2008-ci il 2 iyun tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
IX  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  85

Milli  Məclisin  iclas  salonu.
2  iyun  2008-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

M. Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.
Ş. Əliyev, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri.
Den Blesinkton, Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES-in) nümayəndəsi.
Ş.Mahmudova, tərcüməçi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (müzakirənin davamı).
2. İdman haqqında Genişləndirilmiş hüdudlu Sazişin Əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Azərbaycan Respublikasının Hökuməti və Avropa Birliklərinin Komissiyası arasında Azərbaycan Respublikasında Avropa Birliklərinin Komissiyasının Nümayəndəliyinin təsis edilməsi və onun imtiyazları və immunitetləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlıq üzrə Şurası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”də və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Şərti maliyyə vahidi məbləğlərinin mütləq rəqəmlərlə əvəz olunması məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 430-IIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “İdman haqqında Genişləndirilmiş hüdudlu Sazişin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasının Hökuməti və Avropa Birliklərinin Komissiyası arasında Azərbaycan Respublikasında Avropa Birliklərinin Komissiyasının Nümayəndəliyinin təsis edilməsi və onun imtiyazları və immunitetləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlıq üzrə Şurası haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”də və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. “Şərti maliyyə vahidi məbləğlərinin mütləq rəqəmlərlə əvəz olunması məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 430-IIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                               O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

2  iyun  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 88
Yetərsay 83

Çox sağ olun. Yetərsay var. Keçən dəfə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında məsələnin müzakirəsində çıxış etmək üçün yazılanlar var idi. Məsələ yarımçıq qalıb. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün bizə yeni bir layihə paylanıb. Sözün doğrusu, çatdırıb tanış ola bilmədim ki, buraya hansısa dəyişikliklər edilib, yoxsa yox? Bizim stolumuzun üstündə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı yeni layihə var. Əgər ciddi dəyişikliklər olubsa, Oqtay müəllim, xahiş edərdik, məlumat verilsin, sonra müzakirələri davam etdirək. Yox, əgər ciddi dəyişiklik yoxdursa, mən öz çıxışımı davam etdirim.
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Dəyişikliklər qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşdırılmış müddəalarla bağlıdır. 8.1-ci maddədə dəyişiklik nəzərdə tutulur. Seçki müddətini bildirən “120” rəqəmi “75” rəqəmi ilə əvəz olunur. Fürsətdən istifadə edib buna görə təşəkkür edirəm. Düzdür, bizim təklif “60” gün idi, amma düşünürəm ki, prinsipcə müddətin qısaldılması ilə bağlı addım atılıbsa, bu çox müsbət bir haldır.
Millət vəkillərinin depozitlə bağlı təklifləri var idi. Siyavuş müəllimin, Fəzail Ağamalının və digərlərinin depozitin çıxarılması ilə bağlı təklifi nəzərə alınıb.
“75” rəqəmi məcəllə boyu bütün rəqəmlərin dəyişməsinə gətirib çıxarıb. Amma onu da deyim ki, bu rəqəmlər müzakirə olunduğu qısa zaman çərçivəsində tez-tələsik, kortəbii olaraq azaldılmayıb. Onların icrası ilə bağlı problemlər yaranmasın deyə, təbii ki, Mərkəzi Seçki Komissiyası ilə də müəyyən məsləhətləşmələr aparılıb. Ona görə bu rəqəmlər real, işlək, komissiya tərəfindən icra oluna biləcək rəqəmlərdir.
Fürsətdən istifadə edib, bir məsələni də hörmətli həmkarların nəzərinə çatdırmaq istəyirəm ki, Prezident seçkiləri üçün tələb olunan imzaların sayının 5 min azaldılması təklifi də nəzərə alınıb. Düzəlişlər bundan ibarətdir. Sağ olun.
Sədrlik edən. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Müzakirə olunan məsələ ilə bağlı qeyd eləmək istəyirəm ki, bizim Seçki Məcəlləsi qəbul olunanda da, sonra ona əlavə və dəyişikliklər ediləndə də parlament zalında çıxış eləyib bildirmişdim ki, 120 gün seçki müddəti çoxdur. Çox təəssüf ki, o zaman təklifim qəbul olunmadı və üstündən bir neçə il keçəndən sonra bu məsələyə qayıdırıq. Komissiyada da təklif eləmişdik ki, bu, 60 gün olsun, amma 75 gün müəyyənləşdirildi. Eybi yoxdur, 75 gün olsun.
Mən xatırlayıram, bir dəfə seçki elan eləmişdik, artıq seçki kampaniyası gedirdi. Almaniya Federativ Respublikasında seçkilər bizdən sonra elan olundu, seçkinin nəticələri də bəlli oldu, konstitusion hökumət də formalaşdırıldı, hökumət fəaliyyətə də başladı. Amma bizdə hələ seçkinin nəticələri təsdiq olunub qurtarmamışdı. Bizdə seçkidən sonra hələ 20 gün də bunun təsdiqi var, bu da təqribən 5 ay edir. Buna görə dalbadal 3 il seçkilər keçirilir – Prezident seçkiləri, bələdiyyə seçkiləri və parlament seçkiləri. Ona görə də mən seçki müddətinin qısaldılmasını çox ədalətli hesab edirəm. Bir qrup müxalifət nümayəndələri nəyə etiraz edirlər? “Siyasi partiyalar haqqında” Qanunda qeyd olunur ki, siyasi partiyaların fəaliyyəti dövlət televiziyasında işıqlandırılmalıdır. Amma hakim Yeni Azərbaycan Partiyasından başqa dövlət televiziyasında bir siyasi partiyanın nə bir bəyanatı verilir, nə də fəaliyyəti işıqlandırılır. Ona görə də siyasi partiyalar çalışırlar ki, yalnız seçki kampaniyasının verdiyi imkanlardan istifadə eləyib öz fikirlərini geniş ictimaiyyətə çatdırsınlar.
Mən çox istərdim, televiziya vasitəsilə Azərbaycan xalqına müraciət eləyim, soruşum ki, heç bir ehtiyac olmadan Hüseyn Cavid adına parkı yenidən qurmaq vacibdir, yoxsa bu dəqiqə susuzluqdan yanan Goranboyda 30–35 min hektar münbit torpaq sahəsinin suvarılması üçün orada yüz dənə artezian quyusunun qazılması? Yəni bu vəsaitin hara xərclənməsi daha məqsədəmüvafiqdir? Partiyalar öz mövqelərini ortaya qoya bilmədikləri üçün çalışırlar ki, bunu seçki kampaniyasından yararlanaraq eləsinlər. Məncə, biz elə bu gündən bunun həllinə nail ola bilsək, bu problem aradan qalxmış olar.
Bundan başqa, məni narahat eləyən ikinci məsələ qanunun 75.2-ci maddəsi ilə bağlıdır. Mən “dövlətə məxsus televiziyada seçkiqabağı təşviqat aparılmır” müddəası ilə razı deyiləm. Niyə aparılmasın? Bunun heç bir ciddi əsasını görmürük, siyasi partiyalara imkan vermək lazımdır ki, onlar öz platformalarını geniş ictimaiyyətə dəqiq çatdıra bilsinlər.
Bundan başqa, 81.11-ci maddədə qeyd olunur ki, seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması “Reklam haqqında” Qanun əsasında həyata keçirilir. Bu məsələni keçən dəfə həmkarım Pənah Hüseyn qaldırdı, komissiyanın iclasında da mən qaldırmışdım. Çox təəssüf ki, bizə ətraflı məlumat verilmədi, “Reklam haqqında” Qanunla tənzimlənir deyəndə nə nəzərdə tutulur. Efir vaxtımı nəzərdə tutulur? Onda bunu belə başa düşmək lazımdır ki, efirdə seçki təşviqatına “Reklam haqqında” Qanunda nəzərdə tutulduğundan artıq müddətdə vaxt ayrılmayacaq. Bu müddət isə saatda təxminən 15 faizdir. Bu müddəti də namizədlər qeydiyyatdan keçənə qədər ayrı-ayrı iri sahibkarlar, şirkətlər müqavilə bağlayıb götürsələr, təşviqat necə aparılacaq? Bu televiziyalar efir vaxtı ilə bağlı daha yüksək qiymətlər müəyyənləşdirsələr, necə olacaq? Mən o baxımdan hesab edirəm ki, 81.11-ci maddə çıxarılmalıdır. Səlahiyyətlər əvvəlki kimi Mərkəzi Seçki Komissiyasına verilməlidir ki, bu məsələləri MSK tənzimləsin.
Seçkiqabağı təşviqat materiallarının ancaq konkret obyektlərdə yerləşdirilməsi ilə bağlı məsələyə burada fikir bildirilib. Mən də buna etirazımı bildirirəm. Biz komissiyada da bu məsələni müzakirə elədik. Hesab edirəm ki, tarixi abidələr istisna olmaq şərtilə digər binalarda belə plakatların, reklam vasitələrinin yerləşdirilməsinə imkan yaradılmalıdır. Dünyanın inkişaf etmiş bütün ölkələrində bu reklam vasitələri divarlara, küçələrə yapışdırılır, yaxud şəhərin mərkəzi yerlərində xüsusi plakatlar yerləşdirilir. Buna geniş imkan yaradılmalıdır.
Məncə, depozit namizədin seçki fondunun yuxarı həddinin 1 faizindən artıq olmamalıdır. Əgər namizəd seçki kampaniyasının gedişində vəsaitin çatmadığını görüb, öz seçki fondunu artırarsa, onda seçkiyə qədər Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi axırıncı maliyyə hesabatında bunun 1 faizini yenidən depozit şəklində qoya bilər ki, seçkilərdə iştirak eləmiş olsun. Ona görə bu müddəanı da bura daxil eləmək lazımdır.
Ümumiyyətlə, Seçki Məcəlləsinə edilən dəyişikliklər arasında zərflərin ləğvi, hesab edirəm ki, müsbət addımdır.
102.1-ci maddədə seçicinin barmağının işarələnməsi qeyd olunub. Dünyanın bizdən daha çox inkişaf eləmiş bəzi ölkələrində barmaqlar rəngli mürəkkəbə batırılır ki, bunu hər kəs görsün. Mən hesab edirəm ki, bunu bizdə də eləmək olar. Hətta elə eləmək olar ki, seçici barmağını mürəkkəbə batırandan sonra seçici siyahısını imzalayıb bülleten alsın və öz imzasının qarşısında baş barmağının izini də yerləşdirsin.
Bəzi başqa təkliflər də vermək istərdim. Düşünürəm ki, bu məsələlər də Seçki Məcəlləsində nəzərə alınsa, daha doğru olar. Bax, indi seçki komissiyaları ilə bağlı ciddi müzakirələr gedir. Bəzi beynəlxalq təşkilatların, o cümlədən Venesiya Komissiyasının fikricə, Mərkəzi Seçki Komissiyası daha çox siyasi qüvvənin etimad göstərəcəyi formada təşkil olunmalıdır. Bunun üçün Mərkəzi Seçki Komissiyası seçkilərə qatılmaq istəyən siyasi partiyaların təqdim elədiyi namizədlər siyahısından püşkatma yolu ilə formalaşdırıla bilər. Biz beynəlxalq təşkilatların fikirlərini mütləq nəzərə almalıyıq. Azərbaycanın Qarabağ kimi problemi var. Biz bu problemi beynəlxalq ictimaiyyətin dəstəyi ilə həll etmək istəyirik. Ona görə də beynəlxalq ictimaiyyətin mövqeyinə sayğısız yanaşa bilmərik. Bu baxımdan onların fikirləri nəzərə alınmalı və seçki komissiyaları etimadlı əsasda formalaşdırılmalıdır.
Seçki komissiyalarının paritet əsasda formalaşdırılmasının mən də əleyhinəyəm. Bizdə iqtidar fikirləşir ki, müxalifət Mərkəzi Seçki Komissiyasında, yaxud digər komissiyalarda ədalətsiz qərarlar qəbul etməklə seçkini poza bilər. Amma bunun əksi də ola bilər. Yəni iqtidara seçki komissiyalarında 50 faiz yer vermək olmaz. Fərz edək ki, müxalifət seçkini udur, amma seçki komissiyalarındakı çoxluq bunu rəsmiləşdirmir. Bu olmasın deyə, mən hesab edirəm ki, seçki komissiyaları ya tamamilə bitərəf şəxslərdən formalaşdırılmalı, ya da hökumət seçki komissiyalarını özü formalaşdıraraq seçkiyə görə məsuliyyəti üzərinə götürməli, yəni seçki komissiyasının fəaliyyəti bir növ hökumətin fəaliyyəti kimi qiymətləndirilməlidir. Mən bu fikirdəyəm ki, nə müxalifət, nə də iqtidar, yəni hakim partiya seçkinin gedişini pozmaq imkanlarına malik olmalıdır.
Daha bir təklifim var. Belə fikirlər mövcuddur ki, sonradan protokollar, yaxud bülletenlər dəyişdirilir. Bunların qarşısını almaq, əhalidə geniş etimad yaratmaq üçün seçkinin nəticələrinə dair yekun protokolları – həm məntəqə və dairə seçki komissiyalarında, həm də Mərkəzi Seçki Komissiyasında doldurulan protokollar seçki bülletenləri ilə birlikdə ATƏT-in iştirakı ilə istənilən Avropa ölkələrinin birində dərc oluna bilər.
Sonda seçkinin nəticələrinin təsdiqi üçün verilən müddətlə bağlı fikrimi bildirmək istərdim. Vaxtilə Mərkəzi Seçki Komissiyasının üzvü olmuş şəxs kimi qeyd edirəm ki, bu müddəti də qısaltmaq lazımdır. 5 gün müddətində Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrinə dair yekun protokolunu tərtib eləyib Konstitusiya Məhkəməsinə göndərə və 5 gün müddətində də Konstitusiya Məhkəməsi rəqəmləri yoxlayıb, seçkinin nəticəsini təsdiq eləyə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Amma bir şeyi yadınıza salım ki, keçən iclasda millət vəkilləri çox təkliflər elədilər və depozit məsələsini burada danışdıq. Depozit məsələsi artıq gündəmdən çıxıb. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında ötən iclasda çoxsaylı fikirlər irəli sürüldü, təkliflər səsləndirildi. Təbii ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi zərurətdən irəli gəlir. Bəzilərinin iddia etdiyi kimi, bu heç də hansısa beynəlxalq qurumun, hansısa beynəlxalq təşkilatın tövsiyəsi ilə edilməyib. Hər bir qanun müəyyən zaman keçdikdən sonra bu və ya digər dəyişikliklərə məruz qalır. 2003-cü il Prezident seçkilərindən və 2005-ci il parlament seçkilərindən sonra Azərbaycan Respublikasının Seçki Məcəlləsinə bəzi əlavə və dəyişikliklərin edilməsi də zamanın tələbidir.
Təəssüf edilən hal odur ki, bəzi millət vəkilləri, xüsusən müxalifətdən olan deputatlar çıxışlarında yenidən keçmişə qayıdırlar. Biz bu gün Seçki Məcəlləsini konseptual şəkildə müzakirə etmirik, ayrı-ayrı maddələrə dəyişikliklər haqqında danışırıq. Hazırkı Seçki Məcəlləsi uzun müzakirələrdən sonra qəbul edilib. Hamının yadındadır ki, bu Seçki Məcəlləsi qəbul edilərkən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İnstitutu, eyni zamanda, Avropa Şurası Venesiya Komissiyası mütəxəssislərinin və siyasi partiyaların nümayəndələrinin iştirakı ilə geniş müzakirələr keçirilmiş, mütəxəssislərin iştirakı ilə parlamentdə müzakirədən sonra Azərbaycanda Seçki Məcəlləsinin məhz bu formada olması qəbul edilmişdi. Seçki Məcəlləsinin əsaslarına toxunmalı deyilik. Çünki bu, Azərbaycanda qəbul olunmuş prinsipial bir məsələdir.
Bütün ölkələrin seçki məcəllələri, seçki qanunvericiliyi heç də bir-birinə bənzəmir. Hər bir ölkə özünün tarixi inkişaf yolunda, təbii ki, beynəlxalq təcrübədən yararlanaraq öz qanunlarını yaradır, formalaşdırır. Azərbaycanda da biz belə razılaşma əldə etdik ki, Seçki Məcəlləsi qəbul edilərkən cəmiyyətin siyasi palitrası, siyasi qüvvələr nisbəti, parlamentdəki siyasi qüvvələr nisbəti nəzərə alınsın, həm hakim partiyanın, həm müxalifətin, həm də cəmiyyətdə heç bir siyasi partiyanı təmsil etməyən qüvvələrin nümayəndələri seçki komissiyalarında özlərinin təmsilçiliyini təmin edə bilsinlər.
Əslində, bizdə seçki komissiyaları siyasi partiyaların tabeliyində deyildir. Siyasi partiyalar, bitərəflər buraya nümayəndələr irəli sürə bilirlər. Hamımız bilirik ki, nümayəndələr seçildikdən sonra seçki komissiyaları tam bitərəf şəkildə fəaliyyət göstərir. Amma praktikada biz vaxtaşırı olaraq müxalifət partiyalarının seçki komissiyalarından məhz siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini görmüşük. Ötən iclasda bununla bağlı misallar gətirildi.
Mən də bəzi faktları xatırlatmaq istəyirəm. Seçki komissiyalarının əsasını, təbii ki, məntəqə seçki komissiyaları təşkil edir. Məntəqə seçki komissiyalarında həm müxalifət, həm hakim partiyalar, həm də bitərəflər təmsil olunublar. Yeni Azərbaycan Partiyası seçki komissiyasından öz müxaliflərinə qarşı heç zaman istifadə etməyib. Əgər Yeni Azərbaycan Partiyası belə istifadə etmiş olsaydı, bunu müxalifətin buraya seçilmiş deputatlarının protokollarına münasibətdə edərdi. Necə ki, müxalifət öz tərəfdarlarına, komissiyadakı nümayəndələrinə tapşırır, imza atdırmır, Yeni Azərbaycan Partiyası da bunu edə bilərdi. Fakt isə bundan ibarətdir ki, müxalifətin nümayəndələri parlamentə seçiliblər və Yeni Azərbaycan Partiyasının o komissiyalardakı nümayəndələri də onların seçildiyini öz imzaları ilə təsdiq ediblər.
Amma biz müxalifətdə bunun əksini görmüşük. Seçkidən sonra müxalifətin məntəqədə olan nümayəndələri protokollara qol çəkmir, “bizim adam seçilmədi” deyərək, iddialarını ortaya qoyurdular. Yalnız 2003-cü ildə ilk məntəqələrdə müxalifət nümayəndələrinin 75 faizi qol çəkib, 25 faizi qol çəkməyib. Hətta başqa məsələ də ortaya çıxırdı. Müxalifətin irəli sürdüyü hansı nümayəndələr protokolları imzalayırdılarsa, öz partiyaları sonradan həmin şəxsləri təzyiqə məruz qoyur, öz mətbuat orqanlarında təhqir edirdilər. Biz hamımız bunu bilirik. Ona görə də müxalifətin seçki komissiyaları haqqında mövzunu yenidən sıfır variantına qaytarmaq cəhdi, təbii ki, uğursuzluğa məhkumdur. Nə cəmiyyət buna razılıq verər, nə Yeni Azərbaycan Partiyası, nə də dövlətimizin maraqları.
Əslində, komissiyalarda cəmiyyətin qüvvələr nisbətinə uyğun paritet müəyyən olunub və mən hesab edirəm ki, əlavə və dəyişikliklər barədə layihədə irəli sürülən müddəalar bunu bir daha təsbit edir. Seçkinin azad, ədalətli, demokratik, şəffaf keçirilməsini təmin edən amilləri heç kim kənardan müəyyənləşdirmir. Hər bir xalqın, ölkənin keçirdiyi seçkinin qiymətini həmin xalq özü verir. Seçkinin azadlığını təmin edən müddəalar Seçki Məcəlləsində kifayət qədərdir. Yəni bizim Seçki Məcəlləmizdə hansısa məhdudiyyətlər yoxdur, kimisə irqinə, dərisinin rənginə, siyasi mənsubiyyətinə görə seçkidən kənarlaşdırmırlar.
Bəzi ölkələrdə cinsiyyətinə görə, irqinə görə seçkidə məhdudlaşdırmalar var. Hətta bu gün bütün dünyanın nümunə göstərdiyi Amerika Birləşmiş Ştatlarında əgər ingilis dilində konstitusiyanı komissiyaya izah edə bilməsəniz, sizə seçki bülleteni verməzlər. Bizdə, Azərbaycanda seçki tamam azaddır. Seçkidə şəffaflıq bu qanunla tam təmin edilib. Hər bir namizəd seçki komissiyalarında məşvərətli seçki nümayəndəsini, müşahidəçilərini təyin eləyir. Mətbuat nümayəndələri üçün, beynəlxalq müşahidəçilər üçün seçki komissiyaları açıqdır. Amma mən ayrı-ayrı demokratik ölkələr göstərə bilərəm ki, həmin ölkələrdə seçki zamanı seçkinin açıqlığı tamamilə məhdudlaşdırılıb. Halbuki seçkinin açıqlığı, yəni onu müşahidə eləmək üçün imkanların yaradılması seçkidə bu və ya digər formada saxtakarlıq hallarının olması ehtimalını sıfıra endirir.
Mən bir hadisəni yada salmaq istəyirəm. 2003-cü il Prezident seçkilərində mən bütün gün ərzində bir məntəqədə Yeni Azərbaycan Partiyasından müşahidəçi kimi iştirak etdim. Günün sonunda müxalifət partiyalarının nümayəndələrinin iştirakı ilə hamının gözünün qabağında bülletenlər sayılanda çoxluğun cənab İlham Əliyevə səs verdiyi məlum oldu. Eyni zamanda, müxalifətdən olan namizədlər də müəyyən səslər toplamışdılar. Nəticə ilə burada hamı razılaşdı və hamı da protokollara imza atdı. Amma görün, bir gün sonra nə baş verdi. Bir gün sonra həmin müxalifət nümayəndələri başladılar ki, filan yerdə pozuntu olub. Halbuki özləri orada olublar. Bir gün sonra öz fikirlərini dəyişdilər. Yəni bütün bunlar onu göstərir ki, müxalifət partiyaları, sadəcə olaraq, seçkilərdə məğlubiyyətlərini sığortalamaq üçün Seçki Məcəlləsini, seçki qanunvericiliyini bəhanə edirlər.
Bizim cəmiyyətimizdə etiraf deyilən bir anlayış var. Bu etirafı biz görmürük. Müxalifət neçə illərdir, məğlub olur və məğlubiyyətini etiraf etməmək üçün “seçki saxtalaşdırıldı” deyir. Milli Məclisə seçkilər zamanı ayrı-ayrı dairələrdə beş, altı, yeddi namizəd var idi. Seçkidən sonra hamı deyirdi, mən qalib gəldim. Bu, bilirsiniz, imtahana gedib, iki alan tələbəyə bənzəyir. İki alır və deyir, müəllim günahkardır. Özü oxumayıb, amma müəllimi günahkar hesab eləyir.
Bu gün müxalifətin sosial dayaqları zəifləyib, demək olar ki, cəmiyyətdə nüfuzu yoxdur və elə ona görə gələcək məğlubiyyətini sığortalamaq üçün müxtəlif bəhanələrə əl atır. Məsələn, televiziya ilə bağlı. İctimai televiziyada pulsuz imkanlar yaradılır, digər televiziyalarda imkanlar yaradılır. Sonra, təşviqat aparılması ilə bağlı. Seçki təşviqatı yalnız və yalnız seçki kampaniyası dövründə aparılmır. Seçki seçkidən sonra başlanır. Seçkidən dərhal sonra hər bir siyasi partiya, hər bir siyasətçi gələcək seçkiyə hazırlıq işlərini görür. Bəs bu gün müxalifətin nəzarətində olan onlarca mətbuat orqanında müxalifət nümayəndələrinin təbliğatı nəyə xidmət edir? Bu təbliğat məhz gələcək seçkilərə xidmət etmirmi? Yəni bunların təşviqatla bağlı, seçki kampaniyasının müddəti ilə bağlı hay-küyü də tamamilə yersizdir. Çünki o təşviqat, əslində, beş il ərzində məqsədyönlü şəkildə aparılıbdır. Bu təşviqatın aparılması üçün heç kimə məhdudiyyət qoyulmayıbdır. Ona görə müxalifətin təşviqatla bağlı, təşviqat materiallarının harada vurulması, harada yayılması ilə bağlı dediklərinin də heç bir əsası yoxdur.
Digər tərəfdən, ötən iclasda müxalifət nümayəndələrindən biri Prezidentin televiziyada fəaliyyətinin işıqlandırılmasından danışdı. Hansı ölkədə fəaliyyətdə olan prezident seçkilərə qatılanda onun fəaliyyətinin televiziyada işıqlandırılması məhdudlaşdırılır? Onların fəaliyyəti televiziyada həmişə işıqlandırılır.
Yəni bütün bunları deyərək, mən hesab edirəm ki, biz bu razılaşdırılmış varianta səs verməliyik. Bu, təkmil bir qanundur. Bu qanunla biz ölkəmizdə azad, ədalətli, demokratik seçkilər keçirməyə qadirik. Biz bu seçkiləri kiməsə xoş gəlmək üçün yox, özümüzün seçdiyimiz demokratik yolla getdiyimiz üçün keçiririk və bunu hamı başa düşməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Həsənov.
A. Həsənov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirəyə çıxardığımız Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi seçki təcrübəsinin təkmilləşdirilməsinə və seçki prosesinin sadələşdirilməsinə xidmət edir. Adətən, normativ hüquqi aktlarda çatışmazlıqlar və zəruri olan dəyişikliklər özünü daha çox qanunvericiliyin tətbiqi zamanı büruzə verir. Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsindən məlum olur ki, Seçki Məcəlləsinə onun təkmilləşdirilməsi ilə bağlı əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur.
Heç kimə sirr deyil ki, Azərbaycanın Seçki Məcəlləsi demokratik və yüksək səviyyəli seçki keçirməyə imkan verir və bunun üçün lazım olan hüquqi baza da yaradılmışdır. Bununla belə, beynəlxalq təşkilatlar Seçki Məcəlləsində müəyyən dəyişikliklər edilməsini təklif ediblər və bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında danışıqlar aparılmışdır. Ötən ilin sonlarında Bakıda bu cür görüşlər keçirilmişdir. Azərbaycan hökuməti ilə beynəlxalq təşkilatlar arasında məcəllədə dəyişiklik aparılması barədə razılıq əldə olunub.
Seçki Məcəlləsinə əlavə və dəyişikliklər arasında diqqəti daha çox təbliğat və təşviqat müddətinin qısaldılması barədə təklif cəlb edir. Qüvvədə olan məcəlləyə əsasən seçkilər səsvermə gününə 120 gün qalmış elan olunurdusa, hazırkı dəyişiklikdə bu müddətin 75 günə qədər azaldılması təklif olunur. Hesab edirəm ki, 75 gün müddəti daha məqbuldur. Zənnimcə, hər hansı namizədin təbliğatı üçün ayrılan iki ay yarım heç də az vaxt deyil. Bir də, axı, inkişaf etmiş ölkələrdə də seçki kampaniyası dövrü dörd ay deyil.
Məlumdur ki, Venesiya Komissiyası seçki komissiyalarının tərkibinin dəyişdirilməsi təklifini də müəyyən səbəblərlə izah edirdi. Lakin Azərbaycanın öz mentaliteti, prinsipləri var. Hesab edirəm ki, beynəlxalq təşkilatlar və o cümlədən Venesiya Komissiyası Azərbaycan hökumətinin mövqeyinə hörmətlə yanaşmalıdır.
Mən təbliğat və təşviqat zamanı namizədlərin təbliği işində qüsurların olduğunu vurğulamaq istəyirəm. Xüsusilə küçələrdə, bazarlarda, mağazalarda namizədlərin şəkillərinin sıx yerləşdirilməsini ciddi qüsur sayıram. Hər hansı bir namizədin əgər xalq arasında hörməti varsa, xalq qarşısında böyük xidmətlər göstəribsə, onun bu qədər şəkillərini hara gəldi vurmağın nə mənası var?
Mən öz namizədliyimi keçən çağırışda verən zaman mənimlə bir dairədə, demək olar ki, bütün partiyalardan 10 nəfərə qədər namizəd var idi. Cəlilabadda bunların şəkillərinin əlindən yer yox idi. Hətta məscidlərin də yanına yapışdırmışdılar. Mən cəmi iki dəfə görüş keçirtdim, – heç şəkillərimi də vurmamışdım, – birini stadionda, birini də ziyalılar evində. Stadionda, elə bil ki, Braziliya ilə SSRİ oynayırdı. Bu zaman bizim akademik Vasim Məmmədəliyev oradan keçirdi. Bu izdihamı gördü, müraciət elədi ki, Aydın müəllim, mən də iştirak edim. Bizim ağsaqqallarımız, ziyalılarımız çıxış eləyib mənim haqqımda danışdılar, rayona elədiyim hörmətdən, camaatla oturub-durmağımdan, onların məclislərində iştirak elədiyimdən söz açdılar. Vasim Məmmədəliyev orada dedi, Aydın, əhsən olsun, sən elə artıq seçilibsən. Burada məni təbliğ eləməyə ehtiyac var? Orada Müsavat Partiyasının, Kommunist Partiyasının, Xalq Cəbhəsi Partiyasının və digərlərinin nümayəndələri, Oqtay müəllim, yığışdılar mənim başıma, dedilər, Aydın müəllim, Siz onsuz da seçkidə seçiləcəksiniz, yeganə namizədsiniz, birdən o Yeni Azərbaycan Partiyasının nümayəndəsi, – mən bitərəf idim, – seçilsə, Sizin buna münasibətiniz necə olacaq? Dedim, mən də öz narazılığımı bildirəcəyəm. Bunların hərəsi 5 faiz, 10 faiz səs topladı, mən keçdim. Xəbər gəldi ki, Müsavatın nümayəndəsi protokola qol çəkmir. Dedim, öyrənin, bu nə məsələdir. Məlum oldu, buna yuxarıdan göstəriş veriblər ki, heç bir sənədə qol çəkmə, bütün rayonlarda qol çəkmirik. Bunu Mübariz müəllimin sözünün üstündən dedim. Yəni o, haqlıdır. Şahid mən, Aydın Həsənov.
Qaldı ki Yeni Azərbaycan Partiyasının lideri cənab İlham Əliyevin bu cür təbliğata ehtiyacı yoxdur. Çünki onun qısa müddətdə xalq üçün gördüyü işlər göz qabağındadır. Bunu nankorlar görməyə bilərlər. Xalqın öz liderinə münasibəti hamımıza bəllidir. Qarşıdan Prezident seçkiləri gəlir və ölkənin ictimai-siyasi həyatında müşahidə olunan böyük canlanma həm də bununla bağlıdır. Əvvəlki seçkilərdə olduğu kimi, bu il də Yeni Azərbaycan Partiyası Prezident seçkilərinə vahid liderlə gedir. Bir sıra yerli və beynəlxalq rəy sorğuları institutları artıq müəyyən araşdırmalar aparıblar. Məlum olub ki, möhtərəm Prezidentimiz seçkilərin şəriksiz qalibidir. Bunu indidən söyləməyə kifayət qədər əsasımız var.
Tam əminliklə demək istəyirəm ki, oktyabrda keçiriləcək Prezident seçkiləri ölkəmizin tarixində daha demokratik, daha şəffaf seçkilər kimi yadda qalacaq. Bu seçki Azərbaycanın da üzv olduğu Avropa ailəsinin norma və standartlarına uyğun şəkildə keçiriləcək və əvvəlki seçkilərdən fərqli olaraq, tendensiyalı tənqidə məruz qalmayacağıq. Ona görə də mən bu qanun layihəsini dəstəkləyirəm və ona müsbət münasibətimi bildirəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vidadi Məmmədov buyursun.
V. Məmmədov. Sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bu gün cənab Prezidentin imzası ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəmizə təqdim olunub. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası ölkədə demokratik, ədalətli və obyektiv seçkilərin keçirilməsinə əsas verir. Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır. Xalqımız əsrlər boyu müstəqillik arzusu ilə yaşamışdır. Əlbəttə, müstəqilliyi qorumaq və möhkəmləndirmək üçün demokratik, hüquqi dövlətin yaradılması əsas şərtdir. Ən demokratik hökumət xalqın iradəsini ifadə edən, istəyini həyata keçirən hökumətdir. Demokratiya daxildən gələn bir hiss olmaqla yanaşı, xalqın mentalitetinə də uyğun olmalıdır. Azərbaycan xalqı ədalətli xalq olduğu üçün həmişə demokratiyaya dəstək vermişdir. İndiyə qədər keçirilən seçkiləri xalqımız ürəkdən bəyənmiş və dəstəkləmişdir. Demokratiya hakimiyyət üçün məşəqqətli yoldur. Ona görə də yüzilliklərlə müstəqillik tarixi olan ölkələr də yeniləşməyə, dəyişməyə səy göstərir.
Güclü dövlətlərin əhatəsində və maraq dairəsində olan Azərbaycanda müstəqil və demokratik dövlətin varlığı daha vacib və lazımlıdır. Bunu yaxşı dərk edən Azərbaycan hökuməti Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə səslənən təkliflərə həssaslıqla yanaşır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, habelə Avropa Şurasının Venesiya Komissiyası ilə məsləhətləşmələr aparılır və müzakirələr edilir. Bu müzakirə və məsləhətləşmələrdən sonra, habelə seçkilər zamanı əldə edilmiş təcrübəyə əsaslanaraq, Milli Məclisin müzakirəsinə çıxarılmış qanun layihəsində Seçki Məcəlləsinə əhəmiyyətli və əsaslı əlavə və dəyişikliklər təklif edilmişdir. Bu dəyişikliklər seçki mexanizmini daha da işlək etməklə prosesin mükəmməl aparılmasına xidmət edəcəkdir.
Məsələn, seçki bülletenlərinin zərfə qoyulmasının ləğv edilməsi bülletenlərin sayılma mərhələsində işi asanlaşdırmaqla yanaşı, bülletenlərin düzgün və dəqiq seçilməsi və sayılmasında şəffaflığa təminat verir.
Maddə 46.1-də “yalnız məhkəmənin qərarı əsasında” sözlərinin “Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən” sözləri ilə əvəz olunması seçicilərin səs vermək imkanlarını artırır, bürokratikliyə son qoyur, seçicinin iradəsini ifadə etməyə imkan yaradır.
Maddə 112.5.1-dən 112.5.11-ə qədər edilən əlavələr seçki vaxtı əsassız, imzasız, məsuliyyətsiz şikayətlərlə seçkinin gedişinə təsir göstərmək, işi çətinləşdirmək, baş qatmaq imkanlarını aradan qaldırır və seçki prosesini pozmağın qarşısını alır.
Maddə 170.3-də deyilir: “Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir”. Bu maddənin əlavə olunması namizədin hüquqlarının təmin olunmasına, seçkinin şəffaf aparılmasına xidmət edəcəkdir.
Əlavə və dəyişikliklərə müsbət rəyimi bildirməklə bərabər uzun illər seçki komissiyalarında və 2005-ci ildə deputatlığa namizəd kimi, topladığım təcrübəyə əsaslanaraq 8.1-ci maddəyə dair fikrimi bildirmək istəyirəm. Rusiya, Amerika Birləşmiş Ştatları və sair ölkələr kimi böyük əraziyə və əhaliyə malik olmayan Azərbaycanda insanlar bir-birini az qala fərdi qaydada tanıyırlar. Onların özlərindən əlavə hətta ailə və uşaqları barədə seçicilərin mükəmməl məlumatları olur. Namizədlərin hər biri haqqında fəaliyyətinə və şəxsi keyfiyyətlərinə görə ictimai rəy formalaşır. Eyni zamanda, az bir vaxtda informasiya texnologiyalarından istifadə etməklə istənilən namizədin göstəriciləri barədə məlumat almaq da mümkündür. Ona görə 8.1-ci maddədə 120 günün 75 günlə əvəzlənməsini məqsədəuyğun hesab edirəm. Bu, seçki prosesinin məzmun və mənasını artırar, daha obyektiv və şəffaf seçki keçirilməsinə köməklik edər. Mən bu dəyişikliklərin və əlavələrin qəbul olunmasının lehinə səs verəcəyəm. Deputat həmkarlarımı da bu qanun layihəsinə müsbət səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov buyursun.
E. İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Mən də hesab eləyirəm ki, bu əlavə və dəyişikliklər seçki praktikasının daha da təkmilləşdirilməsinə xidmət edir və şəffaflığı artırır. Onlar daha demokratikdir. Əlbəttə, mənim də danışmağa sözüm çox idi. Lakin o sözlərin, demək olar ki, hamısı bu gün razılaşdırılmış variantda artıq bizə təqdim olunub. Mən bu layihədə millət vəkillərinin bir çox təkliflərinin əks etdirilməsinə görə Prezident Aparatına və onun bu gün burada iştirak edən nümayəndəsi Şahin müəllimə minnətdarlığımı bildirirəm.
Əlbəttə, mən də arzu edərdim ki, seçki müddəti bir qədər də qısaldılsın. Bu gün, hörmətli cənab Sədr, Azərbaycanda dairə və məntəqə seçki komissiyaları üçün yeni binaların tikilməsi və onların lazımi avadanlıqlarla təmin olunması bizə imkan verir ki, seçkiləri 75 günə və hətta 60 günə də yox, Rumıniyada olduğu kimi, 45 günə keçirək. Rumıniyada – Azərbaycan Respublikasından 10 dəfə böyük bir ölkədə seçkilər 45 günə keçirilirsə, bizdə də bu müddət 45 gün və yaxud 60 gün ola bilərdi. Lakin indi onu da nəzərə almalıyıq ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında verilən qanun layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Ona görə də mən hesab eləyirəm ki, bu qanun layihəsinin geniş müzakirəsinə ehtiyac yoxdur.
Hörmətli cənab Sədr, əgər məndən sonra yazılan həmkarlarım çıxış üçün təkid etmirlərsə, razılaşdırılmış variantı səsə qoyaq, qəbul edək. Çünki bizim hələ 15 məsələmiz də var. Bu gün onları müzakirə eləməliyik. Mən buna səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təkid eləyən var? Ziyafət müəllim əlavə eləmək istəyir. Desin, sonra səsə qoyarıq.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən hesab eləyirəm ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi iki gün ərzində çox səmərəli surətdə müzakirə olundu, təkliflər, iradlar səsləndirildi və onlarla bağlı izahat verildi. Sözün düzü, mən çıxış eləmək istəmirdim, amma keçən iclasda bir sıra həmkarlarım yenə də seçki komissiyalarının paritet əsas da təşkili məsələsini ortaya atdılar. Bizim ən böyük bəlamızın, xəstəliyimizin unutqanlıq xəstəliyi olduğunu nəzərə alaraq məcburam, bu məsələyə bir daha münasibət bildirim və fikirlərimi sizinlə bölüşüm.
Bəzən müxalifət nümayəndələri bizə söyləyirlər ki, əgər özünüzə arxayınsınızsa, nə üçün seçki komissiyalarının biz başa düşdüyümüz mənada paritet əsaslarla təşkil olunmasına getmirsiniz? Məsələ burasındadır ki, biz özümüzə arxayınıq, sizə arxayın deyilik. Çünki seçki komissiyalarının işi təkcə iqtidarın, iqtidardan olan insanların işi deyil. Burada həm bitərəflər, həm də müxalifətdən olan insanlar var.
Mən sizin yadınıza iki məsələni salacağam. Əgər yadınızdadırsa, 2000-ci ildə parlament seçkilərində ilk dəfə olaraq Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki komissiyalarının təşkili prosesində müxalifət Azərbaycan seçki sisteminə bir cığallıq presidenti gətirdi. O nədən ibarət idi? İndiki kimi, təklif eləyirdilər ki, seçki komissiyaları əlli faiz iqtidar nümayəndələrindən, əlli faiz də müxalifət nümayəndələrindən təşkil olunsun. Böyük mübahisələr getdi. Mənim yaxşı yadımdadır, hamınızın da yaxşı yadındadır, o vaxt cənab Jerar Ştudman Bakıda idi və o da parlamentdən, ulu öndərimiz Heydər Əliyevdən xahiş elədi ki, siz buna gedin. Hərçənd biz bilirdik ki, buna getsək də, müxalifət yenə cığallıq edəcək. Amma ulu öndərimiz bunu bilə-bilə o vaxt müxalifətin sözünü kəsmək üçün bu addımı atdı.
Bəli, qanun qəbul olundu. Seçki komissiyaları əlli faiz müxalifət və əlli faiz iqtidar nümayəndələrindən təşkil edildi. Qanunda konstitusion müddətlər nəzərdə tutulub. Mərkəzi Seçki Komissiyası işləməlidir, vaxt bizi sıxır. Məlum oldu ki, müxalifət iclasa gəlmir, boykot eləyir. Yaxşı, Mərkəzi Seçki Komissiyası nə eləməlidir? Heç bir qərar qəbul eləyə bilmir. Mərkəzi Seçki Komissiyasının və müvafiq olaraq digər komissiyaların işi iflic oldu. Bu hamımızın yadındadır. Onda cənab Jerar Ştudman Xalq Cəbhəsi Partiyasının, Milli İstiqlal Partiyasının və Müsavat Partiyasının sədrlərinə müraciət elədi. Siz belə etməyin, axı, mən Azərbaycan iqtidarından, parlamentdən xahiş eləmişəm, bu yola gediblər, bunu qəbul ediblər. Gəlin, iştirak edin. Amma bu sözlərin heç bir xeyri olmadı. Ondan sonra cənab Jerar Ştudman dedi ki, daha seçkini poza bilmərik, buyurun, o formatı dəyişin, Mərkəzi Seçki Komissiyası normal işləyə bilsin. Bundan sonra biz bu cür işlədik.
İkinci bir məsələ. 2003-cü ildə bizim ulu öndərimiz Mərkəzi Seçki Komissiyasına səhhətinə görə ərizə verdi ki, mən namizədliyimi geri götürürəm. Təsəvvür edirsiniz, namizədliyini geri götürən insana Müsavat Partiyası, Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və digər bir partiya səs vermirlər. Namizədliyimi geri götürürəm də, niyə səs vermirsiniz? Bu, heç yerdə görünməyib.
Bax, bu cür cığallıq etdiyinizə görə biz sizə inanmırıq. İndi siz bizə deyə bilərsiniz, siz cığallıq edirsiniz. Biz cığallıq edə bilmərik. Çünki bu seçkilərin məsuliyyətini iqtidar daşıyır. Yaxşı keçsə də, pis keçsə də, hər bir halda biz daşıyırıq. Sabah beynəlxalq təşkilatlar nəticəsini bizdən soruşacaqlar. Əlbəttə, biz iqtidar olaraq marağındayıq ki, bu seçkilər daha şəffaf, daha ədalətli, daha düzgün keçsin. Ona görə də mən hesab edirəm ki, bu paritet məsələsini birdəfəlik yığışdırmaq lazımdır. Günahkarı özünüzsünüz, çünki özünüz sübut etdiniz ki, Mərkəzi Seçki Komissiyasının paritet əsaslarda təşkilində maraqlı deyilsiniz. Siz əvvəlcədən məğlubiyyətinizi sığortalamaq üçün hər yola gedirsiniz.
Ona görə də mən hesab edirəm ki, hörmətli deputatlar, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında bu razılaşdırılmış qanun layihəsini qəbul etmək olar. Mən hesab edirəm ki, bu əlavə və dəyişikliklər edilməsəydi belə, Azərbaycan Respublikasının Seçki Məcəlləsi elə bir kamil sənəddir ki, onunla hər bir halda yüksək səviyyədə şəffaf və ədalətli seçkilər keçirmək olar. Ona görə də mən sizin hamınızı bu əlavə və dəyişikliklərə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 100
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəlikdə 14 məsələmiz var. Biz bu gündəliyi təsdiq etməmişik. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. İdman haqqında Genişləndirilmiş hüdudlu Sazişin Əsasnaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi barədə. Buyursun Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycanın Avropaya inteqrasiya prosesləri ardıcıl surətdə davam edir. Bu sahədə çox işlər görülüb və bu işlərdən biri də Avropa Şurası Nazirlər Komitəsinin yaratdığı belə bir quruma Azərbaycanın qoşulmasıdır. Bu günlər həmin qurum Almaniyada tədbir keçirir. Çox sevindirici haldır ki, həmin tədbirdə Milli Məclisin, eyni zamanda, bizim komissiyanın üzvü Eyvaz müəllim də iştirak edir.
Qısaca desək, Avropa Şurası əlaqələndirici bir qurum yaradıb ki, bu qurum Avropa Şurasının üzvü olan dövlətlər arasında idman sahəsində əlaqələndirməni həyata keçirsin. Hesab edirəm ki, bu sənəd Azərbaycanın Avropaya inteqrasiyasında, Azərbaycanda idmanın inkişafında xüsusi rol oynayacaqdır. Bu sənədə Azərbaycan nümayəndə heyəti qol çəkib. Mən deputat həmkarlarımı bu layihəyə səs verməyə dəvət edirəm.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikasının Hökuməti və Avropa Birliklərinin Komissiyası arasında Azərbaycan Respublikasında Avropa Birliklərinin Komissiyasının Nümayəndəliyinin təsis edilməsi və onun imtiyazları və immunitetləri haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyurun, Səməd Seyidov.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Təşəkkür edirəm, cənab Sədr. Komissiyamız öz iclasında bu məsələni müzakirə edib. Əslində, bu Saziş həm texniki, həm də böyük hüquqi əhəmiyyəti olan bir sənəddir. Ona görə ki, Azərbaycanın Avropa Birliyi və Avropa Komissiyası ilə əlaqələri gündən-günə genişlənir. Azərbaycanın Avropa Birliyi ilə qonşuluq siyasəti və Avropa birliklərinin Azərbaycanda genişləndirilmiş fəaliyyət proqramının təsdiq olunması ilə bağlı bu yaxınlarda bizim nümayəndələrimiz yenə də Avropa Birliyində, Avropa Parlamentində, Avropa strukturlarında olacaqlar.
Bu sənədi Azərbaycan Respublikası tərəfindən bizim səfirimiz və eyni zamanda, Azərbaycan Respublikasının Avropa Birliyi yanında Nümayəndəliyinin başçısı, Avropa Birliklərinin Komissiyası tərəfindən isə komissiyanın sədri imzalayıb. Beynəlxalq sənədlərə, Vyana Konvensiyasına uyğun şəkildə tərtib olunmuş bu sənəd Azərbaycanın maraqlarına tam uyğundur.
Sazişin 3-cü maddəsinin 2-ci hissəsində deyilir ki, 1961-ci il 18 aprel tarixli Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının digər müddəaları mutatis mutandis prinsipi əsasında tətbiq olunacaqdır. “Mutatis mutandis” beynəlxalq termindir. Bu o deməkdir ki, Vyana Konvensiyasında olan bütün məsələlər bura şamil olunub.
Vacib məsələlərdən biri də 4-cü maddədə göstərilib. Burada deyilir ki, Azərbaycan Respublikasının Hökuməti Avropa Birlikləri tərəfindən onun qurumlarının rəsmilərinə və digər əməkdaşlarına verilən laissez-passer sənədlərini etibarlı yol sənədləri kimi tanıyır.
Komissiyamız bu layihəyə müsbət rəy verib. Mən də deputatlardan öz müsbət rəylərini vermələrini xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlıq üzrə Şurası haqqında” Sazişin təsdiq edilməsi barədə. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Təşəkkür edirəm, cənab Sədr. Müstəqil Dövlətlər Birliyinin 2005-ci il 26 avqust tarixli sənədinin qəbul edilməsi ilə əlaqədar olaraq MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlıq üzrə Şurasının yaradılması qərara alınmışdır. Bu Şuranın əsas vəzifələri mədəniyyət, təhsil, elm, arxiv işi, informasiya və digər sahələrdə əməkdaşlığın yaxşılaşdırılmasıdır.
Şuranın funksiyaları humanitar sahədə əməkdaşlığın konseptual və praktiki məsələlərinin nəzərdən keçirilməsi, birgə fəaliyyətin qarşılıqlı təsiri və əlaqələndirilməsi üzrə təkliflərin, ikiillik planların, beynəlxalq hüquqi sənədlərin işlənib hazırlanması və bu sahədə əməkdaşlığın möhkəmləndirilməsidir.
Bu fəaliyyətin həyata keçirilməsi üçün Şuranın formalaşma qaydaları müəyyənləşdirilir və işçi qrupu yaradılır. Bu icra strukturu Şuranın fəaliyyətini əlaqələndirir. Maliyyələşdirmə iştirakçı dövlətlərin maliyyə dəstəyi ilə aparılır.
Beləliklə, bu qurum Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığını xeyli yaxşılaşdıra bilər. Bizim komissiyamız buna səs verib. Hesab edirəm ki, bu sənəd Azərbaycanın humanitar sahədə inkişafına xeyli kömək etmiş olacaq. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm. Nə təklif olacaq? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 89
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, buyurun.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Təklif olunan dəyişikliklər Milli Məclisin müvafiq komissiyalarında müzakirə olunub, bəyənilib və Milli Məclisin müzakirəsinə verilməsi tövsiyə edilib. Əslində, bu layihənin müzakirəsinə ehtiyac yoxdur. Çünki tanış olanda görürsünüz ki, orada bəzi sözlər bundan əvvəl qəbul edilmiş aktlarla əlaqədar olaraq dəyişilməlidir. Yəni burada, sadəcə olaraq, dəqiqləşdirmə gedir. Ona görə də, mənim fikrimcə, böyük müzakirəyə ehtiyac yoxdur. Bir xahiş var ki, səsə qoyaq, qəbul edək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Valeh müəllim. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”də və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu dəyişikliklər qanunvericiliyin dəqiqləşdirilməsi ilə bağlıdır. Bilirsiniz ki, biz “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul etmişik və bu qanunda “etik davranış qaydaları” anlayışından istifadə olunur. Ona görə də “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”də və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda “etikaya”, “qulluq etikası normalarına” sözləri “etik davranış qaydalarına” sözləri ilə əvəz olunur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Təklif nə olacaq? Buyurun, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Komissiya sədri Əli Hüseynov. Buyurun.
Ə. Hüseynov. Hörmətli həmkarlar, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər üzərində bir qədər dayanmaq istərdim. Təklif olunur ki, İnzibati Xətalar Məcəlləsinə iki yeni maddə əlavə olunsun. Bunlar seçki prosesi ilə bağlı olan əlavələrdir. 45-1-ci maddədə qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifəsinin icrasını dayandırmamasına görə məsuliyyət nəzərdə tutulması təklif olunur. Bilirsiniz ki, seçki qanunvericiliyinin tələbinə görə bu xidməti vəzifə dayandırılmalıdır. 45-2-ci maddədə seçici imzalarının toplanması qaydasının pozulmasına, yəni bu prosesdə aidiyyəti olmayan qurumların iştirakına görə məsuliyyət müəyyənləşdirilir. Hər iki məsələ, hesab edirəm, kifayət qədər vacibdir.
Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, burada yanlışlığa yol verilib, cərimələr şərti maliyyə vahidi ilə göstərilib. Amma biz artıq onu monitorda göstərmişik. Cərimələr manatla göstərilməlidir.
Eyni zamanda, bir məqamı da nəzərinizə çatdırmaq istərdim. Komissiya seçki prosesinin əhəmiyyətinə xüsusi önəm verərək hesab edir ki, bu əmələ, bu xətaya görə cərimə sanksiyası aşağı səviyyədə nəzərdə tutulub. Yəni biz bu gün seçki prosesinin əhəmiyyətindən, seçki prosesi zamanı məsuliyyətin gücləndirilməsindən danışırıqsa, hesab edirik ki, 80–90 manat məbləğində cərimə kifayət qədər deyil. Bu barədə təkliflərimizi qanunvericilik təşəbbüsü subyektinə vermişik və prinsipcə razılaşmışıq ki, bu daha böyük məbləğ olmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Nə təklifiniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Baxırıq, Pənah bəy. Buyurun.
P. Hüseyn. Hörmətli Milli Məclis, əvvəla, ilk dəfədir ki... Hər halda bu iki il yarım ərzində növbəti bir yenilik də oldu. Əvvəlcə keçən iclasda təsdiq olunmuş gündəliyə uyğun olaraq bu Məcəllənin müzakirəsini davam etdirdik. Sonra baxdım ki, yeni bir gündəlik də bu gün paylanıb. Sən demə, o davamı da bu gün biz təsdiq etməliymişik. Çünki bu gündəlikdə həmin məsələ birinci bənd kimi yazılmışdır. Bu, olduqca yolverilməz haldır. Düzdür, bir qayda olaraq, gündəlik hər iclas günü burada təsdiq olunur. Amma adətən, gündəlik əvvəlcədən paylanır, deputat həmin gündəlikdə olan məsələlərə hazırlaşır, lazımi materialları, qeydləri özü ilə gətirir və bu da məsələlərin müzakirəsində deputatın normal iştirakına şərait yaradır. Mən indi düşünürəm ki, bizim işimiz təkmilləşmək əvəzinə hətta bu cür formal texniki məsələlərə əməl olunmaması getdikcə adi hal alsa da, bu, qətiyyən yolverilməzdir.
Bunun çox ciddi bir səbəbi vardır. Mən indi hörmətli deputatlardan öyrəndim ki, imza toplamaq məsələsindəki süni əngəlləri aradan qaldırmaq üçün depozit məsələsi Seçki Məcəlləsində, ümumiyyətlə, ləğv olunubdur. Mən sizə səmimi deyim, bu mənim üçün bəlkə də diqqətsizlik kimi dəyərləndirilə bilər. Biz depozitin yuxarı həddinin aşağı salınması barədə çıxışlar etmişdik. Bütün mətbuat müxalifət nümayəndələrinin, müstəqil ekspertlərin çıxışları ilə doludur ki, bu 3 faiz olduqca yüksəkdir və ona görə bunu 1 faiz etmək lazımdır. Hətta bizim hörmətli Fəzail müəllim də bu barədə mütərəqqi və çox nadir çıxışlarından birini yazmışdır. Amma sən demə, hörmətli Fəzail müəllim, ümumiyyətlə, depozitlə qeydə alınma institutunu biz ləğv etmişik.
Sədrlik edən. Pənah bəy, qanun layihəsi üzrə.
P. Hüseyn. İclasın gedişi barədə mən öz bəyanatımı verirəm. İclası bu cür aparmaq olmaz. Bu, kolxoz iclası deyil, Milli Məclisin iclasıdır. Ona görə gec də olsa, bu məsələyə bir daha aydınlıq gətirilməsini xahiş edirəm. Bu məsələdə, heç olmasa, biz deputatların bir fikir aydınlığı olsun.
İkincisi, konkret olaraq indi müzakirə olunan məsələyə qayıtmaq istəyirəm. Xahiş edirəm, hörmətli məruzəçimiz bir məsələyə də aydınlıq gətirsin. Dəfələrlə bu məsələ qoyulur. Namizədliyi qeydə alınmış şəxsin seçki müddətində xidməti vəzifəsini dayandırması barədə müddəa hamıya, bütün vəzifəli şəxslərə aiddir, yoxsa kimlərsə istisna təşkil edir? Təşəkkür edirəm.
Sədrlik edən. Əli müəllim, cavab vermək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyavuş müəllim.
S.Novruzov. Təşəkkür edirəm. Təklif olunan qanun layihəsi ilə əlaqədar onu deyə bilərəm ki, Seçki Məcəlləsində birbaşa olaraq göstərilib, hansı qurumda çalışan insanlar təşviqat-təbliğat kampaniyasında, imza toplamaq kampaniyasında və seçki ilə bağlı digər prosedurlarda vəzifə səlahiyyətlərindən istifadə edə bilməzlər. Seçki Məcəlləsinə bu düzəliş də bir daha onların məsuliyyətlərini artırmaq üçün edilir. Bu, gecə-gündüz müxalifətin qaldırdığı bir məsələdir ki, guya seçki prosesində inzibati resurslardan istifadə olunur. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik də elə məhz inzibati resurslardan istifadə olunmasının qarşısının alınmasına yönəldilib.
Burada depozit məsələsinə toxunuldu, hörmətli Ziyafət müəllim. Mən də təklif etmişdim ki, depozit ləğv olunsun. Depozit seçki fondunun yuxarı həddinin 3 faizi məbləğində müəyyənləşdirilmişdi. Bu gün Prezident seçkiləri üçün seçki fondunun yuxarı həddi 10 milyon manat müəyyənləşdirilibdir. Yəni kimsə lazımi qədər seçici imzası toplamasa, 300 min manat verməli və qeydiyyatdan keçməlidir. Yaxud parlament üçün 700 min manat müəyyənləşdirilibsə, bunun da 3 faizi böyük bir rəqəmə gətirib çıxarır, o cümlədən də bələdiyyələrdə.
Deputat həmkarımız da dedi ki, bu məbləğ həddindən artıq böyükdür. Halbuki Azərbaycanda seçkidə qeydiyyatdan keçmək istər sənədləşdirmə, istərsə də imza toplanması baxımından çox asan bir şeydir. Azərbaycanda 4 milyon 500 min nəfərdən artıq seçici var. Prezidentliyə namizəd üçün onların cəmi 1 faizinin imzası, 45 min imza tələb olunur. Əgər bir insan 45 min imzanı toplaya bilmirsə, yəni bütövlükdə seçicilərin səsinin 1 faizini yığa bilmirsə, onda bu insanın hansı prezidentliyə namizədliyindən söhbət gedir? Parlament seçkilərində bir dairədən insanın qeydiyyatdan keçməsi üçün cəmi 500 imza tələb olunur. Bələdiyyə seçkilərində elə dairələr var ki, orada 15 imza tələb olunur. 150 imzadan başlayır 15 imzaya qədər. Bunun üçün depozit qoy, qeydiyyatdan keç və sair. Bunların heç biri o reallığı əks etdirmir.
Rusiyada bu ola bilər. Orada prezidentliyə namizəd üçün 1 milyon imza tələb olunur. Bu imzaların miqdarı həddindən artıq yüksəkdir. Amerikada qeydiyyat məsələsi müxtəlif ştatlarda seçicilərin sayına müvafiq olaraq 6, 8 və ya 10 faiz müəyyənləşdirilir. Azərbaycanda bu, sadə qaydada həll olunub. Ona görə də burada depozitə heç bir ehtiyac yoxdur. İmzalar toplanır, təqdim olunur. Əgər imzalar saxta deyilsə, düzgün toplanıbsa, bu insan namizəd kimi qeydə alınır. Məncə, bu qayda bizim üçün daha məqsədəuyğundur.
Sədrlik edən. Sağ olun. Buyurun, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ – Şərti maliyyə vahidi məbləğlərinin mütləq rəqəmlərlə əvəz olunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə. Bu məsələ bir çox komissiyalarda müzakirə olunub. İcazə verin, bu layihənin bizim komissiyamızda müzakirə olunmuş hissəsi barədə məlumat verim.
Bizim komissiyada “Hərbi qulluqçuların statusu haqqında” və “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanunlarda şərti maliyyə vahidi məbləğlərinin mütləq rəqəmlərlə əvəz olunması məsələsinə baxılıb. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasında “şərti maliyyə vahidi məbləğinin 25 mislindən” sözləri “28 manatdan” sözləri ilə əvəz olunur. Bilirsiniz ki, bir çox məcəllələrdə konkret rəqəmlərə keçmişik. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinin birinci hissəsində isə “qanunvericilikdə müəyyən edilmiş şərti maliyyə vahidinin 10 min misli” sözləri “11 min manat” sözləri ilə əvəz edilir. Digər komissiyalarda da bu məsələ müzakirə olunub. Ziyad müəllim, bu layihə sizin komissiyada da müzakirə olunub. Danışmaq istəyən yoxdur? Siyavuş müəllim, buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən bu layihəyə səs verəcəyəm. Amma bir məsələni qaldırmaq istəyirəm. Bu yaxınlarda Nazirlər Kabineti Milli Məclisin üzvlərinin, o cümlədən hökumət nümayəndələrinin ezamiyyə xərcləri ilə əlaqədar məsələni həll edibdir. Mən hesab edirəm ki, hərbi qulluqçuların da yaşayış və ezamiyyə xərcləri məsələsinə baxılmalıdır. Çünki bu, statusla bağlı olan məsələdir. Hərbi qulluqçuları ölkənin müxtəlif yerlərinə ezam edirlər. Tutaq ki, buradan gedib Yardımlı, yaxud da Balakən rayonunda yaşamalıdır. Hərbi qulluqçunun orada yaşaması üçün 40 manat ezamiyyə xərci veririk. 40 manata necə mənzil tutsun, nəqliyyat xərclərini ödəsin və sair? Bu məbləğ kifayət qədər qaldırılmalıdır.
Biz dövlət büdcəsindən hərbi qüvvələrə kifayət qədər maliyyə vəsaiti ayırmışıq. Büdcəyə yenidən baxanda biz buna bir daha baxdıq və hərbi büdcəyə əlavələr etdik. Gənc zabitlər var ki, Amerikada, Türkiyədə təhsil alıb qayıdır, vətəndə fəaliyyət göstərirlər. Bunun yaşayış yeri Bakı şəhəridir. Ailə qurub. Ailəsi ilə birlikdə harasa ezam olunub. Orada bu yaşamalıdır, mənzil tutmalıdır, məişət problemlərini həll etməlidir. Uşaqlarının məktəb məsələləri, bağça məsələləri var və sair. Təklif edirəm, hərbi qulluqçuların statusuna baxanda biz buna kompleks şəkildə baxaq. Dövlət büdcəsindən onların xərclərini kifayət qədər artırmalıyıq. Bu xərclər yerli bazar tələblərinə uyğun olmalıdır. Mən hələ onların əmək haqlarını demirəm. Ona görə də mən xahiş edərdim ki, bu məsələni də diqqət mərkəzində saxlayasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Amma sənəd bizim diqqət mərkəzimizdədir. Biz məsələni öyrənmişik. Müdafiə Nazirliyində işlər gedir, Nazirlər Kabineti, yəqin ki, bu məsələ ilə bağlı qərar qəbul edəcək. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Komissiyanın sədri Əli Hüseynov.
Ə. Hüseynov. Sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlarım, bu dəyişiklik “Yol hərəkəti haqqında” Qanunda öz əksini tapmış mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatının həyata keçirilməsi ilə bağlıdır. Qanunun 27-ci maddəsinin 2-ci hissəsinin 3-cü və 4-cü bəndləri yeni redaksiyada verilir. Burada göstərilir ki, traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə olunan digər mexaniki nəqliyyat vasitələrinin qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirəcək. Həmin orqan isə cənab Prezidentin fərmanı ilə müəyyənləşdiriləcək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış etmək istəyən var? Məjlum Şükürov. Buyurun.
M. Şükürov. Sağ olun, Ziyafət müəllim. Mən qısa olaraq bir məsələyə diqqətinizi çəkmək istərdim. Yəqin, fikir vermisiniz ki, son iclasların hər birində biz “Yol hərəkəti haqqında” Qanuna müraciət etməli, burada dəyişikliklər aparmalı oluruq. Bu qanun 10 il bundan öncə qəbul olunub. Son dövrlərdə ölkədə ən çox dəyişikliyə uğrayan bir sahə də yol nəqliyyatı sahəsidir. Bu dövr ərzində ölkədə avtomobil parkı da tamamilə dəyişib, keyfiyyət dəyişikliyi baş verib. Onların sürəti də dəyişilib. Hər gün hər birimiz yol qəzaları nəticəsində baş verən faciələri də eşidirik. Ona görə də mən hesab edirəm ki, “Yol hərəkəti haqqında” Qanun yeni şəraitə uyğun olaraq yenidən işlənməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əlavə çıxışlar olacaq? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə. İcazənizlə mən məlumat verim. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa texniki xarakterli müəyyən dəyişikliklər edilir. Burada “zədələnmə, yaralanma, kantuziya olma, xəsarət alma” sözləri “xəsarət, yaralanma, travma, kantuziya alma” sözləri ilə əvəz edilir.
“Hərbi xidmətkeçmə haqqında Əsasnamədə” də həmin dəyişikliklərdir. Bu nə ilə bağlıdır? Biz “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” Qanun qəbul etmişik. Həmin qanunda mətn bu formada gedib. Ona görə də bu qanunlar həmin qanunun mətninə uyğunlaşdırılmalıdır. Bu nöqteyi-nəzərdən bu dəyişikliklər edilir. Əli müəllim, Sizin əlavəniz yoxdur? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 430-IIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi barədə. Komissiya sədri Əli Hüseynov.
Ə. Hüseynov. Sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, “İnzibati icraat haqqında” Qanunu biz qəbul etmişik. Bilirsiniz ki, bu qanunda müvafiq dövlət orqanının, yaxud da vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərindən həm məhkəməyə, həm də inzibati qaydada yuxarı orqana şikayət etmə proseduru öz əksini tapmışdır. Ona görə bu qanunvericilik aktlarına edilən əlavələrin hamısı “məhkəməyə şikayət edə bilərlər” sözlərindən öncə “qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati orqana” sözlərinin əlavə edilməsi ilə bağlı olan texniki düzəlişdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif olacaq? Münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə. Komissiya sədri Əli Hüseynov.
Ə. Hüseynov. Sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda yeni anlayışlar var. Bununla əlaqədar olaraq müvafiq qanunvericilik aktlarında “xidməti vəzifələrin icrası zamanı həlak olmuş” sözlərindən sonra “vəfat etmiş” sözlərinin və “xəsarət” sözündən sonra mötərizədə “yaralanma, travma, kantuziya” sözlərinin əlavə edilməsi sığortaların ödənilməsində mübahisələrin yaranmamasından ötrü vacibdir. Həmin anlayışlar adı çəkilən qanunlara da əlavə olunur. Millət vəkillərindən səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Nə təklif olacaq? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bu, əsasnamə olsa da, qanunla təsdiq olunmuşdur. Ona görə də burada bir maddənin çıxarılmasını biz qanunla təsdiqləməliyik. Dövlət qulluğunda vəzifə tutma ilə bağlı dövlət orqanının rəhbəri ilə müvafiq icra hakimiyyəti orqanı arasında yarana bilən fikir ayrılığının aradan qaldırılması qaydasının müəyyən edilməsi Dövlət Qulluğunu İdarəetmə Şurasının səlahiyyətinə aid edilmişdi. Amma artıq cənab Prezidentin imzaladığı müvafiq fərmanda göstərildiyi kimi, bu qaydanı Prezident yanında Dövlət Qulluğunu İdarəetmə Komissiyası müəyyənləşdirir. Ona görə “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də artıq belə bir maddəyə ehtiyac qalmır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.20 dəq.)
Lehinə  92
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bizim iki qanun layihəmiz qalıbdır, ikisi də dövlət qulluğu ilə bağlıdır. Bəlkə Əli müəllim onların ikisi haqqında da məlumat versin, səsverməni ayrıca aparaq. Olar? “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə. Hər iki qanun layihəsinə dair komissiya sədri məlumat versin, ondan sonra səsverməni aparaq. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Birinci qanun layihəsi “Dövlət qulluğu haqqında” Qanuna edilən əlavələrlə bağlıdır. Bilirsiniz ki, “Dövlət qulluğu haqqında” Qanunun 8-ci maddəsi dövlət orqanlarının təsnifatını müəyyənləşdirir. 11-ci maddə isə inzibati vəzifələrin təsnifatıdır. Reallıq ondan ibarətdir ki, bir sıra müvafiq icra hakimiyyəti orqanları yanında dövlət agentlikləri və dövlət xidmətləri yaradılıb. Bu agentlik və xidmətlərdə çalışan insanlar dövlət qulluqçularıdır və bu qulluğa Dövlət Qulluğunu İdarəetmə Komissiyasının təşkil etdiyi müsabiqələrdə iştirak edərək, test üsulu ilə qəbul olunurlar. Amma “Dövlət qulluğu haqqında” Qanunda onların hansı kateqoriya və təsnifata aid edildiyi müəyyənləşdirilməyib. Bu da bildiyiniz kimi, birbaşa onların təminatlarına, əmək haqlarına təsir edir. Ona görə cənab Prezident tərəfindən təqdim olunmuş bu layihədə müvafiq icra hakimiyyəti orqanları yanında dövlət agentlikləri və xidmətlərində çalışan dövlət qulluqçularının inzibati vəzifələrin yeddinci təsnifatına aid edilməsi nəzərdə tutulur. Əgər bu qanun qüvvəyə minərsə, artıq onların əmək haqqı və təminat məsələsi də həll olunar. Məncə, bu, mütərəqqi bir düzəlişdir.
İkinci qanun layihəsi isə birincidən daha genişdir. Bilirsiniz ki, Prezident yanında Dövlət Qulluğunu İdarəetmə Komissiyası artıq bir neçə ildir fəaliyyət göstərir. Dövlət qulluqçularının işə qəbulu test və müsabiqə yolu ilə həyata keçirilir. Bu dövr ərzində toplanan təcrübə müəyyən ziddiyyətli məqamları və bir sıra çatışmazlıqları da üzə çıxarıb. Bu qanun layihəsində təklif olunan dəyişikliklər həmin çatışmazlıqların aradan qaldırılmasına yönəldilmişdir. Misal üçün, dövlət qulluğuna qəbul olunan şəxs başqa bir dövlət orqanına işə keçəndə bu qanunun mənasına görə yenidən test imtahanı verməli idi. Təbii ki, bu, məntiqdən kənar idi, çünki o artıq bir dəfə dövlət qulluğuna qəbulla bağlı test imtahanı verib. Bu təkrarçılıq aradan qaldırılır. Sonra, qanunun mənasına görə belə çıxırdı ki, vətəndaş hər dəfə dövlət qulluğuna qəbul olunanda, hətta başqa dövlət orqanına işə keçəndə təkrar and içməli idi. Ona görə “Dövlət qulluqçusunun andı” adlı 15-ci maddəyə bir bənd əlavə olunur və burada göstərilir ki, vətəndaş yalnız ilk dəfə daimi dövlət qulluğuna qəbul olunarkən and içir. Gördüyünüz kimi, bunlar “Dövlət qulluğu haqqında” Qanunun işlədiyi dövrdə ortaya çıxmış məsələlərlə bağlı düzəlişlərdir.
Mən bir məsələni də qeyd etmək istəyirəm. Bizim komissiyada müzakirə zamanı komissiyanın üzvü Qüdrət Həsənquliyev dövlət qulluğunda çalışanın şəxsiyyəti və mənəvi keyfiyyətləri ilə bağlı bir neçə təklif irəli sürmüşdü. Biz o təklifləri qanunvericilik təşəbbüsünün subyektinə çatdırdıq. Doğrudan da, dövlət qulluqçusunun şəxsiyyətini müəyyənləşdirmək müddəası burada artıqdır. Yəni bu məsələlər artıq qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşdırılıb.
Bütövlükdə isə bunlar, əlbəttə, dövlət qulluğu məsələlərinin daha dəqiq tənzimlənməsinə xidmət edən əlavələr və dəyişikliklərdir. Həmkarlarımdan bu layihələrə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Mən də hesab edirəm ki, bunlar çox məntiqi və mütərəqqi dəyişikliklərdir. Xahiş edirəm, birinci qanun layihəsinə – “Dövlət qulluğu haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti qanun layihəsinə – “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi