2008-ci il 31 oktyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  92

Milli  Məclisin  iclas  salonu.
31  oktyabr  2008-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

R. Aslanlı, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini.
A. Salmanov, Azərbaycan Respublikası Milli Bankının Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət departamentinin Pulların yuyulmasına qarşı fəaliyyət şöbəsinin rəisi.
R. Məlikova, Azərbaycan Respublikası Milli Bankının Hüquq departamentinin müdiri.
F. Quliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisi.
Ş. Əsədullayev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisi.
B. Hacıyev, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hüquq şöbəsinin müdiri.
E. İsmayılov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti.

* * *

M. Cabbarov, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
M. Sadıqov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.
M. Vahabov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin baş idarə rəisi.
S. Nuriyev, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri.

* * *

V. Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
F. Quliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
2. Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adının dəyişdirilməsi, yeni işçi qruplarının yaradılması və mövcud işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
4. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
5. “Notariat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin layihəsi haqqında.

İclasda qəbul edilmişdir:

1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
2. Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
3. “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
4. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adının dəyişdirilməsi, yeni işçi qruplarının yaradılması və mövcud işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV

 

 

MİLLİ MƏCLİSİN  İCLASI

31  oktyabr  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerinizi tutasınız və qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 98
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik. Biz artıq gündəliyimizi təsdiq eləmişik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Cari məsələlərin müzakirəsi gündəliyi təsdiq edəndə olur. Buyurun, Yaqub müəllim.
Y. Mahmudov. Oqtay müəllim, mən Sizə çox böyük inamla müraciət edirəm. Əvvəla, təşəkkürümü bildirirəm ki, Siz ölkənin taleyüklü məsələlərində Milli Məclisin fəallaşmasına bilavasitə başçılıq edirsiniz. Ayrıca olaraq minnətdarlığımı bildirirəm ki, AŞPA-nın Sədrini də Qubaya apardınız və Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında çox böyük rol oynadınız.
Dünəndən bəri ziyalıların böyük bir qrupunda çox böyük narahatlıq, həyəcan var. O cümlədən Milli Məclisdə də bu narahatlıq var və ona görə istərdim, bu məsələni diqqətinizə çatdırım. Sizdən bu məsələdə kəskin, milli mənafeyimizə uyğun mövqe xahiş edirik.
Məsələ budur ki, Azərbaycanın tanınmış ziyalılarından biri, kinorejissor Rüstəm İbrahimbəyov, çox təəssüf, mətbuatda elə bir çıxış eləyib ki, bunu Azərbaycan xalqına arxadan vurulan çox ağır zərbədən başqa bir şey adlandırmaq olmaz. Mən heç şübhə etmirəm ki, bu, Qarabağ problemi ilə əlaqədar fəallaşma prosesində bizə xüsusi vurulan çox böyük zərbədir. Zərbənin mahiyyəti bundan ibarətdir ki, bu adamın fikrincə, Azərbaycanda ziyalı elitası yoxdur, Bakı tamamilə başqadır, Azərbaycan xalqı başqa. Bu gün Bakı adında şəhər, paytaxt yoxdur, keçmiş Bakı yoxa çıxıb və bu gün Azərbaycandakı uğurlardan da söhbət gedə bilməz.
Mən istərdim, parlamentdəki deputatların diqqətinə çatdırım ki, bu, dözülməz haldır. Ya burada bir təhrif var, tələb edirik ki, Rüstəm İbrahimbəyov təkzib versin, ya da, belədirsə, bizim sözümüzü, xahiş edirəm, Azərbaycana çatdırasınız. Deyir “В Азербайджане нарушен главный механизм, без которого нация жить не может. Каждая нация существует за счет своей элиты.” Elitanı isə təhlil eləyir və göstərir ki, Azərbaycanda elita yoxdur. Mahiyyət bundan ibarətdir ki, 1990-cı illərdə Bakının milyon yarım əhalisindən yarısı çıxıb gedib. Bu, ermənilərə təəssübkeşlikdən başqa bir şey deyil. Gedənləri “человек”, bura gələn 2 milyon əhalini isə “люди”, “толпа” adlandırır. Bu, Azərbaycan xalqına təhqirdir. Burada Bakını da Azərbaycandan tamamilə ayırır və bugünkü Bakını keçmiş Bakıdan tamamilə fərqləndirir.
Mən bir məsələni xüsusilə qeyd eləmək istəyirəm: “Страна без национальной элиты не имеет будущего.” Deməli, bizim milli elitamız yoxdur. “Потому что, механизм выбрасывает на верх власти не лучших, срабатывает семейные, денежные, региональные, коррупционные соображения.”
Mən belə hesab edirəm ki, bizim ölkəmizdəki mexanizm, cəmiyyətimiz hakimiyyətin zirvəsinə dünyada tanınan, Azərbaycan xalqının fəxri olan İlham Əliyev kimi böyük dövlət xadimini qaldırıb. Biz bununla fəxr edirik və bu məsələlərin hamısını, bizim inkişafımızı şübhə altına almaq, Bakını bütün Azərbaycana, camaatı isə bir-birinə qarşı qoymaq elmi cəhətdən də, siyasi cəhətdən də düz deyil.
Mən buradan Rüstəm İbrahimbəyova müraciət eləmək istəyirəm. Əgər Siz 1990-cı illərdə gedən ermənilərin təəssübünü çəkirsinizsə, onu da xatırlayın ki, vaxtilə İrəvan Cənubi Qafqazın ziyalı mərkəzlərindən biri idi. İrəvanda azərbaycanlıların ali məktəbi, gimnaziyaları, teatrı var idi, ora bizim mədəniyyətimizin mərkəzi idi. Dünən, srağagün ermənilər gəlib ora doldular, bəs onların elitası hara getdi? Nə səbəbə bunlar qeyd olunmur? Nə üçün biz Bakıdan gedən ermənilərin təəssübünü çəkməliyik? Bakı həmişə xalqlar dostluğunun meydanı olub, biz bu gün də bununla fəxr edirik. Mən qəti surətdə buna etiraz edirəm. Rüstəm İbrahimbəyov qoy yazsın ki, Bakı Azərbaycanın həmişə – yüz illərlə paytaxtı olub.
1918-ci ildə Bakıda 14 min cənazə bir gündə qaldırılıb. Nə üçün? Bakını azərbaycanlılardan təmizləməkdən, Pyotrun siyasətini həyata keçirməkdən ötrü. Ona görə Stalin deyirdi ki, Bakı ayrı şeydir, Azərbaycan ayrı, Bakının Azərbaycana dəxli yoxdur, Azərbaycan feodal-patriarxal ölkədir.
Bakı həmişə Azərbaycanın paytaxtı olub. XIX əsrin ortalarında Bakıda bir neçə erməni yaşayırdı. Neft sənayesi inkişaf edəndən sonra bura ermənilər və digər xalqlar gəlib. Biz bunun əleyhinə deyilik, amma onu demək istəyirik ki, tarixən Bakıda yaşayan əhalinin böyük əksəriyyəti azərbaycanlı olub. Bu gün mən Bakı camaatına minnətdarlığımı bildirmək istəyirəm. 1918-ci ildə Nuru Paşanın xilaskarlıq əməliyyatında Binəqədi, Maştağa, Buzovna camaatı, türk camaatı Azərbaycan paytaxtını ermənilərdən təmizləməkdən ötrü böyük əmək sərf eləyiblər.
Srağagün Müslüm Maqomayev Bakıda dəfn olundu. Müslüm Maqomayevi yüksək səviyyədə son mənzilə yola salan kimlər idi? Dünyanın ən tanınan sənətkarları, bizim elitamız idi. Azərbaycanın bu gün çox qüdrətli elitası var. Mən Bakının Azərbaycana qarşı qoyulmasına kəskin etiraz edirəm, çünki Bakının özünün də belə fikri yoxdur. Mən kəskin etiraz edirəm. Ermənistandan camaatı bura sürgün eləyəndə onlar hara getməli idilər?
Hörmətli Oqtay müəllim, mən bir tarixi faktı bu gün Sizin diqqətinizə çatdırmaq istəyirəm. Müharibə dövründə Azərbaycanın camaatını köçürmək məsələsi ilə bağlı Stalin dekret imzaladı, Bağırov onu dayandırdı. Amma 1948–1953-cü illərdə Mikoyan və başqaları buna nail oldular. Bizim qədim torpaqlarımızdan – Qərbi Azərbaycandan bütün azərbaycanlıları Muğana sürgün elədilər, burada qırdırdılar. Bakının elitasından ötrü ağrı çəkən Rüstəm İbrahimbəyova bildirmək istəyirəm ki, ermənilər bundan sonra da dayanmadılar. Cənubi Azərbaycandan, Təbrizdən bura gələn camaatımız var idi. Dedilər ki, onlar da qayıdıb İrana getməlidirlər. Onları qaytardılar, şahlıq rejimi də onları orada qırdırdı, məhv elədi. Tarixən Bakının sərvətini ələ keçirməkdən ötrü əhalisini qırıblar ki, buranı Azərbaycandan ayırsınlar. 1993-cü ildə ulu öndərimiz Heydər Əliyev gəlməsə idi, yenə də həmin plan reallaşmaq üzrə idi. İstəyirdilər ki, Bakı, neft, Xəzər bizdən ayrılsın, o biri tərəflər də ermənilər və o biri qonşular arasında bölüşdürülsün.
Ona görə də mən Rüstəm İbrahimbəyova müraciət edirəm, ya buna təkzib versin, yaxud da ermənilərlə birlikdə kino çəkirsə, onlarla iş birliyi varsa, bunun Azərbaycana dəxli yoxdur. Mən Azərbaycanda belə bir ziyalı tanımıram, ona görə biz buna reaksiya verməliyik.
Hər dəfə bu cür şeylər olur, deyirik ki, buna fikir vermə, ona fikir vermə. Ona görə şəxsən mən Sizə müraciət edirəm və xahiş edirəm ki, bu məsələnin müzakirəsində ziyalılara söz verəsiniz, fikirlərini desinlər. Biz buna ən sərt şəkildə münasibətimizi bildirməliyik. Nəyi çatmır? Azərbaycan Rüstəm İbrahimbəyov üçün hər şey eləyib. Verilməyən adlar yoxdur. Bundan qabaq başqa bir ziyalımız da Azərbaycana xəyanət elədi. Ev bir tərəfdə, başqa şey digər tərəfdə, ad bu yanda, ofis İçərişəhərdə, daha Azərbaycan bunun üçün nə eləməlidir? Nə sayaq o, ermənilərə xidmət eləməlidir? Mən buna qəti etirazımı bildirirəm və xahiş edirəm, buna reaksiya verilsin. Sağ olun.
Sədrlik edən. Biz bu çıxışlara vaxt ayırsaq, gündəlikdəki məsələlərin müzakirəsi qalır bir tərəfdə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, söhbət elitadan, alimlərdən gedirsə, onda icazə verin, alimlərdən başlayaq, sonra digərlərinə söz verək. Asəf Hacıyev buyursun.
A. Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Mən də bu yazını diqqətlə və çox təəssüflə oxudum. Bilirsiniz, orada belə bir cümlə var ki, şəhərin 1 milyon yarımlıq əhalisinin yarısı köçdü, getdi və 2 milyon yeni insan gəldi. Bəli, o 2 milyonun içərisində mən də varam. Mənim həyatım elə gətirdi ki, həyatımın 16 ilini Moskvada, 6–7 ilini Avropanın müxtəlif yerlərində yaşadım. Rüstəm müəllim Bakını tərk edib Moskvaya gedəndə, mən də Moskvanı tərk etdim, Bakıya gəldim. Bilirsiniz, bu gün mənim də Moskvadan heç xoşum gəlmir. Çünki mənim zamanımda olan Moskva mənəvi, mədəni, elm və təhsil baxımından tamamilə fərqli bir şəhər idi. Amma mən heç də bununla onu demək istəmirəm ki, bu, kimlərinsə oradan bura gəlməsi və kimlərinsə buradan ora getməsi ilə bağlıdır. Nəhəng SSRİ dövləti dağıldı, yeni transformasiya prosesləri başladı.
Bəli, Azərbaycanda hər zaman elita olub. Azərbaycanın elitasının kökü məhz Nizamidən başlayır və XX əsrdə də olub. Sadəcə, bir misal gətirəcəyəm. İki gün bundan öncə Azərbaycanın dahi oğlu, böyük sənətkar, müğənni, bəstəkar, şəxsiyyət Müslüm Maqomayevi son mənzilə yola saldıq. Amma baxın, biz bunu hansı şəkildə etdik? Bu işin təşəbbüskarı kim idi? Cənab Prezident. Ancaq elitar xalq və onun başında duran elitar Prezident belə bir mərasimi təşkil eləyə bilərdi. Mən çox təəssüflə qeyd etmək istərdim ki, Azərbaycanın bir çox ziyalılarını orada görə bilmədim. Əgər amerikalılar Presli ilə, ingilislər Elton Conla, italyanlar Pavarotti ilə fəxr edirlərsə, biz də deyirik ki, bu sırada bizim Müslüm Maqomayevimiz var. O, Azərbaycan xalqının elitar nümayəndəsi olub. Azərbaycanda hər zaman elita olub və bu gün də var.
Bir məsələyə toxunmaq istəyirəm. Yaqub müəllim də dedi, orada bir cümlə var: “Mеханизм выбрасывает на верх власти не лучших”. Bilirsiniz, ölkənin bir Prezidenti var, bu yaxınlarda da seçki keçirildi. Mən hesab edirəm ki, bu, tarixi bir seçki idi. Nə üçün? Baxın, bizdən öncə Gürcüstanda və Ermənistanda seçkilər oldu. Nə ilə nəticələndi? Onunla nəticələndi ki, fövqəladə vəziyyət elan olundu və hətta Ermənistanda 8 adam tələf oldu. Amma Azərbaycanda şəffaf, demokratik seçkilər keçirildi. Niyə? Çünki Azərbaycanda ən elitar ailənin nümayəndəsi Prezident seçildi. Amma Azərbaycan xalqı Prezidentə yalnız o ailənin nümayəndəsi olduğu üçün səs vermədi, həm də onun gördüyü işlərə qiymət verdi.
Belə bir fikir var, cəmiyyətin aparıcı gücü ondan ibarətdir ki, cəmiyyətin üzvləri bir-birinin uğurlarına sevinə bilirlər. Azərbaycan xalqı səsini ona görə cənab İlham Əliyevə verdi ki, o, Azərbaycanda hər bir vətəndaşın uğuruna sevinir və onu qiymətləndirir. Bunu onun imzaladığı sərəncamlardan və qərarlardan görmək olar.
Mən çıxışımın sonunu ümidlə bitirmək istəyirəm. Ümidvaram ki, Rüstəm İbrahimbəyov çıxışına açıqlıq gətirəcək, nə demək istədiyini izah edəcək, çünki axırda yazır ki, o, Bakını sevir. Mən inanıram ki, o, Bakını sevir. Amma hesab edirəm ki, Azərbaycan xalqı haqqında belə çıxışlar eləməyə heç kəsə imkan verilməməlidir. Tutduğu vəzifəsindən asılı olmayaraq, kimsə Azərbaycan xalqının əleyhinə belə sözlər deyə bilməz. Çox sağ olun.
Sədrlik edən. Bir xahişim var, gəlin, çıxışları 3 dəqiqə eləyək. Vaxt çatan kimi saxlayacağam. Fəzail İbrahimli, buyurun.
F. İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Bu gün Azərbaycanın mədəniyyətinə, mənəviyyatına, dininə hər tərəfdən kifayət qədər hücum var. Müstəqilliyimizə qarşı şimaldan, cənubdan, qərbdən, şərqdən yad nəzərlər dikilib. Dünyanın bütün dövlətləri Azərbaycanın haqq işinə ikili standartlarla yanaşırlar. Belə olan tərzdə bizim hər birimizdən, xüsusilə ziyalılardan çox böyük məsuliyyət tələb olunur.
Mən fikrimə keçməzdən əvvəl haşiyə çıxım. Qəzetlərin birində parlamentdə deputat fəaliyyətsizliyi ilə bağlı yazı çıxmışdı. Burada bizim çox hörmətli ziyalımız Maqsud İbrahimbəyov haqqında da fikir var idi. Bəlkə də Maqsud müəllim mənim adımı indi də bilmir, amma mən buna dözmədim və “525-ci qəzet”də çıxış etdim, ziyalılarımıza qarşı belə mövqedə durmamağı tövsiyə etdim. Qeyd etdim ki, onun Azərbaycan mədəniyyətində qoyduğu iz kifayətdir ki, onun haqqında bu gün yaxşı sözlər deyək. Amma bu sözləri oxuyanda təəssüf hissi keçirdim.
Mənim həmkarlarım çox yaxşı bilirlər ki, dövlətçiliyimizlə, xalqımızla bağlı olan bütün məsələlərdə mən öz iradəmi ortaya qoymuşam. Birinci, Bakının demoqrafik tərkibinin dəyişilməsi təəssüf hissi ilə qeyd edilir. 1,5 milyon əhalisi olan zaman Bakı xoşbəxt idi. Ancaq bunun tarixinə, fəlsəfəsinə fikir verəndə, o vaxt Bakı qızıl teştə bənzəyirdi.
Fikrimi faktlarla əsaslandırmaq istəyirəm. Şura hökuməti gələn zaman Sarkisin rəhbərliyi altında müsadirə kampaniyası başlandı. Azərbaycanda bütün ziyalılar qeydiyyata alındı, evlər müsadirə edildi, ən elit evlərdə ermənilər yerləşdirildi. Demoqrafik tərkibin dəyişməsi prosesinin əsası onda qoyuldu. 1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər 48 min azərbaycanlı güllələndi. Bax, o idi demoqrafik tərkibin dəyişməsi. İkinci mərhələdə, 1926–1929-cu illərdə Azərbaycanı “üçlər” idarə edirdi: Ağaverdiyev, Əliheydər Qarayev, Mirzoyan. O iki azərbaycanlının adı var idi, idarə edən Mirzoyan idi. Bakının demoqrafik tərkibini dəyişmək üçün hər birinizə məlum olan “ermənikənd” yaradıldı. Ermənistandan və Dağlıq Qarabağdan ermənilər ora köçürüldü. Bax, demoqrafik tərkib onda dəyişdi. Bakının 1,5 milyon əhalisi olanda yalnız Bakının kəndlərində bakılılar ev-eşiklərində rahat yaşaya bilirdilər. Şəhərin ən elit yerlərində...
Sədrlik edən. Fəzail müəllim, bir dəqiqə vaxt verirəm, amma bir xahişim var, çıxışları 3 dəqiqəyə yekunlaşdırın. Özü də mənə belə gəlir ki, siz toplaşıb iclas keçirmisiniz, nə etmisiniz, başa düşə bilmirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail İbrahimliyə bir dəqiqə vaxt verin.
F. İbrahimli. Mənə elə gəlir ki, Rüstəm İbrahimbəyov kimi tanınmış, böyük ziyalımızın hər hansı bir fikri Azərbaycan haqqında mənfi rəy formalaşdıra bilər. Bizdə təəssüf doğuran odur. Deyilənlərə qoşuluram, “Azərbaycanda elita yoxdur”, “demoqrafik tərkib pozulub”, “Azərbaycanın bu gün, ümumiyyətlə, hər şeyi dəyişib” xarakterli məsələlərə, güman edirəm ki, bir aydınlıq gəlməlidir. Milli Məclisdə hər bir ziyalının bu məsələ ilə bağlı narazılığını ifadə etməyə haqqı var, onlardan biri də mənəm. Oqtay müəllim, güman edirəm ki, bu, kifayət qədər ciddi məsələdir və biz bu məsələ ilə bağlı bir aydınlıq gözləyirik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Görək, Pənah Hüseyn nə deyir. Buyursun.
P. Hüseyn. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən həmişə həqiqət tərəfdarı olmuşam, ona görə nəzərinizə çatdırıram ki, o yazını oxumamışam. Amma burada deyilən fikirlərə diqqətlə qulaq asdım və indi yoldaşlarımızın əlində olan seçmələrə baxdım. Azərbaycan xalqı haqqında, milli oyanış və dirçəliş dövründə ölkədə gedən proseslər haqqında, o cümlədən Bakıda gedən milliləşmə ilə əlaqədar məsələlər haqqında kim nə deyir-desin, şübhəsiz, bu, qəbul edilən deyildir. Burada hansısa bir linç məhkəmə qurmağa ehtiyac yoxdur, amma hər bir kəs, şübhəsiz ki, özünün milli şüurundan, milli heysiyyatından çıxış edərək bu məsələləri qəbul etmədiyini bəyan edə bilər.
Azərbaycanda elə proseslər baş verib ki, bundan nəinki bizim öz ziyalılarımız və bizim içərimizdən çıxan bəzi şəxslər, hətta düşmənlərimiz belə şüurlu şəkildə istifadə edirlər. Məsələn, burada deyilir ki, bizi rüşvətlə qarşılayırlar. Mən hələ müxalifətin dediklərini kənara qoyuram, aeroport barədə Heydər Əliyevin dedikləri sizin yadınızdan çıxıb? Məşhur bir iclas keçirildi və ondan sonra hansı hadisələr baş verdi? Düzdür, o sahədə, şübhəsiz ki, müəyyən qədər irəliləyişlər oldu, amma həmin vəziyyət yenə də qalmaqdadır. Mən çox ölkədə olmasam da, bəzi ölkələrdə olmuşam və gömrük sistemindən, sərhəd xidmətindən keçmişəm. Keçən il biz Gürcüstana gedəndə istər gürcü tərəfdə, istərsə də bizim tərəfdə hansı vəziyyətin olduğunu görmüşük.
Mənim demək istədiyim bundan ibarətdir ki, Azərbaycan xalqı dünyanın ən müasir mədəniyyəti səviyyəsində yaşamağa layiqdir. Bu barədə istər öz içimizdən, istərsə də xaricdən kim nə deyir-desin, onlara qarşı bizim ortalığa qoymağa dəlillərimiz, sübutlarımız, əsaslarımız, elmi fikirlərimiz və haqlarımız vardır. Mənə elə gəlir ki, bu barədə xüsusi bir həyəcana düşməyə də ehtiyac yoxdur. Xalqımızın mədəniyyəti, tarixi, gələcəyi, potensialı barədə doğru olmayan hər hansı qərəzli fikir ayrı bir məsələdir. Amma indi ölkədə bərqərar olmuş bəzi cəhətlə, bir qrup şəxsin, bir qrup oliqarxın, bir qrup siyasətçinin, bir qrup hakim siyasi elitanın yaratdıqları, şübhəsiz, Azərbaycan xalqının sifəti deyildir. Əgər bu deyilən tənqidlər həmin sifətləri daşıyan dairələrə yönəlibsə, mən hesab eləyirəm ki, o haqlıdır. Burada yüzdə-yüz bizim özümüzün də dediyimiz və tərəfdar olduğumuz cəhətlər vardır. Amma bunların Azərbaycan xalqının sifətləri olduğunu güman eləmək, iddia eləmək heç bir halda qəbul olunmaz və bunları bir-birindən ayırmaq lazımdır.
Nəhayət, Rüstəm İbrahimbəyov bizim çox böyük ziyalımızdır. Müslüm Maqomayev və digərləri kimi bizim dünya mədəniyyətinə bəxş elədiyimiz ziyalılarımızdan biridir. Mənə elə...
Sədrlik edən. Pənah bəy, qurtardıq, vaxtınız bitdi. Birincisi, qulaq asın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. O, deyəsən, sənin mədəniyyətindir. Belə danışma, xahiş eləyirəm, otur yerində, söz də verdik. Oxumadığın şey haqqında danışırsan. Söhbət ondan gedir ki, deyirlər, aeroportda sürücülər muzd alırlar. Bundan istifadə eləyib, başqa cür danışırsan. Özü də xahiş eləyirəm, sözünə fikir ver, mədəniyyətsiz özünsən. Mən hörmət eləyənəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Otur yerinə. Buyurun, Bəxtiyar Əliyev.
B. Əliyev. Hörmətli Sədr, hörmətli deputat həmkarlar! Burada çox vacib olan bir məsələyə toxunulur. Oqtay müəllim, çox xahiş eləyirəm, bizi də bir az səbrlə dinləyəsiniz, biz də öz sözümüzü deyək. Mən bu məsələ ilə bağlı bəzi mövqeləri başa düşə bilmirəm. Yəni burada söhbət millətdən, dövlətdən, millətin, dövlətin imicindən gedir. Ən ağrılısı odur ki, sənin millətinin içərisindən çıxmış bir adam millət və dövlət haqqında eybəcər sözlər desin və sənin düşmənlərin də bundan yararlansın və əleyhimizə istifadə eləsin. Kimsə bakılıdır, “bakinesdir”, kimsə “bakines” deyil və sair bu cür fikirlər söyləmək doğru deyil. Bu zalda əyləşən elm, mədəniyyət, incəsənət xadimlərinin, siyasətçilərin, şairlərin, yazıçıların hərəsi Azərbaycanın bir dilbər guşəsindəndir. Bunlar kimlərdir, bu xalqın övladları deyilmi? Bunlar Azərbaycanı dünyada tanıdan, Azərbaycan xalqını öz ardınca uğurlara aparan insanlar deyilmi? Onların hamısına ləkəmi atılmalıdır?
Şuşa Azərbaycanın qədim şəhəridir, Şuşanın böyük mədəniyyəti var. Şuşa işğal olunanda, oradakı əhali Bakıya gələndə bu insanlar harada idilər? Niyə səslərini çıxarmır, onarın faciəsindən yazmırdılar? Niyə bir səhnə əsərini ortalığa qoymurlar? Amma deyirlər ki, onlar şəhər həyatına uyğunlaşmamış insanlardır. Bəs bizim mədəniyyətimizə kölgə salmaqda məqsəd nədir? İnsanlarımız qırılanda, torpaqlarımız işğal olunanda, qaçqınlarımızın, köçkünlərimizin, ziyalılarımızın buna ürəyi dözməyib dayananda, həlak olanda, onların səsi niyə çıxmırdı?
Millət haqqında belə sözlər demək, mənə elə gəlir ki, heç bir ziyalıya yaraşmır. Xidmətindən asılı olmayaraq, heç kim xalq, millət, dövlət haqqında belə şeylər yazmalı deyil, belə şeylər deməli deyil. Bunların hamısı böhtandır. Bu özümüzə qarşı bir xəyanətdir. Mən hesab eləyirəm ki, millət qarşısında xidmət göstərmək, millətə qiymət vermək, millətin və dövlətin qədrini bilmək lazımdır. Biz müstəqilliyimizi təzə əldə etmiş dövlətik. İndi bu cür yazılarla nəyə xidmət edirik?
Mən o yazını başdan-ayağa oxudum. O fikirləri ki Rüstəm İbrahimbəyov səsləndirib, onların müsahibənin mövzusuna, ümumiyyətlə, heç bir aidiyyəti yoxdur. Göydəndüşmə kimi, birdən-birə belə bir fikir söyləyir. Məndə çox qəribə hisslər yarandı ki, bu adam bunu şüurlu surətdə, yoxsa dərk etmədən deyir. Yoxsa sifarişlə bunları söyləyir? Əlbəttə, belə şeyləri oxuyanda mən də bu faciələrimizi görmüş bir ziyalı, bir insan...
Sədrlik edən. Mən üzr istəyirəm, çıxışlara 3 dəqiqə vaxt vermişəm. Xahiş edirəm, buna əməl edin, çünki bizdə mədəniyyətli adamlar çoxdur, 3 dəqiqədən çox olanda narazı qalırlar. Nizami müəllim, buyurun.
N. Cəfərov. Oqtay müəllim, çox sağ olun. Mən də düşünürəm ki, bu cür məsələlərə mütləq bizim parlamentin reaksiyası olmalıdır. Biz ziyalı söhbətini çox eləyirik. Yəni bu gün Azərbaycanda və dünyada belədir. Kimsə düşünə bilirsə, yazı-pozu bilirsə, istər-istəməz belədir, yəni bu ölçü-biçi texnologiyası dəyişib. Rüstəm İbrahimbəyov kifayət qədər ciddi yazıçıdır. Mən Rüstəm İbrahimbəyovu heç vaxt böyük yazıçı hesab eləməmişəm. Özü də mən ədəbiyyat adamıyam, bir az başım çıxır. Azərbaycan xalqından üzr istəməlidir.
1990-cı illərin əvvəllərindən bu ideya həmişə səslənibdir. Özü də həmişə dağıdıcı və parçalayıcı – Bakını daim Azərbaycandan ayırmaq məzmununda olub. Bilirsiniz ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində də bu məsələ var idi. Bu mənada, mən düşünmürəm ki, bunu Rüstəm İbrahimbəyov təsadüfən söyləyibdir. Düşünülmüş bir məntiq, düşünülmüş bir fikirdir. Özü də çox dağıdıcı bir səviyyədədir, çox dağıdıcı bir düşüncə tipidir. Bilirsiniz necədir, bizim böyük, tanınan ziyalılarımız dünya miqyasına çıxan insanlarımız çox zaman xalqımızı tanımadan çıxırlar, xalqının hadisəsi kimi çıxmırlar. Ona görə də bax, belə bir problemlər meydana çıxır.
Yaqub müəllim bu barədə geniş izahat verdi, digər deputatlar da danışdılar. Hər halda mən fikirləşirəm ki, əgər Rüstəm İbrahimbəyov bunu təsadüfən deyibsə, yaxud bu, təsadüfi hissiyyatların nəticəsidirsə, mütləq üzr istəməlidir. Yəni bizim xalqımızın artıq səviyyəsi, imkanları belədir. Bakı o dərəcədə Azərbaycan şəhəridir ki, istər-istəməz xalq öz şəhərini mənəvi baxımdan müdafiə eləyə bilər. Bir də bu tipli söhbətlərə bizim xalqımız yol verməyəcək. Bu mənada Rüstəm İbrahimbəyov, həqiqətən, hiss eləyirsə ki, azərbaycanlıdır, – çünki onu dönə-dönə deyir, – onda mənsub olduğu millətdən, etnosdan üzr istəməyə gücü çatmalıdır. Çatmalıdır, üzr istəməlidir və bu bir nümunə olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Deməli, artıq 32 dəqiqə keçib.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İqbal Ağazadə, bir dəqiqə. Biz bu mövzuya ayrıca vaxt ayıra bilərik. Bizim qonaqlarımız da var. Bir dəqiqə, xahiş eləyirəm, mənə də qulaq asın. Mən reqlamenti ziyalı, ağsaqqal xahişi ilə pozdum. Danışdıq, sözlərimizi dedik. Bu məsələ haqqında fikir mübadiləsi apara bilərik. Mən də hesab eləyirəm ki, Azərbaycan xalqı böyüyündən kiçiyinə qədər hamısı elitadır. Xalqını sevən insan onun kəndlisinə də, şəhərlisinə də, böyüyünə də, kiçiyinə də qiymət verməlidir. Yəni bu bizim üçün meyardır. Millətini sevən hər bir insanın meyarıdır.
Azərbaycanın çətin günlərində, o etnik təmizləmə, qaçqınlar olan dövrdə Azərbaycanın yanında olan insanlardır ziyalılar. Azərbaycan ziyalıları, Azərbaycan xalqı həmişə bir olub, bir də olacaq. Hər yerdən bizə şərlər də atacaqlar. Mən yüz faiz əminəm ki, bu məsələdən ermənilər istifadə eləyəcəklər, deyəcəklər ki, bu məsələ araşdırılmalıdır, nə bilim, nədir. Ortaya çox məsələlər çıxacaq. Ona görə, əgər lazımdırsa, sonra bu məsələləri bir də müzakirə edə bilərik. İndi xahiş eləyirəm, heç kəs inciməsin, çünki görürəm ki, hamı çıxış eləmək istəyir. Burada qonaqlarımız da var. Sonra, lazım olarsa, günün axırında bu məsələni bir də müzakirə eləyərik. Amma indi gündəlikdəki məsələlərin müzakirəsinə keçirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən dedim ki, günün axırında müzakirə eləyərik. Əkrəm müəllim, günün axırında bu barədə danışarıq, gündəlik var. Artıq yarım saat keçdi.
Gündəliyin 12-ci məsələsinin müzakirəsi gedirdi, Əli müəllim çıxış elədi, indi İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə buyursun.
Z. Səmədzadə. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr!
Sədrlik edən. Bir dəqiqə. Biz demişik, çıxışlar siyahı ilə gedir, kim istəyirsə, yenə yazıla bilər. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Açığını deyim ki...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İmamverdi İsmayılov, xahiş edirəm...
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Açığını deyim ki, mən də çıxış etmək istəyirdim, ancaq Oqtay müəllimin təklifi çox dəyərlidir. Yəqin, bu müzakirə sonra davam etdiriləcək. Amma mən bizim hörmətli alimimiz Yaqub Mahmudovun fikirlərini birmənalı şəkildə dəstəkləyirəm və vaxt olarsa, bu barədə daha ətraflı danışa bilərik. Həyəcanımı da nəzərə alın, ona görə mən çox qısa danışacağam.
Keçən iclasda hörmətli Əli müəllim Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun layihəsi ilə əlaqədar kifayət qədər ətraflı məlumat verdi. Qanun layihəsi, həqiqətən, zəruridir və Azərbaycanın müasir mərhələdə inkişafına, dünyaya uğurla inteqrasiyasına xidmət edir. Qanun layihəsinin bir çox müsbət cəhətləri var. Təbii ki, İqtisadi siyasət daimi komissiyasında bu məsələ müzakirə olundu və bir sıra təkliflər verildi.
Hörmətli Oqtay müəllim, mənim təklifim ondan ibarətdir ki, biz qanun layihəsi üzərində daha ciddi işləməliyik. Hörmətli Əli müəllim də dedi, qanunun bir sıra maddələri narazılıq doğurur, mübahisələr, əlavə müzakirələr tələb edir. Onlardan biri də 7-ci maddədir. Mən hesab edirəm ki, bu, qanun layihəsinin ən çox narazılıq doğuran maddələrindən biridir. Biz bu qanun layihəsi üzərində nəinki müzakirələr aparmalıyıq, eyni zamanda, müasir mərhələdə Azərbaycanın bank sektorunda, beynəlxalq əməliyyatlarda baş verən proseslər, o əməliyyatların dinamikası, strukturu, məbləği, qruplaşdırılması haqqında kifayət qədər məlumatlar əldə etməliyik ki, həmin qanun qəbul edildikdən sonra onun icrası nəticəsində Azərbaycanda sahibkarlığın, investisiya mühitinin inkişafına maneçilik törədilməsin.
Azərbaycan bu gün qloballaşma şəraitində korrupsiyaya qarşı mübarizə aparır. Mən deyərdim ki, inzibati orqanlar arasında koordinasiya işi çox səmərəli təşkil olunmuşdur. Ona görə də bir iqtisadçı kimi heç istəməzdim ki, gələcəkdə Azərbaycanda yeni bir maliyyə nəzarəti orqanı yaradaq. Hesab eləyirəm ki, bu gün dünya ölkələrinin təcrübəsinə nəzər salmaq lazımdır. Müxtəlif ölkələrdə bu, müxtəlif idarə strukturlarına həvalə edilib. Amma bu gün Azərbaycanda Daxili İşlər Nazirliyi, prokurorluq və Ədliyyə Nazirliyi arasında olan koordinasiya imkan verir ki, xüsusi, ayrıca bir orqanın yaradılmasına ehtiyac qalmasın. Azərbaycan cəmi 17 ildir ki, müstəqil dövlətdir. Bu müstəqillik illərində biz bank, maliyyə sektorunda bəlkə də onilliklərə bərabər nailiyyətlər əldə etmişik. Ona görə də bu gün və ya gələcəkdə fəaliyyət göstərən bu və ya digər strukturun tərkibində belə bir orqanın yaradılması daha yaxşı nəticə verərdi.
Komissiyada müzakirə zamanı millət vəkilləri bildirdilər ki, “cinayət yolu ilə əldə edilmiş pul” və “kölgə iqtisadiyyatı” anlayışı bir qədər qaranlıq qalır. Hansı yollarla yığılmasından asılı olmayaraq, bu qanun həmin pulları məhv edə bilər. Kölgə iqtisadiyyatı vasitəsi ilə əldə edilmiş həmin pullar Azərbaycanın emal sənayesinə, qeyri-neft sektoruna, kənd təsərrüfatı məhsullarının emalı ilə əlaqədar müəssisələrin tikilməsinə sərf oluna bilər. Lakin qanun qəbul edildikdən sonra belə pullar qeydiyyata düşəcək, uçota alınacaq və bundan sonra yeni problemlər yaranacaq.
Hörmətli Oqtay müəllim, mən Sizə məlumat vermişdim ki, dünyanın bir çox ölkələrində bu qanunun tətbiqi bir müddət sahibkarlığın inkişafında investisiya mühitinin pozulmasına gətirib çıxarmışdır. Hesab eləyirəm ki, müzakirələr prosesində hörmətli Əli müəllimin etdiyi təkliflər, eləcə də, Milli Bankın bu məsələyə düzgün yanaşması imkan verəcək ki, biz gələcəkdə bu qanunun üzərində əlavə işlər aparaq və qanunun təkmilləşməsinə nail olaq. Düzdür, Azərbaycan müstəqilliyin bu 17 ilində çox böyük inkişaf yolu keçib, lakin bizim qabaqda görüləsi işlərimiz çoxdur. Hesab edirəm ki, Azərbaycanın şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə proqramının həyata keçirilməsi istiqamətində əldə etdiyi uğurlar bu istiqamətdə də görülən işlərin daha da təkmilləşməsinə imkan verəcəkdir.
Hörmətli Oqtay müəllim, mən yenə də təkrar edirəm, artıq biz komissiyada işçi qrupu yaratmışıq. Milli Bank və digər qurumlarla, eləcə də hörmətli Əli müəllimin komissiyası ilə birlikdə bu qanunun üçüncü oxunuşa çıxarılması üçün əlavə işlər görülməsini planlaşdırırıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Keçən iclasda siyahı var idi. O siyahı ilə davam edək, arxasınca təzə siyahı gələcək. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Təşəkkür edirəm, cənab Sədr. Bu qanunun qəbulu Azərbaycanın Terrorizmin maliyyələşməsi ilə mübarizə haqqında beynəlxalq Konvensiyaya qoşulan zaman öz üzərinə götürdüyü öhdəliklərin tələbindən irəli gəlir. Eyni zamanda, bu qanunun qəbul edilməsi beynəlxalq aləmdə Azərbaycanın reytinqinə də müsbət hallar gətirmiş olar. Ona görə ki, burada qaldırılan iki məsələ – həm bilavasitə çirkli pullarla, həm də terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı məsələlər bir-biri ilə qarşılıqlı surətdə əlaqədar olmaqla bu gün Azərbaycanda yox, bütövlükdə dünyada çox aktual və qlobal xarakter daşıyır. Azərbaycanın da, təbii ki, bura qoşulması indiyə qədər tərəfdar çıxdığı beynəlxalq konvensiyaların məntiqindən irəli gəlir.
Amma bu qanunun bir sıra ölkələrdə qəbulundan sonra əmələ gələn proseslər praktikasında, eyni zamanda, bu qanunun məzmunundan çıxış edərək demək olar ki, onun bu formada qəbul edilməsi Azərbaycanı bir sıra ciddi risklərlə üzbəüz qoya bilər. Hesab edirəm ki, bu risklər Azərbaycanın həm indiki dövrü, həm də gələcəyi üçün bir sıra problemlər yarada bilər. Ona görə də mən çıxışımda bənd-bənd bəzi məqamları deyəcəyəm. Mümkün olanları qanunun əhatəsinə salaq, mümkün olmayanları qanunaltı sənədlərdə nəzərə alaq. O da mümkün olmasa, yaddaşımızda nəzərə alaq və etməyək.
Bu nöqteyi-nəzərdən birinci, qanunun başlığından başlayıram. Qanunun başlığı və məzmunu məhkəmə qərarı olmadan şübhəli adamı cinayətkar elan edir. Hesab edirəm ki, bu barədə Milli Bankın saytında olan sənədlərdə qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitinin və digər əmlakın leqallaşdırılmasının qarşısının alınması kimi göstərilir. Məndən sonra çıxış edən hüquqşünaslar bunun detalına vararlar.
İkinci şübhəli məsələ, hesab edirəm ki, burada nisbi xarakter daşıyır. Ona görə də hesab edirəm ki, birinci, qanunun adının dəyişdirilməsinə, ikinci isə 7-ci maddəyə 7.2.5-ci maddənin əlavə edilməsinə ehtiyac var. Maliyyə monitorinqi orqanı tərəfindən əməliyyatların şübhəli olmasını şərtləndirən əsaslar işlənib hazırlanmalıdır. Bu olmasa, istənilən məqamlar şübhəli hesab ediləcək. Bu əsaslar mütləq işlənib hazırlanmalıdır. Ümumi şəkildə qanunda, detallaşdırılmış şəkildə isə qanunaltı qərarlarda bu öz əksini tapmalıdır.
Digər məsələ. Qanunun preambula hissəsində bildirilir ki, bu qanunda nəzərdə tutulan məqamlar dövlətin və cəmiyyətin maraqlarını ifadə edir. Qanunun məzmunu ilə tanış olan hər bir adam bilir ki, burada dövlətin və cəmiyyətin maraqlarından daha çox xüsusən son dövrlərdə bayağılaşdırılmış və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı proseslərin daşıyıcılarının maraqlarına xidmət edir. Əvvəl daha çox pulu olanların, indi isə orta təbəqənin pulları nəzarətə alınır. Normal cəmiyyətin 10 faizi varlı, 10 faizi yoxsul, 80 faizi ortabab olur. 80 faizin hərəkətini nəzarətə alır.
Ona görə də hesab edirəm ki, preambula hissəsində formal xarakter daşıyan məqamların əvəzinə insan hüquq və azadlıqlarının, mülkiyyət hüququnun qorunması, eləcə də, dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi məsələsinin preambulaya daxil edilməsinə və mətndə də havadan asılı formada yox, buna uyğun surətdə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var. Belə bir dəyişikliyi, hesab edirəm ki, 2.1-ci maddədən sonra aşağıdakı məzmunda tətbiq etmək olar: Dövlət cəmiyyətin maraqlarına xələl gəlməsinin qarşısını almaq məqsədi ilə kapitala amnistiya verilməsi, kölgə iqtisadiyyatının leqallaşdırılması və vergiyə cəlb edilməsi istiqamətində siyasi, hüquqi, sosial-iqtisadi və təşkilati-profilaktik xarakterli tədbirlər həyata keçirir.
Qeyd etmək istəyirəm ki, Azərbaycan xarakter etibarilə kölgə iqtisadiyyatının həcmi böyük olan ölkələrdən biridir. Vergiyə cəlb etməklə bu vəsaitdən səmərəli istifadə etmək olar. Eyni zamanda, Azərbaycandan kənarda yaşayanlar hər il Azərbaycana rəsmi statistikaya görə 600–720 milyon dollar, ekspert qiymətləndirmələrinə görə isə 2–2,5 milyard dollar vəsait ayırırlar. Bu, 2008-ci ildə sosial təminat üçün ayrılan vəsaitdən 2,5 dəfə çoxdur. Bu qədər vəsaitin taleyi necə olacaq, sonradan sui-istifadə hallarında nə qədər problem yaranacaq. Eyni zamanda, həmin insanlar təşviqləndirilsə, Azərbaycana əlavə milyardlarla manat vəsait qoya bilərlər ki, bunu da mütləq nəzərə almaq lazımdır.
Terrorçuluğun maliyyələşməsi ilə mübarizə haqqında beynəlxalq Konvensiyaya qoşulan zaman Azərbaycanın öz üzərinə götürdüyü 7 əsas istiqamətin 6-sı burada öz əksini tapıb, amma biri tapmayıb. Bunu da müəyyən formada burada qeyd etmək lazımdır, çünki bu, Azərbaycanın gələcəyi üçün çox lazımdır. 6-cı istiqamət, yəni “leqal idarələr adı altında maskalanmış terror təşkilatı aşkarlanıb, zərərsizləşdirilməlidir” məsələsi bu qanunda öz əksini tapsa, çox məqsədəuyğun olar.
7.1-ci maddə həm şübhəli məqamlarla, həm də vəsaitlə bağlı xeyli dərəcədə problem yaradır. Orada göstərilib ki, 20 min manatdan yuxarı olan vəsait monitorinqə düşür. 20 min manat bir dənə avtomobil, bir balaca da torpaq sahəsidir. Hesab edirəm ki, 20 min manat 50 min manatla əvəz olunmalıdır. Əsaslandırılır ki, bu sənədin kötüyündə 15 min dollar qoyulur. Hesab edirəm ki, 15 min dolların Azərbaycana aidiyyəti yoxdur. Ortabab bir maşının, balaca bir torpaq sahəsinin dəyərini əks etdirən rəqəm monitorinqə düşməməlidir. Ona görə də həmin rəqəmin dediyim formada artırılması çox vacibdir.
7.3-cü maddədə çox vacib bir məqam buraxılıb. Hesab edirəm ki, insan alveri 7.3-cü maddədə qeyd olunmalıdır. Layihəyə qanunun həyata keçirilməsinə nəzarət adlı xüsusi bir maddənin də əlavə edilməsinə ehtiyac var. Bu, aşağıdakı kimi ola bilər. 19-cu maddədən sonra 20.1-ci maddədə bunu vermək olar: Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşmasına və terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə təməl-insan hüquqları və mülkiyyət hüququ pozulmadan həyata keçirilməlidir. İkinci, bu qanunun həyata keçirilməsinə nəzarət müəyyən bir orqana həvalə edilməlidir. Əgər nəzarət olmazsa, burada xeyli dərəcədə əlavə problemlərin yaranması şərtsiz olacaqdır.
Eyni zamanda, 21.2-ci maddədə aşağıdakı əlavənin edilməsini vacib hesab edirik: Müvafiq orqanlar bu qanundan sui-istifadə edərək vətəndaşların Konstitusiya ilə müəyyən olunmuş fundamental hüquq və azadlıqlarının pozulmasına və eləcə də, sahibkarlığın və orta təbəqənin inkişafına süni maneələrə görə məsuliyyət daşıyırlar. 21-ci maddədə bu məsələ çox ümumi şəkildə qoyulub. Hesab edirəm ki, həmin ümumi fikirdən sonra bunun konkret şəkildə verilməsinə ehtiyac var.
Digər bir vacib məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm. Biz bu qanundan necə faydalanmalıyıq? Onlarca şirkət işğal olunmuş ərazilərdə Azərbaycanın sərvətlərini talan etməklə məşğuldur. Azərbaycan beynəlxalq monitorinq qruplarında iştirak etməklə, kompüter şəbəkəsinə daxil olmaqla buna nail olmalıdır. Orada 25-ə qədər terrorçu təşkilatın adları həkk olunmuş siyahılar var, orada erməni terrorizmi yoxdur. Hesab edirəm ki, beynəlxalq səviyyəli sənədlərdə terrorçuluğun maliyyələşməsinə dair yeni bir konsepsiyanın işlənib hazırlanmasına ehtiyac var. Azərbaycan orada iştirak edib Ermənistanın ora beynəlxalq terrorçu kimi salınmasına çalışmalıdır. Həm də Qarabağda işləyən həmin təşkilatlar vergi verməklə elə beynəlxalq terrorçuluğu maliyyələşdirirlər. Onların da siyahısının beynəlxalq ictimaiyyətə çatdırılmasını vacib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəlcə onu qeyd edim ki, bu qanun layihəsi Azərbaycan qanunvericiliyi üçün yenidir. Əvvəllər respublikanın belə bir qanunu olmayıb. Bu qanun layihəsinin müzakirəyə çıxarılması zərurəti, ümumiyyətlə, Azərbaycanın dünyaya inteqrasiyasının obyektiv reallıqlarından irəli gəlir. Əgər nəzərə alsaq ki, Azərbaycan terrordan ən çox əziyyət çəkən dövlətlərdəndir, onda bu qanun layihəsinin müzakirəyə çıxarılması zərurətinin əlavə şərhinə ehtiyac yoxdur.
Əvvəlcədən qeyd edim ki, mən bu qanun layihəsinin qəbul olunmasını zəruri hesab edirəm və buna səs verəcəyəm. Lakin qanun layihəsi ilə bağlı mənim bir neçə təklifim var. Bu təkliflər layihədəki tənzimetmə mexanizmi ilə bağlıdır. Mənim birinci təklifim 7.1-ci maddə ilə bağlıdır. Burada monitorinq olunmalı pul vəsaitinin və əmlakın məbləğinin limiti göstərilir. Söhbət iyirmi min manatdan artıq olan məbləğdən gedir. Burada köçürmə manatla deyil, başqa pul vahidləri ilə aparıla bilər. Ona görə təklif edirəm ki, “iyirmi min manatdan” sözlərindən sonra “başqa pul vahidləri ilə köçürmələr” ifadəsi də yazılsın ki, gələcəkdə bu qanunun tətbiqi prosesində çətinlik yaranmasın.
Mən o məbləğin üzərində dayanmaq istəmirəm, bunu iqtisadçılar daha yaxşı bilərlər. Amma onu deyim ki, nəzarətdən yayınmaq məqsədi ilə bu məbləğ başqa bir yerə hissə-hissə köçürülə bilər. Ona görə də mən təklif edirəm ki, bu maddədə həmin məbləğin hissə-hissə köçürülməsi də nəzərdə tutulsun.
Qeyd edim ki, bu qanunun predmeti çox spesifik, sərhəd tanımayan bir cinayətdir, qanunun obyekti isə çox kövrək olan ictimai münasibətlərdir. Ona görə də bu qanunun tətbiqi ilə peşəkarlıq səviyyəsi yüksək olan əməkdaşlar məşğul olmalı və bu qanunun tətbiqi qısa bir müddətdə həyata keçirilməlidir. Burada böyük maliyyə imkanlarına malik olan insanların hüquqları pozulmamalıdır. Çünki böyük maliyyə imkanlarına malik olan insanların hüquqlarının pozulması hər hansı bir dövlətin maraq dairəsinə daxil olmayan məsələdir.
Mən fikrimi əsaslandırmaq üçün istəyirəm, layihədə olan bəzi məqamları işçi qrupun nəzərinə çatdırım ki, layihə üçüncü oxunuşa hazırlananda nəzərə alsınlar. “Maliyyə monitorinqi orqanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə dair şübhə yaradan əməliyyat haqqında ona təqdim edilmiş məlumatlar əsasında həmin əməliyyatların dayandırılması barədə iki gün ərzində qərar qəbul edə bilər”. Bu, 19.1-ci maddədə öz əksini tapıb. 19.2-ci maddədə isə göstərilir ki, həmin qərarla belə əməliyyatlar 72 saatdan artıq dayandırıla bilməz. Bu da 3 sutka edir. Bu da elədi cəmi 5 gün. 5 günlük bir vaxt intervalı hökmən şənbə və bazar günü ilə qonşu olur. Əgər biz onu da onun üzərinə gəlsək, 7 gün edəcək.
Bundan sonra, cinayət yolu ilə əldə olunmuş pul vəsaiti və əmlakın leqallaşmasına dair olan hissə prokurorluq orqanlarına, terrorun maliyyələşməsinə dair olan hissə isə müvafiq icra hakimiyyəti orqanlarına, yəni Milli Təhlükəsizlik Nazirliyinin istintaq idarəsinə göndərilir. Bildiyiniz kimi, poçtda 2 günə qədər vaxt itəcək. Bundan sonra isə viza ilə həmin materialların icraçıya göndərilməsi gəlir. Bu da dəftərxanada, kargüzarlıq işlərində kifayət qədər vaxtın itirilməsinə səbəb olacaq. Bundan sonra isə 19.3-cü maddədə göstərildiyi kimi, bu müddət cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılma aparılır. Bu da Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsidir ki, bu qəbildən olan materialların araşdırılmasına 10 sutka vaxt verilir.
Gördüyünüz kimi, təxminən 20 gündən artıq vaxt keçir. İlk baxışda burada narahatçılığa səbəb ola bilən heç bir hal yoxdur. Narahatçılığa səbəb olan hal isə 19.4-cü maddədə əks olunub. Orada göstərilir ki, bütün bu əməliyyatların dayandırılması barədə müştəriyə məlumat verilmir. Onda mən bilmək istəyirəm, müştəriyə bu 20 gün ərzində nə deyiləcək? Deyiləcək ki, onun bu əməliyyatları nəyə görə dayandırılıb? Çünki elm-texnikanın hazırkı inkişaf səviyyəsində müştərini bu şəkildə, konkret olaraq bankın simasında 20 gün müddətində aldatmaq mümkün olmayacaq. O, zəng vuracaq filan ölkəyə, deyəcək ki, sizin pul köçürmələriniz gəlməyib. Mən hesab edirəm ki, insanların hüquqlarının bu şəkildə pozulması heç dövlətin mənafeyinə də uyğun deyil.
Mən təklif edirəm, bu əməliyyatların dayandırılması üzrə əsaslandırılmış qərarın qəbul olunması üçün verilən 2 gün və üstəgəl həmin qərarın əhatə etdiyi 72 saat müddətində müştəriyə məlumat verilməsin. Amma materiallar hüquq mühafizə orqanlarına göndəriləndə müştəriyə mütləq məlumat vermək lazımdır. Əks təqdirdə hüquq mühafizə orqanları həmin materialları araşdırmağa çətinlik çəkəcəklər, dolayı üsullardan istifadə edəcəklər. Amma hamı yaxşı bilir ki, şəxsin özünün dindirilməsi və izahatının alınması ilə araşdırma daha böyük effekt verir. Mən təklif edirəm ki, həmin materiallar hüquq mühafizə orqanlarına göndəriləndə müştəriyə məlumat verilməsi müddəası burada öz əksini tapsın. Bundan başqa, burada göstərilsin ki, həmin materiallar hüquq mühafizə orqanlarına xüsusi poçt vasitəsi ilə göndərilir. Xüsusi poçtla göndəriləndə söhbət bir neçə saatın itirilməsindən gedir. Əlavə bir müddəada da göstərilsin ki, həmin materiallar üzrə dərhal icraat başlanılır.
Bundan başqa, hüquq mühafizə orqanlarındakı yoxlamanın müddəti də, hesab edirəm ki, Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsində göstərilən müddətdən az olmalıdır. Mən təklif edirəm ki, belə əməliyyatların dayandırılmasının maksimum həddi 10 gün olsun. Əgər 5 gün maliyyə monitorinqi orqanında və ya konkret halda bankda dayandırılırsa, qoy 5 gün də hüquq mühafizə orqanlarında dayandırılsın. Əgər bu materiallar üzrə cinayət işi başlanılarsa, burada elə bir təhlükəli şey yoxdur.
Rəsmi statistikaya müraciət etsək, görərik ki, hüquq mühafizə orqanlarına daxil olan materialların üçdə birindən az hissəsi üzrə cinayət işi başlanır. Qalan hissəsi bu və ya digər səbəbdən rədd olunur. Belə olan halda, əgər bir şəxsin maliyyə əməliyyatları 20 gündən artıq müddətə dayandırılırsa, son nəticədə də cinayət işi başlamırsa, bu, həmin dövlət orqanlarına vurulmuş ziyanın ödənilməsinə dair mülki iddiaların qaldırılmasına gətirib çıxaracaqdır. Mən hələ demirəm ki, belə iddialar beynəlxalq məhkəmələrə qədər gedib çıxa bilər. Nəzərə alaq ki, 20 min manatdan artıq olan pul köçürmələri kütləvi halda olacaq, çünki belə köçürmələr həddindən artıq çoxdur. Ona görə də təklif edirəm, bura bir maddə əlavə edək və yazaq ki, bu cür əməliyyatların dayandırılmasının maksimum həddi 10 gündür.
Bundan başqa, təklif edirəm ki, bu gün insan hüquqlarının bütün dünyada diqqət mərkəzində olmasını, ön plana çəkilməsini, habelə bu qanunun tətbiqi ilə bağlı ictimai münasibətlərin çox kövrək xarakterini nəzərə alaraq, layihəyə belə bir müddəa daxil etsək, yaxşı olar: Əsassız olaraq monitorinq orqanı və maliyyə monitorinqi orqanı tərəfindən yoxlamaların aparılması, əməliyyatların dayandırılması yolverilməzdir, belə hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə cəzalandırılır. Əgər biz hesab etsək ki, bu, çərçivə qanundur və bu qanundan sonra bir çox qanunvericilik aktlarına, o cümlədən Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə etməliyik, daha doğrusu, həmin əsassız yoxlamaları, monitorinqi həyata keçirən maliyyə monitorinqi orqanı və monitorinq iştirakçıları üçün cinayət məsuliyyəti və inzibati məsuliyyət müəyyən etməliyik, onda bu maddənin yerinə düşməsi açıq görünər.
Bütün bunlarla yanaşı, qeyd edim ki, bu qanun layihəsində nə qədər çatışmazlıqlar olsa belə, onun qəbul edilməsi zəruridir. Mən hesab edirəm ki, heç bir qanun cəmiyyətdəki bütün ictimai münasibətləri riyazi dəqiqliklə tənzimləyə bilməz. Qanun öz tətbiqi prosesində cilalanır, təkmilləşir. Belə bir qanun layihəsinin qəbul edilməsi dünyada sərhəd tanımayan bu qəbildən olan cinayətlərə, habelə Azərbaycanın əziyyət çəkdiyi terrora qarşı mübarizədə Azərbaycana dünyanın sivil ölkələri ilə bir cəbhədə mübarizə aparmaq imkanları açar. Ona görə hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu qanun layihəsinin qəbul olunmasına səs verək. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Sağ olun, hörmətli Ziyafət müəllim. Qanun yaradıcılığı nizama salınacaq ictimai münasibətlər haqqında hərtərəfli dərin biliyə malik olmaqla yanaşı, bildiyiniz kimi, qanunvericilik texnisi deyilən bir alətdən də məharətlə istifadə etməyi tələb edən çox çətin, mürəkkəb və məsul bir işdir. Bu layihənin müəllifləri bu işin öhdəsindən uğurla gəliblər. Lakin hər bir işdə olduğu kimi, bu layihənin də təkmilləşməyə ehtiyacı var. Bu mənada mən iki fikir söyləmək istəyirəm. Birincisi qanunun adı ilə bağlıdır. Qanunun adından və onun məqsədlərini müəyyən edən preambulasından görünür ki, bu qanun istisnasız olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın və pul vəsaitlərinin leqallaşması ilə mübarizəni nəzərdə tutur. Biz bilirik ki, cinayət tərkibini həyata keçirən orqanlar işin istintaqı prosesində Cinayət Məcəlləsinin 51.1-ci maddəsinə əsasən müsadirə olunmalı əmlakı və pul vasitələrini müəyyən edirlər və Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinə əsasən gələcəkdə bu müsadirəni təmin etmək üçün həmin ana kimi həbs qoyurlar. Beləliklə, istintaq prosesində qeyri-qanuni, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən olunur, onun üzərinə həbs qoyulur və məhkəmə tərəfindən müsadirə olunur.
Bu qanunun adında və preambulasında dəyişiklik olmalıdır. Bu, “Müəyyən edilməmiş cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşmasına və terrorçuluğun maliyyələşməsinə dair mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu olmalıdır. Yəni müəyyən edilmiş artıq istintaq vaxtı və məhkəmə qərarı ilə müsadirə olunur. Odur ki, burada müəyyən edilməmişdən söhbət gedə bilər. Həm qanunun adında, həm də preambulasında dəyişiklik olmalıdır.
26-cı maddədə göstərilir ki, bu qanunun 20.5-ci maddəsinə əsasən müsadirə edilmiş pul vasitələri və ya digər əmlak Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tam və ya qismən müvafiq məhkəmə qərarının çıxarıldığı dövlətə verilə bilər. Ancaq 20.5-ci maddədə heç bir müsadirədən söhbət getmir. Bu iki maddənin məzmununda müəyyən dəqiqləşmə getməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Bu qanun layihəsi bütün Avropa ölkələrində, Amerikada, o cümlədən MDB dövlətlərinin əksəriyyətində qəbul olunub. MDB dövlətləri üçün bu qanun layihəsinin xüsusi əhəmiyyəti var. Bilirsiniz ki, SSRİ dağıldıqdan sonra ortada olan pul kütləsinin müəyyən hissəsi kommersiya strukturlarına, özəl sektorlara daxil olmuş və həmin pul kütləsindən faktiki olaraq terrorizm və narkobiznes üçün geniş istifadə edilmişdir. Pul kütləsindən o ölkələrdə geniş istifadə edilir ki, orada pul kütləsinə ciddi nəzarət olunmur. Azərbaycanı da bu ölkələr sırasına daxil etmək olar, çünki Azərbaycanın Dağlıq Qarabağ kimi bir ərazisi var. Həmin ərazidə həm terrorizm, həm də narkobizneslə geniş məşğul olurlar.
Qanun layihəsinin adı ilə əlaqədar təklifim var. Məsləhət olardı ki, qanun layihəsində terrorizmlə yanaşı, narkobiznesi də nəzərdə tutardıq, çünki narkobizneslə əlaqədar çirkli pullardan geniş istifadə edilir.
Qanun layihəsi birinci oxunuşda müzakirə olunanda bir sıra təkliflər verilmişdi. Amma çox təəssüflər olsun ki, həmin təkliflər qanun layihəsinin ikinci oxunuşunda öz əksini tapmayıb.
Mən konkret olaraq bir sıra maddələrin üzərində dayanmaq istəyirəm. 1-ci maddənin 4-cü hissəsində yazılır: “Terrorçuluğun maliyyələşdirilməsi – pul vəsaitlərinin və digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə terrorçuluğun törədilməsinə qəsdən yönəldilməsi və ya pul vəsaitlərinin və ya digər əmlakın qəsdən həmin məqsədlə toplanmasıdır”. Qəsdən yönəldilməsi aydındır, bunu yoxlamaq olduqca asandır. Amma həmin məqsədlə toplanmasını yoxlamaq olduqca çətindir. Yəni hər hansı bir şirkət və ya hüquqi və fiziki şəxs istənilən məbləğdə pul yığa bilər, amma bundan hansı məqsədlə istifadə olunmasını yalnız istifadə olunandan sonra təsdiq etmək mümkündür. Ona görə də ikinci hissəni qanun layihəsindən çıxarmaq lazımdır.
Bayaq mənim həmkarlarım da qeyd etdilər, qanun layihəsində ən ciddi problem 7-ci maddədədir. Bu, Azərbaycan üçün çox ciddi problemdir. Əli müəllim izahat verəndə qeyd etdi ki, Avropa dövlətlərində 15 min avro götürülür. Yəni 15 min avrodan yuxarı dövriyyəsi olan obyektlər, hüquqi və fiziki şəxslər monitorinq olunur. Azərbaycan üçün biz bunu 20 min manat məbləğində götürürük. Təsəvvür edin ki, bu qanun layihəsi qəbul olundu və biz 20 min manat məbləğini qəbul etdik. 3 gün ərzində də belə dövriyyəsi olan təşkilatlar maliyyə monitorinqi orqanına hesabat verməlidirlər. Azərbaycanda bu gün faktiki olaraq fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 90 faizdən çoxu bundan üstün məbləğlə fəaliyyət göstərirlər. Həmin məbləği hesabata alan maliyyə monitorinqi orqanı istənilən vaxt həmin kiçik və orta sahibkarların monitorinqini aparmaq iqtidarına malikdirlər. Ona görə də hesab edirəm ki, məbləğ məsələsinə baxmaq lazımdır. Bayaq Əli müəllim qeyd etdi ki, 50 min manat olsun. Mən hesab edirəm ki, ümumiyyətlə, bu maliyyəni fiziki şəxslər üçün 50 min, hüquqi şəxslər üçün 100 min manat məbləğində saxlamaq lazımdır. Əks təqdirdə Azərbaycan iqtisadiyyatında sahibkarlığın inkişafına çox ciddi ziyan vurulacaq. Biz çox ciddi yoxlamalarla, çox ciddi maliyyə monitorinqi ilə rastlaşacağıq. Bununla da Azərbaycan iqtisadiyyatına ciddi ziyan vura bilərik.
İkinci məsələ 7.2.3-cü maddə ilə əlaqədardır. Bu, xarici dövlətlərin siyasi xadimlərinin bank hesabları ilə əlaqədardır. Keçəndəfəki müzakirədə bununla əlaqədar bir sıra iradlar bildirildi. Məncə, bu maddəni saxlamaq lazımdır. Amma bu maddəyə “məmurların da bank hesablarının yoxlanması”nı əlavə etmək lazımdır, çünki Azərbaycanın kütləvi informasiya vasitələrində gedən bəzi məlumatlarda Azərbaycanın bir sıra vəzifəli şəxslərinin PKK ilə əlaqədə günahlandırırlar. Belə məlumatlar var ki, Azərbaycanda da PKK ilə əlaqədar vəzifəli şəxslər var. Ona görə hesab edirəm ki, terrorizmə və narkobiznesə kömək etməmək üçün vəzifəli şəxslərin də bank hesabları maliyyə monitorinqindən mütləq keçməlidir. Yəni 7.2.3-cü maddəyə əlavə olunmalıdır.
Ən ciddi məsələ 11.4-cü maddədir. Bayaq Rüfət müəllim öz çıxışında iki gün məsələsini qeyd etdi. Müştərilər birbaşa maliyyə köçürmələri ilə əlaqədar maraqlı şəxslərdir. Əgər biz maliyyə monitorinqi aparıb, iki gün bunu saxlayırıqsa, müştərinin mütləq bundan xəbəri olmalıdır. Heç olmasa, materiallar Respublika Prokurorluğuna və ya hüquq mühafizə orqanına göndərilən müddətdə müştəriyə mütləq xəbər vermək lazımdır ki, sənin maliyyəndə ciddi narahatçılıq var, ona görə də bu pulları ala bilməyəcəksən. Düşünürəm ki, bu maddəyə yenidən baxmaq lazımdır.
12-ci maddədə daxili nəzarət sisteminin yaradılması verilib. Burada göstərilir ki, bu sistem maliyyə monitorinqi orqanının təklifləri əsasında yaradılır. Mən bununla tamamilə razıyam. Amma daxili nəzarət, yəni maliyyə monitorinqi iştirakçılarının özlərinin yuxarı dövlət nəzarət orqanları var. Ona görə onların əsasnamələri, onların hər hansı bir sənədləri yuxarı dövlət nəzarət orqanları tərəfindən ya təsdiq edilməlidir, ya da onlarla razılaşmalıdır ki, sonra əlavə narahatçılıq yaranmasın. Çünki maliyyə, monitorinq iştirakçılarına əsas nəzarəti dövlət orqanları aparır. Misal üçün, kredit təşkilatları üçün banklardır, sığortalar üçün sığorta təşkilatlarıdır, qeyri-hökumət təşkilatları üçün qeyri-hökumət forumudur və sair. Ona görə də həmin materiallar bu orqanlar tərəfindən razılaşdırılmalıdır.
Maliyyə monitorinqi orqanının yaradılması ilə əlaqədar müəyyən təkliflər oldu. Bu orqanın harada yaradılması, kim tərəfindən idarə olunması çox ciddi məsələdir. Təkliflər var ki, Milli Bankın və ya Maliyyə Nazirliyinin tərkibində yaradılsın. Bir sıra dövlətlərdə, o cümlədən Rusiyada maliyyə monitorinqi orqanı sərbəst yaradılıb və birbaşa ya Prezidentə, ya da hökumətə tabedir. Mən də hesab edirəm ki, maliyyə monitorinqi orqanı çox ciddi bir orqan olduğu üçün birbaşa cənab Prezidentə tabe olmalıdır və cənab Prezident tərəfindən idarə olunmalıdır.
Sonuncu bir məsələ. Qanun layihəsində qeyri-nağd hesablaşmalar, yəni bank vasitəsi ilə ötürmələr, köçürmələr nəzərdə tutulur. Amma biz bilirik ki, terrorizmin və narkobiznesin maliyyələşməsində nağd hesablaşmalardan da olduqca çox istifadə olunur. İnsanlar daha çox fiksasiya olmamaq üçün nağd pullardan istifadə edirlər. Ona görə də layihəyə dediyim məzmunu özündə ehtiva edən yeni bir əlavə etmək lazımdır. Ümumi götürdükdə, qanun layihəsi Azərbaycan iqtisadiyyatı üçün çox lazımdır. Mən buna səs verəcəyəm, millət vəkillərini də qanun layihəsinə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Çıxışıma hazırlaşarkən mən 400 səhifəlik tədqiqatla tanış oldum. Bu tədqiqatda Avropanın Almaniya, Avstriya, İsveçrə və sair kimi bir neçə ölkəsində bu cür qanunların qəbul edilməsi və tətbiqi ilə bağlı məlumatlar, o cümlədən statistika göstəriciləri verilib. Amma sizin çıxışlardan sonra mən öz çıxışımı qısa etmək istəyirəm və əminəm ki, Əli müəllim vaxt tapıb, mənimlə bu məsələ haqqında söhbət edəcək. Qanun bu şəkildə qəbul olunsa, – mənim sözümü yadınızda saxlayın, – burada oturan deputatlar hər iclasda onun seçicilərimizə vurduğu ziyandan danışacaqlar.
Bir neçə məqama toxunum. Birincisi, deyirsiniz ki, Avropada 15 min avrodan artıq bütün əməliyyatlar monitorinqə verilir. Üzr istəyirəm sizdən, yalan sözdür. Avropada identifikasiya edilməmiş müştəri tərəfindən kiməsə 15 min avrodan artıq məbləğ köçürülürsə, onda çalışırlar müəyyən etsinlər ki, bu məbləğ kimdən kimə köçürülür. İdentifikasiya edilmiş müştəri tərəfindən aparılan əməliyyatlarda məbləğ 1 milyon da ola bilər, 15 min də ola bilər. Heç kim heç kimə bir sual vermir. Bu bir. İkincisi, Avropada ən çox bank əməliyyatları hansı ölkədə aparılır? Yəqin ki, İsveçrədə. Bankların əksəriyyəti orada yerləşir. 2003, ya da 2004-cü ildə, – dəqiq tarix yadımda deyil, – İsveçrədə milyardlarla əməliyyatdan yalnız 1310-u məcburi monitorinqə verilmiş və onlardan ancaq 49-u məhkəməyə gəlib çatmışdır. Niyə? Çünki İsveçrədə 15 min avrodan artıq hər məbləğ məcburi monitorinqə verilmir, bayaq dediyim kimi, bu əməliyyat identifikasiya edilməmiş şəxs tərəfindən aparılarsa, monitorinqə verilir. Ən önəmlisi isə qanuna görə bank işçisi, sığorta şirkətinin işçisi, başqa maliyyə-kredit təşkilatının işçisi hər bir belə əməliyyat barədə məlumat verməyə məcbur deyil. Əgər onun qənaətinə görə, belə bir şübhə varsa, onda daxili xidmətdən xahiş edir, araşdırsınlar, baxsınlar. Bu, məcburi deyil. Ona görə də milyardlarla əməliyyatdan cəmi 1310 əməliyyat haqqında məlumat verilib, ondan da 49-u məhkəməyə gəlib çatıb.
Lakin qeyri-qanuni yolla əldə edilmiş pul və ya əmlakın leqallaşdırılması ilə məşğul olanların, yaxud terrorçuluğu maliyyələşdirənlərin sayının bu cür qanunların qəbul edilməsi və tətbiqi nəticəsində azalacağını düşünmək sadəlövhlükdür. Beynəlxalq Valyuta Fondu, “Yevropol” və başqa təşkilatların tədqiqatlarına görə, 2004-cü ildə ancaq narkobiznesdən əldə edilmiş qazanclar ən azı 500 milyard avro məbləğində dəyərləndirilmişdir. Bütün iqtisadiyyatı götürəndə aşağı dəyərləndirmə bir neçə trilyon avrodur. Çünki qeyri-qanuni əməliyyatların əksəriyyəti banklardan istifadə etməklə həyata keçirilmir. Bu işlərlə məşğul olan insanlar bir o qədər bisavad, ya da sadəlövh deyillər ki, oğurladıqları və ya narkotiklərin satışından əldə etdikləri pulları çamadanla banka verib, sonra da desinlər ki, bunu baron Moralesə göndərin. Milyardlar, trilyonlar gözə görünmür, çünki çox zaman başqa şəkildə dövr edir. Xırdalamaq istəmirəm, birdən kimsə istifadə etmək istəyər. Ancaq bu əməliyyatlar trilyonlarla aparılır.
Azərbaycanda ziyan kimə vurulacaqdır? Birinci növbədə kiçik və orta biznesə, bizim banklarımıza, maliyyə-kredit təşkilatlarımıza, sığorta şirkətlərimizə. Bir gün ayılıb görəcəyik ki, nəzarətdən istifadə edənlərin bankları da gəlib burada oturub, sığorta şirkətləri də, kiçik və orta biznesləri də. Ölkənin bu qədər pulu var, ölkəyə bu qədər gəlirlər gəlir, bundan niyə istifadə etməyək? Beynəlxalq təcrübədə, Əli müəllim, bu cür qanunların tətbiqindən sonra kiçik və orta biznesin, bankların, maliyyə-kredit təşkilatlarının işinə müdaxilələrdən, yəqin ki, xəbəriniz var.
Mənim xahişim nədən ibarətdir? Gəlin, bu qanuna ciddi yanaşaq. Bu qanunun qəbulu ilə, ola bilsin, Azərbaycanın reytinqi haradasa göylərə qalxacaqdır. Ancaq bu reytinqlə orta, kiçik biznesi yaşatmaq, ailələrə pul, çörək gətirmək mümkün olmayacaq. Əli müəllimə, bu işlə məşğul olan hər bir şəxsə müraciət edirəm. Bu qanun üzərində böyük əməyiniz, əziyyətiniz var, ancaq bu millət bizimdir, bu vətən bizimdir. Gəlin, sizinlə bir yerdə oturaq, baxaq, başqalarının təcrübəsini öyrənək və Azərbaycanın maraqlarına yüksək səviyyədə cavab verən bir qanun qəbul edək. Bu ölkə bizimdir, millət bizimdir. Bu ölkənin, bu millətin maraqları kiminsə xoşuna gəldi, ya gəlmədi, hər şeydən üstün olmalıdır. Xoşuna gələnlərin, gəlməyənlərin də sifətlərini müstəqillik illərimizdə görmüşük. Çox sağ olun. Üzr istəyirəm, bir az emosional çıxış etdim.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu qanunla bağlı bir neçə dəfə müzakirələrdə iştirak etmişik. Beynəlxalq təşkilatların iştirakı ilə də müzakirələr keçirilib. Hörmətli Əli müəllim orada fikirlərini bildirib və bizim də fikirlərimizin qeydiyyatı aparılıb. Mən prinsipcə belə bir qanunun qəbul edilməsinin lehinə deyiləm və daxilən də bunun yarada biləcəyi təhlükələri hiss edirəm. Məndən əvvəl Valeh müəllim də bəzi məsələlərə toxundu.
Mən bu istiqamətdə iki qanunun qəbul olunmasını mümkün hesab edirəm. Təkrar olmasın deyə, çox təfərrüata varmaq istəmirəm. Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması, mənim fikrimcə, ayrı bir problemdir. Terrorçuluğun maliyyələşdirilməsinə isə ayrıca, başqa bir problem kimi baxılmalıdır. Çünki terrorçuluq Azərbaycanda, həqiqətən, aktual bir məsələdir. Erməni terroru, habelə ölkənin şimalında və başqa yerlərində, Bakının özündə həyata keçirilən terror aktları deməyə əsas verir ki, bu istiqamətdə dövlətin ciddi addımlar atması vacibdir. Təbii ki, beynəlxalq təşkilatlar bu qanunun qəbul olunmasına müsbət yanaşır və onun qəbul olunması bizim imicimiz üçün bəlkə də vacibdir. Amma indiki şəraitdə bu qanunu tətbiq etmək Azərbaycana çox zərər vura bilər. Söhbət burada 20 mini qaldırıb 100 min eləməkdən getmir. Hətta bunu 100 min, 150 min etsən belə, burada elə müddəalar var ki, onlar mütləq kiçik sahibkarlara, orta təbəqəyə mənsub insanlara, o kateqoriyadan olan adamlara çoxsaylı yoxlamalarla böyük əziyyət verilməsinə gətirib çıxaracaq.
Mən düşünürəm ki, burada vacib problemlərdən biri peşə sirri ilə bağlı olan adamların, vəkillərin, notariusların və başqa qurumların bu prosesə cəlb olunmasıdır. Bu olduqca təhlükəlidir. Qanunda yazırıq ki, peşə sirri olan hallar istisna edilmir. Eyni zamanda, hər hansı bir şübhə yarandıqda materialları monitorinq orqanına təhvil vermək, yaxud da müvafiq orqana bildirmək tələb olunur. Onda kim kimin vəkili olacaq, kim hansı sənədi notarial qaydada imzalayanda kimə etibar edəcək?
Azərbaycanda, həqiqətən, cinayət yolu ilə əldə edilən pul kütləsi vardır. Açıq etiraf eləyək, o villalar, binalar, sənaye-istehsal obyektləri məmurların, vəzifəli şəxslərin maaşları ilə tikilmir. Bunların böyük əksəriyyəti qeyri-qanuni yolla əldə olunan gəlirdir. Əksinə, biz bunu leqallaşdırmağın bir yolunu tapmalıyıq, fikirləşməliyik, bunu necə leqallaşdıraq ki, bu ölkədə bərabər start vəziyyəti yaransın və bu start vəziyyətindən sonra iri işlətmələr, iri müəssisələr vergiyə cəlb olunsunlar, beləliklə, dövlətdə hamı vergi ödəmə mükəlləfiyyətini öz üzərinə götürmüş olsun. Yoxsa kiçik, xırda sahibkarların belinə bu vergi yükünü qoymaqla ölkə büdcəsini də biz lazımi səviyyədə təmin edə bilməyəcəyik. Ona görə buradakı narahatçılıqları bölüşürəm. Hesab edirəm ki, məsələ ilə bağlı bir daha ciddi müzakirələr aparılmalı, xüsusilə də peşə sirri olan vəkillərlə, notariuslarla bağlı məsələyə bir daha aydınlıq gətirilməlidir.
Burada, eyni zamanda, yeni orqanın yaradılmasından söhbət gedir. Lakin bu yeni orqanın istintaq fəaliyyətini, təhqiqat işini həyata keçirən digər orqanlara nə kimi kömək edəcəyi bir o qədər də aydın deyil.
Digər bir vacib məsələ. 7.3-cü maddədə transmilli mütəşəkkil cinayətkarlığı, silahlı separatizmi, ekstremizmi, muzdluluğu dəstəkləməsi ehtimal olunan dövlətlərdən söhbət gedir. Mən hesab edirəm ki, burada silahlı separatizm göstərilirsə, heç olmasa, separatizmin hər hansı bir forması qeyd olunmalıdır.
Muzdluluq barədə fikrimi mən demişdim, layihədə nəzərdə tutulmadığına görə bir daha təkrar edirəm. Burada hər cür muzdluluq yox, hərbi və kriminal muzdluluq nəzərdə tutulmalıdır. Çünki elə muzdluluq var ki, qeyri-qanuni də olsa, kriminal muzdluluq kateqoriyasına aid edilə bilməz.
Digər bir məsələ. 9.9-cu maddədə monitorinq iştirakçıları tərəfindən təsdiq olunan əlavə eyniləşdirmə tədbirləri sırasına hesabların və işgüzar əlaqələrin yoxlanması və ya digər üsullarla əməliyyatın həyata keçirilməsi məqsədinin və əməliyyatın mahiyyətinin aydınlaşdırılması da daxil edilib. Bu sadalananlar mülkiyyət hüququna, vətəndaşın şəxsi təhlükəsizlik hüququna zərər vura biləcək hallardır. Düşünürəm, bunun üzərində də ciddi fikirləşməliyik ki, həmin zərər, heç olmasa, iş prosesinin pozulmasına gətirib çıxarmasın.
Maddə 19-da göstərilir ki, maliyyə monitorinqi orqanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə dair şübhə yaradan əməliyyatın icrasının dayandırılması barədə qərar qəbul edə bilər. Bu qərarın nə dərəcədə peşəkar olması sual altındadır. Bundan başqa, deyək ki, 20 gün, 30 gün yoxlama getdi, araşdırıldı və məlum oldu ki, yox, bunun cinayətlə, terrorizmlə əlaqəsi yoxdur. Bu təqdirdə müştərinin çəkdiyi hər hansı ziyanın kompensasiyası necə ödəniləcək və hansı orqan buna məsuliyyət daşıyacaq? Bunlar burada müəyyən olunmur. Bu qanun qəbul olunacaqsa, düşünürəm ki, heç olmasa, bu kimi məsələlərə bir aydınlıq gətirilsin.
Mən bir daha təklif edirəm, bu qanun hətta beynəlxalq təcrübədə bizə təqdim edilmiş şəkildə olmuş olsa da, onu iki qanun formasında qəbul eləyək. Terrorizmi ayıraq. Çünki Azərbaycanda cinayət yolu ilə əldə olunmuş vəsaiti hesablasanız, onda terrorizm yaddan çıxacaq. Hər sahədə bu cür vəsaitin axtarışına girmək və çox adamdan bu cür vəsaiti tapıb çıxarmaq olar. Xüsusilə indiki mühitdə, indiki vəziyyətdə rəqiblərin bir-birini sıradan çıxarması üçün bu qanundan istifadə oluna bilər. Yəni bu, müəyyən sui-istifadə hallarına şərait yaradan bir qanuna çevrilə bilər. Ona görə mən bu qanunun iki ayrı qanun formasında qəbul olunmasını təklif edirəm.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması məsələsinin isə, məncə, bu şəkildə gündəmə gətirilməsi doğru deyil. Çünki bunu ciddi müzakirə eləmək lazımdır. Bəlkə biz cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və büdcəyə bu vəsaitin daxil olması ilə ölkəyə daha çox xeyir verə bilərik. Bu qanunla biz bunun daha çox gizlədilməsinə, daha çox xaricə daşınmasına şərait yaradarıq. Ona görə bu istiqamətdə düşünülməsini istərdim və ümid edirəm ki, müsbət qərara gələ biləcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Fazil bəy. Məlumat üçün deyim ki, “Terrorizmə qarşı mübarizə haqqında” Qanunu artıq qəbul eləmişik. Belə bir qanun var. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, bu gün müzakirə etdiyimiz qanun layihəsi ciddi müzakirəyə ehtiyacı olan çox vacib qanun layihəsidir. Bu qanun layihəsinin ikinci oxunuşda olmasına və artıq üçüncü oxunuşa gedəcəyinə baxmayaraq, bunun üzərində ciddi dayanmalıyıq.
Amma bir məsələni nəzərə almaq lazımdır. Azərbaycan bu gün beynəlxalq təşkilatların üzvüdür. Azərbaycanın beynəlxalq təşkilatlar və o cümlədən Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər var. Təbii ki, Azərbaycan bu öhdəliklərin yerinə yetirilməsi istiqamətində daim addımlar atır. Bu gün də bu addımları atmaqda davam edir. Vurğulamaq lazımdır ki, artıq Avropa Şurasının bütün ölkələrində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi əleyhinə qanun qəbul olunub. Bizim də belə bir öhdəliyimiz var ki, bu sahədə qanun qəbul olunsun və bu işlərin aparılacağı bir mərkəz yaradılsın.
Azərbaycanda bu qanun layihəsinin qəbulunun gecikməsi beynəlxalq təşkilatlarda müzakirələr zamanı Azərbaycanı istəməyən qüvvələr tərəfindən onun əleyhinə müəyyən fikirlərin səslənməsinə gətirib çıxara və beləliklə, ölkəmizin nüfuzuna xələl gətirə bilər. Halbuki Azərbaycan üçün onun beynəlxalq nüfuzunun artması çox önəmlidir. Biz bu qanunun qəbulunu gecikdirməməliyik, çünki dekabrın əvvəlində yenidən bu istiqamətdə müzakirələr olacaq. O müzakirələrdə biz yol verməməliyik ki, Azərbaycanın yenə də bu qanunun qəbul olunmasını gecikdirməsi barədə məsələ gündəmə çıxsın. Xahiş edirəm, bu məsələni diqqətə alın.
Amma Valeh müəllimin dediyi kimi, biz qanunlarımızı Avropa Şurasına və digər beynəlxalq təşkilatlara xoş getsin deyə qəbul etməməliyik və heç kim də bizdən tələb etmir ki, siz elə qanun qəbul edin ki, o, insanlarınızın maraqlarına zidd olsun, orada insanlarınızın hüquqları pozulsun. Bu qanun layihəsini biz müzakirə edirik və elə şəkildə müzakirə edib qəbul edərik ki, orada heç bir problem yaranmasın. Mən həmkarlarım Rafael müəllimin, Fazil müəllimin təkliflərini bir daha vurğulamaq istəmirəm, amma Valeh müəllimin o fikri ilə razıyam ki, biz bunu ciddi şəkildə müzakirə etməliyik. Mən düşünürəm ki, hətta ikinci oxunuşdan sonra bu qanun layihəsini mütəxəssislərin iştirakı ilə bənd-bənd müzakirə edə bilərik ki, hansısa müddəa vətəndaşın hüququnu pozmasın. Çünki əsas məsələ qanun deyil. Qanunu qəbul eləmək asandır. Əsas məsələ qanunu elə işləyib hazırlamaqdır ki, sonradan onun icrası zamanı insanlarımızı narazı salacaq məsələlər üzə çıxmasın. Avropa Şurası və ya hər hansı başqa beynəlxalq təşkilat bizə deməyəcək ki, niyə filan maddəni filan cür vermisiniz. Bunu biz qəbul edirik. Bizim öhdəliyimiz, sadəcə, ondan ibarətdir ki, biz çirkli pulların yuyulmasının və terrorizmin qarşısını almaq üçün öz milli qanunvericiliyimizi yaradaq və bu mübarizənin daha effektli olmasına kömək edək. Onların istəyi və bizim öhdəliyimiz bundan ibarətdir. Amma qanun necə qəbul olunur, bu, artıq bizim işimizdir.
Mən, sadəcə, bir məsələni vurğulamaq istəyirəm. Təkliflər vardır. Çox sağ olsun Rafael müəllim, onları vurğuladı. Mən onları dəstəkləyirəm. Amma məni bir məsələ düşündürür. Bu yaradılacaq orqan, bu qanunu yerinə yetirəcək orqan kimdən asılı olacaq? Bu məsələyə önəm vermək lazımdır. Düşünürəm ki, bu orqan müstəqil olub, birbaşa Prezidentdən asılı olarsa, o zaman sui-istifadələr daha az olacaq. Çünki bu orqanın hansısa bir qurumdan asılılığı bu müdaxilələri, onun işini daha da çoxaldacaq. Müstəqil, yalnız Prezidentdən asılı bir orqan yaranarsa, bu, gələcəkdə bu sahədə işin daha effektli olmasına kömək edəcək.
Bir daha vurğulamaq istəyirəm ki, bu çox ciddi məsələdir. Burada elə eləmək lazımdır ki, sabah bizim kiçik, orta sahibkarlar, vətəndaşlarımız bundan əziyyət çəkməsinlər. O baxımdan düşünürəm ki, bu qanun layihəsini ikinci oxunuşdan sonra, üçüncü oxunuşa qədər bu sahədə mütəxəssislərin iştirakı ilə bənd-bənd xüsusi müzakirə etmək çox yaxşı olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Hələ vaxtımız var, bir az müzakirə eləyək. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bu qanunun belə gərgin müzakirələri, şübhəsiz ki, onun həm ölkəmiz, xalqımız üçün zəruriliyi, həm də beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Müzakirələr bir daha göstərir ki, qanun çox vacibdir və qəbul edilməsi zəruridir.
Lakin bir çox deputat həmkarlarımın çıxışlarında səsləndi ki, bu qanun zəruri olsa da, cəmiyyətimiz üçün müəyyən problemlər yarada bilər. Mən hesab edirəm ki, biz bu qanunu hökmən qəbul etməliyik. Amma eyni zamanda, deyilən təkliflərin də nəzərə alınmasına səy göstərməliyik. Göstərilən qüsurları, nöqsanları aradan qaldırmaq üçün vaxtımız var. Mən maddələr üzrə iradlarımı qeyd eləmişəm. Onları hörmətli Əli müəllimə təqdim edərəm. Misal üçün, 1-ci, 4-cü, 9-cu, 13-cü maddələrə dair bir sıra təkliflərim var. Mən onları yazılı surətdə Əli müəllimə verəcəyəm. Amma bir məsələni də nəzərə almalıyıq ki, bu qanunun qəbul edilməsi üzrə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsində ləngiməyə yol verə bilmərik. Hörmətli Qənirə xanım da dedi, gecikirik. Amma bu o demək deyil ki, biz lazım bildiyimiz maddələri düzəldib təkmilləşdirməməliyik. Hesab edirəm ki, deputat həmkarlarım tərəfindən deyilən bütün fikirlər süzgəcdən keçirilərək, üçüncü oxunuşadək olan vaxt ərzində mümkün düzəlişlər aparılmalı və qanun qəbul edilməlidir. Mən hörmətli deputat həmkarlarımdan xahiş edirəm, ölkəmiz və xalqımız üçün vacib olan ümdə cəhətləri nəzərə almaq və qanunda düzəlişlər aparmaq şərti ilə onu səsə qoyaq və qəbul edək.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Zahid Oruc.
Z. Orucov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli Məclis üzvləri! Mən ilk növbədə bir məsələyə aydınlıq gətirilməsini və ayrı-ayrı həmkarlarımın narahatçılığına son qoyulmasını istərdim. Söhbət heç bir halda bank sirlərinin, yaxud vəkillik fəaliyyəti ilə bağlı peşə sirlərinin açılmasından və sairdən getmir. Eyni zamanda, bütün var-dövlət sahiblərinin üzərinə hücum çəkilmir ki, bu var-dövlətin mənşəyi haqqında məlumatlar verilsin. Söhbət kriminal əməllər, mütəşəkkil cinayətkarlıq, narkotika alveri, yaxud silah alveri ilə bağlı olan fəaliyyətdən əldə edilmiş gəlirlərin leqallaşdırılmasına, o cümlədən bank əməliyyatlarında istifadəsinə, həmçinin digər cinayətlərə yönəldilməsinə qarşı mübarizədən gedir. Mənə elə gəlir ki, Azərbaycanda buna qarşı gərək çıxılmasın.
Bu qanunun sahibkarlıq fəaliyyətinə müəyyən təhlükələr törədəcəyinə, eyni zamanda, maliyyə-bank sektoruna zərbələr vuracağına gəlincə, bu da yanlışdır. Hörmətli Valeh müəllimin istinad etdiyi dərgi parlament üzvlərinin hamısına paylanıb. Orada, həqiqətən, 4 ölkənin – Avropa dövlətlərinin təcrübəsindən bəhs olunur. Onların bu sahədə qanunvericilikləri arasında müqayisələr aparılır, fərqlər izah olunur. Amma buradan çıxan ən böyük nəticə ondan ibarətdir ki, çirkli pullar hər bir ölkənin iqtisadi həyatında çox ciddi problemlər, belə demək mümkündürsə, gərginlik yaradır. Çünki gizli iqtisadiyyat, kölgə iqtisadiyyatı ölkənin ümumi maliyyə sektoru üçün, bütövlükdə iqtisadi həyatı üçün ciddi problemlər doğurur, həmçinin bu qeyri-maliyyə şəffaflığı sonrakı dönəmlərdə müxtəlif cinayətlərə də sövq edir. Ona görə dünyada bu məsələyə qarşı 2001-ci il 11 sentyabr hadisələrindən əvvəl də çox kəskin mübarizə aparılırdı.
Avropa qurumları əgər bizdən Azərbaycanın təmiz adı və bizim ölkənin bu cür fəaliyyətlərə qarşı olduğunu göstərmək naminə bu gün addımlar atmağımızı istəyirsə, mənə elə gəlir ki, burada vətəndaşların maraqlarını sipər edib bu məsələnin əleyhinə getməyə dəyməz. İndi Avropa Şurası olmasa idi, biz bu qanunu qəbul etməyəcəkdik? Mənə elə gəlir ki, bu qanunun fəlsəfəsi, mahiyyəti bütövlükdə bizim milli maraqlarımıza cavab verir. Burada deyilir ki, müəyyən məbləğdən yuxarı bütün maliyyənin üzərində xüsusi sorğular olacaq və bununla bağlı maliyyə monitorinqi orqanına hamı hesabat verməlidir. Kimsə Olimpiya oyunlarında, daha başqa tədbirlərdə milyonlar qazanıbsa, hansısa bir qurum gedib onu izləməyəcək, təhdid etməyəcək və onun maliyyəsi üzərində əlavə əl olmayacaq. Öz alın təri ilə, ya ixtirası ilə müəyyən bir vəsait qazanmış və onu əmlaka çevirmiş insanların da üzərində xüsusi bir nəzarət yoxdur. Yəni bu qanunun yanlış şəkildə təqdim olunması artıqdır.
Mən düşünürəm ki, buraya, sadəcə, Avropa qanunvericiliyində özünü göstərən iki müddəa daxil olmalıdır. Birinci, mənşəyi kriminal əməllərə bağlı olan çirkli pul anlayışı bizim qanunvericiliyə gətirilməlidir.
İkinci, hamının üzərində bu nəzarətin olmaması üçün Avropa qanunvericiliyində ictimai vacib vəzifə anlayışı var. Bir daha mən Valeh müəllimin mövqeyinə istinad etmək istəyirəm. O bu kitabla tanışdır və bilir ki, orada bu məsələdən bəhs olunubdur. Yəni sahibkarların qanuni surətdə məşğul olduğu bütün iqtisadi fəaliyyət növlərinin cəmiyyət üçün önəmi var və bu fəaliyyət, təbii ki, müəyyən qurumların nəzarətində olur. Ona görə də Avropa qanunvericiliyinə bu anlayışlar daxil edilib.
Üçüncü bir anlayış da var. Bu, qara siyahıdır. Bu, bir qədər siyasi-publisistik termin təsiri bağışlasa da, əslində, artıq hüquqi bir terminə çevrilibdir. Avropa ölkələrində adı terror qurumlarına yaxınlıqda çıxmış və ya fəaliyyəti çirkli pullar ilə bağlı olan müxtəlif banklar, hüquqi, fiziki şəxslər qara siyahılara düşür və onlarla əməkdaşlıqdan imtina edilir. Biz beynəlxalq əməkdaşlıqda nə qədər maraqlı olsaq da, bu qanunda göstərməliyik ki, həmin siyahı əsasında biz də bu qurumlarla, qüvvələrlə, təşkilatlarla fəaliyyətdən imtina edirik.
Mənə elə gəlir ki, bütövlükdə götürdükdə, bu qanun ictimai maraqlarımıza tam cavab verir və mən həmkarlarımı bu sənədin lehinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Dünyamin Xəlilov.
D. Xəlilov. Təşəkkür edirəm, cənab Sədr. Həmkarlarım bu qanun layihəsi haqqında fikirlərini söylədilər. Mənim də bu qanun layihəsi ilə əlaqədar düşüncələrim var. Amma bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Bu qanun layihəsinə həmkarlarım tərəfindən səslənən əlavə və dəyişikliklərin edilməsi, hesab edirəm ki, vacibdir. Mən də öz təkliflərimi komissiyaya yazılı surətdə təqdim edəcəyəm. Onlardan bir çoxu burada səslənib. Mən onların üzərində dayanmaq istəmirəm. Amma buna mütləq əlavə və dəyişikliklər edilməlidir. Ümumiyyətlə isə, bu qanunun qəbul olunması vacibdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ümumi fikir tamamilə aydındır. Valeh müəllim.
V. Ələsgərov. Mən üzr istəyirəm, bu qanunun əleyhinə deyildim, onun bu şəkildə qəbul edilməsinin əleyhinəydim, bu bir. İkincisi də, Zahid müəllim, Valeh Ələsgərov hansı dərgiyə istinad edir, görmədiyin halda niyə əlindəki dərgini misal gətirirsən? Mən ona istinad etməmişəm. O kitabı hamıya paylayıblar. Mən gətirdiyim misallar Beynəlxalq Valyuta Fondunun, “Yevropol”un, “İnterpol”un, Bank Konfederasiyasının çap olunmuş tədqiqatlarındandır. O dərgidə bunlar qısa şəkildə verilibdir. Mənim dediyim tamam başqa tədqiqatlardır. Ona görə də xahiş edirəm, əl-ayaq edəndə bir balaca ehtiyatlı olun.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, bir dəqiqə. Gündəliyimizdə məsələlər çoxdur. 8 nəfər ikinci siyahıda var, 5 nəfər də bu siyahıda. Astan Şahverdiyev. Əgər mümkünsə, qısa, xahiş edirəm.
A. Şahverdiyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Oqtay müəllim, mən bu qanun layihəsini diqqətlə oxumuşam. Hesab edirəm, bu gün Azərbaycan cəmiyyəti elə inkişaf səviyyəsindədir ki, bu qanunun qəbul olunması çox labüddür.
Mənim deputat həmkarlarım çıxışlarında yüksək səviyyədə izah etdilər ki, çirkli pul nədir, ondan nə cür istifadə olunur. Ümumiyyətlə, çirkli pullar, bilirsiniz ki, dövriyyəyə iqtisadi bir diversiya kimi daxil olur. Əlbəttə, bunların leqallaşmasından bu gün Azərbaycan cəmiyyəti yalnız uda bilərdi. Digər tərəfdən isə burada, eyni zamanda, terrorçuluğun maliyyələşdirilməsi məsələsi var. Hazırda dünyada 120-yə yaxın terrorçu qrup qeydə alınıb ki, bunların da elə 17-si bu və ya digər formada ermənilərə aiddir. Azərbaycan müasir dünyamızda terrordan ən çox zərər çəkən dövlətlərdən biridir və ona görə də terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə bizim üçün çox önəmli bir məsələdir.
Burada limit məsələsi bir qədər mübahisəlidir. Həqiqətən də, 20 min manat, ola bilsin ki, aşağı bir rəqəmdir. Bunu bəlkə də artırmağa ehtiyac var. Digər tərəfdən, Əli Məsimlinin dediyi kimi, 7.3-cü bəndə “insan alveri” sözləri də daxil edilməlidir. Çünki insan alveri də çirkli pullara xidmət edən bir vasitədir.
Mən bəzi düzəlişləri, mahiyyətinə görə olan dəyişiklikləri nəzərə almaqla qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsinin lehinə səs verəcəyəm və deputat həmkarlarımı da buna çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Astan müəllim, Sizin dediyiniz kimi, Ermənistanın çox terror təşkilatları var. Ermənistan artıq bu qanunu qəbul edib. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Bugünkü çıxışlarında deputat həmkarlarım qanun layihəsi ilə bağlı çox dəyərli təkliflər verdilər. Birinci oxunuşda da biz fikirlərimizi söyləmişdik. Ayrı-ayrı insanlar bu qanun layihəsinin fəlsəfəsinə, mahiyyətinə, məntiqinə müxtəlif mövqedən yanaşırlar. Məncə isə, onun fəlsəfəsi də, mahiyyəti də, məntiqi də bir şeydir – düzlük. Azərbaycan, bilirsiniz ki, dünya dövlətləri, habelə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi nüfuzlu beynəlxalq qurumlar tərəfindən sahibkarlığa ən şəffaf şərait yaradan ölkələr sırasında lider kimi tanınır, pul vəsaitlərinin düzgün istifadəsi baxımından birinci yerləri tutur. Bu baxımdan da Azərbaycanın bu gün belə bir qanun qəbul etməsinin heç bir qorxusu yoxdur. Ona görə ki, burada söhbət çirkli pullardan gedir. İndi deyirlər ki, burada çirkli pulun tərifi verilməlidir. Bunun nə tərifini verək? Adında yazılıb da. Burada halal zəhmət hesabına yox, qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının qarşısını almaqdan söhbət gedir.
Çox adam qorxur. Qorxmasınlar. Çünki qanunun geriyə qüvvəsi yoxdur. Qanun bundan sonrakını nəzərdə tutur. Kim nə tədarük görübsə, Allah canını sağ etsin, halal xoşu olsun. Buna toxunulmayacaq. Amma söhbət ondan gedir ki, bu qanun qəbul olunduqdan sonra əgər sən bir dəfəyə 20 mindən artıq pul əldə edəcəksənsə, – indi haradasa göydən dollar yağmır ki, – gəl məlumat ver, bilinsin ki, bu pul haradandır. Lap istəyirsiniz, qanunda məbləği dəyişək, edək 5 min. Mən ikiəlli razı. Nə aidiyyəti var? Bundan heç kim narahat olmasın.
İkinci məsələ terrorun maliyyələşdirilməsidir. Müəllim əmək haqqını və ya alim aldığı Nobel mükafatını terrora yönəltmir. Terrora oğurluq yolu ilə, cinayət yolu ilə, silah və ya narkotik maddələr satmaqla var-dövlət əldə edən adamlar pul yönəldirlər. Bunlar da yollarının üstündə bir təhlükə və ya ciddi bir maneə olduğunu hiss etdikdə başlayırlar terrorçuları maliyyələşdirməyə. Bu gün Azərbaycanda belə təşkilat yoxdur. Ona görə də bizim bundan heç bir qorxumuz yoxdur.
Bu, beynəlxalq bir konvensiyadır. Biz buna ona görə qoşulmuruq ki, kimsə bunu bizdən tələb edir. Ona görə qoşuluruq ki, bu, Azərbaycan xalqının, millətinin, dövlətinin arzusu, istəyidir. Qoşulmaqla Azərbaycanda şəffaflığı təmin etmək istəyirik. İstəmirik ki, Rusiyanın, ayrı-ayrı ölkələrin çirkli pulları Azərbaycanın ərazisində hansısa banklar vasitəsilə yuyulsun. Bank işçiləri narahat olmasınlar. Şəffaf işlə məşğul olsunlar, qanuni bank əməliyyatlarını həyata keçirsinlər.
Mən hesab edirəm ki, biz bu qanun layihəsini qəbul etməliyik. Bu bizim üçün vacibdir. Ona görə də mən deputat həmkarlarımdan bu qanun layihəsinin qəbul olunmasına səs vermələrini xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm, burada çox dəyərli fikirlər də söylənildi. Ancaq çox istəyərdim ki, Milli Bankın İdarə Heyəti sədrinin müavini Rüfət Aslanlı burada çıxış edib bəzi məqamlara aydınlıq gətirsin.
R. Aslanlı, Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin müavini.
Çox sağ olun, cənab Sədr. Dəyərli fikirlər söylədiklərinə görə millət vəkillərinə təşəkkür edirəm. Səsləndirilən fikirləri sistemləşdirmyə imkan olmadığına görə mən onları ardıcıl şərh edəcəyəm. Ən əvvəl qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq təşəbbüslərə hələ 2003-cü ildən qoşulub və bu günə mövcud olan dörd beynəlxalq konvensiyanın hər birinin üzvüdür. Azərbaycan beynəlxalq qurumlarda da bərabər hüquqlu tərəfdaş kimi çıxış edir.
Mən ilk növbədə bu qanunun fəlsəfəsindən bir qədər məlumat vermək istərdim. Bəlkə də bu, hörmətli millət vəkillərinin narahatçılıqlarına son qoya bilər. Qanunun mahiyyəti ondan ibarətdir ki, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasının, habelə terrorçuluğun maliyyələşdirilməsinin qarşısını alacaq hüquqi çərçivə və icra mexanizmi yaradılsın. Bu o demək deyil ki, monitorinqə alınan əməliyyatların ilkin mərhələsindən onu aparan şəxslər cinayətdə şübhəli bilinirlər. Xeyr. Bu həmçinin o demək deyil ki, bu əməliyyatlarda iştirak edən monitorinq orqanı, maliyyə kəşfiyyatı orqanı təsərrüfat subyektlərinin, bankların, sığorta şirkətlərinin, sahibkarların fəaliyyətini yerində yoxlayacaq, ona müdaxilə edəcəklər. Bu, sadəcə olaraq, Azərbaycanın həm qanunvericilik mühitində, həm də idarəçilik arxitekturasında tamamilə yeni bir institutun yaradılmasını nəzərdə tutan bir yenilikdir. Yəni maliyyə kəşfiyyatı orqanları maliyyə transaksiyalarını, maliyyə əməliyyatlarını icra edən müəyyən təsisatlardan şübhəli transaksiyalar haqqında məlumat alacaqlar. Valeh müəllimin qeyd etdiyi kimi, bu zaman onlar öz müştərilərini dünyada qəbul olunmuş təcrübəyə müvafiq olaraq identifikasiya etməlidirlər.
Qanunda identifikasiya tələbləri 9-cu maddədə verilmişdir. Bu maddə barədə deputatlardan bir neçəsi fikrini bildirdi. İki cür identifikasiya müəyyən olunub – birdəfəlik əməliyyatların identifikasiyası və davamlı əməliyyatların identifikasiyası. Yəni banklar öz müştəriləri ilə davamlı əməliyyatlar quranda onların həm özlərini, həm də əməliyyatlarını tam eyniləşdirirlər və onlar haqqında yetərli məlumatlara malik olurlar. Birdəfəlik əməliyyatların isə ayrıca texnikası var və bu, Azərbaycanın maliyyə sektorunda uğurla tətbiq olunur. Çünki bilirsiniz ki, bizdə bütün əməliyyatlar müxbir hesablar vasitəsilə beynəlxalq banklarda, o cümlədən İsveçrənin, Amerikanın və digər ölkələrin banklarında qeydiyyatdan keçir. Bu prosedurlar bu gün tətbiq olunur. Görürsünüzmü, heç kim bunu hiss etmir. Yəni demək istədiyim odur ki, qanunun bəlkə də ayrı-ayrı maddələrini kontekstdən çıxaranda həddindən artıq reqressiv və ya təhlükəli görünə bilər, amma bu heç də sahibkarların, xüsusən çox mürəkkəb daxili maliyyə hesabatlıq sistemini qurmağa vəsaitləri olmayan kiçik və orta sahibkarların təqibinə gətirib çıxaran bir institut deyil.
Amma onu da deyim ki, – deputatlar da qeyd etdilər, – qanunun tətbiqi çoxlu yeniliklər tələb edəcəkdir və bu tətbiq məsələlərində çox düşünülmüş və təmkinli davranış tələb olunacaqdır.
İndi də mən çıxışlarda səsləndirilmiş fikirlərə münasibətimi bildirim. Hörmətli Ziyad müəllim cinayət və kölgə iqtisadiyyatı nəticəsində əldə olunmuş vəsaitlərin ayrılmasını təklif etdi. Bizim tədqiqatlar göstərir ki, bu gün Azərbaycan iqtisadiyyatında kölgə iqtisadiyyatının dominant mövqeyindən danışmaq doğru olmazdı. Azərbaycanın iqtisadiyyatı şəffaf iqtisadiyyatdır. Bu gün narahat olmağa bir əsas yoxdur ki, bu qanun kölgə iqtisadiyyatından yaranmış pulların Azərbaycan iqtisadiyyatından çıxarılması ilə ona ciddi zərbə vuracaqdır.
Hörmətli Əli müəllim qanunun adı ilə əlaqədar fikir bildirdi. Digər deputatlar da bu barədə danışdılar, bildirdilər ki, bəlkə də burada “cinayət yolu ilə əldə edilmiş” ifadəsini işlətmək doğru deyildir. Çünki bu, təqsirsizlik prezumpsiyasının pozulması kimi təfsirləndirilə bilər. Lakin qanunun mətnindən və elə 1-ci maddədən – “Əsas anlayışlar” maddəsindən görürük ki, monitorinq orqanı tərəfindən həyata keçirilən nəzarət tədbirləri monitorinq olunan əməliyyatlarda iştirak etmiş şəxslərin cinayətkar olmasına və ya şübhəli şəxs kimi qiymətləndirilməsinə dəlalət etmir. Sadəcə olaraq, bu mexanizm cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasının qarşısını almağa yönəldilir. Yəni hansısa iki təsərrüfat subyekti arasında aparılan əməliyyat maliyyə monitorinqi orqanına göndərilirsə, bu o demək deyil ki, həmin təsərrüfat subyektlərindən biri cinayətkar kimi qəbul olunur və yaxud onlar haqqında cinayət qanunvericiliyində nəzərdə tutulmuş hər hansı bir tədbir həyata keçirilməlidir. Qeyd eləmək istəyirəm ki, maliyyə monitorinqi orqanı bu qanunla müəyyən edilmiş prinsiplərə və bütövlükdə beynəlxalq prinsiplərə görə istintaq orqanı və yaxud cinayət təqib orqanı ola bilməz. Monitorinq orqanları mütləq müstəqil və öz xarakterinə görə bu funksiyalardan azad olan nəzarət orqanları olmalıdırlar.
İkinci bir məsələ. Əli müəllim təklif etmişdi ki, şübhəlilik amili hansısa bir formada qanunda göstərilsin. Bu qanun layihəsinin işlənib hazırlanması zamanı biz 60-dan çox ölkənin qanunvericilik təcrübəsi ilə tanış olmuş, – Avropa Şurasına üzv olan ölkələrdən yalnız Azərbaycanda belə bir qanun yoxdur, – həmçinin bir çox ölkələrin maliyyə kəşfiyyatı orqanları ilə işçi qrup səviyyəsində məsləhətləşmələr aparmışıq. Amerika Birləşmiş Ştatlarının, Avropa ölkələrinin, həmçinin bir sıra Şərqi Avropa ölkələrinin, Baltikyanı ölkələrin maliyyə kəşfiyyatı orqanlarının təcrübəsini öyrənmişik. Əvvəla, onu qeyd eləmək istəyirəm ki, şübhəlilik amili beynəlxalq işçi qrupu tərəfindən bu sahədə beynəlxalq standartlar olan maliyyə tədbirləri üzrə hazırlanıb. Bu şübhəlilik amili maliyyə əməliyyatının xarakterindən, həcmindən, müştərinin identifikasiyası zamanı meydana çıxmış digər nüanslardan asılı olaraq çevik dəyişə bilər. Ona görə də qəbul olunub ki, bu, qanunaltı sənədlərdə əks olunsun.
Çıxışlarda qeyd olundu ki, həm preambulada, həm də bütövlükdə qanunda hüquq və azadlıqların qorunması əks olunmalıdır. Qeyd etmək istəyirəm ki, bütün əsas insan hüquqları və azadlıqlarının qorunması Azərbaycan Respublikasının Konstitusiyasında əks olunduğu üçün onun bu qanuna daxil edilməsinə elə bir ehtiyac yoxdur. Çünki konstitusion hüquqlar dövlətin bütün təsisatları vasitəsilə qorunur. Burada onun yazılıb-yazılmaması bu qanuna elə bir əlavə dəyər verməyəcəkdir.
2-ci maddə ilə əlaqədar qeyd olundu ki, burada maliyyə amnistiyası göstərilsin. Maliyyə amnistiyasının qəbul edilməsi bu qanunun predmetidir. Ona görə də əlavə şərh verməyə, hesab edirəm ki, ehtiyac yoxdur.
Terrorçuluğun maliyyələşdirilməsinin ayrıca qanuna çıxarılması bir neçə deputat tərəfindən təklif edildi. Ziyafət müəllim də doğru qeyd etdi ki, bizdə terrorizmlə mübarizə haqqında qanun mövcuddur. Terrorçuluğun maliyyələşdirilməsinə gəldikdə isə deməliyəm ki, bu məsələyə dair sonuncu və ən önəmli sənəd Varşava Konvensiyasıdır. Avropa Şurasının Varşava Konvensiyası məhz cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin yuyulması ilə terrorçuluğun maliyyələşdirilməsinə qarşı Konvensiya kimi qəbul olunmuşdur. Nəyə görə? Ona görə ki, terrorçuluğun maliyyələşdirilməsi üçün yalnız cinayət yolu ilə deyil, qanuni yolla əldə olunmuş pullar və könüllü ianələr də istifadə oluna bilər. Düzdür, onlarla mübarizənin mexanizmi tam identikdir. Yəni burada məqsəd eyniləşdirilir, identifikasiya olunur. Onun iqtisadi mahiyyəti, məntiqi müəyyən edilir və ondan sonra artıq əməliyyat prosesləri, istintaq prosesləri haçalanır. Ona görə biz də bu qanunu belə formada hazırlayıb diqqətinizə təqdim elədik.
7.1-ci və 7.2-ci maddələr, yəni 20 min manat və şübhəli əməliyyatlara dair monitorinq barədə. Əvvəla, qeyd edim ki, bütövlükdə paktın 49 tövsiyəsindən əlavə, o tövsiyələrin tətbiqinə dair təxminən 150 səhifəlik şərhlər vardır və bu şərhlərdə göstərilən bütün məsələlər təfərrüatı ilə açıqlanır. Birincisi, dörd konvensiyanın hər birində ölkələrdə paktın bu tövsiyələrinə istinad edən qanunvericilik və onun tətbiqi mexanizmlərinin yaradılması göstərilib. İkincisi, maliyyə monitorinqi orqanlarının müstəqil olaraq yoxlamalar aparmaq, təsərrüfat subyektlərinin, o cümlədən maliyyə vasitəçilərinin əməliyyat proseslərinə müdaxilə etmək səlahiyyətləri yoxdur. Onların monitorinq və eyniləşdirmə alətləri yalnız təhlil və analizdir. Yəni əgər maliyyə monitorinqi orqanına 20 min manat məbləğində əməliyyata dair məlumat daxil olursa, bu məlumatı təqdim eləyən maliyyə vasitəçisi özünün eyniləşdirməyə dair rəylərini də əlavə edir, göstərir ki, mənim filan müştərim 20 min manatlıq əməliyyat aparıb, lakin o mənim etibarlı müştərimdir. Yəni bu, etibarlı müştərinin apardığı əməliyyatdır. Bu barədə mən sizə məlumat verirəm.
Bu maliyyə monitorinqi orqanı tərəfindən əgər əlavə araşdırmalara ehtiyac olursa, maliyyə monitorinqi orqanı yenidən qayıdır həmin məlumatı verən maliyyə vasitəçisinə. Ondan soruşur ki, necə münasibətləriniz var, necə müəyyən etmisən? Lakin bu orqanın müştərinin özünə qarşı hər hansı bir əməliyyat aparmaq səlahiyyəti yoxdur. Maliyyə monitorinqi orqanı yalnız öz məlumat bazasından istifadə edir və məlumatı verən mənbəyə istinad edir. O, müstəsna hallarda digər məlumatlar saxlayan orqanlara müraciət edə bilər.
Valeh müəllim bayaq statistik məlumatlara istinad etdi. Mən də buraya özümlə belə məlumatlar gətirmişəm. Çexiya kimi ölkədə 2006-cı il ərzində cəmi 4 iş məhkəməyə gedib çıxıb. Çexiyada cinayət istintaqı orqanlarına göndərilən işlərin sayı heç 40-a çatmır. Rusiya 2000-ci ildə qara siyahıya salındıqdan sonra bu ölkədə xüsusi qanun qəbul etdilər və çox qısa müddət ərzində o zaman Rusiya Federasiyasının Maliyyə Nazirliyi nəzdində maliyyə kəşfiyyatı orqanı yarandı. Sonralar Rusiya hökumətinə rəhbərlik etmiş Zubkov o zaman maliyyə nazirinin müavini kimi həmin orqana uzun müddət rəhbərlik etdi. Rusiyada maliyyə kəşfiyyatı orqanına birinci il təxminən 1700 hesabat daxil olmuş və onların təxminən yarısı istintaq üçün cinayət istintaqı orqanlarına göndərilmişdi. Lakin məhz bunu əsas götürərək, Rusiyanı qara siyahıdan çıxarmadılar. Dedilər ki, bu, beynəlxalq standartlara uyğun gəlmir. Ona görə ki, əməliyyatın sağlamlığını araşdırmaq maliyyə kəşfiyyatı orqanının əlahiddə və müstəsna səlahiyyəti deyil. Əməliyyatın sağlamlığını maliyyə vasitəçiləri özləri qiymətləndirməlidirlər. Onlar müəyyən etməlidirlər ki, bu əməliyyat sağlam əməliyyatdır, yoxsa bu əməliyyatda cinayət tərkibi var və yaxud cinayət tərkibinin olmasına şübhə var. Rusiyada statistika normal həddə gəlib düşdükdən sonra, Valeh müəllim, bu ölkəni qara siyahıdan çıxardılar. Yəni biz də Azərbaycanda bu yolla getməliyik. Mən hesab eləyirəm ki, millət vəkillərinin bu proseslərdən narahat olması üçün elə bir ciddi əsas yoxdur. Bu, qanunun tətbiqi məsələsidir.
Terrorçu təşkilatların siyahısı ilə əlaqədar demək istəyirəm ki, Birləşmiş Millətlər Təşkilatının Xüsusi Sanksiyalar Komitəsi var və bu komitə terrorçu təşkilatların siyahılarını dərc edir. Azərbaycan Respublikası Prezidentinin xüsusi fərmanı ilə biz bu dərc olunmuş siyahıları həm banklar, sığorta şirkətləri və digər maliyyə vasitəçiləri, həm də müvafiq dövlət orqanları – sərhəd xidmətləri, gömrük orqanları və digərləri arasında paylaşdırır və bu siyahılardakı təşkilatlara qarşı məlum konvensiyalarda nəzərdə tutulmuş tədbirləri həyata keçiririk. Dediyim odur ki, həmin beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin bu qanuna daxil edilməsi təcrübəyə elə bir yenilik gətirməyəcəkdir.
Çıxışlarda 20 min manatla əlaqədar belə bir fikir səsləndirildi ki, bu əməliyyatı hissə-hissə də aparıb 20 min manat məbləğinə çatdırmaq olar. Bununla əlaqədar deyim ki, əgər siz 7.1-ci maddəni oxusanız, orada bu barədə müvafiq müddəaların olduğunu görərsiniz. Həmin maddədə deyilir ki, ümumi məbləği 20 min manatdan artıq olan pul vəsaitləri monitorinq olunur.
Çox mühüm bir məsələ şübhə doğuran vəsaitlərin dondurulmasının müddəti məsələsidir. Mən hesab edirəm ki, burada qanunun təkcə 19-cu maddəsinə istinad edilməsi bir qədər yanlış təsəvvür yaradır. Vəsaitlərin dondurulması Azərbaycan qanunvericiliyinə terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı beynəlxalq konvensiyalar qüvvəyə mindikdən sonra müsadirədən və ya həbsdən fərqli bir sanksiya kimi daxil edilib. Bizim Mülki Məcəllədə də göstərilib ki, cari əməliyyatlar 1 gün üstəgəl 2 gün ərzində, yəni 3 gün ərzində həyata keçirilir və bu müddət ərzində müəyyən araşdırmaların aparılması üçün əməliyyatın dayandırılması nəzərdə tutulur. Əvvəllər bizim qanunvericiliyimizdə belə bir müddəa olmamışdır. Bizim qanun layihəsində bu, 11.4-cü maddədə nəzərdə tutulur.
Şübhə yaradan əməliyyatın icrasının dayandırılması nə cür baş verir. Mən bunu sizə açıqlayım. Əgər hansısa bir şübhəli əməliyyat keçirilirsə, bu zaman maliyyə vasitəçisi həmin əməliyyatı aparmadan, dərhal maliyyə monitorinqi orqanına bu barədə məlumat verməli və məlumatı verdiyi gündən növbəti 2 gün ərzində, yəni bütövlükdə 3 sutka ərzində maliyyə monitorinqi orqanından bu və ya digər təlimat gözləməlidir. Maliyyə monitorinqi orqanı 19-cu maddəyə müvafiq olaraq bu məsələni 2 gün ərzində araşdırıb, ya cinayət təqibini həyata keçirən orqanlara təqdim etməli, ya da bu məsələnin araşdırmaya ehtiyacı olmadığı qənaətinə gəlməlidir. Əgər belə qənaətə gəlirsə, maliyyə vasitəçisinə bu əməliyyatı davam etdirmək barədə göstəriş verir. Müəyyən edilmiş 3 gün ərzində maliyyə monitorinqi orqanının bu barədə məlumat vermədiyi təqdirdə maliyyə vasitəçisi əməliyyatın icrasını davam etdirməlidir. 19.2-ci maddədə göstərilir ki, şübhə yaradan əməliyyatın icrası maliyyə monitorinqi orqanı tərəfindən 72 saatdan artıq olmayan müddətə dayandırıla bilər. Amma 19.3-də göstərilir ki, cinayət təqibi orqanları maliyyə monitorinqi orqanı tərəfindən məlumat aldıqda əməliyyatın icrasının daha uzun müddətə dayandırılması üçün cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görə bilərlər.
20-ci maddənin izahı ilə əlaqədar bir məsələni qeyd edim. Burada beynəlxalq müqavilələrə istinad var. Əslində, 20.5-ci maddədə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına dair beynəlxalq müqavilələrə istinaddan söhbət gedir. Belə ki, Palermo Konvensiyasına müvafiq olaraq ölkələr çirkli pulların yuyulmasına qarşı fəaliyyətlərini bir-biri ilə əlaqələndirir və əgər bu Konvensiyaya qoşulmuş hər hansı iki ölkədən birinin vəsaitləri o biri ölkənin ərazisində yuyularkən həbs və ya müsadirə olunarsa, o həmin konvensiyadan istifadə edərək vəsaitləri geri tələb edə bilər.
Oqtay müəllim, güman edirəm, mən deputat yoldaşların qeyd etdiyi məsələləri bu dediyim şərhlərlə əhatə edə bildim. Əgər başqa suallar da varsa, işçi qaydada müzakirə edə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm ki, bu qanun, həqiqətən, çox vacib qanundur və biz onu qəbul etməliyik. Millət vəkilləri dəyərli təkliflər verdilər. Mən də təklif edirəm, bu qanunu ikinci oxunuşda qəbul edək və üçüncü oxunuşda lazımi dəyişikliklər etməklə təkmil bir şəklə gətirək.
Bildiyiniz kimi, bu qanun layihəsi 4 fəsil, 22 maddədən ibarətdir. Ona görə də prosedurla fəsil-fəsil səsə qoymalıyıq. Xahiş edirəm, I fəslə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
II fəslə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.20 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0  
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
III fəsil. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.20 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1  
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
IV fəsil. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.21 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0 
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, qanun layihəsinə bütövlükdə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.21 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qanun layihəsi ikinci oxunuşda qəbul edildi. Fasilə elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. İclasımızı davam etdiririk. Növbəti məsələ Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hal-hazırda dünyada mindən artıq iqtisadi zona fəaliyyət göstərir. Onların 200-dən artığı Amerika qitəsinin ölkələrində, 500-ə yaxını Asiya və Sakit okean regionunda, 100-dən artığı Avropada, 200-dən çoxu da Yaxın Şərq və Afrika ölkələrində yerləşir. Təkcə Çində 173 iqtisadi zona mövcuddur və orada çalışanların sayı 30 milyon nəfərdən çoxdur.
Keçən əsrin 1990-cı illərinin əvvəllərində Azərbaycanda da iqtisadi zonaların yaradılması planlaşdırılırdı. Məlum hadisələrlə əlaqədar olaraq ideya reallaşmadı. Müstəqilliyin ilk illərində yenidən iqtisadi zona yaradılması məsələsi aktuallaşdı. 1996-cı ildə bu məsələ Milli Məclisdə geniş müzakirə obyektinə çevrildi. Müxtəlif təkliflər irəli sürüldü, lakin obyektiv səbəblər üzündən azad iqtisadi zonalar barədə qanunun qəbulu məqsədəuyğun sayılmadı. Bildiyiniz kimi, həmin dövrdə respublikada əlverişli investisiya, biznes mühiti formalaşmamışdı. Azərbaycana inam az idi, qanunvericilik bazası formalaşmamış, vergi və gömrük məcəllələri, büdcə sistemi haqqında qanunlar qəbul olunmamışdı. Əlbəttə, belə bir şəraitdə iqtisadi zonaların yaradılması real səmərə verə bilməzdi.
Bu gün isə respublikada azad iqtisadi zonanın bir növü olan xüsusi iqtisadi zonanın yaradılması üçün əlverişli iqtisadi mühit yaradılmışdır. Bu barədə siz, hörmətli millət vəkilləri kifayət qədər məlumatlara maliksiniz. Təkcə onu göstərmək kifayətdir ki, ən nüfuzlu beynəlxalq təşkilatların rəyinə görə Azərbaycan dünyada ən islahatçı ölkə elan edilmişdir. Dövlət başçısı İlham Əliyev respublikamızda iqtisadi islahatların davam etdirilməsi, onların milli maraqlara, ölkənin iqtisadi qüdrətinin artmasına xidmət etməsini qarşıdakı dövrdə dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirmişdir.
Azərbaycan Respublikasının Prezidenti 2007-ci il 6 mart tarixdə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” Fərman imzalamışdır. Fərmanda ölkə iqtisadiyyatının və onun ayrı-ayrı regionlarının inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə edilməsi, rəqabət qabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədi ilə xüsusi iqtisadi zonaların yaradılmasının vacibliyi vurğulanır.
Xüsusi iqtisadi zonalarla azad iqtisadi zonaların fərqi isə tətbiq olunan güzəştlərə münasibətdə nəzərə çarpır. Belə ki, əgər azad iqtisadi zonaların ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər gömrük və vergi rüsumlarından tamam azad olunurlarsa, xüsusi iqtisadi zonalarda isə belə güzəştlər müəyyən həddə qədər tətbiq edilir. Azad iqtisadi zonaların okeana çıxışı olmalıdırsa, xüsusi iqtisadi zonalar üçün bu, vacib meyar sayıla bilməz.
Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü hüququ əsasında Azərbaycan Respublikasının Milli Məclisinə daxil olmuş və İqtisadi siyasət daimi komissiyasında geniş müzakirə edilmiş, ona Milli Məclisin sessiyasında baxılması tövsiyə edilmişdir. Xüsusi iqtisadi zona dedikdə, ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün xarici sərmayənin və mütərəqqi texnologiyaların cəlb olunması, qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi və yayılması məqsədi ilə yaradılmış, özünün inzibati sərhədi, xüsusi hüquqi rejimi olan ərazi başa düşülür. Başqa sözlə, xüsusi iqtisadi zonalar ölkənin xüsusi rejim tətbiq olunan ərazisidir.
Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması qeyd olunan iqtisadi inkişaf üzrə prioritet məqsədlərə çatmaq üçün xüsusi önəm kəsb edir. Bu zonaların yaradılması ölkə iqtisadiyyatında regional baxımdan tarazlı inkişafa, istehsal təyinatlı sahibkarlığın, onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşmasına yönəldilmişdir. Xüsusi iqtisadi zonaların yaradılması ölkənin sənaye potensialının sistemli şəkildə reallaşması, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, məşğulluğun təmini, investisiyaların cəlb edilməsi, regionların inkişafı kimi prioritet vəzifələrin yerinə yetirilməsi baxımından da xüsusilə əhəmiyyətlidir.
Qanun layihəsinin hazırlanması zamanı ABŞ, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Polşa, İordaniya, Cənubi Koreya və sair kimi ölkələrin təcrübəsi də öyrənilmişdir. Bundan əlavə, Dünya Bankı tərəfindən hazırlanmış və iqtisadi zonaların yaradılmasında dünya təcrübəsini özündə əks etdirən hesabat da nəzərdən qaçırılmamışdır. Təcrübə göstərir ki, dövlət-özəl əməkdaşlığı çərçivəsində yaradılmış və özəl təşkilatlar tərəfindən idarə olunan zonalar daha uğurlu olurlar. Burada dövlətin əsas vəzifəsi müvafiq qanunvericilik çərçivəsində xüsusi iqtisadi zonaların yaradılmasından, nəzarət və tənzimləmə funksiyalarının həyata keçirilməsindən, zonada çalışan sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsindən ibarət olur. Xüsusi zonaların idarə edilməsi və inkişaf etdirilməsi isə daha çox bu sahədə ixtisaslaşmış özəl təşkilatlar, strukturlar tərəfindən həyata keçirilir. Belə model dövlətin iqtisadi zonaların yaradılması ilə bağlı xərclərinin dəfələrlə azaldılmasına, idarəedicinin səmərəliliyinin yüksəldilməsinə, buraya investisiya axınının daha güclü olmasına imkan verir.
Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının qanun layihəsi məhz bu təcrübə nəzərə alınaraq hazırlanmışdır. Qanun layihəsi 21 maddədən ibarətdir. Qanun layihəsinin 1-ci maddəsində əsas anlayışlar öz əksini tapmışdır. Qanun layihəsində xüsusi iqtisadi zona (yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi Azərbaycan Respublikası ərazisinin məhdud bir hissəsi), xüsusi hüquqi rejim (yəni xüsusi iqtisadi zona ərazisində güzəştli şərtlərlə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi iqtisadi zonanın rezidentlərinə təqdim edilən rejim), gömrük ərazisi (yəni Azərbaycan Respublikasının quru ərazisindən, daxili sularından, Xəzər dənizinin (gölünün) respublikamıza mənsub olan bölməsindən və onların üzərindəki hava məkanından ibarət olan ərazi), xüsusi iqtisadi zonanın rezidentləri (yəni respublika qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış, xüsusi iqtisadi zona ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bu qanunla müəyyən edilmiş qaydada xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış hüquqi və fiziki şəxslər) kimi anlayışlar öz əksini tapmışdır.
Burada, həmçinin xüsusi iqtisadi zonanın yaradılması və fəaliyyəti sahəsində səlahiyyətli orqan Azərbaycan Respublikasında xüsusi iqtisadi zonanın yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yəni xüsusi iqtisadi zonanın administrasiyası, xüsusi iqtisadi zonanın fəaliyyət müddətində onun ərazisində yaradılan səlahiyyətli orqanın yerli qurumu, xüsusi iqtisadi zonanın operatoru, yəni idarəetmə sazişi çərçivəsində xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsinə cavabdehlik daşıyan, bu sahədə beynəlxalq səviyyədə tanınmış və böyük təcrübəyə malik şirkət və ya şirkətlər qrupu, idarəetmə sazişi, yəni xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsi üçün xüsusi səlahiyyətli orqanla operator arasında imzalanmış saziş qeyd olunur.
“Xüsusi iqtisadi zonada sahibkarlıq fəaliyyəti” adlanan 4-cü maddədə xüsusi iqtisadi zonada aşağıdakı fəaliyyət növlərinin qadağan edilməsi göstərilir: mülki dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların istehsalı, saxlanılması və satışı, habelə qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı; teleradio yayımı fəaliyyəti; spirtli içkilərin və tütün məmulatlarının istehsalı.
5-ci maddədə xüsusi iqtisadi zonanın yaradılması qaydası göstərilir. Qeyd olunur ki, Azərbaycanda hər bir xüsusi iqtisadi zonanın yaradılmasına dair qərar səlahiyyətli orqan tərəfindən hazırlanmış, əsaslandırılmış təklif əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Təklifdə seçilmiş ərazinin təsviri, xüsusi iqtisadi zonanın yaradılmasının iqtisadi əsaslandırılması, bu qurumun əsasnaməsinin layihəsi, burada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onun yaradılması ilə bağlı tədbirlər planı öz əksini tapmalıdır. Xüsusi iqtisadi zonaların yaradılması haqqında qərar qəbul olunduqdan sonra səlahiyyətli orqan tərəfindən xüsusi iqtisadi zonaların administrasiyası yaradılır və zonanı idarə edəcək və inkişaf etdirəcək operatorun müsabiqə yolu ilə seçilməsi həyata keçirilir. Şirkətlərin bu sahədə təcrübəyə malik olması, xüsusi iqtisadi zonaya yatırılacaq investisiyaların həcmi, onun inkişaf etdirilməsi planının səmərəliliyi və sair meyarlar əsasında operatorun seçilməsi həyata keçiriləcəkdir.
Seçilmiş operator ilə idarəetmə sazişi bağlanılır və bu sazişə əsasən operator xüsusi iqtisadi zonanın inkişaf etdirilməsi tədbirlərini həyata keçirməyə başlayır. İnkişaf planına əsasən xüsusi iqtisadi zonaların infrastruktur ilə təmin edilməsi və zəruri obyektlərin tikilməsi məsələlərini həyata keçirir. Xüsusi iqtisadi zonanın səlahiyyətli orqanın və administrasiyasının funksiyaları 10 və 11-ci maddələrdə qeyd olunur. Səlahiyyətli orqan xüsusi iqtisadi zonanın yaradılması və fəaliyyəti sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, iqtisadi zonanın yaradılması və vaxtından əvvəl ləğv edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına təkliflər verir.
Xüsusi iqtisadi zonanın administrasiyası zonanın ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrini operatora və ya operatorun təklifi əsasında xüsusi iqtisadi zonanın rezidentlərinə icarəyə verir, rezidentlərin qeydiyyatını və reyestrini aparır, onlara xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini verir, zonanın müvafiq infrastrukturla, o cümlədən nəqliyyat, kommunikasiya xətləri və kommunal xidmətləri ilə təmini üçün müvafiq təşkilatların fəaliyyətini əlaqələndirir.
Operatorun hüquq və vəzifələri isə 12-ci maddədə öz əksini tapır. Operatorun müsabiqə yolu ilə seçilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Operator xüsusi iqtisadi zonanın fəaliyyətinə görə məsuliyyət daşıyır və bu məsuliyyəti idarəetmə sazişində də əks etdirir. Operator xüsusi iqtisadi zonanın ərazisində rezident kimi fəaliyyət göstərə və rezidentlərə tətbiq edilən güzəştlərdən istifadə edə bilməz.
Qanun layihəsinin 14-cü maddəsində göstərilir ki, xüsusi iqtisadi zonanın rezidentləri xüsusi iqtisadi zonadan kənarda öz sahibkarlıq fəaliyyətlərini qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirə bilərlər. Xüsusi iqtisadi zonanın rezidentləri bu qurumdan kənarda yalnız müstəqil balansa malik öz filial və nümayəndəliklərini aça bilərlər. Həmin filial və nümayəndəliklərə xüsusi iqtisadi zonanın xüsusi rejimi tətbiq edilmir. Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlər xüsusi iqtisadi zona daxilində fəaliyyət üzrə xüsusi hüquqi rejim çərçivəsində müəyyənləşmiş güzəştlərdən istifadə hüququna malikdirlər.
Eyni zamanda, qanun layihəsinin 15-ci maddəsində xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən operatorla və ya operatorun təklifi əsasında xüsusi iqtisadi zonanın rezidenti ilə bağlanılması göstərilir. Qanun layihəsində xüsusi iqtisadi zonalarda rezidentlərə tətbiq olunacaq güzəştli vergi və gömrük rejimi barədə təkliflər öz əksini tapmışdır. Təklifə əsasən Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən zonaya idxal olunan və oraya ixrac olunan bütün mallar gömrük rüsumlarından və vergilərdən azad ediləcək, həmçinin xüsusi iqtisadi zonalarda fəaliyyət göstərən rezidentlər dövriyyədən 2 faiz dərəcəsi ilə vergi ödəyəcək, digər vergilərdən isə azad olunacaqlar. Bütün bu müddəalar isə qanun layihəsinin 16–18-ci maddələrində müfəssəl qaydada öz əksini tapmışdır.
Qanun layihəsində xüsusi iqtisadi zonaların rezidentlərinə verilən dövlət təminatlarına xüsusi yer ayrılmışdır. Fikrimizcə, verilən təminatlar Azərbaycanda yaradılacaq xüsusi iqtisadi zonalara ciddi investorların cəlb edilməsi prosesini sürətləndirəcək və bu da öz növbəsində xüsusi iqtisadi zonaların uğur qazanmasına səbəb olacaqdır.
İqtisadi siyasət daimi komissiyasında qanun layihəsinin müzakirəsində millət vəkilləri çox fəal iştirak etdilər, xüsusi iqtisadi zonalarda vergi dərəcəsini yumşaltmaqla 0,5 faizə endirilməsi, fiziki şəxslərdən gəlir vergisinin 10 faiz tutulması, Dövlət Sosial Müdafiə Fonduna ayırmaların aşağı salınması, xüsusi iqtisadi zonaların subyektlərinə maliyyə-bank investorları tərəfindən ayrılmış kreditlərin 18–22 faiz deyil, daha aşağı verilməsi təklif olundu. Həmçinin bildirildi ki, zonanın inkişafı üçün sığorta şirkətlərinin də güzəştlər tətbiq etmələri daha məqsədəuyğun olardı.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsinin ana xəttini ölkə iqtisadiyyatının davamlı inkişafı, ilk növbədə qeyri-neft sektorunun daha sürətli və keyfiyyətli inkişafı, qloballaşan dünyada Azərbaycanın rəqabətə davamlı bir ölkə kimi tanınması təşkil edir. Bir daha vurğulamaq istərdim ki, Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması mövcud iqtisadi siyasət strategiyasının mahiyyətindən irəli gələn zərurətdir. Komissiya belə hesab edir ki, bu barədə hörmətli millət vəkilləri tərəfindən söyləniləcək fikirlər respublikanın sosial-iqtisadi inkişafı üçün çox dəyərli olacaq və qanun layihəsinin növbəti oxunuşlarında nəzərə alınacaq. Millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsini birinci oxunuşda konseptual baxımdan qəbul edilməsinə səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə başlayırıq. 3 nəfər sual vermək üçün yazılıb. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm, cənab Sədr. Mən sual vermək yox, sadəcə olaraq, Sizə müraciət etmək istəyirəm ki, əgər hörmətli həmkarlarım etiraz etmirlərsə, yazılanların sayını və gündəlikdə duran məsələləri nəzərə alaraq çıxışlar üçün 5 dəqiqə müəyyənləşdirilsin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, deyim ki, mən də hesab edirəm, birinci oxunuşda çıxışlar üçün 5 dəqiqə kifayətdir. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nazim Məmmədov.
N. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirəmizə təqdim olunmuş Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının qanun layihəsi qanunvericilik texnikası baxımından çox qənaətbəxş hazırlanmışdır və güman edirəm ki, mən də layihəyə müsbət səs verəcəyəm, həmkarlarımı da müsbət səs verməyə çağırıram. Bununla yanaşı, işçi qrupunun diqqətini bəzi məqamlara yönəltmək istəyirəm.
Biz komissiyanın iclasında bəzi sualları qaldırdıq və minnətdaram ki, onlar müsbət həllini tapıblar. Ancaq hesab edirəm ki, iqtisadi fəaliyyətlə bağlı qanun layihələrini hazırlayarkən biz qanunda kifayət qədər məhdudiyyətlər və güzəştlər verməməliyik, çünki məhdudiyyətlər inhisarın gücləndirilməsi meyillərini artıra, güzəştlər isə müəyyən xoşagəlməz korrupsiya elementləri yarada bilər. İqtisadi fəaliyyətlə bağlı qanunlarda konkret olaraq müəyyən müddəaların, maddələrın öz qanuni həllini tapa bilməsinə tərəfdaram.
Burada mən üç məsələyə toxunmaq istəyirəm. Birinci, hesab edirəm ki, hər qanunun subyekti olan səlahiyyətli dövlət orqanları xüsusi iqtisadi zonaların administrasiyası, operatorları və rezidentlərinin qarşılıqlı anlaşma şəraitində işləməsi, gələcəkdə qanunun işləməsi üçün lazım olan infrastruktur problemləri qanun layihəsində nəzərdə tutulub həll olunmalıdır. Ölkəmizin imkanları xüsusi iqtisadi zonalar yaradılan zaman bütün infrastrukturu dövlətin öz üzərinə götürməsinə şərait yaradır. Həm yol məsələsini, həm də elektrik enerjisi ilə təminatı və digər infrastrukturu dövlət öz üzərinə götürməlidir. Belə olan halda hansısa bir operatoru cəlb eləmək daha asan olardı. Xüsusi iqtisadi zonaların dünya təcrübəsi də bunu göstərir.
İkinci, azad iqtisadi zonalarda fəaliyyət göstərən müəssisələrə, rezidentlərə vergi baxımından cəlbedici təkliflər edilir. Dünya praktikası da göstərir ki, bu belədir. Qanun layihəsində nəzərdə tutulub ki, vergi dərəcəsi iki faiz olmalıdır. Mən hesab edirəm ki, birinci il vergi dərəcəsi təqribən 0,5 faizdən yuxarı olmamalıdır ki, xüsusi iqtisadi zonalarda bu işlərə rezidentlər həvəs göstərsinlər.
Üçüncü, 4-cü maddəyə fikir verirəm. Xüsusi iqtisadi zonaların bir fəlsəfəsi də ondan irəli gəlir ki, yeni texnologiyaların modernləşdirilməsi, milli mütəxəssis və fəhlələrin yeni iş metodlarına yiyələnməsi məqsədi daşıyır. Xüsusi iqtisadi zonalarda həm də yerli xammalın hesabına ixrac potensialını artırmaq üçün nəzərdə tutulur. Bu baxımdan mən 4-cü maddədə bəzi fəaliyyət növlərinə qadağan qoyulmasına tərəfdar deyiləm. Azərbaycan aqrar ölkədir. Ölkə başçısı dəfələrlə qeyd edib ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirməlidir və yerli xammal hesabına Azərbaycanın ixrac potensialı artırılmalıdır. Bu baxımdan burada hər hansı bir qadağanın, yəni spirtli içkilərin və tütün məmulatlarının istehsalı ilə bağlı qadağaların götürülməsi fikrimi, yəqin ki, işçi qrupu dəstəkləyəcək. Bilirsiniz, Azərbaycanda kifayət qədər yerli xammal istehsalı var və bu potensialı artırmaq üçün xüsusi iqtisadi zonaların inkişafında maraqlı olmalıyıq və orada həmin müəssisələrin açılmasına heç bir qadağa qoymamalıyıq. Mən, ümumiyyətlə, qanun layihəsini məqbul hesab edirəm və hörmətli millət vəkillərindən bir daha qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siz dediniz ki, bizim ölkəmiz aqrar ölkədir, bizim ölkə aqrar ölkə deyil, sənaye ölkəsidir. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Xüsusi iqtisadi zonalar beynəlxalq praktikada geniş tətbiq olunan hadisədir. 120-dən artıq ölkədə tətbiq olunur. Azərbaycanda da bir neçə dəfə xüsusi iqtisadi zonaların yaradılması istiqamətində cəhdlər göstərilib, amma indiyə qədər baş tutmayıb. Bu gün maraqlı bir faktı deyim. İlk dəfə 1989-cu ildə Polyaniçko Dağlıq Qarabağda xüsusi iqtisadi zonanın yaradılması ideyasını irəli sürmüşdü. Təbii ki, Azərbaycan alimləri bununla razılaşmadılar. Ondan sonra koordinator Lembo tərəfindən Sumqayıtın timsalında xüsusi iqtisadi zonaların yaradılması təklifi verildi. Bu isə investisiya olmayan bir vaxtda milyardlarla dollar tələb edirdi, Sumqayıtın ağır sənayesini qaldırmaq baş tutmadı. Sonrakı illərdə Azərbaycan hökuməti öz təşəbbüsü ilə artıq siyasi iradə ortaya qoyub, bu barədə fərman verdi. Azərbaycan Prezidenti İlham Əliyevin seçki proqramının qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə dair bölməsində göstərildiyi kimi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes-tədris mərkəzinin yaradılması yönümdə tədbirlər görülür. Bu o deməkdir ki, siyasi iradə ortaya qoyulur, xüsusi iqtisadi zonanın hüquqi təminatı da yaradılır və bu istiqamətdə addımlar atılır.
Mən komissiyanın iclasında qeyd elədiyim bəzi məqamları burada təkrarlamaq istəyirəm. Fərman verilən zaman qanun layihəsi ilə yanaşı, bir sıra vacib sənədlərin də bir ay müddətinə hazırlanması tapşırığı verilmişdi. Azərbaycan üçün hansı istiqamətdə xüsusi iqtisadi zonaların olması vacibdir. Hesab edirəm ki, biz Çin, Cənubi Koreya və Yaponiya, eyni zamanda, Türkiyənin İzmir modelindən istifadə edib, eksport potensialımızı artırmaq istiqamətində çox maraqlı, yaxşı işləyən xüsusi iqtisadi zona yarada bilərik.
İkinci, Birləşmiş Ərəb Əmirliyinin modelindən, Bakı–Tbilisi–Qars dəmir yolu çəkildikdən sonra ondan da, Dubay modelindən də faydalanaraq maraqlı xüsusi iqtisadi zona yaratmaq olar.
Üçüncü, Azərbaycanda müasir informasiya cəmiyyətinin qurulması istiqamətində görülən işləri müsbət qiymətləndirirəm. Hesab edirəm ki, neft amilinin təsiri azalan zaman onun yerinin doldurulmasında informasiya texnologiyaları sahəsində Azərbaycanın fəaliyyəti mühüm rol oynayacaq. Beş ildən sonra oradan əldə edilmiş gəlir 4–5 milyard dollar civarında, 10 ildən sonra isə 10–12 milyard dollar civarında olacaq. Bu istiqamətdə həm Bakıda, Gəncədə, Sumqayıtda, həm də regionlarda – Şəkidə, Lənkəranda, Şamaxıda və digər rayonlarda da elmi-texniki tərəqqinin inkişaf etdirilməsi istiqamətində xüsusi zonalar yarada bilərik.
Güzəştlərlə bağlı. İkinci blok məsələləri qeyd etmək istərdim. Bu gün regionlarda sadələşdirilmiş vergi 2 faizdir. Burada da verginin 2 faizi tətbiq edilməsi göstərilib. Belə çıxır ki, Bakını çıxmaq şərti ilə, Azərbaycanın qalan yerlərinin hamısı xüsusi iqtisadi zonadır. Burada olan verginin dərəcəsini aşağı salmaq lazımdır. Eyni zamanda, həmin şirkətlərin özlərinə gəlmələri üçün bir neçə il müddətində tətilin verilməsinə ehtiyac var.
Azərbaycanda maaşdan tutulan gəlir vergisi 14 faizdir. 2000-dən yuxarı olanda 35 faiz vergi tutulur. Təklif elədik, 1000-i 2000-ə qaldırdıq, hesab edirəm, bunu 3000-ə qaldırmaq lazımdır. Digər tərəfdən də 35 faizi yavaş-yavaş sıradan çıxarmaq lazımdır. Bir də sosial ödəmələr məsələsi var. Oqtay müəllim, təsəvvür edin ki, bu gün ikili mühasibatın ən ciddi səbəblərindən biri sosial ödəmələrin yüksək səviyyədə olmasıdır. Hesab edirəm, həmin sosial ödəmələrin də faizlərinin aşağı salınması xüsusi iqtisadi zonaların fəaliyyətində mühüm rol oynayacaq.
Növbəti bir məsələni də qeyd etmək istəyirəm. Əgər xüsusi iqtisadi zonalar yaradırıqsa, burada olan mülkiyyət münasibətlərindəki qarışıqlıqlar aradan qalxmalıdır. Burada yalnız dövlət mülkiyyətindən söhbət gedir, Azərbaycanda xüsusi mülkiyyət də, bələdiyyə mülkiyyəti də var. Bu məsələlərə də aydınlıq gətirməklə, hesab edirəm, layihəni qəbul etmək olar. İkinci, üçüncü oxunuşlarda bu qanun layihəsini ərsəyə gətirib reallaşdırmağı vacib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Dünyamin Xəlilov.
D. Xəlilov. Çox sağ olun, cənab Sədr. Dünya ölkələrinin təcrübəsində azad, sərbəst və xüsusi iqtisadi zonaların yaradılması təcrübəsi çox geniş və uzun müddətdir ki, tətbiq olunur. Ən inkişaf etmiş ölkələri – Amerika Birləşmiş Ştatlarını, Birləşmiş Krallığı, Almaniyanı, Yaponiyanı, iqtisadi cəhətdən ən geri qalmış ölkələri də misal çəkərək qeyd edə bilərik ki, xüsusi iqtisadi zonaların tətbiqi təcrübəsinə rast gəlmək mümkündür. Bu zonaların əsas işçi qüvvəsi ilə zəngin, nəqliyyat infrastrukturu, mütəxəssis potensialı olan, açıq dənizə çıxış imkanlarına, təbii ehtiyatlara malik, təbiət mənzərələrinə görə diqqəti çəkən və iqtisadi baxımdan geridə qalan ölkə ərazilərində yaradılması məqsədəmüvafiq sayılır. Xarici və daxili investisiyaların həmin zonaya cəlb edilməsi baxımından əlverişli sayılan iqtisadi əsaslandırmalar qısa müddətdə buranın iqtisadi inkişafını digər bölgələrin inkişafına yaxınlaşdırır və balanslaşma yaradır.
Bu gün müzakirəyə çıxarılan qanun layihəsinə bizim komissiyada da baxılmışdır. Bir sıra təkliflər verilmişdir. Amma mən hesab edirəm ki, qanun layihəsinin bir sıra maddələrində dəyişikliklər etmək lazımdır. Bunlardan biri layihənin 4.1-ci maddəsinə aiddir. Burada xüsusi iqtisadi zonada həyata keçirilə bilən sahibkarlıq fəaliyyətinin ümumi sahələri göstərilir və bu sahələrə məhsulların istehsalı və xidmətlərin göstərilməsi aid edilir. Yəni iqtisadi cəhətdən məhsulun tək istehsalı yox, onun tədavülə, dövriyyəyə buraxılması da şərtdir. Bu malın satışı, saxlanması və sair də həmin iqtisadi zonada baş verməlidir. Ona görə də həmin zonadakı sahibkarlıq fəaliyyəti həm də malların alğı-satqısını, saxlanmasını və emalını da nəzərdə tutmalıdır.
Digər tərəfdən, məlumdur ki, Azərbaycan qanunvericiliyi roman-alman hüquq sisteminin alman sisteminə aiddir və bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər mülki qanunvericiliyində işlərin görülməsi və xidmətlərin göstərilməsi fərqli məqamlarda işlədilmişdir. Əgər fəaliyyətin nəticəsi malın istehsalıdırsa, onda bu fəaliyyət “işlərin görülməsi” adlanır, yox, əgər mal istehsal olunmursa və nəticəni fəaliyyətin gedişatından ayırmaq mümkün deyilsə, bu, xidmətlərin göstərilməsidir. Təklifim bundan ibarətdir ki, layihənin 4.1-ci maddəsinə “istehsalı” sözündən sonra “və ya dövriyyəyə buraxılması və işlərin görülməsi” sözləri əlavə edilsin.
Layihənin 7.2-ci maddəsində xüsusi iqtisadi zonanın maliyyələşdirilməsi mənbələri barədə də müddəa əks etdirilib. Lakin bu müddəa dəqiq təsbit olunmadığına görə sahibkarlar üçün gələcəkdə problem yarada bilər. Sözügedən maddədə bilinmir ki, xüsusi iqtisadi zonadakı fəaliyyətinə görə sahibkarlar həmin layihədə nəzərdə tutulmuş vergi və ödənişlərdən başqa digər ödənişlər də həyata keçirəcəklərmi? Bu halda zonanın fəaliyyətindən gəlirlərin necə əldə olunduğunun təsbit edilmədiyinə də ehtiyac duyulur. Digər tərəfdən, layihənin həmin maddəsində zonanın fəaliyyətindən danışılır, lakin layihənin 1.0.1-ci maddəsinə əsasən zona bir ərazidir və öz-özlüyündə fəaliyyətlə məşğul ola bilməz. Ancaq ərazidə sahibkarlıq fəaliyyəti və digər iqtisadi fəaliyyətlə məşğul oluna bilər. Layihənin 7.2-ci maddəsində “zonanın fəaliyyətindən” sözləri “zonada həyata keçirilən sahibkarlıq fəaliyyətindən, həmin iqtisadi zonaya qoyulan sərmayələrdən, investisiyalardan” sözləri ilə əvəz olunmasını tövsiyə edirəm.
Layihənin 8.2.2-ci maddəsi, hesab edirəm, iqtisadi baxımdan əlverişlidir, çünki xüsusi iqtisadi zona yaradıldıqdan bir il sonra həmin ərazidə sahibkarlıq məqsədləri ilə bir neçə müqavilə bağlanır. Lakin həmin zonanın yaradıldığı vaxtdan 3 il ərzində bu müqaviləyə xitam verilir. Zonadakı təşkilatlar yeni müqavilələr bağlamaq niyyətindədirlər. Bunun üçün behlər, avanslar verilir, digər xərclər çəkilir. Bu halda 8.2.2-ci maddəni əsas tutaraq müvafiq icra hakimiyyəti orqanı zonanı ləğv edə bilər. Təsəvvür etmək olar ki, beh vermiş və digər şəkildə gələcək əqdlər üçün xərc çəkmiş şirkətlər...
Sədrlik edən. Dünyamin müəllim, çıxış üçün 5 dəqiqə ayırmışıq, diqqətli olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bu fikirlərlə şərikəm ki, xüsusi iqtisadi zonalar haqqında qanun layihəsi dövrün, zamanın tələbinə uyğun olaraq hazırlanmış, vaxtı çatmış bir layihədir. Kifayət qədər mükəmməl hazırlanmış, xüsusi iqtisadi zonaların yaradılması, fəaliyyəti və daha da effektli işləməsi üçün bir çox parametrləri özündə əks etdirən və nəzərdə tutan layihədir. Mən də sözümü öncədən deyim. Bu layihənin qəbul olunmasının lehinə səs verəcəyəm. Təklif edərdim ki, gələcəkdə ikinci və üçüncü oxunuşları bir yerdə keçirək. Bu layihəni ilin axırında qəbul eləyək ki, gələn ildən xüsusi iqtisadi zonaların yaradılması üçün tam hüquqi əsasımız olsun.
Xüsusi iqtisadi zonaların yaradılması üçün Azərbaycanda hər cür iqtisadi-siyasi şərait vardır. Xüsusi iqtisadi zonaların yaradılması dövlətin sahibkarlara dəstəyinin yeni formasıdır, yeni ifadəsidir və dövlətlə sahibkarın əməkdaşlığını daha da yaxınlaşdıran, daha da genişləndirən geniş iqtisadi layihədir. Xüsusi iqtisadi zonaların yaradılmasının təkcə iqtisadi əhəmiyyəti deyil, həm də çox böyük siyasi-ictimai əhəmiyyəti var. Heç şübhəsiz, xüsusi iqtisadi zonalar yaradıldıqdan sonra xarici kapitalın və xarici iş adamlarının Azərbaycana gəlməsi daha da asanlaşacaq, xarici sahibkarlar Azərbaycanda müəyyən sahələrin inkişafı üçün investisiya qoymaqda daha da maraqlı olacaqlar. Bu da bizim ümumi inkişafımıza kömək edəcəkdir.
Burada məndən öncə çıxış edən natiqlər çıxışlarında xüsusi iqtisadi zonalardakı bəzi istehsal sahələri haqqında fikirlərini dedilər. Düşünürəm, Azərbaycanda mühüm xidmət sahələri də vardır ki, onları da xüsusi iqtisadi zona yaratmaqla inkişaf etdirmək olar. Heç kəsə sirr deyil ki, ildə milyonlarla Azərbaycan manatı Qara dənizin, Aralıq dənizinin, Qırmızı dənizin sahillərinə tökülür və bizim Xəzər dənizi və dənizin sahillərindəki yerlər öz kurort, istirahət əhəmiyyətinə görə qeyd etdiyim yerlərdən geri qalmır. Sadəcə olaraq, oradakı səviyyəni, servisi yaratmaq lazımdır və bu təcrübəni Azərbaycana gətirmək lazımdır. Düşünürəm ki, bu da xüsusi iqtisadi zonalar yaradıldıqdan sonra öz səmərəsini verəcək. Azərbaycanın müalicəvi əhəmiyyəti olan çox yerləri vardır və bunlardan ikisi xüsusilə unikaldır. Biri Naxçıvanın Duz dağıdır, digəri isə Naftalandır. Düşünürəm ki, biz bu ərazilərdə də xüsusi iqtisadi zonalar yaratsaq, orada çox böyük sanatoriya-müalicə kompleksi yarada, Naftalanın əvvəlki şöhrətini qaytara, daha da inkişaf etdirə bilərik. Yeri gəlmişkən deyim ki, 1980-ci illərin ortalarında Naftalana ildə 700 mindən çox turist gəlirdi, müalicə alırdı və bu, Azərbaycana pul gətirirdi. Müstəqil Azərbaycanın daha böyük imkanları var. Bu imkanları daha da genişləndirən şərtlərdən biri olan xüsusi iqtisadi zonalar yaradılmalıdır ki, Azərbaycanda bu sahədə də gələcəkdə böyük inkişaf əldə edilsin.
Qanun layihəsi mükəmməl hazırlanıb. Ancaq eyni zamanda, bir neçə təklifim də var, xahiş edirəm, işçi qrupu bu təkliflərə də baxsın. Birincisi, mən də bu fikrə tərəfdaram ki, qanun layihəsində vergi, gömrük və sosial ayırmalara olan güzəştlərin hədləri bir az da artırılmalıdır və bunların minimum həddi konkret göstərilsə, daha yaxşı olardı. İkinci bir təklifim ondan ibarətdir ki, yaxşı olardı, nəzarət tədbirlərinin sayının azaldılması, inzibati baryerlərin tam aradan qaldırılması üçün layihədə konkret müddəalar öz əksini tapsın. Yaxşı olardı ki, nəzarət tədbirlərinin “bir pəncərə” sistemində həyata keçirilməsi üçün bir müddəa olsun. Yaxşı haldır, qanunvericilikdə konkret olaraq nəzərdə tutulur ki, dövlət gələcəkdə xüsusi iqtisadi zonalarla bağlı qanunvericiliyin pisləşməyəcəyinə zəmanət verir. Bu mühüm, alqışlanası məsələdir. Eyni zamanda, çox istərdim ki, layihədə hava və su limanlarının ərazisində də xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı maddələr öz əksini tapsın.
Burada 4-cü maddə ilə bağlı məndən öncə çıxış edən deputat həmkarım fikrini dedi. Spirtli içkilərin və tütün məmulatlarının istehsalının, həm də ticarətinin mən də əleyhinəyəm və təklif edərdim ki, buraya “ticarəti” sözü də əlavə olunsun. Ümumiyyətlə, bu layihə yaxşı bir layihədir, uğurlu bir layihədir, layihəyə dəstək verirəm.
Sədrlik edən. Sağ olun, Musa müəllim. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının bu gün müzakirəyə çıxarılan qanun layihəsi, fikrimcə, bir çox cəhətdən böyük əhəmiyyətə malik olan sənəddir. İlk növbədə onu qeyd eləməyi vacib sayıram ki, bu sənədin meydana çıxması ölkəmizdə müstəqillik dövründə xüsusi mülkiyyətə, bazar iqtisadiyyatına əsaslanan iqtisadiyyatın bugünkü inkişaf səviyyəsinin göstəricisidir.
İkincisi, düşünürəm ki, Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsinin ortaya çıxması ölkəmizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan iqtisadi islahatların miqyasının genişlənməsinə, daha da dərinləşməsinə özünün sanballı töhfəsini verə biləcək. Bu qanun layihəsinin müzakirədən sonra qəbul olunması dünyada xüsusi iqtisadi zonalar haqqında olan müsbət təcrübənin günü-gündən inkişaf etməkdə olan ölkəmizə axınına da normal şərait yarada biləcəkdir. Eyni zamanda, bu qanunun qəbul olunması ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyanı daha da sürətləndirəcək və dərinləşdirəcəkdir.
Düşünürəm ki, bu qanun layihəsinin müzakirələrdən sonra qəbul olunması illərdən bəri Naxçıvan Muxtar Respublikasında, ölkəmizin ayrı-ayrı yerlərində xüsusi, azad iqtisadi zonaların yaradılması haqqında səslənmiş mülahizələrin, qaldırılmış təşəbbüslərin, nəhayət, gerçəkləşməsinə də imkan yaradacaqdır.
Qanun layihəsi çox savadlı hazırlanıb. Bu qanun layihəsinin dili və üslubu Azərbaycan dilinin qanunlarına tamamilə uyğundur. Bununla belə, qeyd etməyi vacib sayıram ki, xüsusi iqtisadi zonaların harada, hansı coğrafi şəraitdə, konkret olaraq hansı prinsiplərə məxsus ərazidə yaradılması barədə qanun layihəsinin müddəalarının daha konkret şəkildə ifadə olunmasına da ehtiyac vardır. Ümumiyyətlə, iqtisad elmində və iqtisadi qanunvericilik terminologiyasında “xüsusi iqtisadi zona”, “azad iqtisadi zona” tamamilə yeni anlayışlardır. Ona görə də hesab edirəm ki, xüsusi iqtisadi zona haqqında bu gün müzakirəyə çıxarılan qanun layihəsi bütövlükdə bu sahəyə aid olan konseptual baxışları ifadə edir. Ona görə də mən konseptual şəkildə bu qanun layihəsinin qəbul olunmasını məqsədəuyğun hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi də Azərbaycan Respublikasının qanunvericilik praktikası üçün yeni bir sənəddir. İndiyə qədər respublikanın belə bir qanunu olmayıb. Mən hesab edirəm ki, belə bir qanun Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə, Azərbaycanda əmtəə-pul münasibətlərinin möhkəmlənməsinə, ümumiyyətlə, Azərbaycanda biznes, sahibkarlığın daha da inkişaf etdirilməsinə, stimullaşdırılmasına imkan yarada biləcək bir qanun olacaq.
Mən qanun layihəsinin birinci oxunuşunun olmasını nəzərə alaraq onun ayrı-ayrı maddələri üzərində dayanmaq istəmirəm. Yalnız hüquqi konstruksiya, hüquqi tənzimləmə mexanizmi baxımından bəzi təkliflərim var. İstərdim ki, bunları hörmətli işçi qrupunun üzvlərinin nəzərinə çatdırım. Mən 1-ci maddədə “administrasiya” sözünün istifadə olunmasının əleyhinəyəm. Bu mənim subyektiv fikrimdir. Mən bunu məqbul hesab etmirəm. Hesab edirəm ki, Azərbaycan dilində olan ekvivalent sözdən istifadə etmək olar. Belə sözlər Azərbaycan dilində var. Bundan başqa, “Əsas anlayışlar” adlanan 1-ci maddədə “qeyri-rezident hüquqi və fiziki şəxslər” anlayışının göstərilməməsini düzgün hesab etmirəm, çünki 21-ci maddədə “qeyri-rezident hüquqi və fiziki şəxslər” anlayışından istifadə olunur. Amma qanunun mətnindən kimlərin “qeyri-rezident hüquqi və fiziki şəxslər” olduqları bilinmir. Ona görə də mən təklif edirəm ki, 1-ci maddəyə “qeyri-rezident hüquqi və fiziki şəxslər” anlayışı daxil edilsin və onun açılışı orada göstərilsin.
Bundan başqa, mən hörmətli həmkarlarımın diqqətini 8-ci maddəyə cəlb etmək istəyirəm. Burada xüsusi iqtisadi zonanın ləğv edilməsi ilə bağlı müddəa göstərilir. Maddənin sonuncu bəndində deyilir: “Xüsusi iqtisadi zonanın müəyyən edilmiş müddətdən əvvəl ləğv edilməsi haqqında qərar onu qəbul etdikdən bir ay sonra qüvvəyə minir”. Mən hesab edirəm ki, bu qərarın elan edilməsi ilə bağlı layihəyə ayrı bir müddəa daxil etmək lazımdır, çünki bu mühüm bir məsələdir. Nəzərə alsaq ki, orada güzəştli gömrük və vergi rejimləri var, xüsusi bir zonadır və həmin zonanın vaxtından əvvəl ləğv olunması haqqında qərarın ayrıca bir müddəa kimi verilməsi düzgün olardı. Bundan başqa, xüsusi iqtisadi zona vaxtından əvvəl ləğv olunursa, orada baş verən qanun pozuntularının, belə deyək, üstünün örtülməsinin, qanun pozuntuları üçün bir amnistiya atmosferinin yaradılmasının qarşısını almaq məqsədi ilə mən təklif edirəm ki, bu maddədə “xüsusi iqtisadi zonanın vaxtından əvvəl ləğv edilməsi bu iqtisadi zonanın fəaliyyət göstərdiyi müddətdə baş vermiş qanun pozuntularının araşdırılmasını istisna etmir” cümləsini yazsaq, daha düzgün olar.
Mən 12-ci maddə barədə fikrimi bildirmək istəyirəm. 12.2-ci maddədə göstərilir ki, operatorlarla səlahiyyətli şəxs arasında idarəetmə sazişi bağlanılır. Bilirik ki, saziş müqavilənin bir növüdür. Mən təklif edirəm ki, həmin sazişin hansı müddətə bağlandığı göstərilsin, sazişə xitam verilməsinin mülki əsasları, operatorun dəyişdirilməsi məsələsi burada öz əksini tapmalıdır. Mənim sadaladığım məsələlər mülki hüquqda çox böyük məsələlərdir, amma burada öz şərhini tapmayıb. Sazişdən bəhs edilən yerdə sazişin vaxtından əvvəl xitam olunması, onun bağlanma müddəti, məhkəmə qaydasında ləğvi, habelə səlahiyyətli orqan tərəfindən yeni operatorun seçilməsi məsələləri öz əksini tapmalıdır. Mən bu layihənin birinci oxunuşda müzakirəyə çıxarıldığını nəzərə alaraq hesab edirəm ki, konseptual baxımdan qəbul olunması məqbuldur. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı üçün çox gərəkli bir layihədir. Ona görə də həmkarlarımdan xahiş edirəm, bu layihənin qəbul olunmasına səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva, buyurun.
Q. Paşayeva. Mən də bütün həmkarlarım kimi bu layihəni çox ciddi şəkildə dəstəkləyirəm. Müəyyən obyektiv səbəblərdən Azərbaycanın iqtisadi baxımdan daha geridə qalan və işsizlərin sayının daha çox olduğu bölgələri təmsil edən millət vəkilləri daha çox sevinirlər. Söhbət Ermənistanla həmsərhəd olan bölgələrdən və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə yaxın bölgələrimizdən gedir. Həmin bölgələri xarici investorlar “riskli zonalar” adlandıraraq oraya gəlməyə az meyil edirlər. Ümumiyyətlə, investisiyalar buraya daha az cəlb olunur. Amma bu bölgələrin bir çoxu, elə mənim təmsil etdiyim Tovuz rayonu da kommunikasiya baxımından çox vacib və çox əlverişli regionlardır. Ona görə də xüsusilə biz bu qanun layihəsini dəstəkləyirik.
Qanun layihəsi çox yüksək səviyyədə hazırlanıb və təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyəti olan bir layihə kimi bunu qiymətləndiririk. Belə bir qanunun qəbul edilməsi bu gün dünyada baş verən iqtisadi proseslər, iqtisadi böhranlar fonunda Azərbaycan dövlətinin qeyri-neft sektoruna çox böyük bir dəstəyinin nümunəsi olardı. Bayaq dedim, ən vacib əhəmiyyəti ondan ibarətdir ki, sərmayələrin cəlb edilməsi, qeyri-neft sektoruna dəstək, sahibkarlığın inkişafı baxımından önəmlidir. Bəzi bölgələrdə xüsusi iqtisadi zonaların yaradılması həmin bölgələrin iqtisadi inkişafına çox böyük təkan verə bilər. Orada işsizlərin sayının azaldılmasına böyük kömək edə bilər. Biz inanırıq ki, bu qanunun, inşallah, qəbul edilməsi və həyata keçirilməsi Ermənistanla sərhəd və ön cəbhələrə yaxın bölgələrimizə xüsusi diqqəti artıracaq.
Burada bir məsələni də qeyd etmək istəyirəm. Bu cür qanun dünyanın 20-dən artıq ölkəsində tətbiq olunur. Həmin ölkələrdə xüsusi iqtisadi zonaların tətbiqi sahəsində ancaq müsbət praktika var. Burada bəzi həmkarlarım dedilər. Təbii, vergilərin nəzərdə tutulandan daha çox azaldılmasına ehtiyac var, çünki az fərq olarsa, həmin zonalar istədiyimiz kimi cəlbedici olmayacaq. İnvestorlara, sahibkarlara daha böyük stimul vermək üçün vergilər azaldılmalıdır. Yəqin ki, biz vergilərlə yanaşı sosial ödəmələrin də azaldılmasına fikir verməliyik. Burada kifayət qədər güzəştlər olarsa, bölgələrimizdə yaradılacaq xüsusi iqtisadi zonalar qısa müddət ərzində həmin ərazidə iqtisadi inkişafa daha çox kömək edə bilər. Mən bütün həmkarlarımı çox gözəl hazırlanmış bu layihəyə dəstək verməyə və qısa zaman ərzində onu təsdiq etməyə çağırıram. İnanıram ki, bu qanunun həyata keçirilməsinin çox müsbət tərəfləri olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təbii ki, qanun layihəsinin adı bir qədər cəlbedicidir: “Xüsusi iqtisadi zonalar haqqında”. Xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı irəli sürülən təklif iqtisadiyyatımıza dərhal çox ciddi təsirini göstərəcək və inkişafdan qalmış regionlarımızın inkişafına səbəb olacaqdır. Amma təəssüf ki, qanun layihəsinin adından bu cür görünür, amma mahiyyətindən bu cür görünmür. Qanun layihəsinin mahiyyəti daha çox azad iqtisadi zonanın mahiyyətinə uyğunlaşdırılıb. Bunlar da tamamilə fərqli şeylərdir.
Mən hesab edirəm ki, bugünkü Azərbaycan reallıqlarında xüsusi iqtisadi zonanın yaradılması bizə təqdim olunan layihə çərçivəsində həyata keçirilə bilməz. Bu, Azərbaycanda növbəti qanunsuzluq mərhələsinin başlanmasına səbəb olacaqdır. Yadınıza gəlirsə, 1995-1997-ci illərdə gömrük və vergilərdən azad edilən xüsusi kateqoriyalı insanlar var idi. Azərbaycanda bu kateqoriyadan olan insanların adından istər gömrük, istərsə də vergi sahəsində kifayət qədər maxinasiyalar edilirdi. Ölkəyə idxal və ixrac edilən məhsulların böyük əksəriyyəti məhz həmin adamların adı ilə aparılırdı. Mahiyyət etibarı ilə inhisarçı bir siyasət alınırdı. Həmin inhisarçı siyasətin nəticəsində də ölkənin idxal-ixrac sistemi bütövlükdə iflic vəziyyətinə salınmışdı.
Eyni ilə bu gün təklif olunan qanun layihəsi ilə də gələcək üçün məhz belə bir presedent hazırlanır. Təklif edəcəyim müddəalar tamamilə fərqlidir. Mən hesab edirəm ki, xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təklif olunan qanun layihəsində gömrük rüsumundan azad olunma nəzərdə tutulmamalıdır. Yalnız güzəştli vergi sistemi nəzərdə tutulmalıdır. Güzəştli vergi sisteminin hesabına Azərbaycanda ilkin olaraq müvafiq icra hakimiyyətinin, yəni Prezidentin fərmanı ilə Azərbaycanın demoqrafik stabilliyinin təmin edilməsi, iqtisadiyyatın qaldırılması üçün Azərbaycanın 5 ərazisində xüsusi iqtisadi zona yaradılmalıdır. Qanunlar çərçivəsində yox, məhz icra hakimiyyəti orqanının, yəni Prezidentin xüsusi nəzarəti altında yaradılmalıdır. Yalnız ikinci mərhələdə, ümumiyyətlə, iqtisadi mühit tənzimlənəndən sonra belə bir qanunla işləmək mümkündür.
Mən qanun layihəsinin ayrı-ayrı müddəalarına toxunmaq istəmirəm. Layihədə operatorun vəzifələri, rezidentin hüquq və vəzifələri ilə bağlı Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edən hallar da var. Məsələn, dövlət mülkiyyətində olan torpaq üzərində operatorun hər hansı bir hüququ. Bu, Azərbaycan Konstitusiyasına ziddir. Konstitusiya ilə ziddiyyət təşkil edən hər hansı bir müddəa qanuna salına bilməz. Dövlət əmlakı, dövlət torpağı üzərində mülkiyyət hüququ Konstitusiya ilə tamamilə başqa vəzifəli şəxsə verilir. Ona görə də mən həmin müddəalardan danışmaq istəmirəm, çünki yenə də deyirəm, bu müddəaların hamısı bütövlükdə Azərbaycan qanununun fəlsəfəsinə və bugünkü iqtisadi münasibətlər sisteminə ziyanlıdır. Amma qismən vergidən azad edilərək iqtisadi zona formalaşdırılmalıdır və bu yalnız Prezidentin nəzarəti altında olmalıdır.
Xüsusi rezident kimi qeydiyyatdan keçən, orada müəssisə açan vergidən, gömrükdən bütövlükdə azad edilə bilməz. Bu gün əlavə dəyər vergisi və yaxud da mənfəət vergisi ödəyən şirkətlərə 15-20 faiz, bəzən 30-50 faiz güzəştlər etməklə demoqrafik balansı və iqtisadi sabitliyi təmin etmək mümkündür. Əks halda, bu gün müzakirə etdiyimiz qanun layihəsi ilə Azərbaycanda nə olacaq? Yenidən administrativ resurslar və iqtisadiyyatın müəyyən sahələrini inhisarda saxlayan adamlar xüsusi rezidentlər kimi öz adamlarını həmin ərazidə qeydiyyatdan keçirəcəklər. Həmin ərazilərdə başqa yerli sahibkarların və ya xırda, dövlətin və ya hakimiyyətin himayəsində olmayan adamların həmin əraziyə buraxılışı qadağan ediləcək. Azərbaycanın digər bazarları məhz həmin adamlar vasitəsilə tənzimlənəcək. Qiymətlər həmin formada tənzimlənəcək. Daxil olan məhsulların faizi Azərbaycanın digər bölgələrində olduqca aşağı düşəcək. Malların idxalı və ixracı yalnız bu ərazilərdən başlayacaq. Nəticə etibarı ilə bir əraziyə daxil olan məhsullarla respublikanın digər bölgələrinə qanunsuz idxallar başlayacaq. Tutaq ki, bir əraziyə daxil olan məhsul qanunsuz, qara yollarla həmin ərazidən çıxarılıb Azərbaycanın...
Sədrlik edən. Hörmətli İqbal bəy, hələ xüsusi iqtisadi zonalar yaradılmağa başlamamış qaranı başladınız yaxmağa. Bunlar siyasi-iqtisadi zonalar deyil, xüsusi iqtisadi zonalar olacaq. Xüsusi iqtisadi zonanın əsas ana xətti cəlbedici olmasıdır. Sən 15 rayonda xüsusi iqtisadi zona aça bilərsən, onun biri, ya ikisi, üçü işləyə bilər. Bu iqtisadi məsələlərdir, belə demək düzgün deyil. Türkiyədə 15 yerdə iqtisadi zona yaradılıb, bunlardan ikisi işlədi: Trabzon, Antalya. Bu o demək deyil ki, hər yerdə iqtisadi zona yaradılacaq, bunlar hamısı işləyəcək. Hələ qanun layihəsi hazırlanır. Belə bir zona yaradılsın, görək, bunun işi necə gedir. Heç işə başlamamışdan başlayırsınız qara tökməyə. Qara yaxmaq yaxşı deyil. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən, həqiqətən, Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsini çox diqqətlə oxudum. 21 maddədən ibarət olan bu qanun layihəsi çox mükəmməl işlənmişdir. Son dövrlərdə qəbul etdiyimiz ən layiqli, ən gərəkli layihələrdən biri də bu olacaqdır. Hörmətli Ziyad müəllimin məruzəsini, ətraflı məlumatını dinlədik və bu haqda məlumatlarımız, biliklərimiz bir qədər də dəqiqləşdi. Bütün dünyada azad iqtisadi zonalar vardır. Almaniyada, Çində, Koreyada, Yaponiyada, Türkiyədə. Bu ölkələrin təcrübəsi bizim üçün də bir nümunədir və bu təcrübədən qanun layihəsində, göründüyü kimi, çox müvəffəqiyyətlə istifadə olunubdur.
Bir məsələni mən xüsusi qeyd edim. Sovetlər birliyinin son dövrlərində 1987-1988, 1990-cı illərdə, mənim yadımdadır ki, Azərbaycanda da belə iqtisadi zonaların yaradılması haqqında təşəbbüslər var idi. Hətta Sumqayıtın böyük bir iqtisadi zona elan edilməsi haqqında fikirlər reallaşmaq üzrə idi. Lakin bunlar cəhd olaraq qalmışdır. Çox sağ olsun ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən indi artıq belə bir fərman imzalanmışdır. Bu fərmana əsasən Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması haqqında layihələr artıq meydana gəlmişdir.
Burada bir-iki məsələyə xüsusi diqqət yetirmək lazımdır. Bu məsələlər qanun layihəsində öz əksini tapıbdır. Azad və xüsusi iqtisadi zonalar arasında böyük fərq vardır. Bunlar eyni deyil. Bunu Ziyad müəllim də ətraflı şəkildə dedi. Burada çıxış edən həmkarlarım bəzən bunları qarışdırırlar. Müzakirə edilən layihə xüsusi iqtisadi zonalar haqqındadır və bu, layihədə öz əksini tapıb və fərqlər də müəyyən qədər göstərilibdir. Bu qanunun qəbul edilməsi tarazlı iqtisadi inkişafımıza ciddi təsir göstərəcəkdir. Ölkənin iqtisadiyyatının davamlı inkişafını təşkil və təmin edən qanunlardan biri olacaqdır. Mən layihəni çox diqqətlə oxuduqdan sonra belə qənaətə gəldim ki, 4-cü maddə bütün sahibkarlıq fəaliyyətlərinə aid deyil. Burada göstərildiyi kimi, yüksək rəqabət qabiliyyətli məhsulların istehsalı və xidmətlərinin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir. Yəni hər hansı kiçik sahibkarlıq fəaliyyətinin mənbəyi və mərkəzi deyil.
Layihədə müəyyən məsələlərə qadağa qoyulur. Bu tamamilə düzgündür. 4-cü maddədə qeyd edilir ki, dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların istehsalı, saxlanılması və satışı, habelə qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı qadağandır. Bu tamamilə düzgündür. Hamımız bilirik ki, yeraltı sərvətlər dövlətə məxsusdur və bunun çıxarılması, istehsalı, satışı qadağa qoyulan məsələdir. Teleradio yayımı tamamilə dövləti məsələdir. Spirtli içkilərin, tütün məmulatlarının istehsalı kimi məsələlər çox düzgün olaraq nəzərə alınır və qanun layihəsində öz əksini tapır.
8-ci maddədə göstərilir: “Xüsusi iqtisadi zona onun yaradılması haqqında qərarda müəyyən edilmiş müddətdən əvvəl müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda ləğv edilə bilər”. Həmin bəndlərdə qanun pozuntuları çox mükəmməl şəkildə öz əksini tapıbdır.
Mən bir neçə məsələni də xüsusi qeyd eləmək istəyirəm. Burada deyilir ki, vergi və gömrük məsələsini nəzərə almaq lazımdır. Bütün ölkələrdə də belə olub, bizdə də belə olmalıdır. Ona görə ki, ilkin başlanğıcda gərək həmin məsələlər nəzərə alınsın. Bir də xüsusi mülkiyyətlə bələdiyyə mülkiyyəti arasında fərqlər də nəzərə alınmalıdır. Yəqin alınıb və alınacaq. Bir də burada çox düzgün olaraq dedilər ki, layihəni bir az redaktə eləmək lazımdır. Elə terminlər var ki, heç başa düşülmür, onları dəyişmək lazımdır. Məsələn, “rezidentlər”, “administrasiya”, “brokerlər” anlayışını heç mən oxuya bilmirəm.
Sədrlik edən. Tarixi Nadir məsələsi kimi, sən oxuya bilmirsən, biz də oxuya bilməyəcəyik. Nizami müəllim, çox sağ olun. Mən bir məsələni demək istəyirəm. Müzakirələr başlamamışdan qabaq çox gözəl dedilər ki, bu, çoxdan qaldırılmış bir məsələdir, hər dəfə çətinliklər yaranırdı. İndi xüsusi iqtisadi zonaların yaradılması vaxtı gəlib çatdı. Bu çox vacibdir, istənilən ölkənin, dövlətin həyatında, sahibkarlığın inkişafı üçün çox vacib bir məsələdir. Layihəni birinci oxunuşda müzakirə edirik. Təxminən fikirlərimiz aydındır. Yəni ikinci oxunuşa qədər vaxtımız var. İqtisadi siyasət daimi komissiyası çox işləyən komissiyadır. Millət vəkilləri təkliflərini verə bilərlər. Etiraz yoxdursa, Fəzail Ağamalıya söz verək. Buyurun, Fəzail müəllim.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əlbəttə, təqdim edilmiş qanun layihəsi birmənalı şəkildə dəstəklənməlidir, müdafiə olunmalıdır və alqışlanmalıdır. Dəyərli millət vəkillərinin diqqətinə çatdırmaq istəyərdim ki, bu ideya ulu öndərimiz Heydər Əliyev tərəfindən hələ 1990-cı illərin ortalarında ciddi şəkildə gündəliyə gətirilmişdi və kifayət qədər ictimai rəydə rezonans doğurmuşdu, müdafiə olunmuşdu. Xatırlayıram, həmin dövrdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident-əlaqələndiricisi kifayət qədər fəallıq göstərirdi. Lakin həmin zaman kəsiyində belə bir qanunun qəbul edilməsi, reallaşdırılması üçün kifayət qədər imkanlar mövcud deyildi, çünki hələ Azərbaycanın daxilində ciddi problemlər var idi, onu aradan qaldırmaq lazım idi. Daha sonra Azərbaycanda iqtisadi islahatları həyata keçirmək lazım idi. Azərbaycanı dünyanın iqtisadi cəhətdən inkişaf edən ölkələri sırasına çıxarmaq üçün addımlar atmaq lazım idi və sair və ilaxır. Artıq bunların hamısı həyata keçirilib.
Bu gün Azərbaycan dövləti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə buna bənzər problemlərin həllinə nail olubdur. Bu gün Xüsusi iqtisadi zonanın yaradılması haqqında qanun layihəsinin gündəliyə çıxarılması məhz həmin məntiqə söykənir və zərurətdən qaynaqlanır. Düşünürəm ki, zamanında, vaxtında bizim müzakirəmizə verilmiş qanun layihəsidir.
Onu da etiraf edim ki, qanun layihəsi kifayət qədər peşəkar, yüksək səviyyədə hazırlanıb. Konseptual baxımdan bu qanun layihəsi birmənalı şəkildə müdafiə olunmalıdır. Mənə elə gəlir ki, biz xüsusi iqtisadi zona ilə azad iqtisadi zona arasındakı fərqləri özümüz üçün aydınlaşdırmalıyıq və bunları gələcək müzakirələrdə də hökmən nəzərə almalıyıq. Məncə, xüsusi iqtisadi zona ilə azad iqtisadi zona arasında prinsipial fərqlər mövcuddur. Mənim düşüncələrimə görə bu qanunun qəbul edilməsi ilə Azərbaycanda ilk növbədə sahibkarlıq daha sürətlə inkişaf edəcək, iqtisadi, maliyyə cəhətdən sahibkarlığın inkişafında şəffaflıq təmin ediləcəkdir, regionların inkişafı xüsusi mərhələyə daxil olacaqdır. Digər tərəfdən kasıbçılığa, işsizliyə tamamilə son qoyulacaqdır və bu prosesdə xüsusi iqtisadi zonaların yaradılması ciddi əhəmiyyət kəsb edəcəkdir. Hansı yerdə yaradılacaqdır, harada effekt verəcəkdir? Bu, gələcəyin işidir. Bu gün bizim niyyətimiz qanun layihəsini müdafiə etməkdir, ona səs verməkdir. Ona görə də mən millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə səs verək, onun növbəti oxunuşda hazırlanması üçün müsbət rəyimizi bildirək. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, Oqtay müəllim. Doğrudan da, vacib olan qanun layihəsidir. Burada iqtisadçılar da danışdılar, professorlar da, alimlər də öz çıxışlarında qeyd elədilər, amma məsələləri o qədər qatıb-qarışdırdılar bir-birinə ki, cəmiyyətin fikrini tamamilə başqa istiqamətə yönəltdilər.
Xüsusi iqtisadi zona, azad iqtisadi zona, sərbəst iqtisadi zona. Mən iqtisadçı olmasam da, hər halda bu məsələləri azdan-çoxdan bir balaca araşdıran insan kimi qeyd eləyə bilərəm ki, burada məsələ tamam başqa istiqamətdə qoyulub. Orada söhbət ondan getmir ki, hansısa bir dağ kəndinin inkişafı ilə məşğul olaq. Orada hansısa sərhədyanı rayon məsələsi qaldırılmır. Xüsusi iqtisadi zonanın əsas xüsusiyyəti ondan ibarətdir ki, həmin yer investisiya qoyan üçün cəlbedici olsun. Onun kommunikasiyası olsun, rentası olsun. Yəni bu məsələlər tamamilə qıraqda qalıb. Bu tamam başqa bir məsələdir. Qanun layihəsinin də məqsədi ondan ibarətdir ki, xüsusi iqtisadi zona yaratmaqla istehsalın müəyyən sahəsinin inkişafına nail olaq.
Layihədə hansı məhsulların istehsalına qadağa qoyulduğu göstərilibdir. Hansı sahənin istehsalına burada qadağa qoyulur? Burada göstərilir ki, hansı bizim üçün cəlbedicidir, dövlət üçün maraqlıdır. Artıq Azərbaycan dünyada başqa-başqa ölkələrdə investisiya qoyur. Mən hesab eləyirəm ki, bu məsələlər qanun layihəsində düzgün əksini tapıbdır.
Başqa bir tərəfdən qanun layihəsində çatışmayan üç cəhət var. Birincisi, yerli mülkiyyətçinin hüquqlarının müdafiəsi bu qanun layihəsində öz əksini tapmayıb. Ola bilər, Azərbaycan vətəndaşının kifayət qədər vəsaiti var və xüsusi iqtisadi zonaya yatızdırmaq istəyir. Xarici investorla Azərbaycan investoru arasında fərq olmalıdır. Bir faiz də olsa, bu fərq gözlənilməlidir.
İkinci, ekoloji problem, ümumiyyətlə, göstərilməyib. Həmin ərazidə olan ekologiya nədən ibarətdir? Bu gün dünyada hər şey ekologiya ilə bağlıdır. Prezidentimizin də sərəncamı ilə ekoloji layihələr ön plana çəkilir. Həmin məsələlər bu qanun layihəsində öz əksini tapmalıdır.
Üçüncü məsələ mülkiyyət hüququ ilə bağlıdır. Ancaq burada göstərildi ki, xüsusi iqtisadi zonalar dövlət mülkiyyətində olan ərazilərdə yaradılır. Həmin ərazi cəlbedici ola, bələdiyyə mülkiyyəti və yaxud da şəxsi, xüsusi mülkiyyət də ola bilər. Bu da nəzərdə tutulmalıdır. Dünya praktikasından biz bunları götürüb cəmləşdirməli, birləşdirməliyik. Bu məsələlər qanun layihəsində öz əksini tapmalıdır.
Mən hesab eləyirəm ki, xüsusi iqtisadi zonanın yaradılması ilə əlaqədar daha ciddi problemlər ortaya çıxa bilər. Gələcəkdə təhlükəsizlik məsələsi, digər məsələlər qanun layihəsində öz əksini tapmalıdır.
Rafael müəllim burada hüquqi tənzimləmə ilə bağlı bəzi məsələləri qeyd etdi. Mən razıyam, burada hüquqi tənzimləmə məhkəmə qaydasında ola bilər. Mülkiyyət münasibətləri administrativ qaydada aydınlaşdırıla bilməz. Ancaq məhkəmə ilə aydınlaşdırıla bilər. Ona görə də bu məsələlər öz həllini tapmalıdır. Qanun layihəsi gözəl hazırlanıb, səs verib, qəbul edərik. Lakin deyilən məsələlər də layihədə öz əksini tapmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim. Bu birinci oxunuşdur, hamımız başa düşürük. Qanun layihəsini oxumayanlar da var. Xüsusi iqtisadi zonaların cəlbedici olması məsələsini biz də dedik. Mən də hesab edirəm ki, layihəni qədərincə də müzakirə etdik. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.15 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3 
İştirak edir 87
Nəticə: qəbul edildi

Bu gün iqtisadi inkişaf nazirinin müavini də iclasda iştirak edir. Mikayıl Cabbarov, birinci oxunuş olduğu üçün Sizə söz vermədim, ikinci oxunuşda söz verərik, sözünüzü deyərsiniz. Çox sağ olun. Layihə qəbul edildi.
Hörmətli millət vəkilləri! Əvvəla, mən təklif eləyirəm, növbəti, 15-ci məsələyə keçək. “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında”. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov artıq ikinci dəfədir ki, Milli Məclisdə hesabat verir. Həmin hesabata qulaq asaq, sonra daxili məsələlərə keçərik. Buyurun, Vilayət müəllim.
V. Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar!
İnsan alverinə qarşı Milli Koordinator olaraq artıq ikinci dəfədir ki, bu yüksək kürsüdən illik məlumatla çıxış edirəm. Sözügedən problemin cəmiyyət üçün ciddi təhlükəyə çevrildiyini dünya birliyi birmənalı olaraq etiraf edir. Hər il yüz minlərlə insanın belə hüquqazidd əməllərin qurbanına çevrilməsi onun miqyasını və təhlükəliliyini səciyyələndirən başlıca amillərdəndir.
İnsan alverinə qarşı mübarizə üzrə beynəlxalq səviyyədə fəal iştirak edən Azərbaycan Respublikasında milli qanunvericilikdən, BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasından, onu tamamlayan Protokoldan və məlum Brüssel Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi 2007-ci il üzrə hesabatdan sonrakı dövrdə də məqsədyönlü şəkildə davam etdirilmişdir. Ölkəmizdə insan alverinə qarşı mübarizəyə dövlət, hökumət və parlament səviyyəsində göstərilən diqqət işin düzgün, beynəlxalq təcrübəyə uyğun və səmərəli qurulmasına böyük imkanlar yaradır.
Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizə üzrə milli fəaliyyət planının icrası yönümündə görülən işlər barədə ötən ilin oktyabr ayında Milli Məclisə təqdim edilmiş müvafiq məlumata rəğmən ümumi şəkildə bəzi məqamları ayrıca vurğulamaq istəyirəm. Belə ki, planın iştirakçıları olan Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Gənclər və İdman, Milli Təhlükəsizlik, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük, Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitələrinin əməkdaşlarından ibarət yaradılmış işçi qrupu bu çoxşaxəli məsələnin həllinə kompleks şəkildə yanaşmışdır. Hökumət tərəfindən insan alveri qurbanları üçün sığınacağın fəaliyyətini, qurbanların sosial reabilitasiyasını, onların müəyyən edilməsini tənzimləyən qaydalar, Qaynar xəttin nizamnaməsi, “Qurbanlara kömək fondu haqqında” Əsasnamə və sair normativ sənədlər qəbul olunmuşdur.
Ölkəmizin qanunvericilik bazasının beynəlxalq sənədlərə uyğunlaşdırılması üzrə tədbirlər çərçivəsində cari ilin fevral ayında insan alveri qurbanlarının dərhal və maneəsiz xüsusi polis qurumuna təhvil verilməsi qaydaları da hazırlanaraq, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişdir. Bütövlükdə milli fəaliyyət planının qəbul olunduğu dövrdən ötən müddət ərzində respublikada insan alverinə qarşı mübarizənin bütün aspektlərini özündə birləşdirən və fəaliyyəti səmərəli surətdə əlaqələndirən möhkəm qanunvericilik bazası yaradılmışdır. Cinayətlərin qurbanlarına, həmçinin potensial qurbanlara 24 saat ərzində pulsuz xidmət edən əlaqə telefonu istifadəyə verilmiş, Daxili İşlər Nazirliyinin saytında lazımi izahedici məlumatları özündə əks etdirən xüsusi bölmə yerləşdirilmişdir.
Qurbanların cəmiyyətə reinteqrasiyası, təhsil alması, psixoloji, tibbi və peşə reabilitasiyası, onlara hüquqi yardımın göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində xüsusi mərkəz yaradılmışdır. 2008-ci ildə insan alverinə qarşı mübarizənin gücləndirilməsi, bu yönümdə idarəetmə sisteminin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədi ilə aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilən təşkilati-əməli fəaliyyət daha məqsədyönlü xarakter daşımaqla nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır.
Qarşıda duran məqsədlərə nail olmaq üçün saxta pasport, viza və digər sənədlərin hazırlanması ilə məşğul olan, müxtəlif bəhanələrlə insanların xarici ölkələrə aparılmasını təşkil edən, fiziki və hüquqi şəxslərin aşkarlanması istiqamətində əməliyyat-profilaktik tədbirlər ciddi nəzarətdə olmuşdur. Bununla bərabər, insan alveri ilə mübarizənin gücləndirilməsi, optimal strategiyanın işlənib hazırlanması, informasiya-analitik işin, kriminogen təhqiqatların, sərhəd nəzarətinin gücləndirilməsi, qeyri-hökumət və beynəlxalq təşkilatlarla birgə əhali arasında geniş maarifləndirmə işlərinin aparılması, qurbanların etibarlı, hüquqi və sosial müdafiəsinin cəmiyyətə reinteqrasiyasının təmin olunması istiqamətində tədbirlər də həyata keçirilir.
Qeyd edilən neqativ təzahürlərin doğurduğu təhdidlərə qarşı mübarizənin informasiya təminatının gücləndirilməsi məqsədi ilə ən yeni üsul və vasitələrin işlənib hazırlanması, o cümlədən şəxslərin şəkil, əl, barmaq izləri və digər fərdi biometrik xüsusiyyətləri əsasında identifikasiya edilməsi üzrə biometrik eyniləşdirmə sisteminin normativ hüquqi əsaslarının yaradılması istiqamətində də zəruri tədbirlər görülür.
Bu ilin may ayında “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi göstərilən sahədə vacib addımlardan olmaqla, məsələyə beynəlxalq təcrübə və standartlara uyğun yanaşmanı təmin etmişdir. Belə cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması vacib şərtlərdən olaraq daim diqqət mərkəzində saxlanılır. Amerika Birləşmiş Ştatları, Türkiyə, Avstriya, Bolqarıstan, Latviya, Rumıniya, Çin, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İran və sair dövlətlərin aidiyyəti qurumları, habelə BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, İnterpolun Baş katibliyi ilə əməkdaşlıq münasibətləri intensiv və səmərəli şəkildə davam etdirilmişdir. Məlumat üçün onu da bildirim ki, İnterpol xətti üzrə icra edilən sorğuların sayı son vaxtlar dörd dəfədən çox artmışdır. Təyinat ölkələrindən olan Birləşmiş Ərəb Əmirliklərinin hökuməti ilə də müvafiq saziş imzalanmışdır.
Bu gün 31 qeyri-hökumət təşkilatı, o cümlədən Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası, Təmiz Dünya, Azərbaycan Uşaq Birliyi, İnsan Hüquqları Resurs Mərkəzi, Azərbaycan-Skandinaviya Əməkdaşlığı, Sahibsiz uşaqlara yardım, Qadın və müasir dünya və sair ictimai birliklərlə qarşılıqlı əlaqədə iş aparılır. Ötən dövrdə Avropa İttifaqının, ABŞ-ın və Norveç Krallığının ölkəmizdəki səfirliklərinin maliyyə dəstəyi ilə Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, Azərbaycan Miqrasiya Mərkəzi, Universitet Təhsilli Qadınlar, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi qeyri-hökumət təşkilatları ilə birlikdə qadın və uşaq alverinə qarşı mübarizədə dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı, insan alveri qurbanlarının müəyyənləşdirilməsi üçün dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının əməkdaşlıq perspektivləri, qadın alveri ilə mübarizə sahəsində risk qrupları arasında maarifləndirmə, insan alveri haqqında məlumatlılığın artırılması və insan alveri qurbanlarına hüquqi yardım, insan alveri qurbanları üçün sığınacaq və Qaynar xəttin idarə olunması üzrə ölkə potensiallarının artırılması, insan alverinə qarşı mübarizə üzrə cavab mexanizmlərinin gücləndirilməsi layihələri həyata keçirilmiş və digər layihələrin də həyata keçirilməsi davam etdirilir.
İnsan alveri cinayətlərinin başvermə səbəb və şəraitini araşdırmaq, əhalini, yerli icra nümayəndəliklərini, bələdiyyələri və ərazi polis orqanlarını maarifləndirmək məqsədi ilə qeyri-hökumət təşkilatlarının yaxından iştirakı ilə 67 şəhər və rayonda seminar, müşavirələr, məşğələlər təşkil olunmuşdur. Sığınacaqda xidmət edən qeyri-hökumət təşkilatlarının əməkdaşları üçün təlimlər keçirilmiş, onlara müvafiq sertifikatlar verilmiş, səlahiyyət və funksiyaları müəyyən edilmişdir. 2008-ci ilin ötən dövründə sığınacağa yerləşdirilmiş 48 nəfərdən əksəriyyəti cəmiyyətə reinteqrasiya olunmuş, 7-si işlə təmin edilmiş, 3 nəfər peşə kurslarına göndərilmişdir. Həmçinin 9 qurbana cinayət nəticəsində dəymiş maddi ziyan məhkəmə proseslərində ödətdirilmişdir.
Respublika hökumətinin 2006-cı il 17 iyun tarixli qərarına əsasən insan alverindən zərər çəkmiş 41 nəfərə reinteqrasiya dövründə müavinətlər ödənilmişdir. Cari ilin əvvəlindən paytaxt ərazisində ayrılmış xüsusi binadan beynəlxalq çıxışı olan və sutka ərzində pulsuz xidmət göstərən qeyri-hökumət təşkilatlarının əməkdaşlarından komplektləşdirilmiş Qaynar xətt fəaliyyətə başlamışdır. Bu müddət ərzində həmin xəttə daxil olmuş 485 müraciətin hər biri üzrə ətraflı araşdırma aparılaraq adekvat tədbirlər görülmüşdür. Bundan başqa, kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə olunmuş, cinayətlər üzrə istintaq materialları əsasında çəkilmiş qısametrajlı filmlər, ictimaiyyəti maraqlandıran suallarla əlaqədar verilişlər hazırlanaraq, “Xəzər”, ANS və İctimai televiziya kanallarında yayımlanmışdır. Müvafiq səlahiyyətli orqanların əməkdaşları insan alverinə qarşı müxtəlif mövzular üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Müəllimlər və Azərbaycan Turizm institutlarında, Dövlət İdarəçilik Akademiyasında və digər təhsil müəssisələrində çıxışlar etmişlər.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, artıq bir neçə ildir ki, Daxili İşlər Nazirliyinin nəzdində İnsan alverinə qarşı mübarizə üzrə xüsusi qurum fəaliyyət göstərir. Həmin qurumun əməkdaşları beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə müsabiqə və şəffaflıq prinsipləri əsasında keçirilən test imtahanları nəticəsində tam tərkibdə daha hazırlıqlı və peşəkar işçilərlə komplektləşdirilmişdir. Əməkdaşların professional səviyyəsinin artırılmasına, qabaqcıl təcrübəni öyrənmələrinə böyük önəm verilərək, onların Avstriya, Finlandiya, Polşa və Türkiyə Respublikasında keçirilən seminar və konfranslarda, habelə Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Əmək Təşkilatı, ATƏT və Miqrasiya Siyasətinin Formalaşması üzrə Beynəlxalq Mərkəz tərəfindən təşkil olunmuş təlim və treninqlərdə iştirakı təmin edilmişdir.
İnsan alveri ilə mübarizənin müasir dövrün tələblərinə uyğun daha səmərəli təşkili məqsədi ilə internat məktəbləri, uşaq və körpələr evindən övladlığa götürülmüş, qəyyumluğa, himayədar ailələrə, habelə yerli və əcnəbi vətəndaşlara övladlığa verilmiş uşaqları Azərbaycanda və xarici ölkələrdə işlə təmin etmək üzrə vasitəçilik fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər, şirkətlər, agentliklər barədə məlumatları özündə əks etdirən məlumat bazası yaradılmışdır. Məlumat üçün onu da qeyd edim ki, cinayətkarlığın bu növü ilə mübarizəni gücləndirmək məqsədi ilə belə hüquqazidd əməllərlə məşğul olanlar, o cümlədən ölkə ərazisində fəaliyyət göstərən internat məktəblərindən və uşaq evlərindən körpələrin övladlığa götürülməsi prosesləri əməliyyat nəzarətində saxlanılmışdır. Bu və ya digər tədbirlər müəyyən müsbət nəticələrin əldə olunmasını, o cümlədən əməliyyat şəraitinin nəzarətdə saxlanılmasını, onun inkişaf meyillərinin izlənilməsini, əhalinin müxtəlif qrupları üzrə cinayətin qurbanlarının aşkar edilib vaxtında qabaqlayıcı tədbirlərin görülməsini şərtləndirmişdir.
Cari ilin ötən dövründə insan alveri ilə bağlı 342 cinayət aşkarlanmışdır ki, bu da 2007-ci illə müqayisədə 119 fakt çoxdur. Onlardan 70-i Cinayət Məcəlləsinin insan alveri maddəsi üzrə olmuş, törətdikləri hüquqazidd əməllərə görə 315 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, insan alverinin qurbanı olan 74 nəfər müəyyən olunmuşdur. Axtarışda olan 79 nəfərdən 52 faizinin, o cümlədən İnterpol xətti ilə 12-nin tutulması təmin edilmiş, 40-dan çox cinayətkar dəstə zərərsizləşdirilmişdir. Bununla yanaşı, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin 2007-ci il üçün hesabatında Azərbaycanın ikinci qrupun nəzarət siyahısına enməsi anlaşılmazdır. Hesabatın istinad olunduğu mənbələrin qiymətləndirmə meyarları təəccüb doğurur. Araşdırmalar göstərir ki, insan alverinin qarşısının alınması sahəsində yetərli təcrübəsi olmayan bəzi qeyri-hökumət təşkilatlarının subyektiv fikri, eləcə də qərəzli mövqeyi ilə seçilən ayrı-ayı hüquq müdafiəçilərinin məlumatları əsasında hazırlanmış həmin sənəddə öz əksini tapmış məqamlar, əslində, həqiqəti əks etdirmir.
Latent xarakteri daşıyan bu növ cinayətlərin qarşısının alınması və aşkarlanması üzrə 2007-ci ildə həyata keçirilən tədbirlər əvvəlki dövrlərlə müqayisədə daha fəal olmaqla məqsədyönlü xarakter daşımış, müvafiq iş göstəricilərinin dinamikası yüksələn xətt üzrə inkişaf etmişdir. Belə ki, respublika qanunvericiliyində insan alverini öz-özlüyündə cinayət kimi tanıyan və cəza təhdidi altında qadağan edən normanın təsbit edildiyi 2005-ci ilin sentyabr ayından sonrakı dövrdə, yəni 2006-cı ildə 27 cinayət faktı və 86 qurban, 2007-ci ildə 74 cinayət faktı və 101 qurban aşkar edilmişdisə, təkcə bu ilin 10 ayında 70 cinayət faktı və 74 qurban müəyyən edilmişdir. Göstərilən artım ildən-ilə fəaliyyətin səmərəliliyini və qeyri-aşkar şəraitdə törədilən müvafiq əməllərin aşkarlanması kimi vacib və böyük əhəmiyyət kəsb edən işin yaxşılaşmasından, əməkdaşların professionallığının yüksəlməsindən, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin məqsədyönlü və düzgün qurulmasından irəli gəlir ki, bu da yalnız müsbət hal kimi dəyərləndirilə bilər.
Qurbanların sayının əvvəlki illə müqayisədə çox olması isə məhz insan alverinə qarşı aparılan sistemli mübarizənin, o cümlədən zərərçəkənlərin bilavasitə ünsiyyətdə olduqları qeyri-hökumət təşkilatlarının və aidiyyəti qeyri-hökumət orqanlarına inamının və buna uyğun olaraq müraciətlərin artmasının məntiqi nəticəsidir. Təkcə cari ilin son 3 ayında qeyri-hökumət təşkilatları tərəfindən insan alverindən zərər çəkmiş 6 şəxs müəyyənləşdirilərək hüquq mühafizə orqanlarına istiqamətləndirilmişdir. Doğrudur, yeni yaradılmış bəzi qeyri-hökumət təşkilatları cəmiyyətdə kifayət qədər tanınmadıqlarından ümumilikdə belə qurumlara edilən müraciətlərin sayı dövlət orqanlarına edilən müraciətlərlə müqayisədə kəskin şəkildə fərqlənir. Bununla əlaqədar adekvat tədbirlərin görülməsi, o cümlədən insan alverinə qarşı mübarizədə iştirak edən qeyri-hökumət təşkilatları şəbəkəsinin və “Antitrafik” adlanan yeni internet saytının yaradılması, eləcə də müvafiq sahəni tənzimləyən normativ hüquqi aktları özündə əks etdirən toplunun nəşr edilməsi nəzərdə tutulmuşdur.
Diqqətinizi qurbanlara spesifik tibbi yardım göstərən səhiyyə müəssisələrinin lazımi avadanlıqlarla təchiz olunması kimi hesabatda göstərilən irada da cəlb eləmək istərdim. Milli fəaliyyət planının həyata keçirilməsi üzrə işçi qrupunun üzvü olan Səhiyyə Nazirliyi tərəfindən insan alveri qurbanları üçün zəruri tibbi avadanlıq və ləvazimatlar alınmış, xüsusi psixoloq ayrılmışdır. Paytaxt ərazisində fəaliyyət göstərən xəstəxana və poliklinikalarda qurbanlara ambulator və stasionar xidmət göstərilir. Yəni bütün vətəndaşların müraciət etdikləri tibb müəssisələrində, yəni Respublika Klinik Xəstəxanasında, QİÇS Mərkəzi, Respublika Dəri-Zöhrəvi Dispanserində və digər müəssisələrdə onlar üçün başqa vətəndaşlarımız kimi xidmət göstərilir.
Müvafiq cinayətləri törətmiş şəxslərin yarıdan çoxuna tətbiq edilən cəzanın sərt olmaması barədə irada gəldikdə qeyd edilməlidir ki, məhkəmə hökmləri cinayət və cinayət-prosessual qanunvericiliyin həm də ədalət prinsipləri rəhbər tutulmaqla çıxarılır. Belə ki, 2007-ci ildə insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb olunmuş 75 nəfərdən 15-i ağır xəstəliyi və əlilliyi, 10 qadının hamilə və ya öhdəsində azyaşlı uşağın olması, 26 nəfərin cinayətin açılmasına fəal köməklik göstərməsi nəzərə alınaraq onlara nisbətən yüngül cəzalar təyin olunmuş, 24 nəfərin barəsində isə 3 ildən 10 ilədək həbs müddəti seçilmişdir.
Hörmətli millət vəkilləri, bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə, o cümlədən qadın və uşaqların məcburi əməyə cəlb olunması, cinsi istismara məruz qalması kimi hüquqazidd əməllərə son qoyulması dövlətin hüquq mühafizə siyasətinin prioritet istiqamətlərindəndir. Problemin beynəlxalq aləmdə geniş miqyas almasının əsas səbəblərindən biri insan alverinin qurbanlarına olan yüksək tələbat və cinayətkarların külli miqdarda əldə etdikləri gəlirdir. Odur ki, belə cinayətlərin törədilmədiyi bir mühitin yaradılması üçün cəmiyyətin bütün səylərinin birləşdirilməsi labüd və zamanın tələbidir. Bu vacib amil nəzərə alınmaqla, hazırda aidiyyəti dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının iştirakı ilə insan alveri qurbanlarının milli istiqamətləndirmə mexanizmlərinin yaradılmasına dair tədbir görülür. Eyni zamanda, beynəlxalq qurumların tövsiyələri nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ilə birgə yeni Milli fəaliyyət planının hazırlanması zəminində iş aparılır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, çıxışımın sonunda sizi əmin etmək istəyirəm ki, səlahiyyətli dövlət orqanları insan alveri cinayətlərinin qarşısının alınması və açılması üzrə fəaliyyətin səmərəliliyini artıraraq, Azərbaycan Respublikasının qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından, ölkəmizin beynəlxalq öhdəliklərindən irəli gələn tədbirlərin yerinə yetirilməsini tam təmin edəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rəbiyyət xanım, əlavəniz var? Gülər Əhmədova, buyurun.
G. Əhmədova. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, insan alverinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası bir sıra beynəlxalq sazişlərə qoşulmuş və bu sahədə olan çatışmazlıqları aradan qaldırmaq üçün normativ hüquqi aktlar qəbul etmişdir. Təbii ki, bütün bu tədbirlər Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş, vətəndaşların insan və hüquq azadlıqlarını təmin etmək məqsədi ilə qəbul edilmişdir.
Heç kimə sirr deyil ki, bu sahədə mövcud olan qanun pozuntularının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları da bir çox tədbirləri həyata keçirirlər. Mən bir neçə məsələ ilə bağlı cənab generalın fikirlərini bilmək istərdim. Hesabatda konkret olaraq insan alveri qurbanları ilə bağlı aparılan iş haqqında danışıldı. Mən qeyd eləmək istərdim ki, beynəlxalq təcrübəni nəzərə alsaq, insan alveri ilə bağlı aparılan iş kifayət qədər yüksək səviyyədədir. Məsələ burasındadır ki, bu məsələdə konkret olaraq ikinci bir tərəf də var. Bu da insan alverinin təşkilatçılarıdır. Bu təşkilatçılarla bağlı aparılan iş hansı səviyyədə olursa-olsun, təcrübə onu göstərir ki, bu insanlar heç vaxt əməllərindən geri çəkilmirlər. Hətta həbs cəzası çəkdikdən sonra belə yenidən bu əmələ qayıdırlar.
Təklif olaraq istərdim ki, bir məsələyə də cənab general fikrini söyləsin. Mənə belə gəlir ki, bu qədər çirkin, bu qədər rəzil bir işlə məşğul olan insanlar, insan alverinin təşkilatçıları konkret olaraq hər hansı bir formada məhkum olunduqdan sonra digər məhkumlardan fərqli olaraq pasportlarının rəngi ilə, yaxud hər hansı bir qeydiyyatla ömür boyu yaşamalıdırlar. Çünki həm kütləvi informasiya vasitələrində, həm də hesabatlarda göstərilir ki, təşkilatçılıqla məşğul olan insanlar həbs cəzası aldıqdan sonra yenidən bu işə qayıdırlar.
İkinci məsələ beynəlxalq övladlığa götürməklə bağlıdır. Bilirik ki, 2002-ci ilə kimi bu sahədə biabırçı vəziyyət var idi və o zaman Respublika Prokurorluğunun qaldırdığı cinayət işi ilə bağlı, konkret olaraq ölkədə beynəlxalq övladlığa götürülmüş 200 nəfər uşaqla bağlı verilən sorğuya heç bir cavab alınmadı. O zaman Baş prokurorun birinci müavini cənab Usubovun dediyi kimi, həmin uşaqlarla bağlı verilən sorğuya heç bir ölkədən cavab gəlmədi. Maraqlanmaq istərdim ki, bu işi yenidən yeniləşdirə bilərikmi? Bu uşaqların taleyi ilə bağlı cənab milli koordinatorun hər hansı köməyi dəyə bilərmi?
Üçüncü məsələ. ABŞ-ın Dövlət Departamentinin hesabatı ilə bağlı rəqəmlər vurğulandı. Mənə elə gəlir ki, bir qədər öncə həmin hesabatda yaxşılığa doğru yerimizi dəyişmişdik. Amma indi nəyə görə bu cür narahatçılıq yaranır? Yəqin ki, bunun hansısa səbəblərlə bağlı olduğunu cənab general bizə deyəcək. O ki qaldı qeyri-hökumət təşkilatları ilə bağlı, bildiyimiz kimi, Prezident yanında QHT Dövlət Dəstəyi Şurası ona yaxın təşkilatı bu sahə ilə bağlı maliyyələşdirib. Ondan başqa ATƏT də, Avropa Şurası da maliyyələşdirib. Çox maraqlıdır, bu qədər maliyyələşdirilmənin qarşısında bizim hörmətli QHT-lər bu işin öhdəsindən gələ bilirlərmi, yoxsa yox?! Çünki hesabatdan aydın göründü ki, əsas iş dövlət tərəfindən aparılır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əhəd Abıyev, buyurun.
Ə. Abıyev. Hörmətli millət vəkilləri, mən də bu gün gündəlikdə olan İnsan alverinə qarşı mübarizəyə dair məlumatla bağlı fikirlərimi nəzərinizə çatdırmaq istəyirəm. Maraqlıdır, nəyə görə xırda alğı-satqı ilə məşğul olan hüquqi və fiziki şəxslərin adlarını bəzi qanunlarda çəkirik, amma gəlirlərdən daha da çox vəsait xərcləyən firma və şirkətlər kənarda qalırlar? Belə ki, qaçaqmalçılıqla, mütəşəkkil formada transmilli cinayətkarlıqla məşğul olan, xaricdən yüzlərlə müasir şəxsi yük maşınları ilə tranzit yüklərinin arasında külli miqdarda narkotik maddələr gətirməsi bilavasitə ehtimal olunan və təsdiqi tapan, bu istiqamətdə fəaliyyət göstərən firmalar vardır. Həmin çoxsaylı yük maşınlarının sahibi də tanınır. Bu faktlar yoxlanıldıqda kifayət qədər gizli və mühüm məqamlar aşkarlanar. Bütün dünyaya məlumdur ki, çirkli pullar, əsasən, narkotik maddələrin satışından və insan alverindən əldə olunur.
Hörmətli həmkarlarım, dövlətimizə, cəmiyyətimizə, iqtisadiyyatımıza və müstəqilliyimizin möhkəmlənməsinə təhlükə yarada bilən, belə fəaliyyətlə məşğul olan sahələr müəyyənləşdirilməli və bu qanunda öz hüquqi əksini tapmalıdır. Hüquq mühafizə orqanları bu əsaslı tədbirləri həyata keçirməli və barışmaz mübarizə aparmalıdır. Mən buna inanıram.
Cənab Sədr, bildiyimiz kimi, bu gün milli birlik, azərbaycançılıq ideyası, dünyanın hər bir yerində yaşayan azərbaycanlıların həmrəyliyi, Azərbaycanın istər daxildə, istər xaricdə əldə olunan nailiyyətləri, ölkədəki siyasi sabitlik əsas verir ki, həqiqətən, Azərbaycan Respublikasında belə cinayətkarlığa qarşı barışmaz mübarizə aparılsın. Bu hər bir vətəndaşın vəzifə borcudur. Belə ki, bu gün Azərbaycanda Prezident seçkilərinin çox yüksək səviyyədə, şəffaf, ədalətli, beynəlxalq standartlara uyğun keçirilməsi buna bariz bir nümunədir. Mən şəxsən qürur hissi keçirirəm və bir vətəndaş kimi, qüdrətli Azərbaycanın bir nümayəndəsi kimi demək istəyirəm ki, cənab Sədr, bəzən belə sabitlikdən, bu əmin-amanlıqdan, bu bolluqdan istifadə eləyib harınlaşanlar, çaşanlar var. Mən xahiş eləyirəm, onlar da bir din-imana gəlsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Hörmətli Sədr, bu hesabat hərtərəfli hazırlanıbdır. Milli Məclis qarşısında hər il bu hesabat verilir. Vilayət müəllim də çıxış elədi. Mən hesab eləyirəm ki, bunu biz səsə qoyub, qəbul eləməliyik. Hər hansı bir müzakirənin aparılmasına ehtiyac qalmır. Mən terminlə əlaqədar bir fikrimi demək istəyirəm, “İnsan alverinin qurbanı” ifadəsi rus dilindən çevrilmişdir. Ola bilsin ki, hərfi mənada üst-üstə düşür. Amma Azərbaycan dilində “qurban”ı yox, “ziyan çəkmiş”, “zərər çəkmiş”, “mənəvi, fiziki təzyiqə məruz qalmış” kimi ifadə etmək doğru olardı. “Qurban” terminindən biz hər yerdə istifadə eləyirik. İndi kimsə birini oğurlayıb aparıbsa, yaxud satıbsa, oradan qayıdıb gəlibsə, onu qurban kimi təqdim etmək, məncə, düzgün deyil. Ola bilər ki, uşaqların daxili orqanlarını satmaqla məşğul olanlar var və sair. Amma termin baxımından qalan məsələlər yerindədir. Mən hesab eləyirəm ki, səs verib, bunu qəbul eləyə bilərik. Sağ olun.
Sədrlik edən. Deməli, Siyavuş müəllim, birincisi, “qurban” sözü ingiliscə də, rusca da “qurban”dır. Həmin sözü dəyişməyə ehtiyac yoxdur. Sonra, Gülər xanımın və başqalarının sualı oldu. Bu suallara cavab vermək lazımdır. Çıxışa yazılanlardan təkid eləyən yoxdur ki? Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm. Mən çox qısa deyəcəyəm. Hamımız bilirik ki, bu nə dərəcədə mühüm bir problemdir. Xüsusən Azərbaycan xalqına, bizim əxlaqımıza, mentalitetimizə uyğun olmayan bir haldır. Təəssüf ki, 1980-ci illərin sonundan başlayaraq bu məsələ böyük bir milli bəlaya çevrilmişdir.
Mənim çıxış eləməyimə nə səbəb oldu? Məlumatda ABŞ-ın Dövlət Departamentinin bu məsələdə Azərbaycanı ikinci qrupa aid etməsinə etiraz edildi və onun anlaşılmaz olduğu bildirildi. Burada cənab koordinator da həmin məsələnin üzərində dayandı və qeyri-hökumət təşkilatlarının bu məsələdə qərəzli mövqe tutması, Dövlət Departamentinin rəyinə təsir etməsi vurğulandı. Bunun həmin qərəzli məlumatlardan irəli gəldiyi barədə bir müddəa vardır. Sözün doğrusu, bu məsələnin üstündən sükutla keçmək mümkün deyil. Çünki həmin bəyanatda Azərbaycanın həm insan alverinin mənbəyi olması, həm də tranzit ölkə olması məsələsi vurğulanır. Təkrar eləyirəm, bu, üstündən keçilməsi mümkün olmayan və bizim əxlaqi sifətimizə, millətimizin imicinə xələl gətirən bir məsələdir. Həqiqətən, əgər belə bir qərəzli qeyri-hökumət təşkilatları varsa, onların verdikləri məlumatlar bu gün Azərbaycan xalqı haqqında mənfi fikrin yaranmasına səbəb olmuşsa və bu əsaslandırılarsa, sizi inandırıram ki, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı həmin qeyri-hökumət təşkilatlarının əleyhinə çıxacaq. Amma çox təəssüf ki, indi cənab koordinator öz məruzəsində də, şifahi məlumatında da bu qərəzin nədən ibarət olması, həmin qeyri-hökumət təşkilatlarının bu məsələdə qeyri-obyektiv olmalarını əsaslandırmaq üçün heç bir əsas, dəlil gətirmədi. Bu olduqca ciddi bir məsələdir. Növbəti illər üçün məlumatlar hazırlanarkən, şübhəsiz ki, buna ciddi diqqət yetirilməlidir.
Mənim üçün Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəyi ciddi və son instansiya deyildir. Amma hansısa xarici ölkədə, o cümlədən Amerika Birləşmiş Ştatlarında həmin rəylər hazırlanarkən təkcə qeyri-hökumət təşkilatlarının yox, İnterpolun və bu işlə məşğul olan beynəlxalq təşkilatların məlumatlarına istinad olunur. Həmin məlumatlar hörmətli koordinatorun da yazılı mətnində var ki, Azərbaycanda bu sahədə vəziyyətin heç də yaxşılaşmamasına əsas verir. Çünki qeydə alınmış cinayətlərin xeyli artması da bunu göstərir. Bir tərəfdən bu, həmin sahəyə diqqətin artırılması, əvvəl baş verən, qeydə alınmayan cinayətlərin qeydə alınması ilə bağlıdırsa, digər tərəfdən bu sahədə ciddi irəliləyişin olmaması deməkdir.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bu sahədə irəliləyiş o vaxt hiss olunacaq ki, xarici ölkələrdə insan alverinin qurbanı kimi fahişəliyə görə həbs olunmuş Azərbaycan qadınlarının sayı azalacaq. Onda biz ciddi şəkildə deyə biləcəyik ki, həqiqətən, aparılan iş nəticə verməyə başlamışdır. Bu, təkcə Daxili İşlər Nazirliyinin, koordinatorun işi, yaxud bu məsələ ilə əlaqədar milli proqramın həyata keçirilməsi ilə bağlı olan bir məsələ də deyildir. Bu, ciddi bir sosial məsələdir. Sizə səmimi şəkildə deyirəm, mən bunu heç də hakimiyyətdə hansı siyasi partiyanın olması ilə də qətiyyən bağlamıram. Bu çox ciddi milli problemdir və bizə başucalığı gətirməyən bir məsələdir. Bu məsələdə ümummilli problem kimi hamımız əl-ələ verib işləməyə hazır olmalıyıq.
Məhkəmələrdə bu cinayətin təşkilatçılarına az cəza verilməsi ilə bağlı koordinator tərəfindən fikirlər səsləndi. Bu, Cinayət Məcəlləsində və sanksiyalarda nəzərdə tutulmuş hədlərlə izah olundu. İnsan alverinin təşkilatçıları mütəşəkkil cinayətkar dəstəyə verilən tərifə aid olmalıdır. Bu sahədə sanksiyaların, yəni təşkilatçılara verilən sanksiyaların ciddi şəkildə ağırlaşdırılmasına ehtiyac vardır. Bir neçə qadını həbs etməklə bu olmaz. Bunların əsas rəhbərləri xaricdə oturublar. Bilirsiniz ki, əksəriyyətinin də başında Azərbaycan vətəndaşı olmayan və təşkilatlanmış böyük dəstələr durur. Onlar beynəlxalq cinayət dəstələri kimi fəaliyyət göstərirlər. İstər koordinatorun, istər Daxili İşlər Nazirliyinin, istərsə də Milli Təhlükəsizlik Nazirliyinin və digər əlaqədar icra hakimiyyəti orqanlarının bu sahədə daha koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməsinə ehtiyac vardır.
Sədrlik edən. Çox sağ olun. Cənab nazir müavininə söz verməmişdən qabaq demək istəyirəm ki, biz, millət vəkilləri dəfələrlə Azərbaycana qərəzli mövqelər olduğunun, qərəzli hesabatlar hazırlandığının şahidi olmuşuq. Bunun adını hamımız bilirik, təkrar etmək istəmirəm. Milli Koordinator çox normal bir hesabat verdi. Vilayət müəllim, əgər cavab vermək istəyirsinizsə, buyurun.
V.Eyvazov. Sualların çox olduğunu və hamısının birdəfəyə verildiyini nəzərə alaraq, ola bilər ki, hansısa sual mənim fikrimdən yayınsın. Ona görə də üzr istəyirəm. Gülər xanımın təklifinə gəlincə, bizim heç bir cinayətkara xüsusi pasport vermək imkanımız yoxdur. Bu məsələ qanunvericilikdə də nəzərdə tutulmayıb. Amma əmin ola bilərsiniz ki, insan alveri cinayətləri, ümumiyyətlə, ağır cinayətlər törətmiş şəxslər barəsində hüquq mühafizə orqanlarında, o cümlədən Daxili İşlər Nazirliyində məlumat bazası var. Həmin şəxslər hər zaman nəzarətdə saxlanılır, əməliyyat tədbirləri keçirilir. Xarici ölkələrə övladlığa verilmiş uşaqlarla əlaqədar bizdə komissiya fəaliyyət göstərir. Həmin komissiyanın da 12 üzvü var. Hər bir şəxs bir qurumu, bir nazirliyi təmsil edir. Onların hamısı ilə razılaşdırıldıqdan və əməliyyat yolu ilə yoxlanıldıqdan sonra uşağın qəyyumluğa verilməsi məsələsi öz həllini tapır. Gələcəkdə də onlar haqqında sorğu verib, məlumat almaq imkanımız var.
Hörmətli Əhəd Abıyevin dediyi ilə əlaqədar, yəni bu gün narkotiklərlə bağlı məsələlər müzakirə edilməsə də, məlumat üçün qeyd edim ki, son illər qeyri-qanuni dövriyyədən çıxarılmış narkotiklərin sayı nəzərəçarpacaq dərəcədə artır. Əgər keçən il daxili işlər orqanları tərəfindən 360 kiloqram narkotik maddə dövriyyədən çıxarılmışdısa, təkcə bu ilin 10 ayında 564 kiloqram narkotik maddə dövriyyədən çıxarılmışdır. Digər məsələyə gəlincə, narkotik maddə alveri edəni Azərbaycan Respublikasında kimsə himayə edə bilməz. Burada əyləşənlərin hamısı yaxşı bilir ki, bura Azərbaycandır. Azərbaycan dövlətində, kimliyindən asılı olmayaraq, hər bir kəs qanun qarşısında cavabdehlik daşıyır.
Siyavuş müəllimin qurbanlarla əlaqədar dediyi məsələyə, hörmətli cənab Sədr, Siz cavab verdiniz. Bütün dünyada insan alverindən əziyyət çəkmiş insanlara münasibətdə “qurban” termini işlədilir. Qanunda da bu məfhum “qurban” kimi işlədilir. Başqa təklif olarsa, qəbul edilə bilər.
Hörmətli deputat Pənah Hüseynin dediyinə gəlincə, bəli, mənbədə Azərbaycan tranzit ölkəsi kimi qeyd olunur. Bunun bir çox amilləri var. Amma Azərbaycandan aparılan qadınların sayının artması barədə məlumat doğru deyil. Əksinə, ildən-ilə Azərbaycandan xarici ölkələrə aparılan qadınların sayı azalır. Mən öz çıxışımda bunu qeyd etdim. Aşkar olunmuş cinayətlərin sayının artması, həqiqətən, cinayətkarlığın artması deyil. Müəyyən qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin aşkar edilməsi, əksinə, əməkdaşların peşəkarlığının artırılmasından, digər hüquq mühafizə orqanları ilə, eyni zamanda, bir sıra beynəlxalq qurumlarla işin düzgün təşkilindən irəli gəlir. Bizim əsas təyinat ölkəsi olan Birləşmiş Ərəb Əmirlikləri ilə artıq sazişimiz imzalanıbdır. Onların köməkliyi ilə Azərbaycan qadınlarının oradan deportasiya olunması məsələləri operativ surətdə həll olunur. Digər tərəfdən, bu işin başında duranların hamısı qadın deyil. Doğrudur, böyük əksəriyyəti qadınlardır. Azərbaycan mentalitetini nəzərə alsaq, Azərbaycan kişilərinin bu işlə məşğul olması çox az hallarda baş verir. Əsasən, qadınlardır. Digər ölkələrdə olan himayədarların və bu cinayət dəstələri üzvlərinin haqqında adekvat tədbirlər görülür. Təbii ki, onlar başqa ölkələrin vətəndaşları olduğuna görə Azərbaycana ekstradisiya olunmurlar. Bayaq qeyd etdim, təkcə bu il İnterpol xətti ilə 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib və aidiyyəti dövlətlər həmin qərarları icra ediblər.
Başqa bir məsələ. Bir daha qeyd edirəm, bu gün Azərbaycanda olan iqtisadi inkişafı hər birimiz görürük, hiss edirik. Hər bir şəxs üçün bu gün Azərbaycanda iş yeri açılıb. Bunun da böyük təsiri var ki, Azərbaycandan digər ölkələrə insan alveri məqsədi ilə qadınların getməsi azalıbdır. Sağ olun. Başqa sual varsa, mən hazıram.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator çox gözəl çıxış etdi. Onun hesabatını nəzərə alaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.56 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3  
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adının dəyişdirilməsi, yeni qrupların yaradılması və mövcud işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqındadır. Bu layihə sizin hamınıza paylanılıb. Əgər etiraz yoxdursa, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.57 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2  
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəlikdə üç məsələmiz qaldı. Əli müəllim, biz indi bu məsələləri çatdıra bilmərik. Ona görə gələn iclasa saxlayaq. Çox sağ olun. Növbəti iclas haqqında məlumat veriləcək.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi