2009-ci il 13 mart tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI

MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  107

Milli  Məclisin  iclas  salonu.
13  mart  2009-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 115 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əliövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri.
Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.

Şirkətlərin, agentliklərin və səhmdar cəmiyyətlərin
rəhbərləri

İskəndər Çəndirli, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru.
Etibar Pirverdiyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti.
Əlixan Məlikov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri.
Nizaməddin Rzayev, “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.

Mərkəzi idarə və təşkilatların rəhbərləri

Aydın Bəşirov, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi.
Arif Əsgərov, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi.
Arzu Rəhimov, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi.
Qüdrət Qurbanov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi.
Arif Məmmədov, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatından

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
İsmayıl Sadıxov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri.
Rüfət Əsədov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar-sənaye şöbəsinin müdiri.
Qurban Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri.
Rasim Dadaşov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Neft və kimya şöbəsinin müdiri.
Səyyaf İsmayılov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri.
Şahin Salahov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiri.
Aydın Məmmədov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat və rabitə şöbəsinin müdiri.
Qulu İmanquliyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Müdafiə sənayesi şöbəsinin müdiri.
Natiq Əzizov, Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.

* * *

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

* * *

Abbas Vəlibəyov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.
2. Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
3. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

İclasda qəbul edilmişdir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatı barədə” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                   O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

13  mart  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Görürəm, çoxdan hamı bir-biri ilə görüşməyib, indi görüşür. Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 97
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik.
Hörmətli hökumət üzvləri, hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Milli Məclis özünün yaz sessiyasının bugünkü, beşinci iclasında Azərbaycan Respublikası hökumətinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatını dinləyəcəkdir. Bu dinləmələrin keçirilməsi ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında vəhdətin, iqtisadiyyatın aşkarlıq və demokratiya prinsipləri əsasında idarə edilməsinin, dövlət hakimiyyəti orqanları ilə parlament arasında şəffaflığın artmasının göstəricisidir.
İlk növbədə, qeyd etmək istərdim ki, təqdim olunmuş hesabat əvvəlki illərin hesabatları ilə müqayisədə geniş məlumat tutumlu olmaqla və təhlil xarakteri daşımaqla yanaşı, həm də çox ətraflı hazırlanmışdır. Sənəddə sosial-iqtisadi inkişafın ətraflı təhlili ilə yanaşı, ekologiya və fövqəladə hallar, xarici əlaqələr, dövlət təhlükəsizliyi, ictimai asayiş, müdafiə və ordu quruculuğu kimi sahələr də müqayisəli şəkildə əhatə olunmuş, məntiqi ardıcıllıq təmin olunmuşdur. Sənəddə diqqəti cəlb edən digər bir məqam son beş ilin sosial-iqtisadi göstəricilərinin artım dinamikasının illər və sahələr üzrə müqayisəli şəkildə əksini tapmasıdır.
Hesabatdan göründüyü kimi, hökumətin 2008-ci ildəki fəaliyyəti heç də asan şəraitdə həyata keçməmişdir. Məlum olduğu kimi, ölkəmiz ən yüksək iqtisadi artıma 2006 və 2007-ci illərdə (34,5 və 25 faiz) nail olmuşdur. Dünyada baş verən qlobal iqtisadi və maliyyə böhranı fonunda ötən il əldə olunan 11 faiz iqtisadi artım böyük uğur kimi qiymətləndirilməlidir. Burada ən önəmli hal ondan ibarətdir ki, son dövrlərdə qeyri-neft sektorunun inkişaf sürəti (16 faiz) neft sektorunun inkişaf sürətini (7 faiz) üstələmişdir. Bu artım əsas etibarilə aqrar sektorun inkişafının təminatı nəticəsində olmuşdur.
Son illərdə Azərbaycan hökumətinin fəaliyyətinin üstün istiqamətlərindən biri də yeni iş yerlərinin yaradılması olmuşdur. Bunun nəticəsidir ki, son beş ildə ölkədə yoxsulluğun səviyyəsi 45 faizdən 13 faizə enmişdir. Təkcə ötən il əhalinin gəlirlərinin artım sürəti istehlak qiymətlərinin bahalaşmasının 17 faiz bəndi üstələmişdir. Bu isə inflyasiyanın iqtisadi üsullarla idarə olunmasının bariz nümunəsidir.
Onu da qeyd etməliyəm ki, dünya iqtisadiyyatında baş vermiş böhran ötən il zirvə nöqtəsinə çatmışdır. Avropa iqtisadiyyatının gözlənildiyindən daha çox tənəzzülə uğraması bunun bir misalıdır. Misal üçün, Almaniyada son 22 ildə, Fransada və İtaliyada isə son 30 ildə belə tənəzzül qeydə alınmamışdır. Bütövlükdə Avropa İttifaqı məkanında sənaye istehsalının illik həcmi 13 faizdən çox aşağı düşmüşdür. Bu, müvafiq statistikanın aparıldığı müddətdə tənəzzülün maksimum səviyyəsidir.
Dünyada baş vermiş qlobal böhranın iqtisadiyyatımıza az təsir etməsi təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident cənab İlham Əliyevin uğurla reallaşdırdığı sosial-iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir. Cari ilin əvvəlində ölkəmizin valyuta ehtiyatları 18 milyard dollardan artıq olmuşdur. Biz bu resurslarla yaxın illər ərzində də iqtisadiyyatımızı baş verə biləcək fəsadlardan qorumaq iqtidarındayıq.
Ötən il ölkə iqtisadiyyatında müşahidə olunan artım dövlət büdcəsinin parametrlərinə də müsbət təsir göstərmişdir. 2008-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlki illə müqayisədə 80 faizə yaxın artmışdır. Önəmlidir ki, Azərbaycanda vergi mədəniyyəti, vergi intizamı, vergi inzibatçılığı çox yüksək səviyyəyə qalxmışdır. Bu da Vergilər Nazirliyinin xüsusi çəkisinin ildən-ilə artmasının labüd göstəricisidir. Eyni zamanda, gömrük xidməti xətti ilə də büdcə daxilolmaları əvvəlki illərə nisbətən 44 faiz artmışdır.
Milli Məclisin son dövrlərdə ölkənin sosial-iqtisadi inkişafında da xidmətləri vardır. Bizim sosial-iqtisadi inkişaf istiqamətində qəbul etdiyimiz qanunlar, eləcə də qanunvericilik səlahiyyəti olan Prezident tərəfindən Milli Məclisə göndərilmiş qanunlar lazımi müddətdə, yüksək səviyyədə müzakirə olunaraq qəbul edilmişdir.
Hörmətli müzakirə iştirakçıları, Nazirlər Kabinetinin illik hesabatının Milli Məclisdə keçirilən dinləmələri bəzən millət vəkillərinin icra strukturlarına irad tutması kimi görünə bilər. Mən hesab edirəm ki, bu belə deyil. Hökumətin növbəti ildə daha mütəşəkkil işləməsi yollarının müəyyən edilməsi əsas məqsədlərdən biridir. Ona görə biz bu vasitələrdən çox səmərəli istifadə eləməliyik və bugünkü dinləmələri, danışıqları bu istiqamətdə aparmalıyıq ki, gələcək dövr üçün hökumətin işində hansı tövsiyələri, hansı təklifləri, hansı yardımları edə bilərik.
Hörmətli millət vəkilləri, bəzən çıxışlarda qeyd olunur ki, dövlətin antiböhran siyasəti yoxdur. Mən bir məqamı yadınıza salmaq istərdim. 2008-ci ilin yekunlarına həsr olunmuş iclasda cənab Prezident bu istiqamətləri tam açıqlığı ilə qeyd elədi və bu tədbirləri göstərdi. Bunlardan vacib olanlar hansılardır? İstehlak qiymətlərinin sabitləşdirilməsi və mümkün qədər aşağı salınması, əsassız inhisarın, qeyri-sağlam rəqabətin qarşısının alınması, xaricdə saxlanılan valyuta ehtiyatlarının müəyyən hissəsinin yerli banklarda yerləşdirilməsinə dəstək göstərilməsi, real iqtisadiyyata investisiya qoyuluşunun davam etdirilməsi, dövlət proqramlarında nəzərdə tutulmuş sosial öhdəliklərin dəstəklənməsi, ölkə sənayesinin, ilk növbədə, daxili bazarın tələbatının ödənilməsinə istiqamətlənməsi və nəhayət, ərzaq təhlükəsizliyinin təmin edilməsi.
Bu baxımdan güman edirəm ki, bugünkü müzakirəmizdə çoxsaylı təkliflər və tövsiyələr veriləcək. Mən sizin hamınızı bu istiqamətdə müzakirələrdə fəal iştirak eləməyə dəvət edirəm.
Hörmətli millət vəkilləri, Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatı dinləmək üçün Baş nazirin birinci müavini Yaqub Eyyubova söz verilir.
Y. Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin bi-rinci müavini.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! 17 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası öncə çağdaş dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin, daha sonra isə onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müasir tarixinin yeni, şərəfli və möhtəşəm bir dövrünü yaşamaqdadır. 2003-cü ilin payızından bugünədək keçən müddət ərzində məhz dövlət başçısının yüksək biliyə və fitri istedada əsaslanan, uzaqgörən, genişmiqyaslı və praqmatik fəaliyyəti nəticəsində ölkəmiz dünyanın nüfuzlu dövlətləri sırasında öz mövqeyini möhkəmlətmişdir.
Böyük qürur hissi ilə qeyd edə bilərik ki, bütün beynəlxalq aləm İlham Əliyevi Heydər Əliyev siyasi və iqtisadi kursunun əvəzsiz davamçısı, regionun lider dövlət başçısı kimi qəbul edir. Beş ildən artıqdır ki, Prezidentin rəhbərliyi altında həyata keçirilən köklü sosial-iqtisadi islahatlar Azərbaycanın milli maraqlarına əsaslanan perspektiv inkişafa, xalqın maddi rifahının yaxşılaşdırılmasına xidmət edir. Ötən ilin oktyabr ayında dövlətçiliyimiz və cəmiyyətimiz üçün çox mühüm əhəmiyyət kəsb edən Prezident seçkisi zamanı xalqın mütləq əksəriyyətinin dəstəyini qazanan İlham Əliyevin parlaq qələbəsi Azərbaycan vətəndaşlarının öz liderinə, onun apardığı sosial-iqtisadi siyasətə olan böyük inamının əyani təzahürü idi. Bu, gözlənilən və qətiyyətli qələbə idi. Bu qələbə Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunun alternativsizliyinin təntənəsi idi.
Ümumən, son dövrdə yaranmış yeni beynəlxalq iqtisadi şəraitdə müasir çağırışlara cavab verən irimiqyaslı, məqsədyönlü islahatlar ölkəmizin qüdrətini daha da artırmış, Azərbaycan iqtisadi artım sürətinə görə dünyada liderlər mövqeyinə çıxmışdır. Ardıcıl və sistemli şəkildə atılan bütün addımlar güclü iqtisadi potensialın yaradılmasına, dövlətin möhkəmlənməsinə və xalqın ictimai təhlükəsizlik və sabitlik şəraitində yaşamasına xidmət etmişdir. Regionların tarazlı inkişafı, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. Bu müddətdə, demək olar ki, dünyada analoqu olmayan nəticələr əldə edilmiş, iqtisadiyyatın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 2,6 dəfə artmışdır.
Tamamilə təbiidir ki, Dünya Bankı tərəfindən hazırlanan və çox ciddi hesabatlardan biri sayılan “Doing Business-2009” Azərbaycanı ən islahatçı ölkə hesab etmişdir. Fərəhləndirici haldır ki, dünyanın nüfuzlu və aparıcı maliyyə təşkilatlarının, nəşrlərinin qənaətinə görə bu gün dövlət başçısı cənab İlham Əliyevin titanik əməyi və zəhməti sayəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Möhtərəm Prezident İlham Əliyevin əldə olunan uğurlar haqqında Nazirlər Kabinetinin iclasında ətraflı danışmasına baxmayaraq, iqtisadiyyatda qazanılan nailiyyətləri qürur hissi ilə bir daha vurğulamaq istərdim.
Hesabat ilində ümumi daxili məhsulun həcmi 38 milyard manat olmuş, əvvəlki ilə nisbətən real artım 10,8 faiz təşkil etmişdir. Qeyri-neft sektorundakı 15,7 faiz real artımı xüsusilə qeyd etmək istərdim. Biz bunu ölkə iqtisadiyyatının şaxələndirilməsi və neft sektorundan asılılığının azaldılması sahəsində mühüm nəticə hesab edirik. Əsas kapitala 9,1 milyard manat investisiya vəsaiti yönəldilərək əvvəlki illə müqayisədə 34,3 faiz artım əldə edilmişdir. Burada diqqət çəkən məqamlardan biri odur ki, əsas kapitala istiqamətlənmiş vəsaitin 75,5 faizini daxili investisiyalar təşkil etmişdir.
Möhtərəm Prezidentimizin daim nəzarətində olan sosial məsələlərin həlli yenə də hökumətin fəaliyyətində əsas istiqamətlərdən biri olmuşdur. Orta aylıq əmək haqqı 268 manata, əmək pensiyasının orta aylıq məbləği isə 96 manata çatdırılmışdır. Son beş il ərzində minimum pensiya 3,8 dəfə, minimum əmək haqqı 8 dəfə, orta aylıq əmək haqqı isə 3,5 dəfə artırılmışdır. Əhalinin sosial müdafiəsinin təmin olunması, büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən silsilə sərəncamlar imzalanmışdır. 2008-ci ilin sentyabr ayının 1-dən minimum aylıq əmək haqqı və əmək pensiyalarının baza hissəsi il ərzində 50 faiz artırılaraq 75 manata çatdırılmışdır. Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, müdafiə, hüquq mühafizə orqanları və digər sahələrdə çalışanların aylıq əmək haqları xeyli artırılmışdır.
Dövlətdən birbaşa ünvanlı sosial yardım alan insanların sayı 700 min nəfəri ötmüşdür. Hörmətli Milli Məclisin deputatlarına məruzə edirəm ki, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının verdiyi tapşırıqlara müvafiq olaraq prioritet sahə kimi gələcəkdə də davam etdiriləcəkdir.
Məcburi köçkünlərin problemlərinin həlli, məşğulluğun təmin edilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin gündəlik nəzarətində və hökumətin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə son beş ildə Azərbaycan Respublikasının Prezidenti 19 fərman və sərəncam imzalamış, Nazirlər Kabineti onların icrası ilə əlaqədar 65 qərar və sərəncam qəbul etmişdir. 2003−2008-ci illərdə respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 36 yeni qəsəbə salınmış, onların sosial, təhsil, kommunal və digər problemlərinin həlli istiqamətində çox mühüm işlər görülmüş, 47 min nəfərdən artıq məcburi köçkün öz yaşayış şəraitini yaxşılaşdıraraq normal həyata qayıtmışdır. Göstərilən atalıq qayğısına görə onlar cənab Prezidentə öz minnətdarlığını bildirərək, çox çətin və şərəfli şəraitdə ona dəstək olacaqlarını birmənalı şəkildə bəyan edirlər.
Ümumiyyətlə, son beş ildə dövlət başçısı ölkə həyatının iqtisadi, sosial və humanitar sahələrinin inkişafını əhatə edən 70-dən çox dövlət proqramı təsdiq etmişdir. Bu proqramlarda nəzərdə tutulan kompleks tədbirlərin hər birinin maliyyələşmə mənbəyi, icra müddəti və nəzarət mexanizmi müəyyən edilmişdir. Nəticədə dövlət idarəçiliyinin məhz bu sistemli və çevik formalarının düzgün və düşünülmüş tətbiqi qarşıya qoyulan məqsədlərə nail olunmasını təmin etmişdir.
İqtisadi inkişafın əsas səbəblərindən biri də yoxsulluğun azaldılmasıdır. 2003-cü ildən icrasına başlanılan müvafiq dövlət proqramının həyata keçirilməsi nəticəsində yoxsulluğun səviyyəsi 3,4 dəfə azalaraq 2008-ci ildə 13,2 faizə enmişdir. Sözsüz ki, yoxsulluğun kəskin azaldılmasında “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramının uğurla həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması müstəsna rol oynamışdır. Prezidentimizin regionlara mütəmadi səfərlər edərək proqramın icrasını şəxsi nəzarətdə saxlaması, yaranan problemlərin yerindəcə həll olunması üçün aidiyyəti dövlət strukturlarına konkret tapşırıqlar verməsi həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmışdır.
Dövlət başçısının bu istiqamətdə apardığı məqsədyönlü və yorulmaz fəaliyyətinin məntiqi nəticəsi kimi, proqrama əlavə olaraq ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı tədbirləri özündə əks etdirən daha 17 sərəncam imzalanmış və bunların hamısı icra edilmişdir. Yeri gəlmişkən, qürurla qeyd etmək istərdim ki, son beş il ərzində ölkə Prezidenti tərəfindən söz verilmiş 600 min iş yerinin müqabilində ölkədə 766 min yeni iş yeri açılmışdır ki, onlardan da 547 mini daimi iş yeridir.
Ölkə Prezidentinin digər məsələlərdə olduğu kimi, bu məsələdə də tutduğu prinsipial mövqe həm insanların rifah halının yaxşılaşdırılmasına xidmət göstərir, həm də bölgələrdə gedən müsbət iqtisadi və sosial proseslərə güclü təkan verir. Qeyd etmək istərdim ki, yeni “2015-ci ilədək Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramı təsdiq edilmişdir. Proqramın əsas məqsədi 2015-ci ilədək yoxsulluğun səviyyəsini inkişaf etmiş ölkələrdəki həddə endirməkdən ibarətdir.
Bəzən bizim iqtisadi inkişafımızı daha çox neft amili ilə bağlayırlar. Düzdür, Azərbaycan neft ölkəsidir və ümumi daxili məhsulda onun çəkisi gözəçarpacaq qədərdir. Ancaq regionlarımızın göstəricilərinə nəzər yetirsək görərik ki, son beş il ərzində əksər rayonlarda iqtisadi artım iki dəfədən çox, bəzi bölgələrdə isə artım 2,5−3 dəfə olmuşdur. Ona görə də xüsusi olaraq qeyd etmək istərdim ki, əldə olunan uğurların bünövrəsində dövlət başçımızın rəhbərliyi altında aparılan islahatlar, qoyulan investisiyalar, yaradılan infrastruktur, açılan yeni istehsal müəssisələri, digər iqtisadi amillər dayanır.
Ölkə Prezidentinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət büdcəsi investisiya yönümlü, inkişaf və quruculuq büdcəsinə çevrilmişdir. Büdcənin gəlir və xərclərinin səmərəli və şəffaf şəkildə icra olunmasında əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur. Son beş ildə dövlət büdcəsi 10 dəfədən çox artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ildə 13 milyard dollar olmuşdur.
Dövlət büdcəsinin xərclərində mühüm əhəmiyyət kəsb edən səhiyyə xərcləri 6,3 dəfə, kənd təsərrüfatı və meşə təsərrüfatı xərcləri 5,2 dəfə, təhsil xərcləri 4,8 dəfə, sosial müdafiə və sosial təminat xərcləri 3,9, mədəniyyət, idman və bədən tərbiyəsi xərcləri 4,5, müdafiə xərcləri isə 9,7 dəfə artırılmışdır. 2008-ci ildə büdcə daxilolmalarının təmin edilməsi üzrə proqnoz tapşırıqları artıqlaması ilə icra olunmuşdur. İqtisadi və maliyyə sistemlərinə uyğun olaraq, bank sektorunun son illərdəki dinamik inkişafı davam etmişdir. Onun aktivləri 53 faiz, kapitalı 47,8 faiz, əhalinin əmanətləri isə 29,6 faiz artmışdır. Bankların regional əhatəsi genişlənmiş, göstərilən xidmətlərin növü və keyfiyyəti xeyli yaxşılaşdırılmışdır.
Milli Bankın və Dövlət Neft Fondunun vəsaitləri hesabına formalaşan strateji valyuta ehtiyatları ötən ilin sonuna 18 milyard dolları ötmüşdür. İl ərzində valyuta ehtiyatlarının idarə olunmasından 412 milyon dollardan artıq gəlir əldə olunmuşdur. Beləliklə, ölkə Prezidentinin rəhbərliyi altında aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində ildən-ilə artan icmal büdcə və valyuta ehtiyatları, həmçinin əldə olunan maliyyə dayanıqlığı son beş ildə ölkəmizin hərtərəfli tərəqqisinə xidmət etməklə bərabər, həm də milli sahibkarlıq sinfinin formalaşmasına zəmin yaratmışdır.
Sahibkarlığın dəstəklənməsi davam etdirilərək onlara böyük həcmdə vəsaitin ayrılması, güzəştli kreditlərin verilməsi, aqrar sektora dövlət tərəfindən subsidiyaların yönəldilməsi, yeni texnikanın alınması, xüsusilə də sahibkarlara dövlət başçısı tərəfindən göstərilən mənəvi və əməli-praktik dəstək qeyri-neft sektorunun inkişafında çox mühüm rol oynamışdır.
Biznes qeydiyyatı sisteminin təkmilləşdirilməsi istiqamətində “bir pəncərə” prinsipi uğurla həyata keçirilməkdədir. Sahibkarlığa Kömək Milli Fondu iş adamlarının maliyyə vəsaitinə olan tələbatının ödənilməsində real mənbəyə çevrilmişdir. Qarşıdakı illərdə sahibkarlığın inkişafının daha da sürətləndirilməsi bu sahədə yeni proqramın qəbulunu zəruri etmişdir. Bununla bağlı hazırda proqram layihəsi üzərində ciddi iş aparılır. Hazırlanacaq layihədə sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, ixrac imkanlarının genişləndirilməsi, hüquqlarının müdafiəsi və digər tədbirlər də öz əksini tapacaqdır.
Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan məqsədyönlü və sistemli işlər hesabat ilində də davam etdirilmişdir. Respublika iqtisadiyyatının ən mühüm sahələrindən olan yanacaq-energetika kompleksinin inkişafı davamlı xarakter almışdır. Ulu öndərimiz Heydər Əliyevin banisi olduğu neft strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə, uğurla davam etdirilməsi nəticəsində neft sənayesinə, neftin və qazın hasilatının artırılmasına xüsusi diqqət yetirilmişdir. Son beş ildə neft hasilatı 2,9 dəfə, qaz hasilatı isə 3 dəfədən çox artmışdır. Azərbaycan qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. İndi Azərbaycan qazı Gürcüstana, Türkiyəyə və Yunanıstana ixrac olunur. Bu yaxınlarda belə ölkələrin sayı daha da artacaqdır. Respublikamızın özünün qazlaşdırılması isə 85 faizə çatdırılmış, bütün rayon mərkəzlərinin qazla təchizatı təmin olunmuşdur.
Hesabat ilində yeni 300 meqavatlıq Səngəçal elektrik stansiyası tikilib istismara verilmiş, Sumqayıt şəhərində gücü 525 meqavat olan müasir elektrik stansiyasının tikintisi başa çatdırılaraq yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Şirvan şəhərində 780, Quba rayonunda isə 104 meqavatlıq elektrik stansiyasının tikintisi davam etdirilmişdir. Ümumilikdə 2003−2008-ci illərdə elektroenergetika sahəsində ümumi gücü 750 meqavat olan 6 yeni elektrik stansiyası tikilib istismara verilmiş və enerji sisteminin istismar gücü 24,3 faiz artırılmışdır. Yeni elektrikötürmə, kabel və hava xətləri çəkilmiş, elektrik şəbəkəsinin dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün zəruri işlər görülmüşdür.
Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də əhalinin ərzaqla etibarlı təmin edilməsi olmuşdur. Bunu nəzərə alaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq, motor yağları, mineral gübrələrin alınması, buğda və çəltik əkilməsinə maddi marağın artırılması məqsədi ilə büdcədən 80 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, yüksək reproduksiyalı buğda toxumu və cins mal-qaranın, mineral gübrələrin alınaraq sahibkarlara güzəştlə satılmasına 25 milyon manat vəsait yönəldilmişdir. “Aqrolizinq” Səhmdar Cəmiyyətinə avadanlıq və maşın-mexanizmlərin alınması üçün 37,5 milyon manat, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə investisiya proqramı çərçivəsində 10 milyon manat vəsait ayrılmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştləri 2014-cu ilə qədər, lizinqə verilən texnikanın haqqının ödənilmə müddəti isə 5 ildən 10 ilədək uzadılmışdır. Bütün bunlar və həyata keçirilmiş digər tədbirlər nəticəsində ötən il kənd təsərrüfatı məhsulları istehsalında 6,1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalında 7,2 faiz, heyvandarlıqda isə 4,1 faiz artım əldə olunmuşdur.
Meliorasiya və irriqasiya sistemlərinin, kollektor-drenaj şəbəkələrinin, su anbarlarının tikintisi, yenidən qurulması və əsaslı təmiri, sahilbərkitmə işlərinin davam etdirilməsi istiqamətində vacib tədbirlər həyata keçirilmişdir. Ümumiyyətlə, hesabat ilində kənd təsərrüfatına güzəştli şərtlərlə 152,5 milyon manat büdcə vəsaiti yönəldilmişdir.
Dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik baş verə biləcək fəsadların qarşısının alınmasını, istehlakda yerli məhsulların xüsusi çəkisinin artırılmasını və ərzaq ehtiyatlarının yaradılmasını ön plana çəkmişdir. Bütün bunları nəzərə alaraq, ölkə Prezidenti tərəfindən “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramı təsdiq edilmişdir. Proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 2009-cu ilin dövlət büdcəsində 60 milyon manat vəsait ayrılmışdır. Hesabat dövründə həyata keçirilən infrastruktur layihələri hökumətin bu sahəyə göstərdiyi diqqətin əyani sübutudur.
Ümumən, son illərdə istifadəyə verilmiş, böyük tarixi əhəmiyyət kəsb edən transmilli infrastruktur layihələri olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dövlətimizin iqtisadi qüdrətini artırmış, geosiyasi mövqeyini xeyli möhkəmləndirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının əsas tərkib hissəsi olan bu layihələr hələ uzun illər Azərbaycan xalqının xoşbəxtliyinə və firavanlığına xidmət edəcəkdir.
Regionun geoiqtisadi məkanında əhəmiyyətinə görə önəmli yer tutan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi də gələcəyə hesablanmış strateji layihədir. Keçən il Azərbaycanı üç qonşu dövlət − Rusiya Federasiyası, İran və Gürcüstanla birləşdirən beynəlxalq avtomobil yollarının tikintisi davam etdirilmişdir. Respublika əhəmiyyətli və rayonlararası avtomobil yollarında yenidənqurma işləri aparılmış, 800 kilometrdən çox yol təmir olunmuşdur. Lənkəran və Zaqatala rayonlarında hava limanları tikilib istifadəyə verilmişdir. Nəqliyyat infrastrukturunun inkişafı üçün müasir tipli təyyarələr, gəmilər, bərələr, lokomotivlər, metro vaqonları, sərnişin avtobusları və digər təyinatlı maşın və avadanlıqlar alınaraq istismara buraxılmış və beləliklə, sahənin texniki parkı əsaslı şəkildə yeniləşdirilmişdir.
Ümumilikdə son beş ildə avtomobil yollarının, körpülərin, piyada keçidlərinin tikintisi və yenidən qurulmasına 2,4 milyard manatdan çox vəsait sərf edilmişdir. Bu da müstəqilliyimizin 2003-cü ilə qədər olan dövrü ilə müqayisədə 32 dəfədən artıq məbləğ deməkdir. Sürətlə inkişaf edən sektorlardan biri də rabitə sahəsidir. Respublikada elektron telefon şəbəkəsinin əhatəsi 83,1 faizə çatdırılmış, mobil abunəçilərin sayı isə əvvəlki illə müqayisədə 4,5 dəfə artmışdır. Son beş ildə telekommunikasiya sektoruna ümumilikdə 775,4 milyon manat həcmində investisiya qoyulmuş, kompüter və internet istifadəçilərinin sayı müvafiq olaraq 2,2 və 2,3 dəfə artmışdır.
Hörmətli deputatlar, hökumətin Milli Məclisdə ötənilki hesabatında qeyd edildiyi kimi, əhalinin su təchizatının yaxşılaşdırılması, mövcud kanalizasiya sistemlərinin yenidən qurulması hesabat dövründə də dövlət başçısının xüsusi önəm verdiyi məsələlərdən biri olmuşdur. Bu istiqamətdə fəaliyyət intensiv şəkildə davam etdirilmiş, büdcədən ayrılmış vəsait hesabına 144,8 milyon manat məbləğində tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Bakı şəhərinin əhalisini təmiz içməli su ilə təmin edəcək Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə Dövlət Neft Fondundan 211,8 milyon manat vəsait ayrılmışdır. Ötən il kəmərin 210 kilometrə yaxın hissəsi quraşdırılmışdır. Respublikanın şəhər və rayonlarında əvvəlki illərlə müqayisədə daha çox müxtəlif diametrli su xətləri, kanalizasiya kollektorları quraşdırılmış, suqəbuledici qurğular və anbarlar, kanalizasiya, nasos stansiyaları tikilmiş, subartezian quyuları qazılaraq istismara verilmişdir. Yaşayış məntəqələrini ekoloji cəhətdən təmiz su ilə təmin etmək üçün dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına 60 kənddə sutəmizləyici qurğular inşa edilərək istifadəyə verilmişdir. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, ölkə Prezidentinin tapşırığına müvafiq olaraq, respublikanın bütün bölgələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması proqramının icrası ilə bağlı işlər cari ildə 32 rayonda davam etdiriləcəkdir.
Hörmətli deputatlar, təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onun təşkili prosesinin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində də əhəmiyyətli işlər görülmüşdür. Bu dövrdə 161 yeni məktəb tikilmiş, 129-u isə əsaslı təmir olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş Dövlət Proqramına əsasən 200-dək gənc dünyanın 45 aparıcı ali məktəbinə təhsil almağa göndərilmişdir. Son beş ildə təhsilin bütün sahələrini əhatə edən və uğurla həyata keçirilən 14 dövlət proqramı üzrə ayrılan büdcə vəsaiti 5 dəfədən çox artaraq 1,1 milyard manat təşkil etmiş, investisiya qoyuluşlarının həcmi isə 220 milyon manata çatdırılmışdır.
Çıxışımın bu məqamında xüsusi qeyd etmək istərdim ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın təhsilin və mədəniyyətin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, mədəni cəhətdən inkişaf etmiş yüksək intellektli yeni nəslin yetişməsinə hesablanan çoxşaxəli fəaliyyəti bu sahələrdə çalışanlara örnək olmalıdır. Şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqramlar çərçivəsində son beş ildə 44 minə yaxın şagird yerlik 226 yeni məktəb binası tikilmiş, 47 məktəb və uşaq baxçası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir.
Cəmiyyətimizin hərtərəfli tərəqqisində mədəniyyət sahəsinin ilbəil inkişafı mühüm amillərdən biri olaraq qalmışdır. Ötən il Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Film Fondunun yeni binaları tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Sarayı, Akademik Milli Dram Teatrı və Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Mirzə Fətəli Axundov adına Milli Kitabxana, Bakı Dövlət Sirki və digər çoxsaylı mədəniyyət müəssisələrinin binalarında yenidənqurma, təmir-bərpa işləri aparılmış, onlar daha müasir görkəm alaraq sənətsevərlərin istifadəsinə verilmişdir. Əminəm ki, qeyd olunanlar respublikamızda müasir insan kapitalının formalaşmasına və güclü dövlətin qurulmasına öz mühüm töhfəsini verəcəkdir.
Heydər Əliyev Fondunun, şəxsən onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin ölkəmizdə keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfransı bu nüfuzlu beynəlxalq qurumla əməkdaşlığın daha da genişlənməsinə səbəb olmuşdur. Eyni zamanda, İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin beşinci konfransında Bakı şəhərinin 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi Azərbaycanda bu sahənin inkişafına beynəlxalq diqqətin artmasına daha bir əyani sübutdur.
Əhaliyə göstərilən tibbi xidmət sahəsində müvafiq dövlət proqramlarına uyğun olaraq məqsədyönlü işlər aparılmışdır. Səhiyyəyə ayrılan büdcə vəsaiti il ərzində 20 faiz artaraq 557,8 milyon manat təşkil etmişdir. Yüksək tələblərə cavab verən tibb müəssisələrinin yaradılması istiqamətində fəaliyyət davam etdirilmiş, 2008-ci ildə 25, son beş ildə isə 289 tibb müəssisəsi tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.
Gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, sosial-ictimai həyatın bütün sahələrində onların fəal iştirakını təmin etmək, bədən tərbiyəsi və idmanı daha da inkişaf etdirmək istiqamətində görülən işlər, həmişə olduğu kimi, yenə də dövlət başçısının, Milli Olimpiya Komitəsinin Prezidenti möhtərəm İlham Əliyevin gündəlik diqqət mərkəzində olmuşdur. Yeni idman obyektləri tikilmiş, mövcud qurğular təmir edilərək müasir avadanlıqlarla təchiz edilmişdir. Ölkədə fəaliyyət göstərən 19 olimpiya idman kompleksindən 7-si keçən il istifadəyə verilmişdir. Pekində keçirilmiş XXIX Yay Olimpiya və XIII Paralimpiya oyunlarında Azərbaycan idmançıları uğurla çıxış etmiş və keçən olimpiadalarla müqayisədə daha çox – 17 medal qazanmışlar.
Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, iri regional layihələrdə iştirakı, daxildəki ictimai-siyasi sabitlik ölkəmizə marağı artırmış və respublikamız ötən il bir sıra beynəlxalq konfransların mərkəzinə və təşkilatçısına çevrilmişdir. Bunlara misal olaraq inkişaf etmiş ölkələrin nümayəndələrinin iştirak etdiyi IV Enerji sammitini, Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransını və sairi göstərmək olar. Qeyd olunan iqtisadi nailiyyətlər ölkəmizdə mövcud ekoloji problemlərin aradan qaldırılmasına şərait yaratmışdır. Müvafiq dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ekoloji vəziyyətin sağlamlaşdırılmasına ciddi təkan vermişdir. 2008-ci ildə Bakı buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, neftlə, civə və digər istehsal tullantıları ilə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına 40 milyon manatdan artıq vəsait yönəldilmişdir ki, bu da 2007-ci illə müqayisədə iki dəfə çoxdur.
Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədi ilə modul tipli təmizləyici qurğular inşa edilməklə mühafizə sistemi yaradılmışdır. Biomüxtəlifliyin qorunması sahəsində mühüm tədbirlər görülmüş, meşələrin mühafizəsi, bərpası və yenilərinin salınması işləri davam etdirilmişdir.
Ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, sərhədlərin etibarlı qorunması, müdafiə sənayesinin inkişafı, silahlı qüvvələrin lazımi miqdarda texnika və sursatla təmin olunması həmişəki kimi ən vacib fəaliyyət sahəsi olmuşdur. Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin gündəlik diqqəti və nəzarəti sayəsində keçən il müdafiə xərcləri 65 faizdən çox artaraq 1 milyard 344 milyon manat təşkil etmişdir. Ölkənin hərbi potensialının möhkəmləndirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinə dövlət büdcəsindən 141 milyon manatdan çox vəsait ayrılmış, seriyalı istehsal üçün 18 çeşiddə müdafiə təyinatlı məhsul hazırlanmışdır. Bütün bunları və dövlət başçısının verdiyi müvafiq tapşırıqları və göstərişləri nəzərə alaraq hökumət ordunun döyüş qabiliyyətinin daha da artırılması, xüsusi texnika və sursatlarla ən yüksək səviyyədə təmin edilməsi, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi istiqamətində vəzifələrin yerinə yetirilməsinə diqqəti daha da artırmışdır.
Hörmətli deputatlar, hamıya məlumdur ki, 2009-cu ili bütün dünya 2008-ci ildə başlanmış və getdikcə dərinləşən iqtisadi-maliyyə böhranı şəraitində qarşılamışdır. Dünya iqtisadiyyatında baş verən son hadisələr fövqəldövlətləri də sarsıtmışdır. Qlobal maliyyə böhranı dünyada iri bankların müflisləşməsinə, aparıcı ölkələrdə iqtisadi artım sürətinin aşağı düşməsinə, ayrı-ayrı sənaye sahələrinin tənəzzülünə, iş yerlərinin ixtisarına, neftin qiymətinin 4 dəfə ucuzlaşmasına gətirib çıxarmışdır. Belə bir şəraitdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında hökumətin apardığı düşünülmüş və tarazlaşdırılmış iqtisadi siyasət bizə 2008-ci ildə böhranın birbaşa təsirindən yayınmağa imkan vermişdir. Yanvar ayının 16-da Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasında etdiyi proqram xarakterli çıxışında dövlət başçısı cənab İlham Əliyev ümumdünya maliyyə böhranının hələ bir müddət davam edəcəyini, fəsadların daha dərin və ağır ola biləcəyini nəzərə alaraq, hökumətin qarşısında duran ən mühüm vəzifələri əks etdirən antiböhran tədbirlərini açıqladı. Çıxışın əsas müddəaları dünya iqtisadi böhranının Azərbaycana göstərə biləcəyi mənfi təsirlərin yumşaldılmasını, bunun üçün müvafiq qabaqlayıcı tədbirlərin görülməsini, çevik maliyyə vəsaitinin həyata keçirilməsini özündə ehtiva etmişdir.
İclasdan sonra keçən dövr ərzində real sektorun inkişafını, investisiya proqramlarında prioritetlərin müəyyənləşdirilməsini, ixrac yönümlü müəssisələrin dövlət tərəfindən dəstəklənməsini, maliyyə və nəzarət intizamının sərtləşdirilməsini, bank sisteminin dayanıqlığının gücləndirilməsini, sahibkarlara verilən güzəştli kreditlərin həcminin artırılmasını, qeyri-neft sektorunun inkişafını, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini, ərzaq təhlükəsizliyinin tam təmin olunmasını nəzərdə tutan bu müddəalar hökumətin fəaliyyətinin əsasını təşkil etmişdir.
Hörmətli deputatlar, sizi əmin etmək istərdim ki, Nazirlər Kabineti əsası müasir Azərbaycan dövlətinin banisi, ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf, tərəqqi və sosial rifah siyasətinə bundan sonra da sadiq qalaraq, bu kursun yeganə layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bütün qüvvələri səfərbər edərək iqtisadiyyatdakı inamlı sabitliyi qoruyub saxlayacaq, qlobal maliyyə böhranının təsirlərini dəf edərək həyata keçirilən inkişaf konsepsiyasının alternativsiz olduğunu bir daha sübut edəcəkdir.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! Nazirlər Kabinetinin ötən ildəki fəaliyyəti haqqında məruzəmi yığcam şəkildə sizin diqqətinizə çatdırmağa çalışdım. Geniş və müfəssəl hesabat isə hər il olduğu kimi, bu il də Milli Məclisə əvvəlcədən təqdim olunmuşdur. Hörmətli Sədr, hörmətli deputatlar, imkandan istifadə edərək, icazə verin, sizin hamınızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edim, sizin hamınıza can sağlığı, xoşbəxtlik, uğurlar diləyim, ailənizə səadət arzulayım. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Yaqub müəllim. Hörmətli millət vəkilləri, hökumətin 2008-ci ildə fəaliyyəti haqqında hesabata qulaq asdıq. İndi hesabatın müzakirəsinə başlayırıq. Xahiş edirəm, müzakirədə iştirak etmək üçün yazılasınız. Elton Məmmədov buyursun.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri və dəvət olu nan qonaqlar! Bu gün Milli Məclisin müzakirəsinə çıxarıl mış Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatının dinlənilməsi artıq bütün dünya ölkələrini bürü müş qlobal maliyyə və iqtisadi böhran dövrünə təsadüf edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyul muş sosial-iqtisadi inkişaf strategiyasının davamlı icrası dün yanın inkişaf etməkdə olan ölkələri arasında Azərbaycanın mövqeyini getdikcə möhkəmləndirir. Bu gün ölkəmiz Prezi dent İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və çevik islahatlar nəticəsində daha sürətli inkişaf mərhələ sinə qədəm qoymuşdur. Azərbaycanın gələcəyinə yönəlmiş neft strategiyasının uğurlu icrası nəticəsində son illərdə ölkə mizin Avropaya inteqrasiyası sürətləndirilmişdir.
2008-ci ildə bu işlərin sürəti daha yüksək olmuşdur. Nəticədə 140 ölkə ilə aparılmış xarici ticarət əməliyyatlarının həcmi 55 milyard dollar təşkil etmişdir. Bunun yarıdan çoxu, başqa sözlə, 53 faizi Avropa Birliyi ölkələri ilə həyata keçirilmişdir. İl ərzində 2000-dən çox adda mal, məhsul ixrac olunmuş, idxal-ixrac əməliyyatları üzrə müsbət saldo 40 milyard dolları keçmişdir. İdxal-ixrac əməliyyatlarında müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 43 milyon ton yükdaşımaları həyata keçirilmişdir. Bunların böyük həcmi TRASEKA nəqliyyat dəhlizinin payına düşmüşdür.
Hesabat dövründə xarici ticarətlə 4300-dən çox hüquqi və 4000-ə yaxın fiziki şəxs məşğul olmuşdur. İxrac əməliyyatlarında özəl sektorun xüsusi çəkisi 62 faizə çatmışdır. 2008-ci ildə sosial siyasət uğurla davam etdirilmişdir. İl ərzində minimum əmək haqqı və minimum pensiyaların baza hissəsinin həddi 50 faiz artırılmışdır. İndi ölkədə orta əmək haqqı 335 dollar, orta pensiya 120 dollar civarındadır. Daha yüksək əmək haqqı neft-qaz sənayesində, maliyyə sektorunda, tikintidə və pullu xidmət sahəsində müşahidə olunmuşdur.
Hesabat ilində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əmək haqqının davamlı artımı təmin olunmuşdur. Son beş il ərzində orta aylıq əmək haqqı 3 dəfədən çox artaraq inflyasiya səviyyəsini 1,7 dəfə üstələmişdir. 2008-ci ildə adambaşına düşən gəlirlərin həcmi 36 faiz artmışdır. Son illərdə olduğu kimi, hesabatını müzakirə etdiyimiz ildə də hökumət iqtisadi inkişafın əsası olan enerji təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlamışdır. Hesabat ilində Səngəçal elektrik stansiyası istifadəyə verilmiş, Sumqayıt istilik-elektrik stansiyasının tikintisi yekunlaşdırılmışdır. Şirvan və Quba şəhərlərində yeni, müasir elektrik stansiyaların inşasına başlanmışdır. Daha yeni stansiyaların, yüksək gərginlikli yarımstansiyaların, elektrik xətlərinin layihələşdirilməsi işləri davam etdirilmişdir. Ölkənin elektrik enerjisi ilə təchizat sistemində xüsusi yeri olan aşağı gərginlikli elektrik təsərrüfatının yeniləşdirilməsi işi 2008-ci ildə də davam etdirilmişdir.
Ölkə üzrə yalnız quraşdırılan transformatorların sayı 212 ədəd təşkil etmişdir. Qaz, su, istilik sistemində böyük həcmli işlər həyata keçirilmişdir. Bu ilin 1 yanvar tarixində ölkə üzrə sayğaclaşdırılma qaz təchizatında 99 faiz, su təsərrüfatında isə müəssisə və təşkilatlar üzrə 83 faiz, əhali üzrə 33 faiz, Bakı şəhəri üzrə bütövlükdə 50 faiz səviyyəsinə çatdırılmışdır.
Nazirlər Kabineti 2008-ci ildə bazar iqtisadiyyatının dərinləşdirilməsini, özəl sektorun rolunun artmasını diqqət mərkəzində saxlamışdır. İl ərzində ölkə üzrə 1800-ə yaxın müəssisə və obyekt özəlləşdirilmişdir. Dövlət müəssisələrinin səhmdar cəmiyyətə çevrilməsi nəticəsində bu rəqəm
10-a çatmışdır. İl ərzində investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş 14 müəssisə üzrə mülkiyyət hüququ sahibkarlara verilmişdir. İkinci özəlləşdirmə proqramına uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə ümumilikdə 100 milyon manatdan artıq vəsait keçirilmişdir.
Ötən ilin uğurlarından biri də iqtisadiyyatın qeyri-istehsalat sahəsi olan nəqliyyat sektorunda olmuşdur. İl ərzində bütün növ nəqliyyat vasitələri ilə 183 milyon ton yük daşınmışdır. Bu, əvvəlki illə müqayisədə 9 faizdən çox artım deməkdir. Nəqliyyat infrastrukturunun maddi-texniki bazası nəzərəçarpacaq dərəcədə möhkəmləndirilmişdir. Son beş il ərzində mürəkkəb infrastruktur da daxil olmaqla ölkənin yalnız avtomobil yollarının çoxsaylı şəbəkəsinin saxlanılmasına, yenidən qurulmasına, əsaslı təmirinə, tikintisinə 2,4 milyard manatdan çox vəsait yönəldilmişdir. Ötən il Bakı şəhəri ərazisində 12 yol ötürücüsü, 23 ədəd yeraltı və yerüstü piyada keçidi inşa edilmiş, 6 yeraltı keçid yenidən qurulmuşdur. Bakı üçün çox vacib olan metropoliten sistemi də diqqət mərkəzində olmuşdur.
Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli deputat həmkarlarım, çıxışımı yekunlaşdıraraq, Nazirlər Kabinetinin 2008-ci ildəki fəaliyyətini yüksək qiymətləndirirəm. Qlobal iqtisadi böhranın baş verdiyi bir vaxtda əldə olunan bu uğurlar cari ildə də hökumət qarşısında qoyulan vəzifələrin müvəffəqiyyətlə icra olunmasına əsas verir. Bu işlərin icrasında hökumət üzvlərinə uğurlar diləyir, möhtərəm Prezidentimizi, hökumət üzvlərini və hörmətli həmkarlarımı qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, ölkə başçısının rəhbərliyi altında müstəqil dövlətimizin qüdrətlənməsi yolunda uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Elton müəllim. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli Sədr, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! İstər bizə təqdim olunmuş hesabatın yazılı forması, istərsə də hörmətli Yaqub Eyyubov tərəfindən təqdimatı birmənalı şəkildə sübut etdi ki, ötən ildə hökumət Azərbaycan dövlətinin onun qarşısına qoymuş olduğu vəzifələri uğurla yerinə yetirmiş və 2008-ci il Azərbaycanın sosial-iqtisadi həyatında yeni və əhəmiyyətli bir il kimi tarixə qovuşmuşdur.
2008-ci ilin sentyabrından başlayan maliyyə böhranı dünyanın bütün ölkələrini bürümüş və iqtisadi cəhətdən ayrı-ayrı ölkələrə ciddi zərbələr vurmuşdur. Bundan fərqli olaraq, Azərbaycanda maliyyə böhranı nisbətən itkisiz keçmiş və 2008-ci ilin yekunları ilə bağlı təqdim edilmiş hesabatda bu, ayrı-ayrı rəqəmlərdə özünü birmənalı şəkildə təsdiq etməkdədir ki, ölkə Prezidentinin müəyyən etmiş olduğu və onun komandası tərəfindən uğurla həyata keçirilən siyasət ölkəni bu və ya digər böhranlardan sığortalamaq və az itki vermək yolu ilə vəziyyətdən çıxarmağa qadirdir.
Mən tamamilə əminəm ki, 2008-ci ildə əsası qoyulan uğurlar 2009-cu ildə də davam etdiriləcəkdir. Hesabatın təqdimatında kifayət qədər ətraflı məlumat verildi. Mən, sadəcə, ayrı-ayrı rəqəmlərin üzərində dayanmadan vacib bildiyim bir neçə məsələni diqqətinizə çatdırmaq istərdim. Ötən ilin ən səciyyəvi və üstün cəhətlərindən biri ölkənin sosial və iqtisadi inkişafı üçün investisiya qoyuluşunun həcminin artması və onun verdiyi konkret nəticələrdir. Əhəmiyyətli cəhət bundan ibarətdir ki, investisiya qoyuluşunda daxili investisiyanın həcmi əvvəlki illərə nisbətən artmış və 75 faizdən yuxarı olmuşdur. İnvestisiya qoyuluşunun 69 faizdən çoxunun qeyri-neft bölməsinə yönəldilməsi ölkə iqtisadiyyatının neft amilindən asılılığının aradan qaldırılmasında mühüm rol oynamışdır.
Respublikada sahibkarlığın inkişafı və azad rəqabətin formalaşmasına dəstək olaraq sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatında Vergilər Nazirliyi tərəfindən, habelə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında Dövlət Gömrük Komitəsi tərəfindən “bir pəncərə” prinsipinin tətbiq olunması uğurlu nəticələr vermiş, sahibkarlığın inkişafına ciddi təsir göstərmişdir. Ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması yolunda atılan addımlar qeyri-neft sektorunun inkişafına da ciddi təsir etmişdir. Bunu qeyri-neft sektorunda vergi daxilolmalarının həcminin artması bir daha təsdiq edir.
Avtomobil yollarının yenidən qurulması prosesi uğurla davam etdirilmiş, şəhər, rayon, qəsəbə və kəndarası yollar ətraflı təmir olunmuş, həmçinin Bakı-Quba, Bakı-Astara, Bakı-Qazax kimi ciddi əhəmiyyət kəsb edən magistral avtomobil yollarının müasir standartlara uyğun olaraq yenidən qurulması davam etdirilmiş, Bakı şəhərinin yol infrastrukturu, demək olar ki, ən yüksək səviyyədə yenidən qurulmuşdur.
Ölkə iqtisadiyyatında mühüm rol oynayan rabitə və telekommunikasiya sistemində, habelə ərzaq təhlükəsizliyinin təmin olunması kimi strateji sahədə əhəmiyyətli addımlar atılmış, təhsil, səhiyyə sisteminin maddi-texniki bazasının yenidən qurulmasında ciddi uğurlar qazanılmış, ölkə əhalisinin təbii qaz və elektrik enerjisi ilə təminatında ciddi irəliləyişlər olmuşdur. Hesabatda təqdim olunduğu kimi və təqdim olunmuş yazılı hesabatdan göründüyü kimi, ölkənin bütün sahələrində uğurlara imza atılmışdır. Bu bir daha sübut edir ki, ölkə Prezidenti və onun komandası ölkəni yüksək səviyyədə idarə etməkdə qarşıya qoyulan vəzifəni müvəffəqiyyətlə həyata keçirməkdədir.
Bununla yanaşı, bəzi təkliflər üzərində də dayanmaq istərdim və hörmətli hökumət üzvlərindən xahiş edərdim ki, həmin təklifləri imkan daxilində öz fəaliyyətlərində nəzərə alsınlar. Belə ki, qlobal maliyyə böhranından itkisiz və uğurla çıxan Azərbaycan böhranın sonrakı mərhələlərinə də xüsusi diqqət yetirməkdədir. Kütləvi informasiya vasitələrindən bəlli olduğuna görə artıq bu baxımdan antiböhran proqramının hazırlanması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Mən ümidvaram ki, antiböhran proqramında böhranın daha sonrakı və ciddi xarakter daşıyan mərhələlərinin Azərbaycana verə biləcəyi ağır itkilərin qarşısını almaq üçün bütün məqamlar nəzərə alınacaqdır. Məncə, həmin proqramda aqrar sektorun, habelə emal və fermer təsərrüfatlarının inkişafını təmin etmək, ölkənin ərzaq təhlükəsizliyinə nail olmaq üçün xırda və orta sahibkarlara uzunmüddətli, faizsiz kreditlərin verilməsinə, informasiya texnologiyaları ilə bağlı istehsal sahələrinin yaradılmasına xüsusi yer ayrılmalıdır. Qeyd etdiyim məsələlər ölkə Prezidentinin çıxışlarında həmişə birmənalı olaraq ciddi vəzifə kimi qarşıya qoyulmuşdur.
Mənə belə gəlir ki, Azərbaycanın xarici banklarda yerləşdirdiyi neftdən gələn gəlirlərin müəyyən hissəsinin Azərbaycana transfert olunması və bununla bağlı dediyim sahələrə güzəştli kreditlərin verilməsi həmin sahələrin inkişafını təmin edər və işsizliyin yaranması təhlükəsinin qarşısını alardı.
Hörmətli qonaqlar, hörmətli millət vəkilləri, bəlli olduğu kimi, Milli Məclisdə Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsi ikinci oxunuşdan keçmişdir. Hörmətli cənab Sədr, mən düşünürəm ki, biz yaxın zamanlarda vacib olan bu çərçivə qanununu üçüncü oxunuşda qəbul etməliyik və onun tələblərindən irəli gələn vəzifələri həyata keçirməklə, yeni istehsal sahələri yaratmaqla vəziyyəti Azərbaycanda stabil saxlaya bilərik.
Bütövlükdə mən təqdim edilən illik hesabatı müsbət qiymətləndirirəm və ümidvaram ki, yekunda həmin hesabata müsbət rəy bildirəcəyik. Yeri gəlmişkən, seçilmiş olduğum Salyan-Neftçala seçki dairəsindən mənə dəfələrlə edilmiş müraciət və bu günə qədər hələlik öz həllini tapmamış iki məqamın da üzərində dayanmaq istərdim. Bu məsələ ilə əlaqədar mən hörmətli Baş nazir Artur Rasizadənin qəbulunda olmuşam. Eyni zamanda, sahə nazirləri ilə, komitə sədrləri ilə görüşmüşəm və bununla bağlı dəfələrlə müzakirələr aparmışıq. Əlbəttə, deməzdim və düşünməzdim ki, mənim qaldıracağım məsələlərin həll olunmasına hansısa subyektiv amillər mane olur. Lakin düşünürəm ki, bu məsələlərə xüsusi əhəmiyyət vermək lazımdır. Söhbət Salyan rayonunun bir sıra kəndlərinin qazlaşdırılması ilə bağlı problemin hələ də mövcud olmasından gedir.
Digər tərəfdən, dəfələrlə Milli Məclisdə də qaldırdığım və ayrı-ayrı səviyyələrdə müzakirəyə çıxarmış olduğum bir məsələ − 7 kəndi bir-birinə, eyni zamanda, həmin kəndləri magistrala birləşdirən Kürsəngi arasındakı 14 kilometrə qədər yolun çox pis vəziyyətdə olmasıdır. Mən çox arzulayardım ki, bu məsələ hökumətin proqramına salınsın, xüsusi investisiyanın ayrılması üçün mənbələr müəyyənləşdirilsin və həmin problemin həlli üçün konkret addımlar atılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli hökumət üzvləri! Mən çıxışıma başlamazdan əvvəl hər birinizi salamlayır və qarşıdan gələn bayram münasibəti ilə hamınıza ən xoş arzularımı çatdırıram.
Azərbaycanın əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyası bu gün uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatı, onun həcmi, məzmunu, tərkibi, strukturu göstərir ki, həqiqətən, respublikamızda 2008-ci ildə çox böyük müsbət dəyişikliklər baş vermişdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2008-ci ilin yekunlarına dair aparılan müşavirədə ötən ilin uğurları çox yüksək qiymətləndirilmiş, eyni zamanda, hökumət strukturlarına əlavə tapşırıqlar verilmişdir.
Bir neçə faktı qeyd etmək istərdim. Demək olar ki, Azərbaycanın bütün makroiqtisadi göstəriciləri xeyli yaxşılaşmışdır. İnkişaf sürətinə, adambaşına düşən ümumi daxili məhsulun həcminin artmasına, investisiya qoyuluşuna, xarici ticarət dövriyyəsində müsbət dəyişikliklərə və pul gəlirlərinin artımına görə Azərbaycan dünyada lider dövlətə çevrilib. 2008-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9081,4 milyon manat məbləğində və ya əvvəlki ildəkindən 34,3 faiz çox investisiya yönəldilmişdir.
Son beş ildə minimum əmək haqqı 8 dəfədən çox artmışdır. Ölkə Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramı təsdiq olunub. Proqramda yoxsulluğun səviyyəsinin azaldılması və iqtisadiyyatın sabit inkişafının təmin edilməsi məqsədi ilə iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, bölgələrin inkişafı üzrə 9 əsas strateji vəzifə nəzərdə tutulur. Yoxsulluğun azaldılması istiqamətində daha çox uğur iqtisadi artım və xarici ticarət sahəsində əlaqələrin genişləndirilməsi, yeni iş yerlərinin açılması, gəlirlərin artması və sosial stabilliyə səbəb olan insan kapitalının inkişafı, xüsusilə də yerli sahibkarlar üçün sağlam investisiya mühitinin yaradılması sayəsində əldə olunur. Məhz bu tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi 2004−2005-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılmasına və dövlət proqramlarının reallaşdırılmasına səbəb olub.
Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu davamlı iqtisadi islahatlar strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olub. Milli lider tərəfindən müəyyən edilmiş kompleks islahatlar respublikamızın istər iqtisadi, istərsə də sosial inkişafına böyük təkan verib.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən bu siyasi kurs 2003-cü ildən yeni mərhələyə qədəm qoyub və bütün sahələr üzrə dinamizmin inkişafı hüdudları yeni keyfiyyət dəyişiklikləri ilə müşahidə olunur. Cənab Prezident ölkəmizin bütün rayonlarının inkişafına, insanlarımızın daha yaxşı yaşamasına geniş şərait yaradan bir çox proqramın müəllifi kimi xalqın böyük rəğbətini qazanıb. Bu uğurların əsas göstəriciləri ölkədə 700 minə yaxın yeni iş yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin üç dəfəyə qədər azaldılması, bütün bölgələrin simasının sürətlə dəyişməsi, istehsal sahələrinin sıx şəbəkəsinin təmin edilməsi, əhalinin gəlirlərinin son illərdə beş dəfəyə yaxın artmasıdır. Bunlar Prezidentimizin xalq qarşısında verdiyi vədləri vaxtından əvvəl yerinə yetirdiyinin sübutudur. Bu müddətdə ölkədə istər əmək haqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb.
2005-ci illə müqayisədə ümumi daxili məhsulun artımı 2,6 dəfə çoxalıb. Bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq 3692 Amerika dollarına çatıb. Ötən beş il ərzində orta aylıq əmək haqqı 3,4 dəfə, əhalinin gəlirləri isə 2,9 dəfə yüksəlib. Ölkədə minimum əmək haqqının, pensiya və müavinətlərin, büdcədən maliyyələşən təşkilatlarda əmək haqqının artırılması, eyni zamanda, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına düşən orta aylıq gəlirləri davamlı olaraq artmaqdadır.
Son beş ildə iqtisadiyyatda artım tempinin 96 faizi ötməsi, ümumi daxili məhsulun artım tempinə görə dörd il liderliyini qoruması, əhalinin pul gəlirlərinin 35 faizə yaxın artması düşünülmüş iqtisadi siyasətin başlıca uğurları sayıla bilər. Respublikamızda aparılan iqtisadi-sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bərabər, onların məşğulluğunun artırılmasına, həmçinin daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsinə səbəb olub.
Hökumətin qəbul etdiyi bütün qərarlar konkret olaraq cəmiyyətin iqtisadi sifarişlərini özündə əks etdirir, xalqın sosial qayğılarının təmin olunmasına əhatəli şəkildə baza yaradır. Bu qədər işin görülməsi, həqiqətən, 5 il üçün həddindən artıq böyük göstəricidir və ölkə Prezidenti möhtərəm İlham Əliyevin də dediyi kimi, bütün bu görülən işlər insan amilinə, insan kapitalına xidmət edir. Mən bu uğurlar münasibəti ilə hökumət üzvlərini təbrik edirəm. Cənab Prezidentin rəhbərliyi altında bu uğurların davamını və daha səmərəli olmasını arzu edirəm.
Sözümün sonunda bizim hər birimizə paylanılan 400 səhifədən ibarət çox məzmunlu, əhatəli şəkildə hazırlanmış kitabın üzərində əməyi keçən, onun araya-ərsəyə gəlməsi üçün əziyyət çəkən redaksiya heyətinə də təşəkkür etməyi özümə borc bilirəm. Eyni zamanda, oxuyarkən bir an gözümdən qaçmayan kiçik, bəlkə də böyük bir qrammatik səhvi, mətbəə səhvini də nəzərlərinə çatdırmaq istəyirəm. 427-ci səhifədə belə bir cümlə keçir: “2007-ci ildə Bakı şəhəri dünyanın ən çirkin şəhəri kimi qeydə alınmışdır”. Yəqin ki, bu, mətbəənin, nəşriyyatın səhvidir. “Çirkli şəhər” yerinə “çirkin şəhər” yazılmışdır. Mən xahiş edirəm, bunu tezliklə düzəltsinlər. Çünki bizim şəhərimiz dünyanın ən gözəl şəhəridir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Jalə xanım. Nəsib Nəsibli.
N. Nəsibli. Çox təşəkkür edirəm, cənab Sədr. Hörmətli Milli Məclis, Azərbaycan hökumətinin hörmətli üzvləri! Bizə paylanan bu hesabatı və hörmətli Baş nazirin birinci müavininin şifahi çıxışını çox diqqətlə dinlədim, lakin keçənilki və əvvəlki illərdəki hesabatdan heç bir fərq görmədim. Bu hesabatlarda yalnız rəqəmlər dəyişib. Bütün hesabatlarda olduğu kimi, bu hesabatda da konseptual yanaşma yoxdur. Halbuki ən azından dünyada vəziyyət dəyişib.
Ciddi ekspertlər dünyada maliyyə böhranının hələ bir neçə il davam edəcəyi haqqında həyəcan təbili çalırlar. Hətta onun müharibələrə səbəb ola biləcəyi haqqında son dərəcə bədbin proqnozlar verirlər. Amma bizim hökumətin hesabatı və proqnozları ifrat dərəcədə nikbindir. Halbuki bizdə də böhranın əlamətlərindən çox, böyük maliyyə ehtiyatlarından danışıldı və buna xüsusi vurğu qoyuldu. Amma bizdə də böhranın əlamətləri artıq göz qabağındadır. Müəssisələrin bağlanması, manatın məzənnəsinin saxlanması üçün hər gün milyonlarla pulun xərclənməsi haqqında mətbuatda yazılar var. Amma dediyim kimi, bu hesabatın ruhu ifrat dərəcədə reallığa uyğun olmayan dərəcədə nikbin olaraq qalır.
Hesabatda verilmiş makroiqtisadi göstəricilərlə manipulyasiya nə nəzəri, nə də əməli cəhətdən doğrudur. Görkəmli ekspertlər makroiqtisadi göstəricilərin ölkənin real iqtisadi vəziyyətini göstərə bilmədiyini deyirlər. Bu onun nəzəri tərəfidir. Burada oturanların böyük əksəriyyəti sovet iqtisadiyyatı haqqında rəqəmləri xatırlayır. O vaxt da çox böyük rəqəmlər göstərirdilər. Amma nəticənin nə olduğunu bilirik.
2008-ci ildə əsas problemlər nəinki qalmış, hətta daha da kəskinləşmişdir. Fikrimcə, birinci problem neftdən asılılığın artmasıdır. Bu barədə danışıldı. Əlbəttə, Azərbaycan Əfqanıstan deyil. Azərbaycanın neft sərvəti var. Bu bizim milli sərvətdir və ondan istifadə etmək lazımdır. Amma neftdən ifrat asılılıq çox təhlükəlidir. 2008-ci ildə qeyri-neft sektorunda vergi daxilolmalarının payı cəmi 15 faiz olmuşdur. Hesabatın 35-ci səhifəsində bu barədə yazılır.
İkinci böyük problem inhisarçılıqdır. Bununla bağlı “Ön söz”də yarım cümlənin içində bir dənə söz var ki, onunla bağlı tədbirlər planlaşdırılır. Amma bu inhisarçılıq keçən il nəinki qalıb, əksinə, daha da artıb. İndi təkcə ticarətdə və iqtisadi sahələrdə deyil, hətta ağlagəlməz sahələrdə belə yeni inhisarçılıq meylləri özünü göstərir. Üçüncü böyük problem, fikrimcə, sosial-iqtisadi sahənin ən mühüm problemi korrupsiyadır. 2008-ci ildə ona qarşı mübarizə aparılmayıb. Elə bu üç səbəbə görə hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etmək olar və lazımdır.
Mən makroiqtisadi sahədən gözlə görünən bir problemə keçmək istəyirəm. Dəfələrlə bu barədə burada danışmışam. Nə qədər ki bu problem həll olunmayıb, yenə də danışacağam. Təmsil etdiyim Xətai rayonunun ərazisindəki ailəvi yataqxanaların təmiri 2008-ci ildə də qaldı. Hökumətə də müraciət etdik, lakin cavab gəlmədi. Bu binalarda, heç olmasa, cari təmir işlərinin görülməsi xahişi ilə müraciət etmişik. Cavab yoxdur. Heç olmasa, bu problemlərlə maraqlansınlar, o da yoxdur. Halbuki 40 min seçicinin beşdən biri həmin ailəvi yataqxanalarda bərbad və utandırıcı bir vəziyyətdə yaşayır. Bir daha bildirmək istəyirəm ki, bizim dairədəki 12 ailəvi yataqxanadakı vəziyyət təkcə hökumət üçün deyil, hakimiyyət üçün deyil, bütün ölkə üçün üzqaralığıdır. Nə qədər ki bu sahədə bir dəyişiklik yoxdur, nə qədər ki göstərdiyim üç əsas problem, yəni dediyim neftə ifrat bağlılıq, inhisarçılıq və korrupsiya problemi həll olunmayıb, hökumətin fəaliyyətini mənfi qiymətləndirəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Şübhəsiz ki, hökumətin hesabatını müsbət qiymətləndirirəm və bu sənədə səs verəcəyəm. Eyni zamanda da, bir neçə məsələni hökumət üzvlərinin nəzərinə çatdırmaq istərdim. Hökumətin hesabatında göstərilir ki, Milli Arxiv İdarəsinin Göyçay, Lənkəran, Yevlax, Lerik, Gədəbəy, Tərtər filialları lazımi binalarla təmin olunmuşdur. Lakin Şamaxı rayonunda yerləşən regional arxiv idarəsi ilə bağlı xoşagəlməz bir hal bu gün də davam etməkdədir. Vaxtilə Şamaxı Rayon Dövlət Arxiv İdarəsinə məxsus olan bina 90-cı illərdə satılmış, idarə bir fiziki şəxsin özəlləşdirdiyi binada yerləşdirilmişdir. Hazırda mövcud vəziyyət ona gətirib çıxarmışdır ki, arxiv idarəsi bu məsələni həmin şəxslə məhkəmələr yolu ilə həll etməyə çalışır. Həmin fiziki şəxs iki dəfə insult keçirdiyi üçün dili tutulub və çox çətin yeriyir. Bu qeyri-bərabər vəziyyətdə onun məhkəməyə verilməsi, məncə, çox antihumanist bir addımdır. Məsələni bu cür həll etməkdənsə, məncə, referendumda dəyişiklik edəcəyimiz mülkiyyət hüququ maddəsini nəzərə alaraq Şamaxıda arxiv idarəsi üçün yeni bina tikmək daha doğru olardı. Onu da qeyd etmək istəyirəm ki, bu maddə artıq Şamaxıda halallıq maddəsi kimi razılıq hissi ilə qarşılanmışdır.
Sonra, “Azəriqaz”ın rəhbərliyinin diqqətini Şamaxı rayonunun qazlaşdırılması məsələsinə yönəltmək istərdim. Bakının 132 kilometrliyində yerləşən Şamaxı rayonunda insanların hansı əzab-əziyyətlərə düçar olduğunun canlı şahidi kimi demək istərdim ki, bu, dövlət tərəfindən Şamaxı rayonuna turizm mərkəzi kimi verilən önəmi, demək olar, heçə endirir. Ümumiyyətlə, Şamaxı Rayon Qaz İdarəsinin “yeni tapıntıları və ixtiraları”, məncə, xüsusi müzakirənin mövzusudur.
Bir neçə kəlmə də işsizlik statusu, habelə məşğulluq problemləri ilə bağlı demək istərdim. Heç bir yerdə işləməyən şəxslərin işsiz kimi qeydə alınmaması, məncə, təəccüb doğurmaya bilməz. 2-3 il ərzində Yasamal Rayonu Məşğulluq İdarəsinə müraciət edən gənclərin işlə təminatı məsələsi bir daha nəzərdən keçirilməlidir. Dövlət hesabına xüsusi kurslar keçən gənclərin işlə təmin olunmamasının məntiqini başa düşmək çox çətindir. Əgər bu gənclər işlə təmin olunmayacaqdısa, dövlət vəsaitini sərf edərək onları xüsusi kurslara cəlb etməyə nə ehtiyac var idi? Qeyd etmək istərdim ki, bu gənclərə işsizlik statusu verməkdən imtina edən dövlət qulluqçuları onların heç bir zaman heç bir yerdə işləmədiklərini əsas gətirirlər. Ziddiyyətli bir vəziyyətdir və bunu izah etmək çox çətindir. Bir tərəfdən gənc adama kurs keçirik, sonra iş təklif edə bilmirik. Həm də ona işsizlik statusu vermirik ki, əvvəllər heç bir yerdə işləməmisən.
Tibb işçilərinin peşəkarlığı ilə bağlı məsələni bir daha Ёnəzərinizə çatdırmaq istərdim. Keçən dəfə hökumətin hesabatı zamanı verdiyim təklifdə orta tibbi personalın, həkimlərimizin peşəkarlığının artırılması, kurslara cəlb olunması barədə fikir söyləmişdim. Bizə verilən sənəddə Azərbaycanda bu kursların yenidən həyata keçirilməsi və kurslardan keçən insanların sayı haqqında məlumat öz əksini tapıb. Mən bu məsələni qaldırarkən heç də insanların bir daha kursdan keçməsi məsələsini nəzərdə tutmurdum. Söhbət ondan gedir ki, bu gün Azərbaycanda həkimlərin və orta tib-bi personalın səviyyəsi qonşu ölkələrə nisbətən qat-qat aşağıdır. Buna görə təklif etmək istərdim ki, uzun illər təcrübəsi olan həkimləri və tibb personalını kiçik qruplar şəklində olsa belə, qonşu ölkələrə yenidən kurs keçməyə göndərmək və eyni zamanda, həmin ölkələrdə tibb sahəsində işləyən azərbaycanlılarımızı Azərbaycana dəvət etmək üçün xüsusi addımlar atmaq lazımdır. Bununla da biz səhiyyə-mizə daha çox kömək etmiş olardıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Sözsüz ki, builki hesabatı Baş nazirin birinci müavininin qeyd etdiyi kimi, dünyanı bürümüş iqtisadi böhran şəraitində müzakirə edirik. Amma həm hesabatdan, həm də həmkarlarımızın çıxışlarından belə bir qənaətə gəlmək olar ki, bu, müəyyən mənada Azərbaycan üçün vaxt baxımından üst-üstə düşən bir hadisədir, mahiyyət baxımından isə bizi narahat edən xüsusi bir məsələ deyil.
Burada qeyd olundu ki, builki hesabat əvvəlkilərlə müqayisədə dəyişməyib, dəyişən yalnız rəqəmlərdir. Həqiqətən də, belədir, rəqəmlər dəyişib və bu rəqəmlər Azərbaycandakı inkişafı nümayiş etdirir. Hazırda müxtəlif ölkələrdə iqtisadi tənəzzül mövcuddur. Əlbəttə, təbii olaraq sual doğur ki, nə üçün hökumətin hesabatında iqtisadi böhranla bağlı xüsusi qeydlər yoxdur? Əslində, buna ehtiyac da yoxdur, çünki dünyada iqtisadi böhranın elementləri görünməyə başlayanda artıq Azərbaycan rəhbərliyi qabaqlayıcı tədbirlər görməyə başlamışdı. Bilmək istəyirsinizsə, Azərbaycanın son 5 ildə həyata keçirdiyi iqtisadi islahatların və düzgün iqtisadi inkişafın özü elə qabaqlayıcı tədbirlər idi.
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bəzən müxtəlif mərhələlərdə Azərbaycana tövsiyələr, hətta müxtəlif iqtisadi təşkilatlar tərəfindən göstərişlər vermək cəhdləri də olmuşdur. Bütün bu cəhdlərin qarşısı alınırdı və ölkə Prezidenti tam müstəqil siyasət həyata keçirirdi. İndi biz bu müstəqil iqtisadi siyasətin bəhrələrini görməyə başlamışıq. 2008-ci ildə Azərbaycanda başqa ölkələrdən fərqli olaraq yeni müəssisələr açılır, nəhəng infrastruktur layihələr həyata keçirilir. Bir neçə gün bundan əvvəl cənab Prezidentin Bərdəyə, Yevlaxa, Mingəçevirə səfərləri zamanı açılmış yeni müəssisələr bunun bariz nümunəsidir.
2008-ci ildə əhalinin pul gəlirləri 36 faiz artmışdır. Bu, rəsmi bir rəqəmdir. Amma misal üçün, deyə bilərik ki, Rusiyada yanvar-fevral aylarında müsbət ticarət saldosu iki dəfə aşağı düşmüşdür. 2008-ci ildə Amerikada da, Rusiyada da əhalinin pul gəlirlərinin aşağı düşməsi trilyonlarla müşahidə olunur. Yəni heç bir halda mümkün deyil ki, Azərbaycandakı durumu dünyanı bürümüş iqtisadi böhranla müqayisə edək və hökumətə iradlar yönəldək.
Sözsüz ki, bütün bunlar Azərbaycanın uğurlu iqtisadi siyasətinin və Azərbaycanda aparılan iqtisadi və sosial islahatların nəticəsidir. Bəzən bu uğurlarımızı mənfi mənada neft amili ilə də bağlamaq istəyirlər. Əlbəttə, Azərbaycan uğurlu neft strategiyası həyata keçirən bir ölkədir. Neftin iqtisadiyyatda xüsusi rolu mövcuddur, bu davam edir və gələcəkdə də belə olacaq. Amma neft və qaz hasil edən ölkələr kifayət qədər çoxdur. Bizim bölgədə − Xəzər hövzəsində yerləşən ölkələrin neft-qaz potensialı Azərbaycandan bir neçə dəfə çoxdur. Bunun özü də, əslində, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı təkcə neft amilinə söykənmir. Əks-təqdirdə başqa ölkələrin nümunəsində bunu görmək mümkün olardı. Ona görə də bizim uğurlarımızı ancaq neft-qaz amili ilə bağlamaq tamamilə qəbuledilməzdir.
Təqdirəlayiq haldır ki, həmişə olduğu kimi, hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlər öz əksini tapmışdır. Burada belə bir irad bildirildi ki, 2008-ci ildə korrupsiyaya qarşı mübarizə ilə bağlı hər hansı bir iş görülməyib. Hökumətin hesabatında qeyd olunmuş müəyyən fikirləri söyləsək, bəlkə də bununla razılaşmaq olar və bu baxımdan mən öz iradımı bildirmək istəyirəm. Əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də Azərbaycanda milli strategiyaya uyğun olaraq korrupsiyaya qarşı mübarizə həyata keçirilmişdir. Sözsüz ki, ilk növbədə, bu iqtisadi islahatlar primitiv üsullarla həyata keçirilir. Amma məni də bir qədər təəccübləndirdi ki, həyata keçirilən bu işlər nə üçün hesabatda öz əksini tapmamışdır? Hətta bir misal çəkə bilərəm. Parlamentin özündə bir sıra beynəlxalq təşkilatlarla birlikdə qanunvericilik sahəsində korrupsiyaya qarşı mübarizə ilə bağlı çox mühüm tədbirlər həyata keçirilmişdir. Düşünürəm ki, gələcəkdə hesabat hazırlanarkən Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın məlumatları, saytda əks olunmuş bütün tədbirlər burada göstərilsin.
Ölkəmiz bu dövr ərzində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının fəal iştirakçılarından biri olmuşdur. Burada 140-dan artıq ölkə iştirak edir və təsadüfi deyil ki, Azərbaycanın ədliyyə naziri də bu təşkilatda vitse-prezident kimi təmsil olunur.
Fürsətdən istifadə edib bütün iqtisadi qurumlara kiçik bir tövsiyəni də çatdırmaq istərdim. Bilirsiniz ki, hər il bir sıra beynəlxalq təşkilatlar tərəfindən korrupsiya ilə bağlı reytinq cədvəlləri dərc olunur. Yəqin ki, bu il də belə olacaq. Hesab edirəm ki, gərək iqtisadi qurumlar müvafiq iqtisadi institutlarla əməkdaşlığı gücləndirsinlər. Burada durinq-bizneslə bağlı müsbət reytinqi səsləndirmişdilər. Bu, əslində, aparılmış əməkdaşlığın uğurlu nəticələri idi. Hesab edirəm ki, gərək iqtisadi qurumlar Asiya İnkişaf Bankı, İqtisadi Kəşfiyyat Orqanı, Dünya İqtisadi Forumu, Dünya Bankının bütün institutları ilə səmərəli, qarşılıqlı əməkdaşlıqlar qursunlar. Çünki nəticə etibarilə bu iqtisadi qurumların verdikləri qiymətlər bütövlükdə ölkədə korrupsiyanın reytinq cədvəlini müəyyənləşdirən bir amildir.
Sonda bir fikri xüsusilə qeyd etmək istəyirəm. Əlbəttə, mənim üçün bu böhranın müəyyən mənada müsbət elementi də var. Əlbəttə, imkanlarımız həddindən artıq genişdir və biz bütün layihələrdə israfçılıq məsələsinə bir qədər diqqətlə yanaşmalıyıq. Təsəvvür edin, ölkə Prezidenti də bir sıra məsələlərdə − büdcənin, layihələrin formalaşdırılmasında daha diqqətli olmağı tövsiyə etmişdir. Bu baxımdan hesab edirəm ki, gərək növbəti illərdə hökumət bu məsələlərdə bir qədər diqqətli olsun. Əlbəttə, özəl sektorda görülən işlər, özəl sektorun inkişafı, özəl sektorun həyata keçirdiyi layihələr, tikintilər hamıya məlumdur. Dövlət büdcəsindən maliyyələşən layihələr də, sözsüz ki, müasir standartlara cavab verməlidir, keyfiyyətli olmalıdır. Amma, məncə, bu, müəyyən mənada israfçılıqdan yan keçməlidir.
Son olaraq onu qeyd etmək istəyirəm ki, biz çox hallarda parlamentdə müzakirələr zamanı ölkə müxalifəti tərəfindən hökumətin fəaliyyətinin mənfi qiymətləndirilməsinin şahidi olurduq. Hər bir hökumətin peşəkarlığı müəyyən böhran şəraitində məlum olur. Biz əgər hökumətin fəaliyyətinə böhran şəraiti prizmasından qiymət versək, görərik ki, Azərbaycan hökuməti əvvəllər olduğu kimi, 2008-ci ildə də xüsusi peşəkarlıq nümayiş etdirmişdir. Xüsusən Milli Bankın həyata keçirdiyi çox düşünülmüş bir siyasət, əslində, bizə bir sıra neqativ məsələlərdən yan keçməyə kömək etmişdir. Əlbəttə, bütün bu uğurların məlum səbəbini bir daha vurğulamaq istərdim. Ölkədə hökm sürən siyasi sabitlik, xalqla iqtidar arasında olan birlik, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra olunması və ilk növbədə sosial məsələlərin qabağa çəkilməsi, insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər dediklərimə sübutdur. Ölkə Prezidentinin həyata keçirdiyi iqtisadi islahatlar bütövlükdə Azərbaycan xalqının inamı əsasında formalaşdırılır. Əminəm ki, bundan sonra da xalqımız həm Prezidentin, həm də hökumətin həyata keçirdiyi iqtisadi siyasəti dəstəkləyəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydın müəllim, 5 dəqiqə olanda narazılıqlar olur. 10 dəqiqə olsun. Buyurun, Əli Məsimli.
Ə. Məsimli. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və media nümayəndələri! Hər şeydən əvvəl, qarşıdan gələn Novruz bayramı münasibəti ilə hamınızı təbrik edir, həyatın bütün sahələrində sizə uğurlar arzulayıram.
Nazirlər Kabinetinin hesabatı 2008-ci ilin sosial-iqtisadi nəticələri və qarşıdakı illərin gözləntiləri barədə fikirləşməkdən ötrü zəngin material verib. Azərbaycan 2008-ci ildə qlobal böhranın birinci dalğasının təzyiqi altında orta dünya göstəricisindən 4 dəfə, MDB-nin orta göstəricisindən isə 2 dəfə yüksək artım tempinə nail olmuşdur. 2008-ci ilin iqtisadi göstəricilərinin proqnoz göstəriciləri ilə müqayisədə xeyli aşağı düşməsinə baxmayaraq, hökumət sosial sahədə öz üzərinə götürdüyü öhdəlikləri, əsasən, yerinə yetirmişdir. Ölkə iqtisadiyyatı və manat qlobal maliyyə böhranının birinci dalğasının təzyiqi qarşısında duruş gətirə bilmişdir. Azərbaycan azsaylı ölkələrdən biridir ki, xaricdən kömək almadan öz daxili resursları hesabına qlobal böhranın təzyiqinin nəticələrini aradan qaldıra biləcəkdir.
Bununla belə, Azərbaycan iqtisadiyyatında başlanan yeni tendensiyalara aydınlıq gətirməkdən ötrü hesabatda 2008-ci ilin birinci və ikinci yarısının bir-birindən tamamilə fərqli nəticələrini, eləcə də, ötən ilin proqnoz göstəriciləri ilə real göstəricilərini tutuşdurmaqla qlobal böhranın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanın miqyasları müəyyənləşdirilməli idi. Belə yanaşma qlobal böhranın Azərbaycanın makroiqtisadi göstəricilərinə, real, maliyyə və sosial sektora təsiri məsələsi ətrafında yaranmış çoxsaylı suallara tutarlı bir cavab olardı. Qlobal böhranın təsiri nəticəsində Azərbaycan, demək olar ki, itkilərə məruz qalmamışdır. Yalnız dolayı, proqnoz göstəriciləri ilə müqayisədə müəyyən itkilərə məruz qalmışdır. Belə ki, Azərbaycanın neft sənayesi 85 faizdən artıq bir səviyyədə dünya iqtisadiyyatına inteqrasiya şəraitində işləyir. Dünya bazarlarında neftin qiymətinin ötən ilin ortalarındakı 147 dollardan ilin sonuna 40 dollara qədər aşağı düşməsi hər dollara görə ölkənin ümumi daxili məhsulunu 220-250 milyon dollar azaldır. 2008-ci ildə ümumi daxili məhsulun 21 faiz artım proqnozuna qarşı 11 faizə enməsi ən yaxşı variantda belə 3-3,6 milyard manat əlavə yeni dəyər, sənaye istehsalının 27 faiz proqnozuna qarşı cəmi 7 faiz artması isə 6,8 milyard manatlıq potensial sənaye məhsulunun itkisinə səbəb olmuşdur.
Amma ən əsası budur ki, qlobal böhranın təsirinə məruz qalan əsas meyarda ən böyük itki, ən böyük dəyər pullar yox, inamdır. Qlobal böhranın təsirinə məruz qalan əksər ölkələrdə külli miqdarda pullarla yanaşı, inam da itirildiyi halda, Azərbaycan MDB məkanında “iqtisadi durumu ən sabit ölkə” statusunu saxlaya bildiyindən həm ölkə daxilində, həm də beynəlxalq aləmdə inamı qoruyub saxlaya bilmişdir. Azərbaycanın maliyyə bazarının dünya maliyyə bazarından asılılığının zəif olması ölkənin bu sahədəki itkilərinin Rusiya və Qazaxıstandakı kimi dağıdıcı nəticələrə gətirib çıxarmasına imkan verməmişdir. Azərbaycanda, demək olar ki, bu, mümkün deyildir.
Bununla belə, neft bumu ilə yanaşı, getdikcə geniş vüsət alan tikinti bumu ciddi problemlərlə qarşılaşmışdır. Dünya bazarında tələbatın aşağı düşməsi Azərbaycanın qeyri-neft sektorunun ixrac yönlü məhsul istehsal edən şirkətlərinin fəaliyyətinə həm də gəlir baxımından çox mənfi təsir göstərmişdir.
Böhran əmək bazarına mənfi təsir göstərir. Rəsmi monitorinqlərin nəticələrinə görə 2009-cu ilin əvvəllərinə əmək müqaviləsi dayandırılan işçilərin sayı bütün işçilərin təqribən 0,9 faizini təşkil edir. Xaricdə yaşayan azərbaycanlıların ailələrinə göndərdiyi pulun da həcmi azalmağa başlamışdır. Həmin faktların obyektiv təhlili bir tərəfdən Azərbaycan iqtisadiyyatının güclü və zəif cəhətlərini ortaya qoymaqla ölkənin sosial-iqtisadi durumu barəsindəki bədbin notların aradan qaldırılmasına imkan verir, digər tərəfdən isə böhran göstərdi ki, iqtisadiyyatda möcüzə olmur.
Qlobal böhran bütün ölkələri özünəməxsus şəkildə keçid mərhələsinə yuvarlandırmışdır. Kim modernləşmə islahatlarını həyata keçirib yeniləşməyə doğru hərəkət etsə, dünyanın yeni konstruksiyasına daha uyğun model üzrə inkişaf etməyə başlasa, o irəli çıxacaq. Məlumdur ki, qlobal böhranın təsiri ilə Azərbaycana kapital axını zəifləyəcək, neft əvvəlki həcmdə gəlir gətirməyəcək. 2009-cu ildə iqtisadi artımın proqnozlaşdırılan 18,9 faizindən qat-qat aşağı bir nəticə əldə ediləcək. Belə şəraitdə hökumət struktur və institusional islahatların yeni mərhələsinə başlamalıdır. Əks halda, Azərbaycan bir neçə ildən sonra institusional dalana dirənib yeni böhrana məruz qala bilər. Bəs onda hökumət antiböhran proqramının təsdiqi və genişmiqyaslı tətbiqini niyə gecikdirir? Böhranın təsirini azaltmaqdan ötrü çox zəruri olan risklərin idarə edilməsinin etibarlı mexanizminin yaradılmasına ehtiyac vardır. Bilmək istərdik ki, hökumətin bu istiqamətdə həyata keçirdiyi tədbirlər nədən ibarətdir?
Azərbaycanda neftdən kənar sahələrin real sektorun artım tempi ilə müqayisədə xeyli dərəcədə geridə olması özünü göstərir. Belə ki, neftdən kənar sahədə real sektorun artım tempi 6 faiz təşkil edib ki, bu da qeyri-neft sektorunun artım tempindən 2,5 dəfə, ərzaq üzrə pərakəndə əmtəə dövriyyəsinin artım tempindən 2 dəfə, ərzaq məhsulları idxalının artım tempindən isə 4 dəfə azdır. Ona görə də ölkədə adambaşına cəmi 5 manatlıq ərzaq məhsulu istehsal olunur. Böhran xaricdən Azərbaycana pul axınını zəiflədib, mal axınını gücləndirəcəkdir. Azərbaycanın xarici ticarətində neftdən kənar məhsulların payı 3 faizdən də azdır. Hökumət Azərbaycana xaricdən gətirilən xeyli keyfiyyətsiz məhsulların aradan qaldırılması, bu prosesin zəiflədilməsi və Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində nəzərdə tutulan antiböhran proqramında hansı işləri görəcək? Azərbaycan hökumətinin xaricdə saxlanılan valyuta ehtiyatlarının bir hissəsinin ölkənin ən etibarlı banklarında yerləşdirilməsi və həmin vəsaitin banklar vasitəsilə iqtisadiyyatın yalnız real sektoruna yönəldilməsi məsələsinin həlli nə yerdədir?
Qlobal maliyyə böhranı şəraitində əhalinin güzəranına mənfi təsir göstərən bir sıra risklər, o cümlədən əmanətlərin qiymətdən düşməsi, əmək haqlarının dondurulması, əhalinin gəlirlərinin azalması, iş yerlərinin itirilməsi və sair problemlər geniş yayılmışdır. Bu problemlərin Azərbaycanda yer almamasından ötrü hökumət hansı tədbirləri həyata keçirəcək?
Ötən il dünya bazarında ərzaq 24 faiz ucuzlaşdığı halda, Azərbaycanda 29 faiz bahalaşıb. İstehlak bazarında yaranmış problemləri aradan qaldırmaqdan ötrü hökumət hansı tədbirləri həyata keçirəcək?
Böhranın regionlara təsirini azaltmaqdan ötrü 2009–2013-cü illəri əhatə edən regional inkişaf proqramının reallaşdırılması sürətləndirilməli, Bakının üstünə düşmüş ağır yükün bir hissəsinin regionlara keçirilməsi istiqamətində təsirli tədbirlər görülməlidir. Gəncə, Şəki, Lənkəran və sair şəhərlərin kompleks inkişafını təmin etməklə bu yöndə ciddi nəticələrə nail olmaq mümkündür. Məsələn, Şəkini inkişaf etdirməklə Balakəndən Ağdaşa qədər olan bir ərazinin tərəqqi və həyat səviyyəsini xeyli dərəcədə artırmaq olar. Ona görə də hökumətin müvafiq strukturları Şəkinin regional mərkəzə çevrilməsinə dəstək verməli, Şəkinin abadlığının təbii gözəlliyinə uyğunlaşdırılması istiqamətində zəruri olan maliyyə dəstəyini əsirgəməməlidir. Azərbaycan Müəllimlər İnstitutunun Şəkidə fəaliyyət göstərən filialının bazasında böyük bir universitetin yaradılmasını, şəhərdəki elmi mərkəzin fəaliyyət dairəsinin genişləndirilməsini, şəhərin su təchizatı layihəsinin reallaşdırılmasının sürətləndirilməsini, yeni iş yerlərinin açılmasını, abadlıq işləri, yol çəkilişi və sair problemlərin həllini məqsədəuyğun hesab edirik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Asəf Hacıyev buyursun.
A. Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri! İlk öncə mən bu hesabatı hazırlayanlara minnətdarlığımı bildirmək istəyirəm, çünki Azərbaycan iqtisadiyyatının 2008-ci ildə inkişafının geniş və ətraflı analizi verilmişdir. Bu analiz hörmətli Yaqub müəllimin çıxışında da öz əksini tapmışdır. Ümumiyyətlə, mən bu hesabatı 2008-ci ildə Azərbaycan iqtisadiyyatının inkişafına dair dərslik kimi qiymətləndirərdim. Çünki hansı istiqamətə baxsanız, görərsiniz ki, orada uğurlar mövcuddur. Yəqin, bunun nəticəsidir ki, bu gün dünyada mövcud olan iqtisadi böhran Azərbaycanda nisbətən sakit keçir.
Mən bir rəqəmi burada qeyd etmək istərdim. Nəhəng Qazaxıstan dövlətinin borcu bu gün təxminən 100 milyard ABŞ dolları təşkil edir. Bu da onun ümumi daxili məhsuluna bərabərdir. Azərbaycanda isə bu borc təxminən büdcənin 20 faizini təşkil edir. Əgər nəzərə alsaq ki, Azərbaycanda neft və ehtiyat fondlar mövcuddur, bu rəqəm daha da aşağı düşür. Qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılıb, mən hesab edirəm ki, bu da təqdirəlayiq bir haldır.
Mən bir neçə gün Gəncə bölgəsində görüşlər keçirdim. Orada gedən abadlıq işləri, əhalinin əhvali-ruhiyyəsi bir də təsdiq edir ki, Azərbaycanın bütün bölgələrində bu inkişaf mövcuddur. Bu da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Bu uğurları qeyd etməklə bərabər, məni narahat eləyən bəzi məsələlərə də toxunmaq istərdim. Hesabatda göstərilir ki, 2003-cü illə müqayisədə 2008-ci ildə elmə ayrılan vəsait 3,1 dəfə artmışdır. Amma indi gəlin baxaq, büdcəmiz bu ərəfədə nə qədər artmışdır? Necə olur ki, büdcə 7 dəfə, amma elmə ayrılan vəsait cəmi 3,1 dəfə artır? Bütün ölkələrdə büdcənin faizi kimi, elmə ayrılan vəsait hər il artır. Əgər bizim büdcəmizdə elmə ayrılan vəsait 2003-cü ildə büdcənin 1,2 faizini təşkil eləmişdisə, 2008-ci ildə bu rəqəm 0,5 faiz təşkil edir. Dünyada belə bir statistika var, əgər ölkədə elmə ayrılan vəsait büdcənin 1,5 faizini təşkil edirsə, o zaman elm özünü doğrultmağa başlayır. Əgər bu rəqəm 2 faizə bərabər və ya ondan yüksək olursa, o zaman elm öz-özünü maliyyələşdirməyə başlayır. Ona görə də Rusiyada belə bir qərar qəbul olunub ki, elmə ayrılan vəsait büdcənin 2 faizini təşkil edəcək. Məsələn, adambaşına Azərbaycanda elm sahəsinə düşən vəsait 8 min dollar təşkil edirsə, Rusiyada bu, 40 min, Avropa ölkələrində 120−150 min, Amerika Birləşmiş Ştatlarında 200 mindir. Ona görə buna diqqət yetirilməlidir. Mən cənab Prezidentin bir kəlamını yada salmaq istəyirəm: “Bizim əsas məqsədimiz qara qızıl olan neft kapitalını insan kapitalına keçirməkdir”. Amma bunu insan kapitalına keçirmək üçün elmin xüsusi bir rolu olmalıdır.
Bir məsələyə də diqqətinizi cəlb etmək istərdim. Bilirsiniz ki, 2008-ci il sentyabrın 1-də Azərbaycanın ali məktəblərində yeni maaş sisteminə keçildi. Bunun nəticəsində bu gün ali məktəblərdə çalışan elmlər doktorları, professorlar, kafedra müdirlərinin maaşı 650 manata bərabər oldu. Bura əlavələri də gəlsək, bu, təxminən 800 manata bərabərdir. Mən buna çox sevinirəm və yüksək qiymətləndirirəm. Amma Azərbaycan Milli Elmlər Akademiyasında eyni vəzifəni tutan şəxsin – elmlər doktoru, professor, şöbə müdirinin maaşı 350 manatdır. Fərq iki dəfədir. Onlar eyni işi görürlər. Qısa zamanda bu məsələ öz həllini tapmalıdır. Mən qəti əleyhinəyəm ki, büdcədən elmə birbaşa vəsait ayrılsın. Amma istiqamətlər üzrə, dövlət qrantları şəklində elmə vəsait ayrılmalıdır və aktiv çalışan insanlar görməlidirlər ki, onların işi dövlət tərəfindən qiymətləndirilir. Bu yolu bütün ölkələr keçib, artıq zaman gəlib ki, Azərbaycanda da buna keçək. Düşünürəm ki, bu məsələlərə hökumət tərəfindən diqqət ayrılacaqdır. Hesabatı yüksək qiymətləndirirəm və ona səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Asəf müəllim. Mübariz Qurbanlı, buyurun.
M. Qurbanlı. Təşəkkür edirəm. Cənab Sədr, Azərbaycan Respublikası Hökumətinin çox hörmətli üzvləri, hörmətli millət vəkilləri! Biz bu gün Azərbaycan Nazirlər Kabinetinin hesabatını müzakirə edirik. Hesabat bizə paylanıb və hamımız bununla ətraflı şəkildə tanış olmuşuq. Qeyd edim ki, bu hesabat çox peşəkar şəkildə hazırlanıb. Bütün sahələr üzrə burada göstəricilər, rəqəmlər verilib, eyni zamanda, hökumətin həyata keçirdiyi çoxsaylı proqramların istiqamətləri müəyyənləşdirilib. Eyni zamanda, Baş nazirin birinci müavini hörmətli Yaqub müəllimin məruzəsində də görülmüş işlər yığcam şəkildə bir daha bizim diqqətimizə çatdırıldı.
Nazirlər Kabinetinin fəaliyyətinə, gördüyü işlərə kim qiymət verməlidir? Konstitusiyaya görə, Nazirlər Kabinetinin fəaliyyətinə Milli Məclis qiymət verir. Amma gəlin, bir daha diqqət yetirək ki, bu qiyməti, eyni zamanda, seçici, Azərbaycan Respublikasının Prezidenti və beynəlxalq təşkilatlar verir. Əgər biz bu yöndən yanaşsaq, Prezidentimizin Nazirlər Kabinetinin fəaliyyətinə verdiyi qiymətin müsbət olduğunu görərik. Çünki Prezidentin rəhbərliyi ilə keçirilən iclasda Nazirlər Kabinetinin fəaliyyəti çox yüksək qiymətləndirilmişdir. Beynəlxalq təşkilatların qiyməti də bəllidir. Beynəlxalq maliyyə qurumları Azərbaycan hakimiyyətinin, Azərbaycan hökumətinin gördüyü işləri yüksək dəyərləndiribdir. Seçicilərin verdiyi qiymətə gəldikdə məlumdur ki, bizim hamımız millət vəkilləri kimi əhali ilə çox sıx təmasdayıq. Görüşlər keçiririk və indi bu görüşlər intensiv xarakter alıb. Mart ayının 18-də keçirilən referendumla əlaqədar olaraq millət vəkillərinin böyük əksəriyyəti yerlərdə olublar. Onlar həm seçiciləri ilə görüşüblər, həm də Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı izahat işlərində iştirak ediblər. Onlar seçicilərin hökumətin fəaliyyətinə verdiyi qiyməti də burada dinləyə biliblər.
Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası “Yeni Azərbaycan” təşviqat qrupu yaradıbdır və bu qrupa daxil olan vəkillər və səlahiyyətli nümayəndələr yerlərdə çoxsaylı görüşlər keçiriblər. Bizim partiyadan olan deputatların, səlahiyyətli nümayəndələrimizin və təşviqat üzrə vəkillərimizin həmin görüşlərlə əlaqədar həm şifahi, həm də yazılı məlumatlarını ümumiləşdirmişik. Ümumiləşdirmə nəticəsində məlum olub ki, əhalinin bu və ya digər sahələrlə bağlı istək, arzu və şikayətlərinin sayı ötən illə müqayisədə həddindən artıq aşağı düşübdür. Əgər əvvəllər yerlərdə vətəndaşlar enerji problemi, qaz təchizatı və digər məsələlərlə bağlı bu və ya digər istək və arzularını bildirirdilərsə, indi bunların sayı xeyli azalıbdır. Bu da Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial, iqtisadi siyasətin çox mühüm və müsbət nəticələrindən biridir. Yerlərdə keçirilən görüşlərdə biz bir daha müşahidə etdik ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir və regionlarımız indi bir sıra göstəricilərə görə paytaxt şəhərlə eyni səviyyəyə çatmaqdadır. Elə regionlar vardır ki, orada gedən quruculuq, abadlıq işləri, yeni yaradılmış sənaye müəssisələri, istirahət yerləri çox yüksək səviyyədədir və beynəlxalq standartlara uyğun gəlir. Bütün bunlar, əlbəttə, Azərbaycan Respublikası Hökumətinin gördüyü müsbət işlərin nəticəsidir.
Ümumiyyətlə, biz hökumətin fəaliyyətinə qiymət verərkən buna Azərbaycan Respublikası Nazirlər Kabinetinin konstitusion səlahiyyətləri çərçivəsindən yanaşmalıyıq. Konstitusion səlahiyyətlər çərçivəsində hökumət nəyi etməlidir? Büdcə qəbul olunur, büdcəyə nəzarət və onu icra edir. Biz hökumətin fəaliyyətini müzakirə edərkən büdcə ilə əlaqədar fəaliyyəti də nəzərə almalıyıq, çünki bu büdcəni biz qəbul etmişik. Bizim qəbul etdiyimiz bir büdcə Nazirlər Kabineti tərəfindən nə dərəcədə yerinə yetirilibdir?
Doğrudur, biz büdcəni, onun yekunlarını hər il müzakirə edirik. Bu cür müzakirələrdə bir neçə məsələyə diqqət yetirilməlidir. Strateji baxımdan məsələlər necə həll olunur, milli təhlükəsizliyin qorunması, ərzaq təhlükəsizliyi, informasiya təhlükəsizliyi, ekoloji təhlükəsizlik, təhsil və sair sahələrdə görülən işlər hansı səviyyədədir? Əgər biz buna kompleks şəkildə yanaşsaq, hökumətin bu sahədə ciddi uğurlar qazandığını görə bilərik. Ümumiyyətlə, Azərbaycanda hökumətin Konstitusiya ilə üzərinə düşən vəzifələr sırasında maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsi də var. Bu sahədə də ciddi uğurlar əldə edilmişdir. Dövlət iqtisadi proqramlarının, dövlət sosial proqramlarının həyata keçirilməsi ümumilikdə iqtisadi inkişafı təmin edəcək siyasətin həyata keçirilməsidir. İqtisadi inkişafı təmin edəcək siyasəti həyata keçirmək üçün isə hökumət düzgün strateji xətt tutmalı və vaxtı gəldikdə onu taktiki olaraq bu və ya digər dərəcədə dəyişdirməyə qadir olmalıdır. Biz görürük ki, ümummilli liderimiz tərəfindən müəyyən olunan strateji xətt ardıcıl olaraq davam edir. Taktiki məsələlərə gəldikdə isə elə bu dünya iqtisadi böhranı başlanan zaman Azərbaycan Hökumətinin bir sıra mühüm taktiki addımlar atdığının şahidi ola bildik. Yəni böhranı zəiflətmək, onun Azərbaycana vuracağı ziyanı azaltmaq istiqamətində hökumətin gördüyü qabaqlayıcı tədbirlər özünün müsbət nəticəsini vermişdir.
Hökumətin milli təhlükəsizliyi təmin etmək baxımından siyasəti əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycanın informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük işlər görülür. İnformasiya təhlükəsizliyi təminatı sahəsində həyata keçirilən proqramlar Azərbaycanın regionda lider dövlət kimi mövqelərini daha da möhkəmləndirir.
Təhsil sahəsində həyata keçirilən proqramlar Azərbaycanda yeni gənc nəslin, daha yüksək səviyyəli kadrların və mütəxəssislərin yetişdirilməsinə müsbət təsir göstərir.
Azərbaycanın iqtisadi inkişafı sahəsində düzgün maliyyə, pul-kredit və vergi siyasətinin həyata keçirilməsi, vergi siyasətində vahid pəncərə sisteminin tətbiq olunması, gömrük siyasətində vahid pəncərə sisteminə keçirilməsi və digər bu kimi məsələlər özəl sahənin inkişafına güclü təkan verir.
Əlbəttə, bizim siyasətimizi, Azərbaycan hakimiyyətinin yeritdiyi sosial-iqtisadi siyasəti yersiz tənqid edənlər və xüsusilə qərəzli mövqedən çıxış edənlər vardır. Bunlar ölkə daxilində olan müxalifətin bəzi dairələridir. Onlar nəzarətlərində olan mətbuat vasitəsilə həyata keçirilən siyasəti gözdən salmağa cəhd göstərirlər. Amma bu, mümkün deyildir, çünki onlar burada bir millət vəkili olaraq təmsil olunublarsa, bu və ya digər mövqelərini subyektiv şəkildə verə bilərlər. Obyektiv qiymət seçici tərəfindən verilir. Tənqidi mövqedən çıxış edən istənilən nümayəndənin dilindən səslənən fikirləri biz yerində təhlil etsək, görərik ki, o burada subyektiv şəkildə özünün fərdi fikirlərini səsləndirir. Əhalinin fikirləri ilə söylənilən tənqidlər arasında böyük ziddiyyət vardır.
Bu gün ölkədə həyata keçirilən böyük quruculuq, abadlıq işləri hər yerdə özünü göstərməkdədir. Bu günlərdə mən seçildiyim Şəmkir və Daşkəsən rayonlarında oldum. Xüsusilə Şəmkir rayonunda çox böyük işlər görülməkdədir. Burada yeni məktəblər tikilir, yollar çəkilir. Bilirsiniz ki, cənab Prezidentin birbaşa göstərişi ilə Şəmkir çayı üzərində böyük bir su anbarı tikilir. Bu su anbarı, eyni zamanda, orada kiçik bir su-elektrik stansiyasının tikilməsi ilə davam etdiriləcəkdir. İndi burada çox böyük işlər aparılır. Bu həm yeni iş yerlərinin açılması baxımından əhəmiyyətlidir, həm də bu su anbarı 75 min hektar ərazini, o cümlədən Goranboy rayonunu, Gəncənin bir hissəsini əhatə edəcəkdir. Şəmkirin bir çox əraziləri içməli su ilə təmin olunacaq. Qeyd edim ki, bu məsələ ilə bağlı ərazidə yaşayan vətəndaşlar, seçicilər hökumət üzvlərinə, bu sahə ilə məşğul olan insanlara, xüsusilə Prezidentə təşəkkürlərini çatdırmağı məndən xahiş etdilər. Mən hökumət üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıram. Qarşıdan gələn bayram münasibətilə sədarəti, millət vəkillərini, nazirlərimizi və hökumət üzvlərimizi təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Mübariz müəllim. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Hesabatdan aydın olur ki, hökumət Milli Məclisə 2008-ci ilədək fəaliyyətini özündə əks etdirən təkmil bir sənəd təqdim edibdir. Hesabatı diqqətlə araşdırdıqda hökumətin ölkənin sosial-iqtisadi inkişafı yolunda gərgin fəaliyyət göstərdiyi nəzərə çarpır. Hökumət fəaliyyəti ərzində iqtisadi göstəriciləri, beynəlxalq əlaqələri, əhalinin sosial durumunu və sair göstəriciləri nəzarətdə saxlamaqla cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəni sosial-iqtisadi baxımdan irəliyə doğru aparmış və 2008-ci il respublikamızın sosial-iqtisadi həyatında yadda qalan bir ilə çevrilmişdir. Aydın görünür ki, ölkə Prezidentinin apardığı iqtisadi siyasət hökumət tərəfindən uğurla həyata keçirilir. Bu baxımdan büdcənin həyata keçirilməsində hökumətin fəaliyyəti xüsusi qeyd edilməlidir. Ölkəmizin bütün regionlarındakı inkişaf bu gün xalqımız tərəfindən çox böyük məmnuniyyətlə qarşılanır. Bu səbəbdən da xalq hökuməti müdafiə edir.
Əvvəlki illərlə müqayisədə builki hesabat xeyli dərəcədə genişlənib. 2008-ci ildə respublika iqtisadiyyatında gedən sürətli inkişafın ayrı-ayrı istiqamətləri hesabatda öz əksini tapmışdır. Belə ki, MDB məkanında ən yüksək iqtisadi artım respublikamızda olmuşdur. Neftdən kənar sahələrin inkişafı göz qabağındadır. Respublikamızın sürətli inkişafında neftlə yanaşı, investisiyaların sürətli artımının davam etdirilməsi, regionlarda iqtisadi fəallığın artması, sahibkarlığın inkişaf etdirilməsi, tikinti və abadlıq işlərinin sürətlənməsi də mühüm rol oynayır. Böyük layihələrin həyata keçirilməsi də ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir. Artıq Azərbaycan bir çox inkişaf etmiş dövlətlərlə strateji əməkdaşlıq edən bir ölkəyə çevrilmişdir. Azərbaycan Qərb üçün ən yaxşı iqtisadi tərəfdaş olmuşdur. Həyata keçirilən böyük iqtisadi layihələr, təbii ki, Qərb dövlətləri üçün də maraqlıdır. Hesabatdan görünür ki, Azərbaycan artıq iqtisadi baxımdan inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır və bu da onların Azərbaycana marağını artırır. Həyata keçirilən iqtisadi və struktur islahatları ölkəmizin dünya iqtisadiyyatına inteqrasiya prosesini sürətləndirir, Qafqaz bölgəsində mövqelərini möhkəmləndirir.
Ərzaq təhlükəsizliyi baxımından da respublikamızda lazımi işlər həyata keçirilir. Son zamanlar kənd təsərrüfatına verilən 152 milyon manatdan artıq subsidiyalar buna əyani sübutdur. Verilən güzəştlər nəticəsində buğdanın əkin sahəsi artmış və istehsal olunan ərzaq buğdası 400 milyon tondan artıq olmuşdur. Düzdür, 2008-ci ildə fermerlər və sahibkarlar buğdanın satışı məsələsində müəyyən problemlərlə üzləşiblər. Buğda ya alınmır, ya da ucuz satılır. Bu sahədə problemlər vardır. Yaxşı olardı ki, hökumət ərzaq buğdasının tədarükü haqqında fikirləşsin. Artıq vaxtı çatıb ki, xaricdən idxal olunan taxıla gömrük rüsumu və əlavə dəyər vergisi tətbiq edilsin. Bu halda kəndlilərin istehsal etdiyi taxılın qiyməti artardı.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlarla təmin edilməsi, eyni zamanda, müddətli vergi güzəştlərinin verilməsi aqrar sahəyə olan diqqətin bariz nümunəsidir. Qeyd etdiyim kimi, əsas ərzaq olan buğda üçün toxumun keyfiyyəti vacib məsələdir. Son zamanlar özəl toxumçuluq təsərrüfatlarında yüksək reproduksiyalı buğda toxumunun istehsalı genişlənmişdir. Lakin eyni zamanda, qonşu Rusiyadan da toxumlar gətirilir. Hesab edirəm ki, bu toxumların respublikamızda istehsalat şəraitində yoxlanmadan əkilməsi gələcək illər üçün pis nəticə verə bilər. Bu məsələdə kənd təsərrüfatı naziri çox diqqətli olmalıdır.
Son illər kənd təsərrüfatında qazanılan uğurlar bizi çox sevindirir. Lakin Azərbaycan üçün vacib olan pambıqçılıq sahəsində geriləmə mövcuddur. Respublikada hesabat ilində cəmi 55 min ton pambıq istehsal edilmişdir. Halbuki bu miqdarda məhsulu vaxtilə orta səviyyəli rayonlar verirdi. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi bu sahəyə diqqəti artırmalı, istehsalçı və istehlakçı arasındakı münasibəti tənzimləməlidir.
2008-ci ildə respublikamızda təhsil, mədəniyyət, səhiyyə sahəsində çox böyük işlər həyata keçirilmişdir. İçməli su təminatında, avtomobil yollarının, ümumiyyətlə, infrastrukturun bərpası istiqamətində mühüm işlər görülmüşdür. Onu da qeyd etmək istərdim ki, neçə illərdir, Dünya Bankı tərəfindən Azərbaycanda kənd investisiya layihəsinin icrası davam etdirilir. Həmin layihənin birinci hissəsinin icra müddəti 2008-ci ildə bitmişdir. Hökumət Dünya Bankı ilə əlaqəni elə qurmalıdır ki, kənd investisiya layihəsinin ikinci hissəsinin icrası da davam edilsin. Çünki həmin layihə əsasında Azərbaycanda 5 ildə 402 kənddə infrastrukturun bərpası istiqamətində çox böyük işlər həyata keçirilmişdir.
Bütövlükdə mən Nazirlər Kabinetinin 2008-ci ildəki fəaliyyətini müsbət və yüksək qiymətləndirirəm. Ən başlıcası ondan ibarətdir ki, son illər görülən misilsiz işlər növbəti illərdə həyata keçiriləcək işlər üçün çox möhkəm bir təməl yaratmışdır. Eyni zamanda, Azərbaycan özünün iqtisadi inkişaf səviyyəsinə görə regionda lider dövlətə çevrilmişdir. Bunun nəticəsidir ki, xalq Prezident seçkilərində bir daha cənab İlham Əliyevə səs verərək onu özünə rəhbər seçdi. Açılan hər bir yeni iş yeri, artırılan əmək haqları, pensiya və müavinətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində atılan addımlar, dünyanı bürüyən iqtisadi böhrandan respublikamızın qorunması cənab İlham Əliyevin rəhbərliyi ilə hökumətin apardığı iqtisadi siyasətin ardıcıl, səmərəli həyata keçirilməsinin parlaq nümunəsidir. Mən sonda hökumətə növbəti illər üçün iqtisadi sahədə daha böyük nailiyyətlər, uğurlar diləyirəm. Bütün hökumət üzvlərini, millət vəkillərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Gülhüseyn müəllim. Elmira xanım, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
E. Axundova. İmkan yaratdığınıza görə çox sağ olun. Biz – referendum üzrə təşviqat qruplarının üzvləri əhali ilə görüşərkən bir sıra suallarla qarşılaşırıq. Düzdür, Mübariz müəllim dedi, həqiqətən, suallar xeyli dərəcədə azalıbdır. İndi ən çox səslənən suallar pensiyalarla bağlıdır. Ona görə də mən fürsətdən istifadə edib, çox xahiş edərdim ki, bu suala cavab verilsin, onun həlli yolları tapılsın. Sovet vaxtında pensiyaya çıxmış, yaşları 75–80 olan insanların pensiyalarının indeksasiyası məsələsi ilə bağlı cənab Səlim Müslümovun özü də etiraf edir ki, 90-cı illərdə indeksasiya aparılarkən ədalətsizliyə yol verilib. Sual olunur ki, bu kateqoriyadan olan pensiyalar bu il indeksasiya olunacaq? Ümumiyyətlə, 75 yaş həddini aşan insanların sosial müdafiəsinin gücləndirilməsi məsələsi hökumətin gündəmində durur, ya yox? Rusiyada, digər inkişaf etmiş ölkələrdə 75 yaşı aşmış qocaların dərmanları, yol xərcləri və sair pulsuzdur. Bunlar 75 manat pensiya alırlar. Bu onlar üçün çox böyük çətinliklər törədir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, hökumətin təqdim etdiyi hesabat həm tərtibat, həm də sistemləşmə baxımından əvvəlki illərdən müsbət yöndə fərqlənir. Amma bugünkü hesabat, məncə, başqa xarakterdə olmalı idi. Bildiyiniz kimi, dünyada baş verən iqtisadi böhranla bağlı olaraq artıq Azərbaycanda da təşvişlər duyulmağa başlayır. Hətta ölkə Prezidenti də 7 bənddən ibarət özünün antiböhran təkliflərini cəmiyyətə açıqladı. Mən düşünürdüm ki, bu gün hökumətin hesabatından daha vacib ola biləcək antiböhran proqramı da təqdim olunacaqdır. Söyləyə bilərlər ki, bu antiböhran proqramının hazırlanması üçün vaxt çox azdır və qısa müddətdə bunu həll etmək mümkün deyil. Amma böhran noyabr ayında başlayıbdır.
Adətən, Azərbaycanda iqtisadiyyata bir ideoloji yanaşma var. Belə çıxır ki, Nazirlər Kabineti bir bəyanat verməlidir və bütün nazirlər də bəyanatın altına imza atmalıdırlar ki, iqtisadi böhranın Azərbaycana heç bir təsiri olmayacaq. Bundan sonra əhali də arxayınlaşmalıdır. Hətta Amerika Birləşmiş Ştatları kimi bir dövlət artıq böhranın hansı səviyyədə olduğunu cəmiyyətə açıqlamağa özünü borclu bildi və cəmiyyətlə açıq müzakirəyə keçdi. Yollar axtarılır ki, hansı şəraitdə, hansı şəkildə böhrandan çıxaq. Ona görə də bu gün bizim hesabata hansı qiymət verməyimizdən daha çox əhalini maraqlandıran məsələlər əhəmiyyət daşıyır. Elmira xanım söylədi ki, sualların sayı azalıb. Sadəcə, suallara verilən cavablar insanları qane etmədiyinə görə onlar sual verməkdən bezib sakitcə oturublar. Əsas məsələ nədən ibarətdir, ən zəif halqalar nədir və bu problemləri ortadan qaldırmaq üçün biz hansı tədbirləri görməliyik?
Birinci növbədə kənd təsərrüfatı ilə bağlı danışmaq istərdim. Bildiyimiz kimi, bizim ərzaq ehtiyacımız, əsasən, bəzi mənbələrdən 70−75 faiz idxaldan asılıdır. Bu böhran şəraitində xüsusilə xaricdə ərzaq məhsullarının qiymətinin ucuzlaşması və bizim manatın kursunun sabit saxlanılması ciddi problemlər yaradacaqdır. Ona görə də kənd təsərrüfatına xüsusi diqqət ayırmaq lazımdır ki, ən azı böhran ərəfəsində insanlar daha çox sıxıntılı vəziyyətdə yaşamağa məhkum olmasınlar.
Digər bir məsələ tikinti bumu ilə bağlıdır. Bir zamanlar tikinti bumu ilə fəxr eləyirdik, amma bu gün əksər yerlərdə tikinti dayanıbdır. Tikinti şirkətləri də əhalidən çox sayda vəsait alıblar. Bəzi insanlar ümid edirdilər ki, iki, üç aydan sonra təzə mənzilə köçəcək, ən azı bir problemini həll edəcəklər. Bunu həll eləmək iqtidarında deyillər. Ona görə də hökumət bu sektora mütləq həmin kontekstdə himayə göstərməlidir və aşağı faizlərlə kredit verib, ən azı yarımçıq tikililərin tamamlanması və əhalinin ödədiyi vəsaitlərin təmin olunması istiqamətində köməklik göstərməlidir.
Digər bir məsələ bizdə qeyri-neft emalı sənayesinin inkişaf etməməsi ilə bağlıdır. Bildiyiniz kimi, sənaye məhsulu istehsalında təqribən 10 faizə yaxın pay olduqca kiçik rəqəmdir. Neft məhsullarının, neftin qiymətinin aşağı düşməsi bu sahədə gəlirlərin azalmasına səbəb olur. İkinci tərəfdən, Rusiyada baş verən böhran həm də ölkəyə pul köçürmələrinin səviyyəsini xeyli, bəlkə də 3−4 dəfə aşağı salıbdır. Regionlarda insanlar daha çox Rusiyadan gələn pul köçürmələrinə ümid edərək yaşayırdılar. Biz tez-tez fəxrlə deyirik ki, rayonlarda infrastruktur çox yüksək səviyyədə inkişaf edibdir. Birinci növbədə, insanların gəlir səviyyəsi nə dərəcədə inkişaf edibdir? Əgər biz bunu nəzərə almasaq, tənzimlənilən qiymətlərin səviyyəsini 20−25 faizə endirməsək, qısa müddətdə əhalinin çox ciddi maddi sıxıntılara məruz qalacağını görəcəyik.
Zaqatalada, Lənkəranda hava limanları tikilib. Amma hər təyyarə reysində bir-iki nəfər olur. Bu, yerlərdə yaşayan əhalinin yaşayış səviyyəsinin bir göstəricisidir, onlar həmin biletə pul ödəmək imkanına sahib deyillər. Ona görə də istirahət mərkəzləri, parkların tikilməsindən öncə orada insanın yaxşı yaşamasını düşünmək lazımdır.
Azərbaycanda çox gözəl yollar, körpülər salınıb. Bunu təqdir eləyirik, heç kim bunu pisləmir, çünki hamımızın həyatında dəyişiklik yaradır. Amma 10 kilometrlərlə yollarda sürətlə şütüyən maşınların qarşısında insanlar axın-axın yollara düzülüblər, piyada keçidləri bir problemə çevrilib. Deməli, yol çəkməzdən öncə insanın buradan necə keçəcəyini düşünməlisən. Sabunçu dairəsində gözəl bir qovşaq salınıbdır, amma bir maşının oradan geri qayıtması üçün 15 kilometr irəli – Zabrat–Maştağa dairəsinədək getməsi lazım gəlir. Yəni demək istədiyim odur ki, hər bir şeydə birinci növbədə insanın marağı əsas götürülməlidir. Bu olmayınca insanlar bu proseslərdən tam razı qala bilməzlər.
Bu baxımdan, mən hesab edirəm ki, təcili surətdə antiböhran proqramı təqdim olunmalı, büdcədə neftin qiymətinə yenidən baxılmalıdır. Çünki hər dəfə neftin qiymətinin aşağı düşməsi, təbii ki, ölkəyə 250, 300 milyon dollar civarında zərərə başa gəlir. Biz bunu nəzərə almalıyıq. Manatın kursunun da tədricən dəyişməsi istiqamətində düşünmək lazımdır, çünki o qədər vəsait ayıraraq bunu sabit saxlamaqla, iqtisadi uğur qazanacağımızı, yaxud da proseslərin qarşısını alacağımızı zənn etməməliyik. İstərdim ki, hökumət yaxın zamanlarda antiböhran proqramı ilə bağlı konkret açıqlama versin və iqtisadi böhranla bağlı proqnozlarını cəmiyyətə təqdim eləsin. Bu, məncə, daha faydalı bir addım olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, tənəffüs elan edilir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Müzakirəni davam etdiririk. Yevda Abramov.
Y. Abramov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən də bəri başdan deyirəm ki, bu hesabatı bəyənirəm, dəstəkləyirəm və ona tərəddüd etmədən səs verəcəyəm. Biz əyalət deputatları olaraq bu hesabatın dəyərini, onun, həqiqətən, hökumət tərəfindən görülmüş işlərin hesabatı olduğunu 3–4 ay bundan əvvəl dərk etmişdik. Prezident seçkiləri ərəfəsində biz yerlərdə olarkən, gördük ki, − bu il də fevralın 27-dən bu günə qədər yenə biz yerlərdəyik, − xalq yekdilliklə hökumətin iqtisadi siyasətini bəyənir və dəstəkləyir. Bu gün hökumət bir daha sübut edir ki, cənab Prezidentin rəhbərliyi altında aparılan bu fəaliyyət etibarlı əllərdədir. Hökumət üzvlərinin hamısı bir hədəfə vuraraq cənab Prezidentin tapşırıqlarını, göstərişlərini uğurla həyata keçirir. Yanvar ayının 16-da cənab Prezidentin yanında keçirilən müşavirədə biz bunun bariz nümunəsinin bir daha aydın şahidi olduq.
Hökumətin gördüyü işlər çoxdur, bunu sadalamaq üçün xeyli vaxt lazımdır. Biz bu gün yenə bu salonda köhnə dalğalarda, köhnə koordinatlarda bir sıra tənqidlər eşitdik. Göstərdilər ki, bu hesabat yalnız ayrı-ayrı rəqəmlərin ümumi yığnağıdır. Mən opponentlərimə müraciət edirəm: hesabatda nə olmalıdır ki? Əgər bu, hesabatdırsa, iqtisadi inkişafımızın göstəriciləridirsə, bunlar, heç şübhəsiz, rəqəmlə ifadə olunmalıdır. Bu rəqəmlər ildən-ilə sıçrayışla inkişaf edir. Yadımdadır, mən ötən il hökumətin hesabatı zamanı demişdim ki, sizlər nə isə gözləyirsiniz, amma gözləməyin, çünki Azərbaycanda artıq istefalar, rəngli inqilablar, çevrilişlər dövrü başa çatmışdır, onlar arxivə tullanmışdır. Bundan sonra yalnız belə hesabatlar olacaq. İstəsəniz də, istəməsəniz də, bizim inkişafımızı güzgü kimi əks etdirən, böyük təkamülə və sıçrayışa aparan hesabatlar təqdim olunacaq. Özü də bu hesabat adi bir hesabat deyil, hökumətin Prezident ətrafında 5 ildə gördüyü işlərin hesabatıdır. Bu hesabat əsası ulu öndər tərəfindən qoyulmuş və bu gün cənab Prezidentin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasətin nəticəsidir.
Bu yaxınlarda Avropada çox məşhur iqtisadçı, jurnal redaktoru olan bir şəxs mənim qonağım oldu. O, Azərbaycanı çox sevir və Azərbaycan haqqında o qədər xoş sözlər deyir ki, adam qürur hissi duyur. Bizim həmkarlarımız, öz vətəndaşlarımız isə ətrafda gedən bu inkişafı görmürlər. Bu insanlar Azərbaycanı analiz edirlər və göstərirlər ki, bu böhran dövründə dünyada ən yaxşı maliyyə institutları, bank sistemi Azərbaycanda mövcuddur. Mən də ona dedim ki, bu sahəyə rəhbərlik edən insanların hər ikisi xaricdə təhsil almış çox səriştəli mütəxəssislərdir. Bu gün burada deyirlər ki, qabaqlayıcı tədbirlər görülmədi. Əgər belə tədbirlər görülməsəydi, bizim də vəziyyətimiz Ermənistandakı kimi olardı. İndi qonşu ölkələrə baxın, rublun, dramın, larinin aqibəti necədir? Amma siz deyirsiniz ki, bunun məzənnəsi 4 dəfə aşağı düşüb. Haradan düşüb? Bu, pensiyaya təsir edibmi? Bizim həyat, yaşayış səviyyəmizə 4 dəfə mənfi təsir edibmi? Etməyib. Biz bura xalqın içindən gəlirik. Xalq hökumətin, Prezidentin siyasətini dəstəkləyir. Mən bu işdə hökumətə uğurlar, müvəffəqiyyətlər diləyirəm. İş olan yerdə nöqsanlar olar.
Siz çıxışınızda bizə çox böyük bir ibrət dərsi verdiniz, Oqtay müəllim. Biz hökuməti tənqid etmək fikrində deyilik, hökumət tənqid ediləcək heç nə etməyib. Sadəcə olaraq, bəzən müəyyən rayonda unudulan sahə və ya məmur özbaşınalığı olur. Biz deputatlar həmin unudulan sahəni insanların yadına salırıq. Amma çox təəssüflər olsun ki, bəzi qəzetlər bizim çıxışımızdan bir-iki tənqidi fikri götürərək ucuzluğa gedirlər. Bunu manşetə çıxararaq bizi iqtidara qarşı qoyurlar.
Oqtay müəllim, mən, keçən il verdiyim təkliflər nəzərə alındığı üçün minnətdarlıq etmək istəyirəm. Keçən il Qubada zəhmətkeşlərin alın təri ilə qazandığı meyvələrin saxlanması haqqında təklif vermişdim. O təklifi hökumət yerinə yetirib, təşəkkür edirəm. Quba rayonunda 20 min ton meyvəni təzə meyvə çıxana qədər saxlamaq gücündə olan soyuducu anbarlar tikilib. Mən arzu edərdim ki, bunların sayı daha da çox olsun.
İkinci təklifim xalçaçılıq barəsində idi. Aydın müəllimlə aramızda söhbət oldu, rayonda bu sahədə də böyük canlanma var. Amma mən istərdim ki, ölkədə istehsal edilən məhsullar heç bir çətinlik olmadan Azərbaycandan çıxsın. Bununla yeni iş yerlərinin sayını artırmış olarıq. Bu sahəyə diqqəti artırmaq lazımdır. Mən Əlixan müəllimə minnətdarlığımı bildirirəm. O dəfəki bir az tənqidi çıxışımızdan sonra rayona əsl qaz mütəxəssisi göndərildi. Dünən aldığım məlumata görə, artıq dediyim kəndlərin qazlaşdırılması üçün yeni layihə hazırlanıb. Eldar müəllimə də təşəkkür edirəm. Artıq maliyyə məsələsi həll edilib və burada da qazlaşdırma işləri aparılır.
Mən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə minnətdarlığımı bildirirəm. Qusarda iki məktəb, Qubada isə diaqnostik mərkəz tikilib. Burada sürətlə iş gedir, özüm şəxsən gedib baxmışam. Bu gün Yaqub müəllim də dedi, Qubada modul elektrik stansiyasının tikintisi artıq başa çatmaqdadır. Dünya Bankının maliyyəsi ilə Quba şəhərinin su təsərrüfatı yaxşılaşır.
Mənim həmkarlarım bəzən burada çıxış edən zaman deyirlər ki, nazirlər bizi qəbul etmirlər. Ancaq mən nə qədər sorğu vermişəm, hamısına cavab almışam. Bütün nazirliklər sorğularıma cavab verirlər. Bu onu göstərir ki, bu gün parlament hökumətlə öz işini qurmağı bacarır. Sadəcə olaraq, ayrı-ayrı deputatlar bəlkə də müraciət etməyi unudurlar.
Sonda bir məsələni Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ünvanlamaq istəyirəm. Vəlvələ kəndinin vəziyyəti yenə ağırdır. Artıq orada evlərlə çay hövzəsi arasındakı məsafə 3−4 metrdir. Yəqin ki, mart ayında qar əriyəcək və bu kəndə böyük ziyan dəyəcək. Bunu builki proqrama salsaydılar, bütün qubalılar adından onlara öz minnətdarlığımı bildirərdim. Mən hökumətə uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Yevda müəllim. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Hökumətin 2008-ci ildəki fəaliyyətinə dair hesabatla tanış olduqda bir daha əmin olursan ki, Azərbaycanda Heydər Əliyevin siyasi kursu uğurla davam edir, qalib gəlir, dövlətimizin qüdrətlənməsinə, xalqımızın xoşbəxtliyinə və firavanlığına xidmət edir. Azərbaycan bazar iqtisadiyyatı və demokratiya yolu ilə uğurla irəliləyir. 2008-ci ildə hökumətin fəaliyyətində bir sıra uğurlar olmuşdur. Həm əhalinin məşğulluğunun təminatı sahəsində, həm real sektorda, həm orta aylıq əmək haqqının və pensiyaların artımı sahəsində, yoxsulluğun aşağı salınması sahəsində, ümumiyyətlə, ictimai və sosial həyatımızın bütün sahələrində irəliləyişlər əldə olunmuşdur. Ölkənin hər yerində quruculuq, abadlıq işləri davam edir, bir çox ictimai əhəmiyyətli, o cümlədən sosial obyektlər tikilib istifadəyə verilmişdir. Bunların hamısı bizim siyasi kursun cənab Prezidentin rəhbərliyi altında uğurla davam etməsini göstərir. Biz Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum ərəfəsində bölgələrdə oluruq, seçicilərlə görüşürük. Seçicilər də iqtidarın siyasətini, siyasi kursunu birmənalı dəstələdiklərini bəyan edirlər. Mən hökumətin hesabatını yüksək qiymətləndirirəm və təbii ki, digər deputat həmkarlarımla yanaşı, hesabatın qəbul olunmasının lehinə səs verəcəyəm.
Eyni zamanda, bir sıra təkliflər də var. Bunlardan bəziləri seçicilərlə görüşdə səslənən təkliflərdir, bəziləri də özümüzün müşahidə etdiyimiz məsələlərlə bağlıdır. Məlum olduğu kimi, Gəncədə dörd ali təhsil müəssisəsi vardır. Onların ikisi − Kənd Təsərrüfatı Akademiyası və Texnologiya Universiteti spesifik sahələri əhatə edən və respublikada bu sahələr üzrə mütəxəssislər hazırlayan yeganə təhsil müəssisələridir. Ancaq bu akademiyaya və universitetə daxil olan tələbələrdən, demək olar ki, heç biri bakalavr pilləsində dövlət proqramı üzrə Azərbaycan gənclərinin xaricdə oxuması imkanından istifadə edə bilmir. Məsələ burasındadır ki, bu proqrama görə xaricdə oxumağa göndərilən tələbələr minimum 600 bal toplamalıdırlar. Ancaq məlumdur ki, ümumiyyətlə, regionda yerləşən universitetlərimizə keçid balı səviyyəsində və yaxud ondan bir az yuxarı səviyyədə bal toplayan tələbələr qəbul olunurlar. Demək olar ki, regionda, o cümlədən Gəncədə 600 bal toplamış tələbə yoxdur. Belə çıxır ki, bizim heç vaxt xaricdə təhsil almış kənd təsərrüfatı mütəxəssislərimiz və texnoloqlarımız olmayacaq və biz qabaqcıl təcrübəni əldə edə bilməyəcəyik. Ona görə Gəncə alimləri və pedaqoqları bu məsələni qaldıraraq xahiş edirlər ki, hökumət spesifikliyi nəzərə alaraq, Kənd Təsərrüfatı Akademiyası və Gəncə Texnologiya Universiteti tələbələrinin dövlət proqramı üzrə xaricə göndərilməsi balının 300−350 bal səviyyəsində müəyyənləşdirilməsini həyata keçirsin.
Digər bir məsələ tofel imtahanlarının verilməsi ilə bağlıdır. Bildiyimə görə, dövlət proqramı üzrə xaricdə oxumağa göndərilənlərin tofel balı 650 bal müəyyənləşdirilibdir. 650 bal dünyanın ən aparıcı universitetlərinin qəbul etdiyi baldır. Mən düşünürəm ki, ölkə üzrə bu balı müəyyən qədər aşağı salmaqla bir çox tələbələrin bu imkandan yararlanmasına şərait yaratmaq olar.
Digər bir təklifim Gəncə−Naxçıvan təyyarə reysi ilə bağlıdır. Məlum olduğu kimi, Gəncə ilə Naxçıvan arasında təyyarə əlaqəsi təkcə Gəncədən deyil, bütün Gəncəbasar zonasından Naxçıvana uçan insanların rahatlığını təmin edirdi. Ancaq bu təyyarə reysi bağlandığından, o insanlar Naxçıvana getməkdən ötrü Bakıya gəlib, paytaxtdan ora getməyə məcburdurlar. Bu isə üstəlik Bakıda müəyyən sıxlıq yaradır. Hökumətdən xahiş edirəm ki, bu məsələni də diqqət mərkəzində saxlasın.
Biz Azərbaycanın şərqindən qərbinə, şimalından cənubuna gözəl magistral yollar inşa etmişik və bu yolların inşası davam edir. Bu, xalqımızın, dövlətimizin, iqtidarımızın uğurudur. Ancaq dünya standartları səviyyəsində çəkilən yolların qorunmasına, elə bil ki, biz bir qədər biganə baxırıq. Xüsusən regionlara gedib-gələnlər bunu müşahidə edə bilərlər ki, ağır tonnajlı yük maşınları Bakıdan regionlara, regionlardan da Bakıya normadan daha ağır çəkidə çınqıl, qum və sair yüklər gətirirlər. Bu da yolların tez sıradan çıxmasına və həm də yüklənməsinə səbəb olur. Mən Nəqliyyat Nazirliyinə təklif edərdim ki, belə tikinti materiallarının yük qatarları ilə daşınmasını təmin etsin. Ölkəmizin, demək olar ki, bütün regionlarına dəmir yolu xətti var, qatarlar işləyir. Rayonlararası və kəndlərarası yollarda isə bu yükləri maşınlar vasitəsilə daşımaq mümkündür.
Diqqətinizə çatdırmaq istədiyim daha bir məsələ ölkədə dərman bazarında yaranmış problemlə bağlıdır. Səhiyyə naziri burada iştirak etməsə də, hökumətə sözümüzü deyək. İqtisadi böhranla əlaqədar olaraq dünyanın hər yerində, o cümlədən Azərbaycanda müxtəlif istehlak mallarının qiymətinin aşağı düşməsinə rəğmən son vaxtlar ölkəmizdə dərman vasitələrinin qiyməti xeyli artmışdır. Bəzi dərman vasitələri 3−5 dəfə artıq qiymətə satılır. Bu sahədə balaca bir monitorinq aparanda görürsən ki, dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu sahədə ya inhisarla, ya da müvafiq qurumlar tərəfindən tənzimlənmənin düzgün aparılmaması ilə bağlıdır. Mən xahiş edirəm, hökumət bu məsələni də diqqət mərkəzində saxlasın.
Ümumiyyətlə, düşünürəm ki, antiböhran tədbirlərinin görülməsi sahəsində cənab Prezidentin verdiyi tövsiyələr əsasında, yəqin ki, yaxın vaxtlarda hökumətin proqramı qəbul ediləcək və bu proqram xalqa elan olunacaqdır. Amma inandığım bundan ibarətdir ki, dünya böhranının ölkəmizə təsiri bundan sonra da o qədər güclü olmayacaq və Azərbaycanın iqtisadi siyasəti uğurla davam etdiriləcəkdir. Hökumətimizə bu yolda uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Möhtərəm Sədr, hörmətli millət vəkilləri, hörmətli Nazirlər Kabineti! Mən hökumətin bu hesabatı haqqında sözə başlamamışdan əvvəl hörmətli professorumuz Asəf Hacıyevin dediyi bir fikri təsdiqləmək istəyirəm. O deyir, hökumətin təqdim etdiyi bu hesabat gözəl dərslikdir. Mən də hesab edirəm ki, bu, Azərbaycanda bütün sahələrin inkişafını və artım tempini göstərən bir vəsaitdir, hesabat deyil. Bunun hökumətin hesabatına heç bir aidiyyəti yoxdur. Burada Nazirlər Kabineti səviyyəsində hökumət üzvləri tərəfindən hansı işlərin görüldüyü barədə heç bir konkret misal yoxdur. Sadəcə olaraq, Azərbaycanda bu və ya digər sahələrdə baş verən hadisələri ümumi şəkildə götürüb bura qeyd ediblər.
Bir neçə misal çəkim. Məsələn, metallurgiya sahəsi barədə yazılıb ki, “Baku Stil kompani” özəl şirkəti filan qədər qara metal əridib, filan qədər armatur istehsal edib, satıb. Bunun hökumətə nə dəxli var? Hökumət özəl şirkətin bu işi görməsi üçün nələr edibsə, onu burada qeyd etməli, yazmalıdır ki, mən bunun üçün ya kredit vermişəm, ya güzəştli şərtlərlə nə isə etmişəm, ya da etməmişəm. Özəl müəssisə nə edibsə, bunun hökumətin hesabatına salınmasının və burada millət vəkillərinə təqdim edilməsinin heç bir mənası yoxdur. Təəssüflər olsun ki, yeyinti sənayesi yüngül sənaye və bütün başqa sahələr üzrə hökumətin bizə təqdim etdiyi hesabat yalnız bundan ibarətdir. Məsələn, tikinti materialları sənayesi barədə yazılıb ki, bu sahədə sahibkarlıq fəaliyyəti güclənərək qısa müddət ərzində filan-filan işlər görülmüş, nə bilim, beton qarışığı bura getmiş, tikinti gipsinin istehsalı bu qədər artmış... Hökumətin fəaliyyəti nədən ibarət olmuş bunda, hörmətli Kabinet üzvləri? Siz nə etmisiniz ondan ötrü? Kreditmi ayırmısınız, güzəştli vergi siyasətimi həyata keçirmisiniz, gömrük siyasətindəmi hansısa dəyişikliklər etmisiniz və yaxud azad iqtisadi zona şəraitində hansısa bir regionda konkret olaraq bu sahələrin inkişafı üçün bir addım atmısınız?
Sizin bu hesabat Azərbaycanda baş verən hadisələrin ümumi bir icmalıdır. Mən də elə məhz ona görə deyirəm ki, toxuculuğa, tikiş sənayesinə, yeyinti sənayesinə və başqa sahələrə sizin yanaşmanız faktiki olaraq bir dərslik səviyyəsində yanaşmadır. Halbuki bu, ən əvvəl hökumətin fəaliyyəti haqqında informasiya kimi nəzərdə tutulub. Bu, hökumətin fəaliyyəti haqqında hesabatdır. Hökumət büdcədən ayrılan vəsaitin hansı formada xərclənməsi, hansı sahələrə nə qədər pul ayrılması və o pulun maksimal dərəcədə səmərəli xərclənməsi üçün hansı addımların atılması, hansı sahələrə hansı güzəştlərin edilməsi, dövlət büdcəsinə hansı şəkildə qənaət edilməsi ilə bağlı hesabat verməli idi.
Burada, ümumiyyətlə, qənaət adında anlayış, qənaət termini yoxdur, yəni hökumət heç qənaət barədə düşünməyib. Yeri gəlmişkən, hökumətin hələ keçən hesabatında mən demişdim ki, qarşıdan gələn iqtisadi böhran Azərbaycana da ciddi təsir edəcək, bunun üçün Nazirlər Kabineti indidən Prezidentə islahatlar paketi təqdim etməlidir. Bu islahatlar isə ən əvvəl idarəetmədə başlamalı idi. Azərbaycan idarəetməsindəki bu qədər pərakəndəlik, bu qədər dağınıqlıq, mahiyyət etibarilə bu qədər komitələrin və sair mövcudluğu Azərbaycan büdcəsinin talan olması ilə nəticələnir.
Bu gün komitələrin böyük əksəriyyəti Nazirlər Kabineti çərçivəsindəki idarə, şöbə qədər fəaliyyət göstərmir. Amma adı komitədir, onun üçün büdcədən kifayət qədər vəsait ayrılır və o büdcə vəsaiti də istənilən halda dağıdılır. Məsələn, burada diaspor ilə iş üzrə bir hesabat təqdim olunub. Nə hesabatdır o? Onu Azərbaycanda, – mən Dünya Azərbaycanlıları Konqresinin üzvü olmuşam, – dövlətdən heç bir maliyyə vəsaiti almayan, dövlətlə heç bir halda maliyyə strukturları vasitəsilə bağlı olmayan, xaricdə yaşayan həmvətənlərimiz könüllü, təmənnasız həyata keçirirlər. Nədir diaspor ilə bağlı görülən işlər? Hansısa yerdə iclas keçirdik, hansısa yerdə Xocalı ilə bağlı bir tədbir keçirdik... Bunu ictimai əsaslarla, vətənpərvərlik ruhunda istənilən Azərbaycan təşkilatı həyata keçirir. Nədir komitə şəklində fəaliyyət göstərir? Eyni sözləri başqa sahələr haqqında da demək olar. İqtisadi böhranın belə bir vəziyyətində Azərbaycanın vəsaitinin bu şəkildə dağıdılması nəyə xidmət edir?
Hökumətin bizə təqdim olunmuş hesabatı 2008-ci ilin, əslində, birinci yarısı üçün olan hissədir. İkinci yarısı üçün, demək olar ki, yoxdur. Avqust ayından bu yana başlayan dünya iqtisadi böhranının nəticələrinin Azərbaycana nə dərəcədə təsir etməsi, nə qədər iş yerlərinin ixtisarı, nə qədər investisiya layihələrinin dondurulması, hətta özəl sektorda nə qədər dayanmalar olması, tikinti, istehsal sahələrində, başqa sahələrdə nə qədər geriləmələrin baş verməsi və bunun müqabilində hökumətin hər hansı bir tədbir görməsi heç bir halda öz əksini tapmayıb. Hər kəsə aydındır ki, avqust ayından bu yana Azərbaycan iqtisadiyyatının bütün sahələrində ciddi geriləmələr var. Biz ayrı-ayrı ölkələrdə baş verənləri izləyir, Azərbaycanda da insanlarla ünsiyyətdə olur və bunu görürük.
Bu gün Azərbaycanda xırda sahibkarlıq, orta sahibkarlıq çox bərbad bir vəziyyətə düşüb. Bəli, bunun bir səbəbkarı dünya iqtisadi böhranıdırsa, ikincisi də daxildə hökumətin bütövlükdə bu sektora sahib çıxa bilməməsidir. Hökumət orta sahibkarlığın çökməməsi, ayaqda durması üçün hansı tədbirlər planı hazırlayıb, orta sahibkarlıq üçün nə edir? Burada qeyd olunub ki, məsələn, kənd təsərrüfatı sahəsində ayrı-ayrı fermerlərə güzəştli kreditlər, mazut, gübrə verilir, nə bilim, aqrolizinq təşkilatları vasitəsilə beşillik lizinqlərin müddəti on ilə çatdırılır. Amma bu, mahiyyət etibarilə fermer təsərrüfatlarının və kənd təsərrüfatında orta sahibkarlığın ayaqda durması üçün yetərli deyil. Bu günlərdə telekanalların birində fermerin 1920-ci illərdəki kimi kotana at qoşub, yer şumladığını görmədiniz? Budur Azərbaycanın bugünkü reallığı.
Bu gün Azərbaycanın sənaye müəssisələrində bu qədər çökməni, bu qədər inhisarçılığı görmürlər? Bu gün Azərbaycanda fəaliyyət göstərən orta sahibkarların böyük əksəriyyəti işçilərinin ən azı 60 faizini ixtisara salıb. Bəli, bu, ilin əvvəlindən başlayan proses kimi, öz hesabına iki aylıq məzuniyyətlə həyata keçirilib və belə məzuniyyətə göndərilən insanlarımızın böyük əksəriyyəti ümid edir ki, iki aylıq məzuniyyətdən sonra yenidən iş yerinə qayıdacaq. Amma onlar qayıdası deyillər. Bunu hər kəs bilir. Çünki orta sahibkarlığın inkişafı üçün, onun ayaqda durması üçün hökumətin ciddi tədbiri yoxdur.
Burada orta aylıq əmək haqlarından, pensiyalardan, filanlardan kifayət qədər ciddi şəkildə rəqəmlər səsləndirilib. Görün biz pensiyaları nə qədər yüksəyə qaldırmışıq. Mən bir dəfə də burada hörmətli Nazirlər Kabinetinin hesabatında dedim ki, siz bu gün orta aylıq əmək haqqının qalxdığını nə qədər iddia etsəniz də, orta məktəb müəlliminin, – o müəllimlərin kontingentinin ümumi sayı 200 minə yaxındır, – orta aylıq əmək haqqı 154 manatdır. Bu gün 100 minə yaxın orta, yuxarı, aşağı tibb personalı var. Bunların orta aylıq əmək haqqı 113 manatdır. Bunu hamının ümumi maaşına vurub və sonra bölüb 268 manata çıxarmaqla heç nə dəyişmir. Bununla nə 200 min orta məktəb müəlliminin, nə də 100 minə yaxın aşağı və orta tibb personalının maaşları dəyişir.
Hesabatdan məlum olur ki, korrupsiya məsələləri ilə bağlı 35 nəfər tutulub, 40 nəfər haqqında cinayət işi qaldırılıb. Hörmətli Nazirlər Kabinetinin üzvləri, Azərbaycan korrupsiya hesabatlarında dünyada sonuncu yeri tutur. Bu, Azərbaycanda məhz hökumətin fəaliyyəti ilə bağlı sahədir. Məhz bu fəaliyyətə görə Azərbaycan korrupsiya hesabatlarında sonuncu yeri tutur. Niyə Azərbaycan sonuncu yeri tutmalıdır və niyə hökumət bununla bağlı ciddi bir antikorrupsiya layihəsi ortaya qoyub müzakirə etmir və ictimaiyyəti, cəmiyyətin müxtəlif təbəqələrini bu proseslərə cəlb etmir?
Bütün bunlara görə hökumətin hesabatını mən qeyri-qənaətbəxş hesab edirəm. Hörmətli Yevda müəllim məndən əvvəl çıxış elədi. Görünür, çıxışını dünən yazmışdı, deyirdi ki, burada çox sərt rəqəmlər səsləndi, filan oldu. Səslənməmişdi, Yevda müəllim, indi səsləndi. Çox sağ olun.
Sədrlik edən. Mən elə də bilirdim ki, İqbal Ağazadə bu boyda hesabatda müsbət bir şey görməyəcək, mənfidən başqa. Elə fikirləşdiyim də oldu. Zahid Oruc.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Mən də ənənəyə sadiq qalaraq çıxışıma sitatla başlamalı olacağam. Ötən dəfə Ombudsman təsisatının parlamentdə hesabatı dinlənilən zaman burada hörmətli Sədrlə bir polemika oldu. Müxalif düşüncə sahiblərindən biri müəyyən tənqidlərini söylədi və qeyd elədi ki, bu, ölkədə insan haqlarının durumunu əks etdirməyən hesabatdır. Oqtay müəllimin reaksiyasından sonra burada mənim üçün çox maraqlı bir replika oldu, deyildi ki, bəs iynələməsək, müxalifət olmarıq axı. Mənə elə gəlir ki, hörmətli İqbal bəyin çıxışında məhz bu məqamlar özünü çox qabarıq göstərdi. Bu insanların düşüncəsinə, sadəcə, o fikir hakim kəsilib ki, iynələmədən, hansısa məsələni çox kəskin tənqid eləmədən müxalifət kimi mövcud olmaq mümkün deyil. Yəni müxalifətçilik şüuru, müxalifətçilik təfəkkürü, sadəcə, bundan ibarətdir. Əslində, parlament üzvlərindən birinin digərinin çıxışını şərh eləməsi yaxşı bir ənənə deyil, amma hörmətli İqbal bəy ötən dəfə bu cəhddə bulunduğundan mən cavab reaksiyasını səsləndirməli oldum.
Mənim xatirimdədir, dəfələrlə bu parlamentdə müxalif nümayəndələr “Baku Stil kompani”nin durumunu hakimiyyətin əleyhinə bir arqument kimi səsləndiriblər. Görünür, bu insanlar bazar iqtisadiyyatı modelində, dövlətin vəzifəsini, sadəcə, düzgün qiymətləndirmirlər. Dövlətin elə ən böyük vəzifəsi ondan ibarətdir ki, iqtisadiyyatda hiss olunmasın və yaratdığı şərtlər hesabına bu qurumlar fəaliyyət göstərsin, büdcə də onun hesabına formalaşsın. Dövlətə buna görə təşəkkür eləməkdənsə, dövlət nə edib ki sualını səsləndirməyin, mənə elə gəlir ki, bir mənası yox idi.
Mən kotanla bağlı məsələyə də reaksiya vermək istəyirəm. Xış və kotan ölkənin iqtisadi durumundan asılı olmayaraq, ictimai ənənələrdə, xalqın özünün həyatında hər zaman olasıdır. Yüzlərlə traktor da olacaq, kotan da. Yəni bir-iki faktı bir ictimai hadisə kimi, bütöv, kütləviləşmiş bir proses kimi qələmə verməyin də mənası yoxdur. Mən, əksinə, başqa bir məsələni demək istəyirəm. Dövlət bu dövr ərzində bəlkə heç bir Avropa ölkəsinin daşımayacağı yükü çiyinlərində daşımaqda davam edir. Mən ötən dəfə də hesabat dövründə bu fikri səsləndirmişdim. Mənim aləmimdə bu dövlətin 1993-cü ildən bu yana bütün başqa xidmətləri ilə bərabər ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o hələ sovet yükünün çoxunu çiyinlərində daşıyır. 150 minə qədər müəllim ordusunun yükünü, – mən həmişə hesab etmişəm ki, attestasiya aparılsa, bu, yarıbayarı azalmalıdır, – səhiyyədə, bütün digər sektorlarda bu yükü dövlət daşıyır, tab gətirir. Bu, zor işdir və buna görə də dövlətə təşəkkür eləmək lazımdır.
İndi, cənab Sədr, böhranla bağlı bəzi fikirlərimi söyləmək istəyirəm. Əslində, gözləniləndir ki, məndən sonra bu məsələni başqa cür qiymətləndirərlər. Əlbəttə ki, iki məsələnin, yəni bu hesabatın qlobal iqtisadi böhran kontekstində qiymətləndirilməsi və referendum məsələlərinin üzərində daha çox dayanırlar. Biz referenduma çıxarılan məsələlərin ölkədə sosial-iqtisadi inkişafın nəticəsində meydana gəldiyini dəfələrlə bəyan edirdik. Təbii ki, buna əks arqumentlər səsləndirənlər var idi. Böhranın daha artıq dərəcədə səbəblərindən, nəticələrindən danışılır. Heç kim onun məqsədindən danışmır. Məqsəd daha artıq dərəcədə zamanında inkar olunan Maltus nəzəriyyəsinin həyata keçirilməsidir. Həmkarımız hörmətli Əli Hüseynov çox maraqlı bir məsələyə toxundu ki, hər bir hökumətin gücü böhran şəraitində necə fəaliyyət göstərməsindədir. Mən onu dövlətə də şamil edərdim. Yəni bu prosesin məqsədi ondan ibarətdir ki, dövlətləri iqtisadi cəhətdən zəif salsınlar, beynəlxalq güclərə tabe etdirsinlər və siyasi cəhətdən idarə etsinlər.
Bax, bu kontekstdə qiymət verəndə Azərbaycan dövləti özünün müstəqilliyini itiribmi? Yox. Azərbaycan dövlətinin siyasətində bu mənada ciddi korreksiyalar varmı? Qətiyyən. Amma dünya böhranının bizə təsirini inkar etmək də mümkün deyil. Yəqin ki, bu beynəlxalq iqtisadi böhrandan bizim qıraqda qaldığımızın bildirilməsi xoş məramdan irəli gəlir. Axı, dövlət, sadəcə, gördüyünü demir, bəzən hər hansı bir məsələni gizlətməklə də vətəndaşın mənafeyinə işləmiş olur. Əlbəttə, böhranın olduğunu deməyin özü də bir təhlükə mənbəyidir. Çünki o dərhal psixologiyalarda yer edir, ciddi təlaş yaradır və sair.
Mən hesab edirəm ki, dünyaya inteqrasiya eləmiş və 140 dövlətlə iqtisadi əlaqələrə, ticarət münasibətlərinə malik olan Azərbaycan kimi bir ölkənin bu beynəlxalq proseslərdən kənarda qalması mümkün deyildi. Amma gəlin baxaq. Bəli, böhran bizdə kredit siyasətinə təsir edib, bank sektoruna təsiri var, real sektora müəyyən səviyyələrdə təsir göstərir. Amma müxalifətdə müəyyən qüvvələri daha çox düşündürən odur ki, bəs nədən bu, sosial narazılıq halına və az qala bolşeviksayağı siyasi nəticələrə aparıb çıxarmır, niyə hər hansı bir narazı insan bundan istifadə edərək, hakimiyyətin əleyhinə çıxıb bunlarla eyni mövqe nümayiş etdirmir. Bax, bunları narahat edən, mənə elə gəlir ki, daha çox budur. Amma bir daha deyirəm, biz dünyaya inteqrasiya eləmişiksə, deməli, istər-istəməz bu inteqrasiyanın mənfi təzahürlərini də öz həyatımızda yaşamalıyıq.
Cənab Sədr, mən ikinci məqama, antiböhran təbliğatı məsələlərinə toxunmaq istəyirəm. Mən dedim ki, dövlətimiz böhranın təsirinə az məruz qalıb, bizim kifayət qədər maliyyə ehtiyatlarımız, yəni o təhlükəsizlik yastığı səviyyəsində vəsaitimiz var. Ortadadır bu rəqəm. Ötən dəfə debatda kimsə deyirdi ki, gələcəyin pulları yeyilib və sair. Amma bunu sübut eləmək mümkün deyil. Mən psixoloji amilə toxundum. Bu günlərdə Beynəlxalq Valyuta Fondu da ciddi açıqlamalarla çıxış edir. Əslində, bu qurumun beynəlxalq maliyyə işğalını həyata keçirən bir təşkilat olduğu da sirr deyil. Belə olan təqdirdə “dollar qalxacaq, manat devalvasiya olunacaq” və sair kimi şayiələrin qarşısını almaq, cəmiyyəti bu psixoloji şoklardan qorumaq lazımdır. Mənə elə gəlir ki, böhran ən əvvəl şüurlardan başlayır. Daha sonra bu, iqtisadi nəticələr doğurur. Fikrimcə, hökumətin təbliğat institutlarının ən ciddi vəzifələrindən biri bunun psixoloji səviyyədə qarşısını almaqdır.
Neft amili ilə bağlı məsələlərə toxunduq. Neft dünyanın bir sıra ölkələrində var. Lakin o, güclü olmayan, siyasi uzaqgörənliyi olmayan iqtidarların əlində, sadəcə, qara bir məhluldan başqa bir şey deyil. Azərbaycan dövləti ötən dövr ərzində bunu həm iqtisadi, həm də siyasi mənada sərvətə çevirib. Neft indi bizim iqtisadiyyatda filan faizə malikdir deyə, bundan imtina eləməliyik? Azərbaycanda sovet iqtisadiyyatını bazar iqtisadiyyatı modelində qurmaq üçün nə qədər imkandır, bu neftdən on illər də bundan sonra istifadə edəcəyik. Kim bundan narahatdırsa, qoy narahat olsun. Mənə elə gəlir ki, neftdən daha çox onlar məmnuniyyətlə istifadə edərdilər.
Cənab Sədr, mən hesab edirəm ki, ötən dövr ərzində Azərbaycan Prezidentinin həm xarici, həm də daxili siyasəti kifayət qədər uzlaşdırılmış, onun hər hansı bir xarici ölkəyə səfəri ilə Azərbaycanın bir əyalətinə səfəri bir-birini uğurla tamamlamışdır. Onun timsalında daxili və xarici siyasətin bu cür uzlaşdırılmasının nümunələrini biz dəfələrlə görmüşük. Prezident bu günlərdə mənim təmsil etdiyim Bərdə bölgəsində olmuşdur. Mən bunu çox xoş hisslərlə burada deyirəm. Mənim aləmimdə liderlik öz ölkəsini və millətini tanımaqdan başlayır. Azərbaycan Prezidenti bunu bütün siyasətində dəfələrlə göstəribdir.
Mən bir məsələni vurğulamaq istəyirəm. Əlbəttə, bu, büdcə müzakirələri deyil, son bir ildə hökumətin fəaliyyətinə verilən qiymətdir. Yəqin ki, indi hökumətin əleyhinə çağırış olacaq, kimsə istefa istəyəcək və özü də düşünməyəcək ki, keçən il də bunu deyib, ondan əvvəl də. Ciddi o qüvvədir ki, bunu deyib, nəyəsə nail olur. Yoxsa sadəcə, “istefa” demək o qüvvəyə nəsə bir ciddilik gətirmir.
Hörmətli Misir müəllimin burada olmasından istifadə edərək, bir məsələni xatırlatmaq istəyirəm. Bildiyim qədər, ölkədə yaxşı vəziyyətdə olmayan məktəblərin sayı 1200-dür. Bu, ölkədə olan məktəblərin 20 faizidir. Amma təəssüf ki, bu 20 faizin, əslində, böyük hissəsi bir rayonun − Bərdənin payına düşür. Səbəb bəllidir. Çünki Qarabağda olan qaçqın və məcburi köçkünlər ilk növbədə Bərdədə məskunlaşmalı olublar. Düzdür, biz müharibəni udmamışıq, qəhrəman şəhərlərimiz yoxdur, amma düşünürəm ki, Bərdəyə fərqli bir münasibət olmalıdır.
Sonda, – biz, adətən, bu tribunadan ancaq tənqidlər səsləndiririk, – mən hörmətli Əlixan Məlikova çox səmimi təşəkkürlərimi bildirirəm. O, ötən dövr ərzində Bərdədə iki dəfə oldu, 10-a qədər kəndin qazlaşdırılması barədə qərar verildi və bu addımlar atıldı.
Bütövlükdə mən bu sənədə səs verəcəyəm və qarşıdakı dövrdə hökumətimizə uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən də hökumətin bu hesabatının lehinə səs verəcəyəm. Təmsil elədiyim Tovuz rayonu adından, təbii ki, ilk öncə cənab Prezidentə təşəkkürümü bildirirəm. Cənab Prezidentin Tovuza səfərlərindən sonra bir çox məsələlər öz həllini tapıb, Tovuzun inkişafı ilə bağlı çox ciddi işlər görülüb.
Bu gün bütün dünya iqtisadi böhrandan danışır, iqtisadi tənəzzülü müzakirə edir. Bütün baş xəbərlər bu mövzudadır. Təbii ki, bu məsələ Azərbaycandan da yan keçə bilməz. Azərbaycan dünyanın bir parçasıdır və biz hökumətin hesabatını bu fonda müzakirə edirik. Digər bir amil dünyada neftin qiymətinin ucuzlaşmasıdır ki, bu da bizə təsirsiz ötüşə bilməz. Bu baxımdan ən vacib məsələlərdən biri bu gün qeyri-neft sektoru, xüsusilə ölkəmizin əhalisinin yarıdan çoxunun həyat mənbəyi olan kənd təsərrüfatı ilə bağlı bəzi məsələlərin həll olunmasıdır. Ona görə biz ümid edirik ki, bu istiqamətdə proqramlar, işlər bundan sonra daha da sürətlə aparılacaq.
Mən Tovuz rayonundan gəlirəm. Orada əkin mövsümü başlayıb. Bu gün kənd təsərrüfatı sahəsində önəmli addımların atılması insanların yaşayış şəraitini daha da yaxşılaşdıra bilər və beləliklə, həyatı kənd təsərrüfatına bağlı olan insanlarımızın öz ailəsini dolandırması üçün imkanları daha da genişlənmiş olar.
Kənd təsərrüfatında əsas problemlərdən biri nədir? Bunu yayda müşahidə edirik. Min bir zəhmətlə başa gələn məhsulun qiyməti real qiymətlərdən aşağı düşür, yəni bazarlarda olan qiymətlərlə, ixrac olunan məhsulun qiymətləri ilə müqayisədə çox kəskin aşağı olur. Səbəb ondadır ki, bəzi işbazlar bu qiymətləri diktə edirlər. Məsələn, sözü bir yerə qoyur, o məhsulun alınmasını dörd gün, beş gün gecikdirirlər. Məhsulun xarab olacağını görən insanlar onu çox ucuz qiymətə satmağa məcbur olur və nəticədə lazımi gəlir əldə edə bilmirlər. Son illər ölkəmizin bəzi regionlarında soyuducuların tikilməsi sürətlənib. Tovuz rayonu daha çox kənd təsərrüfatı ilə məşğul olan və bu sahədə böyük potensiala malik olan rayonlardan biridir. Amma indiyə qədər burada soyuducu sistemin qurulması öz həllini tapmayıb. Mən hökumətdən, şəxsən Baş nazirdən xahiş etmişəm və yenə xahiş edirəm ki, bu məsələyə bu il baxılsın. Fermerlər bilsələr ki, soyuducu var, əkib becərdikləri kənd təsərrüfatı məhsullarını, heç olmasa, 1 ay, 20 gün saxlaya bilərlər. O zaman işbazlar onları o vəziyyətə salıb qiymətləri daha da aşağı sala bilməz və zəhmət adamları daha çox gəlir götürə bilərlər. Kənd təsərrüfatı məhsullarının satışına dəstək göstərilməsi istiqamətində işləri daha da sürətləndirmək lazımdır ki, vicdansız işbazlar deyil, məhsulu istehsal edən insan daha çox qazansın.
Məni narahat edən daha bir məsələ vəsait tutumu çox olan məhsulların yetişdirilməsinin təşviqinə lazımi diqqət yetirilməməsidir. Bu barədə iqtisadi inkişaf naziri ilə də danışdıq. Hər bölgədə o yerin şəraitinə daha uyğun olan və daha çox gəlir gətirən spesifik sahələr var. Amma onun vəsait tutumu çox olduğuna görə insanlar ucuz başa gələn məhsulların istehsalına üstünlük verirlər. Oradan nə yaxşı gəlir götürə bilirlər, nə də bu məhsulların istehsalı ölkənin kənd təsərrüfatının inkişafı üçün ciddi bir rol oynayır. Məsələn, Tovuz rayonunun iqtisadiyyatında üzümçülük həmişə böyük yer tutmuşdur. Bu çox gəlirli sahədir. Bu rayonda insanlar üzümçülüklə məşğul olaraq həyat səviyyələrini xeyli yüksəldə bilərlər. Amma təbii ki, üzüm əkildikdən yalnız bir neçə il sonra gəlir gətirdiyinə görə insanlar o vəsaitləri tapa bilmir və elə məhsullar əkirlər ki, oradan cüzi vəsait qazanırlar. Bəlkə müəyyən bölgələrdə xüsusi sahələrin inkişafı üçün güzəştli kreditlər ayrılmalıdır ki, o sahələr inkişaf etsin və insanlar torpaqdan daha çox gəlir götürsünlər. Mən hökumətdən bu məsələyə baxılmasını və xüsusilə Tovuzda üzümçülüyün inkişaf etdirilməsinə diqqət yetirilməsini çox xahiş edərdim.
Digər bir məsələ. Bu da yenə kənd təsərrüfatına aiddir. Bunu da hörmətli iqtisadi inkişaf nazirimiz Şahin müəllimə də çatdırmışdıq. Bizim elə bölgələrimiz var ki, orada torpaqdan ildə iki-üç dəfə istifadə edə bilirlər. O bölgələrdən biri Tovuzdur. Tovuzda yetişdirilən kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz üçün Rusiya bazarı daim açıqdır. Qış aylarında da nə qədər tərəvəz məhsulları yetişdirilsə, onların Rusiya bazarına çıxarılmasına imkan var. Ona görə çox arzu edərdim ki, Tovuzda istixanaların qurulması, o məhsulların yetişdirilməsi işinə dövlət tərəfindən dəstək verilsin və bu məqsədlə müəyyən proqramlar hazırlanıb həyata keçirilsin. Kənd rayonlarında əhalinin gəlir mənbəyi ancaq kənd təsərrüfatından olduğuna görə inanırıq ki, hökumət iqtisadiyyatın bu sahəsinin inkişafına yönəldilən proqramların həyata keçirilməsini bundan sonra daha da sürətləndirəcək. Dünyada iqtisadi tənəzzül gedir, iş yerləri bağlanır, problemlər dərinləşir. Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə bəzi proqramları sürətləndirməklə insanların həyatını çox ciddi şəkildə yaxşılaşdırmaq olardı.
Mənim bir xahişim də var və mən bunu şəxsən hökumət üzvlərindən xahiş edirəm. Tovuzun Ermənistanla sərhəd kəndlərində insanlar torpağı əkib becərə bilmirlər. Nəyə görə? Çünki Ermənistan o kəndlərə su vermir. Çox böyük risk olsa da, cənab Prezident düz Ermənistan sərhədində Ağdam bəndinin tikintisinə göstəriş verdi. Vəsait ayrıldı və tikinti işləri başlandı. Bu bənd o bölgədə insanların həyatı, yaşayışı deməkdir. Orada tikinti gedirdi. Amma mən indi Tovuzdan gələndə dedilər ki, müəyyən problem çıxıb, ola bilsin ki, bu il bəndin tikintisinə vəsaitin verilməsi dayandırılsın və yaxud da çox cüzi bir miqdarda verilsin. Mən hökumət üzvlərindən çox xahiş edirəm ki, bu bəndin tikintisinə lazımi vəsaitin ayrılması məsələsinə baxılsın. Çünki onun tikintisinin başa çatması çox önəmlidir. Neçə min ailənin probleminin həll edilməsi bundan asılıdır. İkincisi də bu, siyasi bir məsələdir. Ermənistan görür ki, Azərbaycan düz sərhəddə necə böyük işlər görür, necə böyük layihələr həyata keçirir. O layihənin yarımçıq qalması məqsədəuyğun deyil. Orada 200 nəfər işləyir, 200 ailənin gündəlik çörəyidir. Fikrimcə, bu məsələni həll etmək mümkündür və mən bunu hökumət üzvlərindən xahiş edirəm.
Mən bir məsələyə də diqqətinizi cəlb etmək istərdim. Tovuzun Ermənistanla sərhəd kəndi var. O kənd hər gün atəş altındadır. İnsanların evləri vurulur, əkin sahələri yandırılır. Amma o insanlar bu günə qədər oradan köçmürlər. Onlar qəhrəman insanlardır. Cənab Prezident də göstəriş vermişdi ki, o kəndə qaz və yol çəkilişi sürətləndirilsin. Mən hökumət üzvlərindən xahiş edirəm ki, bu məsələyə diqqəti daha da artırsınlar.
Mənim növbəti xahişim Tovuzla bağlı deyil. Hörmətli Sədr, mən bu məsələni 24 fevral tarixli iclasda da qaldırmışdım. Bu gün bizim üçün ən vacib məsələlərdən biri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Quba məzarlığı da ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımın bir nişanəsidir. Quba məzarlığında işlərin sürətlə aparılması və orada soyqırımı muzeyinin yaradılması üçün vəsaitin ayrılması olduqca vacibdir. Hökumətdə belə fikirlər var idi ki, ən azı martın əvvəlində bu vəsait ayrılacaq. Mən hökumətdən, əlaqədar nazirliklərdən xahiş edirəm və yəqin ki, bütün millət vəkilləri də mənim bu xahişimə şərik olar ki, o vəsait ayrılsın.
Ən sonda bircə xahişim var. Biz Gürcüstandan səfərdən gəlirik. Azərbaycan oradakı soydaşlarımızın dərsliklərlə təminatına, onların təhsil məsələlərinin həllinə çox kömək edir. Vaxtilə bizdə də latın qrafikası ilə dərsdənkənar ədəbiyyatın çap olunması problemi var idi. Cənab Prezident sərəncam verdi və o problem həll olundu. Mən Azərbaycan–Gürcüstan parlamentlərarası dostluğu qrupunun rəhbəri kimi xahiş edirəm ki, oradakı soydaşlarımıza da dərsdənkənar...
Sədrlik edən. Çox sağ olun. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Biz ənənəvi olaraq Nazirlər Kabinetinin Milli Məclisə bugünkü hesabatını dinlədik. Bundan əvvəl də biz bu hesabatla tanış olmuşduq və indi bir daha onun yüksək səviyyədə hazırlandığını gördük. Bu, Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafını özündə tamamilə və çox müfəssəl şəkildə əks etdirən bir hesabatdır. Oqtay müəllim, mən də iclas başlayanda Sizin dediyiniz fikirlə razıyam. Doğrudan da, indi biz iradlar deməkdən daha çox bu gün dünyanı bürümüş böhran zamanı həmrəy olaraq hökumətə böhrandan çıxmaq yollarının axtarılmasına və yaxud böhranın təsirinin zəiflədilməsinə kömək edə biləcək təkliflərimizi verməliyik. Biz hər ilki hesabatdan fərqli olaraq çıxışlarımızı bu kontekstdə qurmalıyıq. Çox təəssüf ki, burada çıxış edən bəzi deputat həmkarlarımız, İqbal Ağazadə və digərləri ölkədəki müsbət dəyişikliklərə yaxşını görməmək, düzə əyri demək mövqeyindən qiymət verməyi üstün tuturlar. Hər halda belə yüksək kürsüdən gerçəkliklərin təhrif edilməsi heç də xalqa xidmətdən irəli gəlmir. Mən buna çox təəssüf edirəm.
Ölkəmizin dinamik iqtisadi inkişafı göz qabağındadır. Bu günlərdə möhtərəm Prezidentimizin bölgələrə – Bərdəyə, Yevlaxa, Mingəçevirə səfəri zamanı şahidi olduğumuz müsbət dəyişikliklər möhtərəm Prezidentin rəhbərliyi ilə məhz icra strukturları, hökumət tərəfindən həyata keçirilmiş işlərin nəticəsidir. Yaqub müəllimin çıxışında bu gün ümumi daxili məhsulun artımında olan rəqəmlər və yaxud əsaslı kapitala yönəldilmiş investisiyanın 9,1 milyard olması səsləndirildi. Yaxşı, onda bu rəqəmlər haradan çıxır? Əgər bu gün əsaslı kapitala qoyulmuş investisiyanın 70 faizini Azərbaycan dövləti özü yönəldirsə, bu bizim sürətli inkişafımızdan xəbər vermirmi? Bu günlərdə cənab Prezidentin bölgələrdə olduğu zaman istər infrastruktur obyektlərinin, istər istehsal sahələrinin, istərsə də səhiyyə, mədəniyyət, təhsil ocaqlarının açılması məgər bunun bariz nümunəsi deyilmi? Biz cənab Prezidentin bölgələrə səfəri zamanı gözəl, müasir Yevlax şəhərində tikilən xəstəxananın, Bərdədə tikilən müalicə-diaqnostika mərkəzinin və dövlət hesabına tikilmiş xəstəxanaların açılışının şahidi olduq. Məgər bunlar ölkəmizin qüdrətindən xəbər vermirmi?
Bu günlərdə ümumxalq müzakirəsinə çıxarılacaq referendum aktı ilə bugünkü hesabat arasında bir paralellik aparmaq istəyirəm. Konstitusiyada qeyd olunur ki, dövlətin ali məqsədi insanların hüquq və azadlıqlarının qorunmasıdır. Bu gün dövlətin gücü, qüdrəti sayəsində bu əlavə və dəyişikliklərdə çox cəsarətlə irəli sürülür ki, dövlətin ali məqsədi insanların hüquq və azadlıqlarının qorunması ilə yanaşı, həm də layiqli həyat səviyyəsinin təmin olunmasıdır. Yaxud da digər bir maddəyə olan əlavə və dəyişikliklərdə qeyd olunur ki, dövlət iqtisadiyyatın məhz sosial yönümlü olmasına təminat verir. İqtisadiyyatımızın sürətli, dinamik və çox cəsarətli inkişafını nəzərə alaraq inamla deyə bilərik ki, bu belə də olacaqdır.
Beş il ərzində regionların sosial-iqtisadi inkişafının sürətli inkişafı öz nəticəsini verdi. Bu gün elə bir bölgə yoxdur ki, orada bu inkişafın nəticələri özünü göstərməsin. Deputat həmkarlarımızın hamısı bölgələrə gedir, insanların içində olur. Biz hər bir sahədə gördüyümüz sürətli inkişaf haqqında bu gün saatlarla danışa bilərik. Bu gün ölkəmizin müdafiə qüdrəti də sürətlə artmaqdadır. Bunu bizim ordumuzun ildönümü münasibətilə keçirilən hərbi parad da nümayiş etdirdi. O parada baxanda gözlərimiz doldu, qəlbimiz fəxrlə döyündü. Görün bizim nə qədər güclü və qüdrətli ordumuz var. Sərhədlərimiz bu gün möhkəm qorunur, ölkəmiz hər cür təbiət kataklizmlərinə, texnogen hadisələrə, baş verə biləcək hər bir fövqəladə hala ən yüksək səviyyədə hazırdır. Məgər bunlar ölkənin iqtisadi qüdrətini, gücünü göstərmirmi?
Mən səhiyyə sahəsində əldə olunan nailiyyətləri qeyd etmək istərdim. Adətən, sənayedən, istehsalatdan danışırıq, ancaq fikirləşmirik ki, digər sahələrin də inkişafı bu gün sürətlə davam edir. Təkcə onu demək kifayətdir ki, son 5 ildə səhiyyəyə ayrılan vəsait 8 dəfə artmış və 2008-ci ildə 557,8 milyon manata çatdırılmışdır. Ayrılan vəsaitin səmərəli istifadə edilməsi məqsədi ilə çarpayı fondunun azaldılması və strukturunun optimallaşdırılması istiqamətində işlər gedir. Əgər 2003-cü ildə hər çarpayı il ərzində 82 gün işləyibsə, 2008-ci ildə bu rəqəm 172-yə çatmışdır. Bu onu göstərir ki, səhiyyə hər bir insan üçün əlçatandır və əhali bundan lazımınca istifadə edə bilir. Son beş ildə çarpayıların fəaliyyətinin səmərəlilik göstəricisi 2 dəfədən də çox artmışdır ki, bu da səhiyyəmizin tarixində ilk dəfə müşahidə olunur. Bu günlərdə dövlət vəsaiti hesabına tikilib istifadəyə verilmiş səhiyyə ocaqlarını sizə xatırlatmaq istəyirəm. Son 15 gün ərzində Yevlaxda uşaq xəstəxanasının açılması, Bərdədə müasir diaqnostika mərkəzinin açılması, “Azərsutikinti”də Hemodializ Mərkəzinin açılması... Bu rəqəmləri, xahiş edirəm, bəzi fikirləri səsləndirən insanlar qoysunlar qabaqlarına və tək bunun nə demək olduğunu fikirləşsinlər.
Bu gün yollar salınır, infrastruktur layihələri həyata keçirilir. Bu gün elə məsələlər qaldırılır ki, 5 il, 3 il bundan qabaq bəlkə də biz bunları ağlımıza gətirə bilməzdik. Bu gün məsələ qaldırırıq ki, yolların çəkilməsi azdır, o yolların üstündə keçidlər də inşa olunmalıdır. 3–5 il bundan əvvəl o yolun olmasını biz ağlımıza gətirə bilməzdik. Ancaq bu gün keçiddən danışırıq. Əlbəttə, ölkə inkişaf etdikcə, iqtisadiyyat inkişaf etdikcə daha yaxşısını istəyəcəyik, daha yaxşısına nail olmağa çalışacağıq. Mən hesab edirəm ki, bizim iqtisadiyyatımız bu görülən işlərin nəticəsində belə sürətlə inkişaf edib. Bunu inkar etmək olmaz, bu, göz qabağındadır.
Nazirlər Kabinetinin iclasında möhtərəm Prezidentimiz məhz antiböhran tədbirlərinin həyata keçirilməsinin prioritetlərini hökumətin qarşısında qaldırdı. Hökumətin də vəzifəsi, şübhəsiz ki, bunu layiqincə icra etməkdir. Bu belə də olacaqdır. Burada narahat olmağa bir əsas yoxdur. Hökumətimiz öz işini görür və bütün bunlar insanların sosial rifah halının yüksəlməsinə, ölkəmizin qüdrətlənməsinə xidmət edir. Qoy heç kim narahat olmasın. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə görülən işlər yalnız Azərbaycanın inkişafına xidmət edir. Mən növbəti illərdə hökumətə uğurlar arzulayıram. Arzu edirəm ki, gələn il daha yüksək ideallardan, daha yüksək inkişafdan söhbət edək. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Əhəd Abıyev.
Ə. Abıyev. Möhtərəm Sədr, başda möhtərəm Prezidentimiz olmaqla Sizi, hökumət üzvlərini və seçicilərimizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm! Gündəlikdə olan hesabatı müsbət qiymətləndirirəm və ona səs verəcəyəm. Çıxışıma ayrılan vaxtın qalanının hörmətli Arif Rəhimzadəyə verilməsini xahiş edirəm.
Sədrlik edən. Arif Rəhimzadə.
A. Rəhimzadə. Çox sağ olun, cənab Sədr. Hörmətli Məclis, hörmətli hökumət üzvləri! Mən də sizi qarşıdan gələn bayram münasibətilə təbrik edir, hamınıza müvəffəqiyyətlər arzulayıram! Hökumətin il ərzində gördüyü işlər haqqında təqdim etdiyi hesabat, həqiqətən, çox mükəmməl bir sənəddir. Mən o fikirlə tamamilə razıyam ki, burada rəqəmlər verilib, son nəticələr qeyd olunub. Nəticələrin əldə olunma yollarını geniş yazmağa ehtiyac olsaydı, yəqin ki, bu hesabat bir cilddən yox, iki-üç cilddən ibarət olardı. Ona görə hesabatda yalnız son nəticələr qeyd olunub. Nazirlər Kabinetinin bu rəqəmlərin, bu nəticələrin əldə olunmasında əməyi və gördüyü işə gəlincə, hesab edirəm ki, ictimaiyyət bu məsələləri dərk edir, bilir.
Mən istərdim, burada bir neçə məsələni qeyd edim. Biz müstəqillik əldə etdikdən sonra plan iqtisadiyyatından imtina etdik. Bu da tamamilə təbiidir, çünki bazar iqtisadiyyatı ilə plan iqtisadiyyatı bir yerdə inkişaf edə bilməz. Belə olan halda biz sovetlər dövründə xalq təsərrüfatı planları deyilən sənədlərdən də imtina etdik. Ancaq biz bilirik ki, hər bir böyük məsələnin həlli məqsədli kompleks yanaşma tələb edir. O işin həcmi gərək müəyyən edilsin, – buna xeyli vaxt lazımdır, – o müddətlər müəyyən edilsin, onun maliyyə resursları cəlb edilsin, onu həyata keçirən təşkilatlar qeyd edilsin və bu iş görülsün. Azərbaycanda bu məsələ ilə əlaqədar çox gözəl bir forma tapılıb. Bunu hamı bilir. Ancaq bu forma necə əmələ gəlib? Mən bəzi çıxışlardan sonra belə fikrə gəldim ki, hesab edirlər, bu, göydən düşüb. Bu, hökumətin məhsuludur və bu forma dövlət proqramlarıdır.
Dövlət proqramları, Prezidentimizin sözü ilə desək, xoşməramlı niyyət deyil. Bu, konkret bir dövlət sənədidir və bu sənəddə görülən işlərin bütün parametrləri öz əksini tapır. Hazırda bizim iqtisadi və sosial həyatın bütün sahələrini əhatə edən dövlət proqramları var. Mən hesab edirəm ki, bu bizim dövlətimizin, ilk növbədə dövlətin başçısı olan Prezidentin, Nazirlər Kabinetinin böyük bir uğurudur. Bu istiqamətdə bizim fəaliyyətimiz inkişaf edir. Hal-hazırda 70-ə qədər dövlət proqramı, strategiyalar və tədbirlər planı həyata keçirilir. Nazirlər Kabinetinin hesabatında bu rəqəmlər var. Ancaq bu proqramlar necə əmələ gəlib, necə yaradılıb, o barədə də söz yoxdur. Odur ki, hesab edirəm, yalnız ona görə belə suallar yaranır.
1994-cü ildən başlayaraq hər il büdcə təsdiq olunaraq, 3 illik iqtisadi və sosial inkişaf konsepsiyası təsdiq olunur. Bu da göydəndüşmə məsələ deyil. Yalnız 2004-cü ildən başlayıb bu məsələ. Bu da Nazirlər Kabinetinin, ümumiyyətlə, bizim hökumətin, hökumət başçısının, dövlət başçısının fəaliyyətinin nəticəsidir. Bu sənədlər hökumətin və icra hakimiyyəti orqanlarının fəaliyyətində mühüm yer tutur. Tək dövlət strukturları yox, eyni zamanda, özəl sektor da bu işə cəlb olunur. Nəticəsi də kitabda çox gözəl verilib. Bu illər ərzində icra intizamı yüksəlib, peşəkarlıq xeyli artıbdır. Biz hamımız şahidiyik ki, keçən il tətbiq olunmuş bir pəncərə prinsipi sahibkarlığın inkişafına necə kömək etdi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin sayı nə qədər artdı. Hazırda gömrükdə, əmlakın dövlət reyestrini qeyd edən orqanda bu tədbirlərin tətbiq edilməsi nəzərdə tutulur. Beş il bundan qabaq biz bunları heç arzu da edə bilməzdik. Çünki kadrlar da bu işə hazır deyildi. Ancaq bu gün bu işlər artıq tətbiq olunur və yüksək səmərə verir. Təsadüfi deyil ki, Dünya Bankı Azərbaycanı biznes mühitində yaxşı şərait yaratmasına və yaxşı nəticələrə nail olmasına görə biznesdə islahatçı ölkə kimi lider hesab edib, ona yüksək reytinq veribdir.
Mən başqa nümunələr də deyə bilərəm. Misal üçün, Azərbaycanda tarixən olmayan yeni sahələr, dövlət idarəetmə sahələri yaradılıb. Mən gömrüyü, vergini, fövqəladə hallar problemlərini həll edən qurumları nəzərdə tuturam. Bu görülən işlərin hamısı Nazirlər Kabinetinin fəaliyyəti deyilmi? Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Nazirlər Kabinetinin ünvanına səslənən tənqid tamamilə əsassızdır. Oqtay müəllim, mən fikirləşdim ki, tənqid sahiblərini bəlkə qonşu ölkələrə ezam edəsiniz, gedib oradakı vəziyyəti görsünlər. Birinci növbədə Ermənistanı fikirləşdim, sonra qıymadım, dedim, necə olsa, öz deputatlarımızdır. Ancaq Rusiyaya, Qazaxıstana göndərmək olar. Qoy gedib baxsınlar və görsünlər, orada vəziyyət necədir. Bəlkə ondan sonra fikirləri dəyişər.
Manatın sabitliyi məsələlərində, ümumiyyətlə, iqtisadiyyatın sabitliyinin saxlanmasında Nazirlər Kabinetinin böyük əməyi var. Bunu heç cür qiymətləndirməmək olmaz.
Kənd təsərrüfatında böyük işlər görülüb. Burada kənd təsərrüfatı haqqında da danışıldı. Hətta belə bir fikir də səsləndi ki, nə vaxta kimi xış və kotandan istifadə olunacaq? Mənim fikrimcə, nə qədər ki bizim insanlarımızın şüuru dəyişməyib, kooperativləşmənin səmərəsi dərk edilməyib, elə xış və kotandan istifadə olunacaqdır. Bir hektar, yarım hektar sahədə müasir texnologiyalardan istifadə etmək mümkün deyil. Bunu kənd təsərrüfatından uzaq adamlar bilmirlərsə, mən deyim, bilsinlər. Kənd təsərrüfatının inkişafı kooperasiya ilə bağlıdır. Birləşmə yolu ilə iri təsərrüfatlar, fermerlər birlikləri yaradılmalıdır. Yalnız bu şərtlə müasir texnologiyalardan, avadanlıqlardan istifadə etmək olar. Mən Nazirlər Kabinetinə təklif edərdim ki, bu məsələyə daha çox diqqət yetirsinlər. Misal üçün, əlverişli kreditləri birləşən, birgə fəaliyyət göstərən təsərrüfatlara versinlər.
Mən bir neçə kəlmə seçildiyim Neftçala rayonundan demək istərdim. Neftçala rayonunda su məsələsi həll olunur. Düzdür, burada müəyyən çətinliklər var. İş burasındadır ki, bu il də Neftçala rayonunun Xol zonasına çəkilən kanalın maliyyələşdirilməsində böyük çətinliklər yaranıb.
Sədrlik edən. Çox sağ olun. Arif müəllim, çox üzr istəyirəm, çünki çıxış üçün hələ 47 deputat növbə gözləyir. Əgər etiraz etmirsinizsə, çıxışınızın qalan hissəsini stenoqrama əlavə edərik. Valeh Ələsgərov.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Mən həmişə olduğu kimi, yenə də məsələyə metodoloji baxımdan yanaşmaq və formatlara diqqətinizi yönəltmək istəyirəm. Birinci növbədə deyim ki, bu hesabatın tərtibini kim isə bəyənməyə bilər. Əgər hesabat kiminsə fikricə düzgün qurulmayıb, düzgün tərtib olunmayıbsa, bunun formatını təklif edin, müzakirə edək. Mən iqtisadiyyatdan bir qədər başı çıxan adam kimi deyirəm ki, bu hesabat beynəlxalq qurumlarda, inkişaf etmiş ölkələrdə qəbul edilmiş göstəricilər üzərində qurulub. Yeni bir şey yoxdur, eyni göstəricilərdir. Hökumətin hesabatının başqa cür qurulduğunu mən görməmişəm. Hər ay, hər həftə cürbəcür ölkələrin qurumlarının hesabatlarına baxıram. Eyni quruluş, eyni tərtibatdır. Göstəricilər illər üzrə, aylar üzrə müqayisədə verilir, burada da verilib. Ümumi rəqəmlər göstərilir, burada da göstərilib. Ona görə yenə də təkrar edirəm, bu hesabat beynəlxalq səviyyədə qəbul edilmiş göstəricilər üzərində qurulubdur. Başqa təklif varsa, versinlər, yazılı şəkildə baxaq, müzakirə edək. Amma məncə, burada təzə bir şey icad etmək mümkün deyil.
İkinci məsələ. Dəfələrlə demişəm, yenə də təkrar edirəm. Ayrı-ayrı çıxışlarda təkliflər səslənir ki, misal üçün, kiçik və orta biznesə yardım göstərilsin. Haradan? Əgər büdcədən, onda deputatın borcudur, bunun miqdarını, mənbəyini göstərsin. Başqa cür bu, boş sözdür. Başqa cür bu, hökumətə tapşırıq verməkdir. Bizim statusumuz bizə imkan vermir, hökumətə göstəriş verək. Biz təklif verə bilərik ki, misal üçün, Misir Mərdanovun nazirliyindən 150 milyonu kəsin, filan nazirliyə verin. Amma onda da bu təklifi əsaslandırmalıyıq. Başqa mənbə yoxdur. Ya da gərək deputat desin ki, yeni bir mədaxil mənbəyi var, o da filan mənbədir, ildə oradan bu qədər pul gələ bilər və bu pulu təklif edirəm, kiçik, orta biznesə, ya da ki, bizim kənddəki məktəbin təmirinə, yaxud bizim yolların tikintisinə xərcləyək. Başqa cür bu, boş söhbətdir. Mollanın sözü olmasın, deyir, “sən qazandın”. Niyə? Çünki istədiyinin pulunu verdin, şəhərdən səninkini alacağam. Pulunu verməmisənsə, sənə nə gətirim? İlbəil eyni şeyi təkrar edirik. Hökumət də dinləyir, hörmət eləyib söz demirlər. Əslində, bu bizim borcumuzdur, dövlət ehtiyacları üçün əlavə vəsait cəlb etmək imkanı varsa, onun mənbəyini, miqdarını göstərək.
Bir məsələ də. Müqayisəsiz nəyə isə qiymət vermək mümkün deyil. Bu hesabatda bütün rəqəmlər müqayisədə verilib. Əgər hökumətin hər hansı bir fəaliyyəti, hər hansı bir göstərici xoşumuza gəlmirsə, müqayisə gətirək və deyək ki, filan səbəbə görə xoşumuza gəlmir. Misal üçün, bizim Dövlət Neft Fondundan hələlik heç kim danışmayıb, yəqin ki, danışacaqlar. Bir neçə yüz milyon vəsaitin istifadəsindən, idarə olunmasından 400 milyon gəlir əldə edib. Çoxdur, ya azdır, müqayisəsiz demək mümkün deyil. Amma gəlin bunu çox vaxt bəzi adamların misal gətirdiyi fondların vəsaitlərinin idarə olunması nəticələri ilə müqayisə edək. Misal üçün, Norveçin müvafiq fondu 2008-ci ildə nə qədər itirib, xəbəriniz varmı? 23 faiz vəsaiti yox olub. Bizim bəzi deputatlarımız tərəfindən tənqid olunan Dövlət Neft Fondumuz bu pulları cürbəcür qiymətli kağızlara yerləşdirib, ağılla, biliklə, savadla idarə edib və qazanıb. Dövlət Neft Fondunun və onun işçilərinin uğuru və ya uğursuzluğu müqayisədə bilinər. Müqayisə etmədən nəyi isə pisləmək, kimi isə tənqid etmək ancaq qəsd-qərəzlikdir.
Azərbaycan iqtisadiyyatının böhrana hazır olub-olmadığını bilmək üçün gəlin onu başqa ölkələrlə müqayisə edək. Şərqdəki, Qərbdəki, Şimaldakı, Cənubdakı ölkələrdən hansını istəyirsinizsə götürək, iqtisadiyyatını iqtisadiyyatımızla, bank sistemini bank sistemimizlə, maliyyəsini maliyyəmizlə müqayisə edək. Həmişə misal gətirdiyimiz ölkələrdə böyük banklar, kiçik banklar çökdüyü zaman Azərbaycanda banklar dayanıqlı işləyirsə, bu, göstərici deyilmi? Mən ona görə deyirəm ki, gəlin bunları müqayisədə göstərək. Müqayisəsiz hamısı boş söhbətdir.
Pulun məzənnəsinə baxın. Deyə bilərsiniz ki, bəzi ölkələrdə neft olmadığına görə orada vəziyyət elədir. Onda gəlin bizdən qat-qat artıq neft və qaz istehsal edən Rusiyaya baxaq. Görün Rusiyanın rublu, Norveçin kronu, Braziliyanın realı, ən çox təbii ehtiyatlar istehsal və ixrac edən Avstraliyanın dolları nə qədər çökdü. Hörmətli deputatlar, bu valyutaların məzənnəsi 25, 30, 40, 50 faiz düşüb. Azərbaycan manatı isə əvvəlki kimi dayanıb durub. Manatla bağlı bəzi təklifləri mən qəbul etmirəm. Bir də görürsən, hansısa qəzet və ya jurnal səhifəsində Azərbaycan iqtisadiyyatının strukturundan xəbəri olmayan insanlar tərəfindən təkliflər irəli sürülür ki, manatı gəlin o tərəfə, bu tərəfə itələyək. Lazım olar, itələyərlər. Bu məsələni həll edən qurumlar, insanlar öz məharət və peşəkarlıqlarını göstərib, isbat ediblər. Gəlin onlara etibar edək, bu işləri özləri həll etsinlər. Əgər hər hansı bir deputatın əlavə mədaxil mənbəyi haqqında məlumatı, təklifi varsa, mən əminəm ki, hökumət üzvlərimiz sevinərək dinləyər və onu qəbul edərlər.
Mən hökumətə öz minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun, işinizi bacardığınız qədər məharət və peşəkarlıqla görürsünüz. Allah canınıza sağlıq versin. Çətinliklər var, problemlər var, səhvlər də ola bilər. Hər şey ola bilər. Yalnız iş görməyən adam səhv buraxmaz. Öz işinizi məharətlə yerinə yetirdiyinizə və bu ölkəni bizimlə birlikdə qüdrətli bir dövlət etdiyinizə görə sizə minnətdarlığımı bildirir, uzun ömür və uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Bu gün bir neçə çıxışda manatın məzənnəsi ilə, qlobal iqtisadi böhranla bağlı bəzi məsələlərə toxunuldu. Əgər etiraz etmirsinizsə, Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova söz verək, bu məsələlərə aydınlıq gətirsin.
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bu gün biz hökumətin çox təfərrüatlı hesabatını dinlədik. Valeh müəllimin qeyd etdiyi kimi, tam şəkildə beynəlxalq statistikaya uyğun göstəricilər, rəqəmlər əsasında qurulmuş hesabatdır. Lakin bu hesabatın arxasında möhtərəm cənab Prezidentimizin seçdiyi düzgün, müdrik siyasi kursun, onun titanik əməyinin nəticəsində ölkədə yaranmış iqtisadi potensial, quruculuq işləri – dövlət quruculuğu, iqtisadi quruculuq işləri dayanır. Həm ötən 2008-ci il, həm də 2003–2008-ci illəri əhatə edən tarixi dövr dövlət quruculuğu, iqtisadi quruculuq tarixində yaradıcı, uğurlu bir dövr kimi yadda qalacaqdır. Hətta dünyanı bürümüş qlobal böhran belə bu təəssüratı dəyişmək iqtidarında deyil.
2008-ci ilin avqust ayından dünyada başlayan qlobal böhran şəraitində də Azərbaycanın qeyri-neft sektoru, bütövlükdə iqtisadiyyatı ikirəqəmli iqtisadi artım nümayiş etdirdi. Böhran olduqca ciddi bir çağırışdır. Böhrandan irəli gələn vəzifələr, hökumətin tutduğu mövqe, onun antiböhran proqramının olub-olmaması, valyuta kursu, bank vəsaiti və digər məsələlər bu gün həm ictimaiyyətin, həm də biznes ictimaiyyətinin, o cümlədən millət vəkillərinin, hökumət üzvlərinin diqqətindədir.
Mən öz çıxışımda bir neçə belə məsələyə toxunmaq istərdim. Hökumətin antiböhran proqramı var. Bu gün hökumətdə cənab Prezidentin tapşırığı ilə antiböhran proqramı üzərində ciddi iş gedir və artıq hökumətdə həmin proqram üzrə konsensus var. Çox yaxın dövrdə cənab Prezident bu proqramı ictimaiyyətə təqdim edəcək. Lakin böhrandan qabaq görülmüş tədbirlər, antiböhran proqramının qabaqlayıcı tədbirləri bu gün imkan verir ki, Azərbaycan iqtisadiyyatı sabitlik nümayiş etdirsin. Bu gün hətta beynəlxalq ekspertlər də qeyd edirlər ki, MDB, hətta deyərdim, Şərqi Avropa, Mərkəzi Asiya məkanında Azərbaycan indiyə qədər iqtisadi artım dinamikasına görə liderlik edirdisə, artıq bu gün böhran dövründə sabitlik meyarları, sabitlik reytinqinə görə Azərbaycan ən öndə gedən dövlətlərdəndir. Bunu beynəlxalq təşkilatlar, ekspertlər də qeyd edirlər.
Görülmüş tədbirlər nəticəsində bunu Nazirlər Kabinetinin geniş toplantısında da dedim, olduqca ciddi makroiqtisadi potensial yaradılıb və Azərbaycan iqtisadiyyatı böhrana qarşı çox ciddi immunitet göstərir. Bu immunitetin əsas səbəbi, qeyd etdiyim kimi, yaradılmış maliyyə ehtiyatları, aparılmış iqtisadi islahatlar, idarəetmə potensialı və cənab Prezidentin liderliyidir. Antiböhran proqramının əsas ideologiyası cənab Prezident tərəfindən yekun nitqində artıq açıqlanıb. Onun elementləri haqqında, yəqin, mərkəzi Rusiya mətbuatında, “Известия” qəzetində oxumusunuz. Azərbaycanda çox ciddi və potensial imkanlar var ki, soyuqqanlı şəkildə resurslarla manevr etməklə qlobal böhranın Azərbaycan iqtisadiyyatına, onun iqtisadi, sosial həyatına təsirini maksimal neytrallaşdırsın. Cənab Prezident tərəfindən qarşımıza qoyulan vəzifə dəqiqdir və hesab edirəm ki, yerinə yetirilə biləndir, hökumət hal-hazırda bu problem üzərində düşünür.
Bu istiqamətdə başçılıq elədiyim sahədə, yəni bank sektorunda pul-kredit siyasəti sferasında hansı işlər görülür? Mən bunları sizin diqqətinizə çatdırmaq istəyirəm. Böhran pul-kredit siyasətinin yumşaldılmasını tələb edir. Böhran dövründə müəssisələrin maliyyə vəsaitinə olan tələbatı artır və Milli Bank ardıcıl olaraq son 5 ay ərzində pul-kredit siyasətinin yumşaldılması istiqamətində addımlar atıb ki, iqtisadiyyata əlavə maliyyə resursları verilsin. Biz pulun qiymətini aşağı salmışıq, uçot dərəcəsini 15-dən 3 faizə qədər gətirmişik. Bankların bizdə olan ehtiyatlarını 12 faizdən 0,5 faizə qədər aşağı endirmişik və nəticədə iqtisadiyyata 9 milyon Amerika Birləşmiş Ştatları dolları həcmində əlavə likvid vermişik. Bu, dövriyyədə olan pul kütləsinin 20 faizi həcmindədir. Bunun nəticəsində də hazırda iqtisadiyyatda əhəmiyyətli dərəcədə likvidlik, yəni nağd vəsait var ki, bu da həm hesablaşmaları həyata keçirməyə, həm də büdcə qarşısında öhdəlikləri yerinə yetirməyə, o cümlədən də bankların 2,5 milyard Amerika Birləşmiş Ştatları dolları həcmində xarici borclarına xidmət etməyə imkan verir. Keçən il ödənilmiş borcun həcmi 1 milyard dollardan yüksək olub. Yeni ildə 200 milyon dollardan yuxarı borc da ödənilib. Azərbaycan bankları, qeyd olunduğu kimi, tam şəkildə fəaliyyət göstərir, həm xarici öhdəliklərini, həm də daxili öhdəliklərini yerinə yetirirlər.
Məzənnə siyasətinə toxunuldu. Məzənnə siyasəti olduqca ciddi problemdir. Biz dünyada qonşu ölkələrdə gedən proseslərdən xəbərdarıq. Sentyabrdan bəri ticarət tərəfdaşımız olan bir sıra ölkələrdə milli valyutanın məzənnəsi 30−50 faiz həcmində ucuzlaşıb. Onlar müəyyən üstünlük əldə ediblərmi? Bizim apardığımız bugünkü təhlillər göstərir ki, hər hansı bir üstünlük əldə etməyiblər. Onlar bu işə məcburi getdilər və elə bir ölkə tanımıram ki, könüllü olaraq öz milli valyutasını devalvasiya etsin. Belə bir dövlət, belə bir iqtisadiyyat tanımıram. Bu gün bizim ölkədə qlobal iqtisadi sabitlik elementləri, hesab edirəm, məhz milli valyutanın sabitliyi ətrafında formalaşıb, çünki bu, mərkəzi makroiqtisadi göstəricidir. Hesab edirəm ki, sabitliyi pozmaq üçün kifayət qədər dəlil yoxdur.
Məzənnə matrisası deyilən sənədimiz var. Məzənnənin dəyişdirilməsinin müsbət, mənfi cəhətlərini müəyyən edən 20-yə qədər amil mövcuddur. Bu gün həmin amillərin başlıca hissəsi məzənnənin sabit saxlanılmasının tərəfindədir. Şayiələr gəzir və mətbuatdan oxuyuruq ki, referendumdan, Novruz bayramından sonra nələr olacaq? Heç bir şey olmayacaq. Mən yaxınlarda öz çıxışımda demişəm və bu gün də deyirəm ki, məzənnənin korreksiyası hökumətin və Milli Bankın cari iqtisadi siyasət gündəliyində durmayır və həmin məsələyə baxılmır. Azərbaycanın valyuta ehtiyatları kifayət qədər yüksəkdir və bu bizə məzənnəni sabit saxlamaq imkanı verir. Məzənnə ciddi iqtisadi göstəricidir. Məzənnə bu gün dünya bazarında neftin qiymətindən asılıdır. Bugünkü qiymətlər bizim üçün məqbul bir səviyyədədir. Neftin bir bareli 45 dollaradır. Hesablarımıza görə, Azərbaycanın ödənmə balansı ilin sonuna qədər müsbət, 4–5 milyard Amerika Birləşmiş Ştatları dolları səviyyəsində olacaq.
İkinci, ölkənin valyuta ehtiyatlarına bu gün əhəmiyyətli dərəcədə təzyiq yoxdur. Müəyyən satışlar gedir, mən bunu qeyd etmişdim, bir daha qeyd edirəm. Lakin aparılan təhlillər göstərir ki, bu təzyiq xarici təzyiq deyil, yəni pulun xaricə axması prosesi getmir. Xaricdə, başqa ölkələrdə baş verən proseslər nəticəsində iqtisadiyyatın müəyyən qədər əks dollarlaşması prosesi gedir. Son 4–5 ildə ölkədə dollarlaşma səviyyəsi 20–25 faizə qədər aşağı düşmüşdür. Baxmayaraq ki, bu gün manatın rəsmi məzənnəsi sabit qalıb, amma bütövlükdə psixoloji təsirlərin nəticəsində dollarlaşma prosesi gedir. Bu həm əmanətlərin strukturuna, həm də dövriyyədə olan nağd vəsaitlərə aiddir. Bu, əhalinin gözləntiləridir, o cümlədən də müəyyən şayiələrin nəticəsidir. Bazar iqtisadiyyatı əhəmiyyətli dərəcədə psixologiyanın üzərində qurulub.
Bu gün bankların göstəriciləri sabitdir. Bankların əsas göstəriciləri artmır. Amma başqa ölkələrdən fərqli olaraq çox geri də getmir. Ciddi surətdə bank aktivlərinin pisləşməsi baş verir. Banklar öz aktivlərini itirir. Böhran başlayandan bəri dünya maliyyə sektorunun itkisi 3 trilyon Amerika Birləşmiş Ştatları dolları həcmindədir. Olduqca nəhəng rəqəmdir. Bu gün dünyanın ən aparıcı dövlətləri, ən başlıca iqtisadiyyatlar maliyyə sektorunda olan itkiləri təmizləyib qurtara bilmirlər. Bu gün bizim maliyyə, bank sektoru sabitlik nümayiş etdirir. Antiböhran proqramı ilə bank sektoruna əlavə yardımlar göstərməliyik. Banklar əsas ötürücü kanaldır, bunlar maliyyə kanalı olaraq iqtisadiyyatımıza, onun aparıcı sahələrinə, xüsusilə də məşğulluğu təmin edən sahələrinə əlavə maliyyə ehtiyatları versələr, iqtisadi inkişafımızın davamlılığını təmin edə bilərik.
İpoteka mexanizmi üzərində düşünürük. Daşınmaz əmlak bazarındakı vəziyyət məlumdur. Burada vəziyyət mürəkkəbdir və ipoteka mexanizmi vasitəsilə vəziyyətin əhəmiyyətli dərəcədə yumşaldıla biləcəyinə ümid edirik. Qiymətlərin kəskin düşməsinin qarşısını ala biləcəyimizə ümid edirik. İpotekanın yeni prinsipial modelini, məhz bazara bağlı modelini irəli qoymuşuq. Biz büdcənin vəziyyətini bilirik, büdcəyə bağlılıq yoxdur. Hazırda normativ sənədlər üzərində iş gedir. Yaxın zamanlarda bu işi başa çatdırıb yeni qərarlar qəbul etmək və maliyyələşməyə başlamaq fikrindəyik. Qanunvericilik təşəbbüsü ilə müvafiq orqanlar qarşısında məsələ qaldırmışıq ki, əmanətlərin sığortalanması sistemində dəyişiklik edək. Bugünkü məbləğ azdır, 6 min manat həcmindədir. Hesab edirik ki, bank sektorunda sabitlik, o cümlədən əhalinin əmanətlərinin qorunması, əhalinin sosial müdafiəsi kontekstində bu məbləğin bir neçə dəfə artırılmasına ehtiyac var. Biz bunu təmin edə bilərik və hökumətdə bu məsələdə konsensus var.
Bir sıra digər məsələlər üzərində də ciddi iş gedir. Bütünlükdə cənab Prezidentin tapşırığı ilə vahid bir ideologiyada iqtisadi böhran konteksti, böhrana yoluxmamaq və onun qarşısını almaq, Azərbaycan iqtisadiyyatına onun təsirinin yumşaldılması istiqamətində konkret iş gedir. Bu iş yaxınlarda sizin diqqətinizə təqdim olunacaq.
Fürsətdən istifadə edib mən də sizi qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik edirəm. Cari 2009-cu ildə ölkəmiz qarşısında çox ciddi vəzifələr durur. Hesab edirəm, hökumətlə parlament arasında əlaqə, cənab Prezidentin başçılığı altında təşkil olunmuş effektli iş şəraitində biz 2009-cu ili də yaxşı nəticələrlə başa vuracağıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elman müəllim. Mən hesab edirəm ki, Samir müəllimə söz verməmişdən qabaq millət vəkillərinin çıxışlarını dinləməliyik, axırda Samir müəllimə də söz verərik. Azər Kərimli. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli hökumət üzvləri, hörmətli Milli Məclisin deputatları! Hökumətin təqdim olunan hesabatını çox müsbət qiymətləndirirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, siyahı var, otur. Azər Kərimli öz növbəsini Siyavuş Novruzova verdi.
S. Novruzov. Kim özünü apara bilmirsə, getsin, başqa yerdə hərəkət eləsin. Sakit olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hörmətli millət vəkili, yerinizdə əyləşin.
S. Novruzov. Təşəkkür edirəm, Oqtay müəllim.
Yerdən. (Eşidilmir.)
S.Novruzov. On dəfə danışmısan başqa adamın yerinə. Get haqqını başqa yerdə tələb elə. Fırıldaqçı sən özünsən.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deyəsən, Novruz bayramı yaxınlaşır, kosa məsələsi gəlir ortaya. Qabiliyyətin olsun, ömrü boyu danışmısan, adın siyahıya düşməyib. Göydən düşmüsən, yoxsa özgə imtiyazların var? Yoxsa boyun hündürdür?
S.Novruzov. Hörmətli Sədr, belə adamlara nə qədər fikir verməsəniz, o qədər yaxşıdır.
Sədrlik edən. Fikir verməmək mümkün deyil. Əlində hakimiyyət də olub, mikrofon da, amma əlindən bir şey gəlməyib. İmkan ver, danışsınlar.
S. Novruzov. Bundan sonra da gəlməyəcək. Hörmətli Sədr, Nazirlər Kabinetinin təqdim olunan hesabatı ilə bağlı onu deyə bilərəm ki, çox gözəl hazırlanıb. Bütün deputatlar bunu məqbul hesab edirlər. Burada bir-iki nəfərdən başqa çıxış edənlər hesabatın bütün cəhətləri haqqında geniş məlumat verdilər. Bu məsələnin təsdiq olunmasına hər birimiz səs verəcəyik.
Hesab edirəm ki, 2008-ci il Azərbaycan üçün uğurlu il olub. 2008-ci ilin böyük uğurlarından biri ondan ibarətdir ki, Azərbaycanda keçirilən Prezident seçkilərində Azərbaycan seçicilərinin 90 faizi İlham Əliyevə səs verib. Bu, uzun illər aparılan işlərin nəticəsidir. Nazirlər Kabinetinin həmin işlərin nəticələrini rəqəm formasında insanlara təqdim etməsi çox təqdirəlayiqdir. Burada çox gözəl qeyd olundu ki, əgər Nazirlər Kabineti istəsəydi, 10–20 cildlik kitab yazıb göndərərdi və hesabatın geniş şəkildə təqdim olunmasına şərait yaradardı. Lakin bu rəqəmlər yığcam şəkildə hesablanıb və təqdim olunub.
Bəzi çıxış edənlər büdcənin müzakirəsi ilə Nazirlər Kabinetinin hesabatı arasında müəyyən qarışıqlıq yaradırlar. Bu, hesabatdır. Büdcə müzakirə olunarkən biz təkliflərimizi vermişik, həmin təkliflər nəzərə alınıb. Mümkün olduqda bu təkliflər həyata keçirilir, keçiriləcək.
Mən bir məsələyə münasibətimi bildirmək istəyirəm. Hələ hesabat Milli Məclisə daxil olmamış bir-iki qəzetin səhifələrində səsi ucadan çıxan bəzi adamlar hökumətin istefası məsələsini ortaya atırlar, yazırlar ki, parlament bu gün hökuməti istefaya göndərəcək. Kimdir hökuməti istefaya göndərən, parlament kimin sözü ilə oturub-duracaq? Hökumətin işi var, işini göstərib. Bu gün həmin işlərin nəticələrinin nəinki kağızlarda, insanlar yaşadıqları yerlərdə, getdikləri rayonlarda şahidi olurlar və bunları görürlər. Bu isə yenə də davam edir.
Burada korrupsiyadan danışılır. Nədən korrupsiyanın subyektləri dövlət və hökumət orqanlarında çalışanlar içərisində axtarılır? Əgər korrupsiyanın subyektlərini axtarmalı olsaq, siyasi partiyaların çoxunda bu subyektlərin ən böyüklərini tapa bilərik. Heç kəs üçün havadan dollar tökülmür. Heç kim öz gəlirləri və partiyaların gəlirləri haqqında bir dəfə deklarasiya verməyib. Bir dəfə qəzetdə çıxış edib göstərməyiblər ki, 15 ildir, siyasətlə məşğul olurlar, nə ilə dolanırlar? Haradan əmək haqqı alırlar, hansı pulla yaşayırlar? Bu gün ucadan danışmağa, müxtəlif fikirlər söyləməyə çalışırlar və qara yaxmaqla məşğul olurlar.
Bu günün göstəricisi yerlərdə keçirilən görüşlərdir. Bizim təşviqat qrupu referendumla əlaqədar mindən artıq görüş keçirib. 28 gündür Azərbaycanın müxalifəti, birləşmiş müxalifət, ayrılmış müxalifət, dostlaşmış müxalifət, düşmənləşmiş müxalifət 4 görüş keçirib, o görüşlərin hamısına da eyni adamları yığırlar. Bu zaldan o zala, o zaldan bu zala. Budur sizin göstərici. Bu gün Azərbaycan xalqı həmin görüşlərdə bizə öz sözünü deyir. Deyir ki, bizim heç bir problemimiz yoxdur. Problemimiz odur ki, bu adamları nəinki hakimiyyətə, hakimiyyətin həndəvərinə buraxmayın. Biz onların dövründə vəziyyəti gördük. Baş nazir işləyəndə görürdük. Azərbaycana korrupsiyanı sən gətirmisən, Pənah Hüseynov. Camaatı hansı günə salmışdınız, hamı şahiddir. Korrupsiyada birinci sənin adın hallanıb. 30 milyondan artıq pulu götürüb getmisən.
Yerdən. (Eşidilmir.)
S. Novruzov. Sakit otur yerində. Az olmusan, çox olmalıydın, çünki sənin yerin elə oradır, Milli Məclisin zalı deyil.
Sədrlik edən. Qorxduq səndən, vaxtı gələndə danışarsan. Nə olub? Əyləş yerində də, bura bazar deyil, Milli Məclisdir, camaat baxır. Sən çıxış edəndə ağzına gələni danışırsan, sənin səsini kəsmirik. Millət vəkilidir, nə istəyir, danışır. Vaxtın gələndə danışarsan.
S. Novruzov. Boş-boş danışma, sakit otur. Hesabatda göstərilən başqa məsələlərə də münasibətimi bildirmək istəyirəm. Ümumiyyətlə, neftlə bağlı həddindən artıq çox fikirlər söylənilir. Azərbaycanda neftlə bağlı, bilirsiniz ki, böyük işlər görülübdür. Neftdən gələn gəlirlər sayəsində Azərbaycanda kifayət qədər işlər görülüb. Neftin qiyməti düşəndə bu adamlar az qala toy-bayram etməyə hazırlaşırlar. Neftin qiyməti düşübdür, Azərbaycanda ciddi problem yaranacaqdır, Azərbaycan iqtidarına qarşı bundan sui-istifadə edəcəklər. Onların heç biri xalqın maraqlarını düşünmür. Neftdən gələn gəlirlərin əlavələrindən yollar çəkilir, körpülər, xəstəxanalar tikilir. Bu gün həmin xəstəxanalarda Azərbaycan xalqının övladları müalicə olunurlar. Azərbaycan xalqının övladları yeni tikilən məktəblərdə təhsil alırlar. Mən hesab edirəm, Oqtay müəllim, biz Nazirlər Kabinetinin hesabatını səsə qoyub, qəbul etməliyik. Bu hesabat çox gözəl hazırlanıbdır, çox yüksək səviyyəli mütəxəssislər tərəfindən işlənilibdir. Bunu çıxış edən mütəxəssislər də söylədilər.
Bir fikrimi də söyləmək istəyirəm. Azərbaycanın dövlət strukturları çox yaxşı işləyir, orada artıq heç bir şey yoxdur. Hər bir nazirlik, hər bir komitə öz vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirir və buna nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan ali icra hakimiyyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidentidir, o hər bir işçinin fəaliyyətini görür. Kim fəaliyyətdən kənardadırsa, dərhal vəzifəsindən uzaqlaşdırır. Başqa bir misal da çəkmək istəyirəm. Burada korrupsiyadan çox danışılır. Korrupsionerləri cəzalandıranda birinci həmin adamlar bu korrupsionerlərin müdafiəsinə qalxıb, pulsuz vəkillik edirdilər. Korrupsionerlərin müzakirəsi ilə əlaqədar öz qəzetlərində, partiya orqanlarında çıxışlar edirdilər, az qalırdılar mitinq və piket keçirsinlər. Bunları da biz görmüşük, bunların da şahidi olmuşuq. O adamlar burada danışa bilərlər ki, onların buna haqqı olsun, söz və fikir deməyə əsası olsun. Mən hesab edirəm ki, bu fikirləri bir kənara qoyaraq, bütün həmkarlarımın dedikləri kimi, hesabatı səsə qoyaq, qəbul edək. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli qonaqlar, hökumət üzvləri, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bu gün hökumət parlament qarşısında hesabat verir. Mən hələ bu iclasdan öncəki iclasda xahiş etmişdim ki, hökumətin bütün üzvləri, güc strukturları, Xarici İşlər Nazirliyi də parlamentin iclasına dəvət olunsunlar. Şəxsən mənim onlara suallarım var. Amma çox təəssüf ki, mən bu gün də Milli Məclisə təşrif buyurmuş Nazirlər Kabinetinin tərkibinə baxanda həmin şəxsləri görmürəm. Mən hesab etmirəm ki, həmin adamların buraya gəlməsi onlara əskiklik gətirərdi, onların nüfuzuna mənfi təsir göstərərdi. Amma hesab edirəm ki, onların buraya gəlməmələri Milli Məclisin nüfuzuna, həqiqətən də, mənfi təsir göstərir.
Mən hökumətin hesabatı ilə bağlı bir neçə məqama diqqətinizi cəlb etmək istəyirəm. Burada Elman müəllim də çıxış etdi, ondan öncə də çıxışlar oldu. Çox təəssüf ki, bizim hökumətimiz hesab edir ki, çevik siyasət yürüdür. Amma belə deyil. Şəxsən mən özüm bu parlamentdə büdcə müzakirələri, hökumətin hesabatları zamanı bir neçə dəfə məsələ qaldırmışdım ki, Azərbaycan sahibkarlarının kreditlərə ehtiyacları var. Ona görə də bizim neft pullarının bir hissəsi Azərbaycana gətirilməlidir və bizim banklarda yerləşdirilməlidir. Ona görə ki, bizim banklar çox yüksək faizlərlə xaricdən vəsait cəlb edirlər və onun üzərində bir o qədər faiz qoyurlar. İndi Azərbaycanda 16 faizdən aşağı illik kreditlər verilmir. Hamı bilir ki, hətta tikinti sektorunda kreditlərin faizi 35−36 faizə qədər çatır. Ona görə də qiymətlər bu qədər baha olur. Amma biz özümüz vəsaitləri xarici banklarda hansı faiz dərəcələri ilə saxlayırıq? Mən xatırlayıram ki, büdcənin müzakirəsi zamanı hörmətli Elman müəllim dedi ki, dünyada yaranmış böhranla əlaqədar bizim əsas məqsədimiz xarici banklarda saxlanılan pullardan gəlir götürmək yox, həmin vəsaiti qoruyub saxlamaqdır. Amma həmin vəsaitlər vaxtında gətirilsə, burada deyiləndə millət vəkillərinin təkliflərinə diqqətlə yanaşılsa idi, biz bu pulları aşağı faizlərlə öz sahibkarlarımıza verə bilərdik. Onda Elman müəllim mənim sualıma cavab olaraq bildirdi ki, bizim banklar həmin vəsaiti götürmək gücündə deyil. İndi Prezident göstəriş verib və hökumət də həmin vəsaiti gətirməyə çalışır, amma hələ gətirə bilmir. Bəs indi necə götürəcək həmin vəsaiti? Mən xahiş edirəm ki, hökumət üzvləri millət vəkilləri tərəfindən qaldırılmış məsələlərə barmaqarası baxmasınlar, diqqətlə yanaşsınlar və araşdırsınlar ki, doğrudan da, bu təkliflərin bizim iqtisadiyyatımıza, ölkənin inkişafına xeyri ola bilər, yoxsa ola bilməz?
Mən indi yenə də hökumətin diqqətinə bir məsələni çatdırmaq istəyirəm. Hazırda Azərbaycanın regionlarda Dövlət Neft Şirkətinin vəsaiti, büdcə vəsaitləri hesabına müxtəlif diaqnostika mərkəzləri, idman kompleksləri tikilir, müəyyən sosial obyektlər inşa olunur. Mən vaxtilə də demişdim və indi də deyirəm. Bunları investisiya müsabiqələri yolu ilə etmək lazımdır. Biz bazar iqtisadiyyatına keçmişiksə, bazar iqtisadi şəraitində yaşayırıqsa, imkan vermək lazımdır ki, müəyyən sahibkarlar bu prosesdə yaxından iştirak etsinlər. Onlar sərf olunan vəsaitin bir hissəsini özləri qoysunlar, qalan hissəsini isə dövlət onlara kredit formasında versin və sonradan həmin vəsait büdcəyə qaytarılsın. Artıq ikinci dəfə başqa bir Azərbaycan vətəndaşına, başqa bir sahibkara verilsin ki, o öz sahibkarlıq fəaliyyətini genişləndirsin, yaxud dediyim kimi, başqa bir Azərbaycan vətəndaşı bundan yararlanıb özünə iş qura, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilsin.
Regionları inkişaf etdirmək, Bakıdakı sıxlığı aradan qaldırmaq üçün regionlara vergi güzəştləri nəzərdə tutulmalıdır. Bir neçə il müddətində, ümumiyyətlə, rayonlarda yaradılan istehsal və emal müəssisələri vergidən azad oluna bilər. Biz bu gün kənd təsərrüfatını vergilərdən azad etmişik. Sonrakı 10−15 il ərzində vergi güzəştləri nəzərdə tutula bilər. Əgər büdcənin vergidən olan gəlirlərinin 97 faizə qədəri Bakı şəhərində toplanırsa, biz dəfələrlə bunu demişik, rayonların inkişafı haradadır? Mən özüm üç rayonu təmsil edirəm. Son 3 il ərzində görək Goranboy, Ağdam, Tərtərdə istehsal və emal müəssisəsi yaradılıb? Ona görə də mən təklif edirəm ki, bizim burada qaldırdığımız məsələlərə hökumət üzvləri diqqətlə yanaşsınlar. Bu sahədə mütləq ciddi islahatlar aparmaq lazımdır.
Məndən öncə də burada bəzi təkliflər səsləndi. Mən də bu təklifi müdafiə edirəm ki, Nazirlər Kabinetində struktur islahatları aparılmalıdır. Aparat həddindən artıq şişirdilib və burada ciddi ixtisarların aparılmasına, daha çevik bir idarəetmə sisteminin qurulmasına ehtiyac var.
Yeri gəlmişkən, əgər güc strukturlarının rəhbərləri iclasa gəlsəydilər, məni xüsusilə narahat edən bir məsələni onların qarşısında qaldıracaqdım. Bu da son vaxtlar ölkədə narkotik ilə bağlı yaranmış vəziyyətdir. Biz hər gün televiziyada eşidirik ki, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirlyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti əməkdaşları az qala hər gün böyük miqdarda narkotiklər tapıb müsadirə edirlər. Bunların hamısı İrandan daşınır ölkəyə. Mən bilmək istərdim ki, bu istiqamətdə İran tərəfi ilə müəyyən iş aparılırmı? Sanki İran Azərbaycana narkotik ixrac edir. Əgər doğrudan da, İran tərəfi ilə hökumət səviyyəsində bir iş aparılmırsa, Azərbaycan özü təkbaşına bu problemi həll edə bilməyəcək. Bu bizim millətin genefondunu məhv edir. Həmin məsələ Azərbaycan tərəfindən BMT çərçivəsində, beynəlxalq təşkilatlar səviyyəsində qaldırılmalıdır. Hökumət bunu etməlidir. Belə olmaz ki, hər gün sərhəddə atışma, narkotik ilə bağlı tutulan adamlardan biri, bütün cinayətkar dəstələrin bir üzvü İran vətəndaşıdır. Azərbaycandan tranzit kimi istifadə olunaraq narkotik İrandan Avropaya, Rusiyaya daşınır. Təsadüfi deyil, hökumətin hesabatında da göstərilib ki, keçən illə müqayisədə bu faktların sayı 21,5 faiz artıb. Əgər bunun bur səbəbi həmin sahədə mübarizənin gücləndirilməsidirsə, digər səbəbi isə narkotikin geniş yayılması ilə bağlıdır. Ona görə mən hesab edirəm ki, hökumət bu məsələlərə də aydınlıq gətirməlidir.
Mən bir neçə kəlmə ilə bir məsələni xüsusi qeyd etmək istəyirəm. Bu mənim seçicilərimin şəxsən mənə müraciəti ilə, onları narahat edən məsələlərlə bağlıdır. Rayonlarda, hörmətli hökumət üzvləri, Səlim müəllim buradadırsa, o da eşidər, pensiyaçılar müraciət edirlər ki, onların pensiyaları kartlarla verilir və kəndlərdə bankomatlar yoxdur. Qoca, ağsaqqal, ağbirçək bir adam durub rayon mərkəzinə gəlməlidir ki, öz vəsaitini ala bilsin. Bu iş təkmilləşdirilməlidir. Mən hesab edirəm ki, böyük kəndlərdə bankomatların quraşdırılması məsələsinə hökumət ciddi yanaşmalıdır və bunu başa çatdırmalıdır.
Bundan başqa, pasportların verilməsi ilə bağlı məsələyə toxunmaq istəyirəm. Ən ucqar rayonlardan, kəndlərdən camaat gəlib regionlar üzrə pasportlar verilən mərkəzlərdən pasport alır. Şəxsiyyət vəsiqələrinin rayonlarda verildiyi kimi, hər bir rayonda vətəndaşlara pasport verilməsini də hökumət təmin etməlidir ki, insanlar rahat şəkildə bu pasportları ala bilsinlər.
Bundan başqa, şəxsən mənim seçildiyim rayonlardan biri olan Goranboy rayonunda dəfələrlə mənə müraciətlər ediblər. Mən burada üzümü hökumət üzvlərinə tutub deyirəm. İnsanlar müharibədə iştirak ediblər, vuruşublar. Mən bu məsələni dəfələrlə Respublika Hərbi Komissarlığı qarşısında qaldırmışam, Gültəkin xanım həmin rayondan seçilmiş millət vəkili kimi parlamentdə qaldırıb. Vaxtilə hərbi komissar tərəfindən mənim müraciətim əsasında oraya nümayəndə də göndərilib, amma bu məsələ öz həllini tapmır ki, tapmır. İnsanlar adi veteran kitabçasını ala bilmirlər. Bu nə münasibətdir həmin insanlara? Niyə bu insanlar öz hüquqlarını ala bilmirlər? Mən bu məsələni hökumət qarşısında qaldırıram. Xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin və bunun səbəbləri aydınlaşdırılsın. Niyə bu insanlar, dediyim kimi, veteran kitabçasını ala bilmirlər.
Ən böyük problem haqqında bu gün mən bir məktub almışam. Goranboy rayonunun Qaraqoyunlu kəndinin sakinləri mənə rəsmi müraciət edirlər ki, yaz gəlir, yerli camaatın dolanışığı yalnız kənd təsərrüfatından asılıdır. Amma burada su böyük problem olaraq qalır. Hər il yay gələndə Əhmədzadəyə telefonla müraciət edirəm ki, cənab Əhmədzadə, filan kənddə su yoxdur, filan təsərrüfat sahibləri, əkin sahələri yanır və insanlar əziyyət çəkiblər, zəhmət sərf ediblər, pul xərcləyiblər, amma indi sahələrini suvara bilmirlər. Bilirik ki, düşmənlərimiz Sərsəng su anbarını bağlayıb, suyu buraxmırlar. Mən vaxtilə burada məsələ qaldırdım ki, orada su artezian quyuları qazdırmaq lazımdır. Onda hörmətli Əhmədzadə dedi ki, yox, biz Şəmkir üzərində su anbarı tikəcəyik və həmin anbardan suyu yönəldəcəyik suvarılmayan torpaqlara. Amma yenə də deyirəm, bir dəfə də burada demişdim. İnvestisiya qoyularkən prioritetlər müəyyənləşdirilməlidir, insanlar üçün hansı daha vacibdir, hansı iş ilk növbədə görülməlidir? Orada 30–40 milyon manat vəsait xərcləməklə 70–80 min hektar torpaq sahəsini suvarmaq mümkün idi.
Sədrlik edən. Çox sağ olun. Samir müəllim, çıxış etmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər ehtiyac yoxdursa... Hesab edirəm ki, biz Milli Məclisin iclasını bütün qanunlara uyğun olaraq apardıq, siyahı üzrə çıxışlar oldu. Heç kimin burada inciməyə haqqı yoxdur. Əgər kim isə çıxış edə bilmədisə, təkliflərini verə bilər, həmin təkliflər stenoqrama əlavə ediləcəkdir. Təkid edənlər yoxdur, hamı hesabatın səsə qoyulmasını təklif etdi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sən təkid edəndə 15 nəfər də təkid edəcək. Söhbət ondan gedir. Ara qarışdırmaq lazım deyil. Yazılanlardan kim təkid edir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Hörmətli Sədr, mən çıxışımı hazırlamışam, amma vaxt məhdud olduğuna görə onu yazılı surətdə vermək istəyirəm. Mən bütün deputatları hesabata səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, hesabata münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.56 dəq.)

Lehinə 102
Əleyhinə 8
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 110
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Hökuməti təbrik edirik, işinizdə müvəffəqiyyətlər arzulayırıq! Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi