2008-ci il 30 may tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  84

Milli  Məclisin  iclas  salonu.
30  may  2008-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

M. Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.
Ş. Əliyev, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri.
Den Blesinkton, Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) nümayəndəsi.
G.Bayramova, tərcüməçi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

* * *

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsinə başlanılmışdır.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

30  may  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 95
Yetərsay 83

Yetərsay var, iclasa başlamaq olar.
Gündəlik hamınızda var. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu. Gündəlikdə çox vacib 3 məsələ var. Bu məsələlərə bütün komissiyalarda da baxılıb. Müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Çox təşəkkür edirəm. Möhtərəm Sədr, mən konkret olaraq gündəliyə toxunmaq istəyirəm, çünki bu gün Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi gündəliyə çıxarılıb. Sizin də məlumatınız var ki, hələ keçən ilin mart ayında Müsavat deputat qrupu tərəfindən Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsi Milli Məclisə təqdim olunub.
Bu qanun layihəsinin daimi komissiyada müzakirəsi keçirilib və ona mənfi rəy verilib. Amma Azərbaycan Respublikasının Konstitusiyasında, o cümlədən “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində daimi komissiyanın mənfi rəyinə görə deputatların və ya deputat qrupunun qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü qanun layihəsinin plenar iclasın müzakirəsinə çıxarılmasını qadağan edən hər hansı norma, müddəa yoxdur. Ona görə hesab edirəm ki, daimi komissiyanın mənfi rəyinə baxmayaraq, Prezident seçkisi ilində bu məsələnin mühüm siyasi əhəmiyyəti nəzərə alınsın, təklif elədiyimiz qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılsın.
Bilirsiniz ki, bu, ciddi məsələyə – seçki komissiyalarının təşkil olunması və onların fəaliyyəti haqqında müvafiq maddələrə həsr olunmuşdur. Bununla əlaqədar bir məsələyə də diqqətinizi cəlb eləmək istəyirəm. Son günlərdə seçki ilə və xüsusən də Seçki Məcəlləsi ilə bağlı statusuna görə birtərəfli mövqe tutmalı olan vəzifəli şəxslər, konkret olaraq Mərkəzi Seçki Komissiyasının sədri tərəfindən siyasi xarakterli bəyanatlar verilib. Mən hesab edirəm ki, Milli Məclisdə qanun qəbul edilibsə və dövlət başçısı tərəfindən təsdiqlənibsə, Mərkəzi Seçki Komissiyası öz fəaliyyətini bu istiqamətdə qurmalıdır. Bəzi texniki məsələlər barədə, təbii ki, təcrübədən asılı olaraq müəyyən fikirlər, rəylər söylənə bilər. Amma seçki komissiyalarının təşkil olunması prinsipləri və formatı haqqında məsələlər, şübhəsiz ki, siyasi xarakterlidir. Mərkəzi Seçki Komissiyasının sədri, habelə Milli Məclis Aparatının rəhbəri hörmətli Səfa müəllim tərəfindən siyasi bəyanatların verilməsini qanunvericiliyə zidd hesab edirik və bu cür məsələlərə son qoyulmasını xahiş edirik. Bu cür məsələlər vardır, təəssüf ki, vaxtımız azdır. Ona görə də biz çox istərdik ki, növbəti iclasın vaxtı tez olsun, seçkilərlə bağlı məsələ gündəliyə çıxarılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliklə bağlı yazılın. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanovaya söz verilir.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərdiyi “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirənizə təqdim edilir.
Müstəqil inkişaf yolu seçmiş Azərbaycan yüksək mənəvi keyfiyyətlər göstəricisi olan demokratik prinsiplərin qorunmasını, insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi hesab edir. İnsanlar öz siyasi azadlıqlarından özünü istifadənin, özünü təsdiqin inkişafı naminə və ictimai həyatda özlərinin fəal iştirakı üçün istifadə edirlər. Fundamental insan hüquqlarının içərisində sərbəst toplaşmaq azadlığı əsas siyasi hüquqlardan biri olub, insanın daxili və fəaliyyət azadlığını şərtləndirən əsas məsələlərdən biridir. Bu hüquqlar hər hansı məsələyə dair fərdi və kollektiv baxışların açıq və kütləvi ifadə formasıdır, dinc toplaşma azadlığını gerçəkləşdirən insanların fikir mübadiləsi aparması üçün əlverişli vasitədir.
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində sərbəst toplaşmaq azadlığının təmin olunması və bundan 3 il sonra, 1998-ci ildə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun qəbul edilməsi dövlətimizin demokratik prinsiplərə sadiqliyinin bariz ifadəsidir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hazırlanarkən onun mətni ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna göndərilmiş və kifayət qədər müsbət rəy alınmışdır. Yəni bu gün əlavə və dəyişikliklər etdiyimiz qanun layihəsi kifayət qədər mükəmməldir.
Sual oluna bilər ki, əgər belədirsə, onda niyə bu qanuna əlavə və dəyişikliklər edilir? Bu əlavə və dəyişikliklərin edilməsi təkcə Azərbaycanda deyil, ümumiyyətlə, Avropada baş verən hadisələrin bilavasitə təsiri altındadır. Bu gün bunu təkcə Azərbaycanda baş verən hadisələrlə izah etmək olmaz. Bütün Avropanın hüquq məkanında kifayət qədər dəyişikliklər baş verir və sözsüz ki, yeni hüquq məkanına daxil olan Azərbaycan vətəndaşı da bu hüquqlardan bəhrələnməli və bunlar milli qanunvericiliyimizdə öz əksini tapmalıdır.
Yadda saxlayaq ki, demokratiya statik deyil, dinamik bir məfhumdur. Bu gün təkcə demokratiyanın tranzit dövrünü yaşayan ölkələr deyil, həm də oturuşmuş, demokratiya şəraitində yaşayan dövlətlər də bu prinsiplərə sadiqliyini sübut edirlər. 1998-ci ildən bugünkü günə qədər böyük bir vaxt keçmişdir. Ötən 10 ildə Azərbaycanda mühüm hadisələr baş vermiş, ölkəmiz beynəlxalq təşkilatlara, qurumlara üzv olmuş və bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Bütün bu yeniliklər “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunda da bir sıra əlavə və dəyişikliklərin edilməsi zərurətini yaratmışdır. Yəni zaman hər bir şeyə öz korrektəsini etdiyi kimi, bu qanuna da edilən əlavə və dəyişikliklər ilk növbədə qanunun liberallaşması, humanistləşməsi xarakteri daşıyır. Hər bir əlavə və dəyişikliyin əsas amalı Azərbaycan vətəndaşlarının hüquqlarının sərhədlərinin genişləndirilməsidir.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin, Mülki və Siyasi Hüquqlara Dair Paktın və 2001-ci ildə Milli Məclisdə təsdiq etdiyimiz Avropa Konvensiyasının müddəaları ilə milli qanunvericiliyimizdə olan müddəaların uzlaşması bu sənədə yenidən baxmağımızı zərurət kimi ortaya qoyur. Bir neçə il bundan öncə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna yenidən baxıldı və qanunda olan müəyyən məqamlarla bağlı Avropa ekspertləri ilə məsləhətləşmələr aparıldı. 2006-cı ildən başlanan bu proses 2007-ci ilin sonunda bitdi. Yəni “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna edilən əlavə və dəyişikliklər bir neçə ayın məhsulu deyil, bu üzərində bir neçə il işlənilmiş bir prosesdir. Venesiya Komissiyasının 2007-ci ilin sonunda verdiyi rəydə birmənalı olaraq göstərilir ki, bu gün nəzərinizə çatdırılan dəyişikliklər bizim parlament tərəfindən qəbul edilərsə, onda “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun Avropa standartlarına uyğun qanun kimi qəbul ediləcək. Zənnimcə, Venesiya Komissiyasının bu rəyi bizim üçün mühümdür və o, Avropanın hüquq məkanına inteqrasiya olan milli qanunvericiliyimizin təkmilləşməsində böyük rol oynayacaq.
Qanun layihəsi may ayının 15-də İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının birgə keçirilən iclasında müzakirə olundu. Müzakirə zamanı həmkarlarım bu və ya digər maddələrə dair öz fikir və tövsiyələrini bildirdilər. Mən deputat həmkarlarıma bu fikirlərinə və tövsiyələrinə görə öz minnətdarlığımı bildirirəm və hesab edirəm ki, dedikləriniz hər bir fikir, tövsiyə, təklif qanunumuzun daha sanballı, təkmil olmasına və demokratik ruhun inkişafına yardım edə biləcəkdir.
İndi isə əlavə və dəyişikliklərin mahiyyəti barədə məlumat vermək istəyirəm. İlk növbədə 1-ci maddə haqqında danışmaq istərdim. 1-ci maddənin birinci hissəsində və 2-ci maddənin birinci hissəsində Konstitusiya ilə yanaşı, beynəlxalq sənədlərə də istinad edilməsi vacib hesab olunur. Sözsüz ki, bu, vacibdir. Bir daha təkrar edirəm, 10 il ərzində qəbul etdiyimiz beynəlxalq sənədlərdəki müddəaların milli qanunvericiliyimizdə öz əksini tapması vacib bir məqamdır. Maddə 2 ilə 3-ün yeri dəyişdirilib. Maddə 3-də toplantı haqqında xüsusi müddəa var. Yəni “əsas anlayışlar” “toplantının formaları” ilə dəyişdirilib. Diqqətlə fikir versəniz, görərsiniz ki, 1998-ci ildə qəbul edilmiş qanunda 5 əsas forma öz əksini tapmışdır. Venesiya Komissiyasının fikrinə görə, toplantıların hər birinə ayrı-ayrılıqda tərif verilməsinə ehtiyac yoxdur. Nəyə görə ehtiyac yoxdur? Ola bilər ki, toplantının digər bir forması yaransın. Elə olan halda, yəni bu beş toplantı formasından əlavə yaranan yeni bir toplantı formasının bu qanunla tənzimlənib-tənzimlənməməsi qeyri-müəyyəndir. Məhz bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi ilə “anlayışlar” ifadəsi “toplantı formaları” ifadəsi ilə əvəz olunmuşdur.
4-cü maddə “Bu qanunla nizamlanmayan toplantılar” adlanır. Bu maddənin I hissəsinə “xüsusi mülkiyyətə aid olan yerlərdə toplantı keçirmək hüququna zərər vurmadan aşağıdakı yerlərdə keçirilən toplantılar bu qanunla tənzimlənmir” fikri əlavə olunmuşdur. Xüsusilə “toplantı keçirmək hüququna zərər vurmadan” fikrinə diqqət vermək lazımdır. Dinc toplantılar şəxslərin xüsusi mülkiyyətində də keçirilə bilər, qanun bu toplantılara şamil edilmir.
4-cü maddənin II hissəsinə edilən əlavə Venesiya Komissiyası ilə razılaşdırılıb: “Toy və dəfn mərasimlərindən, bayram və matəm tədbirlərindən, dini mərasimlərdən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket keçirilməsi üçün istifadə olunarsa, həmin toplantılar bu qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər”. “Dayandırıla bilər” ifadəsinə diqqət verin. “Qadağandır” ifadəsi buradan götürülmüşdür. Yəni bu, artıq həmin qanun layihəsinin ruhundan irəli gələn bir məqamdır.
5-ci maddə “Toplantıların keçirilməsi barədə xəbərdarlıq”dır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasında sərbəst toplaşmaq azadlığının icazə əsasında deyil, xəbərdarlıq əsasında həyata keçirildiyi öz əksini tapmışdır. Ancaq bir cəhəti də qeyd edim ki, bir sıra ölkələrdə bu, icazəli şəkildə gerçəkləşdirilir. Ancaq bunun icazəli şəkildə gerçəkləşdirilməsi heç də insan hüquqlarının məhdudlaşdırılması demək deyil. Azərbaycan bunun digər modelini, məhz o xəbərdarlıq modelini götürmüşdür. Bu maddədə xəbərdarlıq sistemi bir qədər dəqiqləşdirilmiş və əlavə təminatlar müəyyən olunmuşdur.
 Bu xəbərdarlığın icra hakimiyyətinə 5 gün əvvəl təqdim edilməsi ilə əlaqədar burada bəzi fikirlər səsləndi. Amma hesab edirəm ki, xəbərdarlığın ən azı 5 gün əvvəl təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının üzərinə böyük məsuliyyət qoyur. Müvafiq icra hakimiyyəti orqanına həmin toplantıda iştirak edən insanların asayişinin qorunması, təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməsinə zaman tələb olunur. Bizə elə gəlir ki, məhz bu zaman kifayət edir, “5 gün əvvəl “ ifadəsi öz məntiqi həllini tapır.
“Toplantının təşkilatçısı” adlı 6-cı maddəyə təkliflər irəli sürülüb. Sərbəst toplaşmaq azadlığının söykəndiyi əsas prinsiplərdən biri ayrı-seçkiliyə yol verilməməsidir. Bu o deməkdir ki, bu azadlığın həyata keçirilməsində vətəndaşlıqla və yaşla bağlı məhdudiyyətlər qoyula bilməz. Burada üç əsas məsələnin üzərində dayanmaq istərdim. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasında 18 yaşına çatmamış şəxslərin sərbəst toplaşmaq azadlığına malik olması haqqında müddəa öz əksini tapmışdır. Hörmətli həmkarlarım müzakirə zamanı bunu da mübahisə obyektinə çevirdilər və 18 yaşına çatmamış bu uşağın valideynlərinin icazəsi ilə bu toplantının iştirakçısı olması və yaxud olmaması məsələsi ilə əlaqədar fikirlərini bildirdilər. Nəzərinizə çatdırım ki, bununla əlaqədar dəyişikliklər edilib və valideynin yazılı icazəsi olmadan bu, mümkün deyil. Yəni həmin 18 yaşına çatmamış uşaq məhz valideynin imzasını xəbərdarlıqla birlikdə müvafiq icra hakimiyyətinə təqdim etdikdən sonra həmin toplantının iştirakçısı ola bilər.
Həmkarlarımın narahatçılığına səbəb olan digər bir məsələ “əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi məqsədi olan dinc toplantının təşkilatçısı ola bilməzlər” müddəasının çıxarılması idi. Bu gün dünyada baş verən hadisələrə münasibət dəyişir. Yəni əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hər hansı bir ölkənin ərazisində dinc toplantı keçirmək hüququ Avropa tərəfindən qəbul edilən bir məqamdır. Bir anlığa gəlin, bugünkü reallığı qiymətləndirək. Bu gün Avropanın bir sıra ölkələrində Azərbaycan vətəndaşları Qarabağ problemi, soyqırımı ilə əlaqədar olaraq müxtəlif tədbirlər keçirir, müxtəlif beynəlxalq qurumların bu sahədəki fəaliyyətsizliyi ilə əlaqədar öz etirazlarını bildirirlər. Onların bu siyasi hüquqları Avropa məkanında məhdudlaşdırılsa, biz onu necə qiymətləndirərdik? Hesab eləyirəm ki, bu gün miqrantların hüquqlarının məhdudlaşdırılması, onlara siyasi hüquqların verilməməsi məsələsi Avropa ölkələrində böyük bir narazılığa səbəb olur və beynəlxalq təşkilatların hər birində − istər ATƏT-də, istərsə də Avropa Şurasında məhz yeni azlıq adlandırılan miqrantlara verilən hüquqların genişləndirilməsi məsələsi gündəmə gəlir. Düzdür, bir sıra Avropa ölkələrində bu məsələyə münasibət fərqlidir, ancaq zaman keçəcək, həmin ölkələrdə də məhz əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibət dəyişəcəkdir. Azərbaycan məhz bu sahədə irəliyə doğru bir addım atır və Azərbaycan reallığında vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin belə bir dinc toplantı keçirmək hüququnu tanıyır. Hesab edirəm ki, bu maddə də kifayət qədər vacibdir və bizim demokratiyaya sadiqliyimizin göstəricisidir.
Sonra, digər vacib bir məsələ “toplantının təşkilatçılarından heç biri toplantıda şəxsən iştirak etmədikdə toplantı keçirilə bilməz” ifadəsidir. Bu, tamamilə düzgündür. Toplantını təşkil edən orada yoxdursa, bu dinc toplantının gələcək taleyi necə olacaq? O, qeyri-dinc toplantıya çevrilməyəcəkmi? Orada iştirak edən insanların təhlükəsizliyi kim tərəfindən qorunacaq və bu məsuliyyəti kim boynuna götürəcək? Bu məsələ olduqca ciddi məsələdir. Öz fikrini, məqsədini ortaya qoyaraq bu və ya digər ictimai və dövlət əhəmiyyətli məsələyə münasibət bildirmək üçün toplantı keçirmək istəyən insan bu məsuliyyəti də boynuna götürməlidir və mütləq toplantıda olmalıdır. O zaman belə bir fikir də səslənmişdi ki, ola bilər, toplantının təşkilatçılarından üç nəfərin başına birdən-birə nəsə bir hadisə gəlsin və bu, toplantının dayandırılmasına, qadağan olunmasına səbəb olsun. Bilirsiniz, gəlin, təsadüfdən nəticə çıxarmayaq. Məsələ burasındadır ki, bu təşkilatçılardan birinin mütləq toplantıda iştirak etməsi vacibdir və bu müddəa da Venesiya Komissiyası ilə razılaşdırılaraq buraya salınmışdır.
Bilirsiniz, mən tez-tez Venesiya Komissiyasının adını çəkirəm, ancaq bir cəhəti nəzərə alaq. Etdiyimiz əlavə və dəyişiklikləri hər hansı bir təzyiq və yaxud tövsiyə əsasında etmirik. Bu tövsiyələr bizim istək və arzularımızla səsləşirsə, eynidirsə, sözsüz ki, onlar qəbul ediləcək.
Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Məsələn, 1998-ci ildə bu qanun qəbul edilərkən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 16 təklif vermişdi. Azərbaycan Respublikasının Milli Məclisi bu təkliflərin yalnız 12-sini qəbul etdi, 4-nü məqbul olmadığına görə qəbul etmədi. Yəni biz bu razılaşmaya, bu əməkdaşlığa könüllü şəkildə gedirik və sözsüz ki, bəhrələnmək bizim üçün vacibdir.
“Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər” adlanan 7-ci maddənin Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin ikinci hissəsinə uyğunlaşdırılması bir tələb kimi ortaya qoyulur. Bu müddəanı olduğu kimi sizə təqdim edirəm və siz Avropa Konvensiyasının 11-ci maddəsində olan müddəaların 7-ci maddə ilə nə qədər həmahəng səsləndiyinin bir daha şahidi olacaqsınız. Deməli, orada yazılır ki, bu hüquqların, − söhbət yığıncaq və birləşmək azadlığı hüququndan gedir, − həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və ya azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur. 7-ci maddəyə edilən əlavə – “toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər” ifadəsi də məhz birinci müddəaya əsaslanır. Zənnimcə, konvensiyanın 11-ci maddəsində olan fikirlərin 7-ci maddəyə salınması bizim qanunumuzun beynəlxalq sənədlərdə öz əksini tapmış müddəalara nə qədər cavab verdiyinin təzahürüdür.
8-ci maddəyə münasibətdə də müxtəlif fikir ayrılıqları var. Ancaq hesab edirəm ki, bu maddə haqqında danışdıqca bu məqamlar arasında olan qeyri-müəyyənliklər öz həllini tapacaq. Bu, toplantının qadağan edilməsi və dayandırılması ilə bağlı məhdudiyyətlərin aradan götürülməsidir. Diqqət yetirsəniz, görərsiniz ki, hər birində “qadağandır” sözü “qadağan edilə bilər” ifadəsi ilə əvəzlənib. Sözün mahiyyətinə və məzmununa diqqət verdikdə məlum olur ki, bu, daha geniş ifadədir. Yəni burada konkret bir imperativ qoyulmur, yazılıb ki, nə zaman qadağan edilə bilər? Burada göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Milli Məclis deputatlarının seçkiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkiləri gününə 24 saat qalmışdan seçki günü səsvermə məntəqələri bağlananadək.
IV hissədə qeyd olunur ki, bu qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurəti ilə əlaqədar mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərin ərəfəsində və onların keçirildiyi günlərdə həmin tədbirlərin keçirildiyi şəhər və rayonların ərazilərində siyasi məqsədlə toplantıların keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilə bilər. Hörmətli həmkarlarımı narahat edən məhz ərəfə məsələsi idi və bir neçə həmkarım buna öz münasibətini bildirdi. Bu o deməkdir ki, mühüm dövlət tədbirlərinin keçirilməsi ərəfəsində bunlar qadağan edilə bilər. Sözsüz ki, ərəfə böyük müddət deyil. Bununla əlaqədar dilçi alimlərlə də söhbət etdik, onların münasibətini öyrəndik. “Ərəfə” sözü bu prosesin başlaması üçün lazım olan zəruri bir vaxtdır. Gəlin, belə bir həqiqətlə razılaşaq ki, adi bir yığıncaq, yaxud evdə bir toplantı keçirmək üçün zaman lazım gəlir. Dövlət əhəmiyyətli böyük tədbirlərin keçirildiyi zaman nə üçün biz bu ərəfədən istifadə etməyək və onu qanuna salmayaq?
Bilirsiniz, Azərbaycan bu gün dünyaya inteqrasiya olunan dövlətdir və bu bizdən Azərbaycana gələn beynəlxalq səviyyəli siyasətçilərlə görüşlərin yüksək səviyyədə keçirilməsini tələb edir. Azərbaycanlıların dünyaya iğtişaşa meyilli bir kütlə kimi təqdim edildiyi zaman var idi. Ancaq bu gün hər birimiz Azərbaycana gələn insanların dövlətimiz, ölkəmiz haqqında gözəl fikirlərini eşidirik. Hesab edirəm ki, “ərəfə” kifayət qədər lakonik və dəqiq yazılmış bir ifadədir. “Ərəfə” ifadəsinin burada qalması Venesiya Komissiyası ilə razılaşdırılıb. Bu ərəfəni heç kəs bir ay, üç ay, beş ay kimi qiymətləndirməsin. Ərəfə zəruri olan vaxt kimi qiymətləndirilə bilər.
9-cu maddə “Dinc toplantının keçiriləcəyi yerin və vaxtın məhdudlaşdırılması və ya qadağan edilməsi”dir. Bununla əlaqədar bir neçə məsələni demək istərdim. Maddə 9-un II hissəsində ilk dəfə olaraq əks-toplantı keçirmək hüququ tanınır və əks-toplantılar keçirərkən toplantı və əks-toplantı iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı polisin vəzifələri müəyyən edilir. Ola bilər ki, göstərilmiş yerdə və vaxtda bu fikrə alternativ olan digər insanlar toplaşmaq istəyirlər. Əgər hər iki toplantı − toplantı və əks-toplantı müəyyən qarşıdurmaya gətirib çıxara bilərsə, sözsüz ki, çox çətin bir durumla rastlaşa bilərik. Belə olan halda polisin bu işə müdaxiləsi yenə də həmin konvensiyanın müddəası və 7-ci maddədə öz əksini tapan məqamlarla tənzimlənir. Bu baxımdan 9-cu maddəyə edilən əlavə və dəyişikliklər kifayət qədər məntiqlidir.
Digər bir məsələ. 9-cu maddənin III hissəsində yazılıb ki, aşağıdakı yerlərdə yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilər. Burada qeyd olunub ki, həmin strukturların yerləşdikləri binaların ətrafında 200 metr radius çərçivəsində. 1998-ci ildə bu radius 500 metri əhatə edirdi və o zaman millət vəkilləri böyük mübahisələrdən sonra bunu 300 metrə çatdırdılar. Bu gün isə 200 metr və yaxud 150 metr radius çərçivəsində onlara mitinqlərin keçirilməsi imkanı verilir. III hissənin ikinci bəndində isə “körpülərdə, tunellərdə və tikinti aparılan sahələrdə” sözlərindən sonra insan həyatı və sağlamlığı üçün təhlükəli olan istehsalat obyektləri də qeyd olunmuşdur. Bununla əlaqədar qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşmışıq və bu fikrin bura salınması insanların sağlamlığı və onların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Bu tədbirlər hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın, zəruri hallarda isə bu ərazilərdən toplantı iştirakçısı üçün təhlükəli məsafə daxilində olan yerlərdə qadağan edilə bilər. Siyasi məzmunlu toplantıların ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlıqlarda keçirilməsi məhdudlaşdırıla bilər. Bu o demək deyil ki, biz bunu məhdudlaşdırırıq. Bu o deməkdir ki, ibadətgahlarda və qəbiristanlıqlarda keçirilən hər hansı bir dinc toplantı qeyri-dinc toplantı formasına keçirilərsə, bu fəaliyyət məhdudlaşdırıla bilər.
Digər vacib bir məsələ 9-cu maddənin VI hissəsi ilə əlaqədardır. Burada yazılıb: “Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı xüsusi yerlər ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunan yerlərin siyahısı yerli mətbuatda dərc edilib və başqa üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və nümayiş üçün təklif olunan yerlərin birini seçə bilərlər. Müvafiq icra hakimiyyəti orqanları yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunmuş yerlərin siyahısını müraciətlər əsasında dəyişdirə bilər”. Hesab edirəm ki, bu da kifayət qədər genişləndirilmiş bir fikirdir. Konkret yer və onların siyahısı təklif olunur və burada heç bir məhdudiyyət yoxdur.
Bir cəhəti qeyd etmək istəyirəm. Bu qanun nə müxalifət, nə də iqtidar üçün yazılmır. Bu, Azərbaycan vətəndaşlarının öz hüquqlarını təsbit etməsi üçün yazılıb və sabaha ünvanlanmış bir qanundur. Burada hər hansı bir nöqsan axtarmaq, zənnimcə, düz deyil. 10-cu maddə “Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması”dır. Burada göstərilir ki, toplantı haqqında müvafiq icra hakimiyyətinin qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə ən azı üç gün qalmış yazılı şəkildə çatdırılmalıdır. Hesab edirəm ki, məsələni tənzimləmək üçün üç gün kifayət qədər böyük bir vaxtdır.
11-ci maddə “Şikayət hüququ” adlanır. Burada yazılır ki, bu qanunun 7, 9-cu maddələrində nəzərdə tutulmuş qərarlardan şikayət verilə bilər. Şikayətə məhkəmə tərəfindən 2 gün müddətində baxılmalıdır.
12-ci maddədə edilmiş dəyişikliklər kifayət qədər vacibdir. Dinc toplantı təşkilatçılarının hüquq və vəzifələri dəqiq müəyyən olunmalıdır. Təşkilatçı bilməlidir ki, onun keçirdiyi toplantı son nəticədə nə ilə yekunlaşa bilər. Burada qeyd olunub ki, o, söz azadlığından istifadə edərək öz fikrini, öz münasibətini normal, sivil qaydada ifadə etməlidir. Azərbaycan xalqının hələ də yadındadır ki, müəyyən toplantılarda taxta və dəmir parçalarından, dəyənəklərdən, bədənə xəsarət yetirmək üçün düzəldilmiş xüsusi əşyalardan və sairdən istifadə olunmuşdur. Çox da uzaq olmayan keçmişdə baş vermiş həmin hadisələr bu gün də təəssüratlarda yaşayır. Amma çox istərdim ki, məhz toplantı iştirakçıları öz hüquq və vəzifələrini gözəl anlasınlar, təsəvvürlərində yığıncaq, piket, nümayiş fikri yaranarkən küçə daşlarını sökən, şüşələri qıran, maşınların üzərində atılıb-düşən insan obrazlarından uzaqlaşsınlar. Bu gün biz hər hansı bir toplantını çox sivil şəkildə keçirməyə qadir olan insanlar olduğumuzu sübut etməliyik. Bunu həm toplantı iştirakçıları, həm də toplantını təşkil edən insanlar çox gözəl anlamalıdırlar.
Bu maddənin V hissəsinə edilən digər vacib bir əlavəni də nəzərinizə çatdırıram: “Dinc toplantı qeyri-dinc toplantıya çevrildiyi halda hüquq pozuntusu törətməyən toplantı iştirakçısı, habelə toplantının dinc olmadığından qabaqcadan xəbərdar olmamış toplantı iştirakçısı yalnız həmin toplantıda iştirak etdiyinə görə məsuliyyətə cəlb edilə bilməz”. Bu çox vacib məsələdir. Hər hansı bir toplantıya təsadüfən gəlmiş bir insan nəticədə dağıdıcı meyillərin iştirakçısı kimi həbs oluna bilərdi. Bu, kifayət qədər vacib bir məqamdır.
Polis orqanlarının səlahiyyətləri ilə əlaqədar bir neçə kəlmə demək istəyirəm. Mən çox istərdim ki, bu gün bizim asayişimizi qoruyan polis orqanlarına, gecəsi-gündüzü olmayan və hər birimizin ən çətin məqamlarımızda üzümüzü çevirdiyimiz o insanların fəaliyyətinə Azərbaycan Respublikasının Milli Məclisində obyektiv, düzgün qiymət verək. Polis Azərbaycan oğludur, polis Azərbaycan xalqının sabahı üçün çalışan, sağlamlığımızı, təhlükəsizliyimizi, əmin-amanlığımızı, asayişimizi qoruyan insandır. Məhz belə təhlükəli məqamlarda – dinc toplantının qeyri-dinc toplantıya çevrildiyi hallarda polis ona verilmiş səlahiyyətlər çərçivəsində öz vəzifəsini yerinə yetirir. Sözsüz ki, polisin burada fəaliyyəti adekvat olmalıdır. Yəni bu bir mütənasiblik prinsipidir. Mütənasiblik prinsipi insan haqlarının ali prinsipidir və sözsüz ki, əgər toplantı iştirakçıları 7-ci maddənin müddəalarını pozurlarsa, polisin borcu və vəzifəsi əmin-amanlığı təmin etməkdir.
Maddə 16-da qeyd olunur ki, toplantı keçirilməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirən polis əməkdaşlarının məsuliyyəti “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 1998-ci ildə qəbul edilmiş qanunda bu bənd yox idi. Ona görə yox idi ki, “Polis haqqında” Qanun 1999-cu ildə qəbul edilmişdi və həmin səlahiyyətlər və vəzifələr bura düşə bilməzdi. Bu gün isə o qanun var. Qanundakı müddəaları rəhbər tutan polis öz məsuliyyətini gözəl dərk edir və vəzifəsini ləyaqətlə yerinə yetirir. Hesab edirəm ki, hər birimizin bu vəzifələri anlaması, dərk etməsi sivil və demokratik bir cəmiyyətin formalaşmasına gətirib çıxaracaqdır. Biz, adətən, Konstitusiyamızın üçdə birini təşkil edən insan hüquqlarından danışarkən bunun üzərində çox dayanırıq. Amma yaddan çıxarmayaq ki, hüquqlarımızla yanaşı, bizim dövlət, xalq, millət qarşısında vəzifələrimiz və borclarımız da var. Toplantıya hazırlaşan, toplantı keçirmək istəyən insanlar ilk növbədə Azərbaycan xalqının milli maraqlarını, dünyadakı nüfuzunu, imicini nəzərə almalıdırlar. Hər birimiz öz səylərimizi bir ali məqsədə səfərbər etməliyik: demokratik cəmiyyətin bərqərar olmasına və hüquqi dövlətin güclənməsinə. Mən həmkarlarımı bu əlavə və dəyişikliklərə səs verməyə çağırıram və hesab edirəm ki, burada elə bir mübahisəli fikir yoxdur. Bu qanun layihəsinə səs verməklə biz bir daha demokratik prinsiplərə sadiqliyimizi nümayiş etdirəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım. Rəbiyyət xanım qanun layihəsini maddə-maddə təqdim etdi. Ona görə Əli müəllim, mən Sizə söz verməyəcəyəm. Çıxışa yazılmısınız, müzakirədə iştirak edərsiniz. Vaxtımız azdır, 27 nəfər çıxışa yazılıb. Etiraz edən yoxdursa, çıxışları 5 dəqiqə edək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə. Hörmətli millət vəkilləri, qanun layihəsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi kimi təqdim olunub. Amma belə çıxır ki, bu, dəyişiklik yox, tamamilə təzədən işlənmiş bir qanun kimidir. Venesiya Komissiyası ilə də bunun üzərində uzun müddət işlənilib. Biz bu qanunu Milli Məclisin daimi komissiyalarında da dəfələrlə müzakirə etmişik. Ona görə mən də təklif edirəm ki, çıxışlar 5 dəqiqə olsun. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu, 5 dəqiqəyə keçirik. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən birinci növbədə qeyd etmək istəyirəm ki, bu qanunların hər birinə beynəlxalq qurumlar tərəfindən rəylər verilib. Ötən dəfə komissiyalarda da səsləndirildi, güman etmirəm ki, bu rəylər əlavə təftiş predmetinə çevrilməlidir. Çünki açıq şəkildə müşahidə olunur ki, müxalif medialar bu partiyaların içərisində olan ölgünlüyü, ruhsuzluğu aradan qaldırmaq üçün təhrif olunmuş ayrı-ayrı informasiyalar meydana çıxarıblar. Bu vasitə ilə hər hansı bir fəallıq əldə etmək üçün müəyyən addımlar atmaq istəyirlər.
Mən bu mənada ikinci məsələni vurğulamaq istəyirəm. Biz, ümumiyyətlə, bu qanun layihələrində seçdiyimiz əsas prinsipi müəyyənləşdirməliyik. Prinsip nədən ibarətdir? Prinsip, sadəcə, Avropa məkanının və ya Avropa dəyərlərinin Azərbaycanda bərqərar olmasıdır, yoxsa nə? Mənim anlamımda, əslində, sərbəst toplaşmaq azadlığı insan hüquq və azadlıqlarının ən mühümlərindən biridir. Heç şübhəsiz ki, bura əks mövqelərin, alternativ fikirlərin söyləndiyi bir yerdir. Amma Azərbaycanda bu, sərbəst mövqelərin, alternativ düşüncələrin reallaşmasından daha çox ekstremizmin, avantüraların və sairin reallaşması yerinə çevrilir. Belə olan təqdirdə biz, şübhəsiz ki, belə siyasi əhvali-ruhiyyələri nəzərə almalıyıq. Məsələn, İsveçin hər hansı bir bu cür qanunu biz Azərbaycanda tətbiq etmək istəsək, onda gərək paralel şəkildə ekstremizmin cilovlanması və sair kimi belə bir qanunu da qəbul edək ki, bununla Azərbaycanın keçmiş praktikasında özünü göstərmiş mənfi təzahürləri islah etmək mümkün olsun. Çünki Azərbaycanda müxalifətin sovetlərə qarşı mübarizə metodları nə idisə, öz arsenalını bu gün də elə saxlayıb və bu gün də bu cür davam etməkdədirlər. Mən hesab edirəm ki, əslində, bir para qüvvələr üçün mitinq, sadəcə, həyat tərzidir.
Nəhayət, çıxışların 5 dəqiqəyə endirilməsini nəzərə alaraq mən birbaşa digər məsələlərə keçmək istəyirəm. Ötən dəfə mən komissiyada Pənah bəy bu layihəni məhdudiyyətli sənəd adlandıranda davakar əhvali-ruhiyyəni bir az yumşaltmaq üçün yumor hissi ilə söyləmişdim ki, yox, elə deyil, çox irəliləyişlər var. Elə öncə siz, məsələn, 500 metr, sonra 300 metr məsafədə aksiyalar keçirirdiniz, indi isə artıq 200 metr radiusda keçirəcəksiniz. Yəni hər bir dönəmdə bir 100 metr irəliləmək imkanları var. Pənah bəy həddindən artıq hiddətlənmişdi və onda demişdi ki, biz daha yüz metr də gələcəyik və sonra bilirsiniz nə olacaq?! Əslində, bu mövqe tamamilə bizim xeyrimizədir ki, biz bunların tribunadan dinc məqsədlər üçün istifadə etmədiklərini göstərək və deyək ki, görün, bunlar meydanda özlərini necə aparırlar?
Birbaşa ayrı-ayrı bəndlər üzrə fikirlərimi söyləmək istəyirəm. Media toylar və yas mərasimləri ilə bağlı müddəanı tamamilə təhrif edərək belə bir nəticə çıxarır ki, guya hakimiyyət bu cür tədbirlərdə siyasi azadlıqları və siyasi müzakirələri qadağan edəcək. Tamamilə yanlışdır, bu müddəadan həmin nəticə çıxmır. Sadəcə, açıq şəkildə qeyd olunur ki, kimsə kiminsə dəfn mərasimini bu cür aksiyalara çevirmək və küçə yürüşünə döndərmək istəyərsə, bu da qadağan olunmur. Sadəcə, deyilir ki, bu qanunun müddəaları işə düşəcək və bu razılaşdırılmalıdır. Deməli, növbəti məsələ burada dini fanatizm üçün yol verilə biləcək müddəadır. Mən açıq şəkildə bunun əleyhinəyəm. Ziyarətgahlarda və ibadətgahlarda aksiyaların keçirilə bilməsi hüququ tanınır. Yəni burada “verilə bilər” şəkildə müddəa var. Mən onu birmənalı şəkildə qəbul etmirəm. Əlbəttə, Azərbaycanda normal bir dini mühit var, amma bundan müxtəlif sui-istifadələr ola bilər.
6-cı maddədə məsuliyyət məsələsi qoyulub. Cənab Sədr, keçmişdə görmüşük, hətta 16 oktyabrda müxtəlif aksiyalar təyin edənlər sonra tribunaya ayrı adamları qaldırdılar və onların məsuliyyətini də ayrı adamlar daşıdı. Ona görə də burada mitinqin, aksiyaların təşkilatçılarının bilavasitə iştirakı məsələsi düzgün olaraq qoyulur. Burada deyildi ki, guya polisə əlavə səlahiyyətlər verilir. Qətiyyən belə deyil. Yazılıb ki, hadisənin...
Sədrlik edən. Pənah bəy, Sizə söz çatsa, tamamlayarsınız. Görək çatacaqmı? Qoyun, çıxışını etsin. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, komissiya sədri hörmətli Rəbiyyət xanım bu qanuna edilən əlavə və dəyişikliklər barədə geniş məlumat verdi. Ona görə də bir sıra məsələlərə toxunmaq zəruriyyəti artıq qalmadı. Amma mən istərdim, bəzi məsələlər barədə öz fikrimi deyim. Birinci, çox təqdirəlayiq haldır ki, Konstitusiyamızın 49-cu maddəsində vətəndaşlarımızın sərbəst toplaşmaq azadlığı təsbit olunub və eyni zamanda, 1998-ci ildə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun qəbul edilib. Keçən 10 il müddətində Avropa məkanında, beynəlxalq aləmdə baş verən dəyişikliklər, Azərbaycanımızın demokratik yönlü tərəqqisi, seçkilər və insan haqlarının müdafiəsi istiqamətindəki irəliləyişlər göstərir ki, bu qanuna edilən əlavə və dəyişikliklər olduqca vacibdir.
Burada çox haqlı qeyd olundu ki, Avropanın hüquq məkanına inteqrasiya qanuna əlavə və dəyişikliklər edilməsi zərurətini yaradıb. Venesiya Komissiyası ilə aparılan razılaşmalar bir daha göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim olunan bu qanun layihəsi tamamilə zəruridir və bu, ölkəmizdəki demokratik yönümlü irəliləyişlərin təzahürüdür. Xüsusilə “qadağan” anlayışının “dayandıra bilər” anlayışı ilə əvəz edilməsi, “xəbərdarlıqla” əlaqədar verilən dəqiqləşmələr, ayrı-seçkiliyə yol verilməməsi, 18 yaşı tamam olmayan uşaqların belə toplantılarda iştirakı zamanı ailənin rəsmi razılığının olması, əcnəbilərlə əlaqədar müddəalar, toplantının təşkilatçılarının mütləq toplantıda iştirak etməsi məsələləri ilə bağlı müddəalar təqdirəlayiqdir.
Sonra, burada toplantının keçirilməsi ərəfəsindəki müddətin tənzimlənməsi göstərilir. Bu bir həqiqətdir ki, ölkə miqyasında elə tədbir olur ki, onun keçirilməsinə 3–5 ay vaxt lazım gəlir. Elə tədbir də var ki, ona 10 gün vaxt lazım olur. Komissiya sədri bunun ərəfə kimi normalaşdırılmasının qeyri-mümkünlüyünü göstərdi. Mən də hesab edirəm ki, bu, məqsədəuyğundur. Bu məsələləri nəzərə alaraq biz də qərar qəbul etdik ki, çıxışlar 5 dəqiqə olsun. Hörmətli Sədr, mən hesab edirəm ki, zamanımızda və həyatımızda baş verən dəyişikliklərlə əlaqədar təqdim olunan qanun layihəsinin qəbul edilməsi olduqca zəruridir. Mən deputat həmkarlarımı bu əlavə və dəyişikliklərə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Xanhüseyn müəllim. O ərəfə məsələsini biz dilçilərlə bir də araşdırdıq. 3, 5, 7 gün, yəni qısa bir müddət nəzərdə tutulur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz 5 ay dediniz, mən ona görə dedim. Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Komissiyanın birgə iclasında biz öz fikirlərimizi səsləndirmişdik. Sadəcə, bizim təkliflərimizin heç biri nəzərdə tutulmadığına görə, mən vacib saydığım bəzi məsələləri diqqətinizə çatdırmaq istəyirəm. Çox hörmətli Rəbiyyət xanım qanun layihəsi ilə bağlı ətraflı məlumat verdi. Qanunda, həqiqətən, mütərəqqi sayıla biləcək bir sıra dəyişikliklər var. Amma qanunun demokratikliyinə şübhə və xələl gətirə biləcək müddəalar da var. Bunlar hansılardır? Birinci növbədə başqa ölkələrin konstitusiyalarından fərqli olaraq Azərbaycan Respublikasının Konstitusiyasında sərbəst toplaşmaq azadlığına məhdudiyyət qoyulmadığına görə, bu kimi qanunlar üzərində ona görə israr edilir ki, hər hansı bir qanun Konstitusiyanı məhdudlaşdırmağa yönəlir. Yəni bizim Konstitusiyada məhdudiyyət nəzərdə tutulmur. Sadəcə, öncədən müvafiq icra orqanını xəbərdar etməklə sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi nəzərdə tutulur. Başqa ölkələrin konstitusiyalarında isə birbaşa məhdudiyyətlər nəzərdə tutulduğuna görə, qanuna belə müddəalar salanda ona haqq qazandırmaq olur. Ona görə də bizdə bu mübahisələr daha aktualdır.
Birinci növbədə mən istəyirəm ki, maddələr üzrə münasibətimi bildirəm. Biz qeyd etmişdik ki, toplantı təşkilatçılarının hər birinin toplantıda şəxsən iştirak etməsi məsələsi mübahisəli məsələdir. Fors-major halında, yaxud da kiminsə fəaliyyəti qanunsuz məhdudlaşdırıldığı halda bu toplantının onun nümayəndələri tərəfindən keçirilməsinə imkan tanınmalıdır, çünki təşkilatçıların bu və ya digər səbəbdən orada iştirak edə bilməməsi o toplantıya gələnlərin günahı deyil. Bu hallar mütləq demokratiya naminə nəzərə alınmalıdır.
İkinci, mən “ərəfəsində” məsələsinə toxunmaq istəyirəm. Əgər hansısa dilçilər iddia edirlərsə ki, bu 1-2 gündür, bu, məsələnin doğru izahı deyil. Məncə, burada dəqiq vaxt göstərilməlidir: beynəlxalq tədbirdən 24 saat öncə. Yaxud da dünyada belə halla da rastlaşmaq olur ki, beynəlxalq tədbir ərəfəsində bir yerdə beynəlxalq güləş yarışı, ya da beynəlxalq konfrans keçirilir, başqa bir yerdə isə mitinq keçirilir. Hesab edirəm ki, bunun qanunda birbaşa belə göstərilməsi yenə də qanunun demokratikliyinə xələl gətirir.
Üçüncü, ziyarətgahlar, ibadətgahlarla bağlı deyilənlərlə mən də razıyam. Amma qəbiristanlıqda bunun nəzərdə tutulması ona görə vacibdir ki, Avropa Məhkəməsinin bir sıra qərarları var. Vaxt az olduğuna görə mən onlara toxunmaq istəmirəm. Amma siyasi və başqa motivli tədbirlərin orada keçirilməsinə imkan tanınmalıdır.
Sonra, ən mühüm məsələ 9-cu maddədədir. Burada sadalanır ki, hansı yerlərdə toplantı keçirilə bilməz və yaxud hansı məsafədə keçirilə bilər. Bunlar sadalanandan sonra, həmin maddənin VI bəndində göstərilir ki, müvafiq icra orqanı yerlər ayırır. Anlaşılmır. Əgər qanunda bu məhdudiyyət nəzərdə tutulmursa və toplantı keçirmək qadağan olunan yerlər dəqiq göstərilirsə, Bakı Şəhər İcra Hakimiyyətinin əlavə yerlər müəyyən eləməsinə nə ehtiyac var? Qanunun bu müddəası qalacaqsa, bu, köhnə qanundan daha mürtəce xarakter daşıyacaq. Köhnə qanunda şəhər, rayon, şəhərlərdə rayon yazılmışdı. Burada “şəhərlərdə rayon” ifadəsi çıxarılıb. Əvvəllər bütün şəhərlərdə, rayonlarda bir yer ayrılırdı və bu da tədbirlərin keçirilməsinə imkan verəcək bir mahiyyət daşıyırdı. Ona görə də bu müddəa olduqca vacibdir. Biz bu maddədən VI bəndi çıxarmalıyıq. Çünki VI bənd o biri bəndlərə ziddir. Orada birbaşa göstərilir ki, hansı məsafədə və hansı yerlərdə keçirilməsi mümkündür. Komissiyada müzakirə zamanı da hörmətli Lətif müəllimə bu sual verildi. O bildirdi ki, əlavə təminatlar üçün yer nəzərdə tutulur. Amma əlavə təminata nə ehtiyac var? Elə birbaşa daha demokratik olsun deyə, siz qadağan olunan yerdən əlavə istənilən yerdə keçirilməsinə qabaqcadan xəbərdarlıq etməklə icazə verilməsinin mümkünlüyünü qəbul edəsiniz. Vaxt az olduğuna görə mən başqa detallara toxunmuram. Əgər bu dəyişikliklər olarsa, qanun kifayət qədər mükəmməl və demokratik ola bilər. Ona görə də xahiş edərdim ki, bu iradlar nəzərə alınsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də deputat həmkarlarımı bu qanun layihəsinə edilən əlavə və dəyişikliklərə səs verməyə çağırıram. Uzun müddətdir ki, ictimaiyyətdə bunun müzakirəsi gedir. Hesab edirəm ki, heç müzakirəyə də ehtiyac yoxdur, çünki o dövrlər keçib-gedib. Ola bilsin, vaxtilə buna xüsusi fikir verilirdi. İndi artıq elə alternativ sahələr yaranıb ki, ondan daha çox istifadə etməklə əhalinin daha çox hissəsi ilə təbliğat, təşviqat və fikir mübadiləsi apara bilərsən, nəinki mitinq, küçə yürüşü və yaxud da piketlər keçirməklə. Bu əlavə və dəyişikliklər də bir daha Azərbaycan iqtidarının, Azərbaycan hökumətinin, dövlətinin, xalqının və millətinin demokratiyaya sadiqliyinin bariz bir nümunəsidir.
Məndən əvvəl çıxış edən həmkarlarımın bir sıra fikirləri ilə razıyam, amma bir neçə məsələyə öz münasibətimi bildirmək istəyirəm. Hörmətli Fazil müəllim Konstitusiyadakı göstərişlə əlaqədar danışdı. Təbii ki, Konstitusiyada bütün müddəalar ümumi qaydada bildirilir və onlar xüsusi qanunlarla tənzimlənir. Konstitusiyada o qədər hüquqlar göstərilir ki, onları birbaşa həyata keçirmək mümkün deyil. Tutaq ki, Konstitusiyada ailə qurmaq hüququ göstərilir. Get, yoldan keçən kiminsə qolundan yapış ki, mən gedirəm ailə qurmağa? Bunu qanunla tənzimləmək mexanizmi mövcuddur. Yaxud da götürək təhsil almaq hüququnu. Gir bir instituta və de ki, mənim Konstitusiyada təhsil hüququm var və mən gəlmişəm burada təhsil almağa. Belə şey olar? Bu başqa-başqa normalarla nizamlanmalıdır.
İkinci, mən bəzi məsələlərə öz təkliflərimi vermək istəyirəm. Əcnəbilərlə bağlı müddəa xeyli mübahisə doğurur. Biz ən əsas hüquq olan seçmək və seçilmək hüququnda əcnəbilərə xüsusi güzəşt vermişik. Əgər xatirinizdədirsə, Seçki Məcəlləsində göstərilir ki, bələdiyyənin ərazisində 5 il müddətində yaşayan vətəndaşlığı olmayan şəxs bələdiyyə üzvü seçilə bilər, 5 il yaşamış xarici vətəndaş isə səsvermə hüququna malikdir. Belə olan halda biz sərbəst toplaşmaqda buna bu hüququ niyə verməyək? Ora insanların nəyəsə şirnikləndirilməsinə dair bir maddə də əlavə olunmalıdır. Məsələn, Seçki Məcəlləsində seçicini pulla ələ almaq və sairə qadağa qoyulsa da, biz dəfələrlə şahidi olmuşuq ki, adamları mitinqlərə cəlb etmək üçün yolun ortasında pul paylayırlar. Bu və ya digər formada onları bu yollarla mitinqlərə cəlb edirlər. Bunun qarşısını almaq üçün ora bir müddəa əlavə olunmalıdır.
Üçüncü, mitinq təşkilatçılarından sağlamlıq haqqında bir arayış da tələb olunmalıdır. Biz dəfələrlə şahidi olmuşuq ki, mitinq keçirənlər asayişi pozduqlarına görə məsuliyyətə cəlb ediləndə məlum olur ki, 22 cür xəstəliyi varmış. Ona görə də onlar həmin orqana arayışı təqdim etsinlər. Adi bir misal. Əli Kərimovun qarşısına düşüb gedəndə Səid Nuriyev sağ-salamat idi. Sonra cinayət məsuliyyətinə cəlb olunanda məlum oldu ki, onda qan azlığı var, filan-filan xəstəlikləri var. Bu xəstədirsə, niyə onu mitinqə gətirirdiniz? Sağlamdırsa, niyə Avropa Şurasına və başqa təşkilatlara bəyanatlar, sağlamlığı haqqında sənədlər göndərirsiniz? Bunu da qanun layihəsinə salmaq lazımdır.
Başqa bir məsələ 18 yaşına çatmayanlarla bağlıdır. Düzdür, Avropa Konvensiyasında var ki, getsin, məhkəmədən, valideyndən kağız gətirsin. Mən hesab edirəm ki, biz qanunun ruhunu pozmamaq şərti ilə o maddəni də oradan çıxara bilərik. Ümumi götürdükdə qanun layihəsi çox vacib və aktualdır. Bu qanunun əsas məğzi ondan ibarətdir ki, həm insanların hüquqları pozulmasın, həm də onlar öz hüquqlarından istifadə etsinlər. Kimsə ticarət mərkəzində toplantı, mitinq keçirmək istəyirsə, başa düşsün ki, bu, mümkün deyil. Belə olanda oradakıların da hüquqları pozulur. Müvafiq yerlərdə toplantını keçirə bilərlər. Ona görə də qanunda bu toplantıların keçirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilir. Ümumilikdə hesab edirəm ki, bu qanun layihəsinin geniş müzakirəsinə ehtiyac yoxdur. Deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hər iki komissiyanın birgə yığıncağının qərarı ilə təqdim edilmiş qanun layihəsi barədə fikirlərimi geniş şəkildə ifadə etmişəm. İndi də bəzi müddəalara dair konkret fikrimi bir daha diqqətinizə çatdırmaq istəyirəm. Qanun layihəsinin ən mühüm cəhətlərindən biri onun hüquqi statusunun həm də beynəlxalq müqavilə ilə təsbit olunmasıdır və bu, xüsusi bir əlavə kimi sənəddə öz əksini tapıbdır.
İkinci, kütləvi informasiya vasitələrində və eyni zamanda, komissiyanın yığıncağında çıxış edən ayrı-ayrı müxalifətdə dayanan həmkarlarımızın fikirlərinə rəğmən demək istərdim ki, qanun layihəsi insanların, vətəndaşların sərbəst toplaşmalarını məhdudlaşdırmır, ona hər hansı bir yasaq qoymur. Əksinə, insanların bu hüququ daha dəqiq şəkildə müəyyənləşdirilib.
Layihədə 14 dəyişiklik var və bu dəyişikliklərin hər biri, şübhəsiz ki, qanunun təkmilləşməsinə və Avropa standartlarına uyğunlaşdırılmasına xidmət edir. Təsadüfi deyildir ki, hörmətli Rəbiyyət xanımın da söylədiyi kimi, Venesiya Komissiyasında bununla bağlı müsbət rəy mövcuddur. Bununla bərabər, mən qanun layihəsinin iki müddəası üzərində daha ətraflı dayanmaq istəyirəm. Birinci, ziyarətgahlarda, qəbiristanlıqlarda və ibadətgahlarda mitinqlərin keçirilməsinin qadağan edilməsi, düşünürəm ki, yerində olan əlavədir və buna icazə verilməməsi daha dəqiq qoyulmalıdır, çünki bu, xoşagəlməz tendensiyaların yaranmasına gətirib çıxara bilər. Söylənildiyi kimi, dəfn mərasimlərində qoyulmuş qadağanın özündə də bir məntiq var. Söhbət dəfn mərasiminin keçirildiyi gündən yox, onun sonrakı anlarından gedir. Nəzərdə tutulur ki, sonrakı vaxtlarda istər toy, istərsə də dəfn mərasimlərində camaat xeyir və şəri ilə məşğul olduğu halda kim isə tribunanı əlinə keçirib oranı mitinq meydanına çevirməsin. Bu, əslində, düzgün yanaşmadır və mənə elə gəlir ki, hər kəs belə də qəbul etməlidir.
6-cı maddənin üçüncü hissəsi ilə bağlı iki dəyişikliyi mən komissiyada da söylədim, burada da diqqətinizə çatdırmaq istəyirəm. Bu, əcnəbilər və vətəndaşlığı olmayanlara Azərbaycanda siyasi aksiyalar keçirməklə bağlı verilmiş hüquqlara dair məsələdir.
Hörmətli həmkarlarım, məndən öncə çıxış edən Siyavuş müəllim də buna aid arqumentləşmiş şəkildə başqa fikir söylədi. Əslində, buna ehtiyac yoxdur. Deyək ki, elə bir situasiya yaranır ki, Azərbaycan işğal olunmuş torpaqlarını hərbi yolla yox, döyüş yolu ilə azad etmək zorunda qalır və müharibəyə əl atır. Azərbaycanda da, bilirsiniz ki, ayrı-ayrı dini sektalar gizli, qapalı şəkildə fəaliyyət göstərirlər. Onlar səhər mitinqlərə çıxacaq, müharibəyə qarşı yürüşlər, nümayişlər keçirəcək və ya başqa formada nə isə edəcəklər. Ona görə də mən bu maddənin çıxarılmasının tərəfdarı deyiləm. Eyni zamanda, 6-cı maddədə 18 yaşına çatmamış uşaqların, yeniyetmələrin valideynlərinin icazəsi ilə mitinqlər təşkil etməsi məsələsi də, məncə, buradan çıxarılmalıdır, çünki ola bilər ki, iştirak etsin, lakin qanunda bunun “təşkilatçısı ola bilməzlər” kimi təsbitinə ehtiyac yoxdur. Komissiyanın yığıncağında da bununla bağlı Finlandiyanın təcrübəsini misal çəkdilər, dedilər ki, bu, orada yoxdur. Bir sözlə, tənqidi qeydlərimə baxmayaraq, mən qanunun təkmilləşməsinə xidmət edən dəyişiklik və əlavələri qəbul edirəm və buna səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Mən də qanun layihəsini diqqətlə təhlil etdim və qüvvədə olan qanuna nisbətən burada insanların toplaşaraq öz fikirlərini sərbəst ifadə etməsini asanlaşdıran heç bir maddəyə rast gəlmədim.
Qüvvədə olan qanunun sərbəst toplaşmaq haqqında bütün məhdudlaşdırıcı maddələri olduğu kimi burada saxlanılmışdır. Mahiyyət dəyişikliyi əvəzinə kosmetik dəyişikliklər edilmişdir. Hətta layihədə qanunun ayrı-ayrı maddələrinə məhdudlaşdırıcı tədbirlər də əlavə edilmişdir. Tutaq ki, qanunun 6-cı maddəsinin 5-ci bəndi nümayəndələrin iştirakı ilə toplantıların keçirilməsini mümkün hesab edirdisə, artıq yeni layihədə bu imkanlar aradan qaldırılmışdır. Yəni nümayəndələrin iştirakına baxmayaraq, təşkilatçıların heç biri iştirak etmədikdə toplantı qadağan edilir. Toplantını qadağan etmək üçün məhz bu maddənin hansı imkanlar yaratdığı, hesab edirəm ki, bizim hamımıza bəllidir.
7-ci maddənin birinci bəndi “zəruri hallarda” söz birləşməsi adı altında icra hakimiyyətinə toplaşmaq azadlığını istənilən vaxtda pozmaq üçün kifayət qədər imkanlar yaradır. Hesab edirəm ki, bu maddənin birinci bəndinin axırıncı hissəsindəki “sərbəst toplaşmaq hüququ digər insanların hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər” cümləsinə də aydınlıq gətirilməlidir. Vətəndaşların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq üçün Azərbaycan praktikasında məhz bu bənddən indiyə qədər çox istifadə edilmişdir. Fikrimcə, nə qədər ki “sərbəst toplaşmaq azadlığının tətbiqi ilə bağlı məsələlərdə digər şəxslərin hüquq və azadlıqlarının qorunması” anlayışı konkretləşdirilməyib, bu bənddən istifadə edilərək yenidən toplantılar qadağan ediləcəkdir. Həmin maddənin 40-cı bəndində isə “müxtəlif formalarda” söz birləşməsi adı altında nə gizlənir şəxsən mənim üçün aydın deyildir. Şübhə etmirəm ki, qeyri-müəyyənliyin burada saxlanılması icra orqanları tərəfindən indi ağla gəlməyən müxtəlif məhdudlaşdırıcı tədbirlərin icad edilməsi ilə nəticələnəcəkdir.
Mən də 8-ci maddənin 4-cü bəndinə toxunmaq istəyirəm. Bu bənddə beynəlxalq tədbirlərin keçirilməsi dövründə və ərəfəsində toplantıların keçirilməsinin yasaqlanması haqqında maddə vardır. Bu maddə heç bir məntiqə sığmır. Söhbət hansı tədbirlərdən gedir və tədbirlər zamanı dinc toplantıların yasaqlanması nəyə görə lazımdır, bunun səbəbləri göstərilmir. Əgər səbəblər göstərilmirsə, nədən bu dinc toplantılar keçirilməməlidir?
“Ərəfə” sözünə münasibət bildirmək istəyirəm və mən də digər həmkarlarım kimi o sözün dəqiqləşdirilməsinin tərəfdarıyam. Şübhə etmirəm ki, bu sözün, qeyri-müəyyənliyin saxlanması gələcəkdə icra hakimiyyətlərinə bu sözə arxalanaraq istənilən vaxt dinc toplantını qadağan etmək imkanı verəcəkdir. Hesab edirəm ki, insanların toplaşıb öz fikirlərini sərbəst ifadə etmələri üçün bu gün bizim müzakirəmizə verilən layihə sərbəst toplaşmaq hüququnda iki fundamental məsələni – bu toplantının keçirilməsinin icra hakimiyyətlərinin qanunsuz müdaxiləsi nəticəsində yasaqlanmasının qarşısının alınmasını, toplantı keçirən insanlara, yaxud da siyasi təşkilatlara meydançalar verilməsi sahəsindəki faktiki qadağaların aradan qaldırılmasını həll etmir.
Məlumdur ki, 1998-ci ildə qəbul edilən və bu gün də qüvvədə olan qanun ancaq xəbərdarlıq etməklə insanların sərbəst toplaşmaq azadlığını təmin edirdi. İndi elə həmin qanuna elə müxtəlif prosedurlar əlavə edilmişdir ki, əslində, insanlar icazə almaq məcburiyyəti ilə qarşılaşıblar. 2003-cü ildən bəri məhz bu maddədən istifadə edilərək insanların sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılmışdır.
Çox təəssüflər olsun ki, bu maddə olduğu kimi yeni layihədə də öz əksini tapır. Eyni sözləri biz insanlar üçün meydançaların ayrılması məsələsinə də aid edə bilərik. Mövcud qanunda bu meydançaların icra hakimiyyətlərinə ayrılması və mətbuatda bu haqda məlumatın verilməsi barədə müvafiq bənd var idi, lakin qanunun qəbul olunmasından keçən 10 il müddətində həmin məsələ icra edilməmişdir. Yəni nə yerlər ayrılmış, nə də bu haqda mətbuatda məlumat dərc edilmişdir. Kim təminat verə bilər ki, 10 il müddətində işləməyən bu maddə olduğu kimi yeni layihədə saxlandıqdan sonra işləməyə başlayacaqdır? Nədən yeni layihədə bu maddənin işləməsi üçün heç bir təminat nəzərdə tutulmamışdır?
Mən çıxışımın sonunda bildirmək istəyirəm ki, sərbəst toplaşmaq hüquqlarının həyata keçirilməsi sahəsində Konstitusiyanın 49-cu maddəsi ilə verilən hüquqları təmin etməyən bu layihənin əleyhinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli İltizam müəllim, biz həmişə deyirdik ki, layihə Venesiya Komissiyası ilə bir yerdə işlənsin. İşləndi, Venesiya Komissiyasının layihəyə rəyi də bu şəkildə verilibdir. Bu çərçivədə qəbul olunarsa, qanun beynəlxalq standartlara cavab verə bilər, amma çıxışlardan görürəm ki, hətta ən inkişaf etmiş Avropa ölkəsinin qanununu da bura gətirsək, yenə də bizə mütərəqqi görünməyəcək. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Detallara girməyin əhəmiyyəti yoxdur. Burada kimi isə nə cür olursa-olsun inandırmaq mümkün deyil. Deputat həmkarlarım bir sıra məsələlərə toxundular, Rəbiyyət xanım layihəni geniş təqdim etdi, mətbuatda da bu dəyişikliklərlə bağlı ətraflı təhlil aparılıb.
Mən daha çox bu qanunun nəyə görə işləmədiyinin, yəni bu fundamental hüququn − sərbəst toplaşmaq azadlığı hüququnun son illərdə niyə gerçəkləşməsinin mümkün olmaması haqqında danışmaq istərdim. Mövcud qanunun bütün fəsilləri dəyişməlidir. Şübhəsiz ki, ona əlavələr də olmalıdır, amma məhz sərbəst toplaşmaq azadlığı, yəni istədiyi vaxtda, istədiyi formada bu hüquq təmin edilməlidir. Əlbəttə, onu tənzimləyici normalar fundamental hüququn təminatı istiqamətində dəyişilməli idi, onun məhdudlaşması istiqamətində yox. Mən bu dəyişiklikləri sərbəst toplaşmaq azadlığı hüququnun məhdudlaşdırılması kimi sayıram.
İki məqama diqqətinizi cəlb etmək istəyirəm. Birinci, indi hörmətli Sədr də bu məsələni qoydu, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların davamlı tələbləri var ki, siyasi həyatı tənzimləyən qanunların islahı aparılmalıdır. Tələblərdən biri də elə həmin bu qanuna aid idi və təklif olunan dəyişikliklər o təşkilatların israrlarına cavabdır. Amma məsələ ondadır ki, onların qeyri-prinsipiallığına adekvat cavab verilibdir.
İkinci, beynəlxalq təşkilatlar bir yana qalsın, siyasi fəaliyyətin məhdudlaşdırılması nə ilə nəticələnə bilər? Başqa ölkələrin təcrübəsi göstərir ki, toplaşmaq hüququnun məhdudlaşdırılması çox mənfi nəticələrə səbəb olur. İranın, başqa müsəlman ölkələrinin təcrübəsi var. Azərbaycan əhalisinin də əksəriyyəti müsəlmandır. Onların toplana biləcəyi yer məsciddir. Sərbəst toplaşmaq hüququnun pozulması son nəticədə məscidlərin qapısının narazı kütlələrin üzünə taybatay açılması deməkdir.
2004-cü ildə bir sosioloji sorğu keçirdik. Onun nəticələrinə görə, − inanın ki, çox obyektiv, mütəxəssislərin iştirakı ilə keçirdiyimiz bir sorğu idi, − Cənub bölgəsində rəyi soruşulanların 37 faizi “İran modelinə bənzər dini rejimin Azərbaycanda qurulmasına necə baxırsınız?” sualına müsbət cavab vermişdi. Uzağa, Cənuba getmək lazım deyil, Milli Məclisin yanında olan məscidə insanların toplaşma tempinə fikir verin. Görün, vəziyyət necə dəyişir. Bir sözlə, fundamental hüquqların, o cümlədən sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, məncə, təkpartiyalı sistemə doğru atılmış bir addımdır. Bundan sonra ikinci məsələni də müzakirə edəcəyik. Orada da məhz bu məhdudlaşdırıcı anların çoxluğunun şahidi oluruq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F. Muradov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, Azərbaycanda gedən islahatların başlıca istiqaməti qanunvericiliyin dəyişməsi ilə bağlıdır. Burada deyiləndə ki, biz qanunun detallarına getmirik, ümumi sözlər danışmaq istəyirik, bu mənə çox təəccüblü gəlir.
Qanun ona görə yazılır ki, detalları ilə ictimaiyyətə çatdırılsın, ictimaiyyət də buna öz fikrini bildirsin. Mənə elə gəlir ki, biz bu qanunla bağlı geniş müzakirələr aparmışıq. Hesab edirəm, gənclərimiz üçün vacibdir ki, bu qanunun ana prinsipi olan insan hüquqları Avropa Konvensiyasına uyğun həyata keçirilsin. Qanunda bunu görürük və istəyirik ki, ümumi sözlər danışaraq hansısa bir gəncin həyatını, gələcəyini təhlükə altında qoymayaq. Biz bunu məlum hadisələrdən sonra bir dəfə gördük və sonradan gənclərlə görüşəndə məlum oldu ki, onların çoxunun xəbəri yox imiş ki, məsələ nə yerdədir. Sadəcə olaraq, kiminsə sözünə uyaraq həmin yerə toplaşmışlar və onlar indiyə qədər özlərinə gələ bilmirlər.
Biz konkret olaraq bir neçə məsələ var ki, onlara getməliyik. Həmin detallar nədən ibarətdir? Burada deyilir ki, hansısa bir beynəlxalq təşkilatın tələbi və yaxud da tövsiyəsi nəzərə alınır, amma ondan əvvəl biz beynəlxalq hüquq normaları ilə bağlı qanunvericiliyi dəyişirik. Elə ölkələr var ki, onlar müəyyən konvensiyalara qoşulmayıblar, lakin beynəlxalq hüquq orqanlarından icazə alaraq qanunvericiliklərində dəyişikliklər edirlər. Biz bu yolla gedirik. Məqsəd də ondan ibarətdir ki, bu qanunvericilikdə gələcəkdə müəyyən problemlər yaranarsa, biz həmin beynəlxalq hüquq normalarından istifadə edək. Burada məsələni ona görə detallarla müzakirə edirik ki, həmin sahədəki işlərimizi gələcəkdə hansısa beynəlxalq təşkilata yox, beynəlxalq hüquq normalarına söykənərək həyata keçirək. Misal üçün, 7-ci maddənin birinci bəndi yeni redaksiyada verilib. Bu, tam olaraq insan hüquqlarına dair konvensiyaların müvafiq maddələrinə uyğunlaşdırılıb. Belə bir dəyişikliyin özü beynəlxalq hüquq normasının bərpa olunması demək deyilmi? Əgər o mexanizm mövcud qanunda yox idisə, bu gün təklif olunan layihədə var.
Burada “ərəfə” ilə bağlı müxtəlif fikirlər səsləndi. Bunun yolları çox asandır, sadəcə, internetdə fəaliyyət göstərmək və bu cavabı tapmaq olar. Fransa, İngiltərə qanunvericiliklərində belə sözlərdən istifadə olunur. Əsasən ona görə ki, tədbirdən, onun əhatə dairəsindən asılı olaraq hazırlıq mərhələsi dəyişilə bilər. Ona görə mən burada heç bir qeyri-adilik görə bilmirəm, bunun üçün xüsusi dilçi olmağa da ehtiyac yoxdur. Beynəlxalq hüquq normaları öz əksini tapıb. Əlavə yerlərin verilməsi və qadağanların qoyulması ilə bağlı ora baxsaq, görərik ki, həmin məsələlər burada var. Mənə elə gəlir ki, bu qanunun əsas özəlliyi ondan ibarətdir ki, harada sərbəst toplaşmaq və mitinq keçirmək olmaz burada göstərilir. Ondan əlavə də hüquq verilir ki, başqa yerlər ola bilər. Yəni göstərilən yerlərdən əlavə yerlər verilə bilər. Misal üçün, ola bilər ki, nəzərdə tutulan yerlərdə həmin vaxtda tikinti işləri gedir. Belə hallarda müvafiq icra orqanları tərəfindən əlavə yerlər verilir. Əslində, bu, qanunu daha da gücləndirir və imkan verir ki, toplantı keçirmək istəyənlər başqa yerlərdən istifadə edə bilsinlər.
Ümumilikdə, qanunun işləməsi onun detallarına vararaq yazılmasından ibarətdir. Bunda hansısa icra mexanizmi yoxdur demək tamamilə səhvdir, çünki qanuna uyğun olaraq hansı hərəkətləri görmək, hansı hərəkətləri görməmək lazımdır burada göstərilir. Necə ola bilər ki, dövlətin marağı olmasın, insanların hüquqlarının pozulmasına imkan verilsin? Təbii ki, dövlət maraqlıdır. Biz dövlətdən tələb edir və istəyirik ki, bu qanunun icrasında məhz insanların hüquqları pozulmasın. Dövlət milli və ictimai təhlükəsizliyi təmin etmək üçün qanundan istifadə etməlidir. Bu məsələ İnsan hüquqları Konvensiyasının 11-ci maddəsində var. Milli və ictimai təhlükəsizlik məsələsi məhz dövlətin boynundadır. Ona görə dövlət hansısa ictimai toplantılar və sair hərəkətlərlə milli təhlükəsizliyə müəyyən zərbə vurulmasına heç vaxt imkan verə bilməz. Fikrimcə, 18 yaşla bağlı deyilən məsələni işləyə bilərik. Ümumilikdə, onu deyə bilərəm ki, bu qanun beynəlxalq hüquqa tam uyğundur.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! İnsan hüquqlarının müdafiə edilməsi, demokratiyanın, eləcə də sosial-iqtisadi inkişafın təmin olunması ölkədə yaranan ictimai-siyasi sabitlikdən çox asılıdır. Özbaşınalıqların, yersiz kütləvi toplantıların, küçə yürüşlərinin, mitinqlərin gətirdikləri bəlaların ağrılarını 1988-1993-cü illərdə çox çəkmişik. Baş verən dərəbəyliklər, Bakıda, rayonlarda keçirilən kütləvi qanunsuz toplantılar nəinki iqtisadiyyatımıza, eyni zamanda, insanların mənəviyyatına da ağır zərbələr vurmaqla bərabər, torpaqlarımızın erməni təcavüzkarları tərəfindən işğalına zəmin yaratdı. Hərbi texnika, döyüşçülər o dövrdə düşmənlə mübarizəyə deyil, mitinqlərin qarşısının alınmasına, kiminsə hakimiyyətə gətirilməsinə xidmət edirdi. Azərbaycanın, xalqımızın taleyi təhlükə altında idi. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə gəlməsəydi, qanunsuz hərəkətlər insanların başına daha ağır və dəhşətli faciələr gətirəcəkdi. Mən çox təəssüf edirəm ki, tariximizin həmin dərsləri və xalqımıza üzüağlıq gətirməyən həmin hadisələr bir çoxları tərəfindən unudulub.
Özlərini müxalifət adlandıran və o dövrdə ölkəyə bəlalar gətirən bəzi insanlar, qüvvələr yenə də heç bir səbəb olmadan toplaşmaq, küçə yürüşləri, mitinqlər keçirmək həvəsinə düşürlər. Demokratiya, söz, sərbəst toplaşmaq azadlığı pərdəsi altında fikirlər yürüdən insanları başa düşmək çətindir. Axı onların çoxsaylı mətbuat, informasiya, radio, televiziya, parlament tribunası və digər vasitələrlə öz sözlərini demək, fikirlərini söyləmək imkanları vardır. Onlara bu sahədə hər cür şərait yaradılıbdır. Belə olan halda əsassız toplantılar, mitinqlər keçirmək, bu tədbirlərə yüzlərlə insanı cəlb etmək, ölkədə ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərmək kimə və nəyə xidmət edir?
Mən insanların sərbəst toplaşmalarının əleyhinə deyiləm. Mitinqlərin, yürüşlərin keçirilməsinin qadağan olunmasını da istəmirəm. Lakin bütün bunlar qanun çərçivəsində olmalı, digər insanların hüquqlarının pozulmasına imkan yaratmamalı, ictimaiyyətdə narahatçılıq doğurmamalıdır. Qanunsuz mitinqlərin, toplantıların qarşısının alınması çox vacibdir. Toplantı təşkilatçılarının məsuliyyətinin artırılması da əhəmiyyətlidir. Toplantını təşkil edib, sonra da qaçıb arxada gizlənmək, məncə, mənəviyyata və liderliyə xələl gətirən haldır.
Qanunda hüquq mühafizə orqanlarının vəzifələrinin müəyyənləşdirilməsi və onlara vəzifə borclarının yerinə yetirilməsi üçün imkan yaradılması, ictimai-siyasi sabitliyi bərpa etmək səlahiyyəti verilməsi zəruridir. Göstərilən prinsiplər bizə təqdim olunmuş bu sənəddə əks olunubdur. Dəyişikliklər və əlavələrsiz də bu qanun dolğunluğu ilə seçilirdi. Qanuna edilmiş dəyişikliklər və əlavələr onun daha da təkmilləşməsinə xidmət edir. Bunları etmək həm də ona görə vacibdir ki, ölkəmizin demokratiyaya olan münasibətini bir daha əks elətdirir.
Layihə haqqında bəzi fikirlərimi də bildirmək istərdim. Qanun layihəsinin 2-ci maddəsinin ikinci bəndində yazılır: “Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verir”. Burada “şəxslərin” sözünün “hər kəsin özünün” ifadəsi ilə əvəz edilməsi, məncə, daha məqsədəuyğundur, çünki Konstitusiyamız hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq hüququnu təmin edir.
Qanunun 5-ci maddəsinin ikinci bəndinin ikinci abzasında “toplantının məqsədi” ifadəsinin “toplantının keçirilməsinin məqsədi”, dördüncü abzasında “iştirakçıların təxmini sayı” ifadəsinin “iştirakçıların ümumi sayı” ilə əvəz olunmasını təklif edərdim.
Qanunun 13-cü maddəsinin 5-ci bəndindəki “Dinc toplantı qeyri-dinc toplantıya çevrildiyi halda hüquq pozuntusu törətməyən toplantı iştirakçısı, habelə toplantının dinc olmadığından qabaqcadan xəbərdar olmamış toplantı iştirakçısı yalnız həmin toplantıda iştirak etdiyinə görə məsuliyyətə cəlb edilə bilməz” ifadəsi konkretləşdirilməlidir. Çünki toplantı iştirakçısının hər biri deyə bilər ki, toplantının dinc olmamağından qabaqcadan xəbərdar deyildi. Bunu müəyyən etmək çox çətindir.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan hüquqi, demokratik bir dövlətdir. Bu dövlət Azərbaycan vətəndaşlarının Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının qarantı kimi çıxış edir. Dövlətimiz ildən-ilə qüdrətləndikcə, Avropaya, sivil dünyaya inteqrasiya gücləndikcə, heç şübhəsiz, bizim qanunlarımıza əlavə və dəyişikliklərin edilməsi təbiidir. Cənab Prezidentin imzası ilə Milli Məclisə daxil olmuş “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna edilən çoxlu sayda bu əlavə və dəyişikliklərin hamısı insan haqlarının qorunmasına, insan azadlıqlarının daha mükəmməl şəkildə təmin olunmasına yönəlmiş məsələləri əhatə edir. Layihədə nəzərdə tutulan bütün əlavə və dəyişiklikləri mən məqbul hesab edirəm və bunların qəbul olunmasına səs verəcəyəm. Deputat həmkarlarımı da layihəyə səs verməyə çağırıram. Eyni zamanda, layihə ilə bağlı bəzi təkliflərim də var, onları hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm.
Qanunun “Əsas anlayışlar” bölməsində “əks toplantı”, “dinc toplantı”, “təsadüfi toplantı” anlayışlarının izahı verilsə, daha yaxşı olardı. Hansı halda “dinc toplantı” “qeyri-dinc toplantıya” keçir. Yəni bunun hüdudları müəyyənləşdirilməlidir. Təsadüfi toplantı hansı şəkildə neçə insanın iştirakı ilə ola bilər və burada hansı məsələlər müzakirə ediləcək. Bunun formasının nədən ibarət olmasının anlayışı verilsə, yaxşıdır.
Deputat həmkarlarımın dediyi bir məsələni qanunun 6-cı maddəsində “18 yaşına çatmayan şəxslər valideynlərinin icazəsi olmadan toplantıların iştirakçısı, təşkilatçısı ola bilməzlər” müddəasını qəbul edirəm. Eyni zamanda, düşünürəm ki, 18 yaşına çatmayan uşaqlar belə toplantılarda yalnız valideynlərinin icazəsi ilə iştirak etməlidirlər. Təsəvvür edin, məktəb direktorunun beyninə düşüb ki, uşaqları yığsın, getsin, haradasa bir mitinq, yaxud toplantı keçirsin. O, valideynin xəbəri olmadan birinci sinifdən tutmuş yuxarı siniflərədək hamısında oxuyan uşaqları yığdı, apardı mitinqə. Uşaq burada ayaq altında qaldı və hansısa xəsarəti aldı. Buna kim cavab verəcək? Hansı ki, bizim qanunda buna yol verilir ki, uşaqlar iştirak edə bilərlər. Qanunun fəlsəfəsindən belə aşkar olunur.
Digər təklifim 8-ci maddənin ikinci hissəsi ilə bağlıdır. Bu fikri məndən öncə çıxış edən deputatlar da dedilər. Həmin müddəa belədir: “Müharibəni təbliğ edən toplantılar qadağan edilir”. Mən belə düşünürəm, nə qədər ki torpaqlarımız işğal altındadır, biz müharibə vəziyyətindəyik, belə toplantılar keçirməyə, lazım olsa, belə tələblərlə çıxış etməyə haqqımız var. Azərbaycan Prezidenti də dəfələrlə öz çıxışlarında deyir ki, əgər məsələnin sülh yolu ilə həlli imkanları tükənərsə, biz başqa yoldan, o cümlədən müharibədən istifadə edəcəyik. Həmin maddənin üçüncü bəndi belədir: “Siyasi məqsədlə dinc toplantı keçirmək aşağıdakı hallarda qadağan edilir”. Mən “dinc” sözünün buradan çıxarılmasını təklif edirəm, çünki belə çıxır ki, siyasi məqsədlə dinc toplantı qadağan edilən hallarda qeyri-dinc toplantı keçirmək olar. Ümumiyyətlə, “dinc” sözü buradan çıxarılmalı, mətn “Siyasi məqsədlə aşağıdakı hallarda toplantı keçirmək olmaz” şəklində olmalıdır.
Digər məsələ 9-cu maddə ilə bağlıdır. Həmin maddənin altıncı hissəsində verilən “Qəbiristanlıqlarda siyasi məzmunlu toplantı keçirilə bilməz” müddəasını mən təqdir edirəm. Bizim bəzi deputat həmkarlarımız dedilər ki, yox, qəbiristanlıqda da siyasi mitinqlər, tədbirlər keçirmək olar. Onlar Avropanı misal çəkdilər, amma unudurlar ki, biz Şərq dövlətiyik, Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmandır. Müsəlmanların da, bilirsiniz ki, özünəməxsus adət-ənənələri vardır. Son mənzilində yatan ruhları narahat etmək olmaz. Biz orada yatan insanların ruhlarına hörmət qoymalıyıq. Siyasi mübarizəmizin özlərinin haqq dünyasında yatanlara heç bir aidiyyəti yoxdur. Həmin maddənin yeddinci hissəsində dəqiqləşməyə ehtiyac vardır.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna dəyişikliklər və əlavələrlə əlaqədar irəli sürülən müddəalara səs verəcəyəm və deputat həmkarlarımı da buna səs verməyə dəvət edirəm. Doğrusu, bu müddəalar haqqında burada daha geniş və ətraflı danışmağa ehtiyac duyulmur, çünki hörmətli Rəbiyyət xanım onları ayrılıqda, geniş şəkildə şərh elədi, məndən əvvəl çıxış edənlər də bunlara toxundular.
Mən bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Müsavat deputat qrupundan çıxış edən həmkarımız Nəsib Nəsibli belə bir fikir söylədi ki, guya sərbəst toplaşmaq azadlığı məhdudlaşdırıldığından insanlar məscidlərə üz tutublar. Birinci, Azərbaycanda sərbəst toplaşmaq azadlığı heç vaxt məhdudlaşdırılmayıb, bundan müxalifət həmişə istifadə edib və bu gün də etməkdədir. Sadəcə, müxalifət nümayəndələri sərbəst toplaşmaq azadlığı ilə anarxiyanı dəyişik salıblar. Yəni onlar sərbəst toplaşmaqdan istifadə edərək cəmiyyətdə, ölkədə həmişə anarxiya yaratmağa cəhd göstəriblər və hər yerdə də bunun qarşısı alınıbdır.
O ki qaldı insanların məscidlərə getməsinə, əlbəttə, Azərbaycanda “Vicdan azadlığı haqqında” Qanun var, insanların dini etiqadlarına hörmətlə yanaşılır. Əgər insanların məscidlərə getməsini hakimiyyətə, hökumətə narazılıq hadisəsi kimi göstərmək cəhdi edilirsə, bu, olduqca bəsit bir yanaşmadır. Onda gərək Amerika Birləşmiş Ştatlarında, Fransada, Böyük Britaniyada insanların kütləvi surətdə kilsələrə getməsini əhalinin hakimiyyətdən narazılığı kimi yozaq. Eyni zamanda, Azərbaycanda insanların məscidlərə getməsi, müqəddəs dinlərinə öz etiqadını ifadə etməsi onların Allaha inam və imanıdır. Əgər məscidə getməyi yozsaq, bundan narazı qalsaq, biz onda insanların dini etiqadına hörmətsizlik etmiş olarıq. Bu cür yanaşma olduqca yanlış, eyni zamanda, qərəzlidir. Burada müəyyən bölgələrdə bəzi sorğuların keçirilməsi, rəy sorğularında insanların guya İrandakına uyğun bir rejim qurulmasını istəmələrinin özü də təxribat xarakterli bir çağırışdır. Buna qəti etirazımı bildirirəm. Bu cür sorğuların harada və kim tərəfindən keçirildiyi də məlum deyil. Mən fikrimi yekunlaşdıraraq bir daha həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram. Özüm də, dediyim kimi, buna səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. İkram İsrafil, buyurun.
İ. İsrafil. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Burada məndən öncə çıxış eləyən həmkarlarım, təbii ki, qanunun mahiyyəti barədə fikirlərini dedilər. Bizdə qəbul olunan digər qanunvericilik aktları kimi, bu da kağız üzərində qalacaq bir qanun təsiri bağışlayır. Baxmayaraq ki, demokratik, yaxud mürtəce olacaq. Söhbət ondan gedir ki, bu hakimiyyətin insanların sərbəst toplaşmaq istəyinə müsbət reaksiyası olmayacaqsa, Bakı Şəhər İcra Hakimiyyəti istənilən müraciətlərə həmişəki kimi rədd cavablar verəcək. Bilirsiniz ki, 2005-ci ilin parlament seçkilərindən sonra Bakı Şəhər İcra Hakimiyyətinə 70-ə qədər müraciət olub. Onlardan ancaq birinə – 2007-ci ilin fevral ayında Müsavat Partiyasının enerji daşıyıcılarının qiymətlərinin qaldırılması ilə bağlı Ukrayna meydanında aksiya keçirmək müraciətinə icazə vermişdir. Təsəvvür eləyin, ondan sonra da Müsavat Partiyası 2008-ci ildə icra hakimiyyətinə bir neçə dəfə müraciət edibdir, lakin heç bir müsbət cavab alınmayıbdır. İcra hakimiyyəti adamlara Bakı şəhərinin bütün rayonlarında sərbəst toplaşmaq üçün mitinq keçirmək üçün yer ayırıbdır. Ayrılan yerlərdə bizim yürüş, mitinq keçirməyimizə isə müsbət reaksiya verilmir, qadağanlar qoyulur. Bizə çox vaxt, ümumiyyətlə, belə tədbirlər üçün nəzərdə tutulmayan Bibiheybət stadionunu nişan verirlər. Belə olan halda istər bu qanun qəbul olunsun, istərsə də qəbul olunmasın, xeyri yoxdur.
Burada hörmətli Fazil Mustafayev dedi ki, mən komissiyamızda bir neçə maddə ilə bağlı müsbət, doğru dəyişikliklərin olması təklifini vermişəm, ancaq onlar nəzərə alınmayıb, heç bir vergül də dəyişilməyib. Belədirsə, əvvəllərdə olduğu kimi, yenə də qanun layihəsi buraya necə gəlib, elə də qəbul olunacaq. Əleyhinə 5–10 nəfərin səsverməsi ilə bu məsələ müsbət həllini tapmayacaq. Söhbət qanunun qəbul edilməsindən asılı olmayaraq, insanların sərbəst toplaşmaq azadlığına hakimiyyətin hörmətlə yanaşmasından gedir. Əgər hakimiyyət, həqiqətən, hesab eləyirsə ki, bu insanlar sərbəst toplaşmaqla onun siyasətini tənqid edəcək, haqları, hüquqları, vətəndaşların sosial problemləri ilə bağlı tələblər səsləndirəcək, bundan qorxmağa nə ehtiyac var? Yerləri ayırmısınız, müraciət edən siyasi partiyalara, vətəndaşlara icazə verin, qoy gedib orada aksiyalarını keçirsinlər, tələblərini irəli sürsünlər və bununla da məsələ bitsin.
Mən bir məlumatı deyim. Eşitdiyimə görə, Venesiya Komissiyasının qanuna əlavələr və dəyişikliklərlə bağlı müsbət rəyi yoxdur. Yəni mən bunu qeyri-dəqiq məlumat da olsa, deyirəm. Venesiya Komissiyasının katibi Bi-Bi-Si radiosuna verdiyi müsahibəsində bildirib ki, Venesiya Komissiyasının bu qanuna olan əlavələr və dəyişikliklərə tövsiyələri nəzərə alınmayıb. Bunu da bir məlumat kimi diqqətinizə çatdırdım. Mən düşünürəm ki, son aylarda Müsavat Partiyasının müraciətlərinə Bakı Şəhər İcra Hakimiyyətinin mənfi reaksiya verməsinə hakimiyyət müdaxilə etməli, beləliklə, partiyaların siyasi aksiyalar keçirilməsinə qadağanlar aradan götürülməlidir. Təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun, İkram müəllim. Nəzərinizə çatdırmaq istəyirəm ki, biz burada Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətini müzakirə eləmirik. Xahiş edirəm, qanun layihəsindən danışın. O ki qaldı Venesiya Komissiyasının bu sənədə münasibətinə, bu nüfuzlu beynəlxalq təşkilat qanun layihəsi barədə çox yüksək rəy veribdir.
Üçüncü, qeyd elədiniz ki, Fazil bəy komissiyada təkliflər irəli sürüb, heç biri nəzərə alınmayıb. Fazil bəy hüquqşünasdır, o bilməlidir ki, onun komissiyada dediyi təklif plenar iclasa qədər nəzərə alına bilməz. Hətta plenar iclasdan sonra da bu qanunu göndərən subyektlə, təbii ki, məsləhətləşmələr aparılmalıdır. Əgər razılıq verilsə, dəyişdirilə bilər. Yəni bu Konstitusiyanın tələbidir, məgər Siz bunu bilmirsiniz? Xahiş eləyirəm, çıxış zamanı bir az qanuna müvafiq danışaq. Əli Əhmədov, buyurun.
Ə. Əhmədov. Təşəkkür eləyirəm, hörmətli Ziyafət müəllim. Mən də çıxış eləyənlərin əksəriyyəti kimi, belə bir fikri vurğulamaq istəyirəm ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər bu sənədin daha da təkmilləşdirilməsi və demokratikləşməsi məqsədi ilə edilir. Eyni zamanda, bu dəyişikliklərin zərurətdən doğduğunu da qeyd eləmək istəyirəm. Həmin zərurət heç də qanunun hər hansı bir maddəsinin sərtləşdirilməsi niyyətindən irəli gəlməyibdir, əksinə, bu qanun həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı bütün beynəlxalq konvensiyalara istinad edir. Təbii ki, bundan əvvəl Azərbaycanın Konstitusiyasına və onun müvafiq qanunvericiliyinə istinad edir. Düşünürəm ki, bu gün müzakirə predmeti qanun layihəsini ən ciddi şəkildə nəzərdən keçirdikdə aydın olur ki, qanun bununla bir qədər də təkmilləşdirilmişdir.
Mən burada qəti şəkildə səsləndirilən bir neçə fikri rədd etmək istəyirəm. Azərbaycanda guya insanların sərbəst toplaşmaq azadlığı təmin edilmir deyən insanlara xatırlatmaq istəyirəm ki, 2003-cü ildə, 2005-ci ildə Azərbaycanda insanların sərbəst toplaşmaq hüququndan istifadə edilməsi ifrat dərəcədə idi. Yəqin, o zaman Azərbaycan ən çox mitinq və küçə yürüşlərinin keçirildiyi bir ölkəyə çevrilmişdi.
Bu gün dəyişən nədir? Dəyişən heç də Azərbaycanın qanununda ya sərtləşmənin olması, ya da hökumətin, iqtidarın insanların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırmaq istəməsi deyildir. Dəyişən tamamilə başqa bir şeydir. Azərbaycan müxalifəti çox ciddi şəkildə dəyişibdir. Azərbaycanda 4–5 il ərzində 600 mindən yuxarı iş yerlərinin açılmasını şübhə altına almağa cəhdlər göstərilmişdir. Buna baxmayaraq, onlar özləri də aydın şəkildə görür və dərk edirlər ki, Azərbaycanda bu qədər iş yeri açılıbdır.
2003–2005-ci illərdə Azərbaycan müxalifəti mitinqlərini keçirərkən 600 min iş yeri yox idi. İş yerləri olmayan insanları buna görə müxalifət keçirdiyi mitinqlərə cəlb edə bilirdi. İndi isə bu qədər iş yeri açılıb, insanlar işlə təmin olunublar. Təbii ki, müxalifət mitinq keçirəndə adamlar işlərini atıb onlara qoşulmaq istəmirlər. Müxalifət keçirdiyi mitinqlərə insanların gəlmədiyini və gəlmək istəmədiklərini ört-basdır eləməkdən ötrü Azərbaycanda sərbəst toplaşmağa dair qanunu, hökuməti ittiham etmək istəyir. Hesab edirəm ki, nə müvafiq qanunu, nə də Azərbaycan iqtidarını bu məsələdə səbəb göstərmək olmaz.
Digər bir məsələ. Azərbaycanın bu qanununa müvafiq şəkildə Bakı şəhərində mitinq keçirmək, sərbəst toplaşmaq hüququndan istifadə etmək və digər aksiyaları keçirmək üçün yer ayrılıbdır. Bu yerə əgər insanlar getmək istəmirlərsə, yaxud da müxalifət mitinqlər keçirmək üçün lazımi qədər iştirakçı toplaya bilmirsə, hökumət, yaxud da iqtidar nə etməlidir? Bibiheybət o qədər də uzaqda deyildir ki, oraya mitinq keçirmək üçün insanları yığmaq mümkün olmasın.
Necə olur ki, 2003–2005-ci illərdə rayonlardan insanları 300 kilometr məsafədən yığıb mitinqə gətirir və üstəlik də o zaman heç düşünmürdülər ki, insanlar bu 300 kilometrlik məsafəni qət edib mitinqlərə niyə gəlirlər. İndi Bakının mərkəzindən 5 kilometr aralıda olan bir yerdə mitinqlərin keçirilməsi üçün yer ayrılıb və bu müxalif qüvvələr bəhanələrlə həmin yerdə mitinqləri keçirmək istəmirlər. Əgər mitinqlərini bunlar ayrılan yerdə keçirmək istəmirlərsə və müxtəlif bəhanələr gətirirlərsə, bunun Azərbaycan hökumətinin Azərbaycanda sərbəst toplaşmaq hüququnu məhdudlaşdırmaq niyyəti ilə heç bir əlaqəsi yoxdur.
Hesab edirəm ki, Azərbaycan hökumətinə, eyni zamanda, bu gün müzakirə predmetinə çevrilmiş qanuna qarşı çıxış etmək doğru deyil. Kimi və nəyi günahlandırmaq lazımdır, müxalifət partiyaları bu barədə fikirləşsinlər. Mitinqlərini keçirə bilmirlərsə, güman edirəm ki, müxalifət bunun günahını özündən başqa heç kimdə axtarmamalıdır. Bütün bunlarla bərabər mən qanunun bu və ya digər maddələri ilə əlaqədar edilən düzəlişləri, əlavələri kifayət qədər ədalətli sayıram. Bunlar qanunun mahiyyətinin demokratikləşməsinə xidmət edir. Mən burada çıxış eləyənlərin əksəriyyətinin təklifinə qoşularaq, layihənin səsə qoyulmasını və qəbul olunmasını xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlarım! Biz insan hüquqlarının müdafiəsi ilə bağlı parlamentin müzakirəsinə çıxarılan qanun layihələrinə müxalifət opponentlərinin bu cür mövqeyini dəfələrlə görmüşük. Odur ki, bunlara münasibət bildirməmək mümkün deyil, çünki ən azından ictimaiyyət və parlament nümayəndələri bizim bu məsələdə haqlı mövqeyimizi bir daha görməlidirlər.
Burada belə bir fikir səsləndi ki, ümumiyyətlə, qanun layihəsinə edilən əlavələr və dəyişikliklər beynəlxalq təşkilatların qeyri-prinsipiallığına adekvat reaksiyadır. Hansı beynəlxalq təşkilatdan söhbət gedir? Əgər biz Avropa Şurasının Venesiya Komissiyasını burada suçlayırıqsa, Azərbaycan Avropa Şurasının üzvü kimi özü ora müraciət edib və o da bizim bu qanunun Avropa standartlarına, Avropa İnsan Hüquqları Konvensiyasına uyğunlaşdırılması baxımından öz rəyini verib. Bu məsələdə həmin təşkilatı kim isə qeyri-peşəkarlıqda günahlandırmaq istəyirsə, yanılır. Orada kifayət qədər peşəkarlar var, bu gün təklif olunan əlavələr və dəyişikliklər, doğrudan da, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəliklərə uyğundur.
Mənə elə gəlir ki, Venesiya Komissiyası ilə bağlı hansısa bir siyasi spekulyasiyalar etməyə ehtiyac yoxdur. Ən azı, zalda Azərbaycanın Venesiya Komissiyasını təmsil edən şəxs də var. Bir daha vurğulamaq istəyirəm ki, Venesiya Komissiyasının 2007-ci il 437 nömrəli rəyi var, onu həmin təşkilatın İrlandiya və Rumıniyadan olan nümayəndələri hazırlamışlar. Fazil müəllim və digər opponentlər tərəfindən belə bir fikir səsləndi ki, Konstitusiyamız sərbəst toplaşmaq azadlığını, ümumiyyətlə, məhdudlaşdırmır və layihədə belə bir məhdudiyyətlərin yazılması ana qanuna ziddir. Bir daha yada salmaq istəyirəm, burada da qeyd olundu ki, başqa ölkələrdən fərqli olaraq belə deyil. Məsələ burasındadır ki, Azərbaycan Konstitusiyası da belə bir məhdudiyyəti özündə ehtiva edir.
2002-ci il 24 dekabr tarixində parlamentdə “İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu qəbul edilmişdir. Bu qanun da bizim Konstitusiyanın tərkib hissəsidir. Onun 3.6-cı maddəsində qeyd olunur ki, Konstitusiyada göstərilən digər əsaslarla yanaşı, 49-cu maddədə göstərilən hüquq və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması, cinayətin qarşısının alınması üçün məhdudlaşdırıla bilər. Belə bir məhdudiyyət Avropa Şurasına üzv olan ölkələrin əsas qanununda olduğu kimi, Azərbaycan Konstitusiyasında da var. Sadəcə olaraq, bu, sərbəst toplaşmaq azadlığı hüququnun həyata keçirilməsini məhdudlaşdırmır, əksinə, onu tənzimləyir. Bu qanun təsdiq olunmalı və düzgün başa düşülməlidir.
Mübahisə predmetindən biri də “ərəfə” sözü oldu. Əlbəttə, burada dilçilər də öz fikirlərini söyləyə bilərlər, ancaq hüquqşünaslardan, qanunvericilikdən ötrü “ərəfə” sözü məhz təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurəti kontekstində başa düşülməlidir. Bir gün də ola bilər, bir neçə saat da ola bilər, ancaq o söz dediyim kontekstdə başa düşülür və məqsəd aydınlaşdırılarkən, qərar, hansısa bir cavab verilərkən təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurətini əsaslandırır. Bu baxımdan, əlbəttə ki, əvvəlki variantdan daha geniş bir şərait yaradan sözdür.
9-cu maddə ilə bağlı fikir səsləndi ki, əgər sərbəst toplaşmaq varsa, onda yerlərin təklif olunması müddəasına da ehtiyac var. Komissiyanın iclasında Lətif müəllim bu məsələ barədə izahat vermişdir. Bir daha vurğulamaq istəyirik ki, bu fikrin bura salınması təklifini də Venesiya Komissiyası vermişdir. Bununla müvafiq icra hakimiyyəti orqanı üzərinə əlavə bir vəzifə qoyulur. Yəni icra hakimiyyəti orqanı mütləq yer ayırmalı, daha doğrusu, bunu təmin etməlidir. Bu əlavələr və dəyişikliklərin kosmetik olmasını deyən İltizam Əkbərlini, ümumiyyətlə, başa düşmədik. Qanunun bütün maddələrinə əhəmiyyətli əlavələr və dəyişikliklər, təkliflər olunubsa, bu niyə kosmetik adlandırılır? Düzdür, sonra növbəti təklif səsləndirilərkən mən bunu başa düşdüm. 7-ci maddədə zəruri olan hallarda...

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Əli müəllim, Siz əvvəldə çıxış etmədiniz. Yəqin, indi ehtiyac yarandı. Yaxşı, izahat verin, tamamlayın.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm, cənab Sədr. “Zəruri olan hallarda” anlayışını bir məhdudlaşdırıcı fikir kimi təqdim etdilər. Söhbət burada demokratik cəmiyyətdə zəruri olan hallardan gedir. Bu anlayış Avropa İnsan Haqları Konvensiyasının məlum maddəsinə görə bura salınmışdır. Həmin maddənin ikinci hissəsindən köçürülmüş variantdır. Məhz ona görə “demokratik cəmiyyətdə zəruri olan hallarda” qeyd olunur. Bu, əksinə, məhdudlaşdırmanın çərçivəsini daha da daraldır. O müddəa bu cür başa düşülməlidir. Bu anlayış Avropa İnsan Haqları Məhkəməsinin bir çox qərarlarında öz əksini tapmışdır.
Musa müəllim qeyd etdi ki, bir sıra ifadələrin, o cümlədən “əks toplantı”, “dinc toplantı” və digər anlayışların verilməsi yaxşı olardı. Məsələ burasındadır ki, “Əsas anlayışlar” maddəsindən Venesiya Komissiyasının təklifi ilə “mitinq”, “piket” və başqa anlayışlar çıxarılıb. Məqsəd də ondan ibarət olub ki, hər hansı bir anlayışın verilməsi çərçivəni məhdudlaşdıra bilər. Bu məsələ ən azı belə izah oluna bilər. Bizim məqsədimiz bu qanunda bütün genişləndirici təsirləri verməkdən ibarətdir.
Sonuncu, yəni uşaqların bu toplantılarda iştirak etməsi, belə tədbirlərin ziyarətgahlarda, qəbiristanlıqda keçirilməsinə icazə verilməsi barədə mən onu düşünürəm ki, biz Şərqlə bağlı müsəlman xalqıyıq. Unutmamalıyıq ki, biz artıq Avropa hüquq məkanında yaşayan müsəlman dövlətiyik. Ona görə hesab edirəm ki, bu qanun layihəsi Azərbaycanın beynəlxalq hüquq baxımından götürdüyü öhdəliklərə və Avropa hüquq məkanına tam uyğundur. Həmkarlarımdan layihəyə səs verməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən Əli müəllimə bir az artıq vaxt verdim, ancaq növbədə Rafael Cəbrayılov və Rövşən Rzayev də var. Onlar bir komissiyadadırlar, ona görə birinə söz vermərik. Yəqin ki, inciməzlər. Kim çıxış etmək istəyir, Rafael, ya Rövşən? Rafael Cəbrayılov, buyurun.
R. Cəbrayılov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən sərbəst toplaşmaq azadlığı barədə çıxışımı başqa səpkidə quracaqdım, amma burada müxtəlif fikirlər səsləndi. Hətta elə bir mövqe oldu ki, bu hüquqdan istənilən vaxtda, istənilən yerdə istifadə etmək olar. Ona görə mən istərdim, buna münasibətimi bildirim.
Əvvəlcə onu xatırlatmaq istəyirəm ki, insanın malik olduğu heç bir hüquq mütləq xarakter daşımır. Bütün hüquqlar nisbi xarakter daşıyır. İnsan dünyaya göz açandan bəri Allah tərəfindən bəxş olunan ilk hüquq – yaşamaq hüququ belə, mütləq xarakter daşımır. O da nisbidir. Məhz buna görə də bir çox ölkələrin cinayət qanunvericiliyində “ölüm” cəzası bu gün də saxlanılır.
İnsanın ən mühüm hüquqlarından biri olan azadlıq hüququ da mütləq xarakter daşımır. O da nisbidir. Məhz elə buna görə də bizim ölkə də daxil olmaqla, bir çox ölkələrin cinayət qanunvericiliyində nəinki müəyyən bir müddətə, hətta ömürlük azadlıqdan məhrumetmə cəzası belə saxlanılır. Bu tənzimlənmənin əsasında cəmiyyətin bütün təbəqələrinin, bütün insanların hüquqlarının balanslaşdırılması durur. Bir kəsin hüququnun mütləq olması digərinin hüquqlarının ya məhdudlaşdırılmasına, ya da, ümumiyyətlə, pozulmasına gətirib çıxara bilər. Bu baxımdan sərbəst toplaşmaq azadlığı da insanın yaşadığı cəmiyyətin hazırkı inkişafında malik olduğu hüquqlardan biridir və o da mütləq yox, nisbi xarakter daşıyır. Bu baxımdan icra strukturları tərəfindən bu azadlıqdan istifadə etmək üçün toplantıların keçirilməsinə görə müəyyən yerlərin ayrılması tamamilə qanunauyğundur. Bunun da əsasları qanun layihəsinin 7-ci maddəsində öz əksini tapıbdır.
Mən hesab edirəm ki, bu şəkildə hüququn məhdudlaşdırılması tamamilə ədalətlidir. Bu hüququ mütləqləşdirərək digər insanların hüquqlarının, ən azından istirahət hüququndan tutmuş şəhərin bir yerindən başqa yerinə sərbəst hərəkət etmək hüququna qədər məhdudlaşdırmaq düzgün olmazdı. Bundan başqa, qanun layihəsinin 12-ci maddəsi ilə bağlı mənim kiçik bir təklifim var. Burada “taxta və dəmir parçaları” ifadəsindən istifadə olunur. Qəribədir, məgər dəmirdən başqa metal yoxdur? Ona görə mən təklif edirəm ki, bu “taxta və dəmir parçaları” “taxta və metal parçaları” kimi işlədilsin. Mən də hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu qanun layihəsinin qəbul olunmasına səs verək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mənim həmkarlarım da deyirlər ki, “dəmir” yazanda, “daş” yaddan çıxır. Yəni bu məfhumlar bir az artıq gəlir. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Oqtay müəllim, söz verdiyiniz üçün təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də qısa olaraq bir neçə məsələyə öz münasibətimi bildirmək istəyirəm. Əvvəla, qanunun əsas mahiyyəti ondan ibarətdir ki, son vaxtlar bu məsələ ictimaiyyətin xüsusilə diqqət mərkəzindədir. Ona görə bu qanuna əlavələr və dəyişikliklər edilir ki, sərbəst toplaşmaq azadlığı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi məhdudiyyətlər qoyulur. Mən hələ rayonları demirəm. Fikirlərimi komissiyada müzakirə zamanı da dedim. Biz qanunun 9-cu maddəsinin üçüncü hissəsində qeyd edirik ki, aşağıdakı yerlərdə yığıncaqları, mitinqləri, nümayişləri və küçə yürüşlərini keçirmək qadağandır. Bəs başqa yerlərdə necə? Sonra 5 qat müəyyənləşib ki, haralarda olmaz. Deməli, o yerlərdə olmazsa, başqa yerlərdə keçirilə bilər. Buna da əlavə Bakı Şəhər İcra Hakimiyyəti və ya digər əlaqədar orqanlar yer müəyyənləşdirməlidirlər. Mən soruşuram, mitinqlərin, nümayişlərin keçirilməsi üçün yeri müəyyənləşdirməyə nə ehtiyac var? Belə yer müəyyənləşdirilirsə, onda istərdim, Rəbiyyət xanım sonda cavab versin ki, başqa yerlərdə, yəni Bakı Şəhər İcra Hakimiyyətinin müəyyənləşdirdiyi məkanlarda mitinqlər keçirmək olar, yoxsa yox? Bu qanunun tələblərinə görə, sözsüz ki, yox. Hörmətli Əli müəllim fikirlərini bu cür təqdim etmək istədi ki, qanun buna – guya sərbəst toplaşmaq azadlığına əlavə təminat verir. Əslində, əlavə təminat vermir, bütünlüklə o hüquq heçə endirilir.
Mən burada bir məsələni də müəyyənləşdirmək istəyirəm. 7-ci maddədə qeyd olunur ki, başqa şəxslərin hüquq və azadlıqlarının qorunması üçün sərbəst toplaşmaq azadlığı məhdudlaşdırıla bilər. Komissiyanın iclasında bizə izahat verildi ki, burada, əslində, hansı hüquqlardan söhbət gedə bilər. Burada hüquqların toqquşması halı var. İstirahət hüququ ilə sərbəst toplaşmaq azadlığı üz-üzə gəlir. Sərbəst toplaşmaq azadlığı fundamental hüquqdur. Bəs hər iki hüquq üz-üzə gələndə, hansı əsas götürülməlidir? Ona görə, məncə, qanunun 7-ci maddəsinin özündə birbaşa geniş şərh verilməlidir.
8-ci maddədə qeyd olunur ki, toplantılarda müharibə təbliğatının aparılması qadağan olunur. Niyə? Torpaqlarımızın 20 faizi işğal altındadır. Sabah biz niyə müharibə təbliğatı aparmayaq, deməyək ki, xalq, torpağını azad elə, nə vaxta qədər sənin torpaqların işğal altında qalacaq? Buradan həmin müddəa çıxarılmalıdır.
Başqa bir məsələ də var. Burada qeyd olunur ki, beynəlxalq tədbirlər keçirilən ərəfədə, yaxud tədbirlər keçirilən zaman müəyyən məhdudiyyətlər qoyula bilər. Niyə qoyula bilər? Bakı şəhərində beynəlxalq tədbir keçirilir, həmin yerin müəyyən məsafəsində, bəli, tədbirin keçirilməsi təhlükəsizlik üçün qadağan oluna bilər. Ancaq həmin beynəlxalq tədbirə, müzakirə olunan məsələyə bir vətəndaş olaraq mən etiraz etmək istəyirəm. Niyə mənim bu hüququm məhdudlaşdırılmalıdır?
Dünyada hansısa şəhərdə səkkizlərin görüşü keçirilir, dünyanın siyasətini müəyyənləşdirən dövlətlərin başçıları toplanır, sammit keçirirlər. Ondan 200 metr aralıda onların bu toplantısına etiraz olaraq 100 minlərlə insan etiraz nümayişləri keçirir. Əgər o nümayişlər zorakılıqla müşayiət olunmursa, ictimai asayişi pozmursa, niyə hətta o ərəfədə belə, biz vətəndaşların hüquqlarını məhdudlaşdıraq? Heç o tədbirin keçirildiyi günü də qeyd etmək istəmirəm. Ona görə mən düşünürəm ki, dediyimiz məsələlər mütləq nəzərə alınmalıdır və sərbəst toplaşmaq azadlığını bizim ictimai-siyasi həyatımızda adiləşdirmək lazımdır. Biz hələ də buna qorxulu bir şey kimi baxırıq.
Biz demokratik cəmiyyət qururuqsa, elə etməliyik ki, insanlar bu və ya digər problemlərlə bağlı çıxsınlar, toplaşsınlar, əgər nədən isə narazıdırlarsa, öz etirazlarını bildirsinlər. Biz niyə elə hesab edirik ki, yalnız sərbəst toplaşmaq istəyən insanlar mütləq və mütləq siyasi tələblərlə ora toplaşırlar. Məsələyə bu cür yanaşmaq da düzgün deyil. Bu baxımdan təklif edirəm ki, biz cəmiyyətdə demokratikləşməni artırmalıyıq. Bu, istənilən hökumətə başucalığı gətirər. Ona görə də mən əlavə və dəyişikliklərin bu formada qəbul edilməsinin əleyhinəyəm və millət vəkillərini də bunun əleyhinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, Siz bir məsələ qaldıranda, doğru olanı deyin. Səkkizlərin görüşündə mitinqçiləri atın dabanına da salıb sürüyürlər, əlləri ilə də sürüyürlər. Zorakılığa yol verilir, onlara söz deyən də olmur.
İkinci, mən bir dəfə təsadüfən NATO-nun Riqa sammiti ərəfəsində bir nümayəndə heyəti ilə həmin şəhərdə oldum. Cənab Buş gələcəkdi, 20 gün qalmışdan şəhərdə maşınların hərəkəti dayanmışdı. O məsələlərlə bunları eyniləşdirmək olmaz. Mən təklif edirəm, səsə qoyaq. Baba müəllim çoxdan danışmır, vaxtımız var, ona söz verək. Baba Tağıyev, buyurun.
B. Tağıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirə olunan qanun layihəsi kifayət qədər dolğun hazırlanmışdır. Mən də bəzi fikirlərimi demək istəyirdim, amma Rəbiyyət xanımın izahından, həmkarım Mübariz Qurbanlının, eləcə də Əli Əhmədovun çıxışından sonra artıq buna ehtiyac görmürəm. Mən inanıram ki, qəbul edəcəyimiz qanun layihəsi Azərbaycanda milli demokratik, mənəvi dəyərlərin inkişafına və azad seçkilər keçiriləcəyinə xidmət edəcəkdir. Mən sizin hamınızı bu qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun, Baba müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Birinci hissədə yenə məsələmiz var idi. Pənah bəy, hələ 10 dəqiqə çıxış etmək istəyirdin. Onda heç sabaha da çatdırmazdıq. Adın qabağa düşməyib, onun günahı bizdə deyil. Düyməni vaxtında basmaq lazımdır. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Gündəliyimizə davam edirik. Hörmətli millət vəkilləri, mən təklif edərdim, əvvəl üçüncü məsələyə baxaq. Bu, kiçik məsələdir. Ondan sonra Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər məsələsinə keçək. Əli müəllim, buyurun, gündəliyin üçüncü məsələsini təqdim edin.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Qısaca məlumat verim. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında kiçik bir qanun layihəsidir. Bu layihə açıq tipli səhmdar cəmiyyətlərin idarə edilməsində şəffaflığın təmin olunmasına yönəldilir. Gördüyünüz kimi, səhmdarların hüquqlarının qorunması məqsədi ilə edilən bir düzəlişdir. Amma eyni zamanda, xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu dəyişikliyi indi qəbul etmək çox vacibdir, çünki Azərbaycanın beynəlxalq bank sistemindəki reytinqinə təsir edə bilən bir düzəlişdir. Ona görə həmkarlarımdan xahiş edirəm ki, məsələyə müsbət səs versinlər.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.04 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəliyin ikinci məsələsi Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Mən bilirəm ki, bu qanun layihəsini çox müzakirə edəcəyik, yəqin, iki gün iclas keçirməli olacağıq. Ayın 3-də bir çox millət vəkili beynəlxalq tədbirlərə gedəcək. Ona görə mən təklif edirəm ki, bu iclası ayın 2-də keçirək. Etiraz edən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə.Hüseynov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hər bir xalqın öz iradəsini ifadə etməsinin ən mühüm forması dövlət hakimiyyəti orqanlarına demokratik və azad seçkilər yoludur. Bütün dünyada seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Hakimiyyət xalqın iradəsi əsasında formalaşmalı və bu, həqiqi seçkilər nəticəsində baş verməlidir. Müasir dövrdə seçkilərlə bağlı demokratik institutların inkişafı hüquqi dövlətin əsas istiqamətlərindən birinə çevrilmişdir.
2003-cü ildə Prezident Heydər Əliyev tərəfindən parlamentə təqdim olunmuş Seçki Məcəlləsi Azərbaycanın siyasi hüquq sisteminə verilmiş ən mühüm töhfələrdən biri olmuşdur. Seçkilərin və referendumun keçirilməsini bütün dəqiqliyi ilə özündə ehtiva edən Seçki Məcəlləsi vahid bir sənəd kimi, eyni zamanda, peşəkar seçki komissiyalarını formalaşdırmaqdan ötrü mühüm hüquqi baza rolu oynadı. Birmənalı demək mümkündür ki, Seçki Məcəlləsinin qəbulu möhkəm və uzun müddət səmərəli fəaliyyət göstərə bilən seçki sisteminin yaradılmasına gətirib çıxarmışdır.
Sözsüz, qanunvericiliyin istənilən sahəsi kimi, seçki qanunvericiliyi də daim təkmilləşdirilməlidir. Bu zaman bir tərəfdən Azərbaycanda gedən demokratik proseslər, digər tərəfdən ötən seçkilərin təcrübəsi, seçki hüququ sahəsində beynəlxalq standartlar və ayrı-ayrı ölkələrin müsbət praktikası nəzərə alınmalıdır. Seçki Məcəlləsinin qəbul edildiyi 5 il ərzində məcəlləyə bir neçə dəfə dəyişikliklər edilmişdir. Bunların arasında dairə komissiyalarının daimi katibliklə təmin olunması, Mərkəzi Seçki Komissiyasının İnternet saytında seçici siyahılarının yerləşdirilməsi, müşahidəçilərin səlahiyyətlərinin yekun qərar elan olunana qədər uzadılması kimi əhəmiyyətli düzəlişlər vardır.
Hörmətli millət vəkilləri! Bu il may ayının 2-də cənab Prezident tərəfindən parlamentə təqdim olunmuş və müzakirənizə çıxarılmış Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi üzərində uzun müddət səmərəli iş getmişdir. Azərbaycan tərəfi Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə seçki məsələləri üzrə ixtisaslaşmış İFES təşkilatı ilə səmərəli müzakirələr aparmış, eyni zamanda, Seçki Məcəlləsinin tətbiqi ilə bağlı təcrübə bir daha öyrənilmişdir. Beləliklə, müzakirənizə verilmiş layihədə beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmış, eyni zamanda, bəzi seçki komissiyalarının işinin səmərəliliyinin artırılmasına, Seçki Məcəlləsində olan boşluqların doldurulmasına səy göstərilmişdir, əlavə və dəyişikliklərin bir hissəsi isə sırf texniki xarakterli dəqiqləşdirmələrdən ibarətdir.
Layihənin vacib müddəalarının üzərində qısaca dayanmaq istərdim. Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyəsinə əsasən seçkilərin gedişinə qanunsuz müdaxilənin yolverilməzliyi ayrıca bir müddəada öz əksini tapmışdır.
Maddə 11. Cinayət Məcəlləsində təsbit olunmuş bu müddəanın Seçki Məcəlləsində bir daha əks etdirilməsi seçkilərin gedişinə hər hansı qanunsuz müdaxilənin qarşısını almaq üçün mühüm çəkindirici əhəmiyyətə malikdir. Düzdür, bu, formalaşmış qanunvericilik texnikasına o qədər də uyğun gəlmir, amma bəri başdan demək istəyirəm ki, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər həm də istənilən şübhəni aradan qaldırmaq məqsədi daşıyır.
Venesiya Komissiyasının tövsiyəsi nəzərə alınmaqla layihəyə 13.3.4-cü maddə əlavə olunmuşdur ki, bu da “xarici dövlətlər qarşısında öhdəliklər” anlayışını açıqlayır. Bununla Konstitusiya Məhkəməsinin qərarında verilən təfsir dəqiqləşdirilir və üstəlik, buraya zaman elementi – 5 il əlavə edilir. 22.1-ci maddəyə edilən əlavənin təyinatı ondan ibarətdir ki, seçkilərin nəticələri rəsmi elan olunduqdan sonra qohumluq əlaqələrinə görə səlahiyyətlərinə müvəqqəti xitam verilmiş komissiya üzvlərinin səlahiyyəti bərpa olunur. Bununla da seçki komissiyalarının daimi əsaslarla fəaliyyət göstərməsinə mane ola bilən belə bir məqam aradan qaldırılır. Mərkəzi Seçki Komissiyasına exit-poll keçirən təşkilatların akkreditasiyasını həyata keçirmək səlahiyyəti 25.2.23-cü maddə ilə verilir.
35.5-ci maddəyə edilən əlavələr mühüm əhəmiyyətə malikdir və Venesiya Komissiyası tərəfindən müsbət qiymətləndirilmişdir. Bu maddədə deyilir ki, xüsusi rejimli hərbi hissələrdə seçki məntəqələri yalnız Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi hallarda yaradıla bilər. Əvvəllər bu hallar Müdafiə Nazirliyi tərəfindən müəyyən olunurdu. Üstəlik, Mərkəzi Seçki Komissiyasına səsvermə gününə ən azı 5 gün qalmış belə bir qərar qəbul etmək səlahiyyəti verilir. Müşahidəçilərə lövhəciklər verilməsini nəzərdə tutan 36.6-cı maddəyə əlavə də Venesiya Komissiyası tərəfindən müsbət qarşılanmışdır. Bu, icazəsi olmayan şəxslərin məntəqələrdə sayının azalmasına yönəlmiş bir düzəlişdir.
Venesiya Komissiyası tərəfindən müsbət qiymətləndirilən növbəti dəyişiklik seçki bülletenləri üçün zərflərin daha istifadə olunmayacağı ilə bağlıdır. Belə bir müddəa Seçki Məcəlləsindən çıxarılır. Ötən seçkilərin təcrübəsindən görürük ki, səsvermə protokollarını sadələşdirmək və səslərin təkrar hesablanmasını asanlaşdırmaq məqsədi ilə bu düzəlişi etmək vacibdir.
46.1-ci maddəyə iki dəyişiklik təklif olunmuşdur. Birinci dəyişikliyin məğzi ondan ibarətdir ki, seçici səsvermə gününə müəyyən müddət qalmış və eləcə də səsvermə günü seçici siyahısına əvvəllər olduğu kimi, məhkəmə qərarı əsasında deyil, yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər. Ötən seçkilərin təcrübəsi də göstərir ki, seçicinin seçki siyahısında olmamasının məhkəmə tərəfindən araşdırılması çox zaman seçki günü baş verir və bu məsələ qısa müddət çərçivəsində həll edilməlidir. Bu, praktikada özünü doğrultmadı və əksinə, növbəti pozuntulara gətirib çıxardı. Ona görə də bu səlahiyyətin məntəqə seçki komissiyalarına verilməsi daha məqsədəuyğun hesab edilmişdir.
Venesiya Komissiyası tərəfindən müsbət qiymətləndirilmiş düzəlişlərdən biri də 46-cı maddədəki ikinci dəyişiklikdir. Bu, seçki məntəqələrindəki məlumat lövhələrində açıq yerləşdirilən seçici siyahılarında seçicilərin ünvanlarının göstərilməməsi barədə olan müddəanın Seçki Məcəlləsinin həm 46.1-ci, həm də 48.1-ci maddəsindən çıxarılmasından ibarətdir. Beləliklə, seçicilərin ünvanları təkcə İnternet saytında deyil, həm də məlumat stendlərində birbaşa göstəriləcəkdir. Qeyd etməliyəm ki, bu müddəa komissiyada müzakirə zamanı birmənalı qarşılanmamışdır, çünki şəxsi məlumatların qorunması ilə kolliziya yaradır. Amma hesab edirik ki, demokratik və şəffaf seçkilərin keçirilməsi məsələsi daha əhəmiyyətli və daha prinsipialdır. İnanıram ki, həmkarlarım bu müddəanı dəstəkləyəcəklər.
Layihəyə əsasən təsisçiləri dövlət orqanları olan teleradio verilişləri təşkilatları vasitəsi ilə seçkiqabağı təşviqat aparılmır. 77.1-ci maddə tamamilə məntiqlidir, çünki dövlət bu prosesdə bitərəf qalmalıdır. Lakin ictimai teleradio təşkilatlarına bu qadağa aid edilmir. Bundan əlavə, məcəlləyə yeni 81.11-ci maddənin əlavə olunması təklif edilir. Həmin maddəyə görə televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədi ilə efir vaxtı reklam haqqında qanunvericiliyə uyğun olaraq ayrılır. Bu müddəa bərabərliyin gözlənilməsi üçün vacibdir.
87.7-ci maddəyə təklif edilən dəyişiklik seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda, digər obyektlərdə yerləşdirilməsini qadağan edir. Seçki prosesində iştirak etmiş şəxslər kimi bilirsiniz ki, seçki keçirilən bir çox məntəqələrdə, bir çox arxitektur binalarda seçkiqabağı təşviqatın həyata keçirilməsi müəyyən narahatlıqlar yaradırdı. Bütün bu proseslərdən sonra binalara yapışdırılmış seçkiqabağı təşviqat materiallarının qopardılması üçün xüsusi vəsaitin ayrılmasına ehtiyac olurdu.
104.6-cı maddə ilə seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi barədə cənab Prezidentin ötən parlament seçkilərindən əvvəl 2005-ci il sərəncamı ilə Mərkəzi Seçki Komissiyasına verdiyi tövsiyə indi Seçki Məcəlləsinə salınır, yəni qanunda öz əksini tapır. Yeri gəlmişkən, Venesiya Komissiyası tərəfindən bu düzəliş də müsbət qiymətləndirilmişdir. Həmin məsələ ilə bağlı da komissiyada fərqli fikirlər var idi. Bir daha vurğulayıram ki, biz istənilən şübhəni aradan qaldıran müddəalar ilə razılaşırıq.
Daha bir dəyişiklik yenə də Venesiya Komissiyası tərəfindən mühüm düzəliş kimi dəyərləndirilmişdir. Mövcud məcəllədə göstərilir ki, seçkilərin ilkin nəticələri səsvermə günündən başlayaraq ən geci 2 gün müddətində Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir. Təklif edilir ki, seçkilərin ilkin nəticələri dairə seçki komissiyası tərəfindən səsvermənin nəticələrinə dair protokollar Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra dərc edilsin.
109.1-ci maddə. 109.3-cü maddəyə görə əvvəlki variantda “24 saatdan gec olmayaraq” sözləri əvəzinə dairələr üzrə nəticələrin dərhal Mərkəzi Seçki Komissiyasına çatdırılması şərti qoyulur.
Məcəlləyə vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması prosedurunu tənzimləyən yeni bir 112-ci maddə də daxil edilmişdir. Bəzi müddətlərin – seçki bülletenlərinin dərc edilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi və sair üçün müddətlərin azaldılması bu işlərin daha səmərəli aparılması məqsədi ilə edilmişdir. Bundan əlavə, cənab Prezident tərəfindən 2007-ci ildə imzalanmış sərəncama uyğun olaraq bizim qanunvericilikdən “şərti maliyyə vahidi” sözləri mütləq məbləğdə göstərilən manat ilə əvəz olunur. Bir müddət əvvəl biz Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində bu düzəlişləri etmişdik. Təklif olunur ki, Seçki Məcəlləsindən də “şərti maliyyə vahidi” sözləri çıxarılsın.
Həm Prezident, həm də parlament seçkiləri zamanı namizədlərin seçki fondunun məbləğinin yuxarı həddi bir neçə dəfə artırılmışdır. Prezidentliyə namizəd üçün yuxarı hədd 10 milyon manat, deputatlığa namizəd 500 min manat həddində müəyyənləşdirilmişdir. Hesab edirəm ki, bu məbləğlər seçki kampaniyasının həm səviyyəli, həm də şəffaf keçirilməsindən ötrü mühümdür. Xüsusi olaraq vurğulamalıyam ki, bu məbləğlər yuxarı həddir və istənilən aşağı məbləğlə seçki fondunu təşkil etmək olar. Bu baxımdan depozitlə bağlı müzakirələr zamanı meydana çıxmış narazılıqlar da, məncə, əsassızdır.
Çıxışımın əvvəlində qeyd etdiyim kimi, Seçki Məcəlləsinə edilən bir sıra əlavə və dəyişikliklər qanunvericilikdə mövcud olan boşluqların doldurulması ilə bağlıdır. Onların üzərində də qısaca dayanmaq istəyirəm. İstintaq zamanı barələrində həbs qəti imkan tədbiri seçilən və ya inzibati qaydada saxlanılan vətəndaşların seçici siyahısına daxil edilməsi qaydası indiyə qədər mövcud deyildi, bu məsələ tənzimlənmirdi. İndi Seçki Məcəlləsinə bu məsələləri tənzimləyən yeni 47.51-ci maddə təklif olunur. Hərbi hissələrin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi qaydası göstərilmişdi. Amma belə bir qayda istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üçün müəyyən olunmamışdı. İndi bu qayda 46.6-cı maddədə müəyyənləşdirilir.
Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlərin məzmunu ilə bağlı məcəllədə müddəa yox idi. İndi 112.5-ci maddədə bu şikayətlərin nəyi əks etdirməsi dəqiq müəyyən edilmişdir.
Sonda qeyd etmək istəyirəm ki, bir sıra texniki dəqiqləşdirmələr də aparılmışdır. Ancaq bunlar xüsusi bir əhəmiyyət kəsb etmir. Ona görə də bu məsələ ilə bağlı vaxtınızı almaq istəmirəm.
Eyni zamanda, fürsətdən istifadə edib Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının bir təklifini də diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, Seçki Məcəlləsinin 8-ci maddəsi seçkilərin səsvermə gününə azı 120 gün qalmış elan edilməsi ilə bağlıdır. Biz bu müddətin 60 günə qədər azaldılması təklifi ilə çıxış etmişik. Bu təklifimiz beynəlxalq təcrübəyə əsaslanır. Artıq formalaşmış seçki praktikasını öyrənərək belə bir təkliflə çıxış etmişik. Komissiyada təmsil olunan siyasi partiyaların üzvləri bu məsələ ilə bağlı eyni fikirdədirlər. Mən də komissiya sədri kimi qeyd etmək istəyirəm, beynəlxalq təcrübə göstərir ki, əksər ölkələrdə müddətlər təxminən 45–90 gün həndəvərindədir. Misal üçün, Rumıniyanın Prezident seçkiləri haqqında qanununda bu müddət 45 gündür. Qonşu Gürcüstanın Seçki Məcəlləsində 60 gün, Macarıstanın Seçkilər proseduru haqqında qanununda 72 gün göstərilir. Bir sıra ölkələrdə, misal üçün, Rusiyada 90 gün müəyyənləşdirilib. Amma baxmayaraq ki, ölkənin ərazisi böyükdür, orada bu müddət ərzində həm parlament, həm də Prezident seçkiləri keçirilməsinə qanunvericilik imkan verir.
Amma birmənalı vurğulamaq istəyirəm ki, əgər seçkiləri həyata keçirən orqan peşəkarcasına işləyirsə, onda müddətin qısaldılması ilə bağlı hansısa ciddi irad olmamalıdır. Son illər ərzində Azərbaycanın seçki komissiyaları, xüsusən də dairə seçki komissiyaları müasir standartlara cavab verən binalarla və ləvazimatlarla təchiz edilmişdir. Seçkilərin daha qısa zaman çərçivəsində həyata keçirilməsi artıq mümkündür. Sual oluna bilər ki, nə üçün 2003-cü ildə belə bir müddəa nəzərdə tutulmamışdı? Hamınız bilirsiniz ki, o zaman biz ilk dəfə olaraq peşəkar seçki komissiyalarının formalaşdırılması mərhələsindəydik. Keçid mərhələsindən ötrü daha uzun bir müddət nəzərdə tutulurdu. Amma dediyim faktları, yəni həm beynəlxalq təcrübəni, həm də Azərbaycanda seçki administrasiyasını nəzərə alaraq düşünürəm ki, həmkarlarımız bizim bu təklifi dəstəkləyəcəklər.
Son olaraq bir daha vurğulamaq istəyirəm ki, cənab Prezident tərəfindən təklif olunmuş Seçki Məcəlləsinə əlavə və dəyişikliklər seçkilərin daha şəffaf, dəqiq və demokratik keçirilməsindən ötrü çox mühüm bir hüquqi baza rolunu oynayır və sizlərdən bu qanun layihəsinə səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Müzakirələrə başlamazdan qabaq nəzərinizə çatdırım ki, bugünkü iclasımızda Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və IFES-in nümayəndəsi Den Blesinkton iştirak edirlər. Lazım olanda onlar da müzakirələrdə iştirak edə bilərlər. Müzakirələrə başlayırıq. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də xeyli müddətdir həm siyasi partiyaları, həm də cəmiyyəti narahat edən və onların böyük səbirsizliklə gözlədikləri Seçki Məcəlləsini müzakirəyə çıxardığınıza və bu barədə fikirlərimizi bildirmək üçün şərait yaratdığınıza görə minnətdaram. Hesab edirəm ki, 2008-ci il Prezident seçkilərinin nə dərəcədə demokratik keçirilməsi üçün şəraitin yaradılması məhz bugünkü parlamentdən çox asılıdır.
Mən Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər haqqında fikrimi bildirmək istəyirəm. Təklif olunan layihədə texniki xarakterli dəyişikliklərlə yanaşı, müsbət mənada dəyişikliklər də var. Mən bu dəyişikliklərin müsbət tərəflərinə toxunmaq istəmirəm. Amma mənfi tərəflərinə toxunacağam. Ona görə ki, məhz mənfi tərəfləri, əsasən, seçiciləri və siyasi partiyaları narahat edir. Müsbət dəyişikliklər haqqında isə sonda qısaca olaraq fikrimi bildirəcəyəm.
Seçki Məcəlləsinin 25.2.23-cü maddəsində exit-poll keçirən təşkilatların akkreditasiyasının Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilməsi ilə bağlı əlavə olunub. Bu düzəliş, hesab edirəm ki, doğru deyil. Exit-poll keçirən təşkilatlar seçkiləri müşahidə edirlər. Onlar seçki prosesindən kənardadırlar və kənarda olduqlarına görə də Mərkəzi Seçki Komissiyasında akkreditasiya olunmamalıdırlar. Exit-poll sosioloji sorğular qisminə aid olmalıdır. Bu təşkilatların Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata götürülməsinə yol vermək olmaz. Bu, məhdudlaşdırıcı bir elementdir.
Seçki Məcəlləsinin 60.5-ci maddəsinə namizədin qeydiyyat depozitini məhdudlaşdıran bənd əlavə olunub. Mən buna da ciddi şəkildə etiraz edirəm. 60.5-ci maddədə namizədin qeydiyyat depozitinə qarşı ciddi maneə var.
Seçki Məcəlləsinin 77.1-ci maddəsində dövlət teleradio təşkilatlarında seçkiqabağı təbliğat qadağan edilir. Bir sıra hallarda hesab edirlər ki, seçkiqabağı təşviqat ictimai televiziya vasitəsi ilə həyata keçirilməlidir. Əvvəla, ictimai televiziyanın və dövlət televiziyasının texniki imkanlarını nəzərə almaq lazımdır. Dövlət televiziyası 24 ötürücü ilə ötürülür, İctimai televiziya isə cəmi 4 ötürücü ilə. Bu ötürücü fərqi Azərbaycanın coğrafiyasını bütövlükdə əhatə etmir. Bu, əslində, seçicilərin hüquqlarını tapdalamaqdır. Hazırda dövlət televiziyası qapalı tipli səhmdar cəmiyyətə çevrilib. Dövlət büdcəsindən bu qədər vəsait ayrılırsa, büdcədən maliyyələşdirilən təşkilat kimi respublikada seçki prosesinə müdaxilə edən tərəflərin hər birinə şərait yaratmaq lazımdır.
Bununla bağlı mən Venesiya Komissiyasının rəyini də diqqətinizə çatdırmaq istərdim. Venesiya Komissiyasının rəyində də aydın göstərilir ki, bu düzəliş seçki günü seçim etmək üçün lazımi məlumata malik olmaq nöqteyi-nəzərindən çox vacib bir məsələdir. Seçki ilə əlaqədar informasiyanın və siyasi baxışların seçicilərə çatdırılması imkanlarını məhdudlaşdıracaq bu düzəliş müsbət hesab edilə bilməz. Bu, Venesiya Komissiyasının 2008-ci il martın 14–15-də keçirilən 74-cü plenar sessiyasında təsdiq edilmişdir. Dövlət televiziyasının imkanlarının geniş, İctimai televiziyanın isə yayım imkanlarının məhdud olması mahiyyət etibarilə təkcə namizədlərin hüquqlarını tapdalamayacaq, həm də seçicilərin informasiya almaq hüquqlarını ciddi şəkildə pozacaqdır. Bu dəyişiklik olmamalıdır, seçkiqabağı təşviqat İctimai televiziya ilə yox, yenə də Dövlət televiziyası tərəfindən aparılmalıdır. Əgər dövlət tərəfindən maliyyələşdirilirsə, seçkilərdə iştirak edən tərəflərin hamısını...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 10 dəqiqə, 2 gün müzakirə olduğuna görə.
İ. Ağazadə. Bu dəyişikliyi də təqdir etmirəm. Seçki Məcəlləsinin 87.7-ci maddəsində “Seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda, digər obyektlərdə yerləşdirilməsi qadağandır” kimi müddəa verilib. Burada göstərilir ki, həmin materiallar otaqların içərisinə, qapalı yerlərə və sair yapışdırılır. Dəlil səsləndi ki, gözəl, yaraşıqlı, ornamentli, tarixi binalarımızın üzərindən bu şəkillərin təmizlənməsi üçün əlavə vəsait ayırmaq lazımdır. Təşviqatı bu şəkildə məhdudlaşdırmaq olmaz. Bakı şəhərinin, məsələn, Səbail rayonu ərazisindəki 3–5 tarixi binanın siyahısını çıxarıb vermək olar. Amma Bakıda Səbail rayonunun ərazisi istisna olmaqla hansı tarixi binalar var? Əhmədlidə və ya Sabunçu rayonunun kəndlərində tarixi binalar var? Oralara yapışdırmağı qadağan edəcəklər? Deyir, get, otaqlarda yapışdır? Kimin evinə gedib yapışdıraq həmin şəkilləri? Bu məsələlərdə ciddi bir mövqe bildirmək lazımdır.
Bəli, İçərişəhər tarixi abidə hesab olunur, belə abidələrin üzərinə yapışdırmaq olmaz. Əsrin əvvəllərində Bakı şəhərində tikilmiş abidələrin, dövlət əhəmiyyətli binaların – Prezident Aparatının, Nazirlər Kabinetinin, Milli Məclisin binalarına olmaz. Otaqlarda kim oxuyacaq və kim icazə verir, onun evinin içərisində seçki materialları yapışdırılsın? Yaxud da məktəb binalarının üzərinə necə yapışdırılacaq? Biz bilmirik, məktəblərin binalarına hansı təşviqat materiallarını yapışdırmaq mümkün olacaq? Bu məsələni normal tənzimləmək lazımdır. Tarixi, inzibati binalar istisna edilmək şərti ilə təşviqat materiallarını hər yerə yapışdırmaq bu qanunla ziddiyyət təşkil etməməlidir. Bu da namizədlərin hüquqlarının məhdudlaşdırılması xarakteri daşıyır.
Seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi məsələsinin Seçki Məcəlləsinə salınmasını təqdir edirəm. Amma bununla yanaşı, bir başqa təklifimin də reallaşdırılmasını istərdim. Mən istəməzdim ki, seçicilərin barmaqları şəffaf mürəkkəblə işarələnsin. Mən xahiş və hesab edirəm ki, təklifim müzakirə olunmalıdır. Seçicilərin barmaqları şəffaf mürəkkəblə yox, görünən mürəkkəblə işarələnməlidir. Əgər vəsaitin çox xərclənməsindən danışılırsa, bu halda ultrabənövşəyi lampadan istifadəyə ehtiyac olmayacaqdır. Həmin mürəkkəb bir gün müddətində barmaqdan getməyəcək. Azərbaycan dövlətinin taleyüklü məsələsi – seçkilər və ölkənin idarə olunması məsələsi ilə bağlı mürəkkəbi bir gün barmaqda gəzdirməyə heç kim etiraz etməz. Azərbaycan seçiciləri bunun əleyhinə də getməzlər. Ona görə də açıq mürəkkəbdən istifadə olunmasına tərəfdaram.
Seçki Məcəlləsinin 113.1-ci maddəsinə edilən mənfi dəyişikliyi qiymətləndirirəm. Namizədin qeydiyyatının ləğvi seçki komissiyasına həvalə edilir. Yadınızdadırsa, biz burada qaz, işıq pulunun ödənilməməsi ilə bağlı qanuna müəyyən dəyişikliklər etdik. İnzibati Xətalar Məcəlləsində qaz, işıq pulunu ödəməyənlərlə bağlı məhkəməyə müraciət etmək və məhkəməyə həmin şəxslər haqqında qərar çıxarmaq səlahiyyəti verdik. Tutaq ki, mən seçki dönəmində qaz pulunu verməmişəm və qazdan qanunsuz istifadə etmişəm. İnzibati Xətalar Məcəlləsinin konkret maddəsi ilə mənim haqqımda məhkəmə qərar çıxarıbsa, mənim namizədliyimi ləğv edə bilərlərmi? Bu səlahiyyət komissiyaya verilir və komissiya da bu cür dəyişiklikləri Milli Məclisin iclasına çıxarır. Bu da çox yersiz bir dəyişiklikdir və çıxarılmalıdır.
Bundan başqa, Seçki Məcəlləsinin 191-ci maddəsində prezidentliyə namizədin seçki fondunun yuxarı həddinin 10 milyon manat müəyyən olunması, amma deputatlığa namizədin seçki fondunun yuxarı həddinin 500 minə yüksəldilməsi depozitlə bağlı çox ciddi problemləri üzə çıxarır. Digər maddədə göstərilir ki, seçki fondunun yuxarı həddinin 3 faizi miqdarında depozit qoyulmalıdır. Belə çıxır ki, 300 min manat depozit qoyulmalıdır? Bu gün onsuz da siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilmir. Namizədlərin böyük əksəriyyəti siyasi partiyalardan olduğuna görə, bunun da qayğısına qalmaq lazımdır ki, hansı şəkildə depozit ödənilir? Çox təəssüf ki, bunların heç birinə Venesiya Komissiyası müsbət rəy verməyib. Hərbi hissələrdə də ciddi şəkildə səsvermənin təşkilini şəffaf həyata keçirmək lazımdır və bu da...
Sədrlik edən. İqbal müəllim, vaxt qurtardı. Mən hesab edirəm ki, Əli müəllim bu sualların çoxuna cavab verəcək. 87.6-cı maddədə yazılıb ki, müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları dairə seçki komissiyasına səsvermə gününə 30 gün qalmış yer verirlər. Bunlar yazılıb, baxmaq lazımdır. Depozitin yuxarı həddi göstərilir. 300 min qoyma, 50 min qoy. Qanun yuxarı həddi müəyyən edir. İqbal müəllim, əvvəl dediniz ki, bu əlavə və dəyişikliklərin müsbət cəhətləri də var. Heç müsbət cəhətlərdən bir şey demədiniz. Müsbət cəhətlər haqqında heç nə eşitmədim. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən İqbal Ağazadədən fərli olaraq müsbət məqamların üzərində dayanıb, sonra müəyyən tənqidi qeydlərimi diqqətinizə çatdıracağam. Hər şeydən əvvəl demək istərdim ki, konseptual baxımdan təqdim edilmiş qanun layihəsinin fəlsəfəsi Seçki Məcəlləsinin təkmilləşməsinə xidmət edir. Qanunsuz müdaxilənin qadağan edilməsi, seçki prosesinə qanunsuz müdaxiləyə görə Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb edilməsi, zərflərin ləğvi, kütləvi informasiya vasitələri ilə təbliğata qadağa qoyulması, seçicilərin adlarının dəqiqləşdirilməsi səlahiyyətlərinin məntəqə seçki komissiyalarına verilməsini, seçkilərin nəticələrinin dərhal müvafiq yuxarı təşkilatlara ötürülməsini və dərc edilməsini, exit-poll keçirən təşkilatların Mərkəzi Seçki Komissiyasında qeydə alınmasını ciddi dəyişikliklər hesab edirəm.
Əli müəllimin də qanun layihəsini təqdim edərkən söylədiyi kimi, biz bu məsələni komissiyada iki dəfə müzakirə etmişik. Komissiya üzvlərindən bir neçəsi, mənim özüm də seçki kampaniyası müddətinin azaldılmasının tərəfdarları kimi çıxış etmişik. Bununla bağlı fikirlərimi kütləvi informasiya vasitələrində arqumentləşdirmişəm. Mən bu fikirləri söyləyərkən ilk növbədə dünya təcrübəsini nəzərə almışam. Bir deputat olaraq seçki kampaniyasında həmin müddətin kifayət qədər çox olmasını əsas gətirərək, təcrübədə bunun ağırlığını dərk edərək təklif irəli sürmüşəm ki, seçki kampaniyasının müddəti 60 günə endirilsin. Bu 60 günü də iki hissəyə bölmək olar. Bunun bir ayı, yəni 30 günü imza toplanmasına, imzaların yoxlanılmasına, namizədlərin qeydə alınmasına və 30 günü isə təbliğat və təşviqata sərf oluna bilər. Bu bölgü Azərbaycan kimi ərazisi çox da böyük olmayan bir ölkə üçün kifayət edər. Bu çox optimal bir variantdır.
İkincisi, depozitin miqdarı indiki durumda siyasi partiyalar üçün, doğrudan da, problem yaradır. Ona görə də fondun depozitə ayrılan hissəsinin 3 faizdən 1 faizə endirilməsi normal yanaşma olardı. Ola bilsin ki, bu həm Prezident, həm də parlament seçkilərində iştirak edənlər üçün müəyyən imkanlar yaradardı. Depozit və seçki fondu ilə bağlı Seçki Məcəlləsində ciddi dəqiqləşdirmə aparmaq lazımdır ki, ortada anlaşılmazlıq əmələ gəlməsin. Bizim komissiyada bu məsələ müzakirə olunan zaman Qüdrət müəllim təklif verdi, həmin təklifə mən də qoşuluram. Lakin müəllifi o olduğu üçün həmin məsələnin üstündə dayanmıram. Mərkəzi Seçki Komissiyası Aparatında, bizdə olan məlumatlara görə, əmək haqqı çox aşağıdır. Bunun da üzərində dayanmaq, düşünmək və onların maaşlarını artırmaq problem deyil.
Bir halda ki Azərbaycanın büdcəsi, maddi imkanları əsas verir, bunu etmək olar. Məntəqə və dairə seçki komissiyalarının daim fəaliyyət göstərməsi üçün artıq onların binaları, texniki imkanları vardır. Bunları Prezident, parlament, bələdiyyə seçkiləri ərəfəsində fəaliyyət göstərən bir qurumdan daimi fəaliyyət göstərən qurumlara çevirmək daha məqsədəuyğun olardı, çünki gələcəkdə seçki komissiyalarının bütün vəsilələri peşəkar olmalıdır və həmin peşəkarlığın da əsasını indidən qoymaq lazımdır. Bunun da vacib şərtlərindən biri həmin komissiyaların əməkdaşlarının daimi olaraq orada işləmələri və əmək haqqı ilə təmin olunmalarıdır.
İstər komissiyanın yığıncağında, istərsə də Seçki Məcəlləsi ilə bağlı kütləvi informasiya vasitələrində gedən diskussiyaların başlıca mübahisəli məqamlarından biri də paritet məsələsidir. Bununla bağlı həm komissiyanın yığıncağında, həm də kütləvi informasiya vasitələrində biz öz fikirlərimizi ifadə etmişik. Bir daha qeyd etmək istəyirəm ki, ola bilsin, məndən sonra hörmətli həmkarlarımız, müxalifətdən olan deputatlar bununla bağlı çıxışlar edəcəklər. Lakin bəri başdan öz fikirlərimi qısaca olaraq əsaslandırmaq istəyirəm. Belə bir iddia ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən dörd partiya çıxış edir. Müsavat Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Demokrat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası. Nəzərə alsaq ki, bu gün Azərbaycanda 50 partiya var və bunlardan təxminən on beşi Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər fəal iştirak edir, ictimai fikrin formalaşmasında özünəməxsus rol oynayır, onda sual olunur: bu dörd partiyaya kim haqq verib ki, digər partiyaların hüquqlarını məhdudlaşdırsın və onların hüquqlarını mənimsəsin? Niyə imkan vermirsiniz ki, bunlar da seçki komissiyalarında iştirak etsinlər?
Digər tərəfdən, vacib dəlillərdən biri ondan ibarətdir ki, bu gün iqtidarla həmin partiyalar arasında bir paritet, balans, tarazlıq yoxdur. Əgər bunların heç biri yoxdursa, onda nəyə görə həmin partiyalar ortalığa qoyulmalıdır? Onların komissiyaya təqdim etdikləri təkliflərə də baxdıq. Müsavat Partiyası 7 təklif irəli sürür. Bunun üçün anlayış xarakteri daşıyır. Hakim partiya, müxalifət partiya nə deməkdir? Qalan dördü isə seçki komissiyalarının paritet şəklində formalaşdırılmasına həsr olunur. Budur onların təklifləri. Ancaq təqdim edilmiş layihədə 75-dən yuxarı həm texniki, həm də fundamental xarakter daşıyan dəyişikliklər mövcuddur.
Mən hörmətli millət vəkillərinə, həm də müxalifətdən olan həmkarlarıma üz tutardım, baş aparan, adamı iyrəndirən, digər partiyaların hüquqlarını mənimsəməyə xidmət edən paritet məsələsindən əl çəksinlər. Biz də bunun tərəfdarıyıq ki, gələcəkdə Azərbaycanda bitərəf insanlardan ibarət peşəkar seçki komissiyaları formalaşdırılsın, çünki komissiyalarda siyasi partiyaların təmsilçiləri varsa, orada subyektiv məqamlar ola bilər. Əgər seçki komissiyaları bitərəfdən təşkil olunarsa, düşünürəm ki, ən müxtəlif korporativ maraqlara xidmət edən təhlillərə də yer qalmaz. Mən təqdim edilmiş qanun layihəsini konseptual baxımdan müsbət qiymətləndirirəm, işçi qrupundan xahiş edirəm ki, mənim söylədiyim tənqidi qeydləri də nəzərə alsın.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, mən birinci növbədə qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Seçki Məcəlləsi ətrafında mediada və ictimaiyyətdə aparılan müzakirələrdə daha çox istinad olunan hədəflərdən biri beynəlxalq qanunvericilik bazasıdır, beynəlxalq seçki sistemlərindəki hazır modellərdir. Bu mənada hazır standartlar mövcud deyil ki, hər hansı ölkəyə bunu təqdim edəsən və onların maddələrinin də vahidliyini götürəsən. Hər bir ölkə özünəməxsus yol keçib, onun tarixi var, siyasi sistemləri də, idarəetmə quruluşları da fərqlidir. Həmin prinsipləri “Avropa seçki irsi” adlı bu sənəddə Avropa Şurasının Bakı ofisi tərtib eləyir, mən bunu özümlə götürmüşəm. Çox istərdim ki, Azərbaycanı beynəlxalq rəylərlə hədələyənlər bunu unutmasınlar. Burada yalnız seçkilərin ümumi, bərabər, azad, gizli və birbaşa, yəni 5 prinsip əsasında keçirilməsinin qanunvericilik bazasının formalaşmasından bəhs olunur. Bu mənada Seçki Məcəlləsi həmin prinsiplərin hər birini özündə ehtiva edir.
Digər tərəfdən, Avropa Şurasının Venesiya Komissiyasının verdiyi rəylə bağlı xeyli spekulyativ mövqelər var. Guya Azərbaycan tərəfi onları aldatmaq mövqeyini seçib, Avropa Şurasının qarşıdakı assambleyasında bununla bağlı ciddi sanksiya və sair ilə çıxış edəcəklər. Bunların heç birinin əsası yoxdur. Birinci, ona görə ki, Azərbaycanda qanunvericilik iradəsi parlamentin səlahiyyətindədir. Bu, Avropa Şurasının, yaxud hər hansı bir əcnəbi şəxsin iradəsinin məhsulu deyil. Elə olsaydı, onda biz niyə seçilmişik, niyə fəaliyyət göstəririk? Hesab edirəm ki, tövsiyə xarakterli təkliflər söylənə bilər, amma Azərbaycanda demokratiyanın taleyini 3 nəfər həll etmir, Azərbaycandakı vəziyyətlə bağlı bu cür rəylər vermək, ultimativ mövqelər göstərmək və Azərbaycanın daxili siyasi prosesini asılı vəziyyətə salmaq cəhdinin bir adı yoxdur. Onda Azərbaycanın müstəqilliyi anlamı olmazdı.
Cənab Ərdoğanın çox xoşladığım bir sözü var. O deyir: “Biz Türkiyənin siyasi elitası olaraq çalışmalıyıq ki, öz siyasi gündəliyimizi özümüz formalaşdıraq”. Mənə elə gəlir ki, Azərbaycanda müstəqillik sevən hər bir şəxs də bu mövqeyi əsas götürməlidir. Əslində, bu təkliflərə müxalifət təmsilçilərinin qarşı çıxması, – komissiyada da dedim, – o deməkdir ki, onlar Avropa Şurasının Venesiya Komissiyasının verdiyi rəyin əleyhinədirlər. Çox istərdim ki, onların buradakı təmsilçiləri bu məsələyə aydınlıq gətirsinlər. Ötən dəfə tərcümə səhv gedibsə, bir daha dəqiqləşdirsinlər və müxalifət nümayəndələrinin bu məsələ ilə bağlı Avropa qurumlarının rəyinin əleyhinə olduqlarını desinlər. Görünür, bitərəflər də, hakim partiyanın təmsilçiləri də bu məsələdə Avropa Şurası ilə normal əməkdaşlıq mövqeyi seçiblər. Bunu qəbul edirlər, müxalifət isə qəbul etmir. Mən çox istərdim, belə də yazılsın.
Cənab Sədr, ayrı-ayrı məsələlər üzərində dayanmaq gərəkdirsə, birinci olaraq, dünən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycan hakimiyyətinə etdiyi təklifdən danışmaq lazımdır. Büro təklif etmişdi ki, paritet məsələsinə nail olmağa çalışsınlar. Mənə elə gəlir ki, hətta bu qanunvericilikdə nələr dəyişsə belə, guya paritetlə bağlı məsələlərə nail olunmasa... Rəylər bəri başdan bəllidir, onlar, sadəcə, seçkiləri gözləyəcəklər.
Dəfələrlə bu məsələ ilə bağlı mövqe ortalığa qoyulub. Deyilib ki, 2000-ci ilin praktikası, yəni onların nümayəndə göndərməmək praktikası var və Jeraş Dudman onlara adbaad müraciət etmişdi. 2003-cü il praktikası var. Ulu öndərin səhhətində yaranmış problemdən sonra hakim partiya ulu öndərin namizədliyinin geri götürülməsi və cənab İlham Əliyevin namizədliyinin  qeydə alınması müraciəti ilə çıxış etdi. Onda müxalifətdən olan komissiya üzvləri bunun əleyhinə çıxmışdılar. Ötən dövrlər ərzində müxalifət komissiyada normal iradə və mövqe göstərsə, ədaləti tanısa idi, bizim onlara inamımız olardı və deyərdik ki, buyurun, pariteti təmin eləyin. Yəni seçki prosesini komissiya üzvlərindən asılı vəziyyətə salmaq, xalqın iradəsini kənara qoymaq “komissiyalar imzalamadılar, demək, seçkilərin nəticəsi yoxdur” kimi təhlükəli bir perspektivə meydan aça bilər.
Digər tərəfdən, cəmiyyətdə mövcud olan və mövcud olmayan siyasi spektri komissiyalara daşımaq olmaz. İndi cəmiyyətdə mövcud olan spektr budur. Müxalifətin gücü varsa, cəmiyyətdə rəyi öz tərəfinə dəyişsin, təşkilatlansın, qüvvətlənsin. Onda komissiyalardakı format öz-özünə dəyişmiş olar. Müxalifətdə də belə bir güc yoxdur. Mən keçən dəfə dedim, Azərbaycanda total bir müşahidəçilik var, yəni namizəd bir səlahiyyətli nümayəndə, müşahidəçi verə bilir, bir də maraqlı dairələrin müşahidəçisi var. Buna görə komissiyanın 6 üzvünün rəyi artıq bir çox mənalarda həlledici xarakter daşımır. Exit-polla bağlı deyilir ki, alternativ səs saymanı hakimiyyət mərkəzləşdirmək istəyir. MSK bunu niyə qeydə almalıdır? Başa düşmürəm, necə olmalıdır? Onda belə çıxır ki, istənilən bir qurum gəlib məntəqələrin qabağında dayanıb səsləri sayacaq? Səsvermə qurtarmamış nəticə elan edəcək və bu da nəticə kimi götürüləcək? Belə olmur, hər halda MSK-da qeydə alınmalıdır. Bu isə onu MSK-dan asılı vəziyyətə salmaq deyil. Kimi istəyirəm qeydə alıram, kimi istəyirəm qeydə almıram mənası daşımır. Mənə elə gəlir ki, bu, sadəcə, qeydiyyatdır.
Müddətlə bağlı məsələlərə toxunuldu. Cənab Sədr, guya seçkiqabağı təşviqat müddətinin daha çox olması yanlış olaraq cəmiyyətə demokratiya göstəricisi kimi ötürülür. Tamamilə cəfəngiyatdır. Mən onlarla ölkənin praktikasını göstərə bilərəm. Məsələn, Yaponiyada təbliğat, təşviqat üçün cəmi 14 gün ayrılır. Hesabınızı götürün ki, bütövlükdə kampaniyanın müddəti nə qədərdir? Namizədlərə bir dəfə cəmi 3 dəqiqə çıxış etmək hüququ verilir. Sən rəqibinin əleyhinə danışa bilməzsən.
Yeri gəlmişkən deyim ki, cənab Sədr, bizim qanunvericilik MDB məkanında ən liberal, yumşaq, namizədlərin xeyrinə olan qanundur. İmzaların sayı kifayət qədər aşağı endirilib. Bir sıra digər prosedurlarda da vəziyyət bu cürdür. Nədən bunlardan danışılmır? Mən öz-özümə belə bir rəqəm çıxarmışam. Dünyada əhalinin hər 50 nəfərinə düşən seçki kampaniyasının müddəti 28 gündür. Mən Rusiyanı misal gətirmirəm, deyəcəklər ki, Rusiya qeyri-demokratik ölkədir. MDB məkanında 23–25 gündən artıq yoxdur, Avropa da bunun kimi. ATƏT-in yerli ofisinin rəhbəri də açıqlama verib ki, müddətlə bağlı bizim bir iradımız olmayıb. Bunu Azərbaycan hakimiyyəti, parlamentarilər istədikləri kimi müəyyənləşdirə bilərlər.
Sizinlə söhbətlər oldu, sizin də mövqeyiniz bəllidir ki, komissiya üzvlərinin müstəqilliyinin təminatı üçün onların daimi əsaslarla fəaliyyət göstərməsi çox önəmlidir. 2003-cü ildə elə bir təşəbbüs olmuşdu. O vaxt Baş nazir olan cənab İlham Əliyevdən belə təşəbbüslər daxil oldu, hətta 6 milyon manata yaxın vəsait də ayrılmışdı. Sonradan nədənsə bu məsələ gündəmdən çıxarıldı. Mövsümi işçilər peşəkar ola bilməzlər. Fəzail müəllim təklif verdi. MSK-nın Aparatı seçki yükünü çiynində daşıyır. Mən istərdim ki, onların maaşları da nəzərə alınsın.
Seçki fondu ilə bağlı, cənab Sədr, yeni müddəa 500 dollarlıq, 300 dollarlıq namizədlərin peyda olunmasına imkan verəcək. Hər bir namizədin müəyyənləşdirdiyi fondun yalnız 3 faizi depozit qoyulur. Mən deyirəm ki, mənim fondum cəmi 20 min dollar olacaq. Bunun 3 faizi 600 dollar edir. 600 dollar depozit qoyuram, iki imza toplamıram. Bu depozitlə də seçki marafonunda iştirak edirəm. Mən təklif edirəm ki, depozitin aşağı həddi olsun. Əks halda bizim məşhur tamaşalarda olduğu kimi, 3 manatlıq namizədlər də ortalığa çıxa bilərlər.
Cənab Sədr, mən təklif edirəm ki, məcburi səsvermə olsun. Türkiyədə olduğu kimi, seçkilərə gəlməyən vətəndaş müəyyən sosial sanksiyalara məruz qalsın. Bəlkə də 2015–2020-ci illərdən sonra indiki varianta qayıtmaq olar. Bu, əhalinin seçkilərdə fəal iştirakını təmin edər və qətiyyən demokratiyanın əleyhinə deyil. Mən hesab edirəm ki, seçki majoritar gedir, sistem majoritardır. 60 dairədə namizədliyi qeydə alınmış partiyaya hüquq verilir ki, ekrandan təbliğat hüququ əldə eləsin. Bu yenə də digər namizədlərin hüquqlarının pozulması deməkdir. Ya sistem kampaniyanın xarakterinə uyğun olmalıdır, ya da əksinə. Amma bizdə əksinə etmək üçün gərək Konstitusiyanı dəyişək.
Nəhayət, cənab Sədr, mən hesab edirəm ki, cənab İlham Əliyevin qarşıdakı dönəm üçün halal, xalqın iradəsinə söykənən qələbəsinə, hər hansı bir pripiska niyyətində olan orta rəsmi məmur, nə komissiya üzvü, nə saxtakarlıq etmək istəyən, nə də özünü onun alternativi kimi göstərən qüvvələr mane ola bilər. İlham Əliyevin gücü bu qanunda deyil, xalqdadır, söykəndiyi siyasi kursdadır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mənim bir xahişim olacaq. Biz Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə baxırıq. Hərdən qəzetlərdə çıxan bəzi məsələləri gündəmə gətiririk. Seçki komissiyalarının paritet əsasda olması məsələsi. Dövlət komissiyası var, işləyir, layihəni müzakirəmizə çıxarıblar. Bizim qəzetlərdəki məsələni gündəmə gətirməyimiz, hesab edirəm, düzgün deyil. Əli Əhmədov buyursun.
Ə. Əhmədov. Çox sağ olun, hörmətli Oqtay müəllim. Hesab edirəm ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər Azərbaycanda bir tərəfdən seçki praktikasının daha da təkmilləşdirilməsinə xidmət göstərir, ikinci tərəfdən ölkəmizdə seçkilərin daha ədalətli, şəffaf keçirilməsi üçün əlavə təminatlar yaradır.
Mən burada səsləndirilən bir neçə mülahizə ilə əlaqədar öz təklifimi, dəlillərimi səsləndirmək istəyirəm, sonra digər məsələlərlə əlaqədar da münasibətimi bildirəcəyəm. Yeni Azərbaycan Partiyası olaraq biz də seçkilər üçün nəzərdə tutulmuş 120 gün müddətin 60 günə endirilməsini təklif edirik və bizim bu təklifimiz partiya tərəfindən də dəstəklənir. Güman edirəm ki, Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil eləyən çoxluq tərəfindən də dəstəklənən bu təklif, sadəcə olaraq, bizim subyektiv istəklərimizin nəticəsi deyil, çox ciddi dəlillərə söykənir.
Birincisi, seçkilərin 4 və ya 2 ayda keçirilməsi seçkilərin demokratikliyinə bilavasitə təsir göstərən amil deyildir. Azərbaycan kimi kiçik bir ölkədə seçkilərin 4 ay müddətində keçirilməsi əhəmiyyətli dərəcədə dövlət vəsaitlərinin xərclənməsinə gətirib çıxarır. Azərbaycanda, nəzərinizə çatdırmaq istəyirəm ki, 5000-dən çox məntəqə fəaliyyət göstərir. Bu məntəqələrin hər birində 6 adam olmaq etibarilə 30 mindən yuxarı insan 4 ay ərzində müəyyən məvacib alır. Bunu da biz 4 aydan 2 aya endirməklə əhəmiyyətli dərəcədə dövlət vəsaitinə qənaət edilməsinə köməklik göstərmiş oluruq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda seçkilər fövqəladə hallarda keçirilmir. Bu, adi həyat təcrübəsidir. Azərbaycanda hər 5 ildən bir 3 dəfə seçkilər keçirilir. Bütün bunların hamısını nəzərə aldıqda həmin vəsaitin əhəmiyyətli vəsait olduğu qənaətinə gəlirik.
İkincisi, partiya olaraq biz məsrəflərimizin də qənaət edilməsi mülahizəsindən çıxış edirik. Hər bir partiya seçki kampaniyasının keçirilməsinə əhəmiyyətli dərəcədə vəsait sərf edir. Bu vəsaitin 4 ay əvəzinə 2 ay müddətində xərclənməsinin arasında ən azından iki dəfə fərq var. Hər bir partiyanın seçkilərin lazımi səviyyədə keçirilməsi üçün müəyyən vəsait xərcləməsi tələb olunur. Partiya vəsaitlərinə qənaət etmək nöqteyi-nəzərindən seçkilərin müddətinin seçkilərin demokratikliyinə heç bir təsir göstərmədən iki dəfə azaldılması məqsədəmüvafiqdir. Bu dəlili sizin diqqətinizə çatdırmaq istəyirəm.
Hər bir seçki kampaniyasının keçirilməsi üçün partiya özünün resurslarını, o cümlədən insani resurslarını səfərbər edir. Seçki kampaniyasının, Azərbaycanda 5000-dən yuxarı seçki məntəqəsinin olmasını nəzərə alaraq, layiqincə keçirilməsindən ötrü on minlərlə partiya fəalları bu işə cəlb olunmalıdırlar. Belə olan halda biz 4 ay müddətinə partiyanın fəallarını seçkilərə cəlb etməklə, tələbələri dərslərindən, bu və ya digər sahələrdə işləyənləri öz işlərindən ayırmış oluruq. Nəzərə alsaq ki, 5 il ərzində üç dəfə bu, təkrar olunur, demək, 5 il ərzində tələbələri dərsdən, işçiləri işdən ayırırıq. Güman edirəm ki, digər partiyalar da buna etiraz edə bilməzlər. Bizim partiya resurslarımızdan səmərəli istifadə edilməsi baxımından seçki kampaniyasının 4 aydan 2 aya, 120 gündən 60 günə endirilməsi məqsədəmüvafiq olardı.
Belə bir dəlili də səsləndirmək istəyirəm. İstəsəm də, istəməsəm də, hər bir seçki kampaniyası cəmiyyətdə xüsusi məqam yaradır. Bir yandan cəmiyyətin müxtəlif resursları seçki prosesinə bu və ya digər dərəcədə cəlb olunur. İkinci yandan seçki kampaniyasının, xüsusilə təşviqat dövrü ilə əlaqədar insanlar əhəmiyyətli dərəcədə həyəcanlanmış olurlar, bütövlükdə cəmiyyət həyəcanlı bir məqama gəlib çatır. Yenə də seçkinin demokratikliyinə heç bir xələl gətirmədən cəmiyyətin bu haldan çıxarılması nöqteyi-nəzərindən seçkinin 2 aylıq müddətə, 60 günə endirilməsi tamamilə məqsədəuyğun sayılır.
Nəhayət, burada səsləndirilən fikirlərə qoşularaq demək istəyirəm ki, təkliflərimiz beynəlxalq təcrübənin nəzərə alınmasına əsasən formalaşdırılıb. Biz xüsusi araşdırma aparmışıq, dünyanın elə bir ölkəsi yoxdur ki, orada seçki kampaniyası 4 ay keçirilsin. Nəzərə alaq ki, Azərbaycan əhalisinin sayına görə o qədər də böyük bir ölkə deyil. Əhalisinin sayına, ərazisinə görə də Azərbaycandan çox-çox böyük ölkələrdə seçki kampaniyası Azərbaycandakından xeyli az müddətdə həyata keçirilir. Bütün bunların hamısını nəzərə alaraq, bir də Yeni Azərbaycan Partiyasının və Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların iradəsini ifadə edərək bu təklifi dəstəkləyirik. Oqtay müəllim, Sizdən və müvafiq komissiyadan bu məsələnin qanunvericilik təşəbbüsü subyektinin diqqətinə çatdırılmasını xahiş edirik. Mən güman edirəm ki, parlament çoxluğu olaraq bizim irəli sürdüyümüz bu təklifin nəzərə alınması ehtimalı kifayət qədər böyükdür.
Hörmətli Oqtay müəllim, Seçki Məcəlləsinə təklif edilən bir sıra müddəaların, bayaq dediyim kimi, Azərbaycanda seçki praktikasının daha da təkmillləşdirilməsi, seçkilərin daha demokratik, ədalətli keçirilməsi üçün əlavə imkanlar yaradılmasını sübut etməyə ehtiyac yoxdur. Bu mənada məxsusi olaraq seçki zamanı yol verilə biləcək hüquq pozuntularının araşdırılması üçün xüsusi ekspert qruplarının yaradılmasını ayrıca vurğulamaq istəyirəm. Eyni zamanda, hüquq pozuntularının aradan qaldırılması üçün mexanizmlərin təkmilləşdirilməsini xüsusi olaraq vurğulamaq istəyirəm. Səsvermənin nəticələrinin daha tez elan olunması mexanizminin təklif edilməsini xüsusi vurğulamalıyıq. Bu da Azərbaycanda seçkilərin şəffaf, demokratik keçirilməsi üçün əlavə bir mexanizm hazırlayır.
Azərbaycanda seçki hüquqlarının, xüsusilə də aktiv seçki hüququnun bərpa edilməsi ilə əlaqədar burada nəzərdə tutulan məqamları mən xüsusi vurğulamaq istəyirəm. Artıq məndən əvvəl çıxış eləyən deputat həmkarlarımın bəziləri bunu ayrı-ayrı vətəndaşların seçki hüquqlarının pozulması cəhdi kimi səciyyələndirdi, əslində isə bu, vətəndaşların aktiv seçki hüququndan daha dolğun istifadə edilməsi üçün şərait yaradır. Seçki siyahılarına bu və ya digər səbəblərdən düşməmiş insanların çox sadə bir mexanizmlə seçki siyahılarına daxil olunması mexanizminin yaradılmasını mən müsbət qiymətləndirirəm.
Burada səsləndirilmiş bir neçə məsələyə, hesab eləyirəm ki, diqqət yetirməyə ehtiyac var. Bu da ondan ibarətdir ki, Azərbaycanda seçki təşviqatının aparılması ilə əlaqədar televiziyanın imkanlarından istifadə edilməsi ilə bağlı Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərdə bütövlükdə seçki kampaniyasının gedişinə heç bir xələl gətirməyən ictimai televiziya problematikasını vurğulamaq istəyirəm. Mən belə hesab eləyirəm ki, Azərbaycan İctimai televiziyasının yayım imkanları qapalı səhmdar cəmiyyətə çevrilmiş Azərbaycan Dövlət Televiziyasının imkanlarından heç də az deyildir, bu bir. İkincisi, seçki təşviqatının hansı televiziya kanalında aparılmasının, güman edirəm ki, elə bir əhəmiyyəti yoxdur. Hər iki televiziya təşkilatının Azərbaycan ərazisində yayımlanmaq imkanları eynidir. Belə olan halda seçki kampaniyasının təşviqat hissəsinin Azərbaycanın İctimai televiziyası vasitəsi ilə aparılmasına etiraz etməyə mən heç ehtiyac görmürəm.
Nəhayət, mən hesab eləyirəm ki, təşviqat materiallarının yerləşdirilməsi ilə əlaqədar irəliyə sürülən tənqidlər də ciddi dəlillərə söykənmir. Yenə də dünya təcrübəsinə istinad eləsək, görərik ki, dünyanın hər bir yerində seçki kampaniyası zamanı təşviqat materiallarının yerləşdirilməsi üçün xüsusi yerlər ayrılır. Bu, ən azından ona görə ədalətlidir ki, heç kim qabağa düşüb ən yaxşı görkəmli yeri özü zəbt eləməsin. Seçki materiallarının yerləşdirilməsi üçün hamı bərabər imkanlar yarada bilən yerlərlə təmin ediləcəkdir. Seçkilərə qatılmış bütün namizədlər öz seçki, təşviqat materiallarını bərabər şəkildə yerləşdirmək imkanına malik olacaqlar. Beləliklə də, birinin şəklinin digərinin şəklinin üstünə yapışdırılması kimi xoşagəlməz hallar bundan sonra, güman edirəm ki, təkrarlanmayacaqdır. Güman edirəm ki, bir neçə detalları digər hörmətli həmkarlarımız nəzərinizə çatdıracaqlar. Hesab etmək olar ki, Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün irəliyə sürülən bütün bu müddəalar, məqamlar kifayət qədər demokratikdir. Mən güman edirəm ki, parlamentin deputatları bu müddəaların dəstəklənməsi üçün səs verəcəklər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Ümumiyyətlə, müxalifət olaraq bizim mövqeyimiz ondan ibarətdir ki, Seçki Məcəlləsinə təqdim olunan əlavə və dəyişikliklərdə hansı dəyişikliklərin və əlavələrin olmasından daha mühümü nəyin olmamasıdır. Yaşadığımız dövrdə istər müxalifət, istər müstəqil ekspertlər, istərsə də beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə əsas məsələ kimi qəbul edilən seçki komissiyası məsələsi yoxdur. Bu fakt kifayətdir ki, təqdim olunan əlavə və dəyişikliklər məsələsinə nə cür münasibət göstərilir. Təkrar edirəm, Azərbaycanda azad, ədalətli, bərabər hüquqlu seçki məsələsinin bu qanun layihəsinə təklif olunan əlavə və dəyişikliklərin təmin etmədiyi barədə rəy verilməlidir.
Mən konkret olaraq indi əlavə və dəyişikliklərin üzərinə gəlmək istəyirəm. İkinci mühüm məsələ ondan ibarətdir ki, bu, yaxşı bir qanunun pisləşməsi deyil, əksinə, pis bir qanunun daha da pisləşməsidir. Belə ki, burada üçüncü bir mühüm məqam gəlir. Bu da qanun layihəsinin Prezident seçkiləri ərəfəsində müzakirəyə verilməsi ilə bağlıdır. Çünki 15 gündən sonra Prezident seçki kampaniyası başlamalıdır. Nəhayət, layihənin məhz Prezident seçkilərində hakimiyyətin namizədi olan cənab İlham Əliyev tərəfindən, yəni namizədlərdən biri tərəfindən irəli sürülməsidir. Namizədlərin biri tərəfindən seçkiyə 15 gün qalmış təklif olunan əlavə və dəyişikliklərin əsas məzmunu ondan ibarətdir ki, burada potensial rəqiblərin, opponentlərin, müxalifət namizədlərinin bərabər seçki hüququnu, bərabər seçki kampaniyası aparmaq, bərabər təbliğat aparmaq və bərabər təşviqatlanmaq hüququ olduqca məhdudlaşdırılır və faktiki olaraq, seçkilərdə onların iştirakını mənasız edir.
Konkret olaraq, mən dediklərimi əlavə və dəyişikliklərin üzərində əsaslandırmağa çalışıram. Teleradio verilişlərində, habelə dövlət və ictimai televiziyalarda təbliğat məsələsinə toxunuldu. Burada hamı bilir ki, birmənalı şəkildə iqtidarın nəzarəti altında olan və müxalifətin üzünə qapalı olan dövlət televiziyasında, heç olmasa, seçkilər müddətində müxalifət nümayəndələrinin iştirak eləməsi onların seçki təşviqatının səmərəliliyi üçün çox böyük əhəmiyyətə malikdir. Bu, 2005-ci il seçkilərinin də təcrübəsində özünü göstərdi. Dövlət televiziyasına qadağanın qoyulması da bununla bağlıdır. Özümüzü aldatmayaq və bir-birimizi də aldatmağa çalışmayaq.
İkinci məsələ də radio və televiziya məsələsi ilə bağlıdır. Xüsusən indiki təşviqat və təbliğatın əsas məsələsi olan televiziya məsələsini təkcə onunla məhdudlaşdırmaq lazım deyil. Burada kompleks halda üç dəyişiklik vardır. Həmin dəyişikliklərdən biri 81.11-ci maddəyə edilən dəyişiklikdir. Orada deyilir ki, efir vaxtı Reklam haqqında qanunvericiliyə uyğun olaraq ayrılır.
Hörmətli deputatlar, məndə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu var. Həmin qanunun 12-ci maddəsində yazılmışdır ki, radio və televiziyalarda, teleradio proqramlarında reklamın yayım qaydası müvafiq qanunvericiliklə tənzimlənir. Müvafiq qanunvericilik “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunudur. Həmin qanunda yazılmışdır ki, seçkilərdə siyasi reklam məsələsi Seçki Məcəlləsi ilə müəyyənləşdirilir.
Ümumiyyətlə, belə çıxır ki, bu əlavə və düzəlişi edənlər həmin qanunların heç birinə baxmamışlar və ilk baxışda mənasız görünən, amma əslində, olduqca məkrli bir məqsəd güdən düzəliş etmişlər. Bilirsinizmi, həmin məkrli məqsəd nədən ibarətdir? Ondan ibarətdir ki, “Reklam haqqında” Qanunda gizli reklama, haqsız reklama, ədalətsiz reklama ciddi şəkildə qadağalar, məhdudiyyətlər qoyan normalar və qaydalar vardır. Faktiki olaraq, məhz buna görə hətta indi sizin indiki iqtidarın hakimiyyəti dövründə seçki məsələsi, siyasi reklam məsələsi müzakirə edilərkən, deyək ki, hansısa spirtli içkinin reklamından fərqli olaraq mühüm bir məsələnin cəmiyyət üçün əhəmiyyətli olması, özünün məzmun və formasına görə fərqli olması nəzərə alınmış, hətta Seçki Məcəlləsində ifadə olunmuş və qüvvədə olan qanunvericilikdə norma halına salınmışdır.
İkinci məsələnin üzərində qayanmaq istəyirəm. Çünki bu da sadə məsələ deyildir. Mən bir daha təkrar edirəm, Azərbaycan Respublikasının bütün şəhər və kəndlərində, küçələrində, obyekt və binaların ətrafında builki Prezident seçkilərində namizəd olan İlham Əliyevin çox nəfis şəkildə, müasir texnikanın tələbləri səviyyəsində çap olunmuş portretləri, şəkilləri, habelə onun xeyrinə olan şüarlar vardır. Əgər belədirsə, yəni namizədlər üçün bina və obyektlərdə təşviqat aparılması qadağandırsa, onda cənab İlham Əliyev seçki kampaniyası dövründə istefa versin və onun bütün şəkilləri otaqlardan, küçələrdən, binalardan yığışdırılsın. O halda biz bərabər seçki hüququndan danışa bilərik.
Bilirsinizmi, əks təqdirdə nə alınır? Bir daha təkrar eləyirəm, səhv eləmirəmsə, hörmətli Əli müəllimin dediyi kimi, bir-birinin üzərinə qara yaxan, heç olmasa, küncdə, divarda, bəzi binalarda, giriş qapılarında şəkillərini, təşkilat materiallarını yapışdıran namizədlərlə iqtidar namizədinin hansı bərabər rəqabətindən danışmaq mümkün olacaqdır? Etiraf eləyək ki, bu da mümkün deyil. Bir daha təkrar eləyirəm, bu əlavə və dəyişikliyin edilməsi, müzakirəyə çıxarılması da buna xidmət edir.
Nəhayət, təşviqatla bağlı digər bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Burada namizədlərin seçki fondları məsələsinə toxunuldu. Bəli, deyilir ki, 10 milyon manata qədər seçki fondu müəyyən oluna bilər, deyək ki, Prezident seçkilərində bu qədər, Milli Məclisə seçkilərdə isə namizədlər üçün 300 min manat məbləğində seçki fondu təyin oluna bilər.
Burada hörmətli Əli müəllim öz partiyasının pullarının, resurslarının qənaətindən danışdı. Sözün doğrusu, bu məni çox riqqətə gətirdi. Gəlin, etiraf eləyək ki, bu məsələdən heç danışmağa dəyməz. Çünki seçki fondunun vəsaiti qanunla müəyyən olunur və yalnız qanun çərçivəsində hansısa vəsaitin xərclənməsindən danışmaq mümkündür. Amma nə alınır? Təkrar eləyirəm, təsəvvür edin ki, hakimiyyətin namizədindən başqa bu gün Azərbaycanda çox az adam tapılar ki, prezidentliyə namizəd olmaq üçün 300 min manat depozitə vəsait qoya bilsin. Sizi inandırıram və bunu tam mötəbər şəkildə bildirirəm ki, Azərbaycan müxalifəti içərisində, həqiqətən, belə bir şəxs yoxdur. Ola bilsin, iqtidar namizədləri içərisindən bir neçə belə namizəd tapılsın.
Ona görə də bir daha təkrar eləyirəm, bu, namizədlərin, yəni potensial, siyasi rəqiblərin qeydiyyata alınmaq hüququnu mənimsəməkdir, məhdudlaşdırmaqdır. Eyni zamanda, son dövrün ən mütərəqqi nailiyyətlərindən biri olan bu depozit vasitəsi ilə namizədlərin qeydiyyata almaq hüququnu məhdudlaşdırmaq və qeydiyyata almaq institutunu, faktiki olaraq, ləğv eləməkdir.
Hörmətli Milli Məclis, hörmətli deputatlar, sözün açığı, belə bir vəziyyətdə bu düzəlişlərin və əlavələrin irəli sürülməsi məsələsi məntiqə uyğun deyil və açığı, bunu başa düşməkdə çətinlik çəkirəm. Amma son dövrdə, yəni elə bu iclasdan əvvəl qəbul elədiyimiz “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna edilən əlavə və dəyişiklikləri, son dövrdə guya Azərbaycanın xüsusi olaraq spesifik inkişaf yolu haqqında iqtidar nümayəndələri tərəfindən söylənilən fikirlər sistemli şəkildə Azərbaycanda totalitar bir rejimin, siyasi, plüralist demokratiyanın olmadığı bir rejimin, siyasi partiyaların fəaliyyətini iflic vəziyyətə salan siyasi situasiyanın yaradılmasının tərkib hissəsidir. Açığı, bu fikri ona görə deyirəm ki, ilk nəzərdə bəlkə də indiki hakimiyyətin namizədinin bu cür qadağalara bəlkə də ehtiyacı yoxdur. Sözün doğrusu, bunu hansı ideoloqlar, hansı müəlliflər irəli sürüblərsə, mən hesab eləyirəm ki, hakimiyyətin namizədini olduqca pis vəziyyətə salıblar və indidən həmin namizədin seçkilərdəki qələbəsini şübhə altına almaq üçün onun rəqiblərinin əlinə çox güclü arqumentlər vermişlər. Bu seçkinin, bu islahatın aparılması, dırnaqarası bu cür əlavə və düzəlişlərin gündəmə gətirilməsi, hesab eləmirəm ki, hakimiyyətin namizədinə, necə deyərlər, seçki dövründə kömək etsin. Amma belə çıxır ki, son dövrdə, yaşadığımız günlərdə Azərbaycanda aparılan siyasi, ümumi siyasi kursun məntiqi davamı olaraq bu məsələ gündəmə gətirilmişdir.
O baxımdan hörmətli Milli Məclis, hörmətli millət vəkilləri, hətta Azərbaycan müxalifətinin istənilən halda bu seçkilərdə iştirakı məsələsinə ən ağır zərbə vurulmuş və qeyri-bərabər situasiya yaranmışdır. Açığını deyim ki, bu seçkilərdə mən müxalifətin iştirakı məsələsinin tərəfdarıyam və müxalifət daxilində bunun əsas ideoloqlarından və təbliğatçılarından biriyəm. Ancaq Seçki Məcəlləsinə bu cür dəyişikliklərdən sonra mənim özüm də artıq bu seçkilərdə iştirak eləməyin mənası barədə düşünməyə başlamışam və sizə səmimi deyim ki, seçkilərdə iştirak etmək istəyən tərəfdarların arqumentləri bu cür əlavə və dəyişikliklərdən sonra kifayət qədər zəifləmişdir. Əksinə, bu seçkiləri boykot etmək, eyni zamanda, seçkilərdə iştirak etmək istəməyənlərin, habelə seçkilərin nəticələrini indidən saxtalaşdırmaq istəyənlərin mövqeləri isə güclənmişdir. Təkrar eləyirəm, bu, sadəcə, məcəllə dəyişikliyi kimi qalmayacaqdır və hesab eləyirəm ki, ümumiyyətlə, Azərbaycanda siyasi müxalifətin yeritdiyi taktika və strategiya məsələsinə yenidən baxmağa vadar edən bir situasiya yaranmışdır.
O ki qaldı komissiyalar məsələsinə, bəli, biz paritet məsələsini gündəmə gətirmişik. Hesab edirik ki, qarşılıqlı nəzarətə və etimada əsaslanmayan komissiyalar olmadan Azərbaycanda seçkinin demokratik keçirilməsindən söhbət gedə bilməz. Əgər bizim bəzi opponentlərimiz bu seçkidə bizim tərəfdaşların seçkinin nəticəsini ləğv etmək, taleyini şübhə altına almaq təhlükəsindən danışırlarsa, bu seçki kampaniyasında sizin adamlar seçkini saxtalaşdıracaqdır. Əsas təhlükə budur. Təşəkkür eləyirəm.
Sədrlik edən. Pənah bəy çox ağıllı çıxış elədi. Baxırdım, görüm, mikrofona vurdu, ya vurmadı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən istəyirəm, hələ çıxış eləsinlər. Bu sualların hamısına bir də cavab verəcəyik. Buyurun, İkram İsrafil.
İ. İsrafil. Təşəkkür eləyirəm, hörmətli Oqtay müəllim. Bu gün təqdim olunan Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər barədə layihənin müzakirəsində müxalifət partiyalarının seçki komissiyalarının tərkibi ilə əlaqədar fikirləri səsləndi.
Mən bu məsələyə bir daha qayıtmaq istəmirəm. Ancaq bir cümlə ilə bildirmək istəyirəm ki, Müsavat Partiyası artıq iki ildən çoxdur, seçki komissiyalarının paritet əsaslarla formalaşması ilə bağlı təklifləri müxalifətin adından təqdim etmişdir. Bu isə MSK-da Müsavat Partiyası üçün ayrılan yerlərin boş qalmasına gətirib çıxarıb. İndi biz ümid edirdik ki, Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı müddəa olacaq. Təəssüflər olsun ki, buna rast gəlmədik.
Buna baxmayaraq, mən təqdim olunan əlavə və dəyişikliklərlə bağlı müddəalara öz münasibətimi bildirmək istəyirəm. Qeyd edim ki, keçirilən hər seçkidən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurasının Qanun Vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyası, Venesiya Komissiyası və digər beynəlxalq təsisatlar seçki qanunvericiliyi praktikasının təkmilləşdirilməsi, seçki saxtakarlıqlarının aradan qaldırılması və bir çox digər məsələlər barəsində Azərbaycan hakimiyyətinə çoxsaylı tövsiyələr versələr də, onların böyük əksəriyyəti yerinə yetirilməyib. Azərbaycanda fəaliyyət göstərən müxalif siyasi partiyaların seçkilərin demokratikləşdirilməsinə dair verdikləri təkliflər də bir qayda olaraq nəzərə alınmayıb.
2005-ci ilin parlament seçkilərindən sonra iqtidar nümayəndələri dəfələrlə yerli və beynəlxalq kürsülərdən çıxış edərək Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədi ilə müzakirələr aparıldığını bəyan etsələr də, bu proses süni şəkildə bu günə qədər uzadılıb. Qeyd etdiyim kimi, ciddi texniki dəyişikliklər istisna olmaqla bu gün bizə təqdim olunan müzakirələrdə seçkilərin demokratik, şəffaf, azad keçirilməsinə xidmət eləyən dəyişikliklərin olmaması təəssüf hissi doğurur.
Təklif olunan dəyişikliklərdə, o cümlədən 1-ci təklifdə səsvermə günü iş günü hesab olunmur. Bu təklif texniki xarakter daşıdığından qəbul olunmasına, belə deyək ki, müsbət fikrimizi bildiririk.
Təklif olunan 2-ci variantda “hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin gedişinə qanunsuz müdaxilə etmələri qadağandır” cümləsində “qanunsuz” sözünün hər hansı başqa sözlə əvəz edilməsini təklif edirik. Ona görə ki, bilirik ki, seçkilərdə yerli bələdiyyə və icra hakimiyyəti orqanları müdaxilə edərkən onlar qanunla hər hansı bir məsuliyyət daşımadıqlarına istinad edirdilər.
Təklif olunan 11.2-ci maddə vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki sənədlərinin saxtalaşdırılması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulmasının cinayət məsuliyyətinə səbəb olması tərəfdarıyıq.
Təqdim olunan 3-cü təklifdə, yəni 13.3.4-cü maddəyə edilən əlavədə passiv seçki hüququ olmayan, yəni Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ olmayan vətəndaşların sırası daha da genişləndirilir. Ümumiyyətlə, bu təklifin qəbul olunmamasını və layihədən çıxarılmasını təklif edirik.
Təqdim olunan 4-cü təklifdə qohumluq əlaqələrinə görə səlahiyyətlərinə müvəqqəti xitam verilmiş komissiya üzvlərinin səlahiyyətlərinin bərpa olunması təklif olunur. Təklifi müsbət qiymətləndiririk.
5-ci təklifdə 25.2.23-cü maddənin 25.2.24-cü maddə hesab edilməsi təklif edilir. Buna ehtiyac yoxdur, çünki yeni variantda təklif olunan 25.2.23-cü maddədə göstərilir ki, MSK exit-poll keçirən təşkilatların akkreditasiyasını həyata keçirir. Məncə, bu da qəbul oluna bilməz.
Təqdim olunan 6-cı təklifdə 25.2-ci maddəyə 25.2.23-cü maddənin əlavə olunması irəli sürülür. Exit-poll keçirən təşkilatların MSK-da qeydiyyata alınması məcburiyyətini müəyyən etdiyi üçün bu maddənin də qəbul olunması yolverilməzdir.
Təqdim olunan 7-ci təklifdə xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçuların hərbi məntəqələrdə səs verməsinə şərait yaradılması nəzərdə tutulur ki, bu da seçki saxtakarlığına şərait yaratdığı üçün qəbul edilə bilməz.
8-ci təklif qəbul oluna bilər. Burada 36.6-cı maddəyə görə qeydə alınmış namizədin müşahidəçi təyin etmək hüququ var və həmin müşahidəçilərə lövhəcik verilməsi texniki məsələdir və bunun qəbul olunmasında heç bir problem yoxdur.
Təqdim olunan 9, 10, 11, 29, 30, 31, 36, 40, 44, 45 və 46-cı təkliflər mövcud Seçki Məcəlləsində seçki bülletenlərinin qoyulması üçün nəzərdə tutulan rənglərlə bağlı olduğundan, hesab edirəm ki, bunların da qəbul olunması mümkündür. Ancaq seçki protokollarının təkmilləşdirilməsinə böyük ehtiyac var.
Təqdim olunan 45.3-cü maddədə 46.9 rəqəminin 46.10 rəqəmi ilə əvəz edilməsindən söhbət gedir. Nə mövcud Seçki Məcəlləsində, nə də təklif olunan layihədə 46.10-cu maddə var. Bu təklif aydınlaşdırılmalıdır.
Təqdim olunan 13-cü təklifə görə mövcud məcəllədə təsbit olunan seçki siyahıları dəqiqləşdirildikdən sonra seçicilər ancaq məhkəmənin qərarı ilə seçki siyahılarına düşə bilərlər. Həmin təklifə görə, bu məsələnin seçki komissiyalarına həvalə edilməsi yeni siyahıların yaradılmasına gətirib çıxara bilər. Hesab eləyirəm ki, bu məsələdə hüquqşünasların ciddi rəy verməsinə ehtiyac var.
14,15,16-cı təkliflərdə hərbi hissələr və hüquq mühafizə orqanları tərəfindən məntəqə seçki komissiyalarına əlavə seçki siyahılarının verilməsi qəbul edilə bilməz.
17-ci təklifdə seçki siyahılarında seçicilərin yaşadıqları evlərin və mənzillərin nömrələrinin göstərilməsini müsbət qiymətləndiririk. Əvvəlki seçkilərin təcrübəsindən görürük ki, seçicilər öz adlarını axtarmaq üçün böyük əziyyətlər çəkirdilər. Ünvanların göstərilməsi məqsədəuyğundur.
18-ci təklifin də hüquqşünaslarla razılaşdırılması məqsədəuyğundur. Bu da çox müəmmalıdır. 59.1-ci maddədə “düzgünlüyünü yoxlamaq hüququ var” sözlərinin “düzgünlüyünü yoxlayır” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur. Təklif texniki xarakterlidir, qəbul oluna bilər. 60.2.1-ci maddədə yazılmış “bu məcəllə ilə müəyyənləşdirilmiş imza toplanması qaydasının pozulması” sözlərinin imzaların toplanması zamanı bu məcəllənin 57.1-ci maddəsinin “tələblərinin pozulması” sözləri ilə əvəz edilməsi anlamına gəlir ki, bu təklifin qəbul olunmasını biz də müsbət qəbul edirik.
21-ci təklif, yəni depozit vasitəsi ilə namizədlərin qeydə alınması məsələsi xüsusi qeyd olundu. Bugünkü Azərbaycan reallığında siyasi müxalifətin namizədlərinin depozit ödəmək imkanlarının olmamasını iqtidar nümayəndələri, bütün xalq, cəmiyyət bilir. Təqdim olunan 77.2-ci maddədə “vəsiqə” sözü “lövhəcik”lə əvəzlənib və bunu qəbul etmək olar, yəni texniki məsələdir. 73-cü maddənin 73.1-ci maddə hesab edilməsi də texniki məsələdir və mümkündür. Referenduma aid məsələlərin üstündə xüsusi dayanmaq istəmirəm. Pullu təşviqatın məhdudlaşdırılması üçün ayrılan efir vaxtı, reklam haqqında məsələ də qeyd olundu və bunlar da çox ciddi narahatçılıq yaradan məsələdir və qəbul edilməməsini tövsiyə edirik.
Hörmətli Oqtay müəllim, 87.7-ci maddə yenə seçkiqabağı təşviqat materiallarının otaqlardan kənarda asılmasının qadağan edilməsi haqda geniş danışıldı. Siz də bilirsiniz ki, bu çox məhdudlaşdırıcı bir düzəlişdir. Onun da qarşısının alınması vacibdir.
108-ci maddə ilə bağlı “seçki bülletenləri” sözlərini texniki xarakterli qəbul edirik. 33 və 34-cü təkliflər referendumla bağlıdır. 35-ci təklif – seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi qəbul oluna bilər.
Ümumiyyətlə, hörmətli Oqtay müəllim, qeyd edim ki, burada qeyd olunan ciddi dəyişikliklərdən başqa, yerdə qalan dəyişikliklər texniki xarakterli dəyişikliklərdir və Müsavat Partiyası olaraq, müsavat deputat qrupunun deputatları olaraq, biz onları qəbul edirik. Ancaq qeyd olunduğu kimi, əgər seçki komissiyalarına paritet əsaslarla ciddi dəyişikliklər olunmayacaqsa, sözün əsl mənasında, istər beynəlxalq təşkilatların, istər xalqımızın, istərsə də millət vəkillərinin və bütövlükdə Milli Məclisin müsbət dəyərləndirə biləcəyi seçkinin keçirilməsi qeyri-mümkündür. Biz fürsətdən istifadə edib Sədrdən xahiş edirik ki, bu məsələləri qanunvericilik təşəbbüsü subyektinə çatdırsın və bu məsələlərin ciddi dəyişikliyə ehtiyac olduğunu vurğulasın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, İkram müəllim. İndi bir məsələni mən yada salmaq istərdim. Düz 2 il bundan öncə 2006-cı ilin may ayına qədər biz Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasına göndərdiyi nümayəndələrini gözlədik, onda da hamımız burada əyləşmişdik. Bir ay bizi gözlətdikdən sonra imtina etdiniz və dediniz ki, biz həmin seçki komissiyasına öz nümayəndəmizi vermirik. Yəni onda bu cür hərəkət etdiniz ki, indi bu məsələni gündəmə gətirəsiniz. Elədirmi? Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən çıxışıma başlamamışdan əvvəl bir fikri demək istəyirəm. Belə ki, İkram müəllim məndən öncə çıxış etdi, əgər bir neçə maddədə dəqiqləşdirilmə aparılsaydı, o özü elə Əli Hüseynovun yerinə məruzəçi ola bilərdi, yəni layihəni təqdim edə bilərdi, ya da həmməruzəçi kimi çıxış edə bilərdi. O, çox əhatəli şəkildə həmin maddələrə öz münasibətini bildirdi. Mən də Seçki Məcəlləsi ilə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Uzun müddətdir ki, Azərbaycan ictimaiyyətində müzakirə obyektinə çevrilən, yəni ortada heç bir gərginlik olmadığı halda süni gərginlik yaratmaq üçün bu Seçki Məcəlləsi ortaya atılmışdır. Bu və ya digər şəkildə gərginlik yaratmaq istəyənlər axır ki, son nəticəyə gəlib çıxdı və məcəllə müzakirəyə təqdim olundu.
Məndən əvvəl çıxış edən Pənah Hüseyn burada qeyd etdi ki, bu, pis qanuna pis dəyişiklikdir. Mən deyim ki, həmin pis qanuna əsasən Pənah Hüseyn parlamentə seçilibsə, görün, bu nə qədər pis qanundur ki, həmin məcəllə ilə uzun həsrətdən sonra bu parlamentə üzv seçilibdir. İndi görün, demokratik əlavə və dəyişikliklər aparıldıqdan sonra gələcəkdə hansı seçimlər ortaya çıxacaqdır.
Burada bir neçə fikir səsləndi. Birincisi seçki komissiyaları ilə əlaqədardır. Bildirmək istəyirəm ki, istənilən beynəlxalq təşkilat, istənilən inkişaf etmiş, inkişaf etməmiş və ya yarım inkişaf etmiş ölkə, Avropa İttifaqı, Asiya Şurası, mən nə bilim, BMT-yə daxil olan istənilən təsisat elə bir norma təqdim etsin ki, orada bizə təqdim olunan bu əndirəbadi qayda mövcud olsun. Avropa İttifaqının istənilən ölkəsinin normasını gətirsin, biz də qəbul edək. Yaxud Avropa Şurasına daxil olan istənilən bir ölkəsini götürsün, görək orada seçki komissiyaları hansı formada formalaşır və biz onu da qəbul edək. Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması o demək deyil ki, bir tərəfdə İsa Qəmbər oturmalıdır, o biri tərəfdə hökumət. Azərbaycanda kifayət qədər siyasi partiya var. Paritet o ola bilər ki, hər bir siyasi partiyanın bir nəfər nümayəndəsi orada təmsil olunsun. Bu gün parlamentdə 12 partiya və 12 partiyanın hər bir nümayəndəsi təmsil olunur.
Qeyd olundu ki, Müsavat Partiyası komissiyaya öz nümayəndələrini təqdim etmir. Adam yoxdur ki, təqdim etmir. Oqtay müəllim, bu heç də o demək deyil ki, siyasi razılıq yoxdur və sair. İndi burada, qərargahda 3–5 adam var. Amma rayonlarda 5 min məntəqə var. Əli müəllim çox gözəl qeyd etdi ki, 5 min məntəqə var. Heç olmasa, iki nəfərdən təyin edəndə 10 min adam lazımdır. Bu 10 min adam olsaydı, bunların nə dərdi var idi? Çünki bu adamlar yoxdur. Ona görə də bunlar nümayəndələrini təqdim etmir. “Xoşumuza gəlmir” sözlərinin hamısı bəhanənin bir növüdür.
Seçki ilə bağlı 2 ay müddətin verilməsi tərəfdarıyıq. Bir prinsipi də qeyd etmək istəyirəm. Seçkiyə baxış təkcə sosialist baxışı olmamalıdır. Tutaq ki, bu gün Məzahir müəllim qərar verdi, sabah seçki başladı. Seçkini üç hissəyə bölürlər. Seçkinin ilkin mərhələsi var, əsas mərhələsi və yekun mərhələsi var. Biz müzakirə etdiyimiz bu qanun layihəsi də, əsasən, onun əsas mərhələsinə, yəni seçkiyə start verilən müddətə aid olan bir məsələdir. Seçkiyə hazırlıq isə hər bir həmin siyasi partiyanın vəzifəsidir. Məncə, siyasi partiyanın fəaliyyətinin əsas istiqaməti illərlə seçkiyə hazırlaşmaqdan ibarət olmalıdır. Amerika Birləşmiş Ştatlarında 18 ay, Avropa ölkələrində 12 ay qabaqcadan seçkiyə hazırlaşırlar. Yəni həmin müddət ərzində, seçkiyə start verilən müddət ərzində bütün hazırlıq işləri görülür. Kim imza toplayacaq, kim hansı şəkilləri yapışdıracaq, hansı şüarlar olmalıdır, mesajlar nədən ibarət olmalıdır? Yəni seçkiyə start veriləndə bu adamın əlində artıq hər şey hazır olmalıdır. Bizdə isə siyasi partiyalar elə başa düşürlər ki, onlar seçkiyə start veriləndən sonra bu işlərlə məşğul olmalıdırlar. Bu problem, yəni müddət problemi ondan ibarətdir. Əgər tam hazırlıq işləri görülərsə, artıq sənin imza toplayan şəxslərin bəllidirsə, sabah seçki elan olunanda sən MSK-dan imza vərəqələrini götürürsən və həmin şəxslər imzanı toplayıb gətirirlər. Biz dəfələrlə bunun şahidi olmuşuq.
Təbliğat, təşviqat kampaniyası keçmişdə 2 ay müddətində aparılırdı. Təbliğatın 15-ci günündən sonra müxalifət partiyaları plakat çap etməyə başlayırdılar. Halbuki birinci günündən bu məsələyə başlamaq lazımdır. Yəni bunlar hazırlıq müddətini də həmin seçki prosesinə daxil etmək istəyirlər.
Üçüncü, digər tərəfdən hər bir seçkinin əsas şərtləri var. Şərtlərdən biri sosial bazadır, müddət haqqında mən fikrimi dedim, maliyyə vəsaitləridir. Seçkinin əsas fiquru seçkidə namizəddir. Bu gün həmin müxalifət partiyaları namizədini müəyyənləşdirə bilmirlər. Seçkiyə kim gedir, kim getmir? Sabah bunun təbliğat, təşviqat kampaniyası nədən ibarət olacaq və ya onun mesajı nədən ibarət olacaq? Bu adam hələ müəyyənləşdirməyib, yaxud o, seçkiyə gedəcəkmi, getməyəcəkmi? Namizəd seçkinin taleyini həll edir. Yəni əsas namizəd.
Biz neçə il qabaqdan elan etmişik ki, bizim namizədimiz kimdir. Həmin şəxs Yeni Azərbaycan Partiyasının sədridir, Prezidentimizdir və onun ətrafında da öz işimizi qurmuşuq. Əgər hansısa partiya namizədini müəyyənləşdirə bilmirsə, onun kampaniyasını təşkil edə bilmirsə, bu, artıq həmin partiyanın problemidir. Yəni söhbət Seçki Məcəlləsinin və ya komissiyanın problemindən getmir.
Seçki fondu ilə bağlı məsələ burada qeyd olundu. Mən təklif edirəm ki, ya seçki fondundakı girov məsələsi götürülsün və ya indi konkret müəyyənləşdirilsin. Tutaq ki, prezidentliyə namizədliyin qeydiyyata alınması üçün 50 min manat, parlament üçün 10 min manat konkret rəqəm müəyyənləşdirilsin. Çünki fondun yuxarı həddi 58-ci maddənin 5-ci bəndində göstərilib. Təbii ki, burada onun 3 faizi nəzərdə tutulur. Ona görə də biri deyir, bu məbləğ çoxdur, biri deyir, azdır. Artıq bu fondun yuxarı həddi göstərilibdir. İndi hər bir namizəd özünün seçki fondunu formalaşdırmalıdır və həmin fond çərçivəsində də təbliğat, təşviqat işini aparmalıdır.
Təbliğatın aparılacağı yerlərlə, habelə televiziya ilə bağlı bu məsələyə mən də münasibətimi bildirmək istəyirəm. Konstitusiyamızda mülkiyyətin forması müəyyənləşibdir. Məsələn, mən vətəndaşam və sabah istəyirəm ki, İlham Əliyevin şəklini öz balkonumdan asım. Bunu mənə heç bir təbliğat qadağan etməməlidir. Yaxud mənim nəqliyyat vasitəm var. Deyirlər, hamısı bərabər əsaslarla olmalıdır. Bərabər əsaslardan o vaxt söhbət gedə bilər ki, təbliğatın aparıldığı yer dövlət televiziyası olsun və ya dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində olsun. Mən isə şəxsi mülkiyyətçiyəm. Bu gün həmin islahatlar nəticəsində mən xeyli gəlir əldə etmişəm, müəssisəm, idarəm var, bir sözlə, şəxsi mülkiyyətçiyəm, xarici vətəndaş da mənim mülkiyyətçim deyil, şərikimdir. Mən Prezidentin, ya da prezidentliyə namizədin, yaxud istənilən şəxsin şəklini yapışdıra bilərəm. Buna kim qadağa qoymalıdır? Bu, tamamilə səhv fikirdir. Mənim nəqliyyat vasitəm, avtobusum, trolleybusum var və onlar hamısı xüsusi mülkiyyətimdir. “Müsavat” qəzetində İsa Qəmbərin şəklini yapışdırırlar. İndi biz deməliyik ki, 50 adamın burada şəklini vurmalısınız. O da onun mülkiyyətidir.
Ona görə də bu məsələyə yanaşmada, mən hesab edirəm ki, bərabər əsaslar ancaq dövlət və bələdiyyə mülkiyyətinə tətbiq oluna bilər. Şəxsi mülkiyyətdə bu məsələyə məhdudiyyətlər qoymaq olmaz.
Məsələnin ikinci tərəfi. Burada Pənah Hüseyn səhv bir informasiya verdi. Orada söhbət siyasi reklamdan yox, sosial reklamdan gedir. Bəli, sosial reklam olmalıdır. Tutaq ki, bu şəxs televiziyanın sahibidir və ona poroşoku göstərmək İsa Qəmbəri göstərməkdən daha sərfəlidir. İndi məcbur etməlisən ki, üstəlik 50 faiz güzəştlə “Tide” yuyucu tozunun reklamını göstərmə, İsa Qəmbəri göstər. Ona görə də mən hesab edirəm ki, bu məsələlər “Reklam haqqında” Qanunla tənzimlənməlidir və hər kəs də özəl televiziya kanallarında həmin qanuna uyğun olaraq pulunu ödəməli və reklamını təmin etməlidir.
Digər məsələ dövlət televiziyası ilə bağlıdır. Dövlət hər bir namizədə kifayət qədər vəsait ayırır. Həmin vəsaiti ondan ötrü ayırır ki, namizəd təbliğat, təşviqat kampaniyasını qursun və özəl kanallarda özünü reklam etsin. Əksinə, ondan ötrü ayrılmır ki, həmin pulu aparıb qoysun cibinə, gəzsin, yaxud dost-tanışa paylasın və ya qonaqlıq versin. Əgər dövlət vəsait ayırırsa, bəs onda nəyə görə dövlət kanallarında bunlara əlavə pulsuz efir vaxtı verilməlidir? Həmin pul təbliğat, təşviqat işinin təşkil olunması üçün ayrılır. Mən hesab edirəm ki, burada həmin məsələ düzgün olaraq öz əksini tapıbdır. Mənim Seçki Məcəlləsi ilə əlaqədar başqa fikirlərim də var idi. Amma vaxtın azlığından çatdıra bilmədim.
Ümumilikdə, bu, demokratiyaya doğru addımdır və çox ciddi bir addımdır. Bizim Seçki Məcəlləsi demokratik Seçki Məcəlləsidir. Ona əsaslanaraq çoxlu sayda seçkilər keçirilibdir. Təklif olunan əlavə və dəyişikliklər də onun təkmilləşdirilməsi üçün vacib olan elementlərdən biridir və deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli, buyurun.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Əgər, doğrudan da, bizi bu qədər gücsüz hesab edirsinizsə, əgər, doğrudan da, bizi tükənmiş hesab edirsinizsə, onda bu gün qanuna əlavə olunan məhdudlaşdırıcı tədbirləri əlavə etməyin səbəbi nədir? Əgər, doğrudan da, biz tükənmişiksə, onda bu maddələri yığışdırın və ya yüngülləşdirin, bu söz-söhbətlər də qurtarsın.
Məlumdur ki, Azərbaycanda Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi bu gün müzakirəyə təsadüfən çıxarılmayıb. Uzun müddətdir ki, bu məcəllənin maraqlı subyektləri, o cümlədən beynəlxalq təşkilatlar Seçki Məcəlləsinin təkmilləşdirilməsi təklifi ilə çıxış edirlər və həmin təkliflər hamımıza bəllidir. Seçkidə iştirak edən bütün namizədlər bərabər təşviqat və təbliğat imkanlarının yaradılmasından tutmuş, inzibati resurslardan istifadə edilməsinədək, habelə ayrı-seçkiliyin aradan qaldırılmasınadək müxtəlif təkliflər layihəyə daxil edilmişdir. Bu təkliflərlə yanaşı, siyasi yarış iştirakçılarını qane edəcək seçki komissiyalarının yaradılması da həmin təkliflərin içərisində idi.
Ölkənin gələcəyində maraqlı olan bütün tərəflər kimi, biz də ümid edirdik ki, nəhayət, azad və ədalətli seçkilərin keçirilməsi üçün, bütün siyasi qüvvələrin tanıdığı bir seçkinin keçirilməsi üçün mühüm olan gözlədiyimiz əlavə və dəyişikliklər Azərbaycanın Seçki Məcəlləsinə ediləcəkdir. Amma çox təəssüflər olsun ki, bu gün bizim müzakirəmizə verilən qanun layihəsi azad seçkilərin keçirilməsini təmin etmək üçün nəinki yeni bir mexanizm vermir, əksinə, müxalif namizədlər üçün qüvvədə olan qanunda nəzərdə tutulan çox cüzi imkanları da məhdudlaşdırır.
Təbii ki, söhbət namizədlər üçün imza toplamaq kampaniyasının 35 gündən 10 günə qədər azaldılmasından, təşviqat müddətinin 60 gündən 20 günə qədər endirilməsindən, təşviqat materiallarının küçədə yayılmasına qadağa qoyulmasından, dövlət televiziyasının imkanlarından istifadənin yasaqlanmasından, həmçinin İnzibati Xətalar Məcəlləsinin maddələrini tətbiq etməklə prezidentliyə namizədlərin qeydiyyatının ləğv edilməsinə imkan verən maddələrdən gedir. Nəzərdə tutulan bu tədbirlər, xüsusilə təbliğat və təşviqatla bağlı məhdudlaşdırıcı tədbirlər nəinki demokratik seçki imkanlarını heçə endirir, hətta siyasi partiyaların varlığını sual altında saxlayır.
Ümumiyyətlə, Azərbaycanda son illər ardıcıl və sistemli surətdə həyata keçirilən bütün tədbirlər siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına yönəldilir. Əvvəlcə majoritar seçki sistemi ləğv olundu və ardınca sərbəst toplaşmaq azadlığı, demək olar ki, tamamilə məhdudlaşdırıldı. Hamımıza məlumdur ki, bu tədbirlər siyasi partiyaların durumunu çox ağır vəziyyətə salıbdır.
Ölkədə elə bir siyasi vəziyyət yaranmışdır ki, siyasi partiyalar siyasi fəaliyyətlə, siyasi təbliğatla məşğul olmaq üçün seçki kampaniyasının həmin dövründə onlar üçün ayrılan çox cüzi, çox az müddəti gözləmək məcburiyyətində qalmışlar. Bu gün isə bizim müzakirəmizə verilən əlavə və dəyişikliklərin qəbul olunması o deməkdir ki, partiyalar həmin cüzi imkanlardan da məhrum olurlar və təbii ki, bu tədbirlərin hesabına partiyalar siyasi meydandan uzaqlaşdırılır. Üstəlik, bu proses müxalifət partiyaları ilə birlikdə iqtidar partiyalarını da silkələməkdədir. Bu gün heç kəsə sirr deyil ki, məhz belə tədbirlərin nəticəsində, xüsusilə bölgələrdə, hətta iqtidar partiyaları da siyasi proseslərə müdaxilədən tamamilə uzaqlaşdırılır. Bu gün bu layihəyə səs verən hörmətli iqtidar partiyasının nümayəndələri bu həssas məqamı yaddan çıxarmalı deyillər.
Mən çıxışımın əvvəlində seçkidə iştirak edən bütün tərəfləri qane edəcək, razı salacaq seçki komissiyaları haqqında təsadüfən danışmadım. Bəllidir ki, ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin yeganə yolu komissiyaların düzgün formalaşdırılmasından asılıdır. Seçki inzibatçılığının hazırkı formada təşkili isə həm siyasi yarış iştirakçılarına, həm də ictimaiyyət tərəfindən seçilən komissiya üzvlərinə, habelə onların seçilməsi prosesinə inamını tam sarsıtmışdır. Ona görə də seçkilərə və siyasi proseslərə ictimai inam yaratmaq və onu inkişaf etdirmək üçün həm beynəlxalq təşkilatlar, həm də siyasi partiyalar bu komissiyanın paritet əsasda formalaşdırılması təklifini irəli sürüblər. Çox təəssüf ki, layihədə bu həssas məsələ sanki unudulub.
Diqqəti seçkinin əsas elementi olan seçki komissiyalarından yayındırmaq üçün o, məqsədyönlü şəkildə texniki məsələlərə yönəldilib. Hesab edirəm ki, məhz bu məqsəd üçün də Milli Məclisə bir-birini təkzib edən iki layihə göndərilmişdir.
Çıxışımın sonunda bir daha bildirirəm ki, bizim müzakirə etdiyimiz bu sənəd cəmiyyətin gözləntilərini özündə ehtiva etmir. Hətta mütəxəssis olmadan da belə kiçik təhlildə görmək olar ki, təklif olunan əlavə və dəyişikliklər Seçki Məcəlləsinin demokratikləşdirilməsini daha da əngəlləyir. Seçki Məcəlləsinə bu əlavə və dəyişikliklərin qəbul edilməsi hətta seçkidə iştirak etmək tərəfdarı olan mənim kimi insanların da boykota meyillənməsinə gətirib çıxarır. Çünki bu layihəyə səs vermək müxalifət nümayəndələrinin çıxışlarının, habelə onların seçicilərlə görüşlərinin, təbliğat və təşviqat kampaniyalarının qarşısını almaq, həmçinin bu kimi tədbirləri mümkün qədər məhdudlaşdırmaq deməkdir. Bu layihəyə səs vermək namizədlərin qeydə alınmasını daha da çətinləşdirmək, onların qeydiyyatının ləğvini mümkün qədər asanlaşdıran bir mexanizmin yaradılması deməkdir. Nəhayət, bu layihəyə səs vermək ölkədə azad və ədalətli olmayan bir seçkinin keçirilməsinə rəvac vermək deməkdir. Ona görə də mən bu layihənin əleyhinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm, İltizam müəllim. Sağ olun. Nədənsə, Siz çıxış edəndə mənim yadıma Mirzə Cəlinin “Poçt qutusu” hekayəsi düşdü. Allah Mirzə Cəlilə rəhmət etsin.
Hörmətli deputatlar, hörmətli Sədrimiz bayaq qeyd etdi, bizim bugünkü iclasımızda qonaqlarımız iştirak edirlər. Prezidentin İcra Aparatının şöbə müdiri Şahin Əliyev buradadır. Şahin müəllim, mümkünsə, deyilən təkliflərə, iradlara münasibətinizi bildirin.
Ş. Əliyev, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri.
Böyük məmnuniyyətlə. Çox sağ olun.
Hörmətli millət vəkilləri, öncə demək istərdim ki, seçki müddətlərinin 2 aya qədər azaldılmasını nəzərdə tutan layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası tərəfindən qanunvericilik təşəbbüsü qaydasında hazırlanmış, işçi qaydada Prezidentin İcra Aparatına təqdim edilmiş, orada diqqətlə öyrənilmiş və Azərbaycan Respublikasının Prezidentinə məruzə edilmişdir. Məruzə zamanı hesab edilmişdi ki, seçki müddətlərinin 2 aya qədər azaldılması seçkiqabağı təşviqat imkanlarını bir qədər məhdudlaşdırır. Bununla əlaqədar təklif edilmişdi ki, seçki müddətləri 2 aya qədər yox, 75 günə qədər azaldılsın. Bu zaman seçkiqabağı təbliğat üçün inkişaf etmiş demokratik dövlətlərdə olduğu kimi, 1 aya qədər vaxt nəzərdə tutmaq olar. Daha konkret olaraq hesab edirik ki, 28 gün, 4 həftə seçkiqabağı təbliğat zamanı namizədlər üçün öz platformalarını açıqlamaq məqsədi ilə kifayət qədər imkan yaradır.
O ki qaldı söylənilən iradlara, ən çox irad seçkiqabağı təbliğatın guya məhdudlaşdırılması ilə əlaqədar söylənilmişdi. Öncə vurğulandı ki, binaların üzərində seçkiqabağı təbliğat materiallarının yerləşdirilməsi seçkiqabağı təbliğata çox mühüm zərbə vurur və onu kifayət qədər məhdudlaşdırır. Nə Bakı şəhərində, nə də Azərbaycanın istənilən bölgəsində yiyəsiz bina var. Bütün binalar özəl mülkiyyətdə, ya bələdiyyə mülkiyyətində, ya da dövlət mülkiyyətindədir. Seçki Məcəlləsində indiyə qədər nəzərdə tutulub ki, sahiblərinin razılığı ilə binaların üzərində seçkiqabağı təbliğat materialları yerləşdirilə bilər.
Mən səmimi bir sual vermək istərdim. Kim bir nümunə gətirə bilər ki, seçkiqabağı təşviqat plakatı binanın üzərinə vurularkən binanın sahibinin razılığı soruşulub? Belə bir nümunə yoxdur. Hər bir mülkiyyətin korlanılması, seçkiqabağı materialların binaların divarlarında yerləşdirilməsi şəxsi mülkiyyət toxunulmazlığı hüququnu pozur, binanın xarici görünüşünə kifayət qədər zərər vurur.
Bu dəyişiklik onunla əlaqədardır ki, bu prosesi Mülki Məcəlləyə uyğun olaraq tənzimləmək mümkün deyil. Lakin bu o demək deyil ki, əyani təşviqat vasitələrindən seçkilər zamanı, ümumiyyətlə, istifadə edilməyəcək. Seçki Məcəlləsində nəzərdə tutulub ki, əyani seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün xüsusi yerlər ayrılmalıdır. Söhbət ödənişsiz ayrılan yerlərdən gedir. Bundan başqa, hamımız yaxşı bilirik ki, reklamın yerləşdirilməsi üçün hər bir yaşayış məntəqəsində kifayət qədər yer vardır və həmin yerlərdən də seçkiqabağı təşviqat zamanı istifadə ediləcək.
Dövlətə məxsus olan teleradio verilişləri kanallarından seçkiqabağı təşviqat üçün istifadə edilməməsinə gəlincə, ümumiyyətlə, dövlət seçkilərdə yalnız o cür iştirak edir ki, seçkilərin maliyyələşdirilməsini təmin edir və seçkilərin normal keçirilməsinə şərait yaradır. Heç bir dövlət müəssisəsi seçkilərdə namizədlərin nə lehinə, nə də əleyhinə münasibət bildirə bilər. Dövlətə məxsus olan teleradio verilişləri şirkətlərində seçkiqabağı təşviqata qadağa qoyulması məhz bu fəlsəfədən doğur. Eyni zamanda, dövlətin vəzifəsidir ki, seçkiqabağı təşviqat zamanı bütün namizədlər üçün eyni şərait yaratsın. Dövlətə məxsus teleradio şirkətləri bütün namizədlər üçün qapalı elan olunur. Yəni heç bir siyasi partiyaya, heç bir namizədə üstünlük verilmir. Lakin İctimai Teleradio Yayımları Şirkəti vasitəsi ilə pulsuz efir vaxtından istifadə etmək imkanı yaradılır. Mən əminəm ki, bu imkandan namizədlər kifayət qədər geniş istifadə edəcəklər.
Təklif olundu ki, seçicilərin barmaqları gözə görünməyən mürəkkəblə yox, gözə görünən mürəkkəblə işarələnsin. Hörmətli millət vəkillərin nəzərinə çatdırmaq istərdim ki, seçki hüququ həm seçmək və seçilmək hüququdur, həm də seçkilərdə iştirak etməmək, yəni etiraz olaraq seçkilərə gəlməmək hüququdur. Bu və ya digər şəxsin barmağı gözə görünən mürəkkəblə işarələnərsə, çox asanlıqla müəyyən etmək olar ki, kim səsvermədə iştirak edib, kim səsvermədə iştirak etməyib. Şübhəsiz, bu da insan hüquqlarına hörmətsizlik olardı.
Təklif olundu ki, dövlət məmurlarının, hüquqi və fiziki şəxslərin, bələdiyyə qulluqçularının seçkilərin gedişinə qanunsuz müdaxilədən bəhs edən maddədən “qanunsuz” sözü çıxarılsın. Nəzərinizə çatdırmaq istəyirəm ki, seçkilər zamanı seçkilərin gedişinə qanuni müdaxilə mümkündür. Qanuni müdaxilə ondan ibarətdir ki, seçkilər zamanı seçki məntəqəsində bu və ya digər münaqişə yaranarsa, Seçki Məcəlləsinə uyğun olaraq məntəqə seçki komissiyasının üzvlərinin hüququ var ki, müəyyən vəzifəli şəxsləri seçki məntəqəsinə dəvət etsin və qanuna uyğun olaraq münaqişəyə son qoysunlar.
Belə bir məsələ qaldırıldı ki, məcəllədə 46.10-cu maddə yoxdur, lakin qanun layihəsində 46.10-cu maddəyə istinad var. Mən tam məsuliyyətlə deyirəm ki, məcəllədə 46.10-cu maddə var və sadəcə, məcəlləni açıb həmin maddəni tapmaq lazımdır.
Siyavuş müəllim belə bir fikir səsləndirdi ki, seçki depozitləri ləğv edilsin. Qanun layihəsi hazırlanarkən belə bir məqsəd qoyulmamışdı ki, seçki depozitlərinin yuxarı həddi süni şəkildə qəsdən qaldırılsın. Sadəcə, seçki fondlarının yuxarı hədləri qaldırılmışdı və seçki depozitlərinin qalxması bu fondların yuxarı həddinin qaldırılması ilə əlaqədardır. Lakin Siyavuş müəllimin təklifi çox ağlabatan təklifdir. O namizəd ki seçkilərdə imza toplaya bilmir, həmin namizəd siyasətçi hesab edilə bilməz. Milli Məclis məqsədəuyğun hesab edərsə, depozitin ləğv edilməsi ilə əlaqədar məsələni müzakirə etmək olar. Çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Milli Məclisdə başqa məsələ də qaldırıldı. Xahiş edirik ki, qanunvericilik subyektinin nümayəndəsi kimi, Siz gələn iclasda bu məsələlərə bizim komissiya ilə birlikdə baxasınız. Nizami İsgəndərov, buyurun.
N. İsgəndərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Hüquqi dövlət quruculuğunun və vətəndaş cəmiyyətinin azad inkişafının təminatı ulu öndərimiz Heydər Əliyev siyasətinin vacib istiqamətlərindən biridir. Bu sahədə biz qanunvericiliyimizi daim təkmilləşdirir və seçkiqabağı Seçki Məcəlləsinə təklif olunan əhəmiyyətli dəyişikliklər isə bir daha sübut edir ki, hakimiyyətimiz bu siyasətin layiqli davamçısıdır.
Cənab Prezident tərəfindən təklif olunan Seçki Məcəlləsinə dəyişiklik və əlavələr kifayət qədər məzmunlu və konseptual xarakter daşıyır. Burada Venesiya Komissiyasının tövsiyələri və məcəllənin özünün texniki təkmilləşməsi nəzərdə tutulubdur. Hələ 2008-ci il fevralın 7–9-da Avropa Şurası Venesiya Komissiyasının növbəti missiyası Bakıya gəldikdə ekspertlərdən biri jurnalistlərlə müsahibəsində bildirdi ki, söhbət, sadəcə, maddələrin yerdəyişməsindən və texniki dəyişikliklərdən getmir. Biz bir daha konseptual və mühüm məsələlərə toxunuruq. Zərflərdən istifadənin ləğvi, qərarlardan şikayətlər verilməsi sisteminin dəyişdirilməsi və sair. Nəticədə bizə təqdim olunan əlavə və dəyişikliklərdə bu tövsiyələri müşahidə edə bilirik.
Məsələn, təklif olunur ki, Seçki Məcəlləsinin 100, 106, 107 və sair maddələrindən seçki prosesində xərclərin istifadə edilməsi götürülsün. 122-ci maddəyə vətəndaşların şikayətləri ilə bağlı əlavələr edilir, şikayətçilərin hüquqlarının qorunması və təminat proseduru nəzərdə tutulur. Hətta Mərkəzi Seçki Komissiyasının nəzdində şikayətlərə baxan 9 nəfərdən ibarət ekspert qrupunun yaradılması təklif olunur.
Seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi və exit-poll keçirən təşkilatların Mərkəzi Seçki Komissiyası tərəfindən akkreditasiya olunması məcəllədə yenilikdir və məqsədəuyğundur. Biz yeni seçki texnologiyalarının tətbiqini müşahidə etmişik. Onlar böyük vəsait tələb etmir, digər tərəfdən isə seçkilərin şəffaflığına əhəmiyyətli xidmət edir.
Hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçicilərin siyahılarının dəqiqləşdirilməsi müddətinin 25 gün göstərilməsi imkan verəcək ki, seçkiqabağı məntəqələrdə, seçki komissiyalarında seçici sayı haqqında real məlumat olsun. Seçki prosesinə hər hansı şəxsin qanunsuz müdaxiləsinin qarşısının alınması ilə bağlı yeni maddənin əlavə edilməsi vəzifələrindən sui-istifadə edən şəxsləri qanunsuz müdaxilələrdən çəkindirəcəkdir. Düzdür, bu maddə Cinayət Məcəlləsinə istinad etsə də, onun böyük xəbərdaredici xüsusiyyəti də var. Seçki texnologiyalarının təkmilləşdirilməsi mütəmadi prosesdir. Bu dəyişikliklər qanunvericiliyin faydalı istifadəsinə xidmət etməlidir. Elə bu baxımdan yekunda seçki prosesində müddətlərin azaldılması ilə bağlı təklif etmək istəyirəm. Seçki prosesini təmin edən seçkilər sayəsində peşəkar insanlar formalaşıbdır. Onlar tezliklə seçkilərə hazırlıq mərhələsini təmin edə bilərlər. Digər tərəfdən Azərbaycanın ərazisi və seçki dairə məntəqələrinin nisbi sayını nəzərə almaq lazımdır.
Bizim Seçki Məcəlləsində seçkilər səsvermə gününə azı 120 gün qalmış elan edilməlidir. Bu seçkiləri təşkil edən şəxslərin peşəkarlığını, Azərbaycan seçicilərinin sayının azlığını, seçki kampaniyalarına sərf edilən vəsaiti nəzərə alaraq, seçki kampaniyasının təşviqat müddətini azalda bilərik və həmin müddəti 60 gün etmək daha məqsədəuyğun olardı.
Mən bir daha müxalifət nümayəndələrinə öz fikrimi bildirmək istəyirəm. Burada partiya haqqında söhbətlər oldu. Komissiyanın iclasında da həmin müxalifət nümayəndələri heç cür ağa “ağ” deyə bilmədilər. Yenə də ağa “qara” söylədilər. Yeni Azərbaycan Partiyası iqtidar partiyası olmaqla bərabər həm də xalq tərəfindən dəstəklənən, xalqın rəqabətini qazanan bir partiyadır. Xalqımız partiya tərəfindən verilən namizədi dəstəkləyir və dəstəkləyəcəkdir.
Təbliğatla bağlı, televiziya ilə bağlı söhbətləri mən başa düşə bilmirəm. AzTV-də çıxış etmə, İctimai televiziyada çıxış et. Bunun nə fərqi var? Əsas məsələ odur ki, xalq namizədini dəstəkləsin. Bir də ki, xalq namizədini televiziya vasitəsi ilə dəstəkləmir. Xalqın rəğbətini qazanaraq prezident seçilməyə layiq insanlar olmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri və qonaqlar! Bu gün müzakirəyə təqdim olunan sənəd Azərbaycan ictimaiyyəti qarşısında mühüm sənədlərdən biridir. Çünki bu sənədlə və sənədə olan düzəlişlərlə həm ölkənin başçısı cənab Prezident, həm millət vəkilləri, həm də bələdiyyə üzvləri seçilib.
Seçkilərin təxminən 2 min ilə yaxın tarixi var. Bu tarix Roma imperiyasından başlayır və illər, əsrlər keçdikcə Seçki Məcəlləsi, yaxud qanunu və ya hər hansı bir formada başqa bir sənəd təkmilləşib ortaya çıxır. Bu gün də həmin təkmilləşmə davam edir və davam edəcəkdir də. Mən də Seçki Məcəlləsinə olan dəyişikliklərlə diqqətlə tanış olmuşam. Bu sənədin pozitiv hissəsi neqativ hissəsindən qat-qat üstündür. Məsələn, 8-ci maddədə seçkilərin elan olunmasının 120 gündən 60 günə endirilməsini götürək. Bu çox mütərəqqi bir haldır. Bunu mən öz təcrübəmdən də deyim. Mənim seçildiyim 120 saylı Cəbrayıl dairəsi 125 dairənin içərisində ən ağır dairələrdən biridir. Çünki bizim seçicilərimiz 58 rayonda məskunlaşıblar. 2005-ci ildə parlament seçkiləri ərəfəsində təbliğat kampaniyasında, mən demək olar ki, seçicilərimin hər biri ilə hər rayonda ən azı 2 dəfə görüşdüm və kifayət qədər də vaxtım qaldı. Hörmətli Əli Əhmədov burada bəzi arqumentləri gətirdi. Vaxtın azaldılması baxımından dəyərli arqumentlərdir. Mən demək istəyirəm ki, zaman nöqteyi-nəzərindən bu çox qiymətli bir təklifdir. Digər tərəfdən akkreditasiya məsələsinin də Mərkəzi Seçki Komissiyasına verilməsi çox təqdirəlayiqdir.
Bəlkə də texniki səhvdir. Məsələn, burada “eksit-pol” deyirlər, qanun layihəsində isə “exit-poll” yazılır. Gələcəkdə ona fikir vermək lazımdır.
Eksit-poll məsələsi məni bir az düşündürür. Nə mənada? Səsvermə gizlidir. Gizli səsvermə zamanı səs verən insanlar, adətən, öz fikirlərini bildirmirlər. Amma bu insanlar müxtəlif təşkilatlar tərəfindən təşkil olunmuşlar, qapılarda dayanıb soruşurlar ki, sən kimə səs verdin? Bu mənada gizli səs verən insanların hüququnun nə dərəcədə pozulmasını mən başa düşmürəm, burada Prezidentin İcra Aparatının nümayəndəsi və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir müəllim əyləşiblər. Ola bilsin, onlar izahat versinlər.
Paritet məsələsindən burada söhbət düşdü. İnsan psixologiyası elədir ki, əvvəla, bizdə komissiyalar paritet əsasında təşkil olunub. Kimsə bəlkə bunu yaddan çıxarıb. Çünki 2 nəfər iqtidar, 2 nəfər müxalifət nümayəndəsi Milli Məclisdə təmsil olunur, üstəlik 2 nəfər də bitərəflərin nümayəndəsi var. Bu gün Azərbaycan əhalisinin əksəriyyəti bitərəfdir. Nə üçün onların hüquqları tapdanmalıdır? Müxalifətin dediyi kimi, paritet əsasında yaranıbsa, niyə onların verdiyi qərarlara şübhə ilə yanaşmalıyıq? İnsan psixologiyası belədir, uduzan tərəf həmişə cığallıq edəcək, protokola qol çəkməyəcək.
Mənim başqa bir məsələ ilə bağlı da təklifim var. Dairə məntəqə seçki komissiyalarının bəziləri, xüsusilə müxalifətdən olan hissələr hətta seçki ədalətli keçiriləndə də, qərar ədalətli olanda da protokola qol çəkməkdən imtina edirlər. Mən hesab edirəm ki, həmin adamlar bu və ya digər formada öz cəzalarını aldılar. Mən də sonda bu düzəlişlərin lehinə səs verəcəyəm və deputat həmkarlarımı da bu təklifin lehinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. İclasımız bu siyahı ilə iyun ayının 2-də davam edəcək. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi