2008-ci il 28 oktyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  91

Milli  Məclisin  iclas  salonu.
28  oktyabr  2008-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

M. Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
F. Ələkbərov, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin şöbə rəisi.
M. Mərdanov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə rəisi.

* * *

A. Rasizadə, Azərbaycan Respublikası Baş nazirinin səlahiyyətlərini icra edən, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizəd.

* *  *

R. Həşimov, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri.
M. Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Ə. Babayev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Sumqayıt bələdiyyəsinin sədri.
İ. Xəlilov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Biləcəri qəsəbə bələdiyyəsinin sədri.
Ş. Yusifov, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri, Samux rayonu Sərkar bələdiyyəsinin sədri.


 * * *

R. Aslanlı, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini.
A. Salmanov, Azərbaycan Respublikası Milli Bankı Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Pulların yuyulmasına qarşı fəaliyyət şöbəsinin rəisi.
R. Məlikova, Azərbaycan Respublikası Milli Bankının Hüquq departamentinin müdiri.
F. Quliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisi.
Ş. Əsədullayev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisi.
B. Hacıyev, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hüquq şöbəsinin müdiri.

İclasın gündəl iyinə aşağıdakı məsələlər daxil idi:

1. Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolunun B Əlavəsinə edilmiş əlavənin təsdiq olunması barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikası Hökuməti və BNP Paribas, Fransa arasında “Bakı–Şamaxı–Yevlax” avtomobil yolunun (M4-280 km) “Muğanlı–Yevlax” hissəsinin (156 km) və “Yevlax–Zaqatala–Gürcüstan Respublikası ilə dövlət sərhədi” avtomobil yolunun (M5-164 km) yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Sazişin (2006–2007-ci illər üzrə) təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. A.T.Rasizadənin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
8. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 dekabr tarixli 425 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
14. Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adının dəyişdirilməsi, yeni işçi qruplarının yaradılması və mövcud işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
16. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
17. “Notariat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin layihəsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolunun B Əlavəsinə edilmiş əlavənin təsdiq olunması barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Hökuməti və BNP Paribas, Fransa arasında “Bakı–Şamaxı–Yevlax” avtomobil yolunun (M4-280 km) “Muğanlı-Yevlax” hissəsinin (156 km) və “Yevlax–Zaqatala–Gürcüstan Respublikası ilə dövlət sərhədi” avtomobil yolunun (M5-164 km) yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Sazişin (2006–2007-ci illər üzrə) təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “A.T.Rasizadənin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
8. “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
10. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu.
12. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 dekabr tarixli 425 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

* * *

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşda müzakirəsinə başlanılmışdır.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

28  oktyabr  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.06 dəq.)
İştirak edir 96
Yetərsay 83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli həmkarlar, hörmətli media nümayəndələri, bu günlər hamımız ölkəmizin siyasi həyatında baş vermiş əlamətdar hadisənin təsiri altındayıq. Oktyabr ayının 15-də Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq beynəlxalq standartlara uyğun, demokratik, şəffaf, azad və ədalətli seçki keçirərək, bütün dünyaya Azərbaycanın siyasi və seçki mədəniyyətini nümayiş etdirdi. Azərbaycan xalqı, Azərbaycan seçicilərinin əksəriyyəti Azərbaycanın tərəqqisinə, inkişafına, cənab İlham Əliyevə səs verərək, onu yenidən Azərbaycan xalqının Prezidenti seçdi! (Alqışlar.)
İcazə verin, bu münasibətlə Milli Məclisin cənab Prezidentə hazırladığı təbrik məktubunu Milli Məclis Sədrinin müavini Bahar Muradova sizə çatdırsın.

B. Muradova, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini.

“AZƏRBAYCAN  RESPUBLİKASININ  PREZİDENTİ
ZATİ-ALİLƏRİ  CƏNAB  İLHAM  HEYDƏR  OĞLU ƏLİYEVƏ

Əziz və möhtərəm cənab Prezident!
Bu il oktyabrın 15-də keçirilmiş Prezident seçkilərində inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə bütün xalqın sevincinə şərik olduğumuzu bildirir və Sizi ürəkdən təbrik edirik!
Demokratik və şəffaf şəraitdə keçirilmiş azad və ədalətli seçkilərdə Sizin parlaq qələbəniz Azərbaycan Respublikasının siyasi, iqtisadi və sosial inkişafı naminə göstərdiyiniz xidmətlər üçün ümumxalq rəğbətinin və məharətlə həyata keçirdiyiniz Heydər Əliyev siyasi xəttinə bəslənən sonsuz inamın ifadəsi olmuşdur. Azərbaycanda bu siyasətin alternativinin olmadığını son on beş ildə gerilikdən və tənəzzüldən misilsiz inkişafa və çiçəklənməyə doğru uzun bir yol qət etmiş ölkəmizin təcrübəsi dönə-dönə sübut etmişdir.
Azərbaycanda bərqərar olmuş səmərəli, məsuliyyətli və demokratik idarəçilik sistemi xalqımızın maraqları və tələbatı üzərində qurulan dövlət siyasətinin uğurlarına şərait yaradır. Sizin müdriklik və uzaqgörənliklə həyata keçirdiyiniz sosial-iqtisadi inkişaf strategiyası bütün dünyanın diqqətini cəlb edən heyrətamiz bəhrələr verir.
Azərbaycanın tarixində görünməmiş yüksəliş ölkə həyatının gündəlik reallığına çevrilmişdir. Son dörd ildə Azərbaycan Respublikası iqtisadi artım sürətinə görə dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Dövlət və cəmiyyət həyatının bütün sahələrində hökm sürən inkişaf dinamikası misilsiz vüsət almışdır.
İqtisadiyyatın ardıcıl inkişafı Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişdirir, insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, səhiyyəyə, mədəniyyətə, ədəbiyyata, incəsənətə, idmana dövlət qayğısı artır.
Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır.
Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.
Vətəndaş cəmiyyəti yaradılması, hüquqi, demokratik dövlət quruculuğu yolunda böyük uğurlar əldə edilmişdir. Demokratikləşmə prosesinin genişləndirilməsi, qanunun aliliyinin qorunması, insan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində görülən işlər ölkəmizi Avropa xalqları ailəsinin nümunəvi üzvlərindən birinə çevirmişdir.
Geniş vüsət alan siyasi, hüquqi, iqtisadi, sosial islahatlar ölkəmizin sürətli tərəqqisinə şərait yaradır. Həyatımızın elə sahəsi yoxdur ki, orada dirçəliş və yenilik əhvali-ruhiyyəsi duyulmasın. Həyata keçirilən quruculuq işlərinin bir təzahürünü də Milli Məclisin yeniləşən simasında görmək olar. Sizin diqqətiniz və qayğınız sayəsində Azərbaycan parlamentində böyük yenidənqurma işləri aparılır, Milli Məclisin yeni korpusunun tikintisi davam etdirilir.
Parlamentdə millət vəkillərinin iş şəraitinin yaxşılaşması qanunvericilik fəaliyyətinin keyfiyyətinin yüksəlməsinə şərait yaradır, nəticə etibarilə Milli Məclisin qabaqcıl dünya ölkələrinin parlamentləri səviyyəsinə qaldırılması sahəsində Sizin qarşıya qoyduğunuz məqsədlərin həyata keçməsinə kömək göstərir. Fürsətdən istifadə edərək Sizi bir daha əmin etmək istəyirik ki, həyata keçirdiyiniz möhtəşəm quruculuq işlərini dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqdır.
Möhtərəm cənab Prezident!
Vətənimizin işıqlı sabahı naminə gördüyünüz dəyərli işlər sayəsində Siz xalqımızın dərin məhəbbətini və hörmətini qazanmısınız. Azərbaycanın xoşbəxt gələcəyi bu gün Sizin əzmlə həyata keçirdiyiniz quruculuq və inkişaf strategiyası ilə bağlıdır. Biz əminik ki, Sizə xas olan siyasi məharət və səriştə dövlətimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi, xalqımızın rifah halının yaxşılaşdırılması sahəsində qarşıya qoyulan bütün vəzifələri indiyə qədər olduğu kimi bundan sonra da əzmlə yerinə yetirməyə imkan yaradacaqdır.
Əziz Prezident!
Seçkilərdə xalqın tam dəstəyini alaraq yenidən dövlət başçısı seçilməyiniz münasibəti ilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, Azərbaycan Respublikasını dünyanın ən qüdrətli dövlətləri sırasına çıxarmaq məqsədi ilə həyata keçirdiyiniz möhtəşəm quruculuq işlərində yeni-yeni uğurlar arzulayırıq!
Dərin ehtiram hissi ilə, Azərbaycan Respublikasının Milli Məclisi adından Milli Məclisin Sədri Oqtay Əsədov”. (Alqışlar.)
Sədrlik edən. Hörmətli həmkarlar, sizin alqışlarınızı təbrikin bəyənilməsi kimi qəbul edirik. Çox sağ olun.
Gündəliyimizə keçirik. 28 və 31 oktyabr tarixli iclasların gündəliyi hamınıza paylanıb. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik qəbul edildi. Müzakirələrə başlayırıq. Zahid Oruc.
Z.Orucov. Fəzail müəllim çıxış edəcək, sonra mən.
F.Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli media nümayəndələri! Oktyabrın 15-də Azərbaycan xalqı ölkəmiz üçün son dərəcə ciddi bir sınaq olan Prezident seçkilərindən uğurla keçdi və böyük siyasi fəallıq göstərərək iradəsini bir daha ortalığa qoyub növbəti 5 il üçün İlham Əliyevi ölkənin dövlət başçısı seçdi. Əlbəttə, bu qələbə münasibətilə mən də Milli Məclisin təbrikinə qoşulur və Azərbaycan xalqının etimadını qazanaraq Prezident seçilən möhtərəm İlham Əliyevə şərəfli və çətin işində yeni-yeni uğurlar diləyirəm.
Bu qələbədə hər bir Azərbaycan vətəndaşının, xüsusilə Yeni Azərbaycan Partiyasının, onun müttəfiqlərinin, hörmətli həmkarlarımın, təbliğat-təşviqat qrupunda fəaliyyət göstərən hər bir azərbaycanlının payı var və bu, yüksək qiymətləndirilməlidir. Bununla bərabər, o da etiraf olunmalıdır ki, qələbəni təmin edən əsas amil Prezidentin özü, onun əməli işi, siyasi və insani keyfiyyətləri, Azərbaycan xalqına böyük sevgisi, vətənpərvərliyidir.
Bütün bunlar öz bəhrəsini verdi. Xalqımız bəzi müxalifət partiyalarının boykot çağırışına əhəmiyyət vermədən, əslində, o boykotçuları özü ifşa edərək, böyük siyasi fəallıqla seçkilərə qoşuldu. Azərbaycan xalqının mütləq əksəriyyəti cənab Prezidentə etimad göstərdi. Azərbaycan xalqı ictimai-siyasi sabitliyə, dinamik, davamlı inkişafa səs verdi, Azərbaycan dövlətini regionun lider dövlətinə çevirən ölkə Prezidentinə səs verdi. Bu qələbə bütün millətin və onun liderinin qələbəsidir. Beynəlxalq rəy də seçkilərin tam demokratik, azad və şəffaf keçirildiyini birmənalı şəkildə göstərdi.
Mən bu seçkilərdə namizəd qismində iştirak etmiş həmkarlarımızın da mövqeyinə müsbət yanaşıram. Onlar məğlub olmalarına baxmayaraq siyasi iradə nümayiş etdirərək, qalib gələn Prezidenti təbrik etdilər. Düşünürəm ki, bunun özü də siyasi mədəniyyətin bir forması və bizim ölkədaxili siyasi münasibətlər sistemində müsbət dəyişikliklərin yeni bir təzahürüdür.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Diqqətinizi bir məsələyə cəlb eləmək istəyirəm. SSRİ ərazisində yaşayan xalqlara qarşı sovet rejiminin törətdiyi ağır cinayətlərdən biri 1932–1933-cü illərdə Ukrayna xalqına qarşı törədilmiş və bu ölkədə insanlar aclıqdan meyitləri yeməyə, bir-birini yeməyə məhkum edilmişlər. Bu aclığın nəticəsi kimi milyonlarla insan həlak olub. Mətbuatda verilən xəbərlərə görə, bu faciənin 75 illiyi ilə əlaqədar olaraq Ukraynada beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti də həmin konfransa dəvət alıb və bu tədbirdə iştirak edəcək.
Ukrayna bizim strateji müttəfiqimizdir. Hətta bu belə olmasaydı belə, biz bu cinayəti insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qəbul etməliydik. Avropa Parlamenti də bunu bu cür qiymətləndirib. Dünyanın 17 ölkəsi buna hüquqi-siyasi qiymət verib. Mən təklif edərdim ki, bu konfrans və bizim Prezidentin səfəri ərəfəsində Azərbaycan Respublikasının parlamenti də bunu insanlıq əleyhinə ən ağır cinayət kimi qiymətləndirsin.
Sovet İttifaqı Azərbaycan xalqına qarşı da belə bir cinayət törədib. 20 yanvarda dinc insanlar gülləboran edilib. Bu həm də bizə imkan vermiş olar ki, xalqımıza qarşı törədilmiş cinayəti bir daha beynəlxalq birliyin diqqətinə çatdıraq. Çalışarıq ki, beynəlxalq birlik Ukraynada insanlığa qarşı törədilmiş cinayəti tanıdığı kimi, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş cinayəti də tanımış olsun. Milli Məclis belə bir qərar qəbul etməklə bu işə öz töhfəsini vermiş olar. Mən, sadəcə, bunu millət vəkillərinin və Oqtay müəllim, Sizin diqqətinizə çatdırmaq istərdim ki, həm insanlıq baxımından, həm də bu cinayət strateji müttəfiqimiz olan Ukrayna xalqına qarşı törədildiyi üçün belə bir qərarın qəbul edilməsi məqsədəuyğun olardı.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də sizin təbriklərə qoşularaq, cənab Prezidenti 15 oktyabr seçkiləri münasibətilə ürəkdən təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Bu seçki kampaniyasında iştirak eləyən bütün insanlara, o cümlədən bizim seçicilərə Milli Məclisin deputatı kimi öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Azərbaycanda azad, ədalətli, demokratik və şəffaf seçkilər keçirildi. Bütün beynəlxalq müşahidəçilərin və digər insanların şahidi olduğu bu proses göstərdi ki, Azərbaycan xalqı və Azərbaycan iqtidarı azad, ədalətli və demokratik seçki keçirməyi həmişə qarşısına məqsəd qoyub və bu məqsəd düzgün şəkildə həyata keçirilir.
Təəssüf ki, bəzi daxili və xarici qüvvələr azad, ədalətli seçkimizə kölgə salmağa çalışırdı. Lakin bu seçkilər onların özlərini biabır elədi və göstərdi ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, hakimiyyətin mənbəyi xalqdır. Xalq öz sözünü dedi, seçimini etdi və Prezidentini seçdi. Ona görə mən hesab edirəm ki, bir təbrik də Azərbaycan xalqına ünvanlanmalıdır. Çünki bu, ilk növbədə Azərbaycan xalqının qələbəsi, ölkəmizin qələbəsidir.
Seçkilərdən sonra xaricdə çox qüvvələr işə düşmüşdü ki, Azərbaycanda çaxnaşma, hər hansı bir qarışıqlıq salsınlar, seçkilərə aşağı rəy verərək, ölkəmizi əhatə eləyən regionlarda baş verən hadisələri ört-basdır etsinlər. Lakin Azərbaycan xalqının müdrikliyi, uzaqgörənliyi və Azərbaycan Prezidentinin apardığı düzgün siyasət bunların qurduqları planı darmadağın elədi və xalq-Prezident birliyi qələbənin rəhni oldu. Ona görə mən hesab edirəm ki, biz bu gün Prezidentlə yanaşı, bu qələbənin təminatçısı olan Azərbaycan xalqını da təbrik etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim. İndi bir şey yadıma düşdü. Vaxtilə ulu öndərimiz bədxahlarımız barədə demişdi: “Arzuları ürəklərində qaldı”. Doğrudan, çoxlarının arzuları ürəyində qaldı. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr. Deputat həmkarlarım kimi, mən də bu gün təsiri altında olduğumuz 15 oktyabr Prezident seçkilərinin nəticələrini yüksək qiymətləndirirəm. Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti bir daha dünyaya sübut etdi ki, onun demokratiyadan başqa bir seçimi yoxdur. Bu gün biz cənab İlham Heydər oğlu Əliyevi növbəti 5 il müddətinə Prezident seçilməsi münasibətilə ürəkdən təbrik edirik. O, ilk növbədə özünün şəxsi keyfiyyətlərinə görə bu yüksək ada, bu qalibiyyətə layiqdir. O, insanların qəlbini oxuya bilir, insanların maraqlarını kifayət qədər dərindən bilir və ona adekvat reaksiya verir. Digər namizədlərdən fərqli olaraq, cənab Prezidentimiz vəd vermədi, görülən işlərin hesabatını verdi. Görülən işlər isə Azərbaycanın artan büdcəsi, artan hərbi qüdrəti, bütün sahələrdə irəliləyişi, ən əsası isə dünya birliyində layiq olduğu yeri tutmasıdır. Bu baxımdan Azərbaycan xalqı həm özünün növbəti qələbəsi, həm də rəhbəri ilə fəxr edə bilər.
Hesab edirəm ki, növbəti beş ildə Azərbaycanı yeni uğurlar gözləyir. Həm xalqımız düzgün seçim etdi, həm də demokratiya qalib gəldi. Ölkədə ən yüksək vəzifəyə ən layiqli insan seçildi. Mən bir daha cənab Prezidentimizi böyük qələbə münasibətilə təbrik edir, bütün Azərbaycan xalqına gözaydınlığı verirəm. Hesab edirəm ki, bu, ümumilikdə, xalqımızın qazandığı bir nailiyyətdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mən əvvəlcə bəzi məsələlər barədə qısaca məlumat vermək istəyirəm. Parlamentin bu il 90 illiyi idi və mən bu yubileyə həsr olunmuş amnistiya barədə məsələ qaldırmışdım. Məlumat verirəm ki, həmin amnistiyanın layihəsi Milli Məclisin icra aparatına təqdim edilib qeydə alınmışdır və xahiş edirəm ki, bu məsələyə baxılması sürətləndirilsin.
İkincisi, biz burada dəfələrlə Azərbaycanda beynəlxalq terrorizmə, o cümlədən PKK terrorizminə qarşı mübarizənin vacibliyini qeyd eləmişdik. Bu yaxınlarda Türkiyədə Azərbaycan vətəndaşı olan iki qadının, Azərbaycan vətəndaşı olan şəxslərin döyüşlərdə PKK tərəfindən öldürülməsi barədə kütləvi informasiya vasitələrində məlumat getmişdir. Mənim tərəfimdən bu barədə Milli Təhlükəsizlik Nazirliyinə müvafiq sorğu verilmişdir. Xahiş edirəm, parlament rəhbərliyi bu məsələni nəzarətə götürsün.
Üçüncü məsələ. Nardarandan bizə bir neçə dəfə müraciət olunubdur. Orada Amerika Birləşmiş Ştatlarının keçmiş səfiri Eskudeyronun da adı hallandırılır. Bu barədə mən Ədliyyə Nazirliyinə və Məhkəmə-Hüquq Şurasına müvafiq sorğu ilə müraciət eləmişəm. Hesab edirəm ki, Milli Məclisin müvafiq komissiyaları da bu məsələyə diqqət ayırsalar, onun müzakirə edilməsi üçün maraqlı çox şeylər üzə çıxara bilərlər. Ona görə də mənə elə gəlir ki, bizim Aqrar siyasət və Hüquq siyasəti daimi komissiyaları bu işə diqqət ayırmalıdır.
Son dövrdə mətbuatda beynəlxalq və milli qeyri-hökumət təşkilatları tərəfindən siyasi məhbus kimi tanınmış jurnalist Mirzə Sakitə cəzaçəkmə müəssisəsində işgəncə verilməsi haqqında çox təkidli və sistemli şəkildə ardıcıl məlumatlar gedir. Hesab edirəm ki, Milli Məclis və onun İnsan hüquqları daimi komissiyası bu məsələyə ən ciddi bir şəkildə diqqət ayırmalı və həbsdə olan digər jurnalistlərin də saxlanma vəziyyətinə baxmalıdır.
Mən “Bizim yol” qəzetinin Milli Məclisin rəhbərliyi haqqında tənqidi yazılar verməsi bəhanəsi ilə Milli Məclisin iclaslarına buraxılmaması məsələsinin də nəzərdən keçirilməsini xahiş edirəm. Bu, yolverilməz haldır və söz azadlığının Milli Məclisin özü və rəhbərliyi tərəfindən pozulmasıdır.
Hörmətli deputatlar, Milli Məclisdə Yeni Azərbaycan Partiyasının çoxluq təşkil edən hörmətli deputatları, hər halda bizim mövqeyimizə görə Azərbaycan növbəti dəfə azad, ədalətli seçkilər keçirmək fürsətini əldən vermiş oldu. Mərkəzi Seçki Komissiyasının və Azərbaycanın Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlara, konkret olaraq ATƏT-ə və Avropa Birliyinə qarşı, onların rəyinə qarşı xüsusi bəyanatla çıxış etməsi faktı, əslində, məsələnin olduqca ciddi olduğunu göstərir. Hesab edirik ki, İlham Əliyev yaxın beş il üçün Azərbaycan Respublikasının Prezidenti olacaqdır və Azərbaycanda real hakimiyyətin, icra hakimiyyətinin başında duran, dövlət başçısının funksiyasını daşıyan İlham Əliyevdən bizim xahişimiz, tələbimiz ondan ibarətdir ki, ölkədə korrupsiya və klançılığa son qoysun. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Mən də burada deyilən təbriklərə, xoş sözlərə qoşuluram və hamımızı 15 oktyabr hadisəsi münasibəti ilə təbrik edirəm. Azı ona görə ki, biz hamımız, hər halda əksəriyyətimiz bu kampaniyada çox fəal iştirak eləmişik və sevincimiz böyükdür.
Oqtay müəllim, indi mən bir kədərli hadisəyə toxunmaq istəyərdim. Bir neçə gün əvvəl Azərbaycan xalqına ağır itki üz vermişdir. Böyük sənətkar, dahi müğənni Müslüm Maqomayev 66 yaşında dünyasını dəyişmişdir. 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyev Müslüm Maqomayevə “İstiqlal” ordeni təqdim edərkən demişdir: “Əgər Müslüm Maqomayev yalnız bir mahnını – Azərbaycan haqqında mahnını bəstələyib oxusaydı, o yenə də Azərbaycan tarixinə həkk olunardı, Azərbaycan tarixində iz qoyardı”.
Biz hörmətli Prezidentimiz İlham Əliyevin qərarını böyük məmnuniyyət hissi ilə qarşıladıq. Çox ədalətli qərardır. Bəlkə də bu, Prezidentin seçkilərdən sonra birinci qərarı idi. Sabah Müslüm Maqomayevin birinci fəxri xiyabanda dəfni olacaq. Yəqin ki, hamımız bu kədərli mərasimdə iştirak edəcəyik. Mən bilirdim ki, ümummilli liderimiz onun xətrini necə istəyir, ona necə yüksək qiymət verirdi. Mən çox xahiş eləyirəm, indi Müslüm Maqomayevin xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.)
Sədrlik edən. İltizam Əkbərli buyursun.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Mən seçicilərimin xahişini nəzərə alıb, şəkərli diabet xəstələri ilə əlaqədar olaraq bu zalda ikinci dəfə çıxış etmək qərarına gəldim. Təxminən 7-8 ay bundan əvvəlki çıxışımda bu sahədəki vəziyyətin ağır olmasını, bu xəstələrin sayına görə ölkəmizin MDB məkanında birinci yerə çıxmasını nəzərə alaraq, təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyindən danışmışdım. Ancaq çox təəssüflər olsun ki, keçən müddətdə heç bir tədbir görülmədiyindən bu sahədə vəziyyət daha da ağırlaşmışdır. Nə qədər ki bu xəstələrin dərman preparatları ilə təminatındakı ağır vəziyyət aradan qaldırılmayıb, elə bilirəm ki, bu vəziyyət yaxşılığa doğru dəyişməyəcəkdir. Əvvəla, bu xəstələrə ayrılan vəsait artırılmalıdır, çünki ayrılan vəsait bu xəstələrin tələbatının heç yarısını da ödəmir. Məsələn, mənim seçildiyim İmişli rayonu üçün ayrılan vəsait bu rayonda xəstələrin üçdən birinə güclə çatır. Sual olunur, belə olan halda rayonlarda bu işə cavabdeh olan insanlar ayrılan bu cüzi yardımı xəstələr arasında necə paylamalıdırlar ki, bütün xəstə vətəndaşlar dövlətin yardımından bəhrələnə bilsinlər? Bu xəstələr ya dövlətin hesabına pulsuz dərmanlarla tam təmin olunmalı, – mən hesab edirəm ki, dövlətimizin buna kifayət qədər imkanı vardır, – ya da bu kampaniyaya son qoyulmalı, xəstə vətəndaşlar aldadılmamalı, açıq deyilməlidir ki, onlar dərmanları özləri almalıdırlar.
Hesab edirəm ki, vəziyyətin ağırlaşmasının digər bir səbəbi də ayrılan cüzi maliyyənin rayonlara dərman şəklində deyil, pul şəklində göndərilməsi və əksər hallarda mənimsənilməsidir. Mən bu xəstəliklə əlaqədar müxtəlif mütəxəssislərlə, eyni zamanda, xəstələrin özləri ilə görüşmüşəm. Yaranmış ağır vəziyyətdən çıxmaq üçün ancaq bir təklif verilir – ayrılan vəsait yerlərə pul şəklində deyil, dərman formasında göndərilməli və burada xüsusi apteklər vasitəsilə xəstələrə paylanmalıdır. Belə olan halda, hesab edirəm ki, həm müxtəlif rayonlarda olan qiymət fərqləri aradan qaldırılar, həm də bütün xəstə vətəndaşlar dövlət hesabına pulsuz dərmanlarla təmin olunarlar.
Hörmətli cənab Sədr, bu məsələnin yerlərdə, xüsusilə rayonlarda aktual olduğunu nəzərə alaraq, Sizdən çox xahiş edirik ki, səlahiyyətiniz daxilində bu məsələyə müdaxilə edəsiniz. Əks təqdirdə biz bu xəstəlikdən ölən insanların sayı haqqında daha böyük statistik rəqəmlərin şahidi olacağıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də məndən əvvəl çıxış eləyən həmkarlarımın fikirlərinə qoşularaq, cənab İlham Əliyevi növbəti beş il müddətinə Prezident seçilməsi münasibətilə ürəkdən təbrik edir, ona fəaliyyətində uğurlar arzulayıram.
Fürsətdən istifadə eləyib bir problemə diqqətinizi yönəltmək istəyirəm. Bilirsiniz ki, bu günlərdə milli ordunun bir əsgəri ermənilər tərəfindən əsir götürülübdür. Bu, təbii ki, təəccüblü deyil, çünki bizim ordumuzda belə faktlar dəfələrlə baş veribdir. Sadəcə, maraqlı olan bir məqam bundan ibarətdir ki, Müdafiə Nazirliyi və onun orduda baş verənlər barədə cəmiyyəti və o cümlədən kütləvi informasiya vasitələrini vaxtlı-vaxtında məlumatlandırmalı olan Mətbuat xidməti həmin əsgərin taleyi ilə bağlı bütün məlumatları çatdırarkən hər dəfə mətbuata istinad etdi və belə göründü ki, ümumiyyətlə, Mətbuat xidmətinin bu əsir düşmüş əsgərin taleyi ilə bağlı heç bir məlumatı yoxdur. Hətta cəmiyyətə ilk ötürülən məlumatların da yanlış olduğu üzə çıxdı. Mətbuat xidmətinin yaydığı məlumatdan belə məlum oldu ki, əsir düşmüş əsgəri onlar fərari hesab eləyirlər. Daha sonra isə Qırmızı Xaç Komitəsi tərəfindən əsirin öz ailəsinə məktub göndərməsi faktından da Müdafiə Nazirliyinin xəbərsiz olduğu üzə çıxdı.
Mən bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Qırmızı Xaç Komitəsi tərəfindən gətirilən həmin məktub bir həqiqəti də ortaya qoydu ki, bizim əsgər, əslində, hərf tanımırmış və onun yazı yazmaq bacarığı yox imiş. Əsgərin məktubunu onun əvəzindən Qırmızı Xaç Komitəsinin nümayəndəsi yazıb. Mən düşünürəm ki, bu nə qədər bizim ordunun vəziyyətini nümayiş etdirirsə, eyni qədər də bizim təhsilimizin göstəricisi sayılmalıdır. Düşünürəm ki, istər Müdafiə Nazirliyi, istərsə də onun ayrı-ayrı strukturları, o cümlədən də Mətbuat xidməti Azərbaycan əsgərinin taleyinə belə münasibət göstərməməlidir. Ona görə ki, milli ordunun əsgəri bir valideynin, bir ata-ananın övladı olmaqdan daha çox, ölkənin, Vətənin övladı, Azərbaycan ordusunun övladıdır. Mən düşünürəm ki, biz Milli Məclis olaraq, bu məsələyə mütləq münasibət bildirməliyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z. Orucov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Millətimizin və dövlətimizin həyatında mühüm bir tarixi hadisəyə çevrilmiş 15 oktyabr seçkiləri üzərində mənim həmkarlarım xeyli dayandılar. İki-üç məqamı da mən qeyd eləmək istəyirəm.
Birinci, bu seçkilərin nəticəsi yenə seçki məntəqələrində müəyyənləşdi. Yəni hakimiyyətin formalaşması və Prezidentin seçilməsi meydanlarda hansısa qaragüruhçuların mübarizəsi nəticəsində yox, barrikadalarda yox, məhz xalqın sivil qaydada apardığı mübarizənin nəticəsində, məntəqələrdə müəyyənləşdi.
İkinci, hər seçkidə biz xarici təsirlərə qarşı vuruşmağa, az qala müharibə aparmağa məcbur olurduq. Sanki Azərbaycan hakimiyyəti uğrunda xarici dövlətlər və dairələr vuruşurlar. Bu dəfə isə həmin qüvvələr özlərini seçkilərdən kənarda qoyduqlarına görə, bu seçki prosesində xarici təsirlər ölkə daxilində aktiv rol oynaya bilmədi.
Üçüncü, ən önəmlisi odur ki, hər seçkidən sonra xalqın iradəsini tanımayanlar müəyyən bir məhdud qrup şəklində küçələrə çıxır və yeni məhbus istehsalı baş verirdisə, bu seçkilərdə o da olmadı. Bu seçkilər, əslində, millətin azadlıq ruhunun təzahürünə çevrildi. Ən önəmlisi, Qarabağ məsələsində Azərbaycanın mövqeyi bu prosesdə güclənmiş oldu. Ermənistanla müqayisə aparan beynəlxalq ekspertlər də açıq şəkildə vurğulayırlar ki, cəmiyyət parçalansaydı, ictimai mütəşəkkillik nümayiş olunmasaydı, millət özünü səfərbər eləyə bilməsəydi, Prezident bu prosesdən zəifləmiş bir mövqe ilə çıxacaqdı. Ermənistanda baş verənlər buna parlaq misaldır.
Demək ki, artıq qarşıdakı dönəmdə, bu danışıqlar raundunun mühüm mərhələyə daxil olduğu zamanda Azərbaycan bu məsələdə beynəlxalq hüquqa müvafiq bir sülh müqaviləsinə ümid eləyə bilər. Cənab Prezident özünün andiçmə mərasimində bununla bağlı ciddi mesajlar verdi.
Lakin məni düşündürən ən vacib məqam bundan ibarətdir ki, cənab Sədr, Amerika dövlət katibinin müavini Daniel Frid bəyan edir ki, iki ay ərzində prezidentlər görüşəcək, bu məsələnin həlli reallaşacaqdır. Levon ter-Petrosyan bəyan edir ki, Dağlıq Qarabağ bütövlükdə Azərbaycanın öhdəliyinə veriləcəkdir və sair. Bəli, baza şərtlər aydındır. Bu, ərazi bütövlüyünün təminatı və Qarabağ üzərində suveren hüquqlarımızın bərpasıdır. Amma bundan sonrakı dönəmdə bu sülh müqaviləsinin müxtəlif tərəfləri olacaqdır. Məsələn, Azərbaycan Konstitusiyasını və qanunlarını tanıyan ermənilərlə münasibətlər, Dağlıq Qarabağ ermənilərinə vətəndaşlıq hüququnun verilməsi. Bu məsələyə cəmiyyət hazırdırmı? Qərbin maraqlarının əleyhinə olacaq bir sıra müddəalar cəmiyyətdə müxtəlif təsirlər yaradacaqdır. Biz buna hazırıqmı? Mən demək istəyirəm ki, biz cəmiyyətlə işləməliyik. O müqavilə bu gün olmasa da...
Sədrlik edən. Vaxtı gələndə işləyəcəyik. Hər şeyin vaxtı var. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür eləyirəm. Hörmətli cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri! Burada cənab Prezidentlə bağlı deyilən bir çox sözlərə qoşularaq, bir fikri demək istəyərdim. Fikir Kamal Abdullaya məxsusdur. Amma mən bunu yeri düşdüyü üçün demək istəyirəm. Deyilir ki, həyatın boyu ona-buna çox söz deyə bilirsən və deyirsən də. Amma həyatın boyu adamlara yalnız bir dəfə söz demək imkanın olur. Əgər ikinci dəfə belə bir imkan əlinə düşsə və söz deməyə məcbur olsan, o ya təkrar olacaq, ya da ki yalan.
Mən cənab Prezidentimizin söz, əməl və əqidə insanı olduğunu həm öz adımdan, həm də seçicilərlə görüşlərdə ünsiyyət qurduğumuz minlərlə insanın adından bəyan etməklə yanaşı, onun ətrafında olan söz, əməl və əqidə insanlarının bütün təbriklərinə qoşularaq arzu eləmək istəyərdim ki, cənab Prezidentimizin ətrafında hər zaman bu cür insanlar olsun.
Gündəliklə bağlı bir şeyi xahiş eləmək istəyərdim. Biz istəsək də, istəməsək də, hər zaman orduda baş verən hadisələrlə bağlı məsələlər gündəmdə olacaq. Çünki Azərbaycanda elə bir ailə yoxdur ki, ordu ilə bağlılığı olmasın. Bu, təkcə əsgərlərlə deyil, həm də orduda qulluq eləyən aşağı və yuxarı rütbəli zabitlərlə bağlıdır. Mənə belə gəlir ki, orduda hökm sürən psixoloji mühitlə bağlı hansısa addımlar atılmalıdır. Bu gün artıq zabitlərin də arasında nə isə bir rahatsızlıq yaşanır. Mənim seçicilərim arasında hərbçilər də var və onların mənə yazdıqları, dedikləri bir çox fikirlər bundan xəbər verir. Mən bu fikirləri bu gün burada səsləndirib, vaxtınızı almaq istəmirəm. Biz uzun illər bu məsələlərdən danışdığımıza görə burada hər şey hamıya məlumdur. Mənə belə gəlir ki, konkret problemlərin öyrənilməsi və bununla bağlı hər hansı bir qərar və ya qətnamənin, yaxud qanun layihəsinin ortaya çıxması məsələnin həllinə kömək edərdi. Bunun formatını, yəqin ki, hörmətli sədarət və yaxud Nazirlər Kabineti fikirləşə bilər. Hər halda bu ideyanı nəzərə almağınızı xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Artıq 37 dəqiqədir ki, müzakirə eləyirik. Etiraz yoxdursa, gündəliyə başlayaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Arayış? Buyurun, Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Minnətdaram, Oqtay müəllim. Mən şəkərli diabetlə bağlı fikrə bir balaca aydınlıq gətirmək istəyirəm. İlk növbədə onu söyləmək istəyirəm ki, Milli Məclisin qəbul etdiyi qanun MDB məkanında model qanun kimi qəbul olunub və bu qanun ən...
Sədrlik edən. Hadi müəllim, üzr istəyirəm, mən bunu bilirəm. Bu məsələ ikinci dəfədir qaldırılır və Siz artıq bunu demisiniz. Mən ona görə cavab vermirəm ki, sualdan sual doğur, vaxt itiririk.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı. Mikrofon verin.
H. Rəcəbli. Xəstələrə dərman paylanılır və bu sahədə böyük işlər görülür. İndi bu xəstəliyin həcmi bir az artdığına görə, ola bilər, rayonda hansısa xırda problem olsun. Amma bütövlükdə bu məsələ bizim ölkəmizdə nümunəvi təşkil olunub. Bunu qeyd etməyə bilməzdim.
Sədrlik edən. İndi İltizam Əkbərli yoxdur, Siz cavab verdiniz. Bu məsələ birinci dəfə deyil, ikinci dəfədir qaldırılır. Hamımız bilirik ki, bu qanun layihəsi nəinki Azərbaycanda, MDB ölkələrində də model qanun kimi qəbul olunub. Ölkəmizdə bu məsələnin necə həll olunmasından da xəbərimiz var. İndi məsələ qaldırılırsa, bu da təbiidir, deputat sözünü deyə bilər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Seçkilərlə bağlı mən hamınızdan yaxşı arayış verə bilərdim. Buna ehtiyac hiss etmədim. Çünki biz hamımız gördük, bu seçkilər necə keçdi. Mən bir beynəlxalq təşkilatın təmsilçiləri ilə görüşəndə onlara dedim ki, Azərbaycanda seçkiləri siz də görəcəksiniz. Amma əgər bu seçkilərə düzgün münasibət göstərilməsə, bu, artıq Azərbaycana ikili standart yox, üçlü standart olacaq.
Bizim üçün vacib olan nə idi? Biz özümüz özümüzə sübut etdik ki, Azərbaycan xalqı iradəsini ortaya qoyaraq beynəlxalq standartlar səviyyəsində seçki keçirə bilər. İki misal çəkim. ATƏT-in keçmiş sədri Solomon Passinin seçkilərdən sonra çıxışını eşitdiniz. O, 2003–2004-cü illərdə ATƏT-in sədri olub. Vaxtilə müxalifətin yaxın dostu idi, müxalifətlə işləyirdi. O bir söz dedi. Dedi, mən 7 ildir Azərbaycana gəlib-gedirəm. Mən bir şey söyləyə bilərəm ki, bir çox Avropa ölkələrinin 70 ildə keçdiyi yolu Azərbaycan 15 ilə keçib. Dedi ki, bir çox Avropa ölkələri gəlib Azərbaycandan seçkiləri necə keçirməyi öyrənsin. Avropa İttifaqının prezidentliyini həyata keçirən Sarkozinin də ertəsi gün cənab Prezidentə təbrik məktubu göndərdiyini eşitdiniz.
Bu seçkilərdə 1250 nəfər beynəlxalq müşahidəçi oldu. Bu müşahidəçilərin hər biri gözdür. Hər biri əgər burada gördüklərini öz ölkəsində danışsa, bizə bundan artıq heç nə lazım deyil. Qiymətlər də verildi. Hamı gördü, bizim müxalifət seçkilər vaxtı bir söz demədi. Ona görə xahiş edirəm, bu məsələni bir də xırdalamayaq. Etiraz yoxdur?
Keçək gündəliyə. Gündəliyin 1-ci məsələsi Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolunun B Əlavəsinə Düzəlişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Bu məsələyə iki komissiyada baxılıb – Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasında, bir də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında. Buyurun, Valeh Ələsgərov.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci il 25 sentyabr tarixli I/493 saylı məktubla Azərbaycan Respublikasının Milli Məclisinə Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolunun B Əlavəsinə Düzəliş təsdiq olunmaq üçün təqdim edilmişdir. Adı çəkilən düzəlişə Milli Məclisin müvafiq daimi komissiyalarında baxılmışdır.
Bildiyiniz kimi, Azərbaycan Respublikası 1995-ci ildən Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” 1992-ci il mayın 9-da Rio-de-Janeyro şəhərində imzalanmış Çərçivə Konvensiyasına, 2000-ci ildən isə Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair 1997-ci il dekabrın 11-də Kioto şəhərində qəbul olunmuş protokola qoşulmuşdur. Bu sənədlərə əsasən, onlara qoşulan istənilən tərəf Protokola düzəlişlər etmək təklifini verə bilər və əgər bu düzəlişlər Tərəflər Konfransının növbəti sessiyasında qəbul edilərsə, onda qəbul edilmiş düzəlişlərin qüvvəyə minməsi üçün bu düzəlişlər Protokol tərəflərinə ölkədaxili qaydalara uyğun olaraq ratifikasiya etmək, qəbul etmək və ya bəyənmək üçün təqdim edilir.
İcazənizlə xatırladım ki, Kioto Protokolunun B Əlavəsində Protokol tərəflərinin əlifba sırası ilə siyahısı verilmiş və hər bir tərəfin tullantıların məhdudlaşdırılması və ixtisarı üzrə müəyyən say öhdəlikləri göstərilmişdir. Kioto Protokolunun B Əlavəsinə Düzəliş Protokol tərəflərinin 2006-cı il noyabrın 17-də keçirilmiş 10-cu plenar sessiyasında qəbul edilmişdir və əslində, cəmi bir cümlədən ibarətdir: “Avstriya” və “Belçika” sətirlərinin arasına növbəti mətn daxil edilsin. “Belarus Respublikası”.
Adı çəkilən plenar sessiyanın müvafiq qərarı sizlərə təqdim olunub. Mənim fikrimcə, bu düzəliş Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasından və Kioto Protokolundan irəli gələn heç bir öhdəlik və maraqlarımıza toxunmadığından onu müzakirəsiz səsə qoyub təsdiq edə bilərik. Buna görə də təklif edirəm, səsə qoyaq, qəbul edək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Səməd müəllimin də fikrini eşidək. Səməd Seyidov.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Təşəkkür edirəm, cənab Sədr. Valeh müəllim Kioto Protokolu haqqında çox ətraflı məlumat verdi. Təbii ki, bizim komissiyamızda da bu məsələyə baxılmışdır. Biz hesab edirik ki, bu məsələnin müsbət həll olunması üçün heç bir problem yoxdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikasının “BNP Paribas” Səhmdar Cəmiyyəti arasında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun (M4-280 km) Muğanlı–Yevlax hissəsinin (156 km) və Yevlax–Zaqatala–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M5-164 km) yenidən qurulması layihəsi üzrə Kredit Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Bu qanun layihəsinə üç komissiyada baxılıb. Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci il 3 oktyabr tarixli I/511 saylı məktub ilə Azərbaycan Respublikasının Milli Məclisinə 2008-ci il iyunun 13-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikasının “BNP Paribas” Səhmdar Cəmiyyəti arasında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun (M4-280 km) Muğanlı–Yevlax hissəsinin (156 km) və Yevlax–Zaqatala–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M5-164 km) yenidən qurulması layihəsi üzrə Kredit Sazişi” təsdiq edilmək üçün təqdim edilmişdir. Adı çəkilən sazişə Milli Məclisin müvafiq daimi komissiyalarında baxılmışdır.
Ümumi dəyəri 400 milyon ABŞ dolları olan bu layihənin icrası üçün tələb olunan vəsaitin 20 faizi Azərbaycan hökuməti tərəfindən ödəniləcək, qalan 80 faizi, yəni 320 milyon ABŞ dolları isə diqqətinizə təqdim olunmuş saziş çərçivəsində kredit şəklində təmin ediləcəkdir. Razılaşmaya görə kreditdən 48 ay ərzində istifadə olunacaq. Layihənin müvafiq iş planının mərhələlərinə uyğun olaraq və eyni zamanda, maliyyə axınlarının daha səmərəli və əlverişli şəkildə tənzimlənməsi üçün kreditin verilməsi müddəti 4 mərhələyə bölünüb. Hər mərhələnin müddəti 12 aydır. Hər mərhələ üçün veriləcək kredit vəsaiti bu başdan müəyyən edilib və hər 12 aylıq müddətə kredit vəsaiti üçün xüsusi kredit müqaviləsi imzalanmalıdır. Kreditin verilmə dövrü həmin xüsusi kredit müqaviləsi imzalanan tarixdən başlayır. Kreditin qaytarılma dövrü kreditin istifadə müddəti bitdikdən sonra başlayır və 10 il, ya da 120 ay davam edir. Bu 10 il ərzində kredit 20 dəfə bərabər ödənişlərlə hər 6 aydan bir ödənilir. Kreditin faiz dərəcəsi ABŞ dolları ilə 6 aylıq libor dərəcəsi üstəgəl 0,45 faiz illik kredit verən qurumun marjasıdır.
Bu cür ticari kreditlər veriləndə aparılan əməliyyatlar bu və ya başqa şəkildə mütləq sığortalanır. Bu sazişin tərəfləri birbaşa sığortalanmaya üstünlük vermişlər. Kredit üzrə sığortanın təmin edilməsinə görə sığorta mükafatı yuxarıda göstərilən 4 hissədən ibarət kredit ayırmalarına mütənasib olaraq kreditin verilmə dövründə, yəni bu 48 ayda verilən kredit məbləğinə illik 0,65 sığorta faizi ödənilməlidir.
Kreditin təşkili üçün borcalan tərəfdən borcverənə, yəni krediti təşkil edənə birdəfəlik ödənişlə verilən komissiya ümumi kredit məbləğinin 0,50 faizini (1,6 milyon dollar) təşkil edir.
Kreditin borcalan tərəfindən səmərəli və razılaşdırılmış zaman çərçivəsində istifadəsini təşviq etmək üçün sazişdə nəzərdə tutulmuşdur ki, kreditin razılaşdırılmış dövr üçün razılaşdırılmış hissəsi razılaşdırılmamış səbəbdən istifadə olunmayıbsa, onda istifadə olunmamış hissəsinə bir növ həm cəza, həm də stimullaşdırma tədbiri olaraq hər 6 aydan bir hesablanan, – əlbəttə, bu, kreditin hissələrlə verildiyi dövrə aiddir, – kreditin istifadə olunmamış hissəsinin 0,30 faizi məbləğində komissiya tətbiq edilir. Borcalanın kreditin razılaşdırılmış hissəsini razılaşdırılmış zamanda ödəməmək istəyini məhdudlaşdırmaq üçün bu cür sazişlərdə ödənilməsi yubadılmış məbləğə, razılaşdırılmış kredit dərəcəsinin üstünə əlavə faiz tətbiq edilir. Bu sazişdə belə əlavə illik 2 faiz nəzərdə tutulur.
Bu cür sazişlər artıq beynəlxalq təcrübədə o qədər standartlaşdırılmış formata düşüb ki, mən bu sazişin mətnini, şərtlərini müzakirə etməyə ehtiyac duymadığıma görə icazə verin, çıxışımın sazişə aid hissəsini bununla bitirim. Yalnız bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, bu saziş ticari kreditə aid olan sazişdir, Dünya Bankı və ya dövlət qurumları ilə imzalanmış kredit sazişi deyil. Bu bir. İkincisi də, bu sadaladığım rəqəmləri əgər üst-üstə gəlsək, bu kreditlə əlaqədar olan ödəmələri qısa bir şəkildə bir formul şəklinə gətirsək, onda bu gəlib libor üstəgəl 1 faizdən aşağı səviyyədə olur. Bu da onu göstərir ki, bu kredit çox əlverişli şəkildə verilir. Bunun bir səbəbi həmin danışıqları aparan mütəxəssislərin yüksək səviyyəli peşəkarlar olmasındadırsa, ən vacib səbəbi Azərbaycanda bərqərar olmuş ictimai-siyasi sabitlik, davamlı, dayanıqlı iqtisadi inkişaf, möhkəm maliyyə sistemi və əlbəttə, yüksək valyuta ehtiyatları və sair ilə bağlıdır. Mən bunları xırdalamaq istəmirəm. Bunları bilirsiniz. Ona görə də mənim xahişim və təklifim bu sazişi səsə qoyub təsdiq etməkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim, əlavəniz var? Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Valeh müəllim ətraflı məlumat verdi. İqtisadi siyasət daimi komissiyası bu layihəni bütövlükdə infrastruktur layihələrinin həyata keçirilməsində mühüm addım kimi qiymətləndirir. Ona görə mən də millət vəkillərindən xahiş edərdim ki, bu layihəyə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Səməd müəllim, Sizin əlavəniz var?
S. Seyidov. Təşəkkür edirəm, cənab Sədr. Valeh müəllim həm iqtisadi nöqteyi-nəzərdən gözəl təhlil apardı, həm də bu sazişin siyasi cəhətdən vacib olan məqamlarına toxundu. Bu məsələ bizim komissiyada da müsbət rəy almışdır. Valeh müəllimin sözünə qüvvət, dünyanın ən tanınmış Paribas Bankı ilə belə bir sazişin əldə olunması o qədər də asan məsələ deyil. Paribas dünyada ən aparıcı banklardan, maliyyə qurumlarından biridir və onunla millətimizin xeyrinə olan belə bir kredit sazişinin imzalanması dövlətimizin siyasətinə tam uyğundur. Ona görə də bizim komissiyada bu məsələyə dair yalnız müsbət fikirlər səslənmişdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bu gün Milli Məclisin iclasında nəqliyyat nazirinin müavini Musa Pənahov, Nəqliyyat Nazirliyinin şöbə müdiri Faiq Ələkbərov, Maliyyə Nazirliyinin şöbə müdiri Mərdan Mərdanov iştirak edirlər. Lazım olsa, məsələ ilə əlaqədar suallara cavab verərlər. Bu məsələ üzrə müzakirələrə bir nəfər yazılıb. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Təbii ki, yolların yenidən qurulması, yol salınması və bu kimi başqa layihələr həyata keçiriləndə bizim ilk sözümüz “avand olsun”, “mümkün qədər çox olsun” və “tez olsun” sözləridir. O baxımdan bu kreditin təyinatı barədə, şübhəsiz ki, bizim başqa bir mövqeyimiz ola bilməz. Yollarımızın ciddi şəkildə yenidən qurulmasına ehtiyac vardır. Digər tərəfdən, Valeh müəllimin dediyi kimi, bu, ticarət sazişi olduğuna görə daha əvvəl Koreyanın müvafiq müəssisələri ilə, bir sıra xarici şirkətlərlə bağlanmış oxşar tipli müqavilələrdən bir qədər fərqlidir.
Mən, sadəcə, bu məsələnin qoyuluşundan istifadə edərək, Milli Məclisin və burada iştirak edən şəxslərin diqqətini bir-iki məsələyə, o cümlədən seçildiyim seçki dairəsindəki vəziyyətlə bağlı məsələyə cəlb etmək üçün söz aldım. Bilirsiniz ki, bu seçki dövründə o zaman prezidentliyə namizəd, həm də dövlət başçısı olan İlham Əliyev Saatlı və Sabirabad rayonlarında da olmuşdur. Respublika əhəmiyyətli keçmiş Bakı–Naxçıvan yolunun Əli Bayramlı–Saatlı hissəsi o qədər bərbad vəziyyətdədir ki, dövlət başçısı bu qısa məsafəni dəmir yolu ilə getməli olmuşdur. Biz o səfəri izləyirdik. İlham Əliyev çıxışında səmimi oldu, hətta buna diqqəti özü cəlb etdi, bildirdi ki, sizin yollarınız çox pisdir. Yolun təkcə Sabirabadla Saatlı arasındakı hissəsi onda belə bir təəssürat yaratmışdı.
Mən çox istərdim ki, bu məsələyə diqqət yetirilsin. Burada müvafiq nazirliklərin nümayəndələri iştirak edirlər. Doğrudur, bizə verilmiş sənədlərə görə, Əli Bayramlı–İmişli–Bəhramtəpə yolu və Ermənistanla sərhəd boyu yolların salınması məsələsi dövlət büdcəsində əsas investisiya proqramları layihəsinə aid edilmişdir, lakin qeyd olunan investisiya layihələrinin həyata keçirilməsini gözləməyə bu zonanın imkanı yoxdur. Dözülməz bir vəziyyət yaranmışdır və bu, sadəcə, rayon, hətta region əhəmiyyətli məsələ deyil, bütövlükdə respublika əhəmiyyətli bir məsələdir.
Yol layihələri yeganə sahədir ki, mən bu məsələdə bizdə adi hal almış korrupsiya məsələlərinin üstündən bir qədər yumşaq keçilməsi mövqeyindəyəm. Təki əlaqədar təşkilatların diqqəti bizim həmin zonanı əhatə edən Bakı–Naxçıvan yoluna da cəlb olunsun. Xüsusilə Qarabağla bağlı məsələlərin aktuallaşması, sülh məsələlərinin, o cümlədən reabilitasiya məsələlərinin meydana gəlməsi, əlaqələrin düzəlməsi üçün daha ciddi arqumentlərin əldə olunması baxımından, həm də təhlükəsizlik baxımından bunun ciddi əhəmiyyəti vardır.
Bir halda ki, bu məsələdən söhbət açdıq, – burada Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin nümayəndələri iştirak edirlər, – qeyd edim ki, Bakı–Xocasən yolu da bərbad vəziyyətdədir. Onun təmiri nə üçün gecikdirilir? Kürdəmir–Yevlax yolu İpək yolunun ölkəmizdə qısa bir hissəsidir. Nə üçün bu, təmir olunub yenidən qurulmur? Axı, bunun üçün cox böyük bir maliyyə vəsaitinə ehtiyac yoxdur. Eləcə də Astara–Bakı yolu, Bakı–Quba yolu sahəsində də işlərin ləng getməsi olduqca ciddi narahatlıq doğurur. Şamaxı–Yevlax sahəsində yol sökülüb. İndi Bakıdan Şamaxı istiqamətində gedən hər kəs bilir ki, Şamaxı–Bakı yolu sahəsində də çox gərgin vəziyyət yaranıb. Burada da işlərin nə vaxt başa çatacağı məlum deyil.
Son dövrdə xüsusilə neftin qiymətinin ucuzlaşması ilə əlaqədar olaraq dövlət büdcəsindən maliyyələşən layihələrin başa çatmasının bir qədər sual altında olması barədə söhbətlər də gəzməkdədir. Ümid edirik, bunlar elə söz-söhbət olaraq qalacaqdır.
Valeh müəllim deyəcək ki, bunun məsələyə aidiyyəti yoxdur, amma mövzudan istifadə edərək bu məsələləri də sizin diqqətinizə çatdırmağı lazım bildim. Yolları abad olan rayonların əhalisinin sağ əli bizim zonanın əhalisinin başına olsun. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Görünür, büdcə məsələlərindən çox narahatsan. Büdcədə nəzərdə tutulan bütün layihələr həyata keçiriləcək. Bizim büdcədə problem yoxdur. Bizim o qədər tənzimləyici fondumuz var ki, narahatlığa heç bir ehtiyac yoxdur. Narahat olmayın. Siyavuş Novruzov. Bu çıxışlara ehtiyac varmı? Mən hesab edirəm ki, məsələ aydındır. Yol tikintisi həm də savab işdir. Libor + 1 o deməkdir ki, bu, beynəlxalq bankların, beynəlxalq maliyyə qurumlarının krediti deyil. Bu, ticarət kreditidir və həm də tarixdə görünməyən kreditlərdən biridir. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat  13.07 dəq.)
Lehinə  98
Əleyhinə 3
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  101
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Sazişin (2006–2007-ci illər üzrə) təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Saziş qısa olmasına baxmayaraq çox böyük mahiyyət daşıyır. Uzun illərdir ki, Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında əməkdaşlıq inkişaf edir. Bu əməkdaşlığın nəticəsində Azərbaycanda bir sıra istiqamətlərdə islahatların uğurlu nəticələrini əldə etmişik.
Növbəti əməkdaşlıq sazişi də özəl sektorun və hüquq və məhkəmə islahatlarının dəstəklənməsinə yönəldilmişdir. Sazişin Milli Məclis tərəfindən təsdiq edilməsi Azərbaycana olan inamı bir daha artıracaq və əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərəcəkdir. İqtisadi siyasət daimi komissiyası bu sazişə müsbət münasibət bildirmənizi xahiş edir. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Tahir Rzayev, buyurun.
T. Rzayev, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihəsində “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinə əlavə edilməsi nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə “tələb” sözündən sonra ”hava və dəniz limanlarına, dəmiryol stansiyalarına ad verilməsi və ya bu cür coğrafi obyektlərin adlarının dəyişdirilməsi” sözlərinin əlavə edilməsi təklif olunur.
Müvafiq maddə belə bir redaksiyada verilir: “Coğrafi obyektin adının dəyişdirilməsi zamanı müvafiq ərazinin əhalisinin rəyinin nəzərə alınmasına dair tələb hava və dəniz limanlarına, dəmiryol stansiyalarına ad verilməsi və ya bu cür coğrafi obyektlərin adlarının dəyişdirilməsi, coğrafi obyektin tarixi adının bərpa edilməsi, habelə coğrafi obyektin iki və daha çox inzibati ərazi vahidləri ərazisində yerləşdiyi hallara şamil edilmir”. Edilən əlavə qanunauyğundur və onun lehinə səs verməyinizi sizdən xahiş edirəm. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Müzakirəyə başlayırıq. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Qanuna edilən bu əlavə çox yerindədir və böyük əhəmiyyət kəsb edir. Ona görə ki, qonşu respublikalarda bu vəziyyətə, bu hala qətiyyən əməl olunmayıbdır. Bilirsiniz ki, Ermənistanda coğrafi obyektlərin adlarını 1989-cu ildə tam şəkildə və 1994-cü ildə isə tamamilə 100 faiz dəyişdiriblər. Gürcüstanda da, demək olar ki, adların əksəriyyəti dəyişdirilib. Dərman üçün bir-ikisi qala, ya qalmaya. Cənubi Azərbaycanda da vəziyyət bu şəkildədir.
Bizim bu təklifimiz, layihədə irəli sürülən variant düzgündür. Ona görə ki, hava və dəniz limanlarının, dəmiryol stansiyalarının və bu cür coğrafi obyektlərin adlarını hər dəqiqə, hər münasibətlə dəyişmək olmaz. Bu, qadağan olunan məsələdir, çünki coğrafi obyekt belə məsələdir ki, bunu hər vaxt dəyişmək olmaz. Xüsusilə indi Azərbaycanda belə ad dəyişdirmələrinə çox meyil var. Ona görə də burada qeyd olunur ki, əhalinin rəyinin nəzərə alınmasına dair tələb var. Belə məsələlərdə əhalinin rəyi belədir ki, milliyyətindən, irqindən, cinsindən, maliyyə vəziyyətindən asılı olaraq toplaşıb qərar verirlər və adı dəyişdirmək rəyini irəli sürürlər. Belə çıxır ki, biz bunu qəbul etməliyik? Həm də siyasi və dövlət əhəmiyyəti daşıdığına görə bunun qanuna əlavə edilməsi tamamilə yerindədir və o biri respublikalar da, o biri dövlətlər də bizim bu qanundan nəticə çıxarmalı, özlərində bunu tətbiq etməlidirlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Buyurun, Eldar müəllim.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Möhtərəm Prezidentin imzası ilə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunub. Bu Qanunun 1-ci maddəsində – “Əsas anlayışlar”da “brendi (konyak)” sözləri var. Bu sözlərin bütün maddələrdən çıxarılması təklif olunur. Təklif olunan əsas redaksiya bundan ibarətdir.
“Üzümçülük və şərabçılıq sahəsində dövlət siyasətinin istiqamətləri” adlı 4-cü maddəyə təklif olunan redaksiya ilə bizim komissiya tamamilə razıdır. Bura yeni əlavələr təklif olunubdur. Eləcə də “Üzümçülük və şərabçılıq sahəsində dövlətin vəzifələri” adlı 5-ci maddəyə də yeni əlavələr təklif olunubdur. Bu təkliflərlə də biz tamamilə razıyıq.
13-cü maddədə də yenə “brendi (konyak) istehsalı” sözlərindən “konyak” sözünün çıxarılması təklif olunub. 27-ci maddə ilə bağlı təklif olunur ki, 27.4. – “Bələdiyyələr, istehlakçılar və qeyri-hökumət təşkilatları şərabçılıq məhsullarının keyfiyyətinə nəzarət funksiyalarını səlahiyyətləri daxilində həyata keçirə bilərlər” maddəsi çıxarılsın. Biz burada yazırıq ki, şərabçılıq məhsullarının keyfiyyətinə nəzarət müvafiq icra hakimiyyətinə, dövlət orqanlarına tapşırılıb. Yəni hər bir adam buna müdaxilə etməsin deyə, Prezident Aparatından belə məsləhət ediblər. Bizim komissiya da bu məsələləri geniş müzakirə edib və hesab edir ki, bu, tamamilə doğrudur. Ona görə də xahiş edirəm ki, qanun layihəsini səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Qanun layihəsi ilə bağlı çıxış etmək istəyənlər var. Məjlum Şükürov, buyurun.
M. Şükürov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli mətbuat təmsilçiləri! Komissiyamızın sədri Eldar müəllim qanun layihəsindəki dəyişikliklər haqqında ətraflı məlumat verdi. Həqiqətən, mən də o fikirlə razıyam ki, buradakı dəyişikliklər yalnız texniki xarakter daşımır, həm də çox böyük strateji əhəmiyyət kəsb edir. Xüsusilə də qanunun 5-ci maddəsi tamamilə yenidən yazılıb. Buraya qeyri-neft sektorunun ən prioritet sahəsi olan kənd təsərrüfatının inkişafı istiqamətində çox mühüm maddələr əlavə olunubdur.
Yəqin ki, hər biriniz xatırlayırsınız, hələ 1980-ci illərdə bu sahə Azərbaycanda çox güclü inkişaf etmişdi və sovetlər dövrünün məşhur “Alkoqolizmə qarşı mübarizə proqramı” məhz Azərbaycan iqtisadiyyatına bu sahədə çox ciddi ziyanlar vurmuşdu. Yəqin ki, həmin rəqəmləri xatırlatmağa bir daha ehtiyac var. 1981–1982-ci illərdə Azərbaycanda 2 milyon ton üzüm istehsal olunurdu və Azərbaycan Respublikasının ümumi daxili məhsulunun 35 faizini məhz kənd təsərrüfatı təmin edirdi. Üzümçülük, şərabçılıq sahəsində isə ümumi daxili məhsulun payı 24 faizə çatırdı. Əgər keçən il kənd təsərrüfatı sahəsinin ümumi daxili məhsulda payının 6,9 faiz olduğunu xatırlasaq, bu sahənin nə qədər perspektivli olduğu bir daha önə çıxır. Bu nöqteyi-nəzərdən mən də hesab edirəm ki, 4-cü maddənin tamamilə yenidən işlənməsi çox böyük strateji qeyri-neft sektorunun inkişafı sahəsində mühüm bir qanunvericilik təminatı olacaqdır.
Həm də 4-cü və 5-ci maddələrdə dəyişikliklər çox zəruridir. Bu da bu gün dünyanı bürüyən maliyyə böhranı ilə əlaqədardır. Bu, artıq bazar iqtisadiyyatında yaşayan ölkələrdə bütün münasibətləri bazar formalaşdırmalıdır kimi fikri alt-üst etdi. Yəni bir daha bütün dünyada qəbul olunur ki, bazar münasibətlərində də dövlətin tənzimlənmə mexanizmi çox vacibdir. Bu nöqteyi-nəzərdən də hesab edirəm ki, bu maddələrin əlavə olunması mühüm əhəmiyyət daşıyır.
Bir faktı da qeyd etmək istəyirəm. Bizim ölkədə bir çox peşələrin bayramları qeyd olunurdu. Biz də seçicilərimizlə görüşlər zamanı kənd təsərrüfatı işçilərinin də peşə bayramının qeyd olunması arzusunu tez-tez eşidirdik. Mən bu tribunadan möhtərəm Prezidentimizə minnətdarlıq etmək istəyirəm ki, noyabrın 1-də kənd təsərrüfatı işçilərinin peşə bayramının qeyd olunması sərəncamı verilibdir. Bütün kənd adamlarını, fermerləri və gələcəkdə bizim ölkənin davamlı inkişafında mühüm söz sahibi olacaq insanları bu bayram münasibəti ilə təbrik edirəm və həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Məjlum müəllim. Rüfət Quliyev.
R. Quliyev. Hörmətli sədarət, hörmətli həmkarlar! İlk növbədə icazə versəydiniz, cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə bütün Azərbaycan xalqını öz adımdan və seçicilərim adından təbrik edərdim. Bu seçkilərdə möhtərəm Prezidentimizin möhtəşəm qələbisi xalqın ona olan böyük inamının bariz nümunəsi olub, sarsılmaz xalq birliyinin təcəssümüdür. Möhtərəm cənab Prezidentə can sağlığı, uzun ömür və Azərbaycanın tərəqqisi naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.
Bu gün müzakirəyə çıxarılan məsələ Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun mühüm sahələrindən birinə həsr olunmuşdur.
Azərbaycanda tarixən üzümçülüklə məşğul olmuşlar və ulu öndər Heydər Əliyevin titanik səyləri nəticəsində 1981–1985-ci illərdə orta illik üzüm istehsalı 1960–1970-ci illərlə müqayisədə 7,9 dəfə artaraq, 1829,2 min tona çatdırılmışdır.
1985–1986-cı illərdə alkoqolizmə qarşı SSRİ-də başlanılmış siyasi kampaniya və sonrakı məlum hadisələr üzüm plantasiyalarının kütləvi surətdə məhv edilməsinə səbəb oldu. Yalnız ümummilli lider Heydər Əliyevin qətiyyəti və onun uzaqgörən iqtisadi siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin diqqəti sayəsində bu sahədə də dirçəliş başladı.
Hazırda bu sahə Azərbaycanda coşğun inkişaf dövrü keçirir və adı çəkilən qanun layihəsi də sahəyə zəifləməyən qayğının təzahürüdür.
Bu qanun layihəsi ilə əlaqədar qeyd etmək istəyirəm ki, burada edilən dəyişikliklərin hamısı ilə razıyam və bunun lehinə səs verəcəyəm. Yalnız burada bir 13.3-cü maddə var. Eldar müəllim qeyd etdi, təklif var ki, “konyak” sözü götürülsün və “brendi” ilə əvəz edilsin. Hesab edirəm ki, bu məsələyə bir qədər ehtiyatla və başqa ölkələrin təcrübəsindən yararlanmaqla yanaşmaq lazımdır. Bu gün Azərbaycanda onlarca zavod konyak spirti və konyak istehsal edir. Bunların təxminən 90–95 faizi Azərbaycandan kənara, o cümlədən Rusiyaya, Qazaxıstana, Ukraynaya ixrac olunur. Təsəvvür edin ki, adını çəkdiyim ölkələr Ümumdünya Ticarət Təşkilatının üzvləridir. Amma ona baxmayaraq, qanunda konyakı kirillə yazmağa icazə verilir. Yəni fransızlar həmişə təklif edirlər ki, “konyak” sözünü latınla yazmaq olmaz, amma kirillə yazmaq olar.
“Konyak” sözü ilə əlaqədar şərabçılıqla məşğul olan sahibkarlar mənə müraciət edib, xahiş edirlər ki, qanun layihəsinin 1.4-cü maddəsi ilə bağlı onların xahişlərini sizə çatdırım. Onların xahişi budur ki, qanun layihəsindəki bu maddəyə yenidən baxılsın, çünki hazırda şərab istehsalçıları konyakı və konyak spirtini kiril əlifbasından istifadə edən MDB ölkələrinə göndərirlər və bu ölkələrin də bununla bağlı onlara heç bir iradı yoxdur.
Əgər Azərbaycandan daxili bazara və digər ölkələrə “konyak” əvəzinə “brendi” adı ilə içki göndərilsə, bu, illərlə “konyak” sözünə vərdiş etmiş istehlakçılar arasında anlaşılmazlıq yaradacaq və istər üzümün, istərsə də şərab məhsullarının istehsalına mənfi təsir göstərəcək. Bu da öz növbəsində üzümçülük və şərabçılığın tənəzzülünə səbəb olacaq və iqtisadiyyatımız bundan xeyli itirəcəkdir. Ona görə xahiş edərdim, imkan varsa, 13.3-cü maddəyə bir daha baxılsın. Lazım olsa, kənd təsərrüfatı mütəxəssisləri bununla bağlı öz təkliflərini hazırlasınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Rüfət müəllim. Mən bilən, komissiya sədrlərinin müşavirəsində bu məsələ qalxdı və Eldar müəllim buna aydınlıq gətirdi. Eldar müəllim, nə isə demək istəyirsiniz? Buyurun.
E. İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarım Rüfət müəllimə minnətdarlığımı bildirirəm ki, belə bir məsələni qaldırdı. Komissiyada da bu məsələni müzakirə edərkən “konyak” sözü ilə əlaqədar olaraq müəyyən fikirlər səsləndi. Əslində, “Üzümçülük və şərabçılıq haqqında” Qanunu beynəlxalq qanunlara uyğunlaşdırmaq üçün “konyak” sözü çıxarılır. Fransanın Konyak şəhərində bu məhsul istehsal olunub, ona görə də adı konyak olub. Fransada bunu bilirlər, lakin digər Avropa ölkələrində bilmirlər. Bu o baxımdandır ki, guya “brendi” adı qoyulanda biz Avropa ölkələrinə çıxacağıq, yəni məhsulumuzu satacağıq. Ancaq bu gün bizim əsas bazarımız MDB dövlətləri olduğuna görə, mən də hesab edirəm ki, “konyak” sözü qalmalıdır. Biz bu qanunu qəbul edəndə elə-belə yazmamışıq ki, “brendi (konyak)”. Həmkarımın fikirlərini dəstəkləyirəm və sizinlə razıyam. Ancaq bunun qaydası belədir ki, hörmətli həmkarlarımın fikirlərindən sonra biz Prezidentin İcra Aparatının müvafiq şöbələri ilə əlaqə saxlayarıq. Elə hesab edirəm ki, bu məsələ öz həllini tapar.
Bizim birinci iclasımızdır, mən də fürsətdən istifadə edib, bu gün möhtərəm Prezidentimizi təbrik etmək istəyirəm və ona uğurlar arzu edirəm. Ötən beş illikdə olduğu kimi, ikinci beş illikdə də Yeni Azərbaycan Partiyası və Yeni Azərbaycan Partiyasının buraya seçilmiş deputatları həmişə Prezidentimizlə bir yerdədirlər. Sağ olun.
Sədrlik edən. Hadi Rəcəbli.
H. Rəcəbli. Minnətdaram, Ziyafət müəllim. Həqiqətən, bu müzakirə göstərdi ki, qanunlara əlavə və dəyişikliklər edəndə bir az diqqətli olmalıyıq. Hörmətli Eldar müəllim vaxtilə bu qanunu hazırlayanda uzaqgörənlik edib, Azərbaycanın perspektivlərini nəzərə alıb. Bizim gələcək iqtisadi inkişafımızın böyük bir qolu da üzümçülük və şərabçılığın inkişafı ilə bağlıdır. Üzümçülük və şərabçılıq əmək tutumlu iş yerlərinin yaradılmasına xidmət edir.
Komissiya sədrləri ilə rəhbərliyin yanında müzakirə zamanı sizin bu məsələyə həssaslıqla münasibətiniz onu göstərir ki, qanunlarımıza əlavə və dəyişikliklər edəndə diqqətli olmalıyıq və xırda bir düzəliş minlərlə iş yerinin qapanmasına gətirib çıxara bilər. Bir müəssisədə təxminən 4000 iş yeri qapana bilər. Əgər biz xaricə konyak ixrac eləməsək, bir müəssisədə 4000 iş yerini itirə bilərik.
Eldar müəllimin söylədiyi kimi, üzümçülüyün, şərabçılığın Azərbaycanda gələcək inkişafı əsas verir ki, burada ehtiyatlı olaq, qanunun təşəbbüskarı ilə işləyək. Rüfət müəllim də sağ olsun ki, bu məsələyə diqqət yetirdi, mütəxəssis kimi bizim diqqətimizi bəzi məsələlərə cəlb etdi. Mən də Eldar müəllimin dediyi ilə razılaşıram, qanunvericilik təşəbbüsü subyekti ilə məsələni bir də müzakirə edək və düzəlişi başqa cür yazaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Amma Rüfət müəllim konyak üzrə yox, siqaret üzrə mütəxəssisdir. Ərəstun Cavadov.
Ə. Cavadov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. İlk öncə həm öz, həm də seçicilərim adından cənab İlham Əliyevi növbəti 5 il ərzində Prezident seçilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və ona can sağlığı, işlərində uğurlar arzu edirəm. Müzakirəmizə təqdim edilən “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi üzvü olduğum Aqrar siyasət daimi komissiyası tərəfindən hazırlandığına görə, komissiyanın üzvü kimi, qanun layihəsi ilə bağlı fikrimi bildirmək istəyirəm.
Qanun layihəsinin məzmunundan göründüyü kimi, bu qanun ölkəmizdə üzümçülüyün və şərabçılığın daha da inkişaf etdirilməsi, bu sahədə beynəlxalq standartların tətbiq edilməsi, daxili bazarın rəqabətliyinin gücləndirilməsinə yönəldilib. Belə ki, qüvvədə olan qanuna təklif edilən dəyişikliklər məhz üzümdən hazırlanan şərab məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı yaranan münasibətləri tənzimləyəcəkdir. Hesab edirəm ki, hazırda belə bir qanunun qəbul edilməsi, həqiqətən, ölkəmiz üçün çox vacibdir. Belə ki, son dövrlərdə ölkəmizdə bütün sahələrdə istehsalat sürətlə həyata keçirildiyindən, şübhəsiz, bu qanun layihəsi ilə tənzimlənməsi nəzərdə tutulan sahənin də inkişaf etdirilməsinə çox böyük ehtiyac vardır.
Bildiyimiz kimi, hazırda ölkəmizə dünyanın müxtəlif yerlərindən şərab məhsulları daxil olur. Bununla yanaşı, ölkə daxilində müxtəlif şirkət və müəssisələr tərəfindən fərqli çeşid və növlərdə şərab məhsulları istehsal edilərək ölkə əhalisinə satılmaqdadır. Lakin istehsal olunan şərab məhsullarının yalnız bir qisminin müasir tələblərə cavab verdiyini qeyd etmək olar. Bu sahədə mövcud olan problem həmçinin ölkəmizdə üzümçülüyün inkişafına böyük təsir göstərir. Məhz hazırkı qanun layihəsində təklif edilən bütün maddələr bu sahədə mövcud olan problemlərin həllinə yönəldilib. Ona görə də ümid edirəm ki, bu qanunun qəbul edilməsi gələcəkdə həmin problemlərin həll olunmasında müstəsna rol oynayacaqdır. Bu gün bizə təqdim edilən bu qanun layihəsini məqbul hesab edirəm və bütün deputat həmkarlarımı bu qanun layihəsinin qəbul edilməsinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Artıq çıxış eləmək istəyən yoxdur. Mən hesab edirəm ki, Rüfət müəllimin dediyi məsələdə, doğrudan da, məntiq var və yəqin ki, onu razılaşdıracaqsınız. Çox sağ olun, təşəkkür edirəm.
Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlarım! İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik 194-cü, 195-ci və 196-cı maddələrinin sanksiyası ilə bağlıdır. Bilirsiniz ki, özbaşına tikinti işlərinin aparılması problemi, təəssüf ki, hələ də mövcuddur. Təbii ki, sürətli iqtisadi inkişaf vətəndaşların da özəl tikinti maraqlarını artırıb. Amma bu, əlbəttə ki, qanun çərçivəsində və müəyyən dövlət orqanları ilə razılaşdırılmış formada olmalıdır. Əgər bu problem mövcuddursa, bunun qarşısının alınması yolları da vardır. İnzibati Xətalar Məcəlləsi bu xətanı sanksiyalaşdırır. Amma etiraf etməliyik ki, sanksiya reallığa cavab vermir.
Təklif olunur ki, sanksiya dəfələrlə artırılsın. Özbaşına tikinti işlərinin aparılmasına görə fiziki şəxslər 300 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 3000 manatadək və nəhayət, hüquqi şəxslər 15000 manatdan 30000 manatadək miqdarda cərimə edilirlər. Bu, sanksiyaların yuxarı hədləridir.
Eyni zamanda, 195-ci maddəyə də oxşar dəyişikliklər edilir, sanksiyalar artırılır. Bu isə bağ evlərinin tikilməsi qaydalarının pozulmasına görə artan sanksiyadır.
Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər redaktə xarakterlidir, onun üzərində dayanmaq istəmirəm. Bu dəyişikliklər vaxtilə buraxılmış texniki və tərcümə səhvlərinin aradan qaldırılması ilə bağlıdır. Bizim Milli Məclisin Aparatında hazırlanıb və qanunvericilik təşəbbüsü subyekti ilə də razılaşdırılıb. Hesab edirəm ki, həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişiklikləri həmkarlarım dəstəkləyəcək və səs verəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira xanım, buyurun.
E. Axundova. Əli müəllim, ümumiyyətlə, bu dəyişiklikləri bəyənirəm. Amma diqqət verin: maddə 191.1-də yazılıb ki, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə sanksiyalar. Amma baxın: 194.2-ci maddədə yazırsınız ki, mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə onlarda yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına görə sanksiyalar. Burada da 194.1-ci maddədə verilən ifadəni mütləq təkrar eləmək lazımdır, çünki mövcud tikililərin funksional təyinatı dəyişdirilir, amma icra hakimiyyəti buna icazə verir və sair. Ona görə burada təkrar eləməlisiniz ki, qanunsuz, razılıq alınmadan tikililərin funksional təyinatı dəyişdirildikdə bu sanksiyalar verilir.
Sonra, maddə 195-də – “Bağ evlərinin tikilməsi qaydalarının pozulması”nda yazılır ki, qanunvericilikdə müəyyən edilmiş qaydada razılaşdırılmış layihə olmadan, ya da qanunvericilikdə müəyyən edilmiş normalardan kənar çıxanda bağ evlərinin tikilməsinə görə sanksiyalar. Biz o vaxt Bağ təsərrüfatı haqqında qanunu qəbul eləmədik, bizdə bağ təsərrüfatı haqqında qanun yoxdur. Bu hansı qanunvericiliyə əsaslanır? Biz bilirik ki, bağ evlərinin, demək olar ki, hamısı özəlləşdirilib. Bağ torpaqları da özəl torpaqdır, orada kim nə istəyir tikir. Biz də bilirik ki, yüzlərcə, minlərcə bağ evləri tikilir, amma heç bir qanunçuluğa sığışmır. Biz buna etirazımızı bildiririk. Bu hansı qanunvericiliklə müəyyən ediləcək?
Bir də, ciddi bir problemə hörmətli millət vəkillərinin diqqətini yönəltmək istəyirəm. Burada yaxşı sanksiyalar verilir. Fərdi evlər, həm şəhərdə, həm də rayonlarda qanuni obyektlər sökülür. Bizə onlarca müraciət edilir. Onlara lazımi kompensasiyalar verilmir, camaat küçələrdə qalır. Baxmayaraq ki, cənab Prezident öz məruzəsində xüsusilə vurğulayıb ki, heç bir insanı kompensasiyasız evdən çıxara, obyektini ala bilməzsiniz. Lazımi kompensasiya verilməlidir ki, vətəndaş özünə ya təzə ev alsın, ya da təzə obyekt tiksin. Bunun əksinə olaraq heç kompensasiyanın yarısını da vermirlər. Millət vəkilləri belə ərizələr alırlar. Buna görə məsuliyyəti kim daşıyır?
Gəlib deyirlər ki, 1 kvadrata 4000 manat, 2000 manat həcmində kompensasiya verməlidirlər, amma xəbər yayılır ki, onun 25, 50 faizini verəcəklər. Bu məsələ illərlə uzanır, camaat kirayədə qalır. Buna görə kim məsuliyyət daşıyacaq? Gəlin, bunu da sanksiyalaşdıraq, məmurlar buna cavabdeh olsunlar. Bu da ciddi məsələdir, insan hüquqları pozulur. Nəinki şəhərdə, rayonlarımızda da xeyli insanın hüququ pozulur. Mən sizə yüzlərlə misal gətirə bilərəm. Bizim Masallıda obyekt sahibi var, əlində sənədləri, amma obyekti sökülür, ona heç bir kompensasiya verilmir. Belə olan təqdirdə kim məsuliyyət daşıyacaq? Çox sağ olun.
Sədrlik edən. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də, əsasən, 194-cü maddəyə edilən dəyişikliklə bağlı məsələyə toxunmaq istəyirəm. Burada məsələnin ciddiliyi artdığı üçün istəyirəm, buna köklü yanaşaq. Birincisi, təəssüf ki, bizim qəbul elədiyimiz müəyyən dəyişikliklərə, qanun layihəsinə baxmayaraq, bu gün də özbaşına tikilən tikililər artır. Kəndlərdə də, rayonlarda da, Bakı ətrafında da belədir. Nə qədər evlər, binalar tikilir, amma sənədləri yoxdur. Birincisi, biz bu sualın kökünü tapmalıyıq. Axı niyə vətəndaş sənəd almaqdan çəkinir? Deməli, vətəndaşın bu sənədi almasında ciddi problemlər var ki, o bu sənədi almaqdan çəkinir. Yəni icra strukturları tərəfindən böyük məbləğdə rüşvət istənilir. İkinci tərəfi, bundan bir çox mərhələlərdə istifadə olunur, göz yumulur.
Mən üzr istəyirəm, hamımız burada yaşayırıq, icra strukturunun icazəsi olmadan heç bir kənddə, heç bir rayonda daşı daş üstünə qoymaq olmaz. Kənddə, rayonda nə qədər bina, ev tikilir. Bunu heç kəs görmür ki? Deməli, bunun tikintisinə şərait yaradılır. Bu şərait də elə-belə yaradılmır ki? Burada icra strukturlarına müəyyən məbləğlər ödəyirlər. Bu da azmış kimi, sonra vətəndaş onu sənədləşdirə bilmir. Sənədləşdirəndə də süründürməçilik, rüşvət istəmə və digər problemlər başlayır. Bu gün bunların hamısı özbaşına, qanunsuz tikinti adlanır. Yaxşı, onların gələcəkdə taleyi nə olacaq? Bunların tikdikləri bu mənzillər sənədləşdirilməlidir. Bu adamların sayı minlərcədir. Mən düşünürəm ki, biz ilk növbədə bu suala cavab tapmalı olacağıq.
İkinci vacib tələb ondan ibarətdir ki, bu proses davam edir. Burada məmurların, icra strukturlarının məsuliyyətinin artırılması məsələsindən söhbət gedir. Biz 300 manatdan 600 manatadək cərimə qoyuruq. 300 manatdan 600 manatadək cərimə nəyi dəyişəcək ki? İnsan bina tikir, onunla nəyin qarşısını ala biləcəyik. Mən düşünürəm ki, elə ciddi bir məsələnin qarşısını ala bilməyəcəyik. Ən vacib məsələlərdən biri icra strukturlarının bu məsələdə məsuliyyətinin artırılmasıdır.
Sonra, cərimələrin miqdarının artmasının tərəfdarıyam. Amma burada, elə bil ki, bir standart var: fiziki şəxslər 300 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 3000 manatadək. Yəni qanunsuz bina tikənlə qurğu tikənin ödədiyi cərimə mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə pozuntularla eynidir. Yəni bunların fərqi yoxdur. Özbaşına bina və qurğu tikənlə, qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmış layihə olmadan və ya qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxmaqla bağ evləri tikənlərin fərqi yoxdur. Yəni hamısı üçün eynidir: fiziki şəxs 300 manatdan 600 manata, vəzifəli şəxs 1500 manatdan 3000 manata, hüquqi şəxs isə 15000 manatdan 30000 manatadək cərimə ödəməlidir.
Mənə elə gəlir ki, bunlar mahiyyətinə görə çox fərqli işlərdir. Qanunsuz bina və qurğuların tikilməsi, tikilinin funksional təyinatının dəyişdirilməsi və yaxud bağ evinin razılaşdırılmış layihə olmadan və yaxud normalardan çıxmaqla tikilməsi çox fərqli şeylərdir. Mən düşünürəm ki, biz bu məsələlərə bir daha baxmalıyıq və mahiyyəti daha ağır olan məsələlərə daha ciddi cərimələr təyin eləməliyik.
Təbii ki, mən bu cərimələrin artmasının tərəfdarıyam, amma düşünürəm ki, biz bu cərimələrlə prosesin qarşısını ala bilməyəcəyik. Məsələn, mən millət vəkili seçildiyim rayonda da kifayət qədər mənzillər var ki, sənədsizdir. Bu ailələrin sonu nə olacaq? Kimsə bir gün gəlib deyir ki, bunu sökəcəyik, neyləyəcəyik. Mən düşünürəm ki, biz bu problemin də həllini tapmalıyıq. Elə bir rıçaq tapmalıyıq ki, bundan sonra özbaşına tikilən tikililərin qarşısını almaq mümkün olsun. Sağ olun.
Sədrlik edən. Hüseynbala müəllim, sualınız vardı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mikrofon verin.
H. Mirələmov. Hörmətli Əli müəllim burada belə bir ifadə işlətdi: hüquqi şəxslər, fiziki şəxslər, bir də vəzifəli şəxslər. Mən hesab edirəm ki, ədəbiyyatda da, hüquqi terminlərdə də fiziki şəxslər, bir də, hüquqi şəxslər var. Bu vəzifəli şəxslər nədir, mən bunu başa düşmürəm. Fiziki şəxs, hüquqi şəxs terminləri var. Bu, törəmə termindir.
Sədrlik edən. Hüseynbala müəllim, bu, törəmə termin deyil. İzahat verərik, problem deyil. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən Əli müəllimin verdiyi izahatla razıyam ki, bunlar texniki xarakterli dəyişikliklərdir. Amma bir şeyə diqqət yetirmək istəyirəm. Məndən öncə çıxış edənlər də qeyd elədilər, miqdarların artırılması problemin həlli yolu deyil axı. Siz təsəvvür edin ki, Bakı şəhərində köhnə sovet dövründən qalan 5–9 mərtəbəli binaların böyük əksəriyyətində içəri hissədə balkonlar artırılıb. Bu bir inzibati xəta deyil ki, bir şəxsin xuliqanlıq etməsinə görə cərimə kəsilsin və konkret əmələ görə yekunlaşsın. Mən başa düşə bilmirəm, yazılır ki, qanunsuz tikiliyə görə, yaxud da mövcud tikililərin funksional təyinatını dəyişdirməklə. 10 il öncə artırıb. Hər il buna cərimə kəsəcəksiniz? Ya bu sökülməlidir, ya da bunun qeydiyyat məsələsi həll olunmalıdır. Onsuz da ölkədə qanuni tikililəri sökürlər, pulunu vermirlər.
Burada qeyd olundu, indi qanunsuz artırmaları ona görə qeydiyyatdan keçirə bilmirlər ki, icra hakimiyyəti orqanlarına pul verib tikiblər. Amma müvafiq orqanlarda onun qeydiyyatı tikilişindən qat-qat baha başa gəlir. Ona görə də bunu sadələşdirmək lazımdır. Heç olmasa, qəbul elədiyimiz sanksiyada artımlardan öncə bir arayış sistemi müəyyən olunsun və mövcud vəziyyətə qədər bu cür tikililərə güzəşt alınsın. Hər kəs öz həyətində torpağı, evi özəlləşdirib. Sonra evin yanında əlavə bir tikili tikib, onu qeydiyyatdan keçirə bilmir, çünki o tikilinin qiyməti elə baha gəlir ki, vətəndaş bunu edə bilmir. Bu baxımdan da sanksiyaların, məbləğin artırılması vəziyyətdən çıxış yolu deyil. Bunların qeydiyyat problemini həll etmək lazımdır. Həm də bu, ikimərhələli həll oluna bilər.
Mən təklif edərdim ki, birinci, qanuni əsası, mülkiyyət vəsiqəsi olan evlərdə bu cür funksional dəyişiklik olarsa, yaxud tikili olarsa, birinci növbədə bunların qeydiyyatının rüşvət mexanizmi olmadan həlledilmə yolu tapılmalıdır. İkinci, qeydiyyatı olmayan yerlərin də ən azı vətəndaşın marağına zərbə vurmadan həlli yolu tapılmalıdır. Yoxsa, cərimələri bu cür artırmanın heç bir mənası yoxdur. Mənim bir yerdə artırmam varsa və bu il cəriməni ödədimsə, gələn il deyəcəklər ki, yenə ödəməlisiniz. Ömür boyu biz pul ödəməliyik?
İkinci məsələyə münasibət bildirirəm. Burada Cinayət-Prosessual Məcəlləsinə də dəyişiklik nəzərdə tutulur. Əli müəllim bildirdi ki, tərcümə ilə bağlı müəyyən problemlər var, məncə, əvvəlki variantda daha fərqli bir dəyişiklik etmək doğru olardı. Məsələn, yazılır ki, müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və ya vaxtında aparmağa borcludur. Qanuni aparmağa borclu deyil, qanuni aparmırsa, məsuliyyət daşıyır.
“Vaxtında aparmağa borcludur”. Bunun ikisini ayırmaq lazımdır, çünki vaxt elədir ki, əlavə problemlər çıxa bilər, müstəntiq onu vaxtında tamamlamaya bilər. “Borclu” sözünün onun üzərinə qoyulması vacibdir. Amma “qanuni aparmağa borcludur” məsələsinin xatırlanması, məncə, bir az məntiqsiz çıxır. Hesab edirəm ki, burada “qanuni aparmağa məsuliyyət daşıyır” sözləri saxlanılsa, “vaxtında aparmağa borcludur” sözləri isə xatırlansa, daha məqsədəuyğun olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Adil Əliyev.
A. Əliyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Axır ki, bu qanun layihəsi bizim müzakirəmizə çıxarıldı. Doğrudan da, bu qanun layihəsinin çox böyük önəmi var. Yəni yaşadığımız bugünkü həyatda bu qanun layihəsinə çox böyük ehtiyacımız var idi. Bilirsiniz ki, bu günlərdə bununla bağlı çox önəmli müzakirələr aparılır. Mən burada bir xırda məqama toxunmaq istəyirəm. Hüseynbala müəllim vəzifəli şəxslərlə bağlı düzgün qeyd etdi. Yəni bu vəzifəli şəxslərin məsuliyyəti nə qədərdir? Nə fiziki şəxslərin, nə də hüquqi şəxslərin heç birinin ixtiyarı yoxdur ki, icra hakimiyyəti strukturunda çalışan məsuliyyətli şəxslərin razılığı olmadan hər hansı bir qanunsuz tikinti işi aparsın. Ona görə də bu gün bu qanunsuz tikililərlə bağlı görülən işlərin məsuliyyətinin birbaşa icra hakimiyyəti strukturlarında çalışan əməkdaşların boynunda qalması daha məqsədəuyğun olardı. Çünki mən bu çıxışımı mənə olan müraciətlərin sayının həddindən artıq çox olması ilə bağlı edirəm.
Nərimanov rayonunda qanunsuz tikililərin sayı artır və bunların sayının azalması hələlik görünmür. Bu məsuliyyət kimin boynunda qalır? Kim bunlara görə məsuliyyət daşıyır? Bunu heç kim deyə bilməz. Ona görə də burada vəzifəli şəxslərin məsuliyyətinin açıq-aşkar yazılmasına böyük ehtiyac var. Təklif edirəm ki, vəzifəli şəxslərin adı və məsuliyyəti burada açıq-aşkar görünsün. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Əkrəm Əylisli.
Ə. Əylisli. Bu tikintidə qanunsuzluq, hərc-mərclik, rüşvətxorluq o qədər baş alıb gedir ki, artıq bunu qanunla da tənzimləmək çətin olacaq. Şəhərdə kim nə istəyir, edir. Məsələn, bizim ev hökumət evindən cəmi 100 metr aralıdır. Bu evin 1-ci mərtəbəsində restoran açıblar, iy bütün ətrafı bürüyür. Zibilini tökürlər həyətə, 100 metrdən iylənir. Həmin binanın yanında, “keçmiş dəyirman”ın üstündə bir kondisioner sistemi qoyublar ki, o qoşulanda binada pəncərələr tərpənir. Bütün bina onun səsindən yata bilmir. Buna məsuliyyət daşıyan insanların isə biz artıq ünvanlarını tapa bilmirik. Bunlar o qədər çoxalıb, ciblərini o qədər doldurublar ki, daha onlarla qanun dilində danışmaq çox çətindir. Mən də bu fikirdəyəm ki, şəhərimizin tikinti məsələsində qanunsuzluq, özbaşınalıq baş alıb gedir. Məsələn, binalar təmizlənir. Bu çox gözəldir. Amma şəhər insanlara yaşamaq, nəfəs almaq üçündür. Öz evindəki kimi hiss etməsi üçündür. Şəhərə çıxırsan və deyirsən ki, görəsən, bizim şəhər niyə bu günə düşür?
Mən bunu məsuliyyət hiss edərək deyirəm, şəhərimiz o qədər ağırlaşıb ki, 10 ildən sonra bu şəhərdə yaşayacaq insanların taleyinə indidən ağlamağım gəlir. Buna görə də mən elə bilirəm ki, bu qanunda sərtlik olmalıdır. Bu qanunu pozanlara qarşı görülən tədbirlər konkret, dəqiq və təsirli olmalıdır, kağız üzərində qalmamalıdır. Bu bizim hər birimizə aiddir və hər birimizin həyatımıza daxil olan bir şeydir. Ona görə də bu məsələdə qanuni yolla sərt olmaq və bəlkə də əlavə tədbirlərə əl atmaq lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Müzakirəmizə təqdim edilmiş qanun layihəsi, əlbəttə, vacibdir. Belə bir qanun layihəsini, mənə elə gəlir ki, daha əvvəl qəbul etməli idik. Xeyli gecikmişik. Bunun da, təbii ki, acı nəticələrini hər addımda Bakının istənilən küçəsində görə bilərik və bu faktla rastlaşırıq. Lakin siz mənimlə razılaşın ki, istər Bakı şəhərində, istərsə də digər şəhərlərdə və rayonlarda icazə olmadan bir daşı ikinci daş üstə qoymaq mümkün deyil.
Biz düşünməliyik ki, necə edək, şəhərin görkəmini pozan, bu və ya digər problemlər yaradan, kommunikasiyaların üstündən keçən tikililərin icazəsinə imkan verilməsin. Burada, əlbəttə, vəzifəli şəxslər, səlahiyyətli insanlar məsuliyyət daşımalıdırlar və bu, hökmən qanunvericilikdə təsbit olunmalıdır. Siz mənimlə razılaşın ki, Bakının ətrafında bələdiyyələrin vermiş olduğu arayış və müəyyən dərəcədə burada söylənildi, kimisə görmək, rüşvət vermək əsasında nə qədər gecəqondular tikilibdir. Kommunikasiyaların üstündə, neft mədənlərinin içərisində, qaz kəmərlərinin yaxınlığında, ən yüksək elektrik naqillərinin altında, dəmir yollarının yanında belə tikililər var. Sadəcə olaraq, Bakıdan çıxan bir qatara fikir vermək lazımdır, dəmir yolu ilə o tikililərin arasında heç 3 metr məsafə yoxdur. Yaxşı, bunu məgər icazə verilmədən tikmək olar? Məni bağışlayın, adam ölüsünü qəbiristanlıqda icazəsiz basdıra bilmir. Necə olur ki, bu, 1–2 mərtəbəli bina tikir, lakin bu, icazəsizdir? Ona görə də bu, qanunvericilikdə öz əksini tapmalıdır. Mən də komissiyanın üzvü kimi bunu dəstəkləyirəm.
Mənə elə gəlir ki, bunu doğuran fundamental səbəbləri aradan qaldırmaq lazımdır. Nə qədər bu səbəblər aradan qaldırılmayıb, bu problemlər olacaq. Buna görə də biz tikinti ilə, şəhərsalma ilə bağlı qanunvericilikdə çox ciddi dəyişikliklər etməliyik. Bütün məsuliyyəti, məni bağışlayın, heç bir günahı olmayan, başının üstündə bir bina, çətir olmasına ehtiyacı olan insanların üzərinə atmalı deyilik. Lakin elə də etməliyik ki, onun tikintisi problemlər yaratmasın. Sadələşdirilsin, rüşvətxorluğun qarşısı alınsın. Vətəndaş özünün təklifini versin, bir ay müddətinə baxılsın. Bu, Qazaxıstanda bir ay müddətində verilir. Xüsusi komissiyada baxılır, ekspertizadan keçirilir, icazə verilirsə, verilir, verilmirsə, verilmir. Hətta onun qapılarda durmasına ehtiyac da yoxdur. Azərbaycan bütün sahələrdə böyük uğurlar qazanıb. Mən düşünürəm ki, bu sahədə də qayda-qanun yaradılmasına, qanunvericilik bazamızın gücləndirilməsinə çox böyük ehtiyac var. Bu haqda düşünməliyik.
Sonda mən bir fikrimi də demək istəyirəm. Hər halda hər bir hörmətli millət vəkilinin fikrinə hörmətlə yanaşıram. Mən 20 ildir ki, Nərimanov rayonunda yaşayıram. Bu rayon Bakının ən nümunəvi rayonlarından biridir, çünki mən orada anarxiya görmürəm. Bunu da qeyd etməyi vacib bildim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Mən də qanun layihəsinə səs verəcəyəm, vacibdir, zəruridir. Çünki burada göstərilən müddəaların özü ilə yanaşı, biz yaxın vaxtlarda mənzil məcəlləsi qəbul edəcəyik. Ümumiyyətlə, Bakının baş planı ilə, tikinti ilə əlaqədar qanun layihələrimiz var və biz bu qanun layihələrini qəbul edəcəyik. Bunun əsasında da əgər hər hansı bir qanunsuz hallar baş verəcəksə, qarşısı alınacaqdır.
Amma bir çox çıxışlardan belə başa düşdük ki, guya Bakı şəhərində və ümumiyyətlə, Azərbaycanda heç bir iş görülmür, heç bir gözəllik yoxdur. Elə hər yanda restoran, nə bilim, nələr tikilir. Bir 10 il bundan qabaqkı Bakıya və indiki Bakıya baxın. Yerlə göy qədər fərqlənir. Prezidentimizin sərəncamı ilə nə qədər işlər görülür. Yadınızdadırsa, hər bir küçədə “budka”lar düzülmüşdü. Mənim yadıma gəlir, Hacıbala müəllim mer təyin olunanda o “budka”ların yığışdırılması üçün böyük mübarizə apardı və şəhərin abadlaşdırılması ilə məşğul olmağa başladı. Axşam yatırdın, səhər durub görürdün ki, nə isə tikiblər.
Bugünkü şəhərlə 15 il bundan qabaqkı şəhəri müqayisə etmək olmaz. Şəhər, doğrudan da, gözəlləşir. Tikinti getməlidir. Birinin xoşuna gəlir, birinin xoşuna gəlmir. Siçan yuvalarında yaşayaq, o evləri saxlayaq və deyək ki, burada yaşamalıyıq? Yox. Təbii ki, bu, plana və qanunun tələblərinə uyğun şəkildə getməlidir. Başda Prezidentimiz olmaqla bu gün meriyanın apardığı işlər təqdirəlayiqdir. Binalar yenidən qurulur. Fövqəladə Hallar Nazirliyi tərəfindən bütün binalar yoxlanılır. Vətəndaşlarımız üçün təhlükə varsa, bina yenidən bərpa və təmir olunur. İnsanların təhlükəsiz yaşaması üçün işlər aparılır. Bəli, qanunsuz hallar var, amma biz bu qanunu ona görə qəbul edirik ki, onlar aradan qalxsın və bu məsələ öz həllini qanunvericiliyin tələblərinə uyğun tapsın. Cərimə olunsun, məsuliyyətə cəlb olunsun və sair. Bunu bu şəkildə ortaya qoymaq, mən hesab edirəm ki, düzgün deyil.
Bir məsələyə toxunmaq istəyirəm. Hörmətli Fəzail müəllim də bu məsələyə toxundu. Nərimanov rayonu ilə bağlı hörmətli Adil müəllim fikirlərini dedi. Mən tamamilə bu fikirlərin əleyhinəyəm. Biz yaxın vaxtlarda orada bir neçə böyük parkın açılışında iştirak etmişik. Böyük vətən müharibəsi iştirakçıları ilə bağlı tədbirlər keçirilib, 2 mindən artıq qəbir bərpa olunub. Mixail Zabelin və bütün MDB ölkələrinin səfirləri ilə birgə o tədbirlərdə iştirak etmişik. 4 yeni yol salınıbdır. Mən deyim ki, bunlar çox yaxşı yollardır. Yeni məktəblər, bağçalar salınıb və bərpa olunubdur. Bu işlər qısa müddət ərzində görülübdür. İqtisad Universitetinin binası tikilibdir. Bu proses bu gün də davam edir. İndi kimsə burada qanunsuz gəlib nə isə tikibsə, bunu bütövlükdə rayonun adına yazmaq olmaz. Mən deyərdim ki, kaş digər rayonlarımız da elə bu rayon kimi işləyəydi. Mən deputat həmkarlarımdan xahiş edirəm ki, bu qanun layihəsinə səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli deputat həmkarlarım, nahar fasiləmizə 8 dəqiqə vaxt qalır, amma 4 nəfər yazılıb. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Hikmət müəllim.
H. Atayev. Təşəkkür edirəm, Ziyafət müəllim. Qanunsuz tikililər haqqında fikirlərimi qısa deyəcəyəm. Mən elə bilirəm ki, qanunsuz tikililər əgər kommunikasiyalara, şəhər quruculuğuna ziddirsə, sökülməlidir. Bayaq burada cərimələrdən danışıldı. Belə bir fikir səsləndi ki, bu hər il verilməlidirmi? Mən hesab edirəm ki, cərimə o qanunsuz tikili sökülənə qədər hər il verilməlidir. Belə olmasa, bu gün hər hansı bir yolla tikilən tikiliyə sabah cəriməni verərək qanuni əsas tapmaq olar. Belə olduğu halda isə hərə istədiyini tikə bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Pənah Hüseyn.
P. Hüseyn. Qanunsuz tikililər barədə çıxışlar oldu və dedilər ki, Bakı şəhərində dəyişikliklər var, şəhər gözəlləşib. Əlbəttə ki, var. Heç kəs bunları inkar etmək fikrində deyildir. Amma burada Əkrəm müəllimin çıxışı oldu və həqiqətən, bir neçə ildən sonra Bakıda, hamımızın yaşadığımız bu ocaqda bu cür tikintilər ucbatından həyat üçün necə dözülməz bir vəziyyət olacaq, onu biz təsəvvür edək.
Burada Siyavuş müəllim çıxış edir. Kim deyir ki, köhnə binalar sökülüb, yeniləri tikilməsin? Hər şey qanuna, plana uyğun olacaqsa, mənə elə gəlir ki, heç kəs bunun əleyhinə deyil. Söhbət təkcə icazəli və icazəsizdən getmir. Şəhərsalmanın prinsiplərinə zidd olan, insanların sağlam mühitdə yaşamaq hüququnu pozan, canlı orqanizm üçün dözülməz mühit yaradan bir vəziyyətin aradan qaldırılmasından söhbət gedir.
İndi hamı Bakıdan danışır. Sabirabadda, Heydər Əliyev prospekti, 6-da şəhərin ən mərkəzində, dəmir yolu stansiyasının və avtovağzalın 5 metrliyində, ikimərtəbəli 16 mənzilli binanın qarşısında yox ha, – qarşısı deyiləndə, ola bilər, 2–3 metr, – düz yolun üstündə, bu binanın balkonlarına bitişik ikimərtəbəli mağaza tikilibdir. Şəhərin düz mərkəzində, İcra hakimiyyətinin düz yanında. Fəryad göyə çıxıb. Mənə müraciət ediblər, mən hələ bir şey edə bilməmişəm. Müraciət ediblər Prezidentin İcra Aparatına. Sorğuları, həqiqətən, Prezidentin İcra Aparatının saytına düşüb, amma onun da xeyri olmayıb. Mən icra hakiminin yanında olmuşam. Deyir ki, mənim sərəncamım yoxdur. Bələdiyyənin də tikintiyə icazə vermək hüququ yoxdur.
Deyirlər ki, guya bələdiyyənin kağızı var. Orada da yazıblar ki, 10 kvadratmetr yer abadlaşdırılsın. Bu çox ciddi bir rüşvətin üzərində qurulan bir məsələdir, bunu niyə gizlədirik? Burada söhbət nəhəng pullardan gedir. Siyavuş müəllim, təəssüf ki, məndən sonra danışır. Burada siyasi iradəyə ehtiyac var. Bir şəxsin özü şəxsən bu məsələyə qol qoymasa, prokurorluq, polis bu işin öhdəsindən gələ bilməz. Çünki burada o qədər nəhəng pullar rol oynayır ki, insan burada itib gedir. Siyavuş müəllim, Siz hakim partiyanın nümayəndəsi kimi hərdən burada yaxşı çıxışlar edirsiniz. Bu məsələni ört-basdır etmək, onun üstündən keçmək, həqiqətən, olmaz. Bu çox ciddi məsələdir. Bu məsələdə birinci şəxsin siyasi iradəsinə ehtiyac var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Elton müəllim, sualınız var?
E.Məmmədov. Təşəkkür edirəm. Mən hesab edirəm ki, çox hörmətli Əli müəllimin təqdim etdiyi əlavə və dəyişikliklər tərəfimizdən qəbul edilməlidir, buna şübhəmiz yoxdur. Hörmətli həmkarlarımın söylədiyi bu fikirlərin, mən hesab edirəm ki, təqdim olunan qanun layihəsinə aidiyyəti yoxdur. Nəyə görə? Mən hesab edirəm ki, qanunvericilik bazamızın zənginləşməsi, təkmil varianta gətirilməsi istiqamətində atdığımız addımlar gələcəkdə inşaat fəaliyyəti haqqında qanun layihəsi də tərkibinə daxil edilməklə tikinti məcəlləsinin qəbulu zamanı böyük əhəmiyyət kəsb edəcək. Bugünkü söhbətlərin məğzi də məhz həmin məcəllənin, həmin qanunun predmeti olacaq ki, inşaat fəaliyyəti haqqında qanun layihəsində biz öz fikirlərimizi deyəcəyik. Burada deyilənlər hər birimizi narahat edir və düşünürəm ki, bu həmin qanun layihələrində öz əksini tapacaqdır. O baxımdan hesab edirəm ki, təqdim olunan qanun layihəsini səsə qoyub qəbul etmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu qanun layihəsi ilə bağlı kifayət qədər fikirlər səsləndirildi. Bunun qəbul olunması vacibdir. Hesab edirəm, qanunun qəbul olunması azdır, onun icra olunması istiqamətində də çox ciddi addımlar atılmalı və icrasına nəzarət edilməlidir ki, Bakıda və digər yerlərdə qanunsuz tikililərə son qoyulsun.
Hörmətli Ziyafət müəllim, mən bu məsələni indi xatırlatmaq istəmirdim. Bu səhər mənim poçtuma Bakı Dövlət Tibb Universitetinin dosenti İbrahimov tərəfindən müraciət daxil olub. Mən yenə Məcid Kərimovun adını çəkəndə dostlarım nə isə deyəcəklər. Bilirsiniz, bu insanın qanunsuz əməlləri o qədərdir ki, hər tərəfdə özünü göstərir. Təsəvvür edin ki, müraciət edən dəfələrlə beynəlxalq konfrans və konqreslərdə iştirak eləmiş, Amerika Diabet Assosiasiyasının üzvü olmuş bir insanın oğludur. Atasından qalan bağı oğlanları arasında bölüb. Qardaşlar gediblər, bələdiyyə ilə razılaşıblar ki, bunu öz aralarında bölsünlər...
Sədrlik edən. Üzr istəyirəm. Bu, konkret bir haldır, müraciət eləyərsiniz, araşdırarıq. Xahiş edirəm, qanun layihəsi ilə bağlı danışın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yekunlaşdırın.
İ. İsrafil. Ziyafət müəllim, bu gün bu qanunu müzakirə eləyən İkram İsrafil bu qanunsuz əməlləri icra edirsə və buna göz yumulursa, heç kəs bunun öhdəsindən gələ bilmirsə, bu qanun kimin üçün qəbul olunub?
Sədrlik edən. Bu qanun da ona görə qəbul olunur ki, elə halların qarşısını alaq. Bəs bu qanunu nə üçün qəbul eləyirik? Elə o neqativ hallara qarşı yönəlib ki, qabağı alınsın. Nəhayət, hər bir məmur da, hər bir Azərbaycan vətəndaşı da başa düşməlidir ki, qardaş, biz qanunla yaşamağı öyrənməliyik. Biz hüquqi dövlət qururuq, məqsəd bundan ibarətdir. Mən demirəm ki, indi hər şey idealdır. Bəli, neqativ hallar var, buna qarşı da ciddi mübarizə aparılır. Amma hər şeyi gəlin, xahiş edirəm, qara eynəklə görməyək. İkram müəllim, Siz yekunlaşdırdınız?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yekunlaşdırın.
İ. İsrafil. Ziyafət müəllim, bu insan şəkilləri göndərib, onun bağına girən qapının qarşısında o, gözətçiləri üçün bina tikdirir. Bu insanın bağına girməyə yol yoxdursa, o nə eləməlidir? Mən bunu niyə deyirəm? Burada Pənah bəy deyir ki, bir neçə yerə müraciət eləmişik, hələ bir nəticəsi yoxdur. Müraciətin bir nəticəsi yoxdursa, bu insan nə etsin? Bu insanlar bizim vəzifəli şəxslərin, məmurların, bayaq hörmətli Əkrəm müəllimin dediyi kimi, cibini pulla dolduranların zülmünə, zillətinə məruz qalmalıdırlar? Təkcə qanunu qəbul etmək əhəmiyyət kəsb eləmir, onun icrasına nəzarəti həyata keçirmək lazımdır. Ona görə mən, Ziyafət müəllim, Sizdən xahiş eləyirəm, Azərbaycan vətəndaşlarının sağlamlığının keşiyində duran bu hörmətli insanların müraciətlərinə biganə qalmayaq. Mən rəhbərliyə də müraciət eləyəcəyəm ki, onlar, heç olmasa, haqq-ədalətli bir qərarla üz-üzə qalsınlar.
Sədrlik edən. Aydındır, aydındır. Sağ olun. Əhəd müəllim, buyurun.
Ə. Abıyev. Deyilənlərdə böyük həqiqət var, amma mən bu yoldaşların çıxışından sonra özümə borc bildim ki, bir məsələni burada deyim.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, sizlərə üzümü tutub demək istəyirəm ki, mənim seçildiyim Masallı rayonunda bir park var. Əvvəllər bu istirahət parkına “komsomol parkı” deyirdilər. Bu gün Heydər Əliyevin adını daşıyan bu park əhalinin ən çox sevdiyi istirahət yerlərindən biridir. Çox hündür çinar və şam ağacları ilə əhatə olunmuş bu gözəl parka qonşu rayonların əhalisi də istirahətə gəlirdi.
Bu gün Heydər Əliyevin adına olan parkı iki yerə bölüblər, bir tərəfini satış-ticarət məqsədi üçün hasarlayıblar. Özü də kənardan gələn adamlara veriblər. Çox maraqlı bir faktdır. Yəni biz bu gün qanunsuz tikililərdən danışırıqsa, həm də deməliyik ki, qanuna müvafiq yerlərdə, Azərbaycan Respublikasının regionlarında Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramına uyğun tikinti-abadlıq işləri aparılır. Kənd təsərrüfatı rayonu kimi tanınan Masallıda bəzi dövlət məmurları açıq-aşkar, heç nədən də çəkinmədən qanunazidd hərəkətlərə yol verirlər. Mənim dediyim faktlar düzdür. Çox sözlər deyə bilərəm, amma vaxtın məhdudluğunu nəzərə alıram. Mən çox heyfsilənirəm, yüksək səviyyəli istirahət yeri olan o parkın ortasından başqa məqsədlər üçün hasar çəkilib. O parkın ərazisi bərpa olunmalıdır. Mən Prezidentin İcra Aparatından da, Milli Məclisin rəhbərliyindən də çox xahiş eləyirəm, Heydər Əliyevin adına olan o parkı yenidən əvvəlki vəziyyətinə qaytarsınlar. Sağ olun.
Sədrlik edən. Çox təşəkkür edirəm, sağ olun. Əli müəllimə şərait yaradaq, məsələlərə münasibət bildirsin. Əli müəllim, xahis edirəm, qısaca olaraq fikrinizi bildirin.
Ə. Hüseynov. Baş üstə, Ziyafət müəllim. Mən, əslində, Ziyafət müəllim, ünvanlanmış hüquqi suallara cavab verəcəyəm, çünki iqtidardan olan həmkarlarımın bir neçəsi tamamilə düzgün qeyd elədi, bu məsələlər, bu problemlər, əlbəttə ki, tikinti məcəlləsi, Şəhərsalmanın əsasları haqqında yeni qanunun qəbulu ilə bağlıdır. Artıq biz vərdiş eləmişik, bəzən hansısa bir qanuna edilən kiçik bir düzəliş bu məsələni yox, problemlərin müzakirəsinə gətirib çıxarır. Elmira xanımın iki sualı oldu. Birinci sual 194-cü maddənin ikinci bəndi, yəni mövcud tikililərin funksional təyinatı dəyişiləndə yenidən icazə alınması məsələsi ilə bağlı idi. Biz hüquqşünaslardan ötrü burada problem yoxdur, çünki biz bilirik ki, birinci bənd onu ehtiva eləyir. Əlbəttə, bunun üçün də yenidən icazə almaq lazımdır. Amma biz bu barədə düşünərik. Yenə deyirəm, İnzibati Xətalar Məcəlləsinin formatında bu mövcuddur. Bu, ikinci bənddə göstərilən, o cümlədən bağ evlərinin tikilməsi qaydalarının pozulması ilə bağlı maddəyə də aiddir. Yəni birinci bənddə qeyd olunan icazə, əlbəttə ki, ikinci bəndi də əhatə eləyir.
İkinci, Elmira xanım çox maraqlı bir məsələni qaldırdı. Düzgün olaraq qeyd elədi ki, bağ təsərrüfatı haqqında qanun təqdim olunmuşdur, amma qəbul olunmadı. Bəs onda, ümumiyyətlə, bağ evləri anlayışı, bu bağ evlərinin tikilməsi məsələsinə nə olacaq? Əlbəttə, Elmira xanım, məsələni düzgün qaldırmısınız. Amma reallıq ondan ibarətdir ki, az sayda da olsa, bağ evləri mövcuddur. Baxmayaraq ki, əksər yerlər özəlləşdirilib və bu, şəxsi mülkiyyət mənası daşıyır. Amma reallıqda bu mövcuddur. Nə qədər ki mövcuddur, bu sahə tənzimlənməlidir. Soruşursunuz ki, hansı qanunvericiliyi nəzərdə tuturuq? Bağ təsərrüfatı haqqında qanun qəbul olunmasa da, normativ sənədlər, o cümlədən Nazirlər Kabinetinin qərarları mövcuddur. Qanunvericilik deyəndə, məhz onları nəzərdə tuturuq.
Fazil Mustafayev Cinayət-Prosessual Məcəlləsinə etdiyimiz dəyişikliklə bağlı bir hüquqi məsələni qaldırdı. Fazil müəllim, həqiqətən, bu, texniki məsələdir. Niyə? Çünki tərcümə səhvi idi. “Müstəntiq hərəkətlərin qanuni və vaxtında aparılmasına görə məsuliyyət daşıyır”. Əlbəttə, buna görə məsuliyyət daşımazlar. Bir variant var idi: aparılmamasına görə. Dediyiniz variantı müzakirə etmişdik. Amma məsələ bundadır ki, “Etik davranış qaydaları haqqında” Qanunda “borcludur” anlayışından istifadə etmişik. Məhz buna görə də burada “borcludur” ifadəsini qeyd etdik.
Bütövlükdə isə, Ziyafət müəllim, ümumi ton ondan ibarətdir ki, bu qanun qəbul olunmalıdır. Biz də başa düşürük ki, yalnız qanunun qəbulu problemləri həll etmir, onların tətbiqi vacibdir.
Qaldırılmış bir problem – kompensasiyaların verilməsi də vacibdir. Yadınızdadırsa, biz Mülki Məcəlləyə xüsusi olaraq bir dəyişiklik qeyd elədik. Mən hesab edirəm ki, verilməyən kompensasiyalar qanunsuz tikililərə aiddir. Amma qanuni tikililərə də verilən kompensasiyalarla bağlı mübahisələr var. Bunun da məhkəmə qaydasında həlli yolu var. Bu cür işlərə məhkəmələrdə baxılır. Yəni bunun hüquqi baxımdan mexanizmi mövcuddur. Ayrı-ayrı hallar olur ki, vətəndaşlar kompensasiyasının miqdarından və ümumiyyətlə, ödənilməməsindən narazı qalırlar. Ola bilər ki, vəzifəli şəxslər bəzən sui-istifadə hallarına yol verirlər. Yeri gəlmişkən, onu da deyim ki, 194 və 195-ci maddələrə etdiyimiz dəyişikliyin həm də yeniliyi ondan ibarətdir ki, əvvəlki formatda İnzibati Xətalar Məcəlləsində söhbət ancaq fiziki və vəzifəli şəxslərin məsuliyyətindən gedirdisə, bu gün artıq hüquqi şəxslər də bura əlavə olunmuşdur.
Yeri gəlmişkən, sonda hörmətli Hüseynbala müəllimin sualını cavablandırım. Bizim qanunvericilikdə, o cümlədən İnzibati Xətalar Məcəlləsində “vəzifəli şəxs” anlayışı verilib. Bunlar dövlət hakimiyyətinin nümayəndəsinin funksiyasını həyata keçirən, dövlət orqanlarında çalışan təşkilati və sərəncamverici hüquqa malik şəxslərdir. Onu da deyə bilərəm ki, millət vəkilləri də vəzifəli şəxslər sırasına aiddirlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Hörmətli millət vəkilləri, xahiş edirəm, yerlərinizi tutasınız.
Hörmətli deputatlar, bildiyiniz kimi, Konstitusiyanın 109-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq cənab Prezident tərəfindən Milli Məclisə məktub göndərilmişdir. Məktub sizin hamınıza paylanılıb.
Prezident seçkilərindən sonra hökumət yenidən formalaşdırılır, əvvəlcə Baş nazir təyin olunur. Konstitusiyanın 95-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq Prezidentin təqdimatına əsasən Milli Məclis Baş nazirin təyin olunmasına razılıq verməlidir.
Mən sizə hörmətli Artur Rasizadəni təqdim etmək istəmirəm, siz hamınız onu məndən yaxşı tanıyırsınız. Mənim tərifləməyimə də ehtiyac yoxdur. (Alqışlar.) Artur müəllim, məni də danışmağa qoymadılar.
İndi də xahiş edirəm, əl çalmağı səs verməklə əvəz edək. Əvvəlcə məsələni gündəliyə salırıq. O qədər əl çaldınız ki, məni də çaşdırdınız. İmkan vermədiniz ki, müzakirə edək. Məsələnin gündəliyə əlavə edilməsinə səs veririk.

Səsvermənin nəticələri  (saat 16.09 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik qəbul olundu.
Xahiş edirəm, əl çalmaqla yox, səs verməklə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.10 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi

Çox sağ olun. (Alqışlar.)
İcazə verin, hamımızın adından bir daha Artur Rasizadəni təbrik edək, ona işlərində müvəffəqiyyət, ölkəmizin iqtisadi inkişafı naminə can sağlığı arzulayaq! Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Hörmətli deputatlar, iclasımız davam edir. Bizim gündəliyimizin növbəti məsələsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Sağ olun, hörmətli Ziyafət müəllim. Bilirsiniz ki, biz yaz sessiyasında Seçki Məcəlləsinə müəyyən əlavələr və dəyişikliklər qəbul etdik. Bu əlavə və dəyişikliklərin mahiyyəti məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə əlaqədar məsələnin həlli ilə bağlı idi. Həmin məsələ həllini tapdı. Bu məsələ Mülki-Prosessual Məcəllədə də öz əksini tapmalıdır. Məhz Mülki-Prosessual Məcəlləyə uyğun olaraq məhkəmələrin fəaliyyəti tənzimlənir. Ona görə təklif olunur ki, 34-cü və 209-cu maddələr yeni variantda verilsin. Beləliklə, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, yerli iqtisad məhkəmələri tərəfindən baxılır. Bu mövcuddur, dəyişən deyil. Dəyişən isə odur ki, seçki hüquqlarının müdafiəsi haqqında işlərə apellyasiya məhkəmələri tərəfindən baxılmalıdır. Yəni Seçki Məcəlləsində baxdığımız bu müddəanın tətbiq olunması üçün Mülki-Prosessual Məcəlləyə köçürülür. Ona görə millət vəkillərindən bu texniki düzəlişə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Müzakirəyə başlayırıq. Sabir Rüstəmxanlı, buyurun.
S. Rüstəmxanlı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mənim bu məsələ ilə bağlı sözüm yoxdur, amma bir neçə dəqiqə bundan əvvəl baş vermiş hadisə ilə bağlı iki-üç kəlmə söz deməyə şərait yaratmağınızı xahiş edirəm.
Sədrlik edən. Sabir müəllim, çox xahiş edirəm, məsələnin mahiyyəti üzrə danışın. Məsələ bitdi, qurtardı. Cənab Sədr müraciət etdi ki, kim çıxış etmək istəyir. Söz alıb danışaydınız. Məsələ artıq səsə qoyulub.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sabir müəllim, biz məsələyə ciddi yanaşırıq. Camaatın da münasibətini gördünüz, Artur Rasizadəni də hamı gözəl tanıyır. Beş il və ondan əvvəl də Baş nazir olub. Çox ləyaqətlə, namusla işləyir, xalqına, dövlətinə xidmət edir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.14 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Komissiya sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Artıq Siz dediyiniz kimi, təqdim olunmuş qanun layihəsi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun tətbiqindən irəli gəlir. Həmin Qanunun müddəaları Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində öz əksini tapır. Mahiyyət isə ondan ibarətdir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda bu, cinayət məsuliyyəti və ya inzibati məsuliyyət yaradarsa, həmin əmlakın müsadirəsi məsələsi qoyulur. Ona görə də Cinayət Məcəlləsinin mövcud maddəsində, yəni 165-ci maddədə müəlliflik hüququ və əlaqəli hüquqları pozma qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən və mütəşəkkil dəstə tərəfindən həyata keçirilirsə, burada artıq tövsiedici tərkib yaranır və buna görə də əmlakın müsadirə olunması da nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsi də təxminən buna oxşardır, amma burada inzibati məsuliyyətdən söhbət gedir, müəlliflik hüququnu və əlaqəli hüquqları pozmalara görə ziyan vurulduqda cərimə nəzərdə tutulur, amma əlavə olunur ki, pirat nüsxələrin surətinin çıxarılması üçün istifadə olunan materiallar və avadanlıqlar müsadirə edilsin. Bir daha vurğulamaq istəyirəm ki, bu əlavələr “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda öz əksini tapmış müddəalardır və onlar Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə köçürülür. Bu, Qanunun tələbi idi və biz də bunu icra edirik. Ona görə hesab edirəm ki, bu qanun layihəsinə səs verib qəbul etmək lazımdır.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Fuad Muradov, buyurun.
F. Muradov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən də təbriklərə qoşulur, Artur müəllimə uğurlar arzu edirəm. Qanunla bağlı bir neçə fikirlərim var və istəyirəm ki, onları hörmətli komissiya üzvləri ilə, həmçinin millət vəkilləri ilə bölüşüm. Təşəkkürümü bildirirəm ki, belə dəyişikliklər olunur.
Həqiqətən, son vaxtlar Azərbaycanın iqtisadi inkişafı ilə bağlı məsələlər gündəmdədir və biz çalışırıq ki, bütün qanunvericiliyi yüksək standartlara gətirib çıxaraq. Müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı bir neçə gün bundan öncə incəsənət və mədəniyyət işçiləri tərəfindən mənə müraciətlər olub. Bir neçə təklif var və onları burada səsləndirmək istəyirəm. 50-ci maddə yeni variantda təklif olunur: “pirat nüsxələr, həmçinin pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqlar müsadirə edilməklə on beş manatdan qırx manatadək miqdarda cərimə edilir”. Bu, müsbət haldır ki, biz bunu bura salmışıq.
Pirat nüsxənin nə olması burada göstərilib. Mən təklif edirəm ki, onun hər bir ədədinə görə cərimə tətbiq edilsin. Çünki kitablarla və digər məhsullarla bağlı hansısa bir pirat nüsxəni biz müsadirə ediriksə, onun hər birinə görə biz cərimə tutmalıyıq. O zaman bu cərimənin təsiri olacaq. Çünki belə ola bilər ki, 1000–2000 pirat nüsxəyə görə vur-tut qırx manat cərimə ödəyir və bunun əhəmiyyəti itir. Sabah həmin şəxs işini davam etdirir. Mən bilmirəm, yəqin, bu məsələ başqa bir qanunun predmetidir. Qiymətli kağızlarla bağlı qanunvericilikdə bu məsələ var. Amma bura da salmalıyıq ki, həmin nüsxələrə biz niyə pirat deyirik. Çünki onların üzərində həmin istehlakçının qalaqramı yoxdur. Mən hesab edirəm ki, qalaqramsız məhsul anlayışını verməklə bu Qanunu daha da gücləndirərik.
Nəyə görə bu məsələ çox ciddidir? Bu gün ölkədə gedən sosial-iqtisadi inkişaf ən çox orta və kiçik sahibkarlıqla bağlıdır. Amma bu kimi məsələlər orta və kiçik sahibkarlara böyük zərər vurur. Burada pirat nüsxələrlə bağlı dediyim təkliflər nəzərə alınsa, çox şad olardım. Məncə, gələcəkdə daha ciddi sanksiyalar tətbiq olunmalıdır. Mən xırdalığa getmək istəmirəm. Bəzi hallarda vəzifəli insanlar da bu işlərlə məşğul olur. Bu, mənfi haldır. Ona görə də çalışmalıyıq ki, burada konkret olaraq orta və kiçik sahibkarlığı müdafiə edək. Qırx manatdan başlamaq azdır, başa düşürəm, amma bu gün birinci addım kimi qəbul oluna bilər. Amma xahiş edirəm, gələcəkdə pirat məhsulun hər bir ədədinə görə cərimə tutulmasını əlavə edək. Üstəlik qalaqramsız məhsul anlayışını da bura salaq ki, gələcəkdə bu Qanun daha mükəmməl şəkildə işləyə bilsin. İnsanlar əziyyət çəkir, qalaqramlı müəlliflik hüququna malik olan məhsul istehsal edirlər, müəyyən işlər görürlər, amma son nəticədə gəlir görmürlər. Bu baxımdan bizim incəsənət adamları əziyyət çəkirlər.
Bütün Avropada, bütün dünyada müəlliflik hüququ ciddi bir məsələdir. Bizim torpaqlarımız qonşularımız tərəfindən işğal edilmişdir. Üstəlik mədəni irsimizə, incəsənət əsərlərimizə də sahib çıxmağa çalışırlar. Tez-tez bu məsələlər ortaya çıxır. Amma biz qanunvericiliyin mükəmməl şəkildə həyata keçirilməsinə nail olsaq, suallar aradan qalxar və biz hüquqlarımızı nəinki Azərbaycanda, hətta xaricdə də qoruya bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov, buyurun.
N. Cəfərov. Çox sağ olun. Mən də Fuad müəllimin dediyi ilə razıyam. Bizdə müəlliflik hüququ sahəsində qanunvericilik olduqca zəifdir, yəni əslində, yeni yaradılır. Ona görə də bu cür qanunların qəbul olunması, müəllifliyə hörmət olunması mühüm məsələdir. Siz təsəvvür edin ki, müəlliflər nəşriyyatlarla müqavilə bağlayırlar, müəyyən miqdarda pul ödəyirlər və onların əsərləri çıxır. Nəşriyyat onlara pul vermək əvəzinə müəllif pul verir. Üstəlik kitab alınırsa, müəllifin ödədiyi pulun miqdarında buraxılan tirajdan əlavə nəşriyyatlar onları yenidən nəşr edirlər. Bunlar pirat nüsxələr hesab olunmalıdır. İstər kitablar, istərsə də müxtəlif kasetlər sanki müəllifin ixtiyarında deyil.
Müəllifin yaratdığı onun ixtiyarında olmur. Əslində, biz müəllifi müdafiə edə bilmirik. Ən müxtəlif səviyyələrdə bu işlər var. Xüsusilə dərsliklər sahəsində bu problem var. Bir vaxtlar dərslikləri nisbətən keyfiyyətsiz şəkildə çap edirdilər və satırdılar. Çünki mümkün qədər ucuz başa gəlməli idi. Amma indi piratlığın özü də keyfiyyət həddinə çatıb. İndi bəzən normal nəşrdən daha keyfiyyətli nəşrlər edirlər. Ona görə ki, bazar üçün işləyirlər. Mən çox istərdim ki, bu sahədə bizim qanunvericilik axtarışlarımız davam etsin, çünki bu sahədə bizim işlərimizdə boşluq, problemlər həddindən artıq çoxdur. Yaradıcı şəxsiyyətə, yaradıcı insana hörmət olunmalıdır. Ona görə də mən layihəni alqışlayıram və çox dəyərli bir dəyişiklikdir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədədir. Regional məsələlər daimi komissiyasının üzvü Tahir Rzayev, buyurun.
T. Rzayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Müzakirənizə təqdim olunan Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi mövcud reallıqlardan irəli gəlir.
Ötən ilin oktyabr ayında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində aparılan dəyişikliyə görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə hüquqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsi ilə əldə edilə bilər. Dəyişikliklərin və əlavələrin edilməsində əsas məqsəd bələdiyyə torpaqlarının dəyər-dəyməzinə satılmasının və səmərəsiz istifadəsinin qarşısını almaq, bələdiyyələrin maliyyə vəziyyətini yaxşılaşdırmaq, bələdiyyə torpaqlarından yalnız bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, habelə fiziki və hüquqi şəxslərin icarəsinə verilməsini təmin etmək və bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqların kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə icarəyə verilməsinə nail olmaqdan ibarətdir. Odur ki, aşağıdakı qanunların müəyyən maddələrində əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur.
Birincisi, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin bəzi bəndlərində “müəyyən imtiyazlar hüququna malik olan hərbi qulluqçuların torpaq sahəsi ilə təmin olunmaq” sözləri “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq” sözləri ilə əvəz olunur və qanunla müəyyən olunmuş əvvəlki imtiyazlar öz qüvvəsində saxlanılır.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsində “fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə” sözləri “bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə” sözləri ilə əvəz olunur. Bundan sonra bələdiyyələrin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir.
“Torpaq islahatı haqqında” Qanunun 19-cu və “Torpaq bazarı haqqında” Qanunun 8-ci maddələrində aşağıdakı məzmunda əlavələr edilmişdir: “Bələdiyyələrin ərazisində daimi yaşayan və eyni zamanda, ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və müsabiqələri vasitəsi ilə əldə edilə bilər”.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinə aşağıdakı cümlə əlavə edilir: “Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər”. Həmçinin həmin maddənin 6-cı hissəsinə aşağıdakı məzmunda ikinci bir cümlə əlavə edilir: “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsi ilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir”. Həmin Qanunun 14-cü maddəsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: “Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır”.
14-cü maddənin 6-cı hissəsində nəzərdə tutulur ki, kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər.
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən maddələrinə də əlavə və dəyişikliklər edilmişdir. Belə ki, 9-cu maddədə bələdiyyə torpaqlarının və onların üzərində icarə hüquqlarının alğı-satqısı nəzərdə tutulur. Həmin maddənin 5-ci və 6-cı hissələri ilə bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədi ilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir:
bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə;
yaşına, xəstəliyə, stajlarına, ixtisaslarına, ailə vəziyyətinə görə hərbi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə;
müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;
müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda, ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.
Fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələrinə dair alğı-satqı aktı tərtib edilir.
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hərrac və müsabiqənin qalibi və satıcı (mülkiyyətçi və ya girov saxlayan) arasında müvafiq müqavilə bağlanılır. Həmin Qanunun 16-cı maddəsinin yeni redaksiyasında bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, həmçinin hərraca və müsabiqəyə çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50-ci maddəsinin 4-cü bəndinə aşağıdakı məzmunda 4.1-ci bənd əlavə edilmişdir: “Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyələrin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər”. Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinin üçüncü abzası aşağıdakı redaksiyada verilmişdir: “Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, həmçinin hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədi ilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir”.
Torpaq Məcəlləsinin 96-cı maddəsinin 3-cü bəndi də yeni redaksiyada təqdim olunur. Bu redaksiyada torpağın bazar qiymətinin formalaşmasının əsasları dəqiqləşdirilmişdir. Belə ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsi ilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci, 16-cı, 19-cu, 20-ci və 22-ci maddələrində müvafiq olaraq yuxarıda qeyd etdiyimiz əlavə və dəyişikliklər aparılmışdır. Bu Qanunun 19-cu maddəsinin 6-cı bəndində aparılan dəyişikliyi nəzərinizə çatdırmağı vacib bilirəm. Belə ki, hərraca çıxarılan bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda və kənd təsərrüfatına azyararlı və yararsız torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün icarəyə verildikdə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilir.
Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-II Q saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 1-ci, 3-cü, 4-cü, 5-ci , 7-ci, 10-cu, 14-cü, 16-cı, 17-ci, 18-ci, 19-cu, 21-ci, 23-cü, 24-cü, 25-ci maddələrinə bir sıra əlavə və dəyişikliklər edilmişdir. Onlardan bəzi xarakterik məqamları nəzərinizə çatdırmaq istərdim. Əsasnamənin 22-ci və 23-cü bəndləri yeni redaksiyada verilmişdir. Qeyd olunur ki, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata aldıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklüyünə) dair arayışla birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Torpaq sahəsinin qiyməti bazar məzənnələri nəzərə alınmaqla bələdiyyə tərəfindən müəyyən edilir.
Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü ərizəçiyə verir.
Bu qanunla Əsasnaməyə 25.1-ci bənd də əlavə edilmişdir. Belə ki, mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa ikinci dəfə həmin məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər.
Qanuna edilən əlavə və dəyişikliklər belə bir sual meydana çıxarır. Bəs əvvəllər bələdiyyələr tərəfindən hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaqların taleyi necə olacaq? Bu məsələlərə də təqdim olunan qanun layihəsinin IX və X fəsillərində aydınlıq gətirilmişdir. Belə ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşa edilmiş, həmçinin bu Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
X fəslə əsasən isə bu Qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər.
Hörmətli deputatlar, sizə təqdim olunan qanun layihəsində adları çəkilən qanunlara edilən əlavə və dəyişikliklər əhəmiyyətlidir. Mən onların daha xarakterik olanlarını və maraq doğuranlarını sizin nəzərinizə çatdırdım. Bu sənəddə xırda düzəlişlər çoxdur və onlar sizə təqdim olunan layihədə öz əksini tapmışdır. Buna görə də həmin əlavə və dəyişikliklər haqqında ətraflı danışmaq istəmirəm. Siz bu sənədlə yaxından tanışsınız və elə bilirəm ki, hamılıqla qanun layihəsinin qəbul olunmasına səs verəcəksiniz. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Müzakirələrə başlayırıq. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, doğrudan da, bu gün çox gözəl gündür. Gün başlanandan çox yaxşı qərarlar qəbul etmişik və bu gün də Azərbaycan Respublikasının Baş nazirinin təsdiq olunması üçün Milli Məclisin deputatları tərəfindən razılıq verildi. Mən də hamılıqla birlikdə Baş naziri təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Burada yerindən bir neçə nəfərin başqa fikir söyləməsinə baxmayaraq, hesab edirəm ki, bu gün Məclis də, hakimiyyət də, hökumət də hamısı bir nöqtəyə vurur. Kimin nə sualı olacaqsa, kimin nə isə fikri olacaqsa, bu fikirləri büdcə müzakirə olunanda söyləyə bilər.
Qanun layihəsi ilə bağlı qeyd edim ki, çox vacib və zəruri qanun layihəsidir, çoxdan gözlənilən bir məsələdir. Yəni torpağın alğı-satqısı məhz hərrac yolu ilə həyata keçirilməlidir. Bələdiyyə torpaqları ilə bağlı bu məsələ ortaya qoyulubdur. Bir neçə maddə var ki, hörmətli Tahir müəllim burada təqdim etdi. Mən bəzi fikirlərimi onunla əlaqədar söyləmək istəyirəm. Ümumilikdə bələdiyyələrlə bağlı mənim bəzi fikirlərim var.
Birinci növbədə, hörmətli Sədr, bilirsiniz ki, gələn il bələdiyyə seçkilərinə gedirik, növbəti il Azərbaycanda bələdiyyə seçkiləridir. Bələdiyyələr haqqında Milli Məclis həddindən artıq vacib qanunlar qəbul edibdir. Qanunvericilik toplusuna nəzər salsaq görərik ki, Milli Məclis tərəfindən bələdiyyələr qədər haqqında təlimatlar, qanunlar qəbul edilən başqa bir sahə yoxdur. Avropa Konvensiyasının tövsiyələri də nəzərə alınıb. Lakin praktika tamamilə başqa bir şeydir. Həyat təcrübəsi göstərir ki, bələdiyyələr haqqında biz yeni nə isə qəbul etməliyik. Bunun biri ondan ibarətdir ki, bu gün Azərbaycanda məntəqələrin sayı bələdiyyələrin sayından çoxdur. Yəni Azərbaycanda 5 mindən artıq bələdiyyə var. Düzü, bu, demokratiyanın təntənəsidir. 3 adam yığışır və bələdiyyə seçir. Lakin bunun idarə olunmasının təkmilləşdirilməsi, formalaşdırılması baxımından hesab edirəm ki, biz müəyyən dəyişikliklər etməliyik və bu, bələdiyyə seçkilərinə qədər olmalıdır. Bununla bağlı qanunvericilik təqdim etməliyik.
Ədliyyə Nazirliyi tərəfindən çoxlu tövsiyə verilir və onların fəaliyyətinə müəyyən dərəcədə hüquqi yardım göstərilir. Çox gözəldir. Bələdiyyə assosiasiyaları yaranıbdır. Bu da çox yaxşıdır. Qərar vermişik ki, bələdiyyələr birləşə bilər, ümumi bələdiyyə yaradıla bilər. Amma bununla yanaşı, mən hesab edirəm ki, bələdiyyələr birləşməlidir. Tutalım, Bakı şəhərinin Yasamal rayonunda 1, Sabunçu rayonunda 6, Binəqədi rayonunda 4 bələdiyyə var. Yəni bunların hamısını ümumiləşdirmək olar. Rayonda qəsəbə də ola bilər, müəyyən qurum da ola bilər. Bunu ümumiləşdirmək lazımdır. Məsələn, kənd rayonudur. Tutalım, rayon mərkəzində bir bələdiyyə fəaliyyət göstərir, onun hər bir qəsəbəsində, kəndində bir bələdiyyə var. Bu da nəyə gətirib çıxarır? Torpaqların qeyri-qanuni verilməsinə, torpaqların paylanmasına. Kim necə istəyirsə, o cür də qərar qəbul edir.
İkinci bir ciddi məsələ. Türkiyənin və Avropanın bir çox ölkələrinin təcrübəsində var ki, bələdiyyə sədri də bələdiyyə üzvləri kimi seçilməlidir. Yəni rayonda bələdiyyə seçilirsə, həmin şəxs bələdiyyə sədrliyinə də namizədliyini irəli sürməlidir. İnsanlar götür-qoy etməlidir. Bu adam işləyir, yoxsa işləmir. İşləyirsə, seçilsin. Bələdiyyə üzvləri arasından bir nəfər sədr seçirlər. 3 gündən sonra qalmaqal düşür. 5 nəfər bir qruplaşır. 7 nəfər bir qruplaşır və bələdiyyə sədrinə qarşı mübarizə aparmağa başlayırlar. Deyirlər ki, bizə şərait yaradın ki, torpaqların qanunsuz verilməsi ilə məşğul olaq. Yoxsa səni sədr kimi işləməyə qoymayacağıq. Həmin bələdiyyə sədri seçki yolu ilə seçilsə, artıq səlahiyyətli bir şəxs kimi normal 5 il müddətində əhalinin qaldırdığı problemlərin həll olunması üçün iş görə bilər. Ona görə də mən hesab edirəm ki, bu məsələyə biz gələcəkdə toxunmalıyıq. Yəni bələdiyyələrin həm birləşməsinə, həm də bələdiyyə sədrlərinin seçilməsinə baxmalıyıq.
Üçüncü bir problem. Doğrudan da, seçki vaxtı vətəndaşların bələdiyyə üzvlərinə səs verməsi böyük problemdir. Bir rayonda təxminən 100, 200 adam namizədliyini irəli sürür. Bizim də qanunvericiliyimiz tamamilə demokratikdir. Heç kəsə qadağa qoyulmur. Tutalım, iri rayonlarda bir nəfərin namizədliyini irəli sürməsi üçün 150 imza lazımdır. Bunu hər bir şəxs qonum-qonşusundan da yığa bilər. Hamı da namizədliyini verə bilər. Siyahıda 150-200 nəfərin adı olur. Bu 200 nəfərin adına baxırsan. İndi mən vətəndaşam, bələdiyyə üzvünü seçməyə gəlmişəm, 15 nəfərə səs verməliyəm. 15 nəfəri seçmək üçün mənə bir saat vaxt lazımdır ki, 150 nəfərin siyahısını oxuyum. Ona görə də burada hər halda yarım proporsional qaydada bir mexanizm icad etmək lazımdır.
Ümumilikdə bu qanun layihəsi vacibdir. Mən hesab edirəm ki, buna biz səs verməliyik. Mənim dediklərim gələcək üçün, perspektiv üçün lazımdır. Bu qanun layihəsində iki məsələ ilə bağlı fikrimi söyləmək istəyirəm. Göstərilir ki, mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa torpaq sahəsi 5 ildən sonra satıla bilər. Bu alğı-satqıdırsa, mən istəyirəm, pulum var, gedib alıram. Buna nə üçün beş il məhdudiyyət qoymaq olar? Əgər satılırsa, verilirsə, bu başqa məsələdir. Qanunda göstərilir ki, 5 ildən sonra satıla bilər. Mən torpaq sahəsi almaq istəyirəm. Hərraca çıxarılıbdır. Hərə bir qiymət təklif edir, mən hamıdan çox pul təklif edirəm və bunu hərrac yolu ilə alıram. Ona görə də buna niyə məhdudiyyət qoyulmalıdır? 5 ildən, yaxud 7 ildən sonra almalısan.
İkinci bir məsələ ondan ibarətdir ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən status Azərbaycan Respublikası vətəndaşına verilən statusdan üstündür. Bu ola bilməz. Əvvəlcə biz öz vətəndaşımızın qayğısına qalmalıyıq, sonra əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri fikirləşməliyik. Əcnəbilərə verilənlərə bir, Azərbaycan vətəndaşına başqa müddəa tətbiq edirik. Halbuki bələdiyyə, əsasən, vətəndaşların hüquqlarının müdafiəsi üçün lazım olan orqanlardan biridir. Ona görə də ümumilikdə müəyyən düzəlişlər olunacaq və mən bütün deputatları qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ümumiyyətlə, bu qanun layihəsini Azərbaycanda yerli özünüidarəetmədə ciddi bir hadisə kimi qiymətləndirirəm. Bunun təhlükəli nəticələrini indidən diqqətinizə çatdırmaq istəyirəm. Bu qanun layihəsini qəbul etməzdən əvvəl özünüidarəetmədə ciddi struktur dəyişiklikləri aparılmalı və ikihakimiyyətlilik məsələsi çözülməlidir ki, bundan sonra belə qanun qəbul edilsin və bunun bir faydası olsun.
Siyavuş müəllim məndən öncə çıxış edəndə qeyd etdi və ciddi təkliflər verdi. Nə qədər qanun qəbul olunsa da, bələdiyyələrin zəiflədilməsi istiqamətində addımlar atılır. Diqqət edirsinizsə, yerli icra hakimiyyətinin və bələdiyyənin rəyi nəzərə alınırdısa, bu qanunda artıq bələdiyyənin rəyi çıxarılır, yəni bu səlahiyyət yerli icra hakimiyyəti orqanına verilir.
Əslində, bu gün faktiki olaraq Azərbaycanda bələdiyyələrin yerli özünüidarə orqanı kimi fəaliyyətləri yoxdur. Bələdiyyələr tamamilə icra hakimiyyəti orqanlarından asılı vəziyyətdədir. Bu uzun müddət davam eləsə, bələdiyyələr tamamilə əhəmiyyətsiz quruma çevriləcəklər. Ancaq eksponat kimi xaricdən gələnlərə göstərmək üçün lazım olacaq ki, bizdə də yerli özünüidarə var. Siz diqqət edirsinizsə, bu yaxınlarda “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti yaradılanda bizim tərəfimizdən təəccüblə qarşılandı ki, bələdiyyənin funksiyasına aid olan məsələlər ayrıca bir şirkətə verilir. Bunun səmərəli olub-olmaması da hələ mübahisəlidir. Mən hesab edirəm ki, əksinə, bu qanundan öncə birinci növbədə Bakı şəhər böyük bələdiyyəsinin yaradılması haqqında fikirləşməliyik, addım atmalıyıq. İkincisi bələdiyyə sədrinin seçilməsi məsələsi olmalıdır. Bələdiyyə üzvlərinin proporsional əsasda seçilməsi məsələsi qoyulmalıdır ki, deyilən dolaşıqlıqlar baş verməsin. Yüz adam eyni yerə namizədliyini verməsin.
Bu qanunun hansısa bir səmərə verəcəyini gözləmək çətindir. Burada bəzi ziddiyyətlərə toxunmaq istəyirəm. Diqqət edirsinizsə, “Torpaq islahatı haqqında” Qanunda torpağın ancaq mülkiyyətə verilməsindən söhbət gedir. Amma digər qanunlarda mülkiyyətə və icarəyə verilmədən söhbət gedir. Bu ciddi bir anlaşılmazlıqdır. İkincisi, mülkiyyətlə icarə arasında bərabərlik işarəsi qoyulur. Bir çox hallarda mülkiyyətdən sonra vergül qoyulur, “icarə” yazılır, sanki bunlar eyni anlayışlardır. Bunları bir-birinə qatmaq doğru deyil, ayrı-ayrı kateqoriyadan olan məfhumlardır.
Üçüncüsü, hərracla müsabiqənin eyniləşdirilməsini anlamaq olmur. Hansı halda hərrac, hansı halda müsabiqənin həyata keçiriləcəyi məlum olmur. Dördüncüsü, burada hərbi qulluqçuların fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması məsələsi müsbət bir haldır. Mən hesab edirəm ki, hərbi qulluqçulara diqqət yetirilməlidir. Burada bir az konkretləşdirməyə ehtiyac var. Konkretləşmə odur ki, burada, heç olmasa, verilən torpaq sahəsinin minimum həddi göstərilməlidir ki, sabah hansısa möhtəkirliyə yol açmasın.
Burada qeyri-real müddəaların da qanuna salınması bazar iqtisadiyyatı modelinə uyğun gəlmir. Məsələn, yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində, evlərin alınmasında, tikinti materialları almaqda köməklik göstərməlidirlər. Yerli icra başçısının tikinti materialımı var? Bazar iqtisadiyyatına uyğun hər yerdə tikinti materialı satılır. Bunun boynuna belə bir real olmayan məsələnin qoyulması, açığı, bu qanunun həmin müddəasının işləməyəcəyinin əsas göstəricilərindən biri sayıla bilər.
Burada bir prinsipial məsələ də var. Hərracda və müsabiqədə üstünlük məsələsi qoyulur. Müəyyən kateqoriyadan olan insanların adları sadalanır ki, bunlara üstünlük verilir. Hərracda üstünlük, hərrac bazar iqtisadiyyatının ayrılmaz atributlarından biridir. Hərrac varsa, nə üstünlük? Müsabiqədə üstünlük ola bilər. Əvvəlcədən elan olunur və bu üstünlük həll olunur. Hətta bərabər olanda belə yenidən hərracın keçirilməsi nəzərdə tutulmalıdır ki, bələdiyyələr daha çox vəsait əldə edə bilsinlər. Bu məsələdə də ciddi ziddiyyətlər ortaya çıxa bilər. Hesab edirəm ki, digər vacib məsələ bələdiyyələrin rəyinin layihədən çıxarılmasıdır. Bu niyə çıxarılır? Əksinə, bu maddədən yerli icra orqanlarının rəyi çıxarılmalıdır. Çünki açıq-aşkar görünür ki, bu gün bütün sənədlərə imzanı bələdiyyələr atır, amma bütün məsələlərdə xeyri icra hakimiyyətləri görür. Bələdiyyələrin ancaq məhkəmə qarşısında öz imzasına görə cavab verməsi nəzərdə tutulur. Bu da yanlışdır.
Digər bir məsələ. “Torpaq icarəsi haqqında” Qanunda edilən dəyişiklikləri də anlamaq olmur. Burada qeyd olunur ki, bir qayda olaraq, torpaq icarə əsasında verilir. Bu müddəanın dəyişməsinə nə ehtiyac var? Burada göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilirsə. Onsuz da bu qanunvericiliklə müəyyən olunmuş qaydada verilir. Qanunda bunun xüsusi qeyd olunmasının heç bir yeri və əsası yoxdur. Mən hesab edirəm ki, digər məsələləri də aydınlaşdırmağa ehtiyac var. Bu da onunla bağlıdır ki, ümumiyyətlə, torpağın mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə bağlı müsabiqələrin keçirilməsi özəlləşmə proqramında nəzərdə tutulan hərracların müsabiqəsinə bənzəməməlidir. Özəlləşmədə hərracların keçirilməsində faktiki olaraq heç kim iştirak eləmir. Özəlləşən müəssisələr də əvvəlcədən qapalı formada bildirilir, kimlər iştirak edəcəksə, onlara da satılır, səhmdarların hər hansı bir şəkildə hüquqlarını qoruyacaq mexanizm yaradılmır.
Bütün bu hallar göstərir ki, bu qanunun meydana çıxması daha çox bələdiyyələrin hüquqlarının ifrat dərəcədə məhdudlaşdırılmasına gətirib çıxaracaq. Digər tərəfdən burada qeyd olundu ki, Qanuna qədər mülkiyyətə verilən, icarəyə verilən torpaqların taleyi ilə bağlı daha qəti müddəalar nəzərdə tutulmalıdır. Çünki insanlar icarəyə torpaq götürüblər, mülkiyyətinə torpaq keçiriblər. Sabah bu qanundan qərəzli şəkildə istifadə edilməməlidir. Təbii ki, qanunun geriyə qüvvəsi yoxdur, amma bu qanun hər hansı bir şəkildə keçmiş mülkiyyətçiyə, ya keçmiş icarəçiyə hər hansı bir şəkildə problem yaratmamalıdır. Düşünürəm ki, əgər bunlar nəzərdə tutulsa, bu qanunun faydalı olacağını gözləmək olar. Olmasa, bu daha ağır problemlər yaradacaq və gələn il bələdiyyə seçkilərində biz artıq Azərbaycanda bələdiyyələrin tam əhəmiyyətsiz bir quruma çevriləcəyinin şahidi ola biləcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Ümumiyyətlə, son dövrdə mülkiyyətlə bağlı baş verən tendensiyalara baxanda ümumdünya tarixinin qanunauyğunluğunu görürük. Şübhəsiz ki, tədricən digər mülkiyyət kimi torpaq da sərvət olaraq çox az adamın əlində cəmləşəcək. Biz ayılıb görəcəyik ki, nə bələdiyyələrin mülkiyyətində, nə də dövlətin mülkiyyətində torpaq qalıb. Bu da əvvəl-axır yeni bir sosialist inqilabının, bolşevik inqilabının yaranmasına gətirib çıxaracaq. Yəni biz bunun başlanğıcındayıq. Bu dəyişikliklər, açığı, ora gedir. Çünki burada bir sıra maraqlı müddəalar vardır. Məsələn, deyək ki, qeyri-qanuni zəbt olunmuş mülkiyyətin, torpaq sahələrinin geri qaytarılması mümkün deyil. Əvvəl “icarəyə verilməsi” sözü var, həmin “icarə” də pozulmuşdur və “mülkiyyətinə verilir” ifadəsi yazılmışdır.
Bu qanun layihəsi ilə bağlı çıxışım, sözün doğrusu, üzvü olduğum Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının bilavasitə müzakirəsindən keçmiş və mənim də müsbət rəy verdiyim maddələrlə əlaqədardır. Təəssüf ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsini diqqətlə nəzərdən keçirmədən həmin əlavə və dəyişikliklərə müsbət rəyimi bildirmişdim. Bu məsələyə sizin diqqətinizi bir daha cəlb edirəm ki, Ali baş komandanın, o, həm də dövlət başçısıdır və Prezidentdir, bu və ya digər səbəbdən hərbi qulluğunu başa vurmağa məcbur olmuş şəxslərin hüquqlarının növbəti dəfə məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsünü müzakirə edirik. Bunlar nədən ibarətdir? Əlbəttə, əvvəllər icra hakimiyyətlərinə, sonra isə bələdiyyələrə müvafiq səlahiyyətlər verildi.
Hərbi qulluqçuların 10 il qulluq etdikdən sonra növbədənkənar şəkildə torpaq sahələri ilə təmin olunması məsələsi “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz əksini tapmışdır. İndi bu məsələ yalnız fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi almaq hüququ ilə əvəz olunur. Hesab edirəm ki, böyük şəhərlərdə, həqiqətən, belə bir müddəanın olmasına ehtiyac var idi. Bütövlükdə hərbi qulluqçunun növbədənkənar şəkildə və əvəzsiz olaraq torpaq sahəsini və ya mülkiyyəti əldə etmək hüququndan məhrum olunması, hesab edirəm ki, o qədər də doğru deyildir. Biz dəfələrlə bu məsələni müzakirə etmişik. Hərbi qulluqçulara, peşəkar hərbi qulluqçulara, orduda 20 ildən artıq qulluq etmiş şəxslərə müstəsna səlahiyyətlər verilməlidir.
Burada bizim həmkarımız Fazil Mustafayev hərrac və bazar qiymətlərindən danışdı. Sözün doğrusu, elə dəyərlər və dövlətin elə ali mənafeləri vardır ki, onları bazar və hərrac prinsiplərinə tabe eləmək heç bir halda olmaz. Dövlət ona görə dövlətdir ki, özünün ayrılmaz mənafeləri və marağı naminə bəzi hallarda bazar prinsiplərindən üstün duran məsələləri qəbul edir. Peşəkar hərbi qulluqçuların, zabitlərin, 20 il və daha artıq qulluq etmiş zabitlərin də maraqları, hesab edirəm ki, məhz dövlətin elə maraqlarına aiddir ki, onu heç bir halda bazar prinsiplərinə və bazar qanunlarına tabe etməməliyik. Növbəti dəfə bu cür qanunlar işləyib hazırlamış və Prezidentin stolunun üzərinə qoyub onu imzalatdıran şəxslərin, mütəxəssislərin, icra hakimiyyəti orqanlarının diqqətini, habelə dövlət başçısının diqqətini ona cəlb edirəm ki, bu məsələlərdə olduqca həssas və diqqətli olmaq lazımdır.
Siz “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 6-cı hissəsinə diqqət eləsəniz, orada yenə də hərbi qulluqçulara yalnız bələdiyyə torpaqlarının icarəyə verilməsi, yaxud özəlləşdirilməsi zamanı üstünlüklərin verilməsindən danışılır. Məsələ nədən ibarətdir? Dövlət torpaqları var, məncə, dövlət torpaqlarının icarəyə verilməsi, yaxud dövlət torpaq sahəsinin istifadə üçün ayrılması hərbi qulluqçulara imkan verir ki, bir çox hallarda qeyd etdiyimiz bələdiyyə hərraclarından kənarda duran hüquqlardan istifadə edərək onlar yaşayış üçün zəruri olan təminatlarını almış olsunlar.
Hörmətli deputatlar, mən bunu təsadüfən demirəm. Burada səsləndirmişəm, bir daha təkrar edirəm. Keçən il ali hərbi məktəblərə daxil olmaq üçün müsabiqəyə buraxılış balı 150 bal elan olundu. Heç texnikumlarda da həmin bal keçmir. Nəyə görə bu elan olundu? Çünki ali hərbi məktəblərə gedən yoxdur. Niyə gedən yoxdur? 15-20 il orduda qulluq eləyir. Ondan sonra bu qulluğun əvəzində onun mənzil təminatına, onun pensiya təminatına, yaşayış üçün özünün və ailəsinin təminatına diqqət ayrılmır. Əgər burada əleyhinə duran varsa, baxsın. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarı mətbuatda dərc olunmuşdu. 150 bal elan olunmuşdu. Bu, dövlətin birbaşa təhlükəsizliyi ilə bağlı olan ciddi çatışmazlığa bizim diqqətimizi cəlb eləyən bir məsələdir.
Bu baxımdan digər məsələlərin üzərində dayanmağı vacib hesab eləmirəm. Qanuna dəyişikliklər olunur. Amma məşhur bir ifadədə deyildiyi kimi, qanunlar ona görə qəbul olunur ki, sonradan onlara dəyişikliklər edilsin. Hesab edirəm ki, bu sahə ilə məşğul olan hüquqşünaslar, mütəxəssislər bu məsələnin üzərinə qayıtmalıdırlar. Əlahiddə bir məsələdir. Yəqin ki, dövlət başçısına, ölkə Prezidentinə, Ali baş komandana bu məsələ ilə bağlı ayrıca bir müraciət olmalıdır. Bunun üçün əlavə bir qanunun qəbul edilməsinə fövqəladə ehtiyac vardır. Mənə elə gəlir, əməlli-başlı sənəd hazırlasaq, yəqin ki, qəbul olunar.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Milli Məclis üzvləri, birinci, mən bir qeydimi demək istəyirəm. Bu qanun layihəsinin yaranmasının əsas zərurəti haradan yarandı, hərrac haqqında qanunvericilik aktı gələcəkdə qəbul olunacağı təqdirdə digər qanunlara hansı dəyişikliklər etmək lazım gələcəkdir? Biz hazırda bunları müzakirə edirik.
Mən xatırlayıram. Keçmişdə bələdiyyə qurumunu, sadəcə, torpaq alğı-satqısı ilə məşğul olan bir kontor kimi təsdiq eləyəndə həmkarlarım deyirdilər ki, belə olmaz, həmin qurumun bu cür işləməsi ilə gələcəkdə seçilən şəxslərə yer qalmayacaq, onların öz səlahiyyətlərini reallaşdıracaqları obyekt olmayacaq və sair. Mən həmin fikirləri davam etdirmək istəmirəm. Həqiqətən də, torpağa dəyər vermək lazımdır, torpaq həm də gələcək nəsillərin mülkiyyətidir. Eyni zamanda, bələdiyyənin səlahiyyətlərini bərqərar etmək, onu davamlı struktura çevirmək üçün də bu prosesdə bir mexanizm yaratmaq lazımdır. Görünür ki, məhz bu ideyadan da hərrac məsələsi meydana çıxdı. Amma çox təəssüf ki, biz bu layihəni bir ilə qədər saxladıq və bundan da xeyli insanımız əziyyət çəkdi. 2007-ci ilin dekabrında günün sonunda cəmi 10 dəqiqəlik müzakirə ilə qanun qəbul etdik. İndiki dövrdə bəlli oldu ki, həmin sənəd minlərlə insanın həyatına mənfi təsir göstərmişdir. Biz hərracla bağlı mexanizmi dərhal yaratmalıydıq. Yox, əgər bu daxili təlimatlarla, Nazirlər Kabinetinin sənədləri çərçivəsində yaradılmalıdırsa, bunu onlar edəcəklər. Nə baş verdi? Bələdiyyə qərarları ilə alınmış torpaqların sənədlərini köhnə tarixlə dəyişməli oldular ki, onlar dövlət aktı, indi isə dövlət reyestr aktını ala bilsinlər.
İndi, artıq bildiyiniz kimi, hərracla bağlı digər qanunvericilik aktlarına dəyişikliklər haqqında sənədi müzakirə edirik. Cənab Sədr, mən hesab edirəm ki, birinci növbədə hərracın mexanizmini, onun formalaşmasının əsaslarını və sair məsələləri müzakirə etməliyik. Birinci, bu problem ortalığa qoyulmalı idi. Amma elə bil ki, biz qanunun baza sənədini qəbul etmədən, törəmə qanunların müzakirəsi ilə məşğuluq. Amma qoy olsun, bəri başdan deyim ki, mən buna səs verəcəyəm.
Burada bələdiyyənin statusundan danışıldı. Heç şübhəsiz, qeyd edirik ki, keçmişdə belə bir struktur olmamışdır, sovet dövrü özünü demokrat göstərmək üçün buna bənzər hansısa struktur yaratmışdı, bu yeni idi və hansı qüvvələrin iqtidarda olmasından asılı olmayaraq bu səlahiyyətlərin də, mülkiyyətin də, idarəçiliyin də bölgüsü çətin gedəcəkdir. Bunu da bir antihakimiyyət mövzusuna çevirmək gərək deyil.
İkinci, hörmətli həmkarım Siyavuş müəllim bələdiyyənin daha normal strukturlaşması, həqiqətən də, qeyri-dövlət təsisatı kimi öz yerini tapması üçün çox yaxşı təkliflər verdi. Amma mən düşünürəm ki, ümumiyyətlə, bələdiyyə siyasi qurum deyil və bunlarda siyasi partiyalaşma tendensiyasını aparmaq gərək deyildir. Burada deyilir ki, sədrlər də seçilsin və sair. Əlbəttə, bu mümkündür. Amma bizdə hakimiyyət parlamentlik idarəçiliyinə malik deyil, yəni hakimiyyət bölgüsü partiyaların parlamentdə tutduqları yerin əsasında aparılmır, portfellər, nazir kresloları bunun əsasında bölünmür. Ona görə də məsələn, Türkiyədəki modeli və ya bələdiyyə strukturları ilə bağlı hüquqi bazanı bütövlükdə buraya daşımağın bir adı yoxdur.
Burada hərracla bağlı haqlı olaraq qeyd edildi ki, əgər biz hərrac məsələsini qoyuruqsa, xüsusi imtiyazlar müəyyənləşdiririksə, onda əvvəllər qəbul edilmiş qanunun müddəalarını saxlamış oluruq. Yəni yenə də imtiyazlar, insan amili işləyəcək, yenə də hərrac prinsipləri qıraqda qalacaq və kimlərsə buna sahib olacaqlar. Düzdür, burada yazılıb ki, birinci olaraq istifadəçilərə və sairlərə verilir və qanun layihəsinin ən mütərəqqi cəhətlərindən biri budur. Amma imtiyazlar veriləcəksə, hərrac fəlsəfəsinin əleyhinə getmiş oluruq. Ona görə də mən çox istəyərdim ki, qanunvericilər, yəni layihəni hazırlayanlar bu məqamın üzərində, o cümlədən keçmişdə verilmiş yerlərlə bağlı düşünsünlər.
Cənab Sədr, Ziyafət müəllim peşəkar hüquqşünasdır və Konstitusiya hüququndan dərs verir. Konstitusiyanın 123-cü maddəsində də, normativ hüquqi aktlar haqqında qanunvericilikdə də deyilir ki, yeni qəbul olunmuş qanunun müddəaları vətəndaşın ziyanına geriyə tətbiq qüvvəsinə malik deyildir. Əgər vətəndaşın xeyrinə olarsa, bunu keçmişə tətbiq eləyərdilər, ziyanına tətbiq olunması yolverilməzdir. Bir daha deyirəm, normativ hüquqi aktlar haqqında müddəa belədir. Amma reyestr aktlarını və sairi almamış insanlara qarşı bu qanunun müddəalarını tətbiq etmək ciddi vətəndaş narazılıqlarına səbəb olacaqdır. Ona görə də mən deyirəm ki, cənab Prezidentin imzaladığı bu sənədin fəlsəfəsinə uyğun tətbiq eləmək lazımdır.
Hörmətli həmkarım Pənah bəy deyir ki, inqilab olacaq və sair. Əslində, bu iqtidar hakimiyyətə gəldiyi ilk dönəmdə inqilabın qarşısını onunla aldı ki, torpağı vətəndaşa verdi. Mən çox istəyərdim ki, bu gün biz qeyri-müəyyən danışmayaq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri hörmətli Qərib müəllim də burada nə qədər torpaq qaldığı haqqında məlumat verərdi. Əslində, bu proses, demək olar ki, başa çatıb. Yəni özəl mülkiyyətə verilən torpaqların 33 faizi bələdiyyə mülkiyyətində idi. Ola bilsin ki, dövlət fonduna kimlərisə müdaxilə eləyiblər. Bələdiyyə mülkiyyətində olan torpaqlarda bu proses başa çatıb. Amma deyirəm, bu qanun bəlkə torpaq mülkiyyətçilərinin 2-3 faizinə tətbiq oluna bilərdi. Hətta onun bəlkə hektarlarla ümumi ölçüsünü də burada deyə bilərdilər. Ona görə də mən hesab eləyirəm ki, bu qanun layihəsini biz qəbul etməliyik, amma paralel şəkildə dərhal müvafiq komissiya tərəfindən hərracla bağlı sənəd hazırlanıb, qəbul olunmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyafət müəllim, buyurun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İki məsələyə mən aydınlıq gətirmək istəyirəm. Əvvəla, Fazil bəy də bu məsələyə toxundu. Hərbi qulluqçulara fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması ilə bağlı Fazil bəy məsələ qaldırdı ki, qanunda bu torpağın qədəri göstərilməyib. Əvvəla, onu deyim ki, biz bu məsələni komissiyada müzakirə eləyəndə maraqlandıq. Bununla əlaqədar Fazil bəy, Nazirlər Kabinetinin xüsusi qərarı var. Hər bir rayon, hətta Bakının ayrı-ayrı rayonları üçün konkret sahələr müəyyən olunubdur. Azərbaycanın bütün rayonları, o cümlədən Bakının hər bir rayonu üçün torpaq sahələrinin həcmi müəyyən olunubdur. Yəni bunu qanuna yazmağa artıq, hesab edirəm, o qədər də ehtiyac yoxdur.
O ki qaldı Pənah bəyin burada çıxışına, doğrusu, mən çox təəssüf eləyirəm, Pənah bəy yenə öz ampluasındadır. Yəni komissiyada bir söz deyir, burada tamamilə başqa bir söz. Mən bununla əlaqədar fikrimi bir daha sizinlə bölüşməyə məcburam. Söhbət nədən gedir? Hal-hazırda qüvvədə olan “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi belə adlanır: “Hərbi qulluqçuların mənzillə və ya torpaq sahəsi ilə təmin olunmaq hüququ”. İndi adı dəyişdirilib: “Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ”. Bu nə üçün belədir?
Bu təklif Prezident Aparatına Müdafiə Nazirliyindən gedib. Biz bununla da maraqlandıq. Hazırda qüvvədə olan qanuna görə hərbi qulluqçu hərbi xidmətini yaşa və ya xəstəliyə, yaxud istefaya çıxdığına görə və ya hər hansı bir səbəbdən başa vuraraq öz rayonuna qayıdır. Hazırda qüvvədə olan qanuna görə hərbiçi icra hakimiyyəti tərəfindən mənzillə, mənzil olmadıqda isə torpaq sahəsi ilə təmin olunmalıdır. Uzun araşdırmalardan sonra məlum olub ki, hərbi qulluqçular həmin torpaq sahəsini ala bilmirlər. Əvvəla, bilirsiniz ki, rayonlarda dövlətin mənzil fondu artıq yoxdur. Bu məsələ, demək olar ki, gündəlikdən çıxıb, qalıb torpaq məsələsi. Bələdiyyələr deyirlər ki, mən sizə torpağı vermirəm, hörmətli hərbi qulluqçu. Niyə vermirsən mənə? Deyir ki, sən həmin torpaq sahəsini başqa məqsəd üçün istifadə eləyəcəksən, yaşayış yeri üçün yox. Mən qayıtmışam, mənim yaşayış yerim yoxdur. Bələdiyyə də deyir ki, qanunda “fərdi yaşayış evi tikmək üçün” anlayışı olmadığına görə mən sənə torpaq vermirəm. Bax beləliklə, süründürməçilik hərbi qulluqçuların hüquqlarının tapdanmasına gətirib çıxarır. Bu vəziyyət uzun müddətdir öyrənilibdir.
Biz Müdafiə Nazirliyinin hüquq xidməti ilə əlaqə saxladıq. Doğrudan da, burada məntiq var. Nazirlik də cənab Prezidentə müraciət edib. Cənab Prezident də, bilirsiniz ki, hərbi qulluqçulara həmişə, daim qayğı göstərib, hərbi qulluqçuların sosial təminatı ilə bağlı həmişə dövlətin imkanları daxilində tədbirlər görüb. Konkret ünvanlı olaraq bəzi yerlərdə, həm bələdiyyədə, həm də icra hakimiyyətində işləyən məmurların bəhanəsini kəsmək üçün belə yazılıb: “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi”. Söz-söhbətə son qoyulsun. Yəni bələdiyyə məmuru da, icra hakimiyyətində işləyən məmur da bilsin ki, torpaq sahəsini hərbi qulluqçuya verir və o, həmin torpaq sahəsindən təyinatına uyğun istifadə edəcək, yəni fərdi yaşayış evi tikəcək. Budur bunun fəlsəfəsi, mənası bundan ibarətdir. Bu məsələ Pənah Hüseynə izah olundu. Pənah Hüseyn dedi, Ziyafət müəllim, Sizin izahatınızdan çox razıyam, gördünüz onun çıxışını. Nə deyəsən? Bundan artıq nə deyəsən? Təşəkkür eləyirəm, sağ olun.
Sədrlik edən. Çıxışa 13 nəfər yazılıb. Davam edək, təkid eləyən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydın müəllim, Arif müəllim. Yəni deyirəm söz veriləndə inciyən olmasın. İndi 4 nəfər təkid eləyir. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış eləyənlər də, müxtəlif mövqeləri izah eləyənlər də indi bizə təklif olunan əlavə və dəyişikliklərə, həm Konstitusiyaya, həm başqa maddələrə istinad etdilər. Hesab eləyirəm ki, bütövlükdə qanun layihəsinin fəlsəfəsi Azərbaycan Konstitusiyasının müddəalarına ziddir və bu, əslində, Azərbaycan Konstitusiyasını pozmaq deməkdir.
Hörmətli Ziyafət müəllim bundan əvvəl izah eləməyə çalışdı ki, həmin məsələ Azərbaycan Konstitusiyası ilə bu və ya digər şəkildə tənzimlənir. Azərbaycan Konstitusiyasının konkret olaraq “Bələdiyyələrin səlahiyyətləri” adlı 144-cü maddəsində çox aydın yazılıb ki, bələdiyyələr bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək hüququna malikdirlər. Bu gün müəyyən olunan hərrac bələdiyyələrin, faktik olaraq, bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu əlindən alır. Faktik olaraq, mülkiyyət hüququ əlindən alınmış bələdiyyənin torpaqları hərraca çıxarılarkən Azərbaycanda istənilən şirkət, istənilən hüquqi, fiziki şəxs həmin ərazidə yaşayıb-yaşamamasından asılı olmayaraq həmin torpaqları zəbt eləyə, ala, pul vasitəsilə ələ keçirə bilər. Ələ keçirəndən sonra həmin ərazidə yaşayan insanların hüquqlarını pozmuş olur. Həmin adamlar bələdiyyəni formalaşdırır, konkret ərazidə bələdiyyəni seçirlər. Bələdiyyə formalaşdırılır ki, ərazidə olan torpaqlardan tutmuş bütün mülkiyyətin üzərində mülkiyyət hüququnu, o cümlədən sərəncam, qərar vermək hüququnu özündə saxlasın. Amma nə baş verir? Kənardan biri gəlir, bələdiyyə torpaqlarının hərraca çıxarılması vasitəsilə torpaqları ucuz və ya baha qiymətə rüşvətlə və ya digər şəkildə ələ keçirir. Sabah həmin bələdiyyənin ərazisində yaşayan vətəndaş hərraca çıxarılan torpağın qiymətini bu və ya digər şəkildə ödəyə bilmir. Nəticə etibarilə də ala bilmir, ondan istifadə edə bilmir.
İkinci etap başlayır. Bələdiyyə torpaqlarını hərraclar vasitəsilə ələ keçirmiş adamlar onu sot-sot bölür, elə həmin ərazidə yaşayan insanlara “artıq bu mülkiyyət hüququ mənimdir və mən bunu hərracda təsbit eləyib almışam” deyərək öz mülkiyyəti kimi satır. Bax problemin fəlsəfəsi bundan yaranır. Problem bundan yaranacaq, bu adamlar əvvəlcə birinci mərhələdə hərrac vasitəsilə bələdiyyə torpaqlarını ələ keçirəcəklər, alacaqlar. Bələdiyyə torpaqlarını alandan, bu torpaq haqqında dövlət aktı çıxarıb, özününküləşdirəndən sonra, artıq sotlara bölüb, fərdi evlər tikintisi üçün həmin ərazidə yaşayan kasıb, imkansız adamlara satmağa məcbur ediləcək. Hərrac o zaman etibarlı, qüvvəyə minmiş hesab oluna bilər ki, hərrac yalnız və yalnız həmin ərazidə yaşayan insanlar və ya orada fəaliyyət göstərən fiziki və hüquqi şəxslər arasında keçirilsin. Yoxsa respublikanın istənilən yerindən adam gəlsin, desin ki, mən filan kənddə torpaq hərracında iştirak eləyirəm? Necə ola bilər?
Əgər siz bərabərlik prinsipini qorumaq istəyirsinizsə, həmin məsələlər bu qanunla tənzimlənməlidirsə, onda bunun fəlsəfəsində bircə şey əsas götürülməlidir. Bələdiyyə torpaqlarının hərraclarında yalnız həmin bələdiyyənin ərazisində yaşayan adamlar iştirak edə bilərlər. Başqa bir halda kimsə həmin hərracda iştirak etməməlidir. Bax bu ədalətli prinsip olardı. Bu, torpağın bir və ya digər şəkildə satılmasının qarşısının alınması olardı. Hərçənd bu da o qədər ədalətli prinsip deyil, çünki bəzi normalar artıq müəyyən olunub. Ərazilərdə torpağın hər sotu və yaxud hər kvadratmetri üçün müəyyən olunmuş qiymətlər norması var. Həmin adamlar bu qiymətləri ödəyirlər. Bir kənddə ən azı bir neçə adam torpaqları ələ keçirmək istəyə bilər. Amma bununla belə, bu qayda əvvəlkinə nisbətən daha ədalətlidir, çünki həmin adamlar bələdiyyəni seçirlər. Onda sual yaranır: sabah həmin bələdiyyələrin formalaşdırılması prosesində əhali niyə iştirak etməlidir? Əgər əhalinin heç bir marağı ödənmirsə, torpaq satışı zamanı bələdiyyə ərazisində yaşayan insanın mənafeyi nəzərə alınmırsa, həmin insan oradan yararlana bilmirsə...
Bələdiyyə yalnız vergi yığmaqdan, vətəndaşlardan əmlak vergisi toplamaqdan ötrüdürmü? Heç kəs bələdiyyə seçkilərində iştirak etməyəcək onda. Vətəndaşların bələdiyyələrin səlahiyyətləri çərçivəsində görəcəkləri işlərə maraqlarının azalması onların siyasi və seçki proseslərindən, özünüidarəetmə orqanlarından, faktiki olaraq, geri çəkilməsi deməkdir. Sabah heç kəs nə bələdiyyə seçkilərində namizəd kimi, nə də səsvermədə iştirak edəcəkdir, çünki vətəndaşın marağı heç bir halda təmin olunmur. Onun torpaqlarını kimsə satacaq, kimsə alacaq, kiməsə paylayacaq. Ona nə qalacaq? Bələdiyyə üzvlərinə kənd əhalisi ilə üzbəüz qalmaq, kənd əhalisindən vergi toplamaqla bələdiyyənin qəpik-quruş büdcəsini formalaşdırmaq qalacaq və ya hərracdan kimsə həmin bələdiyyə üzvünə və yaxud da bələdiyyə orqanına qəpik-quruş verəcək? Bu prosesdə heç kim iştirak etməyəcək.
Hesab eləyirəm ki, bütövlükdə çox ədalətsiz yanaşmadır. Qruplara ayırırlar. Hansı qruplara üstünlük veriləcək? Qeyd olunur ki, hərraclarda bərabər şərait olarsa, kimlərə isə üstünlük veriləcək. Hərracda bərabər şərait olduğuna rast gəlmisinizmi? Ümumiyyətlə, praktikada hərracda bərabər şərait olurmu? Mən deyəcəyəm 2000, o deyəcək 3000. Mən deyəcəyəm 2000, o deyəcək 2001. Hərracda bərabərlik prinsipi olmur, hərracda bərabərlik prinsipi heç vaxt gözlənilmir. Hərracda iştirak edənin ikisi də eyni qiymətdə razılaşdı və bələdiyyə torpağı əlilin, kasıbın, şəhid ailəsinin birinə verdi. Şəhid ailəsi başqa yerdən gəlmiş hər hansı bir şirkətlə hərracda rəqabət apara biləcək? Yox, təbii ki, apara bilməyəcək. Onda niyə bu qanuna üstünlük veriləcək şəxsləri əlavə eləyirsiniz? Həmin şəxslərin rəqabət aparmaq qabiliyyəti necə müəyyən olunacaq? Ona görə bütövlükdə bu qanun layihəsi geri qaytarılmalıdır və hərrac prinsipi ləğv olunmalıdır.
Hərrac yalnız o şəkildə ədalətli və doğru həyata keçirilə bilər ki, qanunun müddəasında çox dəqiq və aydın yazılsın. Hərracda yalnız bələdiyyə ərazilərində yaşayan insanlar iştirak edə bilərlər, çünki həmin bələdiyyəni onlar seçirlər, bələdiyyə onların əmlakıdır, bələdiyyə əmlakından istifadə hüququna da malik olmalıdırlar. Hər kəndin özünün hüququ var. Siz istəyirsiniz ki, sabah tayfa davası, kənd davası başlasın? Bir kəndin qoçusu, qolçomağı gəldi, həmin ərazidən torpaqları aldı. Sabah da birinin mal-qoyunu oraya girəcək. Onun mal-qoyununu oradan qovanda bir tayfa da yürüyəcək torpağı alan şəxsin üstünə ki, sən bizim kəndin ərazisində nə qoçuluq eləyirsən? Bu prinsiplər Azərbaycanda illər uzunu yaşanılıb və bundan sonra da yaşanılacaq? Ona görə də hesab eləyirəm, həmin müddəalar qəti şəkildə müəyyən olunmalıdır. Millət vəkilləri belə bir qanunun həm Azərbaycan bələdiyyələrinin bir siyasi sistem və özünüidarəetmə orqanı olaraq sıradan çıxarılmasına xidmət etdiyini, həm də gələcəkdə ciddi qarşıdurma yaradacağını nəzərə alaraq layihəni bütövlükdə geri qaytarsınlar və ya oraya ancaq ərazidə yaşayanların hərracda iştirakı haqqında müddəa əlavə edilsin. Çox sağ olun.
Sədrlik edən. İqbal müəllim, çıxışının əvvəlində dedin ki, insanların Konstitusiya hüquqları pozulur. Özün də insanların Konstitusiya hüquqlarını pozaraq deyirsən ki, Azərbaycan vətəndaşı Azərbaycanın istənilən nöqtəsində torpaq ala bilməz. Birini deyirsən, birini pozursan. Yəqin ki, Tahir müəllim bunlara aid izahat verəcək sonra. Aydın Həsənov buyursun. Sonra çıxış üçün 3 nəfərə də söz verəcəyik.
A. Həsənov. Müzakirəyə çıxarılmış Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqləri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsini hərbiçilərimizin və hərbi xidmət müddətini başa vurmuş zabit və gizirlərimizin sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini düşünürəm. Qeyd etmək lazımdır ki, iqtisadi inkişafla bərabər ordu quruculuğuna göstərilən diqqət, hərbi və təhlükəsizlik məsələlərinə büdcədən ayrılan vəsaitlərin bir neçə dəfə artırılması, həqiqətən də, böyük sərkərdə, ulu öndərimiz Heydər Əliyevin bununla bağlı tövsiyələrinə ciddi əməl olunmasından xəbər verir.
Dövlət başçısı cənab İlham Əliyevin orduda islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanmışdır. Biz öz milli ordumuzla fəxr edirik. Fəxr edirik ki, ulu öndərimizin yaratdığı peşəkar milli kadrlar, zabitlər, generallar ordumuzda ləyaqətlə xidmət edirlər. Təbii ki, bu xidmətlərin müqabilində dövlətimiz ayrı-ayrı hərbi qulluqçuların mükafatlandırılmasını təmin edir. Ümumilikdə isə silahlı qüvvələrdə xidmət edən vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi müntəzəm olaraq təmin edilir. Heç şübhəsiz, Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri ordu quruculuğunun sürətləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təchizatının gücləndirilməsi, zabit və gizirlərimizin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu baxımdan hər il əmək haqlarının, digər sosial ödəmələrin artırılması müzakirə mövzusu olur və bir sıra real tədbirlər görülür.
Hərbi xərclərin artırılması, kadr potensialının yüksəldilməsi Azərbaycan hakimiyyətinin önəm verdiyi sahələrdəndir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca hərbi sahədə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndiriləcəkdir. Prezident İlham Əliyev bununla bağlı deyib: “Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi çox sürətlə gedir. Biz hərbi xərclərə böyük diqqət göstəririk və göstərəcəyik”.
Xatırladım ki, bundan əvvəl “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əlavə və dəyişikliklər müzakirə edildi. Həmin qanunun 27-ci maddəsində hərbi qulluqçuların hərbi xidmət, toplanışlar dövründə həlak olması, xəsarət alması, səhhətinin pozulması, habelə hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusu əldə etdikləri gündən onların dövlət tərəfindən icbari şəxsi sığortası hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmiş addım idi.
Bu baxımdan, Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi də hərbçilərimizin rifah halının yüksəldilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qanun layihəsində nəzərdə tutulan torpaq və mənzil təminatlarının sırasında fərdi yaşayış evinin tikintisi hüquqlarının tanınması mühüm əhəmiyyətə malikdir və mən bunu alqışlayıram. Ordunun tənqidi ilə bağlı bir neçə şəxs burada çıxış etdi. Bilməlisiniz ki, heç bir dövlətdə orduda baş verən neqativ hallar qəzetlərdə və digər orqanlarda, o cümlədən də parlamentdə müzakirə obyekti olmur. Orduda yüz minlərlə xidmətçilər, əsgər, zabit və generallarımız var. Orduda baş vermiş hər hansı çatışmazlıqlar barədə müdafiə naziri Baş komandana məlumat verir. Birlikdə lazımi ölçü götürülür. Orduda baş vermiş bütün neqativ hallar həmin gün də onların müzakirəsində olur. Mən də fürsətdən istifadə edib xahiş edirəm, hərbi qulluqçularımızın vergidən azad edilməsi və onların kommunal xərclərinin 50 faiz azaldılmasına lazımi köməklik göstərəsiniz. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Təşəkkür edirəm, Oqtay müəllim, söz verdiyinizə görə. Mən qısa danışacağam. Ziyafət müəllim, Siz burada məsələ ilə bağlı çıxış elədiyinizə görə mən diqqətinizi bir məsələyə yönəltmək istəyirəm. Torpaq Məcəlləsinin 56-cı maddəsində qeyd olunur ki, yalnız bir kateqoriyadan olan insanlara güzəştlər nəzərdə tutulur. Bunlar kimlərdir? Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda, ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evlərinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilər. Hərbçilər axı bu kateqoriyaya daxil olmadı, Ziyafət müəllim.
Burada qeyd olundu, yalnız bələdiyyənin ərazisində daimi yaşayan və yaxud 5 il daimi qeydiyyatda olan şəxslər hərracsız torpaq ala bilərlər. Əvvəllər hansısa rayonda yaşayan, hərbi xidmətdə olan hərbçi hərbi xidməti başa vurandan, yəni 20-25 ildən sonra öz rayonuna qayıdır. Hərbçi qayıdan kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanuna görə 6 ay müddətində ona daimi yaşayış tikintisi üçün yer ayrılmalıdır. Bu yer necə ayrılacaq? Qanun buna imkan vermir. Həmin qanun layihəsinin 9.2.4-cü maddəsində qeyd olunur ki, hərracda bərabər şərait yaradılacaqdır, yəni başqa halda onlar torpaq ala bilməyəcəklər. Bu məsələyə aydınlıq gətirin, Ziyafət müəllim, bununla da aydınlıq yaranar.
Z.Əsgərov. İcazə olar, cənab Sədr?
Sədrlik edən. Buyurun, Ziyafət Əsgərov.
Z. Əsgərov. Çox sağ olun. Qaldırdığınız məsələdə, doğrudan da, məntiq var, amma onu deyim ki, hərbi qulluqçulara torpaq hərracla verilmir, hərracdan kənar verilir. Amma qalan torpaq almaq istəyənlərə torpaq hərrac və müsabiqə yolu ilə verilir. Hərbi qulluqçuya torpaq hərracla verilmir.
Sədrlik edən. Gülər xanım Əhmədova, buyurun.
G. Əhmədova. Təşəkkür edirəm. Vaxtımız çox azdır, amma burada bir məqamı qeyd etmək istəyirəm. Qanun layihəsi cənab Prezidentdən gəlib. Cənab Prezidentin qarşısında baş əyirik, amma bu qanun layihəsi, təəssüf ki, korporativ maraqlara cavab verən bir layihədir. Vaxt yoxdur, bir çox şeyləri demək olmur. Mən istəməzdim ki, biz bu qanunu qəbul eləyəndən sonra bir də hansı məsələlərə isə qayıdaq. Bir-iki dəfə acı təcrübəmiz olub. Şübhəsiz ki, bundan sonra belə şeylər olmayacaq. Amma bu qanun layihəsinin içərisində böyük hüquqi çəngəllər var. Çox böyük şərait yaradırıq ki, kimlər isə bundan şəxsi mənafeləri üçün istifadə etsinlər və edəcəklər də.
Bir də mən çox istərdim ki, belə qanunlar yazılanda çox inkişaf etmiş ölkələrin təcrübələri nəzərə alınsın. Hiss olunur ki, burada həmin təcrübə nəzərə alınmayıb. Şübhəsizdir ki, bayaq da bu fikir səsləndi, yerli vətəndaşlarla əcnəbi vətəndaşlar arasında həmişə fərq qoyulmalıdır, əks halda biz bu məsələlərdə uduzuruq.
İkinci, demək istərdim ki, dünyanın hər yerində şəhər və kənd rayonlarının torpaqlarının qiymətində fərqlər var. Bu qanun layihəsində isə həmin məsələ nəzərə alınmayıb. Bakının 11 rayonunun ərazisindəki torpaqların alğı-satqısı ilə kənd rayonlarında olan torpaqların alğı-satqısında fərq olmalıdır. Bunun elmi də var, bütün universitetlərdə də bunu öyrənirlər. Mənə elə gəlir ki, bu qanun layihəsi təzədən işlənilməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Gülər xanım, Siz yəqin fikir vermədiniz, əvvəlki çıxışlarda dedilər ki, qiymətlər Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunur. Bu məsələ qanun layihəsində öz əksini tapmayıb. Çıxışlara bir az diqqətlə qulaq asmaq lazımdır. Arif müəllim, buyurun. Bundan sonra layihəni səsə qoyacağıq.
A. Rəhimzadə, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Sağ olun, cənab Sədr. Mənə elə gəlir, belə sualların burada əsəbi şəkildə səslənməsi, ilk növbədə, məlumatsızlıqdan irəli gəlir. Digər tərəfdən, açığını deyim, bizim həmkarlarımız var ki, hər şeyi qara rəngdə görürlər. Qanun layihələri ilə kifayət qədər tanış olsalar, hesab edirəm, belə suallar yaranmazdı. Mən burada qaldırılan suallara qısa cavab vermək istəyirəm.
Sual yarandı ki, vətəndaşlığı olmayanların statusu guya vətəndaşlardan yüksəkdir. Bu belə deyil. Vətəndaşlığı olmayan şəxslər, əcnəbilər torpağı xüsusi mülkiyyətə ala bilməzlər. Yalnız icarəyə ala bilərlər.
Burada belə bir sual oldu ki, torpaq 5 ildən sonra satıla bilər, bu bazar iqtisadiyyatına ziddir və sair. Bu belə deyil. Torpağı alandan sonra dərhal sata bilərlər. Lakin həmin şəxs ikinci dəfə hərracsız torpaq almaqdan ötrü gərək 5 il orada yaşasın və yenidən torpaq ala bilsin. Ümumi qaydada belə bir tələb var. Deməliyəm ki, ərazidə yaşayan insanların hamısı hərrac yolu ilə yox, yalnız bələdiyyəyə müraciət edərək torpaq alırlar. Bu zaman torpağın normativ qiyməti bazar qiymətləri və vergi nəzərə alınmaqla ödənilir. Hər halda bu qiymət hərrac qiymətindən dəfələrlə azdır. Burada həmin ərazidə yaşayanlar kənarda qalacaq, Azərbaycanın başqa ərazilərindən olan pullu insanlar gəlib torpaqları alacaqlar kimi səslənən fikir tamamilə düzgün deyil. Orada yaşayan insanların siyahısı var. Ərazidə daim yaşayan insanlar torpağı hərrac yolu ilə yox, bələdiyyəyə müraciət etməklə alırlar. Həmin torpağı satarsa, bu şəxs 5 ildən sonra müraciət edib yenidən bələdiyyədən torpaq ala bilər. Ancaq ümumi qaydada almaq istəmirlərsə, hərrac yolu ilə almalıdırlar. Söhbət yalnız ailə başçısından gedir. O adamdan gedir ki, onun adına torpaq alınıb. Ailə üzvləri yenə müraciət edə və ümumi qaydada həmin ərazidə yaşayan bir şəxs, kəndin sakini kimi torpaq ala bilərlər.
Hərracda üstünlük məsələsi var. Tutaq ki, hərraca qoyulan torpaq sahəsinin qiyməti 100 kvadratmeri üçün 50 manat müəyyənləşdi. Həmin qiymət də dəyişmir. Belə olan halda torpaq imtiyazlı kateqoriyadan olan şəxsə verilir. Hərrac təxirə salınmır, yenidən keçirilmir, imtiyazlı adamlara torpaq verilir.
Burada fikir səsləndi ki, guya bələdiyyələrin səlahiyyətləri əllərindən alınıb. Qabaq yazılırdı ki, icra hakimiyyətinin rəyi nəzərə alınır. İndi isə bələdiyyələr əmlaklarını satmaqdan məhrum olublar, bu belə deyil. Torpağı hərraca bələdiyyələr çıxarır. Bələdiyyələr torpağı hərraca çıxarmaqdan ötrü sənədlərini də hazırlayırlar. Yalnız bunun texniki hissəsini, yəni hərracın keçirilməsini müvafiq icra hakimiyyəti orqanı yerinə yetirir. Hərracdan sonra bələdiyyələr yenə öz qərarları ilə torpaqları müsabiqədə, hərracda üstünlük əldə etmiş insanlara verirlər.
Burada fikir səsləndi ki, hərbiçilərə verilən torpaq sahəsi qeyd olunsun. Ziyafət müəllim bu suala cavab verdi. Demək, hər rayon, bələdiyyə üçün normalar müəyyənləşdirilir. Bələdiyyələr həmin norma çərçivəsində də torpaq verirlər.
Hərbi qulluqçuların mənzil hüququndan məhrum olunması məsələsi qaldırıldı. Bu heç belə deyil. Əsasnamənin 13.2-ci maddəsində “Hərbi qulluqçuların sosial müdafiəsi haqqında” Qanuna istinad edilir. Orada da yazılıb ki, hərbiçilər istefaya çıxandan sonra bir dəfə hərrac yolu ilə deyil, pulsuz torpaq alırlar. Hərbi qulluqçuya torpaq ayırmaq imkanı olmasa, onda ona mənzil verilməlidir. Qeyd olunur ki, həmin mənzilin tikintisində də icra hakimiyyəti orqanı müəyyən köməklik etməlidir.
Hərracın əsasnaməsi ilk növbədə hazırlanmalıdır. Belə bir fikir səsləndi. Bu işlə əlaqədar demək olar ki, əsasnamə hazırlanıbdır. Bu iş Nazirlər Kabinetinə tapşırılıb. Həmin əsasnamənin bu gün biz baxdığımız qanun layihəsinə zidd olan maddələri var. Hal-hazırda bunu qəbul etmək olmur, çünki, gördüyünüz kimi, 7 qanunda bu məsələ ilə əlaqədar düzəlişlərə ehtiyac var. Bundan sonra əsasnamə qəbul olunacaq. Mənə elə gəlir ki, mən bütün suallara cavab verdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Bir çox sualı aydınlaşdırdınız. Təəssüf ki, qanun layihəsini axıra qədər oxumuruq. Ona görə də ortaya çox sual çıxır. Artıq saat yarımdır ki, müzakirə edirik. Arif müəllim suallara cavab verdi. Hesab edirəm ki, qanun layihəsi yetərincə müzakirə olundu. Xahiş edirəm, layihəyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.37 dəq.)
Lehinə 89
Əleyhinə 5
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Bankların sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təklif edilən qanun layihəsi onunla əlaqədardır ki, maliyyə sektorunun inkişafının sürətləndirilməsi, bank və sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, habelə bankların, sığorta və təkrarsığorta şirkətlərinin ödəmə qabiliyyətinin möhkəmləndirilməsi və həmin şirkətlərin kapitallaşma səviyyəsinin artırılmasını stimullaşdırmaq lazımdır. Bu məqsədlə təklif edirik ki, bankın, sığorta və təkrarsığorta şirkətinin mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsi 2009-cu il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilsin. Bu məsələ İqtisadi siyasət daimi komissiyasında müzakirə edilib. Millət vəkillərini bu qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Təşəkkür edirəm, cənab Sədr. Bir sualım var. Bilirsiniz ki, dünyada maliyyə böhranı baş alıb gedir və özəl banklar, dövlət bankları da müflisləşir və ya dövlətdən irimiqyaslı kömək alırlar. Məsələn, Rusiyadakı kimi. Yəqin ki, iclasda bank mütəxəssisləri iştirak edirlər. Ya da sualıma Ziyad müəllim cavab verəcək. Mən bilmək istərdim ki, bizim bank sistemimizin vəziyyəti indi necədir? Dünyada gedən proseslər Azərbaycanın bank sisteminə təsir edirmi? Söhbət nədən gedir? Çoxsaylı müraciətlər var, əhali bir az narahatdır. Siz bilirsiniz ki, bir neçə ildir ki, millət vəkilləri sovet dövründən dondurulmuş əmanətlərin əhaliyə qaytarılmasını tələb edirlər. Lakin elə bir vəziyyət yarana bilər ki, Azərbaycan bankları nəinki əhalinin köhnə əmanətlərini, heç təzə əmanətlərini də qaytara bilməsinlər və onlar da dondurulsun. Seçicilərimin sualı belədir: bizdə belə bir təhlükə varmı, yarana bilərmi? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira xanım, bizdə belə bir təhlükə yoxdur. Bir mütəxəssis kimi, Ziyad müəllim, izah edin. Bu qanunu nəyə görə qəbul edirik? Onu da izah edin.
Z. Səmədzadə. Cənab Prezident bu yaxınlarda çıxışında birmənalı şəkildə bildirdi ki, dünyada baş alıb gedən maliyyə böhranı şəraitində Azərbaycanın pul-kredit, maliyyə sistemi normal fəaliyyət göstərir. Təbii ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi müəyyən problemlər yarada bilər. Ancaq bank sistemində sabitlik mövcuddur. Azərbaycan hökumətinin apardığı tədbirlər tam məsuliyyətlə deməyə əsas verir ki, bankların sığortalanması, banklarda əmanətlərin sığortalanması ilə əlaqədar heç bir təhlükə yoxdur. Hesab edirəm ki, bu barədə müzakirə ola bilməz. Yaxın günlərdə biz dövlət büdcəsini müzakirə edəcəyik. Dövlət büdcəsinin layihəsi müzakirə edilən zaman Milli Bank və digər qurumların rəhbərləri, eləcə də maliyyə naziri bu barədə konkret materiallarla çıxış edəcəklər. Bu qanun layihəsi də məhz Azərbaycanın bank sektorunun daha da qüvvətləndirilməsinə, onun kapitallaşma səviyyəsinin artmasına şərait yaradır.
Sədrlik edən. Sağ olun. Dünyamin Xəlilov, buyurun.
D.Xəlilov. Təşəkkür edirəm, cənab Sədr. Mən də bir məqama toxunmaq istəyirəm. Deməli, bu qanun layihəsinin tətbiqi ilə əlaqədardır. Əgər fikir vermisinizsə, qanun layihəsində banklarla yanaşı, sığorta təşkilatlarından da söhbət açılır və bankların nizamnamə kapitalının formalaşdırılması ilə sığorta təşkilatlarının nizamnamə fondunun formalaşdırılmasında bir balaca fərq var. Əgər bankların nizamnamə fondu formalaşan zaman, yəni mənfəət bölüşdürüləndən sonra səhmdarlar öz vəsaitlərini əlavə vergi qoymadan birbaşa nizamnamə kapitalına yönəldə bilərlərsə, bu proses sığorta təşkilatlarına şamil olunmur. Mən arzu edərdim ki, bu qanun qəbul edildikdən sonra tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinə bir sıra dəyişikliklər edilsin. Bu, sığorta təşkilatlarının nizamnamə kapitalının formalaşdırılması prosesində də nəzərə alınsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, layihəyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.43 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 5
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi və Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 dekabr tarixli 425 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədədir. Buyursun Əli Hüseynov. Sonra Ziyad Səmədzadə.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Siz təqdim etdiyiniz kimi bu qanun layihəsi “Dövlət borcu haqqında” Qanunun tətbiqi ilə əlaqədardır. Layihədə göstərilən əlavə və dəyişikliklər, əslində, texniki xarakter daşıyır. Beləliklə, “Dövlət borcu haqqında” Qanunda öz əksini tapmış vacib bir müddəa, yəni “dövlətə məxsus aktivlər borc üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə girov qoyula bilməz” müddəası Mülki Məcəllədə də öz əksini tapmalıdır. Bu, Mülki Məcəlləyə əlavə edilən 276.4-cü maddədə öz həllini tapır.
“Dövlət borcu haqqında” Qanunda dövlət borcundan istifadə qaydalarını pozmağa görə qanunvericilikdə məsuliyyətin nəzərdə tutulması müddəası öz əksini tapmışdır. Dövlət borcundan istifadə qaydalarının pozulmasına görə həm cinayət, həm də inzibati məsuliyyət nəzərdə tutulur. Cinayət məsuliyyətinin maksimum həddi kimi külli miqdarda ziyan vurduqda, 3 ilə qədər azadlıqdan məhrumetmə inzibati xəta kimi təsnif edildikdə isə vəzifəli və hüquqi şəxslər üçün maksimum hədd 700 manata qədər cərimə nəzərdə tutulur. Bu, qanunun tətbiqi ilə əlaqədardır. Millət vəkillərindən layihəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Ziyad müəllim, əlavəniz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, layihəyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.46 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. İkinci oxunuşdur. Bu qanun layihəsi geniş müzakirə ediləcək. Layihəni təqdim etsinlər, yəqin müzakirələri gələn iclasda davam etdirərik. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Artıq qeyd olunduğu kimi, Milli Məclisin 2008-ci il iyunun 13-də keçirilmiş iclasında bu qanun layihəsi birinci oxunuşda qəbul olunmuşdur. Mən fürsətdən istifadə edib birinci oxunuş zamanı təkliflərini irəli sürmüş millət vəkillərinə təşəkkürümü bildirirəm. Sonradan biz Avropa Şurasının və Amerika səfirliyinin dəstəyi ilə birlikdə, o cümlədən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının təşkilatçılığı ilə bu qanun layihəsini yenidən müzakirə etdik, daha doğrusu, onun ictimai müzakirəsini təşkil etdik. Bu müzakirəyə Milli Məclisdə təklif və iradlarla çıxış etmiş millət vəkillərini dəvət etdik. Birinci oxunuş zamanı səslənmiş fikirlər, iradlar bir daha ictimai müzakirə zamanı həm beynəlxalq, həm də milli ekspertlərin, həm də bu qanun layihəsini işləyib hazırlayan işçi qrupunun rəhbərinin və üzvlərinin iştirakı ilə geniş müzakirə olundu.
Qanun layihəsində əks olunmuş müddəaların bir hissəsi milli qanunvericilikdə var, orada müəyyən olunub. Cinayət Məcəlləsində bu öz əksini tapıb. Bəzi müddəalar isə yenidir. Misal üçün, layihənin vacib komponentlərindən biri “benefisiar” anlayışı əks olunub və bu bizim qanunvericilik üçün yeni bir anlayışdır. Amma eyni zamanda, FATF-ın qırx tövsiyəsində müəyyən edilmiş anlayışa da tam uyğundur. Birinci oxunuşda biz qəbul etmişdik ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və digər əmlakın leqallaşdırılmasını və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni ixtisaslaşmış orqan – maliyyə monitorinqi xidməti həyata keçirir. Bizim qanun layihəsində maliyyə monitorinqinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılması göstərilir. Dünyada müxtəlif təcrübə mövcuddur. Bu təcrübə işçi qrupunda öyrənilib. Bütün ölkələrin təcrübəsi məlumdur. Belə qurum ya mərkəzi milli bankın və ya daxili işlər, ədliyyə, prokurorluq orqanlarının nəzdində, bir sıra hallarda isə müstəqil qurum kimi yaradılır. Bu məsələ artıq qəbul olunmuş və səs verilmişdir. Bu məsələ ölkə Prezidentinin səlahiyyətinə aiddir.
Qanun layihəsinin ikinci oxunuşu zamanı bir sıra təkliflər olmuşdur. Bizim həm beynəlxalq ekspertlərlə, həm də milli ekspertlərlə razılığa gələrək etdiyimiz əsas düzəliş 7.2.1-ci maddə ilə bağlıdır. Yalnız terrorçuluğun maliyyələşdirilməsi ilə deyil, eyni ilə cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri ilə və digər əmlakla əməliyyatlar edilməsi cəhdlərinin monitorinq prosesi əhatə olunur. Bu məsələ ilə bağlı fərqli fikirlərimiz olmuşdur. Amma nəticədə gəldiyimiz qərar bundan ibarətdir ki, 7.2.1-ci maddəyə düzəliş edilsin. Beynəlxalq ekspertlər tərəfindən bir sıra digər təkliflər də olmuşdur.
Amma bizim milli qanunvericiliyin xüsusiyyətlərini nəzərə alaraq biz onlara izah edə bildik və təklif olunan digər 5-6 düzəliş nəzərə alınmadı. Amma bu qarşılıqlı anlaşma şəraitində baş verdi.
Müzakirələr zamanı fikir səslənmişdi ki, “pul vəsaitlərinin leqallaşdırılması” və “terrorçuluğun maliyyələşdirilməsi” fərqli anlayışlar olmaqla, öz hüquqi mahiyyətinə görə iki müstəqil qanunla əhatə olunmalıdır. Bu, hətta qanunun adına da təsir edə bilən fikir idi. Bizim qanun layihəsində bu iki anlayış birlikdə verilib.
Bu məqamda ilk növbədə həmin əməllərin törədilməsində oxşar üsul və vasitələrin tətbiq olunması nəzərə alınmalıdır. Digər tərəfdən beynəlxalq praktikada belə presedent mövcuddur. Təsadüfi deyil ki, Avropa Şurasının konvensiyası da hazırda “Cinayət yolu ilə əldə olunmuş gəlirlərin yuyulması, axtarışı, həbsi, müsadirə olunması və terrorçuluğun maliyyələşdirilməsinə dair Konvensiya” adlanır. Təxminən 2000-ci ildən etibarən həmin qəbildən olan qanunlar da məhz bu formatda qəbul edilir. Müzakirə və mübahisəyə səbəb olmuş əsas məsələlərdən biri də qanun layihəsinə görə monitorinq olunmalı əməliyyatların valyuta çərçivəsidir. Bu çərçivə FATF-ın tövsiyələrinə və digər ölkələrdə qəbul olunmuş qanunlara görə 15 min avro məbləğindədir. Bizim qanun layihəsində bu limit 20 min Azərbaycan manatı məbləğində nəzərdə tutulub. Deyə bilərəm ki, bir qədər artım bizim müzakirələrin nəticəsində əldə olunmuşdur. Amma praktikada bütün ölkələrdə bu rəqəm 15-dir.
Digər bir məsələ vəkillər, notariuslar tərəfindən monitorinq və hesabat tədbirləri icra olunarkən vəkil və peşə sirrini təşkil edən məlumatların qorunması məsələsidir. FATF-ın 16-cı tövsiyəsinə uyğun olaraq vəkil və peşə sirrinin qorunması rejimini hər bir dövlət özü müəyyən edir. Layihənin 5.3-cü maddəsinə görə monitorinq tədbirlərinə dair müddəalar vəkil və peşə sirrini təşkil edən məlumatlara şamil edilmir.
Digər bir məsələ üzərində dayanmaq istəyirəm. Müzakirələr zamanı irəli sürülmüş cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və digər əmlakın mənşə ölkələrinə qaytarılması ilə bağlı fikirdir. Bu məsələ də ölkə daxilində qanun layihəsinin 20-ci maddəsi ilə, beynəlxalq əməkdaşlıq formatında isə dövlətlərin tərəfdar çıxdıqları hüquqi sənədlərlə tənzimlənir. Söhbət Polerma və Strasburq konvensiyalarından gedir.
Mən əsas etibarı ilə müzakirə olunmuş məsələlərin üzərində dayandım. Sonda bir daha vurğulamaq istəyirəm ki, belə qanunun qəbulu parlamentimiz, dövlətimiz üçün çox vacibdir. Bu qanunun qəbul olunması ölkəmizin reytinqinə təsir edən məsələlərdən biri olacaqdır. Mən başa düşürəm ki, müzakirələr maraqlı, ola bilər ki, tənqidi xarakterdə keçsin. Amma belə bir qanunun qəbul olunması ölkəmiz üçün çox zəruridir. İnanıram ki, biz bütün müzakirələrdən sonra qanunu qəbul edə biləcəyik. İşçi qrupunun rəhbəri, üzvləri, məsələ ilə bağlı dövlət orqanlarının nümayəndələri də Milli Məclisin iclasına dəvət olunublar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vaxtımız çox azdır, hesab edirəm ki, müzakirələrə bu siyahı ilə gələn iclasda başlayarıq. İndi xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Müzakirələri saxlayırıq gələn iclasa. Sağ olun.
 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi