə dövlət qurumu məşğul olmalıdır, çünki burada bir neçə problem təhlükəsizlik məsələləri ilə bağlıdır. Digər qanunlara da dəyişikliklər edilməlidir. Təşəkkür edirəm. Mən də qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı buna çağırıram.
Sədrlik edən. Sağ olun, Fuad müəllim. Hörmətli deputatlar, nəzərinizə çatdırmaq istəyirəm ki, bugünkü iclasımızda qanun layihəsi ilə bağlı Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Ədliyyə Nazirliyinin mütəxəssisləri, nümayəndələri iştirak edirlər. Onların adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, qeydiyyat və miqrasiya xidmətinin rəisi Ərzuman Əliyevə söz verirəm. Ərzuman müəllim, burada suallar da qaldırıldı, imkan olsa, onlara da münasibətinizi bildirin.
Ə. Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Pasport, qeydiyyat və miqrasiya xidmətinin rəisi.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Milli Məclisin müzakirəsinə çıxarılan Biometrik informasiya haqqında qanun layihəsi günün tələbləri baxımından olduqca aktualdır. Qanun layihəsinin biometrik informasiya ehtiyatlarının formalaşdırılması, onlara dair tələblərin, biometrik identifikasiya sisteminin təşkilinin, təyinatının, müvafiq texnologiyaların tətbiqi sahələrini əhatəli müəyyən etməsi və bu istiqamətlərdə yaranan münasibətlərin dolğun tənzimlənməsi baxımından kifayət qədər mükəmməldir.
Eyni zamanda, daxili işlər orqanlarının bilavasitə fəaliyyəti ilə bağlı olan şəxsiyyəti təsdiq edən sənədlərin fərdiləşdirilməsinin operativliyinin təmin edilməsi, bu sahədə əhaliyə xidmət səviyyəsinin artırılması, identifikasiya olunan şəxs barədə zəruri məlumatların real vaxt rejimində digər elektron informasiya ehtiyatlarından yoxlanılması və toplanılması, bu növ sənədlərin mühafizə dərəcəsinin gücləndirilməsi, eyni şəxsin ayrı adla belə sənəd əldə etməsi hallarının aşkar edilməsi və onlardan istifadənin qarşısının alınması, axtarışda olan şəxslərin kütləvi toplantı və gediş-gəliş yerlərində real vaxt rejimində şəkillərinə görə tanınması və müşahidəsi nöqteyi-nəzərdən də böyük əhəmiyyətə malikdir.
Onu da diqqətinizə çatdırmaq istərdim ki, qanun layihəsinin hazırlanması prosesində Daxili İşlər Nazirliyi də fəal iştirak etmiş, irəli sürdüyü təkliflər hazırda müzakirə olunan sənəddə öz əksini tam tapmışdır. Bütövlükdə Milli Məclisin müzakirəsinə çıxarılmış bu qanun layihəsini məqbul sayırıq və hörmətli deputatlarımızdan onu dəstəkləməyi xahiş edirik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ərzuman müəllim. Gültəkin xanım Hacıyeva.
G. Hacıyeva. Çox sağ olun, Ziyafət müəllim. Biz tez-tez Avropa standartlarına uyğunlaşmaqdan danışırıq. Biometrik informasiya haqqında Azərbaycan Respublikasının qanun layihəsi, doğrudan da, texniki və hüquqi informasiyanın bariz nümunəsidir. Çox mühüm bir layihədir və mən fürsətdən istifadə edərək qanun layihəsini bu qədər peşəkar bir səviyyədə Milli Məclisin müzakirəsinə təqdim etmiş Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, ikinci oxunuşda bu qanun layihəsi ilə bağlı daha konkret, müfəssəl fikirlərimizi söyləyəcəyik. Amma mahiyyət etibarilə qanun layihəsinin fəlsəfəsini, sözsüz ki, bəyənirik və ona səs verəcəyik.
Hörmətli Ziyafət müəllim, Milli Məclisin son iclaslarından biridir, ona görə fürsətdən istifadə eləyib mühüm hesab etdiyim bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Cəmi bir neçə iclasımız olacaq və vaxt məhduddur. Biz bu gün “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” Azərbaycan Respublikası yubiley medalının təsis edilməsi haqqında” Qanunu qəbul etdik. Bu çox sevindirici haldır. Bu təşəbbüslə çıxış etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə böyük minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi Azərbaycan xalqının şərəfli müstəqillik tarixidir, o cümlədən Silahlı Qüvvələrimizin 90 illik yubileyi Azərbaycanın şərəf tarixidir. Bir neçə ay sonra başqa bir şərəfli tarixi qeyd edəcəyik, sentyabr ayının 15-i Bakının işğaldan azad olunmasının 90 illiyi qeyd ediləcəkdir. Əgər 1918-ci il sentyabr ayının 15-də Bakı işğaldan azad edilməsəydi, bizim dövlət kimi mövcudluğumuz da, şübhəsiz, mümkün olmazdı. Azərbaycanı qarış-qarış gəzən hörmətli həmkarlarım gözəl bilirlər ki, Azərbaycanın əksər kəndlərində adı, soyadı məlum olmayan naməlum türk əsgərləri uyuyurlar. Bu insanların xatirəsinə həmişə borcluyuq. Müstəqilliyimizi qoruyub saxlamaqda bizə kömək etdikləri, arxa olduqları üçün bu insanlara borcluyuq, minnətdarıq.
Fürsətdən istifadə edərək xahiş edərdim ki, Milli Məclis olaraq, bu, deputat həmkarlarımın da ürəyindən olacaq, Bakının işğaldan azad olunmasının 90 illiyi ilə bağlı Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında burada qərar qəbul edək. Mənə elə gəlir ki, bunun çox böyük təbliğati əhəmiyyəti olacaq. Vaxtı ilə Bakını işğaldan azad etmiş insanların xələfləri, onların övladları, nəvələri, həyatda olan yaxınlarının bir qrupuna bu medalları təqdim etməklə bir daha 1918-ci ilin acı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq. Erməni və sovet birləşmələrinin birlikdə Azərbaycan xalqının başına gətirdikləri müsibətləri, soyqırımı təbliğ edəcəyik. Digər tərəfdən, bu addım türk birliyinin daha bir bariz nümunəsinin tərənnümü olacaqdır. Çox xahiş edərdim ki, bu təklifi, təşəbbüsü hörmətli həmkarlarım dəstəkləsinlər. Belə bir yubiley medalının təsis edilməsi ilə bağlı layihə hazırlayaq, Milli Məclisin müzakirəsinə təqdim edək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də bu qanun layihəsinin birinci oxunuşun tələblərinə konseptual baxımdan tamamilə cavab verdiyini qeyd etmək istəyirəm. Hörmətli həmkarlarım xeyli çıxış etdilər. Müəyyən suallar oldu, mənim də müəyyən suallarım vardır, lakin onları ikinci oxunuşda da vermək olar. Xüsusilə hörmətli Ərzuman müəllim geniş çıxış elədi, fikirlərini bildirdi, ona görə elə bilirəm ki, çıxışlara ehtiyac yoxdur. Xahiş edirəm, layihəni səsə qoyaq.
Sədrlik edən. Mən hesab edirəm ki, layihəni geniş müzakirə etdik, əgər çıxış etmək istəyən yoxdursa, buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.22 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, axırıncı məsələ Könüllülük fəaliyyəti haqqında qanun layihəsinin ikinci oxunuşudur. Buyurun, Azay müəllim.
A. Quliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü.
Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən hər şeydən öncə onu deməliyəm ki, biz birinci oxunuşda hörmətli deputatlar tərəfindən daxil olan bütün təklifləri, rəyləri ümumiləşdirdik. Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə bütün bu təklifləri bir daha gözdən keçirdik. Komissiyanın iclasında da bu təkliflərə baxıldı. Beləliklə, biz bu gün yeni təkliflər də daxil olmaqla layihəni ikinci oxunuşda sizin müzakirənizə təqdim edirik. Onu da qeyd edim ki, layihədə həm birinci oxunuşda səslənən təkliflər, həm də komissiyanın iclasında səsləndirilən təkliflər nəzərə alınıb. Ona görə də etiraz etmirsinizsə, həmin təklifləri və yenilikləri nəzərinizə çatdırım.
Milli Məclisin hörmətli sədr müavini Valeh müəllim Ələsgərov tərəfindən irad tutulan 2.4-cü maddədə qeyd olunurdu ki, əvəzi ödənilməyən fəaliyyət – əmək haqqı ödənilməyən və eyni zamanda, digər formada mükafatlandırılmayan fəaliyyətdir. Sizə təqdim olunan layihədə “digər formada mükafatlandırılmayan” sözlərini çıxardıq və “pul formasında mükafatlandırılmayan” variantını saxladıq. Amma sonra komissiyada təklif olundu ki, ümumiyyətlə, “mükafatlandırılmayan” sözü çıxarılsın, “əvəzi ödənilməyən fəaliyyət və əmək haqqı ödənilməyən fəaliyyət” kimi yazılsın. Bu iki cümlə 2.4-cü maddəni tam şəkildə əhatə edə bilər.
Daha sonra, 3.1.3-cü maddədə qeyd olunurdu: “vətənpərvərliyin təbliği, uşaq və gənclər arasında iş aparılması”. Biz buradan “uşaq və gənclər arasında iş aparılması” sözlərini çıxardıq, “vətənpərvərliyin təbliği” sözlərini olduğu kimi saxladıq. Bu maddədə insan orqanizmi üçün təhlükəli məsələlərlə bağlı müddəa var idi, həmin müddəaya da irad tutuldu, bu da çıxarıldı.
Mahiyyəti üzrə təkliflər də var. 4-cü maddəyə yeni bənd əlavə olunur: “Könüllünün əmək haqqı alan işçi ilə əvəzlənməsinə və ya işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə ondan istifadə edilməsinə yol verilmir”. Bundan başqa digər yeni bəndlər var.
4.6-cı bənddə deyilir ki, yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllülük fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin bəndlə də bağlı təklif oldu ki, yetkinlik yaşına çatmayan şəxslərin, ümumiyyətlə, bu prosesdə iştirakına məhdudiyyət qoyulmasın.
Daha bir dəyişiklik 5.1.3-cü bənd ilə bağlıdır. 5-ci maddədə könüllülük fəaliyyətinin təşkilatçılarının hüquq və vəzifələri sadalanır. Bu vəzifələr və hüquqlar sırasına, o cümlədən görülmüş işlər haqqında könüllülərdən məlumat və hesabat almaq əlavə edilir. Bilirsiniz ki, məlumat almaqla könüllülük fəaliyyəti məhdudlaşdırıla bilməz. Könüllülərdən hesabat almaq hüququ da bu qurumlara verilməlidir.
Daha yeni bir bənd 5.2.7-ci bənddir. Burada könüllülük fəaliyyətinin mövcud qanunvericiliyə və beynəlxalq normalara uyğun şəkildə təşkili üçün tələb olunan hüquqi, təşkilati və texniki məsələləri həll etmək bir vəzifə kimi könüllülük fəaliyyətini təşkil edən qurumların üzərinə qoyulur. Elə fəaliyyət növü vardır ki, burada müəyyən hüquqi məqamları həll etmək lazım gəlir. Bu fəaliyyət lisenziya ilə tənzimlənir. Bütün hüquqi, təşkilati və texniki məsələləri məhz könüllülük fəaliyyətini təşkil edən qurum öz üzərinə götürməlidir.
Könüllülərin hüquqları və vəzifələrindən bəhs edilən 6-cı maddənin 6.1.2-ci bəndinə görə “bağlanmış müqaviləyə uyğun olaraq əməyin təhlükəsizliyi və mühafizəsi normalarına cavab verən əmək şəraitinin yaradılmasını, o cümlədən zəruri hallarda təlimlə təmin etməsini tələb etmək” hüququ da könüllülərə verilir ki, bu da təşkilati məsələlərdə xüsusi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, layihənin birinci oxunuşunda və sonrakı müzakirələrdə səsləndirilən əsas məsələlərdən biri bu idi ki, könüllülərə öz əmlaklarından istifadəyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiya verilməsi hüququ tanınsın. Ona görə də biz belə bir bəndi buraya əlavə etmişik. Hesab edirik ki, hər bir könüllü öz əmlakından istifadəyə görə müəyyən kompensasiya almaq hüququna malik olmalıdır. Könüllünün qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta olunmaq hüququ burada göstərilməyib. Yəqin ki, biz bunu müvafiq qurumlarla razılaşdırdıqdan sonra üçüncü oxunuşa aydın bir şəkildə təqdim edə biləcəyik.
6.2-ci bənddə könüllülük fəaliyyəti ilə məşğul olan şəxs ilə bağlı xüsusi müddəa var. Hesab eləyirəm ki, bu da çox önəmlidir. Həmin müddəaya görə şəxsin könüllülük fəaliyyəti ilə məşğul olması ona işsizlik müavinətinin ödənilməsinin dayandırılmasına və ya xitam verməsinə səbəb olmur. Şəxs hər hansı bir könüllülük fəaliyyəti ilə bağlı müəyyən bir təşkilatla müqavilə bağlasa, əlbəttə, bu onun işlə təmin olunması anlamına gəlməməlidir. Ona görə də bu müavinətin alınması məsələsi qanunvericilikdə öz əksini tapmalıdır.
“Könüllülük münasibətlərini tənzimləyən müqavilə” adlanan 7-ci maddədə tərəflərin məsuliyyəti ilə yanaşı öhdəliyini də əlavə etmişik, çünki məsuliyyətlə yanaşı öhdəlik də olmalıdır. Həmin maddəyə yeni bir bənd əlavə olunur. Bu bənddə deyilir ki, tərəflər könüllülük münasibətlərini tənzimləyən müqavilədə hüquq və vəzifələrini açıq şəkildə göstərməlidirlər.
Nəhayət, sonuncu dəyişiklik yeni bir maddə ilə bağlıdır. Bu maddə “Könüllülük fəaliyyətinin vergi güzəştləri” adlanır. Bilirsiniz ki, bu məsələ hörmətli deputatlar tərəfindən qaldırıldı. Amma biz hələ də bu məsələnin konkret bir mexanizmini tapa bilməmişik. Mən deyim ki, bununla bağlı beynəlxalq təcrübə və beynəlxalq təşkilatlardan aldığımız arayışlar var. Bu arayışları biz müvafiq şöbəyə təqdim etmişik. Amma bununla yanaşı, düşünürük ki, layihədə belə bir maddənin olması məqsədəmüvafiqdir. Həmin maddə belə səslənir: “Bu Qanunla tənzimlənən könüllülük fəaliyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi güzəştlərindən istifadə edir”. Əlbəttə, həmin vergi güzəştləri Vergi Məcəlləsində öz əksini tapmalıdır. Layihəni üçüncü oxunuşa hazırlayarkən müvafiq qurumlarla bu məsələ rəsmi şəkildə aydınlaşdırılacaq. Mən bu dəyişiklikləri sizin diqqətinizə çatdırmaq istədim.
Amma eyni zamanda, hörmətli həmkarlarımız tərəfindən qaldırılan bir neçə məsələni də sizin diqqətinizə çatdırmaq istəyirəm. Hörmətli həmkarımız Aynur xanım Quliyeva təklif etdi ki, qanunda Konstitusiyaya və digər müvafiq qanunlara, həmçinin beynəlxalq konvensiyalara, dövlətlərarası sazişlərə istinad olunsun. Əlbəttə, bu, hesab eləyirəm, mümkündür. Amma hələ biz bunu müvafiq qanunvericilik şöbəsi ilə razılaşdırmamışıq.
İkinci təklif ondan ibarət idi ki, fiziki şəxslərin könüllülük fəaliyyətinin təşkilatçıları kimi çıxış etməsi mümkün olsun. Yeri gəlmişkən, bu təklifi hörmətli həmkarım Gövhər xanım Baxşəliyeva da səsləndirmişdi. Bu da, hesab eləyirəm, açıq qalan məsələlərdən biridir. Nəzərə almalıyıq ki, könüllülük fəaliyyətini təşkil edən hüquqi şəxs olmalıdır, çünki həmin şəxsin, bayaq qeyd etdiyimiz kimi, müqavilə çərçivəsində tənzimlənən öhdəlikləri, vəzifə və hüquqları var. Fiziki şəxslər təşkilatçı kimi çıxış etsələr, bu hüquq və vəzifələr necə tənzimlənəcək? Mən layihənin birinci oxunuşunda dedim, bir daha demək istəyirəm ki, könüllülük fəaliyyətinin mahiyyəti mütləq şəkildə bütün fiziki şəxslərin, fərdlərin bu qanunun təsiri altına düşməsində deyil. Burada ancaq təşkilatlanmış könüllülərdən, o cümlədən hüquqi şəxslərdən bəhs edilir.
Hörmətli Eldar müəllim Quliyev kommersiya hüquqi şəxslərin könüllülük fəaliyyətinin təşkilatçısı kimi çıxış etmələrini təklif etmişdi. Bu da, hesab eləyirəm ki, qeyd etdiyimiz kimi, müəyyən mənada çətinlik yarada bilər. Əməyin sui-istifadəsinə və istismarına gətirə bilər. Kommersiya təşkilatları konkret gəlir və mənfəət əldə etmək üçün fəaliyyət göstərirlər. Bu baxımdan bunu biz məqsədəmüvafiq hesab etmədik.
Hörmətli Valeh müəllim Ələsgərovun təkliflərinin, mən burada dedim, demək olar ki, hamısı qəbul edilibdir. Hörmətli Nizami müəllim Xudiyev təklif verdi ki, 2.2-ci maddədən “qadağan edilməyən” sözləri çıxarılsın. Amma hesab eləyirəm ki, bu sözlər qalmalıdır. Hörmətli Nizami müəllim çıxışında qeyd etdi ki, missionerliklə mübarizə və ümumiyyətlə, qeyri-ənənəvi dinlərin Azərbaycana gəlməsinin qarşısının alınması ilə bağlı müəyyən bənd olmalıdır. Mən düşünürəm ki, “qadağan edilməyən” sözləri həmin mahiyyəti əhatə edir. Yəni bütün bu neqativ hallar, o cümlədən missionerlik və qeyri-ənənəvi dinlərin Azərbaycanda yayılması qanunvericiliklə qadağan edilir. Məhz qadağan edilməyən fəaliyyət deyəndə isə digər məfhumlar da nəzərə alınır.
Mən burada Gövhər xanım Baxşəliyevanın təklifinə də münasibət bildirmək istəyirəm. Gövhər xanım 2.2-ci maddədən “əsas iş yeri ilə bağlı olmayan” sözlərinin çıxarılmasını təklif edir və əsaslandırır ki, insanlara öz işi ilə birlikdə könüllülük fəaliyyəti göstərməsinə məhdudiyyət qoyulmamalıdır. Məsələn, hər hansı bir alim niyə könüllü olaraq mühazirə oxumasın? Biz bunları ona görə ayırırıq ki, könüllülük fəaliyyətini bilavasitə əsas iş yeri ilə bağlı olmayan fəaliyyət kimi dəyərləndiririk. İnsanlar könüllü şəkildə bu və ya digər sahədə fəaliyyət göstərən zaman onun daimi işi ilə onun könüllülük fəaliyyəti qarışdırılmasın. Bayaq biz qeyd etdik ki, bəzən işçi çatışmazlığının qarşısını almaq üçün və yaxud da işçinin könüllü ilə əvəz edilməsində sui-istifadə halları olur. Hesab edirəm ki, bu maddə qalsa, daha yaxşı olar. Amma hər hansı bir alimin istənilən mövzuda mühazirə oxuması həmin alimin daxili aləmindən gələn bir məsələ olmalıdır. Məhz bu nöqteyi-nəzərdən həmin maddə saxlanılmalıdır.
Hörmətli Nizami müəllim İsgəndərov burada qeyd etmişdi ki, ödənişli və ödənişsiz könüllülük fəaliyyətinin və vergi məsələlərinin aydınlaşdırılmasına ehtiyac var. Mən vergi məsələsi ilə bağlı fikirlərimi dedim. Bu, artıq Vergi Məcəlləsi ilə tənzimlənən məsələdir və yəqin ki, bunu da üçüncü oxunuşda sizin diqqətinizə çatdıracağıq.
Nəhayət, sonuncu təklif hörmətli Məlahət xanım Həsənova tərəfindən verilmişdir. Bu da könüllülük fəaliyyətinin təşkilatçıları qismində akkreditə olunmuş ailələrin çıxış etməsi məsələsi idi. Əlbəttə, bu yeni bir məsələdir. Amma düşünürəm ki, könüllülük fəaliyyəti bütün növ fəaliyyətə aid olduğu kimi, o cümlədən ailə məsələlərinə də aid ola bilər. Amma konkret olaraq beynəlxalq qanunvericilikdə belə bir müddəa varsa, nəzərdən keçirmək lazımdır. Mən hörmətli Məlahət xanımdan xahiş edərdim ki, bunu maddə olaraq ifadə etsin və biz buna üçüncü oxunuşda baxaq.
Mən sizin hamınıza bir daha təşəkkür edirəm, hörmətli millət vəkilləri, həm birinci oxunuşda verdiyiniz dəstəyə, həm də indi ikinci oxunuşda verilən məlumatları səbirlə dinlədiyinizə görə. Düşünürəm ki, sizin də fikirləriniz ümumiləşdirildikdən sonra biz layihəni üçüncü oxunuşa təqdim edə bilərik. Bir daha təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Azay müəllim. Hörmətli deputatlar, qanun layihəsi ikinci oxunuşda müzakirə olunur və Daxili Nizamnamənin tələbinə görə biz qanun layihəsini əsas kimi qəbul edib, sonra da müzakirə eləməliyik. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.35 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: qəbul edildi

Qəbul edildi. Sağ olun. Qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə başlayırıq. Jalə xanım Əliyeva.
J. Əliyeva. Sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli həmkarlarım! Bu gün müzakirəmizə təqdim edilən Könüllülük fəaliyyəti haqqında qanun layihəsi ictimai münasibətlərin tənzimlənməsi məzmunu baxımından olduqca maraqlıdır. Həmin münasibətlər fiziki şəxslərin sərbəst şəkildə və öz iradələri ilə həyata keçirdikləri və əvəzi ödənilməyən işlərin görülməsində, habelə xidmətlərin göstərilməsində ifadə olunan bir fəaliyyətdir.
Bu fəaliyyətin əhəmiyyəti nəzərə alınaraq 1980-ci il dekabrın 5-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən Ümumdünya könüllülər bəyannaməsi qəbul edilib və artıq hər il dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunmaqdadır. Könüllü fəaliyyət insanlar arasında həmrəyliyin, sosial yekdilliyin əsas mənbəyidir və məqsədi insanpərvərliyi tərənnüm etmək, sülhə və inkişafa xidmət etməkdən ibarətdir.
Bu gün müzakirə etdiyimiz qanun layihəsindən də göründüyü kimi, onun qəbul olunması ölkədə yeni sosial praktikanın əsasını qoyacaq, ölkəmizin mənafeyinə və insanlara xidmət edən sosial faydalı işlərə vətəndaşlarımızın cəlb edilməsinin əsaslarını yaradacaqdır. Eyni zamanda, qanun layihəsi qanunvericilik texnikasının tələblərinə uyğun şəkildə işlənib hazırlanmışdır. Təbii ki, mən də qanun layihəsinin ikinci oxunuşda qəbuluna səs verəcəyəm.
Bununla bərabər, layihə ilə əlaqədar müəyyən maddələr üzərində fikirlərimi sizin diqqətinizə çatdırmaq istəyirəm. Birinci növbədə təklifim qanun layihəsinin adı ilə bağlıdır. Mənə elə gəlir ki, dilimizin ahəngi ilə uzlaşmadığına görə qanun layihəsinin adının dəyişdirilib “Könüllü fəaliyyət haqqında” olması daha uyğun olardı. Qanun layihəsinin birinci maddəsi belə adlanır: “Qanunun məqsədi”. Lakin burada qanunun məqsədi deyil, daha çox təyinatı və ya predmetinin məzmunu bir cümlədə öz əksini tapmışdır. Yaxşı olardı ki, həmin maddənin mətni qanun layihəsinin preambulasına uyğunlaşdırılsın.
Qanun layihəsinin üçüncü maddəsi “Könüllülük fəaliyyətinin növləri” adlanır. Lakin burada daha çox qanunun istiqamətləri müəyyən edilmişdir. Odur ki, həmin maddənin “Könüllü fəaliyyətin istiqamətləri” adlandırılmasını təklif edirəm.
Digər məsələ qanun layihəsinin dördüncü maddəsi ilə əlaqədardır və bu maddəyə uyğun olaraq, könüllülük fəaliyyətinin iştirakçıları qismində həmin fəaliyyətin təşkilatçıları və könüllülər müəyyənləşdirilib. “Könüllülük” anlayışı qanun layihəsinin ikinci maddəsində açıqlanmışdır. Lakin “təşkilatçı” anlayışının izahı qanun layihəsində müəyyən edilməyib. Könüllülük fəaliyyətinin əsas subyektlərindən biri olduğundan “təşkilatçı” sözünün anlayışının da qanun layihəsində verilməsi vacibdir.
Digər bir məsələ qanun layihəsinin 7-ci maddəsi ilə bağlıdır. 7.1-ci maddənin birinci cümləsində yazılır ki, münasibətlər şifahi formada bağlanan müqavilə ilə tənzimlənir. Əvvəla, müqavilə şifahi formada bağlana bilməz, yəni şifahi formada ola bilməz. Bu baxımdan yanaşdıqda həmin ifadələrdə düzəliş edilərsə və aşağıdakı şəkildə verilərsə, daha düzgün səslənər. Belə ki, 7.1-ci maddənin ilk cümləsinin bu şəkildə verilməsini təklif edirəm: “Könüllülük fəaliyyətinin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı müqavilələr və ya şifahi razılaşmalar yolu ilə tənzimlənir”.
Layihənin 7-ci maddəsində könüllülük fəaliyyətini tənzimləyən müqavilə ilə bağlı bir sıra rekvizitlər göstərilsə də, ən əhəmiyyətli məsələ kimi, müqavilənin hüquqi statusu müəyyən edilməyib. Buradan avtomatik olaraq bir neçə sual ortaya çıxır. Həmin müqavilə mülki əqlin növü kimi qəbul edilə bilərmi? Yoxsa bu müqavilə tərəflər arasında mülki deyil, hər hansı digər münasibətlər yaradır. Düşünürəm ki, bu kimi sualların aradan qaldırılması üçün könüllü münasibətləri tənzimləyən müqavilənin hüquqi statusu qanun layihəsində öz əksini tapmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Jalə xanım. Aydın Həsənov, buyurun.
A. Həsənov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Müzakirəyə çıxardığınız Könüllülük fəaliyyəti haqqında qanun layihəsi aktuallığı ilə diqqəti cəlb edir və Azərbaycan hökumətinin könüllü ictimai birliklərə, qeyri-hökumət təşkilatlarına göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirilir.
Müasir dünyada çeşidli problemlərin, o cümlədən yoxsulluğun azaldılması kimi problemlərin həlli vacibdir. Məqsədyönlü inkişaf və uğurların əldə edilməsi üçün bu istiqamətdə iş aparılır. Bu problemlərin həlli bizim hamımızın, hökumətin, beynəlxalq təşkilatların, özəl sektorun və geniş mənada vətəndaş cəmiyyətinin birgə fəaliyyətini və qarşılıqlı əməkdaşlığını şərtləndirir və ümidlərin doğrulmasında, məqsədlərin həyata keçirilməsində əvəzedilməz rol oynayır.
Etiraf etmək lazımdır ki, qanun layihəsinin hazırlanması mərhələsində bəzi qurumlar onun qəbul edilməsini zəruri hesab etmirlər. Onlar bunu qanun layihəsinin mövcud olmadığı dönəmlərdə də ayrı-ayrı vətəndaşların və ictimai birliklərin könüllülük fəaliyyətinin həyata keçirilməsi ilə əsaslandırırdılar. Hesab edirəm ki, geniş ictimai funksiyanı həyata keçirən ictimai birliklərin və digər könüllü qrupların fəaliyyətini tənzimləmək və qanunun bazasını formalaşdırmaq artıq həyata keçirilməlidir. Bu baxımdan mən bu qanunun könüllü ictimai birliklərə, qeyri-hökumət təşkilatlarına hökumətin qayğısı kimi dəyərləndirirəm.
Bu qanunun qəbulu möhtərəm Prezidentimizin ötən il “Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi haqqında” imzaladığı sərəncamda qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyini qeyd etdikdən sonra gündəmə gəlib. Elə bu qanun layihəsi də məhz həmin sərəncamın qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hazırlanmışdır.
Məndə olan məlumata görə qanun layihəsi müvafiq beynəlxalq tərəfdaşlar tərəfindən öyrənilib. Layihənin hazırlanmasında Norveç, Portuqaliya və digər ölkələrin təcrübəsindən də istifadə olunmuşdur.
Qanun layihəsinin hazırlanması təqdirəlayiq hesab olunsa da, bəzi müddəalar müsbət qiymətləndirilmir və hesab edirəm ki, bəzi qadağanedici normalar qanunun ədalətliliyinə şübhələr yaradır. Bu sıradan layihənin 4.2-ci maddəsində kommersiya hüquqi şəxslərin və fərdi sahibkarlıqla məşğul olan şəxslərin könüllülük fəaliyyətinin təşkilatçılığına qoyulan qadağanın mənası aydın deyil.
Layihənin 4.4-cü maddəsində kommersiya hüquqi şəxslərin də könüllülük fəaliyyətinin həyata keçirilməsinə qoyulan qadağa normal təsir bağışlamır. Məlumdur ki, könüllülük fəaliyyətinin həyata keçirilməsini şərtləndirən əsas amillərdən biri də maliyyə məsələsidir. Belə olan halda fərdi sahibkarların və ya kommersiya qurumlarının könüllülük fəaliyyətinin təşkilatçısı olması barədə qoyulan qadağa məntiqi deyil. Bu heç kəsdə şübhə doğurmur ki, hazırkı dövrdə qocalar və körpələr evi, ayrı-ayrı qaçqın və məcburi köçkün ailələri, həmçinin əhalinin aztəminatlı təbəqələri məhz fərdi sahibkarların və kommersiya qurumlarının himayəsindədir.
Bu baxımdan həmin kateqoriyalara, fərdlərə və təşkilatlara könüllülük fəaliyyəti ilə məşğul olmağı qadağan etmək qanunun tətbiqində problemlər yaradacaq və qanunun həmin maddələri normaya çevriləcək.
Bundan başqa, qanunun 4.6-cı maddəsində yetkinlik yaşına çatmayan şəxslərin könüllülük fəaliyyəti ilə məşğul olması üçün valideynlərindən və ya qanuni nümayəndələrindən razılıq almalarına qoyulan tələb məqsədəuyğun deyil. Məlumdur ki, sivil dövlətlərdə könüllülərin özəyini məhz 18 yaşına çatmamış şəxslər təşkil edir və onların bu fəaliyyəti üçün valideynlərdən icazə alması tələb olunmur.
Layihədə könüllülük fəaliyyəti ilə yalnız təşkilatlanmış şəxslərin məşğul ola bilməsi üçün qoyulan norma da ədalətli deyil. Bu amil qanunun cəmiyyətdə nüfuzdan düşməsinə və əhəmiyyətsiz normativ hüquqi akta çevrilməsinə təkan verəcək. Nə üçün qonşuluqda yaşayan ahıla, kimsəsizə, yaxud əlilə qulluq etmək, maddi və mənəvi baxımdan arxa durmaq üçün vətəndaş hansısa ictimai birlik yaratmalıdır, yaxud fəaliyyətdə olan qeyri-hökumət təşkilatına üzv olmalıdır? Hesab edirəm ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra qanunun cəmiyyətdə normal tətbiqi mümkün olacaq və bu qanun könüllülük fəaliyyətinin hüquqi bazasına çevriləcəkdir. Mən buna səs verirəm və diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Aydın müəllim. Valeh Ələsgərov, buyurun.
V. Ələsgərov. Dünən rəhbərliyin yanında komissiya sədrləri gündəliklə əlaqədar yığışanda mən öz intellektual səviyyəmi bir az artırmaq üçün sual verdim ki, təşkilatçılar arasında dövlət orqanları hansı işi görür? Dedilər ki, olimpiada oyunlarında, ya da başqa beynəlxalq tədbirlərdə dövlət orqanı könüllüləri çağırır, onlar da gəlir, kömək eləyir və sair. Mən də bunu qəbul etdim. Yeddinci maddəni oxuyanda təsəvvür etdim ki, dövlət orqanı beş min, yeddi min, on beş min könüllünü hansısa tədbirdə iştirak etmək üçün kömək etməyə çağırır. Bəs 7.1 və 7.2-ci maddələrə əsasən müqaviləni sözlə və ya kağızla necə bağlayacaq? Bunlar necə icra olunacaq? Müqavilədə könüllülük hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Bu gün burada cavab verməyə ehtiyac yoxdur. Xahiş edirəm, bu məsələyə bu günlərdə vaxt tapın, məni maarifləndirin. Olarmı? Çünki sonra bu müddəalar, bu normalar dövlət orqanı üçün problemlər yaradır. Bu bir. İkincisi, əgər bu könüllülük fəaliyyətidirsə, qazanc, mənfəət, gəlir əldə etmək məqsədi daşımırsa, hansı vergi güzəştləri ilə, yaxud vergi ilə, büdcə ilə, gömrük ilə bağlı olan güzəştlərdən söhbət gedə bilər? Mənim fikrimcə, bu cür ola bilməz. Elədirsə, onda gərək Vergi Məcəlləsinə və başqa qanunvericilik aktlarına müəyyən dəyişikliklər edilsin.
Çox sağ olun ki, qanun layihəsində “verifikasiya”, “identifikasiya”, “kvalifikasiya” sözlərini çox az işlətmisiniz. Zarafatsız, təşəkkür edirəm. Belə getsə, qorxuram, ruslara sual verirlər ki, dilinizdə rus sözü varmı? Cavab verirlər ki, «авось» . Biz də bu günə gəlib çatırıq. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, Valeh müəllim. Bəxtiyar Əliyev, buyurun.
B. Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Valeh müəllimin çıxışından sonra fikir söyləmək bir az çətindir. Çünki o burada maarifləndirmə və terminologiya məsələsini qaldırdı. Mən həmin məsələlərə toxunmayacağam.
Azay müəllimin çıxışına diqqətlə qulaq asdım və belə qənaətə gəldim ki, birinci oxunuşda söylənilən fikirlərin hamısı təhlil edilib, araşdırılıb. Bu gün onların hər birinə çox tutarlı və sanballı cavablar verildi. Bir çox təklifləri nəzərə alıblar və bugünkü oxunuşa mükəmməl bir qanun layihəsi çıxarılıb. Şübhəsiz ki, bu qanunun zəruriliyi haqqında birinci oxunuşda danışıldı. Bu gün demokratik Azərbaycan cəmiyyətində belə bir qanunun olması qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün çox önəmlidir. Qanun layihəsində könüllülüyün növləri, fəaliyyət sahələri sadalanıb. Hesab edirəm ki, bu, insan hüquqları ilə, sağlam həyat tərzi ilə, ətraf mühitin mühafizəsi ilə bağlıdır. Bunların hamısı çox vacib məsələlərdir.
Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyində həyata keçirilən bir tədbirdə dövlət orqanı olaraq könüllülüyün bir təşkilatçısı respublikanın ərazisinin yaşıllaşdırılması təklifi ilə çıxış etdi. Eyni zamanda, “hərəyə bir ağac əkək” təşəbbüsünü dəstəklədi. Bunların hamısı vacib məsələlərdir. Burada bir tərəfdən dövlət qurumu, digər halda isə qeyri-hökumət təşkilatları və yaxud bələdiyyələr könüllülüyün təşkilatçısı rolunda çıxış edə bilər. Qanunda bunların hamısı çox düzgün, yerində nəzərdə tutulmuş məsələlərdir.
Bir məsələyə də diqqətinizi yönəltmək istərdim. Sahibkarlar və kommersiya hüquqi şəxsləri, şübhəsiz ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğul ola bilərlər. Amma könüllülük fəaliyyətinin təşkilatçısı ola bilməzlər. Amma mənə elə gəlir ki, onun təşkilatçısı qismində çıxış etməsi o qədər də məqsədəuyğun deyil və qanunda düzgün olaraq öz əksini tapmışdır.
Bir məsələyə də diqqəti yönəltmək istərdim. Belə ki, 7.2-ci maddədə müqavilələrin bağlanmasından söhbət gedir. Müqavilənin şərtləri, mənə elə gəlir ki, Mülki Məcəllədə öz əksini tapmalıdır. Bu məqamın nəzərdə tutulması daha məqsədəmüvafiq olar və gələcəkdə digər qanunlarımızla heç bir ziddiyyət təşkil etməz.
Bütövlükdə mən hesab edirəm ki, qanun layihəsi çox mükəmməl hazırlanıb və ikinci oxunuşa təqdim olunub. Hətta biz onu bu gün üçüncü oxunuşda da müzakirə edib qəbul edə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Məlahət xanım, buyurun.
M. Həsənova. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, minnətdaram ki, mənə də imkan yaratdınız. Həqiqətən də, Könüllülük fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanun layihəsi çox vacib və önəmlidir. Əslində, bu qanun layihəsi humanizmə, xeyirxahlığa, insanlığa xidmət etməklə yanaşı, həm də humanizmi, insanlığı, həmrəyliyi, dostluğu təbliğ edir. İşçi qrupuna və onun rəhbəri həmkarım Azay müəllimə minnətdaram ki, birinci oxunuşda deyilən təklifləri nəzərə alıb.
Mənim iki sualım var. Sualımın birini, demək olar ki, çox hörmətli Valeh müəllim qeyd etdi. Yəni könüllülük fəaliyyəti ilə məşğul olan insanların kompensasiya məsələsi, sosial və tibbi sığorta məsələsi necə tənzimlənəcək?
Təbii ki, bu qanun Azərbaycan ərazisində, ölkə daxilində tətbiq olunacaq. İkinci sualım ondan ibarətdir ki, Azərbaycan vətəndaşının beynəlxalq aləmdə, başqa ölkələrdə könüllülük fəaliyyəti ilə məşğul olması bu qanunla necə tənzimlənəcək? Mən bu məsələlərə də hörmətli Azay müəllimin aydınlıq gətirməsini xahiş edirəm.
Hörmətli Ziyafət müəllim, mən bayaq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi ilə bağlı təqdim olunmuş qanun layihəsinin müzakirəsində münasibət bildirmək üçün çıxışa yazılmışdım, amma imkan olmadı. Mənim vaxtım var, ona görə vaxtımdan istifadə edərək bildirirəm ki, həqiqətən də, Azərbaycan ordusunun gündən-günə güclənməsi ilə, qüdrətlənməsi ilə hər birimiz fəxr edirik. Buna görə də dövlətimizin başçısına, əsası ulu öndər tərəfindən qoyulmuş Heydər Əliyev siyasətinə, şəxsən möhtərəm Prezidentimizə minnətdarıq ki, Azərbaycanın Silahlı Qüvvələrinə bu cür diqqət göstərilir. Bu bir reallıqdır ki, ordunun büdcəsi bir çox başqa ölkələrin dövlət büdcəsinə bərabərdir.
Mən ordumuzun yaradılmasının 90 illik yubileyi ərəfəsində bir təkliflə çıxış etmək istərdim. 2003-cü ildə ulu öndərimiz Heydər Əliyevin Prezidentlik fəaliyyəti dövründə, daha dəqiq desək, 2003-cü il avqustun 17-də xüsusi bir fərman imzalanmışdı. Həmin fərmanda silahlı qüvvələrə yardım, müdafiə fondu məsələləri əksini tapmışdı. Belə bir fərmanın imzalanması heç də o demək deyildi ki, bizim ordu camaatdan, insanlardan, xalqdan asılıdır. Çünki gündən-günə ordumuzun büdcəsinin güclənməsi və bu məsələyə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilməsi bir reallıqdır. Sadəcə, həmin fərmanın ən böyük əhəmiyyəti, mahiyyəti xalqın orduya olan münasibətinin yaxşılaşmasına, həmçinin cəmiyyət və xalqla ordu arasında olan birliyə xidmət etməkdir.
Burada hər birimiz xalqın seçilmiş nümayəndələriyik, onsuz da hər birimiz müxtəlif hərbi hissələrdə oluruq. Mən  təklif edərdim ki, 90 illik ərəfəsində parlamentin hər bir üzvü Müdafiə Fonduna müəyyən məbləğdə kömək etsin. Məbləğin əhəmiyyəti yoxdur. Təbii ki, bu da daha çox vətənpərvərliyə xidmət edən bir akt olar. Bayaq həmkarım Gültəkin xanım tərəfindən irəli sürülmüş təklifi mən də dəstəkləyirəm. Çox sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Gülər xanım Əhmədova, buyurun.
G. Əhmədova. Təşəkkür edirəm, Ziyafət müəllim. Məsələ burasındadır ki, bu qanun layihəsi, şübhəsiz, daha çox qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən insanların maraq dairəsindədir. İcazə versəydiniz, həm bu qanun layihəsi ilə, həm də qeyri-hökumət təşkilatları ilə bağlı qanun ətrafında olan kiçik bir tarixi yada salım.
Yadınızdadırsa, 1990-cı ilin əvvəllərində Azərbaycanda belə bir şərait yaranmışdı ki, o zaman Birinci Qarabağ müharibəsindən sonra yaranmış çoxsaylı əlillər təşkilatının ciddi təkidləri nəticəsində əlillər təşkilatları yarandı və onlar bir çox vergilərdən, gömrük rüsumlarından azad oldular. Nəticədə həmin təşkilatlar bundan sui-istifadə etməyə başladılar. Bu sui-istifadə halları da nəticə etibarı olaraq ona gətirib çıxardı ki, biz keçən çağırış parlamentdə nəzərdə tutulan bütün imtiyazları ləğv etdik və bu qərar çox böyük etiraz səsləri ilə qarşılandı. Ziyafət müəllim, şübhəsiz ki, bu məsələ Sizin yadınızdadır. Bu bizim yaşadığımız tarixdir, bu zalda yaşanmış tarixdir.
Amma burada ikinci bir məqam var. Dünyanın heç bir yerində elə bir könüllülük fəaliyyəti, elə bir qeyri-hökumət təşkilatı yoxdur ki, o hər hansı kapital tərəfindən maliyyələşməsin. İndi Azərbaycanda olan reallıq ondan ibarətdir ki, qeyri-hökumət təşkilatlarının artıq cənab Prezidentin yanında forumu yaradılıb və maliyyələşəcək. Eyni zamanda, unutmaq olmaz ki, burada daha bir məqam var. Hesab edirəm ki, bu da Avropa ölkələrinin yaxşı düşünülmüş və özünü doğrultmuş təcrübəsidir. İndi biz burada yazırıq ki, məsələn, kommersiya hüquqi şəxslər, həmçinin fərdi sahibkarlıqla məşğul olan şəxslər könüllü fərdi təşkilatçı olmasın. Amma bu gün Azərbaycanda biznes mühitinin bu qədər yaxşılaşdığı bir dövrdə iş adamları üçün münbit şərait, eyni zamanda, Azərbaycanda biznes mühitindən kifayət qədər yararlanmış şəxslər olduğu halda nə üçün biz onlardan könüllülük fəaliyyətində istifadə etməyək?
Dünyanın hər yerində bu cür biznes strukturları könüllülük fəaliyyətinin ən yaxın silahdaşları və ən yaxın tərəfdaşlarıdırlar. Mən təəssüflə qeyd etmək istəyirəm, bayaq Azay müəllim dedi ki, formasını deyin, maddə şəklində deyin. Mən təəssüflə, bu başdan üzrxahlıqla demək istəyirəm ki, bu dəqiqə mən onun nə formasını, nə də maddəsini deyəcəyəm. Bu fikri nəzərinizə çatdırmaq istəyirəm ki, Ziyafət müəllim, Siz də başda olmaqla burada kifayət qədər bizim təcrübəli, peşəkar hüquqşünaslarımız var və mən əminəm ki, Siz də mənim dediyim məsələləri çox yaxşı bilirsiniz. Mənə elə gəlir ki, bu gün Azərbaycanda yaranmış bu iqtisadi vəziyyətdən könüllülük fəaliyyəti üçün yararlanmaq olar. Hər şeyi Azərbaycan dövlətinin büdcəsinin boynunamı qoyaq? Bəli, qoy qeyri-hökumət təşkilatları büdcədən maliyyələşsin, problem yoxdur. Məsələn, Almaniyada parlament seçkilərində çoxluq qazanmış hər hansı bir partiya, tutaq ki, Yaşıllar partiyası özünün tərkibində olan bütün qeyri-hökumət təşkilatlarını maliyyələşdirir. Eyni zamanda, digər məqamlar da var.
Ona görə də mən xahiş etmək istərdim ki, əgər biz bir iş görürüksə, sonradan əlavə iş çıxmasın deyə, bu məsələni də nəzərdən keçirək. Bəlkə də üçüncü oxunuşa bunu hazırlaya bilərdik. Bir daha təkrar edirəm, mənə belə gəlir ki, bu gün Azərbaycanda çox yaxşı biznes mühiti yaranmışdır və imkanlı şəxslər çoxdur. Eyni zamanda, Azərbaycanda könüllülük fəaliyyətinə ehtiyac duyulan bir çox sahələr var. Onlardan birincisi ekologiya ilə bağlıdır və çox vacib sahədir. Hər kəs bilir ki, konkret olaraq, Bakı şəhərinin ekologiyası ilə bağlı kifayət qədər görülməli işlər var. İkinci sahə, şübhəsiz ki, sosial sahədir. Hər kəs bilir ki, bu gün Azərbaycanda xəstə, köməksiz, tənha insanlarla, uşaqlarla bağlı sosial xidmətlərin təşkil olunması hələ günün tələblərinə cavab vermir. Ona görə də mən xahiş etmək istəyirəm ki, bu məsələləri biz nəzərə alaq.
Sonuncu olaraq bir məqamı da demək istərdim. Bayaq Məlahət xanım silahlı qüvvələrlə bağlı çox maraqlı bir təklif verdi. Mən bu təklifi dəstəkləmək istəyirəm və demək istəyirəm ki, şübhəsiz, bu gün dövlətimiz tərəfindən silahlı qüvvələrimizə kifayət qədər diqqət və qayğı var. Amma hər halda bizim atacağımız hər hansı bir addım hər bir Azərbaycan vətəndaşı üçün nümunə ola bilər. Mən bu təklifi dəstəkləyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fuad müəllim, buyurun.
F. Muradov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən də öncə bildirmək istərdim ki, çox vacib bir qanun layihəsidir. Təbii ki, bu qanunun olması o demək deyil ki, əvvəl könüllülük fəaliyyəti ilə məşğul olan insanlar bu gün həmin işlə başqa cür məşğul olacaqlar. Biz könüllülüklə məşğul olan zaman fikirləşməliyik ki, könüllülük fəaliyyəti prinsip etibarı ilə təkcə ictimai təşkilatlar üçündür, yoxsa başqa işlə məşğul olan, hansısa maraq dairəsi olan insanlar üçündür. Mən tam razıyam ki, bu məsələlərdə biz daha çox beynəlxalq konvensiyalara üstünlük verməliyik.
Misal üçün, bizim təşkilat – Gənclər Təşkilatlarının Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir və əsasən, könüllülük prinsipinə sadiq qalaraq BMT-nin qəbul olunmuş konvensiyalarına uyğun olaraq fəaliyyət göstərir. Mənə də elə gəlir ki, biz bu məsələyə daha çox biznes qurumlarını cəlb etməliyik. Yəni burada söhbət nədən gedir? Əgər hansısa bir problem yaşanırsa, kommersiya təşkilatları könüllülük fəaliyyəti təşkil etmək istəyirsə, ondan bəhrə gözləyirsə, təbii ki, bu məsələ qanunda göstərilməlidir. Amma bu gün elə biznes strukturları var ki, könüllülük fəaliyyəti onların işinin bir istiqamətidir. Yəni onların büdcəsindən bu işlərə vəsait ayrılır və onlar könüllülük fəaliyyətinin təşkilində iştirak edirlər. Mən də tam razıyam ki, bu işdə hər bir vətəndaşın sosial müdafiəsi olsun və könüllülük fəaliyyəti də fərqlənməməlidir.
İkinci bir məsələ. Misal üçün, burada 2.2.4-cü maddədə yazılır: “Əvəzi ödənilməyən fəaliyyət – əmək haqqı ödənilməyən və ya pul formasında mükafatlandırılmayan fəaliyyətdir”. Yəni BMT-nin Konvensiyasında da bu məsələ əksini tapıb və bu məsələni komissiyada da müzakirə etmişik. BMT-nin Konvensiyasında da yazılıb ki, könüllülük fəaliyyətinə başlayan insanın müəyyən vəsaiti olmalıdır. Misal üçün, bu insan gündə iki dəfə isti yeməklə təmin olunmalıdır, onun isti yeri olmalıdır ki, o, iş görən zaman həmin yerdən istifadə etsin. Yəni bunu dürüst ifadə etməliyik. Mənə elə gəlir ki, Azay müəllimlə biz buna baxa bilərik. Yəni burada tam pulsuzluqdan söhbət getmir. Söhbət ondan gedir ki, gənc və ya başqa bir insan işinin müqabilində ən azı isti yeməklə təmin olunmalıdır. BMT-nin Konvensiyasında da bu məsələ konkret olaraq əks olunub, yəni orada göstərilib. Keçmişdə bu məbləğ təxminən 2 dollar yarım idi, indi inflyasiyanı nəzərə alsaq, daha çox olar. Orada konkret göstərilib ki, könüllü gün ərzində 2 dollar yarım məbləğində maliyyə alır. Yəni bu məbləği könüllülük fəaliyyəti ilə məşğul olan təşkilat ödəyir. Ona görə də biz buna baxmalıyıq.
Sığorta ilə bağlı 6.1.8-ci maddə burada vurğulandı. Yəni o təşkilat ki könüllülük fəaliyyətini təşkil edir, o da sığorta məsələsini öz boynuna götürür. Yəni biz burada dövlətin boynuna qoya bilmərik ki, mütləq onu sığorta etməlidir. Hansısa təşkilat, yaxud qeyri-hökumət təşkilatı və ya BMT-nin hansısa qurumu könüllülük fəaliyyətini təşkil edirsə, təbii ki, o da məcburi şəkildə həmin könüllüləri sığortalamalıdır.
Sonda bildirmək istəyirəm ki, bu çox vacib bir qanundur. Mən alqışlayıram ki, o bu gün ikinci oxunuşa çıxarılıb. Biz bunun üstündə işləməliyik. Bayaq Valeh müəllim də bunu vurğuladı. Məsələlər var ki, orada dövlətin müdaxiləsinə ehtiyac yoxdur. Könüllülük fəaliyyəti onsuz da var və bundan sonra da olacaq. Olimpiya oyunları ilə bağlı o, misal gətirdi. Əslində, Olimpiya Komitəsi də qeyri-hökumət təşkilatıdır. Lakin dövlətdən maliyyə dəstəyi alır. Əslində, bütün dünyada olimpiya komitələri qeyri-hökumət təşkilatlarıdır. Ona görə də bu məsələlərə biz daha üstünlük verməliyik ki, biznesdə çalışan insanları könüllülük fəaliyyətinə cəlb edək. Çox yaxşıdır ki, QHT-lərə dəstək fondu yaradılıb və bu işlər dövlət tərəfindən tənzimlənir.
Ümumilikdə götürsək, bu gün könüllü fəaliyyətin sifarişçiləri də, icra edənləri də daha çox beynəlxalq təşkilatlardır və qeyri-hökumət təşkilatlarıdır. Ona görə də biz bu maddəyə mütləq baxmalıyıq. Burada biznes qurumlarının da bu işə cəlb olunmasına yer qoymalıyıq. Bunun əsas fəlsəfəsi də daha çox insanı, daha böyük şirkətləri bu işə cəlb etmək olmalıdır. Məsələn, biz qanuna salırıq ki, həmin biznes qurumu təşkilatçı ola bilmir. Biz faktiki olaraq bunu ancaq dövlətdən və qeyri-hökumət təşkilatından gözləyirik. Burada birgə işləyə bilərik.
Mən şadam ki, bu işlə məhz peşəkar insanlar məşğul olurlar, yəni onlar qeyri-hökumət təşkilatlarından olan insanlardır. Ümumilikdə layihəni dəstəkləyəcəyəm. Xahiş edirəm, biznes qurumlarının bura cəlb olunması məsələsinə bir daha baxaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Azay müəllim, qısaca olaraq bütün bu iradlara, təkliflərə, qeydlərə münasibət bildirmək üçün Sizə söz verəcəyəm. Amma istərdim ki, Sizdən sonra hər iki professorumuz – Nizami Xudiyev və Nizami Cəfərov bir məsələyə aydınlıq gətirsinlər. Burada Jalə xanım qanun layihəsinin adı ilə bağlı təklif verdi. Sizcə, qanunun adı “Könüllülük fəaliyyəti haqqında” olmalıdır, yoxsa “Könüllü fəaliyyət haqqında”? Azay müəllim, buyurun.
A. Quliyev. Çox sağ olun. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən bütün hörmətli həmkarlarıma minnətdarlığımı bildirirəm ki, bu layihəyə çox ciddi yanaşdılar, çox dəyərli təkliflər verdilər. Şübhəsiz ki, bu təkliflər birinci oxunuşda olduğu kimi bir daha araşdırılacaq. Yəqin ki, bunların məqbul olanları qanunvericiliyə və beynəlxalq təcrübəyə uyğun olaraq mütləq nəzərə alınacaq.
Mən çox qısa deyəcəyəm. Hörmətli Jalə xanımın təkliflərini yüksək dəyərləndirirəm. Layihənin adı ilə bağlı məsələ dünyada qəbul olunmuş məsələdir və bizim hörmətli professorlar, yəqin, buna münasibət bildirər. Amma müqavilənin ümumi statusu, şifahi və yazılı formada olması çox məqbul bir təklifdir. Biz onu qəbul edə bilərik. Yazılı və şıfahi müqavilə, təbii ki, bir-birindən fərqlənməlidir. Mən hər bir hörmətli deputatın təkliflərini ayrı-ayrılıqda cavablandırıb vaxtınızı almaq istəmirəm. Amma ümumi şəkildə belə başa düşdüm ki, hörmətli deputatlar tərəfindən burada iki əsas məsələ qaldırıldı.
Birinci məsələyə könüllünün, müəyyən mənada, güzəştləri aiddir, yəni kompensasiya almaq, vergi, sığorta və sair. Bir də könüllülük fəaliyyətini təşkil edən təşkilatların statusu, yaxud müəyyən mənada bu məsələlərin tənzimlənməsidir. Bir daha demək istəyirəm, əgər kimsə başqa bir şəxsə köməklik edirsə, qonşuda bir hadisə baş veribsə, qonşunun evi yanıbsa, gedib su tökübsə, yaxud küçədə kimsə özünü pis hiss edibsə, yaxınlaşıb onu həyata qaytarıbsa, bu artıq Könüllü fəaliyyət haqqında qanunla tənzimlənmir. Bu, insanın daxili aləmindən irəli gələn, xeyriyyəçiliyindən, ümumiyyətlə, insanpərvərliyindən qaynaqlanan bir məsələdir. Əgər belə olubsa, Azərbaycanın 8 milyonunun hamısı xeyirxah insandır. Elə bir hal yoxdur ki, qonşuda bir hadisə baş versin və kimsə ona laqeyd qalsın. Birinci oxunuşda deyildiyi kimi, söhbət ondan gedir ki, bu gün Azərbaycanda on minlərlə insan könüllü olaraq fəaliyyət göstərir və onların hüquqi statusu bilinmir. Bu nə deməkdir?
Adından göründüyü kimi, bütün bu münasibətlər könüllü şəkildə tənzimlənir. Əgər bu gün hər hansı bir dövlət qurumu yüzlərlə gənci hansısa bir hadisəyə, hansısa tədbirə cəlb edirsə, onda dövlət qurumu ilə yüzlərlə, minlərlə gəncin arasında olan münasibətlər tənzimlənməlidir. Əgər hər hansı bir gənc dövlət qurumundan tələb edir ki, yox, sənin təklif etdiyin könüllülük fəaliyyəti mənim həyatıma, mənim təhlükəsizliyimə, sağlamlığıma müəyyən risklər yaradır, gəlin, münasibətlərimizi hüquqi səviyyəyə çatdıraq və müqavilə ilə tənzimləyək, onda bu qanuna istinad olunur. Yox, əgər kimsə bunu könüllü şəkildə edirsə, məsələn, idman tədbiridir və kimsə gedib könüllü şəkildə məktəbin divarlarını, tavanını rəngləyirsə, əlbəttə, bu, məktəb direktoru ilə həmin işi görən valideyn və ya şagird arasında nizamlanan məsələdir. Buna görə də mən çox istərdim ki, biz könüllülük fəaliyyətinin konkret predmetini müəyyənləşdirək və bunun sərhədlərini cıza bilək. Bu yalnız könüllülük fəaliyyətini təşkil edən üç qurumla könüllülük fəaliyyətini qəbul edən və könüllü şəkildə bağlanan müqavilə ilə tənzimlənən münasibətlərə aiddir.
Sonrakı çox vacib bir məsələdir. Bu da kommersiya fəaliyyəti ilə bağlıdır. Əlbəttə, çox istərdik ki, kommersiya qurumları özəl sektorla, ictimai yatırımlarla, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olsun və ictimai sektora investisiya qoysun.
Yeri gəlmişkən, mən sizə deyim ki, həmkarlarımın qaldırdığı bəzi məsələlər xeyriyyəçilik fəaliyyəti haqqında qanunun predmetidir. Hörmətli Ziyafət müəllim, bilirsiniz ki, Xeyriyyəçilik fəaliyyəti haqqında qanun layihəsini də Milli Məclisə təklif etmişəm. Əgər Milli Məclis məqbul bilsə, növbəti iclasda bu məsələyə də baxa bilərik. Ona görə də kommersiya qurumlarının xeyriyyəçilik fəaliyyətini təşkilatçılığı ilə eyniləşdirmək düzgün deyil. Nəyə görə biz bunun əleyhinəyik? Ona görə ki, kommersiya qurumları bu gün könüllü fəaliyyətin təşkilatçısı kimi çıxış edərsə, sui-istifadə halları ola bilər və könüllünün əməyi istismar oluna bilər. Çünki könüllü bundan pul almır, kompensasiya almır.
Nəhayət, bunun digər güzəştləri məsələsi. Burada hörmətli Gülər xanım qeyd etdi ki, könüllü büdcəyə yük olmamalıdır. Mən isə əksini deyirəm, könüllülük büdcənin bir çox yükünü öz üzərinə götürməlidir. Məsələn, hər hansı bir fövqəladə hadisə baş verir və dövlət həmin fövqəladə hadisəni aradan qaldırmaq üçün canlı qüvvə və vəsait göndərməlidir. Qızıl Aypara Cəmiyyətinin sədri də bizim deputat həmkarımızdır və Qızıl Aypara Cəmiyyəti haqqında Qanun da qəbul edilib. Hər hansı fövqəladə hadisənin fəsadlarını aradan qaldırmaq üçün dövlət böyük qüvvə sərf etməli olur. Təbii ki, işçilərdən və mütəxəssislərdən fərqli olaraq könüllülər bu işə görə əmək haqqı almırlar.
Əgər insanlar könüllü şəkildə öz imkanlarını və bacarıqlarını fövqəladə vəziyyətdən, məsələn, zəlzələdən zərər çəkənlərin, yaxud seldən, yağışdan və digər təbii hadisədən zərər çəkənlərin həyatının xilasına yönəldirlərsə, həmçinin könüllü surətdə bu işə gedirlərsə, burada dövlətin büdcəsinə xeyir veririk. Yalnız arzuolunmaz bədbəxt bir hadisə baş verərsə, onun səhhətinə, sağlamlığına zərər vurularsa, təbii ki, onu göndərən qurum da onu sığortalamalıdır. Söhbət bundan gedir. Yaxud mən öz maşınımla könüllü olaraq müəyyən bir işi həyata keçirirəm. Mən maşınımdan, yaxud kompüterimdən istifadə etdiyimə görə kompensasiya almaq hüququmdan niyə məhrum olmalıyam? Bu məsələləri biz sonradan araşdıracağıq. Burada Fuad müəllim də qeyd etdi, hörmətli hüquqşünaslarımızın da bununla bağlı konkret təklifləri olarsa, biz bunu bir daha müzakirə etməliyik və bunların hamısına aydınlıq gətirməliyik. Ona görə də bu məsələ büdcəyə yük deyil, əksinə, büdcəyə böyük bir dəstəkdir və bu sahənin nizamlanmasına... Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Azay müəllim. Nizami müəllim, qanun layihəsinin adı ilə bağlı fikir demək istəyirsiniz? Buyurun, Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Ziyafət müəllim, burada belə bir məsələ var. Burada söhbət könüllülük fəaliyyətindən gedir. Burada sözün kökü “könül”dür. “Könüllü fəaliyyət” sözü də demək düz deyil, “könüllülük fəaliyyəti” də düz deyil. “Kö nül” sözündən “lı”, “lü” şəkilçisi vasitəsi ilə şəxs düzəldən söz alınır. Məsələn, könüllü adam. Ancaq “könül” sözün kö küdür. Bu bir fəaliyyət növüdür. Ona görə də bunun adını “könüllülük fəaliyyəti” qoyublar. Əslinə baxsan, bunun ikisi ni də səsləndirmək olar. “Könüllü fəaliyyət” də, “könüllülük fəaliyyəti” də düzdür. Ancaq “könüllülük fəaliyyəti” bir fəa liyyət növü kimi daha geniş məzmun əhatə edir. Yəni bun ların heç biri səhv deyil.
Sədrlik edən. Nizami Cəfərov, buyurun.
N. Cəfərov. Onsuz da gecikmişik, bir cümlə də mən əlavə edim. “Könüllü” sözü bizim hüquq terminologiyasına, mən bilən, “könüllü vergi” anlayışı qəbul edilən vaxtdan düşmüşdür. “Könül” sözünü “ürək” sözü ilə müqayisə edin: könüllü – ürəkli. “Könüllülük” doğru sözdür, ürəklilik də doğru sözdür. Amma fəaliyyətə gələndə bunun analogiyası belədir: “müəllimlik fəaliyyəti”, “dəmirçilik fəaliyyəti”. Amma “könüllülüyün” yaranma texnologiyası müəllimliklə, dəmirçiliklə, həkimliklə eyni deyil. Ona görə də mən düşünürəm ki, “könüllülük fəaliyyəti” anlaşılmaz bir şeydir. Necə ki, “ürəklilik fəaliyyəti” anlaşılmazdır. Ürəkli, cəsarətli fəaliyyət ola bilər, könüllü fəaliyyət ola bilər. Mümkün qədər bu qanunun adı ya belə olsun: “könüllü fəaliyyət haqqında”, ya da “könüllülük haqqında”. Yəni artıq burada “fəaliyyət”ə ehtiyac yoxdur. O da çox mücərrəd olacaq. Odur ki, mən düşünürəm ki, “könüllü fəaliyyət haqqında” daha münasibdir.
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Hər halda üçüncü oxunuşa qədər vaxtımız var. Azay müəllim, buna da baxarsınız.
Hörmətli deputatlar, çox sağ olun, kifayət qədər müzakirə apardıq. Mən qeyd etdim, biz qanun layihəsini ikinci oxunuşda müzakirə edirik və qanun layihəsi 9 maddədən ibarətdir. Ona görə gəlin, vaxt aparmamaq üçün bunu iki yerə bölək. Buna həm də bizim Daxili Nizamnamə imkan verir. 1−5-ci maddələr səsə qoyulur. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 18.15 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0  
İştirak edir 98
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Xahiş edirəm, 6–9-cu maddələrə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 18.15 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0  
İştirak edir 96
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Bütövlükdə qanun layihəsinin ikinci oxunuşda qəbul olunmasına münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 18.16 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1  
İştirak edir 92
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Bununla da iclasımız sona çatır.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi